Məhkəmə qərarları › İş №2(005)-4024/2020

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-4024/2020

01.12.2020 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-4024/2020 01.12.2020 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Novruzova Aytən Nazim qızının sədrliyi Məhkəmə iclasının katibi X1, İddiaçı, Cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyi Peşə Təhsili üzrə Dövlət Agentliyinin 6 №-li Bakı Peşə Məktəbinin nümayəndəsi X3 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyi Peşə Təhsili üzrə Dövlət Agentliyinin 6 №-li Bakı Peşə Məktəbininə qarşı “əmək müqaviləsinin etibarsız hesab edilməsi və işə bərpa” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyi Peşə Təhsili üzrə Dövlət Agentliyinin 6 №-li Bakı Peşə Məktəbininə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, müqavilənin ləğv olunması və işə bərpa edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddiaçı xx.xx.2020-ci il tarixdə iddia tələbinin artırılması barədə yazılı ərizə təqdim edərək, cavabdehlə onun arasında bağlanmış əmək müqavilələrinin etibarsız edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, o, xx.xx.2015-ci il tarixindən xx.xx.2020-ci il tarixinə kimi 6 №-li Bakı Peşə Məktəbində müxtəlif vəzifələrdə işləmişdir. Rəhbərlik işin daimi xarakterə malik olduğunu qabaqcadan bilərək, iddiaçının həmin məktəbdə 3 il işləməsinə baxmayaraq növbəti illər üçün onunla bir illik müqavilələr bağlamışdır. xx.xx.2020-ci il tarixində əmək müqaviləsinin müddətinin qurtarmasını səbəb gətirərək məktəb rəhbərliyi tərəfindən onu işdən azad etmişlər. Göstərilənlərin nəzərə alınmasını və iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbinin dəlillərinə uyğun izahat verərək iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyi Peşə Təhsili üzrə Dövlət Agentliyinin 6 №-li Bakı Peşə Məktəbinin nümayəndəsi X7 iddia ərizəsinə yazılı etiraz təqdim edərək, bildirmişdir ki, iddiaçının tələbi əsassızdır. Belə ki, İddiaçı xx.xx.2015-ci il tarixdə 1 illik müddətli əmək müqaviləsinə əsasən istehsalat təlim ustası vəzifəsinə qəbul edilmiş və 3 il ərzində bu vəzifə üzrə bir ildən bir müqavilə bağlanılmışdır. xx.xx.2018-ci il tarixdə öz ərizəsinə əsasən təsərrüfat müdiri vəzifəsinə keçirilmişdir və onunla müddətli əmək müqaviləsi bağlanılmışdır. xx.xx.2010-cu il tarixində öz ərizəsinə əsasən texnik vəzifəsi üzrə müddətli əmək müqaviləsi bağlanılmışdır. Əmək Məcəlləsinin bütün norma və qanunlarına riayət olunaraq ona dəfələrlə həm yazılı həm şifahi xəbərdarlıq edilmişdir. Lakin iddiaçı yazılı məlumatı almaqdan imtina etmiş, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyinə müraciət etmişdir. Sözügedən orqan tərəfindən bu məsələyə ətraflı baxılaraq 3 nömrəli Bakı Peşə Məktəbinin lehinə qərar çıxarılmışdır. İddiaçı dəfələrlə texnik vəzifəsi üzrə üzərinə götürdüyü əmək funksiyalarını yerinə yetirməmiş, müxtəlif bəhanələrlə işləməkdən boyun qaçırtmış və nəticədə məktəbin infrastrukturunun saxlanılması işlərində bir çox çətinliklər yaranmışdır. Bu barədə məktəbin təsərrüfat müdirində məlumatlar vardır. Bizim əsas məqsədimiz məktəbin infrastrukturunu bacardığımız qədər qorumaq, təhsildə və tədrisdə keyfiyyətlilik prinsipinə əsaslandığı üçün belə işçi onlara əlverişsiz olduğuna görə onunla müddətli əmək müqaviləsinin uzadılması məqsədəuyğun hesab edilməmişdir. Bu səbəbdən Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən (Əmək müqaviləsinin müddətinin qurtarması) xx.xx.2020-ci il tarixində onunla bağlanmış Əmək Müqaviləsinə (kontraktına) xitam verilmişdir. Qeyd olunanlara əsasən iddianın rədd olunmasını xahiş etmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdırıb, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, mülki işin materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş: Təhsil Nazirliyi Peşə Təhsili üzrə Dövlət Agentliyinin 6 №-li Bakı Peşə Məktəbi (işəgötürən) ilə İddiaçı (işçi) arasında xx.xx.2015-ci il tarixdə bağlanmış əmək müqaviləsinin surətinə əsasən İddiaçı xx.xx.2015-ci il tarixdən xx.xx.2016-cı il tarixədək 1 il müddətinə 6 №-li Bakı Peşə məktəbinin istehsalat təlim ustası vəzifəsinə işə qəbul edilmişdir; İddiaçı Azərbaycan Respublikası Təhsil Nazirliyi Peşə Təhsili üzrə Dövlət Agentliyinin 6 №-li Bakı Peşə Məktəbinə ünvanlanmış xx.xx.2018-ci tarixli ərizəsinin surətinə əsasən ərizəçi onunla Peşə Təhsili üzrə Dövlət Agentliyinin 6 №-li Bakı Peşə Məktəbinin istehsalat təlim ustası vəzifəsindən azad olunaraq, təsərrüfat müdiri vəzifəsinə təyin edilməsini xahiş etmişdir; Təhsil Nazirliyi Peşə Təhsili üzrə Dövlət Agentliyinin 6 №-li Bakı Peşə Məktəbi (işəgötürən) ilə İddiaçı (işçi) arasında xx.xx.2018-ci il tarixdə bağlanmış əmək müqaviləsinin surətinə əsasən İddiaçı xx.xx.2018-ci il tarixdən xx.xx.2019-cu il tarixədək 1 il müddətinə 6 №-li Bakı Peşə məktəbinin təsərrüfat müdiri vəzifəsinə işə qəbul edilmişdir; Əmək müqaviləsinin bağlanması ilə bağlı xx.xx.2018-ci il tarixli, xxxxxxx000207 nömrəli əmək müqaviləsi bildirişinə əsasən İddiaçı Peşə Təhsili üzrə Dövlət Agentliyinin 6 №-li Bakı Peşə Məktəbi tərəfindən xx.xx.2015-ci il tarixdən müddətli (xx.xx.2018-ci il tarixədək) olaraq, vaxtamuzd, hər ay 152 manat əmək haqqı ödənilməklə, həmin məktəbin təsərrüfat müdiri vəzifəsinə işə qəbul edilmişdir; Əmək müqaviləsinə dəyişiklik edilməsi ilə bağlı xx.xx.2018-ci il tarixli, xxxxxxx000202 nömrəli əmək müqaviləsi bildirişinin surətinə əsasən, İddiaçı ilə bağlanmış əvvəlki əmək müqaviləsində olan “hər ay 167 manat” sözü “hər ay 247 manat” olaraq dəyişdirilmiş, o, vaxtamuzd olaraq 6 №-li Bakı Peşə Məktəbinə istehsalat təlimi ustası vəzifəsinə işə qəbul edilmişdir; İddiaçı Azərbaycan Respublikası Təhsil Nazirliyi Peşə Təhsili üzrə Dövlət Agentliyinin 6 №-li Bakı Peşə Məktəbinə ünvanlanmış xx.xx.2019-cu tarixli ərizəsinin surətinə əsasən ərizəçi xx.xx.2019-cu il tarixdən Peşə Təhsili üzrə Dövlət Agentliyinin 6 №-li Bakı Peşə Məktəbinin təsərrüfat müdiri vəzifəsindən azad olunaraq, texnik vəzifəsinə keçirilməsini xahiş etmişdir; Təhsil Nazirliyi Peşə Təhsili üzrə Dövlət Agentliyinin 6 №-li Bakı Peşə Məktəbi (işəgötürən) ilə İddiaçı (işçi) arasında xx.xx.2019-cu il tarixdə bağlanmış əmək müqaviləsinin surətinə əsasən İddiaçı xx.xx.2019-cu il tarixdən xx.xx.2020-ci il tarixədək 1 il müddətinə 6 №-li Bakı Peşə məktəbinin texniki (binanın istismarı üzrə) vəzifəsinə işə qəbul edilmişdir; Əmək müqaviləsinə dəyişiklik edilməsi ilə bağlı xx.xx.2020-ci il tarixli, xxxxxxx000214 nömrəli əmək müqaviləsi bildirişinin surətinə əsasən, İddiaçı ilə bağlanmış əvvəlki əmək müqaviləsində olan “hər ay 282 manat” sözü “hər ay 314,46 manat” olaraq dəyişdirilmiş, o, vaxtamuzd olaraq 6 №-li Bakı Peşə Məktəbinə texnik vəzifəsinə işə qəbul edilmişdir; Əmək müqaviləsinə xitam verilməsi ilə bağlı xx.xx.2020-ci il tarixli, xxxxxxx0002X0 nömrəli əmək müqaviləsi bildirişinə əsasən 6 №-li Bakı Peşə Məktəbinin texnik vəzifəsində işləyən İddiaçı ilə xx.xx.2015-ci il tarixdə bağlanmış əmək müqaviləsinə xx.xx.2020-ci il tarixdə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68.2-ci maddəsinin "b" bəndi ilə (əmək müqaviləsinin müddətinin qurtarması) xitam verilmişdir; xx.xx.2020-ci il tarixli 09.20xx-xx.2020-ci il tarixləri əhatə edən Əmək haqqı hesablanması (son-haqq hesab) barədə cədvəldən görünür ki, İddiaçı son əmək haqqı avqust ayında (282,00) manat olmaqla, cəmi 3712,64 manat pul ödənilmişdir; İş materialları ilə müəyyən olunmuşdur ki, İddiaçı Azərbaycan Respublikası Təhsil Nazirliyi Peşə Təhsili üzrə Dövlət Agentliyinin 6 №-li Bakı Peşə Məktəbinə ünvanlanmış xx.xx.2019-cu tarixli ərizəsinə əsasən xx.xx.2019-cu il tarixdən Peşə Təhsili üzrə Dövlət Agentliyinin 6 №-li Bakı Peşə Məktəbinin təsərrüfat müdiri vəzifəsindən azad olunaraq, texnik vəzifəsinə keçirilməsini xahiş etmiş, əhsil Nazirliyi Peşə Təhsili üzrə Dövlət Agentliyinin 6 №-li Bakı Peşə Məktəbi (işəgötürən) ilə İddiaçı (işçi) arasında xx.xx.2019-cu il tarixdə bağlanmış əmək müqaviləsinin surətinə əsasən İddiaçı xx.xx.2019-cu il tarixdən xx.xx.2020-ci il tarixədək 1 il müddətinə 6 №-li Bakı Peşə məktəbinin texniki (binanın istismarı üzrə) vəzifəsinə işə qəbul edilmişdir; iddiaçının əmək müqaviləsinə xx.xx.2020-ci il tarixdə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68.2-ci maddəsinin "b" bəndi ilə (əmək müqaviləsinin müddətinin qurtarması) xitam verilmişdir. Hazırda iddiaçı əmək münasibətlərinin müddətli deyil, müddətsiz hesab olunmasına əsaslanır. Bu baxımdan, işdən çıxarılmasını əsassız hesab edir, işə bərpa edilməsini, əmək müqaviləsinin etibarsız hesab edilməsini tələb edir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən, əmək müqaviləsinə müqavilənin müddətinin qurtarması əsası ilə xitam verilə bilər. Həmin Məcəllənin 73-cü maddəsinə görə isə, “müddətli əmək müqaviləsinin müddəti qurtardıqda ona xitam verilir. Müddətli əmək müqaviləsində göstərilən müddət qurtardıqda əmək münasibətləri davam etdirilərsə və müddət bitdikdən sonrakı bir həftə ərzində tərəflərdən heç biri müqaviləyə xitam verilməsini tələb etmirsə, həmin əmək müqaviləsi əvvəl müəyyən olunmuş müddətə uzadılmış hesab olunur. İşçinin müəyyən üzrlü səbəbdən (xəstələnməsi, ezamiyyətdə, məzuniyyətdə olması, habelə bu Məcəllənin 179-cu maddəsində nəzərdə tutulan iş yeri və orta əmək haqqı saxlandığı hallarda) iş yerində olmadığı dövrdə müddətli əmək müqaviləsinin müddəti qurtardığı hallarda həmin müqaviləyə işçi işə çıxdıqdan sonra işəgötürənin müəyyən etdiyi gündə, lakin onun işə çıxdığı gündən bir təqvim həftəsi keçməmiş xitam verilə bilər”. İşin hallarından aydın olur ki, iddiaçının əmək müqaviləsinin müddəti xx.xx.2020-ci il tarixdə bitmiş və işəgötürən Əmək Məcəlləsinin 73-cü maddəsinin tələblərinə əsasən bu tarixdə işçinin əmək müqaviləsinə müddətin bitməsi əsası ilə xitam verilməsi imkanından istifadə edilərək cavabdeh tərəfindən onun əmək müqaviləsinə xitam verilmişdir. İddiaçı onunla sonradan əmək münasibətinin müddətsiz xarakter daşıdığını iddia etsə də, bunu təsdiq edəcək hər hansı sübutu məhkəməyə təqdim etməmişdir; Nəzərə alınmalıdır ki, hazırkı iş üzrə sübutetmə yükü iddiaçının üzərinə düşür və o, iddiasını əsaslandırdığı halları kifayətedici aydınlıqla sübut edə bilməmişdir. Məhkəmə hesab edir ki, iddiaçının əmək müqaviləsinə xitam verilməsində əmək qanunvericiliyinin əmək müqaviləsinə xitam verilməsinin rəsmiləşdirilməsi ilə əlaqədar tələblərinə əməl olunub-olunmadığı müəyyən edilməlidir. Belə ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 83-cü maddəsinin 1-ci hissəsinə görə, əgər işçi ilə bağlanmış əmək müqaviləsində onun ləğv edilməsinin sənədləşdirilməsi barədə bu fəsildə müəyyən edilmiş qaydalardan fərqli olan başqa qaydalar nəzərdə tutulmayıbsa, onda istər işçi, istərsə işəgötürən tərəfindən və istərsə də tərəflərin iradəsindən asılı olmayan hallarda bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslara və qaydalara müvafiq olaraq əmək müqaviləsinin ləğv edilməsi işəgötürənin əsaslandırılmış əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilməlidir. Həmin maddənin 2-ci hissəsinə görə isə, əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) onun tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Bu əmrin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqq-hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir. Göründüyü kimi, əmək qanunvericiliyinin tələbinə görə əmək müqaviləsinə xitam verilməsi işəgötürənin əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilməli, eyni zamanda bu əmrin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqq-hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir. Bundan başqa, məhkəmə onu qeyd etməyi zəruri hesab edir ki, əmrin tərtibi zamanı Azərbaycan Respublikası Əmək Məcəlləsinin yuxarıda göstərilən tələbləri pozulmamışdır. Məhkəmə eyni, zamanda iddia tələbinin “əmək müqavilələrinin etibarsız edilməsi ”nə dair hissəsini araşdıraraq hesab edir ki, iddia tələbi qeyd edilən hissədə də rədd edilməlidir. Belə ki, əmək müqavilələrinin etibarsız edilməsi üçün əmək qanunvericiliyində müəyyən edilmiş əsaslar mövcud olmadığından iddiaçının həmin tələbi təmin oluna bilməz. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 46-cı maddəsinin 4-cü bəndinin tələbinə görə Əmək müqaviləsi on beş yaşına çatmış fiziki şəxslərlə bağlanıla bilər. 15 yaşına çatmamış şəxslərlə bağlanılan əmək müqaviləsi etibarsız sayılır və belə müqaviləni bağlayan işəgötürən bu Məcəllənin 312-ci maddəsinə uyğun olaraq inzibati məsuliyyətə cəlb edilir. On beş yaşından on səkkiz yaşınadək olan şəxslərlə əmək müqaviləsi bağlanarkən onların valideynlərindən və ya övladlığa götürənlərdən (qəyyumlarından) birinin və yaxud qanunla onları əvəz edən şəxslərin yazılı razılığı alınmalıdır. Bu Məcəllənin 43-cü maddəsinin ikinci hissəsində nəzərdə tutulmuş şərtlərdən hər hansı biri göstərilmədən bağlanmış əmək müqaviləsi tərəflərdən birinin təşəbbüsü ilə etibarsız hesab edilə və ya yenidən tərtib edilməsi tələbi qoyula bilər. Həmin şərtin (şərtlərin) əmək müqaviləsində göstərilmədiyi aşkar olunduğu andan onlar işəgötürən tərəfindən əmək müqaviləsinə daxil edilməlidir. Bu halda tərəflərin arasında başqa razılıq olmamışdırsa, əmək müqaviləsi həmin şərtin (şərtlərin) daxil edildiyi tarixdən asılı olmayaraq bağlandığı və ya yazılı formada tərtib edildiyi gündən etibarlı hesab olunur. (46-cı maddə, 6-cı bənd ). Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1 maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir; 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur; 217.4. maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyi Peşə Təhsili üzrə Dövlət Agentliyinin 6 №-li Bakı Peşə Məktəbininə qarşı “əmək müqaviləsinin etibarsız hesab edilməsi və işə bərpa” tələbinə dair iddiası rədd edilməlidir. Qeyd olanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 119-cu və 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyi Peşə Təhsili üzrə Dövlət Agentliyinin 6 №-li Bakı Peşə Məktəbininə qarşı “əmək müqaviləsinin etibarsız hesab edilməsi və işə bərpa” tələbinə dair iddiası rədd edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Aytən Novruzova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar