Məhkəmə qərarları › İş №2(005)-3997/2024

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-3997/2024

05.11.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi - Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-3997/2024 05.11.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı (açar sözlər: alimentin təyin edilməsi; təhsil xərcləri) Hakim Nuriyeva Səbinə Vidadi qızının sədrliyi, Məhkəmə iclas katibi Fətəlizadə Rufanə Xıdır qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “alimentin təyin edilməsi və təhsil haqqı” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında (Bakı şəhəri, Əhməd bəy Ağaoğlu 34A) açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: I. İşin mahiyyəti: İddiaçı Cavabdeh qarşı “aliment və təhsil haqqı” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh xx.xx.2009-cu il təvəllüdlü X1 üçün hər ay Cavabdeh təqaüdünün ¼-i həcmində alimentin tutularaq İddiaçı ödənilməsi, Cavabdeh xx.xx.2009-cu il təvəllüdlü X2 əlavə olaraq 1200 manat təhsil xərclərinin (aylıq təhsil haqqının) ödənilməsi üçün hər ay Cavabdeh 1200 manat pulun tutularaq İddiaçı ödənilməsi barədə Qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırmışdır ki, Cavabdeh ilə xx.xx.2006-cı ildə nikaha daxil olmuşdur. Həmin nikahdan 18.01 2009-cu il təvəllüdlü X3 dünyaya gəlmişdir Oğlunun 15 yaşı var, istedadlı uşaq olduğu üçün Azərbaycanda fəaliyyət göstərən "xxxx" ümumtəhsil müəssisəsinə daxil olub, hazırda həmin müəssisədə təhsilini davam etdirir. Həmin məktəbdə illik təhsil haqqı 7000 ABŞ dollarıdır. Aylıq olaraq 1200 manat həcmində təhsil haqqı ödənilməlidir. Hər dəfə onun təhsili ilə bağlı evdə söz-sözhbətlər gedir. Özü isə övladının yaxşı təhsil almasını, gələcəyini düşünür. Özü hazırda heç bir yerdə işləmir. Bundan başqa uşağın saxlanılması və digər tələbatlarının ödənilməsi üçün əziyyət çəkir. Göstərdiyi səbəblərdən məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Qeyd edir ki, cavabdeh 3482 manat təqaüd alır. Həmin təqaüdün ¼ - nin tutulması uşağın saxlanılması və əlavə xərclərinin qarşılanması üçün vacibdir. II. Tərəflərin mövqeləri: Əvvəlki məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, əlavə olaraq bildirmişdir ki, cavabdehlər 4-5 aydır ki ayrı yaşayırlar. Cavabdeh maddi cəhətdən onlaraq kömək etmir. Övladı 10-cu sinifdə oxuyur, hal-hazırda özü işləmir. İddiaçı isə təqaüdçüdür. Əvvəlki məhkəmə iclasında iştirak edən Cavabdeh bildirmişdir ki, hal-hazırda işləmir, təqaüddədir. Bugünədək imkanı olub və övladına 10-cu sinifə qədər təhsil vermişdir. Halhazırda maddi sıxıntıları var, lakin əgər məqsədəmüvafiqdirsə etiraz etmir. Əvvəl təhsil haqqını özü ödəmişdir. Çünki işləyirdi və maddi imkanı yaxşı idi. Lakin hazırda ödəyə bilmir. Həmçinin Cavabdeh xx.xx.2024-cü il tarixdə elektron kabinet vasitəsilə yazılı ərizə təqdim edərək, iddiaçı tərəfindən alimentin tutulması və 1200 manat əlavə təhsil xərclərinin ödənilməsi ilə bağlı iddianı tam qəbul etdiyini, iddianın təmin olunmasına etiraz etmədiyini bildirmişdir. Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, onlar məhkəmə iclasına gəlməmişdirlər. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185-ci maddəsinə əsasən tərəflərin iştirakı olmadan mülki işə baxılmasını mümkün hesab edir. III. İşin faktiki halları: İş materiallarında olan: - AZ-İ 274293 saylı nikahın haqqında şəhadətnamənin notariat qaydada təsdiq olunmuş surətindən görünür ki, Cavabdeh və X4 arasında 19 sentyabr 2006-cı il taridə Səadət sarayında 2920 №-li akt qeydi ilə qeyd edilməklə ilə nikah bağlanmışdır. Nikah bağlandıqdan sonra ərə Bağırlı, arvada Bağırlı soyadı verilmişdir. - "xxxx" ümumi təhsil müəssisəsi MMC və Cavabdeh arasında bağlanmış 23 avqust 2024-cü il tarixli 079 №-li təhsil xidmətlərinin göstərilməsi haqqında müqavilədən görünür ki, təhsil alacaq X3 təhsilalanı “Year 11” sinifinə qəbul edir. Tədris ili üçün təhsil haqqı 7000 (yeddi min) USD təşkil edir. - "xxxx" ümumi təhsil müəssisəsi MMC tərəfindən verilmiş 23 avqust 2024-cü il tarixli arayışdan görünür ki, X7 10 2023-2024-cü tədris ili üzrə 7000 usd təhsil haqqı tam olaraq ödənilmiş və qalıq borcu yoxdur. IV. Tətbiq edilən hüquq və Məhkəmənin mövqeyi: Məhkəmə iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, məhkəmə baxışında müəyyən olunmuşdur ki, tərəflərin xx.xx.2009-cu il təvəllüdlü X3 adlı bir yetkinlik yaşına çatmayan övladları vardır. Tərəflər faktiki olaraq ayrılmaqla fərqli ünvanlarda yaşayırlar. Uşaq hal-hazırda iddiaçı ilə birlikdə yaşayır. İddiaçı uşağın saxlanması üçün xərcləri özü çəkir. Hazırda uşağın saxlanması üçün cavabdehdən hər ay onun təqaüdünün 1/4 hissəsində aliment tutulması və təhsil xərclərinə görə əlavə olaraq 1200 manat vəsait ödənilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Cavabdeh iddia tələbini qəbul edir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə əsasən cəmiyyətin əsas özəyi kimi ailə dövlətin xüsusi himayəsindədir. Uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: - 22.2.2-ci maddəsinə əsasən, həmin Məcəllənin 22.1-ci maddəsində göstərilən məsələlər üzrə ər-arvad arasında saziş olmadıqa...məhkəmə uşaqlar üçün alimentin hansı valideyndən və hansı miqdarda tutulduğunu müəyyən etməlidir. -58.4-cü maddəsinə əsasən, valideynlər uşaqların əsas ümumi təhsil almasını təmin etməyə borcludurlar. -58.5-ci maddəsinə əsasən, valideynlər uşaqların ümumi orta təhsil almasına qədər onların maraqlarını nəzərə almaqla təhsil müəssisəsini və təhsil formasını seçmək hüququna malikdirlər. - 75.4-ci maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamadıqda, uşaqların saxlanılması üçün vəsait (aliment) məhkəmə qaydasında tutulur. - 75.5-ci maddəsinə görə, valideynlər yetkinlik yaşına çatmayan uşaqlarını saxlamaq barədə saziş bağlamaq hüququna malikdirlər, əks təqdirdə valideynlər uşağı saxlamadıqda aliment məhkəmə qaydasında tutulur. - 76.1-ci maddəsinə əsasən Aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay bu Məcəllənin 76.1.1-ci maddəsinə əsasən 1 uşağa görə qazancın və (və ya) valideynlərin başqa gəlirlərinin dörddə bir hissəsində tutulur. -81.1-ci maddəsinə əsasən, alimentin tutulması barədə saziş olmadıqda və ya sazişdə müstəsna hallarla (ağır xəstə, əlilliyi müəyyən edilmiş uşaqlara, habelə əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlara göstərilən kənar xidmətin haqqının ödənilməsi ilə əlaqədar və digər hallarda) əlaqədar yaranmış xərclərin ödənilməsi qaydası müəyyən edilməmişsə, valideynlərdən hər biri məhkəmə tərəfindən əlavə xərclərin ödənilməsinə cəlb oluna bilər. -100.2-ci maddəsinə əsasən, aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. "Uşaq Hüquqları Haqqında" Azərbaycan Respublikası Qanunun 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. BMT-nin Baş Məclisinin 20 noyabr 1989-cu il tarixdə qəbul etdiyi “Uşaq hüquqları haqqında” Konvensiyanın 3-cü maddəsinə əsasən uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən görülsün, istərsə də məhkəmələr, inzibati və ya qanunvericilik orqanları tərəfindən. Аzərbаycаn Respublikası Аilə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarına əsasən, məhkəmə tərəfindən tərəflərin maddi vəziyyətinin araşdırılması zamanı, onların gəlirləri (məsələn, vergi ödəyicisi kimi ödənilən verginin məbləği və s.), digər qazanc mənbəyi, təhsili, hansı peşəyə sahib olması, əvvəlki iş yeri, yaşayış səviyyəsi (hansı şəraitdə yaşaması və s.), əmlak vəziyyəti (daşınar və daşınmaz əmlaklarının olubolmaması), özünün saxlanılması üçün minimum tələbatını ödəyə bilməsi və s. qanunvericiliyə müvafiq olaraq müəyyən edilməlidir....Diqqətəlayiq digər halların araşdırılması zamanı məhkəmə, tərəflərin əmək qabiliyyətini və sağlamlıq vəziyyətini, öhdəsində digər şəxslərin (əmək qabiliyyəti olmayan valideynlər və s.) olub-olmamasını və s. məsələləri nəzərə almalıdır. “Elşolts Almaniyaya qarşı” işi üzrə Avropa Məhkəməsinin qərarında deyilir ki, Konvensiyanın 8- ci maddəsi tələb edir ki, dövlət hakimiyyəti orqanları uşağın maraqları ilə valideynlərin arasında ədalətli tarazlığa riayət etsinlər və tarazlaşdırma prosesində uşağın yüksək maraqlarına xüsusi əhəmiyyət verilməlidir, həmin maraqlar onların xarakterindən və ciddiliyindən asılı olaraq valideynlərin maraqlarından üstün tutula bilər. Xüsusən, 8-ci maddəyə əsasən valideyn uşağın sağlamlığına və inkişafına ziyan yetirə bilən tədbirlər görmək hüququna malik ola bilməz. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu da “Ailə Məcəlləsinin 80 və 81-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 27 yanvar 2015-ci il tarixli Qərarında vurğulamışdır ki, ümumi orta təhsildən fərqli olaraq əlavə və ya peşə təhsili, eləcə də ali təhsilin seçim xüsusiyyətinə malik olması, müsabiqə əsasında təşkil olunması və daha çox fərdin maddi vəziyyəti ilə bağlı olması baxımından, uşağın ümumi orta təhsili başa vurduqdan sonra əlavə və ya peşə təhsili, ali təhsil almasına, böyük xərc tələb edən müsabiqə və sair tədbirlərdə iştirakına görə valideynlərin əlavə xərclərdə iştirakı, onlardan bu məsələ ilə bağlı vəsait tələb olunması əsassızdır. “Uşaq hüquqları haqqında” Qanunun 22-ci maddəsi uşaqların icbari ümumi orta təhsildən yayındırılmasını qadağan edir. Valideynlərin uşağın təhsilində iştirakı ilə bağlı hüquqları və vəzifələri “Təhsil haqqında” Azərbaycan Respublikasının 2009-cu il 19 iyun tarixli Qanunda da göstərilmişdir. Həmin Qanunun 34-cü maddəsinə görə valideynlərin aşağıdakı hüquqları vardır: uşaqları üçün təlim-tərbiyə müəssisəsini seçmək, uşağının tərbiyəsi və təhsili ilə bağlı dövlət orqanlarına müraciət etmək, təhsilalanların hüquqlarını müdafiə etmək, təhsil müəssisəsi ilə əməkdaşlıq etmək və s. Həmin Qanunun 19.4, 19.14 və 19.18-ci maddələrinə əsasən, Azərbaycan Respublikasında ümumi təhsil ibtidai təhsil, ümumi orta təhsil və tam orta təhsildən ibarətdir, ümumi orta təhsil icbaridir. Tam orta təhsil ümumi təhsilin hər üç səviyyəsini əhatə edən təhsil proqramlarının tam mənimsənilməsini nəzərdə tutur. Dövlət təhsil müəssisələrində tam orta təhsil pulsuzdur. İddiaçı cavabdeh tərəfindən hər ay onun təqaüdünün 1/4 (dörddə bir) hissəsində alimentin ödənilməsini tələb edir. Cavabdeh xx.xx.2024-cü il tarixdə elektron kabinet vasitəsilə yazılı ərizə təqdim edərək, iddiaçı tərəfindən alimentin tutulması və 1200 manat əlavə təhsil xərclərinin ödənilməsi ilə bağlı iddianı tam qəbul etdiyini, iddianın təmin olunmasına etiraz etmədiyini bildirmişdir. Məhkəmə Azərbaycan Respublikası Konstitusiyasının 17-ci, Ailə Məcəlləsinin 75, 76, 78, 112.1-ci maddələrinə əsaslanaraq qeyd edir ki, valideynlərin yetkinlik yaşına çatmayan uşaqlarını saxlamaq vəzifəsi valideynlərin yaşından, əmək qabiliyyətindən, hətta fəaliyyət qabiliyyətindən asılı olmayaraq müəyyən edilir. Valideynlərin zəruri vəsaitinin olmaması onları aliment ödəmək vəzifəsindən azad etmir. Valideynlər uşaqlarının saxlanması barədə öz aralarında qarşılıqlı razılığa əsasən xüsusi qayda və forma müəyyənləşdirə bilərlər. Lakin onlar (valideynlər) uşaqlarını saxlamaq vəzifəsini könüllü icra etmədikdə, bu, məhkəmə qaydasında həyata keçirilir. Məhkəmə xüsusi ilə vurğulayır ki, hər bir uşağın layiqli həyat tərzi yaşamağa hüquqi vardır və uşağın inkişafı üçün valideynlərin maddi və mənəvi dəstək olmaları onların vəzifəsi və borcudur. Mövcüd qanunvericilik normaları istənilən yaranmış vəziyyətdə uşağın mənafeylərinin daha üstün tutulmasını imperativ olaraq göstərir. Belə ki, “Elektron Məhkəmə” informasiya sistemindən Cavabdeh gəlir məlumatlarına dair çıxarışdan görünür ki, Cavabdeh 3482,92 manat (YG) məbləğində pensiya alır Məhkəmə iddia tələbini nəzərə alaraq, uşağın maddi təminatının maksimal dərəcədə saxlanması baxımından belə qənaətə gəlir ki, hazırda xx.xx.2009-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatana qədər saxlanılması üçün Cavabdeh hər ay gəlirlərinin ¼ (dörddə bir) hissəsi miqdarında aliment tutularaq İddiaçı ödənilməsi məqsədəmüvafiqdir və yetkinlik yaşına çatmamış uşağın mənafeyinə uyğundur. Məhkəmə alimentin tutulma müddətini araşdıraraq, hesab edir ki, alimentin tutulma müddəti iddiaçının iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi vaxtdan başlanmalıdır. Belə ki, Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən, iddia ərizəsi xx.xx.2024-cü il tarixdə məhkəmənin icraatına daxil olduğundan, aliment məhkəməyə müraciət edildiyi vaxtdan, yəni xx.xx.2024-cü il tarixdən tutulmalıdır. Məhkəmə qüvvədə olan qanunvericiliyin bu məsələni tənzimləyən müddəalarına, habelə Konstitusiya Məhkəməsinin yuxarıda göstərilən qərarına istinadən iddia tələbinin xx.xx.2009-cu il təvəllüdlü X2 əlavə olaraq 1200 manat təhsil xərclərinin (aylıq təhsil haqqının) ödənilməsi üçün hər ay Cavabdeh 1200 manat pulun tutularaq İddiaçı ödənilməsi hisssəsi ilə bağlı qeyd etməyi zəruri hesab edir ki, dövlət pulsuz icbari ümumi orta təhsil almaq hüququnu təmin edir. Valideyn uşağının orta təhsilinə qədərki dövrdə onun təhsil müəssisəsini və təhsilinin formasını seçə bilər. Orta təhsil başa çatdıqdan sonra isə təhsil müəssisəsini və təhsilin formasını uşaqlar özləri seçirlər. Başqa sözlə, qüvvədə olan qanunvericilikdə valideynin yalnız ümumi orta təhsil bitənədək uşaqların təhsil müəssisəsini və təhsilin formasını seçməsinə müdaxiləsi nəzərdə tutulmuşdur. Bununla belə, uşaqların maraqları nəzərə alınmaqla və maddi imkanlarına uyğun olaraq bu məqsədlər üçün ödənişli təhsil müəssisələri seçən valideynlər öz seçiminə uyğun olaraq həmin ödənişi etmək vəzifəsi daşıyır. İş materiallarında olan "xxxx" ümumi təhsil müəssisəsi MMC və Cavabdeh arasında bağlanmış 23 avqust 2024-cü il tarixli 079 №-li təhsil xidmətlərinin göstərilməsi haqqında müqavilədən görünür ki, təhsil alacaq X3 təhsilalanı “Year 11” sinifinə qəbul edir. Tədris ili üçün təhsil haqqı 7000 (yeddi min) USD təşkil edir. Göründüyü kimi cavabdehin övladı xx.xx.2009-cu il təvəllüdlü X2 ödənişli orta təhsil almasına razılığı olmuş, bununla bağlı təhsil müəssisəsi ilə şəxsən özü müqavilə bağlamışdır. Digər tərəfdən Cavabdeh yazılı ərizə təqdim edərək 1200 manat əlavə təhsil xərclərinin ödənilməsi ilə bağlı iddianı tam qəbul etdiyini, iddianın təmin olunmasına etiraz etmədiyini bildirmiş, iddianı etiraf etmişdir. Qeyd olunanlara əsasən məhkəmə yuxarıda qeyd edilən halları, Cavabdeh ərizəsini nəzərə alaraq hesab edir ki, iddia tələbi təhsil haqqının ödənilməsi hissəsində də təmin edilməli, Cavabdeh xx.xx.2009-cu il təvəllüdlü X2 təhsil xərclərinin (aylıq təhsil haqqının) ödənilməsi üçün hər ay əlavə olaraq 1200 (min iki yüz) manat vəsait tutularaq İddiaçı xeyrinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: -191.1-ci maddəsinə əsasən, iddiaçının iddiadan imtina etməsi, iddia tələbinin dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. İddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər. - 191.3-cü maddəsinə əsasən, cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: -14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; -234.2.1-ci maddəsinə əsasən, şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikası Qanununun: - 9.1.2-ci maddəsinə əsasən, aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Beləliklə yuxarıda qeyd olunan maddi hüquq normaları və işin hallarını nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli. Cavabdeh xx.xx.2009-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatana qədər saxlanılması üçün hər ay cavabdehin gəlirlərinin ¼ (dörddə bir) hissəsi məbləğində aliment tutularaq İddiaçı xeyrinə ödənilməli, Cavabdeh xx.xx.2009-cu il təvəllüdlü X2 təhsil xərclərinin (aylıq təhsil haqqının) ödənilməsi üçün hər ay əlavə olaraq 1200 (min iki yüz) manat vəsait tutularaq İddiaçı xeyrinə ödənilməli, alimentin tutulması xx.xx.2024-cü il tarixdən hesablanmalı, qətnamə aliment hissədə dərhal icra edilməlidir. V. Nəticə: Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 191, 216-220-ci, 234, 358-360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh xx.xx.2009-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatana qədər saxlanılması üçün hər ay cavabdehin gəlirlərinin ¼ (dörddə bir) hissəsi məbləğində aliment tutularaq İddiaçı xeyrinə ödənilsin. Cavabdeh xx.xx.2009-cu il təvəllüdlü X2 təhsil xərclərinin (aylıq təhsil haqqının) ödənilməsi üçün hər ay əlavə olaraq 1200 (min iki yüz) manat vəsait tutularaq İddiaçı xeyrinə ödənilsin. Alimentin tutulması xx.xx.2024-cü il tarixdən hesablansın. Qətnamə aliment hissədə dərhal icra edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov 540) apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Səbinə Nuriyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar