Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-3975/2020 11.12.2020 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Ədilova Solmaz İmran qızının sədrliyi, İmaməliyev Hüseyn Qeyrət oğlunun katibliyi, İddiaçı iştirakı ilə İddiaçı cavabdeh «xxxx» MMC-yə qarşı “əmək müqaviləsinin etibarsız hesab edilməsi və elektron hökumət portalından silinməsi” tələbinə dair açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh «xxxx» MMC-yə qarşı “əmək müqaviləsinin etibarsız hesab edilməsi və elektron hökumət portalından silinməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, yeni işə düzəlməyinə əngəl yaradan, iştirakı və xəbəri olmadan yaradılmış xxxxxxx000500 nömrəli müqavilənin etibarsız hesab edilməsini və elektron hökümət portalından silinməsinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, xx.xx.2018-ci il tarixdən o, ünvan 1 hüquqi ünvanında qeydiyyatda olan Cavabdeh MMC (VÖEN **********), (SUN: **********1) şirkətində səyahət təlimçisi vəzifəsində işləməyə başlayıb və xx.xx.2018-ci il tarixindən vəzifəsindən şəxsi təşəbbüsü ilə azad edilib. O işdən azad edildikdən sonra şirkətin direktoru Pakistan vətəndaşı R.Qaiser və onun şirkətlərinin fəaliyyəti ilə bağlı bir sıra səlahiyyətlərini etibar etdiyi konsaltinq şirkərti funksiyaları yerinə yetirən X1 şirkəti ilə birlikdə, birinci iş yeri ilə əlaqədar olaraq onlara məlum olan şəxsi məlumatlarından (işçinin soyadı, adı. atasının adı və ünvanı, şəxsiyyətini təsdiq edən sənədin adı. onun seriya və nömrəsi, pin kodu verildiyi tarix, şəxsiyyəti təsdiq edən sənədi verən orqanın adı,işçinin dövlət sosial sığorta şəhadətnaməsinin nömrəsi (SSN)) istifadə edərək R. Qaiserə məxsus digər “xxxx'’ adlı şirkətdə qanunvericiliyin tələblərini pozaraq, birtərəfli qaydada adına xx.xx.2018-ci il tarixli. 4CQ7AK.M000500 nömrəli saxta əmək müqaviləsi yaratmış və bu günə qədər qüvvədə saxlamaqdadırlar. Qeyd edir ki, saxta müqavilənin davam etdiyi xx.xx.2018-ci il tarixindən xx.xx.2019-cu il tarixinə kimi olan müddətdə, hətta, o, Azərbaycan Respublikasında deyil, Litva Respublikasında yaşayıb. Koronavirus (COVİD- 19) pandemiyası dövründə xüsusi karantin rejiminin tətbiq olunması ilə əlaqədar işsiz kimi qeydiyyatda olan şəxslərə birdəfəlik ödəmənin verilməsilə ilə əlaqədar müraciət edərkən H-sosial.gov.az saytından onun şəxsi telefonuna xx.xx.2020-ci il tarixində göndərilən smsdə adına əmək müqaviləsi olduğu və işsiz kimi qeydiyyata götürülməyindən imtina edildiyi bildirilmişdir. Bundan sonra “Elektron Hökumət“ portalında (https://www.e-gov.az) qeydiyyatdan keçərək adıma xxxx MMC şirkəti tərəfindən qeyri-qanuni yolla əmək müqaviləsi yaradıldığını aşkarlamış oldu. Məsələ ilə bağlı Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinə email vasitəsilə məktub yazıb müraciət etsə də, heç bir nəticə əldə edilməmişdir. 2018-ci ildə, müqavilənin yaradıldığı tarixdə xxxx şirkətinə maliyyə, mühasibatlıq və s. kimi bir sıra xidmətlər göstərən X1 şirkəti ilə əlaqə saxlasa da, şirkət məsələ ilə bağlı məsuliyyət daşımadığını iddia edir. İddiaçı iddia tələbini müdafiə edib, iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək, iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh məhkəmə baxışı iclasının yeri və vaxtı barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmiş, bu barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, cavabdehin səlahiyyətli nümayəndəsinin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə iş üzrə proses iştirakçısının izahatlarını təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia tələbinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materialları və tərəflərin təqdim etdiyi sübutlar ilə məhkəmə tərəfindən müəyyən edilən işin mübahisəsiz halları aşağıdakı kimidir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin xx xxx 2020-ci il tarixli məktubundan göründüyü kimi, Sizin hüquqlarınızın pozulması barədə müraciətinizə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətində baxılmışdır. Bildiririk ki, bununla əlaqədar tərəfimizdən işəgötürənlə telefon əlaqəsi yaradılaraq müraciətinizlə bağlı qanunveriliciliyin tələblərinə uyğun tədbirlər görülməsinə dair izahat verilmişdir. İşəgötürən məsələnin qısa müddət ərzində həll olunacağını bildirmişdir. Məlum edirik ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 49-cu maddəsinin tələblərinə əsasən əmək müqaviləsinin bağlanılması, ona dəyişiklik edilməsi və ya xitam verilməsi bununla bağlı elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin həmin elektron informasiya sistemində qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra hüquqi qüvvəyə minir Həmin Məcəllənin 12-cı maddəsinin 1-ci hissəsinin “h" bəndinə əsasən əmək müqaviləsi bildirişini elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxıl etmək işəgötürənin əsas vəzifələrindən biridir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx xxxx 2014-cü il tarixli, Na 183 qərarı ilə təsdiq edilmiş "Əmək müqaviləsi bildirişinin forması və onun elektron informasiya sisteminə daxil edilməsi caydaları, əmək müqaviləsi bildirişinin qeydiyyata alınması ilə bağlı işəgötürənə göndərilən məlumat forması, habelə qeydiyyata alınmış əmək müqaviləsi bildirişinin məlumatlarını real vaxt rejimində əldə etməklə bağlı Qaydalar"ın 3 4-cü bəndinə əsasən, əmək müqaviləsi bildirişinin elektron informasiya sisteminə daxil edilməsi “Elektron hökumət' portalının gücləndirilmiş elektron imza ilə daxil olmağa imkan verən autentifikasıya vasitələrindən istifadə edilməklə, bilavasitə işəgötürən tərəfindən və ya “Elektron hökümər portalında yerləşdirilmiş “Səlahiyyətli şəxsin qeydiyyatdan keçirilməsi" xidməti vasitəsilə işəgötürənin səlahiyyət verdiyi şəxslər tərəfindən həyata keçirilir. Qeyd olunanları nəzərə alaraq bildiririk ki, əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişinin elektron informasiya sisteminə daxil edilməsi işəgötürən tərəfindən təmin edilməlidir. Cavabdeh MMC ilə İddiaçı arasında bağlanmış əmək müqaviləsinə əsasən işçi səyahət təlimçisi əsas iş yerinə qəbul edilir. Müqavilənin 2.1-ci bəndinə əsasən Bu əmək müqaviləsi xx.xx.2018-ci ildən müddətsiz bağlanmışdır. 2.2.-ci bəndinə əsasən, işin 3 ayı sınaq müddəti hesab edilir. 2.3-cü bəndinə əsasən, işçi xx.xx.2018-ci il tarixdən işə başlayır. Əmək müqaviləsinin bağlanması ilə bağlı əmək müqaviləsi bildirişinin qeydiyyata alınmasına dair Məlumatın surətindən görünür ki, «xxxx» MMC ilə İddiaçı arasında xx.xx.2018-ci il tarixli “xxxxxxx000500” nömrəli “Əmək müqaviləsinin bağlanması ilə bağlı əmək müqaviləsi bildirişi” ilə elektron informasiya sistemində qeydiyyata alınmışdır. Əmək müqaviləsinin bağlanması ilə bağlı əmək müqaviləsi bildirişinin surətindən görünür ki, İddiaçı «xxxx» MMC-də əlavə iş yeri üzrə müddətsiz xx.xx.2018-ci il tarixdə işə götürülmüşdür.Əməyin ödənilməsi vaxtamuzd, əmək haqqı 130 manat təşkil edir. Məhkəmə qeyd edir ki, hazırda iddiaçının tələbinin əsasını xx.xx.2018-ci il tarixli, “xxxxxxx000500” nömrəli əmək müqaviləsinin onun xəbəri və razılığı olmadan qanunsuz olaraq elektron portala daxil edildiyi təşkil edir. Bu səbəbdən də iddiaçı həmin müqavilənin onun razılığı və məlumatı olmadan elektron portala daxil edilməsi səbəbindən saxta müqavilə olduğunu bildirərək etibarsız hesab edilməsini xahiş edir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin: 2-ci maddəsinə əsasən, bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək münasibətləri elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra yaranır. 12.1-ci maddəsinin h bəndinə əsasən, əmək münasibətləri sahəsində işəgötürənin əsas vəzifələrindən biri də əmək müqaviləsi bildirişini elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil etməkdir. (bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci və 2-2-ci hissələri ilə müəyyən edilmiş hallar istisna olmaqla). 42.1-ci maddəsinə əsasən, Əmək müqavilələri sərbəst bağlanır. Əmək münasibətləri yaratmayan və ya yaratmaq istəməyən heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz. 42.2-ci maddəsinə əsasən, əmək müqaviləsinin tərəflərindən biri işəgötürən, digəri isə işçidir. 42.3-cü maddəsinə əsasən, On beş yaşına çatmış hər bir şəxs işçi kimi əmək müqaviləsinin tərəfi ola bilər. Qanunvericiliklə müəyyən edilmiş qaydada fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilmiş şəxslə əmək müqaviləsi bağlanıla bilməz.4 43.1-ci maddəsinə əsasən, əmək müqaviləsinin məzmunu və quruluşu qanunvericiliyin tələblərinə əməl edilməklə tərəflərin razılığı ilə müəyyən edilir. 43.2-ci maddəsinə əsasən, əmək müqaviləsində mütləq aşağıdakı əsas şərtlər və məlumatlar göstərilməlidir: a) işçinin soyadı, adı, atasının adı və ünvanı, şəxsiyyətini təsdiq edən sənədin adı, onun seriya və nömrəsi, pin kodu, verildiyi tarix, şəxsiyyəti təsdiq edən sənədi verən orqanın adı; b) işəgötürən hüquqi şəxs olduqda onun adı, vergi ödəyicisinin eyniləşdirmə nömrəsi (VÖEN), sığortaedənin uçot nömrəsi (SUN), hüquqi ünvanı, fiziki şəxs olduqda onun adı, soyadı, atasının adı, vergi ödəyicisinin eyniləşdirmə nömrəsi (VÖEN), sığortaedənin uçot nömrəsi (SUN), dövlət sosial sığorta şəhadətnaməsinin nömrəsi (SSN), ünvanı, şəxsiyyətini təsdiq edən sənədin adı, seriyası, nömrəsi, pin kodu və ya fərdi identifikasiya nömrəsi (FİN), verildiyi tarix, şəxsiyyəti təsdiq edən sənədi verən orqanın adı; c) işçinin iş yeri, vəzifəsi (peşəsi); ç) əmək müqaviləsinin bağlandığı və işçinin işə başlamalı olduğu gün; d) əmək müqaviləsinin müddəti; e) işçinin əmək funksiyası; ə) işçinin əmək şəraitinin şərtləri — iş və istirahət vaxtı, əmək haqqı və ona əlavələr, əmək məzuniyyətinin müddəti, əməyin mühafizəsi, sosial və digər sığorta olunması; f) tərəflərin əmək müqaviləsi üzrə qarşılıqlı öhdəlikləri; g) işçiyə bədən tərbiyəsi və idmanla, o cümlədən iş rejimi şəraitində və işdən sonrakı reabilitasiya və peşəkartətbiqi məşqlərlə, idman-sağlamlıq turizmi ilə məşğul ola bilməsi üçün şəraitin yaradılması; ğ) ilk dəfə əmək fəaliyyətinə başlayanlar istisna olmaqla, işçinin dövlət sosial sığorta şəhadətnaməsinin nömrəsi (SSN); h) işçinin iş yerinin əsas və ya əlavə iş yeri olması barədə qeyd. x) tərəflərin müəyyən etdiyi əlavə şərtlər barədə məlumatlar. 44.1-ci maddəsinə əsasən, əmək müqaviləsi yazılı formada bağlanır. 44.2-ci maddəsinə əsasən, tərəflərin razılığı ilə əmək müqaviləsi bu Məcəlləyə əlavə edilmiş nümunəvi formaya uyğun tərtib edilir. 44.3-cü maddəsinə əsasən, əmək müqaviləsi iki nüsxədən az olmayaraq tərtib olunub tərəflərin imzası (möhürü) ilə təsdiq edilir və onun bir nüsxəsi işçidə, digər nüsxəsi isə işəgötürəndə saxlanılır. 46.1-ci maddəsinə əsasən, əmək müqaviləsi bu Məcəllənin 54-cü maddəsində nəzərdə tutulmuş əmək şəraitinin şərtləri, habelə tərəflərin razılaşdıqları əlavə şərtləri, işçinin əmək funksiyası və tərəflərin öhdəlikləri göstərilməklə fərdi qaydada bağlanılır. 46.5-ci maddəsinə əsasən, bu Məcəllənin 43-cü maddəsinin ikinci hissəsində nəzərdə tutulmuş şərtlərdən hər hansı biri göstərilmədən bağlanmış əmək müqaviləsi tərəflərdən birinin təşəbbüsü ilə etibarsız hesab edilə və ya yenidən tərtib edilməsi tələbi qoyula bilər. Həmin şərtin (şərtlərin) əmək müqaviləsində göstərilmədiyi aşkar olunduğu andan onlar işəgötürən tərəfindən əmək müqaviləsinə daxil edilməlidir. Bu halda tərəflərin arasında başqa razılıq olmamışdırsa, əmək müqaviləsi həmin şərtin (şərtlərin) daxil edildiyi tarixdən asılı olmayaraq bağlandığı və ya yazılı formada tərtib edildiyi gündən etibarlı hesab olunur. 49.1-ci maddəsinin Bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi və bu maddənin 1-2ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək müqaviləsinin bağlanılması, ona dəyişiklik edilməsi və ya xitam verilməsi bununla bağlı elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin həmin elektron informasiya sistemində qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra hüquqi qüvvəyə minir. Məhkəmədə müəyyən edilir ki, xx.xx.2018-ci il tarixdə Cavabdeh MMC ilə İddiaçı arasında bağlanmışdır. xx.xx.2018-ci il tarixli ərizə ilə İddiaçı öz xahişi ilə işdən azad edilməsini xahiş etmişdir. «xxxx» MMC ilə İddiaçı arasında xx.xx.2018-ci il tarixli “xxxxxxx000500” nömrəli “Əmək müqaviləsinin bağlanması ilə bağlı əmək müqaviləsi bildirişi” ilə elektron informasiya sistemində qeydiyyata alınmışdır. İddiaçı bildirir ki, saxta müqavilənin davam etdiyi xx.xx.2018-ci il tarixindən xx.xx.2019-cu il tarixinə kimi olan müddətdə, o, Azərbaycan Respublikasında deyil, Litva Respublikasında yaşayıb. Belə ki, iddiaçı əvvəllər işlədiyi Cavabdeh MMC tərəfindən eyni işəgötürənə məxsus digər şirkət - “xxxx'’ adlı şirkətdə qanunvericiliyin tələblərini pozaraq, birtərəfli qaydada onun adına xx.xx.2018-ci il tarixli, xxxxxxx000500 nömrəli saxta əmək müqaviləsi yaradılmış və bu günə qədər qüvvədədir. İddiaçının cəhdlərinə baxmayaraq mübahisənin məhkəmədənkənar həll edilməsi mümkün olmamışdır. Məhkəmə bildirir ki, ilkin olaraq hazırki mübahisə üzrə İddiaçı adına olan işdən çıxmasına əsas olan «xxxx» MMC xx.xx.2018-ci il tarixli “xxxxxxx000500” nömrəli Əmək müqaviləsinin bağlanmasının qanuniliyi yoxlanılmalıdır. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, əmək qanunvericiliyinin müddəalarından göründüyü kimi, əmək müqavilələri sərbəst bağlanır, əmək münasibətləri yaratmayan və ya yaratmaq istəməyən heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz. Lakin hazırki mülki iş materiallarından və iddiaçının izahatından məlum olur ki, iddiaçı cavabdeh şirkətlə belə bir əmək münasibəti yaratmaq niyyəti olmayıb və əmək münasibətlərinin yaranması üçün işçinin hər hansı razılığı, məlumatı olmadan, o cümlədən tərəflər arasında yazılı müqavilə olmadan elektron portala qanunsuz olaraq əmək müqaviləsinin bağlanması barədə məlumat daxil edilmişdir. Belə olan təqdirdə isə həmin müqavilə etibarsız hesab olunmalıdır. Məhkəmə iddia tələbinin əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişinin elektron informasiya sisteminə daxil edilməsi ilə bağlı hissəsinə münasibətdə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. “Əmək müqaviləsi bildirişinin forması və onun elektron informasiya sisteminə daxil edilməsi qaydaları, əmək müqaviləsi bildirişinin qeydiyyata alınması ilə bağlı işəgötürənə və Azərbaycan Respublikasının Vergilər Nazirliyinə göndərilən məlumat forması, habelə qeydiyyata alınmış əmək müqaviləsi bildirişinin məlumatlarını real vaxt rejimində əldə etməklə bağlı barədə Qaydalar”ın 3.1-ci bəndinə əsasən, elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsilə əmək müqaviləsi bildirişinin daxil edilməsi “Elektron hökumət” portalı vasitəsilə həyata keçirilir. 3.2-ci bəndinə əsasən, Bu Qaydaların 2.1-1-ci bəndi ilə müəyyən olunmuş hallar və Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 7-ci maddəsinin 2-1-ci hissəsində nəzərdə tutulan dövlət orqanlarında müvafiq vəzifələrə (peşələrə) qəbul edilən işçilərlə işəgötürənlər arasında bağlanılmış əmək müqavilələri istisna olmaqla, digər vəzifələr (peşələr) üzrə işçilərlə işəgötürənlər arasında bağlanılmış əmək müqavilələri, onlarda dəyişikliklər edilməsi və ya xitam verilməsi aidiyyəti işəgötürənlər tərəfindən müvafiq əmək müqaviləsi bildirişi formasında elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsilə daxil edilməlidir. 3.3-cü bəndinə əsasən, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 315-ci maddəsini nəzərə alaraq, bu Məcəllə qüvvəyə minənədək mövcud olan əmək qanunvericiliyi əsasında işçilərlə şifahi formada bağlanılmış və yazılı formada tərtib edilməmiş əmək müqavilələri, onlarda şifahi formada dəyişikliklərin edilməsi və ya xitam verilməsi aidiyyəti işəgötürənlər tərəfindən mövcud əmək şəraiti şərtləri və məlumatları əsasında elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsilə bu Qaydaların 2.2-ci bəndində nəzərdə tutulan müvafiq əmək müqaviləsi bildirişi formasında daxil edilir. 3.4-cü bəndinə əsasən, Əmək müqaviləsi bildirişinin elektron informasiya sisteminə daxil edilməsi “Elektron hökumət” portalının gücləndirilmiş elektron imza ilə daxil olmağa imkan verən autentifikasiya vasitələrindən istifadə edilməklə, bilavasitə işəgötürən tərəfindən və ya “Elektron hökumət” portalında yerləşdirilmiş “Səlahiyyətli şəxsin qeydiyyatdan keçirilməsi” xidməti vasitəsilə işəgötürənin səlahiyyət verdiyi şəxslər tərəfindən həyata keçirilir. Məhkəmə yuxarıda sadalananlara əsasən bildirir ki, mübahisəli əmək müqaviləsi etibarsız hesab edildiyindən əmək müqaviləsinə xitam verilməsi barədə müvafiq əmək müqaviləsi bildirişi işəgötürən tərəfindən elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsilə daxil edilməlidir. Belə olan təqdirdə əmək müqaviləsinə xitam verilməsi barədə müvafiq əmək müqaviləsi bildirişi elektron informasiya sisteminə daxil edilməsi cavabdeh «xxxx» MMC tərəfindən təmin edilməlidir. Qeyd olunanlara əsasən, məhkəmə İddiaçı cavabdeh «xxxx» MMC-yə qarşı “əmək müqaviləsinin etibarsız hesab edilməsi və elektron hökumət portalından silinməsi” tələbinə dair iddia tələbi təmin edilməli, “xxxx” MMC-nin İddiaçı adına rəsmiləşdirilmiş xx.xx.2018-ci il tarixli xxxxxxx000500 nömrəli əmək müqaviləsi etibarsız hesab edilməli, “xxxx” MMC-nin üzərinə əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişinin elektron informasiya sisteminə daxil edilməsi öhdəliyi həvalə edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1.-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 78.1.-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. 81-ci maddəsinə görə isə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. 217.4 maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. “xxxx” MMC-nin İddiaçı adına rəsmiləşdirilmiş xx.xx.2018-ci il tarixli xxxxxxx000500 nömrəli əmək müqaviləsi etibarsız hesab edilsin. “xxxx” MMC-nin üzərinə əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişinin elektron informasiya sisteminə daxil edilməsi öhdəliyi həvalə edilsin. Mülki iş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Solmaz Ədilova
Məhkəmə qərarları › İş №2(005)-3975/2020
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-3975/2020
11.12.2020 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver