Məhkəmə qərarları › İş №2(005)-3986/2022

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-3986/2022

08.12.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Nikahın etibarsız sayılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-3986/2022 08.12.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Nuriyeva Səbinə Vidadi qızının sədrliyi, Məhkəmə iclas katibi Fətəlizadə Rufanə Xıdır qızının katibliyi, İddiaçı, İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “nikahın etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “nikahın etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ilə aralarında bağlanmış 30 dekabr 1993-cü il tarixdə nikahın bağlanması haqqında akt qeydləri kitabında 1139 № ilə qeyd edilmiş nikahın etibarsız sayılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırmışdır ki, cavabdeh İran İslam Respublikasının vətəndaşı Cavabdeh 1993-cü ilin axırlarında iddiaçının evində kirayə yaşamışdır. Həmin vaxt cavabdeh üçüncü ölkəyə (avropaya) getmək istədiyini, lakin o İran vətəndaşı olduğuna görə ona icazə verlmədiyini bildirmişdir. Cavabdeh iddiaçıya onun hər-hansı Azərbaycan vətəndaşı olan qızla nikaha girərsə ona xaricə (Avropaya) getməyə icazə verəriləcəyini bildirmişdir. Bu səbəbdən də iddiaçıya formal olaraq onunla nikaha girməyi xahiş etmişdir. Sonra o öz növbəsində iddiaçıya bildirmişdir ki, bu nikah formaldır və onun işi düzəldikdən sonra aralarında bağlanmış nikahı özü pozduracaqdır. İddiaçı ona inanaraq xx.xx.1993-ci il tarixdə cavabdehlə nikaha bağlamışdır. Bundan qısa müddət sonra cavabdeh çıxıb getmiş və iddiaçı ilə onunla hər hansı ailə münasibətləri olmamış, birlikdə yaşamamışdır, heç vaxt ailə qurmaq niyyəti olmamışdır. Bundan sonra iddiaçı onu heç vaxt görməmiş və elə bilmişdir ki, cavabdeh nikahı ləğv elətdiribdir. Lakin indi bu yaxınlarda iddiaçıya məlum olmuşdur ki. cavabdeh onu aldadıb, nikahı pozdurmayıbdır. İddiaçı cavabdehlə nikaha girdikdən sonra 1996-cı ildə qonşuları X1 ilə ailə həyatı qumuşdur və bu günədək də birlikdə yaşayırlar, birgə nikahlarından da 28 oktayabr 2005ci təvəllüdlü övladları X2 doğulmuşdur. Lakin bu yaxınlarda bankda olan zaman ona bildirmişdirlər ki, onun cavabdehlə Binəqədi qeydiyyat idarəsində nikahının olması qeydi çıxır. İddiaçıda Binəqədi rayon Qeydiyyat idarəsinə müraciət edən zaman ona məlum olmuşdur ki, iddiaçı cavabdehlə aralarında formal olaraq xx.xx.1993-ci il tarixdə bağlanmış, nikah pozulmayıb və hal-hazırda da qüvvədədir. Lakin cavabdehlə aralarında bağlanmış nikahın formal xarakter daşıdığı, həqiqəti əks etdirmədiyi, nikah onun könüllü razılığı olmadan, yəni cavabdeh tərəfindən aldatma nəticəsində görüntü üçün bağlanmışdır. Bu səbəbdən də hesab cavabdhlə aralarında bağlanmış nikah etibarsız sayılmalıdır. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsində göstərilənlərlə eyni məzmunda izahat verib, iddia tələbini müdafiə edərək, cavabdehlə olan nikahının formal olduğunu bildirmiş və həmin nikahın etibarsız hesab edilməsi barədə qətnamənin çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili iddiaçının izahatına uyğun izahat verərək, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmiş və iştirak etməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Məhkəmə işdə iştirak edən şəxslərin izahatını, iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia tələbinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla hesab edir ki, iddia rədd edilməlidir. Belə ki, iş materiallarında olan; Bakı şəhəri Binəqədi rayon Qeydiyyat Şöbəsi tərəfindən xx.xx.2022-ci il tarixdə verilmiş AZ-T 044861 nömrəli nikah haqqında şəhadətnamədən görünür ki, Cavabdeh ilə İddiaçı arasında nikah bağlanmışdır. Bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında xx.xx.1993-cü ildə 1139 nömrə ilə qeyd edilmişdir. Bakı şəhəri Binəqədi rayon Qeydiyyat Şöbəsi tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2022-ci il tarixli 05/g-2123/13 nömrəli cavab məktubundan görünür ki, nikahın qeydiyyat şöbəsində pozulması üçün hər iki tərəfin razılığının olması zəruridir. Hazırda müraciət zamanı iddiaçı tərəfindən əri Cavabdeh nikahın pozulmasına dair razılıq ərizəsi olmadığından nikah məhkəmə qaydasında pozulması qeyd olunmuşdur. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, iddiaçı ilə cavabdeh arasında Cavabdeh ilə İddiaçı arasında xx.xx.1993-cü ildə rəsmi nikah bağlanmışdır. İddiaçı məhkəməyə müraciət edərək, qeyd olunan nikahın formal olaraq bağlanmasını və əslində hazırki nikah üzrə cavabdehlə birgə ailə təsərrüfatının olmamasını göstərmişdir. Odur ki, tərəflər arasında bağlanmış nikahın etibarsız hesab edilməsi ilə bağlı iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Azərbaycan Respublikası Konstitusiyasının 17.1-ci maddəsinə əsasən Cəmiyyətin əsas özəyi kimi ailə dövlətin xüsusi himayəsindədir. Konstitusiyanın 34-cü maddəsinə əsasən hər kəsin qanunla nəzərdə tutulmuş yaşa çatdıqda ailə qurmaq hüququ vardır. Nikah könüllü razılıq əsasında bağlanılır. Heç kəs zorla evləndirilə (ərə verilə) bilməz. Nikah və ailə dövlətin himayəsindədir. Analıq, atalıq, uşaqlıq qanunla mühafizə edilir. Nikah hüququ “İnsan hüquqları haqqında” Ümumi Bəyannamənin 29-cu maddəsində, “Vətəndaş və siyasi hüquqlar haqqında” Beynəlxalq Paktın 21-ci maddəsində və “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın (bundan sonra – Konvensiya) 12-ci maddəsində təsbit olunmuşdur. Sözügedən beynəlxalq normalara uyğun olaraq nikah yaşına çatmış kişi və qadınların irqi, milli və dini əlamətlərinə görə heç bir məhdudiyyət qoyulmadan nikaha daxil olmaq, ailə qurmaq hüquqları var və nikah, nikaha daxil olan hər iki tərəfin azad və tam razılığı əsasında bağlana bilər. Konstitusiyada və beynəlxalq hüquqi aktlarda əks olunmuş nikah və ailə münasibətləri Azərbaycan Respublikasının Ailə Məcəlləsi ilə tənzimlənir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 1.3-cü maddəsinə əsasən ailə qanunvericiliyi ailənin möhkəmləndirilməsi zəruriyyətindən, ailə münasibətlərinin qarşılıqlı məhəbbət və hörmət hissləri əsasında qurulmasından, ailənin işinə hər kəsin qarışmasının yolverilməzliyindən, ailə üzvlərinin ailə qarşısında qarşılıqlı yardım və məsuliyyətindən, onların hüquqlarının maneəsiz həyata keçirilməsinin təmin olunmasından və bu hüquqların məhkəmədə müdafiəsi imkanlarından irəli gəlir. Həmin Məcəllənin 1.4-cü maddəsinə əsasən Azərbaycan Respublikasında nikah və ailə münasibətlərinin hüquqi baxımdan tənzimlənməsi dövlət tərəfindən həyata keçirilir və yalnız müvafiq icra hakimiyyəti orqanında bağlanmış nikah tanınır. Həmin Məcəllənin 2.3-cü maddəsinə əsasən nikah kişi ilə qadının ailə qurmaq məqsədilə müvafiq icra hakimiyyəti orqanında qeydiyyata alınan könüllü ittifaqıdır. Həmin Məcəllənin 10.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında nikah yaşı 18 yaş müəyyən olunur. Həmin Məcəllənin 11.1-ci maddəsinə əsasən nikahın bağlanması üçün nikaha daxil olan şəxslərin yazılı razılığı, bu Məcəllənin 13.3-cü maddəsinə uyğun olaraq, tibbi müayinədən keçdiklərini təsdiq edən arayışın təqdim edilməsi və onların nikah yaşına çatmaları zəruridir. Həmin Məcəllənin 12.0-cı maddəsinə əsasən aşağıdakı şəxslər arasında nikahın bağlanmasına yol verilmir: 12.0.1. yaxın qohumlar (valideynlər və uşaqlar, baba-nənə və nəvələr, doğma və ögey (ümumi ata və anası olan) qardaş və bacılar); 12.0.2. övladlığa götürənlər və övladlığa götürülənlər; 12.0.3. ikisindən biri və ya hər ikisi başqası ilə nikahda olan şəxslər; 12.0.3-1. tibbi müayinədən keçdiklərini təsdiq edən arayışı təqdim etməkdən imtina edən şəxslər; 12.0.4. ikisindən biri və ya hər ikisi ruhi xəstəlik və ya kəmağıllıq nəticəsində məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxslər. Həmin Məcəllənin 13.7-ci maddəsinə əsasən nikaha daxil olan şəxslərdən biri özündə dəri-zöhrəvi xəstəliyinin və insanın immunçatışmazlığı virusunun törətdiyi xəstəliyin olmasını o birindən gizlətdikdə, digər tərəf nikahın etibarsız sayılması tələbi ilə məhkəməyə müraciət edə bilər. Həmin Məcəllənin 25.1-ci maddəsinə əsasən bu məcəllənin 10—12-ci maddələrində və 13.7-ci maddəsində nəzərdə tutulmuş şərtlər pozulduqda, eləcə də tərəflərdən birinin və ya hər ikisinin ailə qurmaq niyyəti olmadıqda bağlanan nikah (saxta nikah) etibarsız sayılır. Həmin Məcəllənin 25.2-ci maddəsinə əsasən nikah məhkəmə qaydasında etibarsız sayılır. Həmin Məcəllənin 25.4-cü maddəsinə əsasən etibarsız hesab edilmiş nikah onun bağlandığı gündən etibarsız sayılır. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.4-cü maddəsinin şərh edilməsinə dair” 2 noyabr 2010-cu il tarixli Qərarında qeyd olunmuşdur ki, kişi və qadının nikah ittifaqının könüllülüyü və iradə sərbəstliyi prinsipinə əsasən hər bir kişinin və qadının öz rəyi ilə könüllü surətdə, kənar şəxslərin təsiri olmadan özünə ər və arvad seçmək hüququ vardır. Nikaha daxil olan kişi və qadının qarşılıqlı könüllü razılığı nikahın bağlanmasının əsas şərtidir. Hazırda tələbin nikahın etibarsızlığı üzrə aparılmış hüquqi qiymətləndirmə aparılan zaman iddiaçının qeyd olunan nikah barədə məlumatlı olması habelə öz könüllü iradə ifadəsi ilə bu nikahın bağlanmasına razı olması müəyyən edilmişdir. Belə ki, tələbin əsaslandırması üzrə iddia ərizəsində göstərilən hallar cavabdehin xaricə getməsi məqsədi ilə iddiaçının bu nikahın bağlanmasına etiraz etməməsi təsdiq olunmuşdur. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Plenumunun “L.Axundovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 31 iyul 2013-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 18 fevral 2014-cü il tarixli Qərarında qeyd olunmuşdur ki, kişi və qadının nikah ittifaqının könüllülük və iradə sərbəstliyi prinsipləri ilə yanaşı nikah və ailə münasibətlərinin hüquqi tənziminin yalnız dövlət tərəfindən həyata keçirilməsi, yalnız dövlət orqanlarında bağlanmış nikahın tanınması prinsipi də mühüm əhəmiyyət kəsb edir. Bu prinsipə görə yalnız müvafiq icra hakimiyyəti orqanında qeydə alınan nikah dövlət tərəfindən tanınır. Bu prinsip onu ifadə edir ki, nikah rəsmi qeydə alındıqdan sonra belə münasibətlərdən törənən hüquqi və sosial nəticələr dövlət üçün hüquqi fakt kimi qəbul olunur. Məhkəmə araşdırma zamanı müəyyən olunmuşdur ki, Cavabdeh ilə İddiaçı xx.xx.1993-cü il tarixində rəsmi nikaha daxil olmuşlar. Nikaha daxil olarkən hər iki tərəf Azərbaycan Respublikasında müəyyən olunmuş nikah yaşına, yəni 18 yaşa çatmışlar. Məhkəmə iclasında iddiaçı bildirmişdir ki, cavabdehin avropa ölkəsinə getməsi ilə əlaqədar onunla formal nikah bağlanılmışdır. Yəni nikahın bağlanılmasında məqsəd yalnız cavabdehin iran vətəndaşı olaraq avropa ölkəsinə getməsini təmin etmək olmuşdur. Hazırda iddia tələbi üzrə aparılmış araşdırma zamanı tərəflər arasında olan münasibətlərin tənzimləyən maddi hüquq normalarında göstərilmiş pozuntular müəyyən edilməmişdir. Belə ki, iddiaçı tələbin müvafiq əsaslandırması zamanı bağlanmış bu nikahın formal olduğunu və cavabdehin istəyi üzrə bağlandığını bildirsə də, bu halları təsdiq sübutları məhkəməyə təqdim etməmiş, eyni zamanda bu hallar məhkəmə araşdırması zamanıda müəyyən edilməmişdir. Belə ki, baxan məhkəmə tərəfindən qətnamə tərəflərin məntiqi izahı əsasında deyil, yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə etməklə, məhkəmə iclasında müəyyən edilmiş həqiqi hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılır. Mülki prosessual qanunvericiliyə görə sübut hüququ öz daxilində ümumən işə baxan hakim tərəfindən ardıcıl bir neçə prosessual hərəkətlərin edilməsini nəzərdə tutur. Həmin ardıcıllığa uyğun olaraq hakim ilk növbədə nə vaxt sübutun tələb edilməli olduğunu müəyyən etməli, bundan sonra sübutetmə yükünün bölüşdürülməsinə uyğun olaraq tələb olunan sübutun kimin tərəfindən təqdim edilməli olduğunu aydınlaşdırmalı, daha sonra sübutetmənin hansı qaydada həyata keçirilməli olduğunu tərəflərə izah etməli və nəhayət, təqdim edilmiş sübutları qiymətləndirməlidir. Məhkəmənin bütün bu prosessual hərəkətləri sözsüz ki, iddianın predmeti və irəli sürülən tələbin xüsusiyyətləri nəzərə alınmaqla həyata keçirilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1.-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1.-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Həmin Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Həmin Məcəllənin 81-ci maddəsinə görə isə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Göründüyü kimi, iddiaçı şəxsin iddia tələbinin təmin edilməsi üçün heç bir hüquqi əsas məhkəmə araşdırması zamanı müəyyən edilmədiyindən, habelə iddiaçı nikahın etibarsız hesab edilməsinə əsas olan halları təsdiq edən mötəbər sübutlar təqdim edə bilməmişdir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə mülki prosessual qanunvericiliyinə müvafiq olaraq məhkəmə ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq, məcmu halda hüquqi qiymət verməklə hesab edir ki, İddiaçı Cavabdeh qarşı “nikahın etibarsız hesab edilməsi” tələbinə dair iddiası təmin edilməməlidir. Qeyd olunanlara əsasən, Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı “nikahın etibarsız hesab edilməsi” tələbinə dair iddiası rədd edilsin. İddia üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Səbinə Nuriyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar