Məhkəmə qərarları › İş №2(005)-4010/2020

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-4010/2020

03.12.2020 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-4010/2020 03.12.2020 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Novruzova Aytən Nazim qızının sədrliyi Məhkəmə iclasının katibi X1, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “mənzildən istifadə hüququna xitam verilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh Bakı şəhəri, Nərimanov rayonu, M.K.Atatürk prospekti, ev 27, mənzil 79 saylı mənzildən istifadə hüquqlarına xitam verilməklə, onu həmin mənzildən pasport qeydiyyatından çıxarılmasına dair qətnamə qəbul edilməsi, 18 il müddətində bilərəkdən onun hüquqlarını pozduğuna və hazırda ona vurduğu mənəvi zərbəyə görə ona qanunauyğun qaydada cəza verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı məhkəmənin xx.xx.2020-ci il tarixli iclasında iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək Cavabdeh Bakı şəhəri, Nərimanov rayonu, M.K.Atatürk prospekti, ev 27, mənzil 79 saylı mənzildən istifadə hüquqlarına xitam verilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, xx xxxxxx 2002-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən iş üzrə cavabdeh X2 mülkiyyətində olan Bakı şəhəri, Nərimanov rayonu, M.K.Atatürk prospekti, ev 27, mənzil 79-da yerləşən yaşayış evini Bakı şəhəri Q.Qarayev küçəsi, ev 39, mənzil 146-da yaşayan İddiaçı satmışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş xx.xx.2002-ci il tarixli, seriya ÖM № 129236 saylı Dövlət Reyestrindən Çıxarışa əsasən ünvan 2 saylı mənzili iddiaçının tam mülkiyyətindədir. İddiaçının mülkiyyətində olan mənzildə əvvəllər qeydiyyatda olan Cavabdeh anası X3 mənzili iddiaçıya satdıqdan sonra 90 (doxsan) gün müddətində qeydiyyatdan çıxacaqlarını bildirsə də, lakin onun oğlu Cavabdeh əsassız olaraq pasport qeydiyyatından bu günə kimi çıxmamışdır ki, bu da iddiaçının mülkiyyətçi kimi bir sıra hüquqlarını məhdudlaşdırılmasıra gətirib çıxarmışdır. Hazırda cavabdehin harada yaşaması da onlara məlum deyil. Bakı şəhəri BŞİ-9 saylı Mənzil-tikinti Koopoerativinin xx xxxxxxx 2020-ci il tarixli 653 saylı arayışından (forma 2) görünür ki, cavabdeh hazırda ünvan 1 ünvanında qeydiyyatda deyil. Ancaq ASAN-1 -dən xx xxxxxxx 2020-ci il tarixində verilən ******* saylı arayışda göstərilir ki, Cavabdeh (xx.xx.1983) hazırda iddiaçının mənzilində qeydiyyatdadır. Məhkəmə iclasında İddiaçı tələbinin dəlillərinə uyğun izahat verərək, cavabdehin halhazırda onun mülkiyyətində olan evdə pasport qeydiyyatında olmasının hüquqlarını pozduğunu bildirdi və iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclaslarının yeri və vaxtı barədə cavabdehə məlumat verilməsinə baxmayaraq, cavabdeh hər hansı üzrlü səbəb təqdim etmədən məhkəmə iclaslarında iştirak etməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinin tələblərinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdırıb, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, mülki işin materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Azərbaycan Respublikası Bakı Şəhəri İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən verilmiş ÖM seriyalı 129236 nömrəli qeydiyyat vəsiqəsinin notarial qaydada təsdiq edilmiş surətindən müəyyən olunur ki, Bakı şəhəri, Nərimanov rayonu, M.K.Atatürk prospekti, ev-27, 79 saylı mənzil İddiaçı adına xüsusi mülkiyyət kimi hüquqi qeydiyyatdan keçirilmiş və bu barədə 89 saylı reyestr kitabında 13766 nömrəli vərəqində 30/20615 saylı reyestr nömrəsi ilə xx.xx.2002-ci il tarixdə qeydiyyat aparılmışdır; Bakı şəhəri 9 saylı notariat kontorunun notariusu Ş.Ə.Abbasova tərəfindən təsdiq edilmiş xx.xx.2002-ci il tarixli alqı-satqı müqaviləsinin notarial qaydada təsdiq edilmiş surətinə əsasən X3 özünə məxsus Bakı şəhəri, Nərimanov rayonu, M.K.Atatürk prospekti, ev-27, mənzil 79 saylı mənzilini alıcı İddiaçı satmışdır; xx.xx.2013-cü il tarixdə Asan -1 tərəfindən verilmiş AZE seriyalı ******** saylı Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətinə əsasən xx.xx.1958ci il tarixdə Ermənistan, Əzizbəyov rayonunda anadan olmuş İddiaçı ünvan 2 ünvanında qeydiyyatdadır; Azərbaycan Respublikası Bakı şəhər İcra Hakimiyyətinin «BŞİ-9» Mənzil Tikinti Kooperativinin 653 nömrəli, xx.xx.2020-ci il tarixli arayışına əsasən ünvan 2-un sahibi olaraq İddiaçı göstərilmiş və daimi qeydiyyatda olan şəxslər İddiaçı, X5 göstərilmişdir. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi yaşayış yeri üzrə qeydiyyat haqqında ******* nömrəli, xx.xx.2020-ci il tarixli arayışına əsasən mülki iş üzrə Cavabdeh ünvan 2 ünvanında pasport qeydiyyatındadır. Qeyd edilən şəxslərdən başqa həmin mənzildə İddiaçı, X5 və X4 da qeydiyyatdadır; xx.xx.2020-ci il tarixli ödəniş qəbzinə əsasən Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsində iddia qaldırmaq üçün İddiaçı tərəfindən 10 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 148.2-ci maddəsinə əsasən daşınmaz əmlakın dövlət reyestrindəki qeydə əsaslanaraq mülkiyyət hüququ və daşınmaz əmlaka başqa hüquqları əldə etmiş hər bir şəxsin hüquqları müdafiə edilməlidir; 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur; 178.1-ci maddəsinə əsasən, daşınmaz əmlaka mülkiyyət hüququ onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. Həmin Məcəllənin 203.1-ci maddəsinə əsasən, daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat yazısı ləğv edildikdə, habelə daşınmaz əmlak tamamilə məhv olduqda, daşınmaz əmlaka mülkiyyət hüququ itirilir. 228.1-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın; 228.4-cü maddəsinə əsasən yaşayış evinə və ya mənzilə mülkiyyət hüququnun keçməsi yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi üçün əsas deyildir, amma yaşayış otağından istifadə hüququ olan şəxsin mülkiyyət hüququndan imtina barəsində həmin hüquq keçənədək notariat qaydasında təsdiqlənmiş öhdəlik verdiyi hal istisna təşkil edir. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun: 1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər, vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar; 2-ci maddəsinə əsasən şəxsin yaşayış yeri – tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi və digər bu kimi yaşayış yerləri başa düşülür. Şəxsin olduğu yer - onun yaşayış yeri sayılmayan, müvəqqəti yaşadığı mehmanxana, sanatoriya və digər belə ictimai yerlər, habelə yaşayış binası (özünün, qohumunun, tanışının və b.) başa düşülür; on dörd yaşı olmayan yetkinlik yaşına çatmayanların və ya qəyyumluq altında olan şəxslərin yaşayış yeri onların qanuni nümayəndələrinin - müvafiq olaraq valideynlərinin, övladlığa götürənlərin və ya qəyyumların yaşayış yeri sayılır; 9-cu maddəsinin 5-ci bəndinə əsasən şəxs yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında müvafiq icra hakimiyyəti orqanları (bu halda Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi) tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan çıxarılır. Məhkəmə baxışında tədqiq edilmiş sübutlarla müəyyən edilmişdir oğlu Bakı şəhəri, Nərimanov rayonu, M.K.Atatürk pr, ev-27, 79 nömrəli mənzili mənzil xüsusi mülkiyyət kimi İddiaçı adına qeydiyyata alınmışdır. İddiaçı həmin mənzili xx.xx.2002-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən almışdır. Həmin vaxt hazırki mülki iş üzrə Cavabdeh bu mənzildə pasport qeydiyyatında olmuşdur. Müqaviləyə əsasən X3 (satıcı) iddiaçıya (alıcıya) üçüncü şəxslərin hüquqlarından azad mənzili verməyi öhdəsinə götürmüşdür. Hazırda Cavabdeh Bakı şəhəri, Nərimanov rayonu, M.K.Atatürk pr, ev-27, 79 nömrəli mənzildə yaşamır, lakin pasport qeydiyyatında olmaqda davam edirlər. Onun həmin mənzildə pasport qeydiyyatında olması formal xarakter daşıyır. İddiaçı məhkəmədə iddia qaldırmaq üçün 10 manat məbləğində dövlət rüsumu ödəmişdir, lakin bu məbləği cavabdehdən tələb etmir. Məhkəmə hesab edir ki, alqı-satqı müqaviləsinə əsasən keçmiş mülkiyyətçi tərəfindən iddiaçıya üçüncü şəxslərin hüquqlarından azad evin verilməsi öhdəliyi götürüldüyündən və öhdəlik mübahisə doğurmadığından, mənzilin alqı-satqı müqaviləsində istifadə hüququnun itirilməsi ilə bağlı tərəflər arasında hər hansı qeyd-şərt nəzərdə tutulmadığından, mülkiyyətində olan əmlakdan imtina etməklə həmin əmlakı iddiaçının mülkiyyətinə verdiyindən, bundan sonra mülkiyyətçi (iddiaçı) ilə cavabdeh arasında istifadə hüququnun tanınmasına dair notarial qaydada təsdiqlənmiş razılaşma olmadığından, onların istifadə hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmadığından, Cavabdeh mübahisəli mənzildən istifadə hüquqları itirilməlidir. Ödənilmiş 10 manat məbləğində dövlət rüsumu tələb edilmədiyindən iddiaçıya aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci məddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə itirak edən şəxslərə aid edilir; 217.4-ci maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, iddia təmin edilməli, Cavabdeh Bakı şəhəri, Nərimanov rayonu, M.K.Atatürk pr, ev-27, 79 nömrəli mənzildən istifadə hüquqlarına xitam verilməli, ödənilmiş dövlət rüsumu tələb edilmədiyindən iddiaçıya aid edilməlidir. Qeyd olanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 119-cu, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh Bakı şəhəri, Nərimanov rayonu, M.K.Atatürk pr, ev 27, 79 saylı mənzilindən istifadə hüququna xitam verilsin. (Hazırkı iş üzrə çıxarılmış qətnamə Cavabdeh Bakı şəhəri, Nərimanov rayonu, M.K.Atatürk prospekti, ev 27, 79 saylı mənzilindən pasport qeydiyyatından çıxarılması üçün əsasdır.) Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Aytən Novruzova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar