Məhkəmə qərarları › İş №2(005)-4020/2020

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərardad — İş №2(005)-4020/2020

27.11.2020 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(005)-4020/2020 27.11.2020 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Ədilova Solmaz İmran qızı, İddiaçı Cavabdeh qarşı “mənzilə istifadə hüququnun olmadığının müəyyən edilməsi” tələbinə dair iddia ərizəsi və ona əlavə olunmuş sənədlərə baxaraq, MÜƏYYƏN ETDİM: İddiaçı Cavabdeh qarşı “mənzilə istifadə hüququnun olmadığının müəyyən edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh onun mülkiyyətində olan Bakı şəhəri, Nərimanov rayonu, Məsud Əlizadə küçəsi, 22 ünvanında yerləşən yaşayış binasının 7 saylı mənzilinə istifadə hüququnun olmadığı barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, bildirir ki, X1 ilə arasında bağlanmış xx.xx.2016-cı il tarixli alqı-satqı müqaviləsinə əsasən (xx.xx.2016-cı il tarixli, 108 №-li Alqısatqı və İpoteka müqaviləsinin tərkib hissəsi), Bakı şəhəri, Nərimanov rayonu, Məsud Əlizadə küçəsi, 22 ünvanında yerləşən yaşayış binasının 7 saylı mənzili ona satılıb. xx.xx.2016-cı il tarixli, 108 №-li Müqavilənin tərəflərin hüquq və vəzifələrinə aid bölməsinin 2.2.2-ci bəndinə görə mənzil ona üçüncü şəxslərin hüquqlarından azad təhvil verilib. Hazırda həmin mənzil onun mülkiyyətindədir və buna dair, yəni mənzilin onun tam mülkiyyətinə keçməsi barədə Reyestr Xidməti İdarəsindən xx xxxxxx 2016-cı il qeydiyyat tarixli, RX seriyalı ******* №-li Çıxarış verilib. İddia tələbinin əsasları: Mənzil alqı-satqı müqaviləsi əsasında ona satılsa da, hal-hazırda mənzil onun mülkiyyətində olsada Cavabdeh mənzilə pasport qeydiyyatının olması onun, qanunla qorunan mülkiyyət hüquqlarımı məhdudlaşdırır. Belə ki, o, mənzilinin yerləşdiyi binanın tikildiyi ərazidə yerləşmiş 7 №-li fərdi evdə yaşayıb. Həmin fərdi ev onun yerləşdiyi ərazidə tikilmiş hündür mərtəbəli yeni yaşayış binasının tikintisi ilə əlaqədar sökülüb. Fərdi evin söküntüsündən sonra cavabdehin qeydiyyat ünvanı olaraq, yanlışlıqla, yeni tikilən binanın, hazırda mülkiyyətində olan, 7 saylı mənzili göstərilib. Mənzilin alqı-atqısı müqaviləsinin bağlanılmasında razılığı alınan şəxslərdən biri kimi cavabdehin də razılığı alınıb. Qeyd olunanlara əsaslanaraq bildirir ki, cavabdehin onun mənzilinə hər-hansı hüquq yoxdur və olmayıb. Məhkəmə iclasının vaxtı və yeri barədə müvafiq qaydada xəbərdar olunmuş tərəflər məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzrlü səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə iddia ərizəsini və iş materiallarını araşdırıb, sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, mülki iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair xx.xx.2020-ci il tarixli qərarına əsasən “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin mənasına görə mülkiyyətçinin ərizəsi əsasında qeydiyyata alınmış, lakin həmin yaşayış sahəsində faktiki yaşamayan və ya istifadə hüququ olmayan şəxsin qeydiyyatına mülkiyyətçinin inzibati orqana müraciəti əsasında xitam verilməsi nəzərdə tutulmuşdur. Göründüyü kimi, qeyd edilən tələb ilə bağlı iddiaçı mülkiyyətində olan şəxslərin qeydiyyatdan çıxarılmaları ilə bağlı inzibati orqana müraciət etməli, (Nərimanov RPİ) müraciətə imtina olunduqda isə həmin imtina əsasında inzibati məhkəməyə müraciət etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 260.0.1-ci maddəsinə əsasən iş məhkəmədə baxılmalı deyildirsə, hakim iş üzrə icraata xitam verir. Həmin Məcəllənin 262.1-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməsi barədə məhkəmə qərardad çıxarır. Həmin Məcəllənin 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. Qeyd olunanlara və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 153.2, 153.2.1, 260.0.1, 263-264 və 267-268-ci maddələrinə əsaslanaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı Cavabdeh qarşı “mənzilə istifadə hüququnun olmadığının müəyyən edilməsi” tələbinə dair mülki işin icraatına xitam verilsin. İddiaçı müvafiq ərizə ilə aidiyyəti üzrə İnzibati Məhkəməyə müraciət etmək hüququ izah edilsin. Qərardaddan, o rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə ondan şikayət verilə bilər. Hakim Solmaz Ədilova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar