Məhkəmə qərarları › İş №2(005)-3977/2020

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-3977/2020

07.12.2020 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması - Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-3977/2020 07.12.2020 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Əmirxanova Kəmalə Fərman qızının sədrliyi ilə, Məmmədova Nigar Ülfət qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 MMC-nə qarşı üçüncü şəxs AR DİN Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsi cəlb edilməklə istifadə hüququnun tanınması və azyaşlı övladı ilə evə köçürülmə tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 MMC-nə qarşı üçüncü şəxs AR DİN Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsi cəlb edilməklə istifadə hüququnun tanınması və azyaşlı övladı ilə evə köçürülmə tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddia tələbini onunla əsaslandırmışdır ki, o, X6 ilə xx xxxx 2017-ci ildə rəsmi nikaha daxil olmuşdur. xx xxxxx 2018-ci ildə oğlu X7 anadan olub. Cavabdeh qaynanası Cavabdeh1 adına olan ünvan 1 ünvanında yerləşən mənzil sökülərək yerində "Cavabdeh2” MMC tərəfindən yeni bina inşa edilib və onlara həmin binada əvəzləşmə yolu ilə (Pilot Layihəyə əsasən) yeni mənzil verildi. Həmin evə gəlin köçmüş və həmin mənzildə ona otaq ayırılmışdır. Həmin otaqda və diqər sahələrdə onun cehizi yerləşdirilib. Yeni bina tikilənə qədər Cavabdeh2 MMC tərəfindən hər ay 400 manat kirayə haqqı alır və müvəqqəti olaraq qaynanası, yoldaşı, o və azyaşlı oğlu digər mənzildə, Nərimanov rayonu, Təbriz küçəsi 21 ünvanında yerləşən, 3-cü blok, 17 mərtəbəli binanın 9-cu mərtəbəsində yerləşən 3 otaqlı 120 saylı mənzildə yaşamışlar. Nəhayət Cavabdeh2 MMC tərəfindən yeni bina inşa edilmiş və onlar 2019-cu ilin sonunda 3-cü blokun 5-ci mərtəbəsində yerləşən 23 saylı yeni mənzilə köçürülmüşlər. İddiaçıya həmin evdə otaq ayırılmış və o, orada həyat yoldaşı X6 və azyaşlı övladı X7 ilə birlikdə yaşamışlar. Həmin yeni mənzilin bütün mebel və digər əşyalarını onun valideynləri tərəfindən alınaraq qurulmuş və onun yeni cehizi orada yığılmışdır. Belə ki, qaynanası Cavabdeh1 onlara yaxın qohumdur və bu səbəbdən valideynləri tərəfindən onların yeni evlərinə alınan hər bir əşyanın ən keyfiyyətlisini, ən bahalısını əldə edib onlara təqdim ediblər, heçnə əsirgəməyiblər. xx xxxxxx 2020-ci ildə o, evə gələndə qapının açarının dəyişdirilməsini görmüş və yaşadığı mənzilə daxil ola bilməmişdir. Həmin mənzildə həm onun, həm də azyaşlı övladının paltarları və digər əşyaları qalmışdır. Qaynanası Cavabdeh1 onu körpə uşaqla evdən qovmuşdur. Bu günə qədər onları mənzilə buraxmır. Onun başqa yaşayış yeri yoxdur. Maddi vəziyyəti aşağıdır. Uşağının ehtiyaclarını tam şəkildə ödəyə bilmir. Həmin mənzildə qaynanasının həyat yoldaşı, qızları, onların övladları rəsmi qeydiyyatda olsalar da, orada yaşamırlar, Moskva şəhərinə köçüblər. Hesab edirlər ki, onun və azyaşlı övladı X3, birlikdə, qaynanası Cavabdeh1 adına olan ünvan 2 ünvanında yerləşən Cavabdeh2 MMC tərəfindən yeni inşa edilən binadakı mənzilində yaşamaqa istifadə hüququ tanınmalıdır və onlar həmin mənzilə köçürülməlidirlər. Qeyd edilənləri nəzərə alaraq, onun və azyaşlı övladı X3, birlikdə ailə üzvləri qismində, qaynanası Cavabdeh1 adına olan ünvan 2 ünvanında yerləşən Cavabdeh2 MMC tərəfindən yeni inşa etdiyi ‘'EAST PARK'’ yaşayış kompleksindəki 1-ci blokun 5-ci mərtəbəsində yerləşən 23 saylı mənzilində yaşamaqa istifadə hüququnun tanınması və onların həmin mənzilə köçürülməkləri barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında izahat verərək iddia tələbini müdafiə etsi və təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdehlərə və üçüncü şəxsə baxılacaq işin vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq heç bir üzrlü səbəb təqdim etmədən mülki iş üzrə təyin edilən məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdırıb, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi əsassız olduğundan rədd edilməlidir. İş materiallarında olan Azərbaycan Respublikası Bakı şəhəri İcra Hakimiyyətinin başçısının aparatı texniki inventarlaşdırma və mülkiyyət hüquqlarının qeydiyyatı idarəsinin MH seriyalı 002785 №-li qeydiyyat vəsiqəsindən görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, Xətai prospekti ev 29, mənzil 19 X1 adına xx.xx.1995-ci il tarixdə qeydiyyata alınmışdır. İş materiallarında olan Cavabdeh2 MMC ilə Cavabdeh1 arasında xx.xx.2017-ci il tarixli 083№-li müqavilədən görünür ki, “Əmlak mülkiyyətçisi” bu Müqaviləyə əsasən xx.xx.1995 il tarixində, 30/6495 qeydiy) nömrəsi ilə Bakı Şəhəri İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarır Qeydiyyatı İdarəsi reyestrindən Seriya MH № 002785 saylı Qeydiyyat Vəsiqəsi ilə mülkiyyətində olan ünvan 3 ünvanın yerləşən 31.0 kv.m ibarət yaşayış sahəsini sökülmək üçün Cavabdeh2 MMG-yə təhvil verməyi, Müqavilə ilə şərtləndirilmiş müddətdə və qaydada “Tikinti şirkəti” tərəfindən həmin ərazidə ye inşa ediləcək çoxmənzilli hündürmərtəbəli yaşayış evində onun üçün nəzərədə tutulmuş mənz qəbul etməyi öhdəsinə götürür. “Tikinti şirkəti” Cavabdeh2 MMC ünvan 4 ünvanında yerləşən “Əmlak mülkiyyətçisi”-nin mülkiyyətində olan yaşayış sahəsinin sökülməsini və həmin ərazidə yeni çoxmənzilli, hündürmərtəbəli yaşayış binasının tikintisini həyata keçirərək, inşa etdiyi binada 43.00 kv.m, ləmirli mənzili “Əmlak mülkiyyətçisi”-nin mülkiyyəti verməyi öhdəsinə götürür.“Tikinti şirkəti” inşa edəcəyi çoxmənzilli, hündürmərtəbəli yaşayış binasının tikintisi ba çatdırana və “Əmlak mülkiyyətçisi”-ni təmirli mənzil ilə təmin edən günədək onun müvəqq yaşayışını təmin etmək məqsədi ilə “Əmlak mülkiyyətçisi”-nə kompensasiya şəklində aylıq 400 (dörd yüz) manat məbləğində kirayə haqqını əvvəlcədən ilk ödəniş gününə istinad edilməklə ayda 1 (bir) dəfə ödəyir. “Əmlak mülkiyyətçisi”-nin kommunal borcları olduğu halda “Tikinti şirkəti” həmin məbləğləri ona veriləsi kirayə haqlarından tutaraq ödənişlərini təmin edəcəkdir. İş materiallarında olan 37 saylı MKİS tərəfindən xx.xx.2017-ci il tarixdə verilmiş arayışdan görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, Xətai prospekti ev 29, mənzil 19-da Cavabdeh1, X4, X9, X15, X10 və X11 qeydiyyatdadırlar. İş materiallarında olan 1 saylı Bakı “Asan xidmət” mərkəzi Qeydiyyat Şöbəsi tərəfindən verilmiş AZ-İV seriyalı 113256 nömrəli doğum haqqında şəhadətnamədən müəyyən olunur ki, X7 xx.xx.2018-ci il tarixdə Bakı şəhərində anadan olmuş, atası X6, anası isə İddiaçıdır. İş materiallarında olan 1 saylı Bakı “Asan xidmət” mərkəzi Qeydiyyat Şöbəsi tərəfindən xx.xx.2017-ci il tarixdə verilmiş nikah şəhadətnaməsindən görünür ki, X6 ilə X2 arasındakı xx.xx.2017-ci il tarixdə bağlanmış və 1917 nömrəli akt ilə qeyd edilmişdir. Məhkəmə İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 MMC-nə qarşı istifadə hüququnun tanınması və mənzilə köçürülmə tələbi ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1-ci maddəsinə əsasən, yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. Həmin Məcəllənin 228.2-ci maddəsinə görə, yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirir. Həmin Məcəllənin 228.5-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu məcəllənin qüvvəyə mindiyi gündən yaranır. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, İddiaçı ilə X6 arasında xx.xx.2017-ci il tarixində nikah bağlanmış və birgə nikahdan xx.xx.2018-ci il tarixdə X7 doğulmuşdur. Nikahda olduqları dövr ərzində iddiaçı və azyaşlı uşağı cavabdehə (yəni qaynanasına) məxsus Bakı şəhəri, Nərimanov rayonu, Xətai prospekti 29 saylı evin 19 saylı mənzildə yaşamışlar. Daha sonra tərəflər arasındakı münasibətlər gərginləşmişdir. Hazırda iddiaçı cavabdehə məxsus evə köçürüməyi tələb edir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçının köçürülmə tələbini irəli sürdüyü mənzil xx.xx.2017-ci il tarixdə "Cavabdeh2" MMC ilə bağlanmış müqaviləyə əsasən Cavabdeh1 məxsusdur. Məhkəmə hesab edir ki, iddiaçı mübahisəli mənzilin sahibinin ailə üzvü olmadığından və həmin mənzildə yaşasa belə, ona istifadə hüququ əldə etmədiyindən, onun mübahisəli evə köçürülməsi mümkünsüzdür. Qeyd edilənlərə əsasən məhkəmə iddianın əsassız olduğundan rədd edilməsi qənaətinə gəlir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci məddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-ci maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qeyd olunanlara əsasən, Azərbaycan Respublikası MPM-nin 216-220-ci və 227-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 MMC-nə qarşı üçüncü şəxs AR DİN Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsi cəlb edilməklə istifadə hüququnun tanınması və azyaşlı övladı ilə evə köçürülmə tələbinə dair iddia ərizəsi rədd edilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Kəmalə Əmirxanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar