Məhkəmə qərarları › İş №2(005)-4031/2022

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-4031/2022

22.11.2022 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-4031/2022 22.11.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Tağıyeva Nərgiz Nazim qızının sədrliyi, Əliyeva Nurlana Sahib qızının katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil, Cavabdeh2 MMC-nin nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh2 MMC və Cavabdeh2 MMC-nin Biləsuvar filialına qarşı əmrin ləğvi və işə bərpa tələbinə dair mülki işə məhkəmənin açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh2 MMC və Cavabdeh2 MMC-nin Biləsuvar filialına qarşı əmrin ləğvi və işə bərpa tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, MKT-Biləsuvar filialının onun işdən çıxarılmasına dair xx.xx.2022-ci il tarixli, 30/K saylı əmri ləğv edilməklə əvvəlki tərəzi operatoru vəzifəsinə bərpa edilməsi, məcburi işburaxma müddəti üçün əmək haqqının ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, 2017-ci ildən cavabdeh təşkilatda tərəzi operatoru vəzifəsində işləmiş, işlədiyi dövrdə işinin öhdəsindən layiqincə gəlmiş, heç bir xəbərdarlıq və töhmət almamışdır. 2021-ci ilin iyun ayında cavabdeh təşkilatın direktoru Q.Əliyev onu çağıraraq bildirmişdir ki, özünə məxsus taxıl məhsulu var, həmin məhsulu tərəzidə çəkməlidir. Zavodun giriş qapısından avtomobillər həyətə buraxıldıqdan sonra direktorun göstərişi ilə taxılı çəkmişdir. xx.xx.2022-ci il tarixdə direktor Q.Əliyev onu yanına çağırmış və bildirmişdir ki, işdən azaddır. Səbəb olaraq demişdir ki, keçən il onun taxılını çəkdiyinə görə şirkət onun işdən azad edilməsini tələb edir. Direktorun icrası ilə icra etdiyini bildirmiş, lakin bir az səbrli olmağı və işə bərpa ediləcəyi deyilmişdir. Sonradan məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.Cavabdeh tərəfindən inzibati tənbeh tədbirlərindən heç biri tətbiq edilmədən, yalnız işdən çıxarılma tətbiq olunmuşdur. Həmçinin cavabdeh təşkilat hadisə 2021-ci ildə olsa da 1 il sonra inzibati tənbeh tətbiq etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Vəkil izahatında bildirmişdir ki, iddiaçı tərəzi operatorudur və qeyri-qanuni olaraq işdən çıxarılmışdır. Qulamhüseyn müəllim iddiaçının işlədiyi filialın müdiridir və o, iddiaçıya malların çəkilməsi ilə bağlı göstəriş vermişdir. İddiaçı da müdiri olduğu üçün onun göstərişini yerinə yetirmişdir. Həmçinin hadisə bir il öncə olmuşdur və cavabdeh bir il sonra bunu bəhanə edərək, iddiaçını Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə işdən azad etmişdir. Bütün bunların səbəbkarı olan filial müdirinə isə töhmət verilmişdir. İşçinin heç bir günahı olmadan onun işdən qeyd edilən maddənin “ç” bəndi ilə azad edilməsi işçinin hüquqlarının pozulmasıdır. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 MMC-nin nümayəndəsi Nümayəndə iddia tələbinə etiraz edərək bildirmişdir ki, iddiaçının vəzifə səlahiyyəti çəkilmiş yüklərin uçotunu aparmaqdır. İddiaçı başqa şəxsin malını çəkmişdir. Araşdırma zamanı müəyyən edilmişdir ki, tərəzi arxasında Dilavər adlı şəxs də olmuşdur. İddiaçı buna da icazə verməməli idi. Həmin hadisədən bir il keçməsi heç nə ilə sübuta yetirilmir. İddiaçı filial müdirinin mallarını çəkmişdir və çəkilən malların uçotunu aparmamışdır. İddiaçıdan alınmış izahatda bütün bunları etiraf etmişdir. Bakıdan həmin filiala yoxlama göndərilmiş və bu hallar həmin yoxlama zamanı aşkar edilmişdir. Filial müdirinə töhmət verilmiş, iddiaçı isə işdən azad edilmişdir. Hadisələr mart ayında baş vermiş, əmr isə 5 may tarixində verilmişdir. İddiaçının yol verdiyi hərəkətlər vəzifə təlimatlarına uyğun olmadığı üçün qanuni olaraq işdən azad edilmişdir. Əmr ləğv edilərkən tərəfimizdən Əmək Məcələsinin tələblərinə riayət edilmişdir. Bu səbəbdən iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Digər Cavabdeh2 MMC-nin MKT-Biləsuvar filialı məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Mülki Prosessual Məcəllənin 185.5-ci maddəsinə əsasən işə digər Cavabdeh2 MMC-nin Biləsuvar filialının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəflərin izahatlarını iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia tələbinin dəlillərini və işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: İddiaçı adına olan əmək kitabçasının surətindən görünür ki, o, xx.xx.2017-ci il tarixdə xx.xx.2017-ci il tarixli, 95/K nömrəli əmr ilə Cavabdeh2 MMC-yə “operator (tərəzi üzrə)” vəzifəsinə təyin edilmiş və xx.xx.2022-ci il tarixdə xx.xx.2022-ci il tarixli, 30/K nömrəli əmr ilə AR Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən işdən azad edilmişdir; Tərəflər arasında imzalanmış xx.xx.2018-ci il tarixli vəzifə təlimatından görünür ki, tərəzi operatorunun vəzifələrinə çəkilmiş yüklərin uçotunun aparılması, rəhbərlik tərəfindən təyin edilmiş digər tapşırıqların icrası və s. aiddir; xx.xx.2020-ci il tarixli etibarnamənin surətindən görünür ki, Cavabdeh2 MMC-nin idarə heyətinin sədri tərəfindən MMC-nin “MKT-Biləsuvar” filialının direktoru Q.Əliyevə istehsalat əmrini imzalamaq, o cümlədən Əmək Məcəlləsinin “ç” bəndi ilə əmək müqaviləsini ləğv etmək səlahiyyəti verilmişdir. Etibarnamə xx.xx.2022-ci il tarixədək qüvvədədir; Cavabdeh2 MMC-nin Həmkarlar İttifaqı Komitəsinin Ümumi Yığıncağının 01/2022 nömrəli, xx.xx.2022-ci il tarixli protokolundan görünür ki, İddiaçı əmək müqaviləsinə AR Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilməsi qanunauyğun hesab edilmişdir; Cavabdeh2 MMC-nin “MKT-Biləsuvar” filialının xx.xx.2022-ci il tarixli, 30/K nömrəli əmrinin surətindən görünür ki, İddiaçı əmək müqaviləsinə xx.xx.2022-ci il tarixdən AR Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən (işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə) filialda baş vermiş neqativ hadisələrlə əlaqədar xitam verilməsi əmr edilmişdir; Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidməti Salyan regional ərazi şöbəsinin İddiaçı ünvanladığı xx.xx.2022-ci il tarixli məktubun surətindən görünür ki, əmək müqaviləsinə xitam verilərkən ƏM-in 71-ci maddəsinin və 187-ci maddəsinin 3-cü hissəsinin tələbləri pozulmuşdur. Göstərilən hüquq pozuntularına yol verdiyinə görə AR İXM-in 192.6-cı maddəsinə əsasən "xxxx" MMC-nin MKT Biləsuvar filialının direktoru X1 barəsində xx.xx.2022-ci il tarixli inzibati xəta haqqında protokol tərtib edilməklə, inzibati xəta haqqında iş üzrə icraata başlanmışdır. Müəssisəyə onunla bağlanmış əmək müqaviləsinə əmək qanunvericiliyinin tələbləri pozularaq xitam verilməsi ilə bağlı törədilən inzibati xətanın aradan qaldırılması üçün tövsiyə verilmişdir; İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, “MKT Biləsuvar” filialı xx.xx.2022-ci il tarixdə keçirilməsi nəzərdə tutulmuş ilkin mediasiya sessiyasında iştirak etməmişdir. İşin məhkəmə tərəfindən müəyyən olunmuş hallarından görünür ki, İddiaçı ilə Cavabdeh2 MMC arasında əmək müqaviləsi xx.xx.2017-ci il tarixdə bağlanmış və “tərəzi operatoru” vəzifəsinə işə əbul edilmişdir. Cavabdeh2 MMC-nin idarə heyətinin sədri tərəfindən MMC-nin “MKT-Biləsuvar” filialının direktoru Q.Əliyevə xx.xx.2020-ci il tarixli etibarnamə ilə istehsalat əmrini imzalamaq, o cümlədən Əmək Məcəlləsinin “ç” bəndi ilə əmək müqaviləsini ləğv etmək səlahiyyəti verilmişdir. xx.xx.2022-ci il tarixdə MMC-nin “MKT-Biləsuvar” filialının direktoru tərəfindən iddiaçının əmək müqaviləsi Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən (tərəzidə başqa məhsulların çəkilməsi və onların qeydə alınmaması səbəbindən) ləğv edilmişdir. İddiaçı həmin məhsulun direktorun göstərişi əsasında çəkildiyini və əmək müqaviləsi ləğv edilərkən intizam tənbehinin verilməsi müddətləri ilə bağlı qanunvericiliyin tələblərinin pozulduğunu əsas gətirərək əmrin ləğv edilməsi və məcburi işburaxma müddəti üçün əmək haqqının ödənilməsi tələbini irəli sürmüşdür. Azərbaycan Respublikası Konstitusiyasının 35-ci maddəsinə əsasən hər kəsin əməyə olan qabiliyyəti əsasında sərbəst surətdə özünə fəaliyyət növü, peşə, məşğuliyyət və iş yeri seçmək hüququ vardır. Hər kəsin təhlükəsiz və sağlam şəraitdə işləmək, heç bir ayrı-seçkilik qoyulmadan öz işinə görə dövlətin müəyyənləşdirdiyi minimum əmək haqqı miqdarından az olmayan haqq almaq hüququ vardır (35-ci maddənin İİ və Vİ hissələri). Konstitusiyanın 71-ci maddəsinin İ və İİ hissələrinə görə Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. Hər hansı ayrı-seçkilik olmadan əmək hüquqlarının həyata keçirilməsi beynəlxalq hüquqi aktlarda da aparıcı yer tutur. İnsan hüquqları haqqında Ümumi Bəyannamənin 23cü maddəsinin ikinci bəndində, İqtisadi, sosial və mədəni hüquqlar haqqında Beynəlxalq Paktın 7-ci maddəsində hər kəsin hər hansı ayrı-seçkilik olmadan bərabər əməyə görə bərabər haqq almaq hüququ təsbit olunmuşdur. Qeyd edilməlidir ki, əmək hüququ insanların digər konstitusiya hüquqlarının həyata keçirilməsinə təsir göstərə biləcək amillərdən biri olmaqla, insanın ləyaqəti və özünü cəmiyyətdə fərd kimi dərk etməsi üçün önəmlidir. Milli qanunvericilikdə fiziki şəxslərin əməyə olan qabiliyyətlərinin tətbiqi ilə bağlı yaranan əmək münasibətlərini tənzimləyən aparıcı normativ-hüquqi akt Əmək Məcəlləsidir. Bu Məcəllə fiziki şəxslərin əmək hüquqlarının və bu hüquqların həyata keçirilməsini təmin edən qaydaların minimum normalarını müəyyən edir. Azərbaycan Respublikasının Əmək Məcəlləsi işçi ilə əmək müqaviləsinin xitam verilməsi əsaslarını dəqiq tənzim etməklə, əmək qanunvericiliyinin tələblərinə zidd əmək müqaviləsinin xitam verilməsinin yolverilməz olduğunu əks etdirir. İlk növbədə qeyd olunmalıdır ki, intizam tənbehi, o cümlədən əmək müqaviləsinin ləğv edilməsi yalnız işçi ilə əmək müqaviləsi bağlamaq, onun şərtlərini dəyişdirmək və ona xitam vermək səlahiyyətinə malik olan işəgötürən tərəfindən verilə bilər. Müəssisənin nizamnaməsində (əsasnaməsində) başqa hal nəzərdə tutulmayıbsa, işəgötürən işçilərə intizam tənbehi vermək səlahiyyətini əmri (sərəncamı, qərarı) ilə özünün müavinlərindən birinə, müəssisədən kənarda yerləşən struktur bölməsinin rəhbərinə həvalə edə bilər. Həmin əmrdə (sərəncamda, qərarda) hansı səbəbə görə intizam tənbehi vermək səlahiyyətinin başqa vəzifəli şəxsə həvalə edildiyi əsaslandırılmalı və onun səlahiyyətinin dairəsi dəqiq müəyyən edilməlidir (Əmək Məcəlləsinin 188-ci maddəsi). Əmək Məcəlləsinin 76-cı maddəsinin 2-ci bəndinə uyğun olaraq bu Məcəllə ilə müəyyən edilmiş əmək müqaviləsinin ləğv edilməsi qaydalarına əməl olunmadan xitam verilə bilməz. İşəgötürən tərəfindən işçinin əmək müqaviləsinin ləğv edilməsi əsasları ƏM-in 70-ci maddəsində göstərilmişdir. Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən, işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər. Həmin Məcəllənin 71.3-cü maddəsinin tələbinə əsasən, işəgötürən bu Məcəllənin 70ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır. Göründüyü kimi, qanunverici işçinin əmək müqaviləsinin ləğv edilməsi zamanı işəgötürənin və ya onun qanunvericiliyə uyğun səlahiyyət verdiyi rəhbər şəxsin üzərinə mühüm vəzifələr qoymuşdur. ƏM-in 70-ci maddəsinin “ç” bəndinə əsasən əmək müqaviləsinin ləğv edilməsi üçün işəgötürən tərəfindən əmək qanunvericiliyi ilə müəyyən edilmiş ümumi şərtlərlə yanaşı, bir sıra xüsusi şərtlərə də əməl olunmalıdır. Hazırki iş üzrə əmək müqaviləsi ləğv edilərkən istinad edilən Əmək Məcəlləsinin 70ci maddəsinin “ç” bəndinə uyğun olaraq, işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə əmək müqaviləsi ləğv oluna bilər. Məhkəmə bununla bağlı qeyd edir ki, Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə yalnız ƏM-in 71-ci maddəsinin 2-ci hissəsində sadalanan hallarda yol verilir. ƏM-in 71-ci maddəsinin 2-ci hissəsi 70-ci maddənin “ç” bəndinə münasibətdə konkretləşdirici norma kimi çıxış etməklə əmək müqaviləsinin müvafiq əsasla ləğv edilməsi üçün xüsusi şərt nəzərdə tutmuşdur. Belə ki, işçinin sadəcə əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirməməsi özü-özlüyündə əmək müqaviləsinin ƏM-in 70-ci maddəsinin “ç” bəndi ilə ləğvinə əsas ola bilməz. Bunun üçün eyni zamanda işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olmalı və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olmalıdır (ƏM-in 71-ci maddəsinin 2-ci hissəsi). Hazırki işdə isə işəgötürən tərəfindən müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahənginin pozulduğu və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olduğu əsaslandırılmamış və buna dair məhkəməyə hər hansı sübut təqdim edilməmişdir. Belə ki, tərəflərin izahatına əsasən iddiaçı filialın direktorunun xahişi əsasında tərəzidə sonuncuya məxsus malı çəkmiş, lakin həmin malın uçotunu aparmamışdır. İşdən çıxarılarkən işçidən alınmış izahata əsasən başqa şəxsə məxsus məhsulun tərəzidə çəkilməsinin onun vəzifəsinə aid olmadığını, çəkilən həmin məhsulun qeydiyyatının aparılmadığını bildirmişdir. Məhkəmə qeyd edir ki, iddiaçının əmək funksiyasını yerinə yetirərkən rəhbərinin göstərişi əsasında tərəzidə çəkdiyi məhsulu qeydə almaması ilə bağlı səhv etmiş olsa belə (cavabdeh bir neçə dəfə təkrarlandığını bildirsə də buna dair heç bir sübut təqdim etməmişdir), qeyd edilən halın yuxarıda göstərilənlər nəzərə alınmaqla kobud səhv olaraq işəgötürənin və ya mülkiyyətçinin qanuni mənafeyinə ciddi xələl gətirən hal kimi qiymətləndirilərək əmək müqaviləsinin ƏM-in 70-ci maddəsinin “ç” bəndi ilə ləğv edilməsi iqtisadi baxımdan daha güclü olan işəgötürən tərəfindən təşkilati-sərəncamverici səlahiyyətlərdən və hüquqlardan sui-istifadə etmə hesab oluna bilər. Həmçinin qeyd olunmalıdır ki, işəgötürən mövcud vəziyyətdə yuxarıda göstərilən halları və iddiaçının şəxsiyyətini, kollektivdə nüfuzunu və digər amilləri nəzərə alaraq ona başqa intizam tənbehinin verilməsinin mümkünlüyünü müzakirə etmək hüququndan istifadə edə bilərdi. Belə ki, işçinin qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahənginin pozulması və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəyməsi tutarlı və mötəbər sübutlarla təsdiq olunmadan ona həmin Məcəllənin 186-cı maddəsində nəzərdə tutulan ən ağır inzibati tənbeh növlərindən biri olan “əmək müqaviləsini bu Məcəllənin 70-ci maddəsinin “ç” bəndi ilə ləğv etmək” kimi intizam tənbeh növünün verilməsi gələcəkdə işçinin eyni və ya digər sahələrdə əmək fəaliyyətini davam etdirməsi üçün ciddi əngəl yaradan amil kimi çıxış edir. Nəzərə alınmalıdır ki, işçi əmək hüquq münasibətlərində işəgötürənə nisbətən iqtisadi cəhətdən daha zəif tərəfdir. İşçinin əmək haqqı bir qayda olaraq onun və ailə üzvlərinin yaşaması üçün əsas gəlir mənbəyidir. İşəgötürən isə işçidən fərqli olaraq iqtisadi baxımdan daha güclü tərəf olmaqla, təşkilati-sərəncamverici səlahiyyətlərə malik olur (“Azərbaycan Respublikası Əmək Məcəlləsinin 239-cu maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 15 iyul 2011-ci il tarixli Qərarı). Bu səbəbdən məhkəmə tərəfindən işçi ilə işəgötürən arasında yaranmış əmək mübahisələrinə baxarkən ədalətli balans və tarazlığın qorunması və təmin edilməsi ədalətli məhkəmə araşdırması hüququnu təmin etməklə, ciddi əsaslar olmadığı halda gələcəkdə işçinin əmək fəaliyyətinə mane olacaq halların aradan qaldırılmasına yönəlməlidir. Əmək müqaviləsinin ləğv edilməsinin qanunazidd şəkildə aparılması Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidməti Salyan regional ərazi şöbəsinin İddiaçı ünvanladığı xx.xx.2022-ci il tarixli məktubunda da öz əksini tapmışdır. Belə ki, həmin məktuba əsasən əmək müqaviləsinə xitam verilərkən ƏM-in 71ci maddəsinin və 187-ci maddəsinin 3-cü hissəsinin tələbləri pozulduğundan filialın direktoru barəsində İXM-in 192.6-cı maddəsilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. İddia tələbinin qanuni əsaslarından biri kimi Əmək Məcəlləsinin 300-cü maddəsi çıxış edir. Bu maddənin 1-ci hissəsinə müvafiq olaraq, əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Həmin normada işçinin məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi üçün vacib şərtlər kimi: 1. İşəgötürənin əmək müqaviləsini bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş əsasları pozaraq ləğv etməsi; 2. Əmək Məcəlləsinin 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən əmək müqaviləsinin ləğv edilməsi; 3. Əmək Məcəlləsinin 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam verməsi çıxış edir. İş materiallarından göründüyü kimi, cavabdeh iddiaçının əmək müqaviləsini ləğv edərkən Əmək Məcəlləsinin 71-ci maddəsinin tələblərinə əməl etməmiş, əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini, işin, istehsalın, əmək və icra intizamının normal ahənginin pozulduğunu və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hansı formada ziyan dəymiş olduğunu əsaslandırmamış, işçinin əmək funksiyasını yerinə yetirmədiyinə görə əmək müqaviləsinə ƏM-in 70-ci maddəsinin “ç” bəndi ilə xitam verildiyini qeyd etməklə kifayətlənmiş, bununla da işçinin əmək hüquqlarının pozulmasına səbəb olmuşdur. İddiaçının müvafiq hadisənin 2021-ci ildə baş verməsinə baxmayaraq 1 il sonra barəsində inzibati tənbeh tətbiq edilməsinin qanunvericiliklə yolverilməzliyi ilə bağlı dəlilinə münasibətdə məhkəmə qeyd edir ki, Əmək Məcəlləsinin 187-ci maddəsinin 2 və 3-cü hissələrinə görə intizam tənbehi, işçi tərəfindən əmək və ya icra intizamının pozulduğu aşkar edildiyi gündən bir ay keçənədək verilə bilər. İşçinin xəstə olduğu, yaxud məzuniyyətdə, ezamiyyətdə olduğu vaxt həmin müddətə daxil edilmir. İntizam xətasının törədildiyi gündən altı ay keçdikdən sonra işçiyə intizam tənbehi verilə bilməz. Müəssisənin maliyyə-təsərrüfat fəaliyyətinin auditinin (yoxlanılmasının, təftiş aparılmasının) nəticələri ilə aşkar edilmiş vəzifə hüquqpozması ilə bağlı intizam xətalarına görə isə işçiyə həmin xətalar törədildiyi gündən iki il keçdikdən sonra intizam tənbehi verilə bilməz. Hazırki iş üzrə cavabdeh həmin hadisənin bir neçə dəfə təkrarlandığını, sonuncu hadisənin bu ilin mart ayında baş verdiyini bildirsə də, buna dair hər hansı bir sübut təqdim etməmiş, eləcə də işçidən alınmış izahatda, əmək müqaviləsinə xitam verilməsinə dair əmrdə, digər sənədlərdə hadisənin nə vaxt baş verməsi barədə qeydlər aparılmamışdır. Nəzərə alınmalıdır ki, işçi-işəgötürən münasibətlərində sübutların əksəriyyəti işəgötürəndə olduğundan müvafiq halı sübut etmək vəzifəsi də onun üzərinə düşür. Mülki Prosessual Məcəllənin 106.1-ci maddəsinə görə isə işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Beləliklə, cavabdeh etirazının əsası kimi istinad etdiyi halları sübut edə bilməmişdir. Əmək müqaviləsinə xitam verilərkən cavabdeh tərəfindən Əmək Məcəlləsinin 187.3cü maddəsinin tələblərinin pozulması X3 tərəfindən aparılan araşdırma zamanı da müəyyən edilmiş və müvafiq pozuntuya görə filialın direktoru barəsində xx.xx.2022-ci il tarixli inzibati xəta haqqında protokol tərtib edilmişdir. Qeyd edilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbinin faktiki əsası tələbin qanuni əsasının şərtlərinə uyğun olduğundan, yəni dispozisiya əlamətləri ilə uzlaşdığından Cavabdeh2 MMC ilə İddiaçı arasında bağlanmış əmək müqaviləsinin Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən ləğv edilməsi barədə xx.xx.2022-ci il tarixli əmr qanunsuz hesab edilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun N.Məmmədovanın şikayəti üzrə 31 yanvar 2006-cı il tarixli Qərarına görə, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. Mülki Prosessual Məcəllənin 14.2 və 77.1-ci maddələrinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məcəllənin 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləlikə, məhkəmə yuxarıda qeyd edilənlərə əsasən hesab edir ki, iddia təmin edilməli, Cavabdeh2 MMC ilə İddiaçı arasında bağlanmış əmək müqaviləsinin Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə ləğv edilməsi barədə xx.xx.2022-ci il tarixli, 30/K nömrəli əmr ləğv edilməli, İddiaçı xx.xx.2017-ci il tarixli əmək müqaviləsinə əsasən əvvəllər tutduğu Cavabdeh2 MMC-də “tərəzi operatoru” vəzifəsinə bərpa edilməli, xx.xx.2022-ci il tarixindən hesablanmaqla işə bərpa olunduğu günədək məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh2 MMC ilə İddiaçı arasında bağlanmış əmək müqaviləsinin Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə ləğv edilməsi barədə Cavabdeh2 MMC-nin “MKT-Biləsuvar” filialının xx.xx.2022-ci il tarixli, 30/K nömrəli əmri ləğv edilsin. İddiaçı xx.xx.2017-ci il tarixli əmək müqaviləsinə əsasən əvvəllər tutduğu Cavabdeh2 MMC-də “tərəzi operatoru” vəzifəsinə bərpa edilsin və ona xx.xx.2022-ci il tarixindən hesablanmaqla işə bərpa olunduğu günədək məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nərgiz Tağıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar