Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-4036/2021 21.10.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Gültəkin Akif qızının sədrliyi, Məhkəmə iclas katibi X1, İddiaçı2 və İddiaçı1 nümayəndəsi və vəkili Vəkil oglunun Cavabdeh4 iştirakı ilə, İddiaçı2 və İddiaçı1 cavabdehlər Əliyev Abdul-Lətif Mustafa oğluna, Cavabdeh1 Abdul-Lətif oğluna, Cavabdeh4, Cavabdeh5, Cavabdeh2 qarşı “mənzilə köçürmə və istifadə hüququnun tanınması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı2 və İddiaçı1 cavabdehlər Əliyev Abdul-Lətif Mustafa oğluna, Cavabdeh1 Abdul-Lətif oğluna, Cavabdeh4, Cavabdeh5, Cavabdeh2 qarşı “mənzilə köçürmə və istifadə hüququnun tanınması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı2 və İddiaçı1 azyaşlı uşaqları Əliyev Süleymanla birlikdə Bakı şəhəri, Nərimanov rayonu, M.Arif küçəsində yerləşən 27 saylı fərdi yaşayış evinin 111 saylı mənzilinə köçürülməsi və İddiaçı1 həmin evdə yaşayış sahəsinə istifadə hüququnun tanınması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı2 və İddiaçı1 iddia ərizəsini onunla əsaslandırmışdır ki, o, İddiaçı2 digər İddiaçı1 04 dekabr 2012-ci ildə rəsmi nikaha daxil olmuş və birgə nikahdan - 04 noyabr 2013-cü ildə bir oğlu Süleyman anadan olmuşdur. Cavabdeh3 onun atasıdır. Mübahisəli ev atasının mülkiyyətindədir. O, valideynləri və bacı və qardaşları həmin evdə yaşayıb, boya-başa çatmışdır. İddiaçı1 ilə nikah münasibətinə daxil olduqdan sonra valideynlərinin razılığı ilə həyat yoldaşını da həmin evə köçürmüş və orada digər ailə üzvləri ilə birgə yaşamışlar. Lakin bir müddətdən sonra ona və həyat yoldaşı İddiaçı1 qarşı cavabdehlərin münasibətləri dəyişmiş və nəticə etibarilə onları evdən çıxmağa məcbur etmişlər. Həmin vaxtdan etibarən o- həyat yoldaşı İddiaçı1 və oğlu Süleymanla birlikdə müxtəlif ünvanlarda kirayə etdikləri mənzillərdə yaşamağa məcbur olmuş, bu da onlar üçün maddi cəhətdən çətinlik yaratmışdır. Onu da məxsusi qeyd etmişdir ki, onlar İddiaçı1 ilə ailə qurduqdan sonra evin mülkiyyətçisi olan atası Cavabdeh3, o cümlədən mərhum anasının razılığı ilə heç bir qeyd-şərt olmadan mübahisəli evə köçürülmüş və orada da yuxarıda qeyd etdiyi kimi bir müddət yaşamışlar. Evin mülkiyyətçi olan atası hal-hazırda da onların ona məxsus olan evdə yaşamağına etiraz etmir, lakin o, yaşlı və hazırda xəstə vəziyyətdə olan bir adamdır. Odur ki, digər ailə üzvləri, xüsusən də qardaşları buna imkan vermirlər. Xüsusi mülkiyyətdə olan ev beş otaqdan ibarət olub, ümumi sahəsi 372 kvm edir. 01 oktyabr 2009-cu il tarixdən etibarən qüvvədə olan Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 30-cu maddəsi mülkiyyətçiyə məxsus yaşayış sahəsində onunla birlikdə yaşayan şəxslərin hüquq və vəzifələrini müəyyən edir. İstər o, istərsə də, həyat yoldaşı İddiaçı1 evin mülkiyyətçisi olan atası Cavabdeh3 ilə birlikdə yaşayış sahəsinin istifadəsindən irəli gələn öhdəlikləri həmin evdə birgə yaşadığı müddətdə yerinə yetirmişlər. Belə ki, istər kommunal xərclərin, istərsə də, digər zəruri xərclərin ödənilməsində iştirak etmişlər. Bu gün həyat yoldaşı İddiaçı1 həmin evə buraxılmasa da, demək olar ki, hər gün şəxsən atası Cavabdeh3 orada baş çəkir və ona zəruri qayğıları göstərməyə çalışır. Çünki, atası yaşlı və xəstədir, anası isə vəfat etmişdir. Şərh olunanlara əsasən hesab edir ki, azyaşlı uşaqları ilə birlikdə həmin evə köçürülməklə, həmçinin İddiaçı1 yaşayış sahəsinə istifadə hüququ məhkəmə qaydasında tanınmalıdır. İddiaçı2 və İddiaçı1 nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında iddianı müdafiə edərək təmin olunmasını xahiş etmişdir. Cavabdeh4 məhkəmə iclasında iddia tələbinin əsassız olduğunu bildirərək iddianın rədd edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə digər cavabdehlər Əliyev Abdul-Lətif Mustafa oğluna, Cavabdeh1 Abdul-Lətif oğluna, Cavabdeh5 və Cavabdeh2 qanunla müəyyən olunmuş qaydada məlumat verilsə də, heç bir səbəb göstərmədən məhkəmə iclasına gəlməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddələrinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını nəzərdən keçirib hesab edir ki, iddia qismən təmin olunmalıdır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki: 38 saylı MKİS-in 12.07.2021-ci il tarixlin 38/208 №-li arayışından görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, M.Arif küçəsində yerləşən 27 saylı fərdi yaşayış evinin 111 saylı mənzildə Əliyev Abdul-Lətif Mustafa oğlu, Cavabdeh1 Abdul-Lətif oğlu, Cavabdeh4, Cavabdeh5, Cavabdeh2, İddiaçı2, X6, X7, X3, X12, X13 daimi qeydiyyatdadırlar. Bakı şəhəri Nərimanov rayon VVADQ şöbəsi tərəfindən verilmiş verilmiş, AZ-İİ 141965 nömrəli nikah haqqında şəhadətnamədən görünür ki, İddiaçı2 ilə X4 04.12.2012-ci il tarixdə 1015 nömrəli akt qeydi ilə rəsmi nikah bağlamışlar. Bakı şəhəri Nərimanov Rayon Qeydiyyat Şöbəsi tərəfindən 07.001.2014-cü il tarixdə verilmiş 238432 nömrəli doğum haqqında arayışın surətindən görünür ki, X5 04.11.2013-cü il tarixdə Bakı şəhərində anadan olmuşdur. Bu barədə 08.01.2014-cü il tarixdə Bakı şəhəri Nərimanov Rayon Qeydiyyat Şöbəsində 08 nömrəli doğum haqqında akt qeydi tərtib olunmuşdur. Atası İddiaçı2, anası İddiaçı1 qeyd edilmişdir; Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin 31.08.2021-ci il tarixli, **********90 №-li məktubdan görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, Məmməd Arif küçəsi, ev 27, 111 saylı mənzilinin xüsusi mülkiyyət kimi qeydiyyatdan keçib-keçməməsi barədə məlumat və keçməzsə çıxarışın surətinin təqdim edilməsi ilə bağlı müraciətinə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsində baxılmışdır. Bununla əlaqədar bildirilmişdir ki, Bakı şəhəri, Nərimanov rayonu, Məmməd Arif küçəsi, ev 27, 111 saylı mənzilin dövlət reyestrində qeydiyyatdan keçməsi ilə bağlı məlumat aşkar edilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən verilmiş 384048 nömrəli çıxarışın təsdiq edilmiş surətindən görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, M.Arif küçəsində yerləşən 27 saylı fərdi yaşayış evinin 111 saylı mənzil tam mülkiyyət hüququ üzrə Əliyev Əbdül-Lətif Mustafa oğlunun adına daşınmaz əmlakın dövlət reyestrində 566 nömrəli reyestr kitabının 53249 nömrəli vərəqində 23.08.2021-ci il tarixdə qeydiyyata alınmışdır; Bakı şəhəri, Nərimanov rayonu, M.Arif küçəsində yerləşən 27 saylı fərdi yaşayış evində yaşayan Cavabdeh5 Abdul qızı tərəfindən 04.12.2001-ci il tarixdə verilmiş ərizədən görünür ki, yaşadığı mənzilin atasının adına keçirilməsinə etiraz etmir. Bakı şəhəri, Nərimanov rayonu, M.Arif küçəsində yerləşən 27 saylı fərdi yaşayış evində yaşayan Cavabdeh5 Abdul qızı, Cavabdeh3, X2, Cavabdeh1, İddiaçı2 Abdullətif oğlu, Cavabdeh4 Abdullətif oğlu tərəfindən 04.12.2001-ci il tarixdə verilmiş ərizələrdən görünür ki, yaşadığı mənzilin atasının, Cavabdeh2 Süleyman qızı isə həyat yoldaşının adına keçirilməsinə etiraz etmir. Məhkəmə ilk növbədə iddia tələbinin “İddiaçı2 Bakı şəhəri, Nərimanov rayonu, M.Arif küçəsində yerləşən 27 saylı fərdi yaşayış evinin 111 saylı mənzilinə köçürülməsi” hissəsinə qiymət verərək aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinə əsasən heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 27 iyul 2001-ci il tarixli Qərarına əsasən 2001-ci il sentyabrın 1-dən sonra yaşayış evindən (mənzildən) istifadə edilməsi ilə əlaqədar yaranan hüquq münasibətləri ilə bağlı mübahisələr Mülki Məcəllənin 228.1-ci və 228.2-ci maddələrinin qaydalarına uyğun, bu tarixədək yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr isə Mənzil Məcəlləsinin 123-cü maddəsinin qaydalarına uyğun həll edilməlidir. Tərəflər arasında mübahisəli hüquq münasibətlərinin yarandığı vaxt qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəlləsinin: 53-cü maddəsinin 3-cü bəndinə əsasən icarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər. 123-cü maddəsinə əsasən yaşayış evi mülkiyyətçisinin özünə məxsus olan evə köçürdüyü ailə üzvləri onların köçməsi zamanı başqa qeyd-şərt göstərilməmişsə, evdə yaşayış sahəsindən onunla bərabər istifadə etmək ixtiyarına malikdirlər. Bu Məcəllənin 53-cü maddəsində göstərilən şəxslər mülkiyyətçinin ailə üzvləri sayılırlar. Ailə üzvləri mülkiyyətçi tərəfindən onlara verilən yaşayış sahəsinə öz həddi-büluğa çatmamış uşaqlarını köçürmək ixtiyarına malikdirlər; digər ailə üzvlərinin köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış sahəsindən istifadə hüququ yaşayış evinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında Azərbaycan Respublikası Qanununun: 2-ci maddəsinə əsasən şəxsin yaşayış yeri - tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, qoca və əlil evləri , sağlamlıq imkanları məhdud uşaqlar üçün internat evləri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür. On dörd yaşı olmayan yetkinlik yaşına çatmayanların və ya qəyyumluq altında olan şəxslərin yaşayış yeri onların qanuni nümayəndələrinin - müvafiq olaraq valideynlərinin, övladlığa götürənlərin və ya qəyyumların yaşayış yeri sayılır; 3-cü maddəsinin birinci hissəsinə əsasən Azərbaycan Respublikası vətəndaşı barədə yaşayiş yeri yalnız Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi ilə müəyyən edilir. Göründüyü kimi, İddiaçı2 cavabdeh Əliyev Abdul-Lətif Mustafa oğlunun ogludur, o, 2005-ci ildən mübahisəli mübahisəli mənzilə qeydiyyata alınmış və ailə qurana kimi daimi olaraq orada yaşamışdır. Odur ki, iddiaçı mənzilin mülkiyyətçisinin ailə üzvü hesab edilməklə yaşayış sahəsindən irəli gələn bütün hüquqlara malik olmuş, mənzilə daimi qeydiyyata düşməklə yaşayış sahəsindən mənzildə yaşayan digər şəxslərlə bərabər surətdə istifadə etmək hüququ əldə etmişdir. İddiaçı mübahisəli mənzilə istifadə hüquqları yaranmış və bu hüquq qanunvericiliyə əsasən ailə münasibətlərinə xitam verildiyi halda saxlanıldığından, onun qeydiyyatda olduğu mənzilə köçürülməsinə dair tələbi əsaslıdır. Məhkəmə iddia tələbinin “İddiaçı1 azyaşlı uşaqları Əliyev Süleymanla birlikdə Bakı şəhəri, Nərimanov rayonu, M.Arif küçəsində yerləşən 27 saylı fərdi yaşayış evinin 111 saylı mənzilinə köçürülməsi və İddiaçı1 həmin evdən istifadə hüququnun tanınması”hissəsi ilə bağlı aşagıdakıları qeyd edir: Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin: 30.1-ci maddəsinə əsasən yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvad (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər; 30.2-ci maddəsinə əsasən əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə və onun saxlanmasını təmin etməyə borcludurlar. 30.4. Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 27 may 2008-ci il tarixli qərarında qeyd edilmişdir ki, mülkiyyətçi ilə birgə yaşayan ailə üzvlərinin yaşayış binasının tərkib hissəsindən onunla bərabər istifadə hüququ mülkiyyətçi ilə bağlanan müqavilədən deyil, yalnız onunla etibarlı ailə əlaqələri əsasında yaranır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 16 dekabr 2014-cü il tarixli qərarında qeyd edilmişdir ki, İstifadə hüququ öz-özlüyündə konkret hüququn əşya və yaxud öhdəlik hüququna aid edilməsini müəyyənləşdirmir. Hüquqi mahiyyəti baxımından bir-birindən çox fərqli olmalarına baxmayaraq, belə hüquqların ortaq cəhəti ondan ibarətdir ki, “istifadə” sözünün işlədilməsi yalnız əşyadan öz sahibinin istifadə etmək səlahiyyətini təmin edir. Lakin bu hüquqların məzmunundan görünür ki, onlardan hər birinin əşyadan istifadə etmək imkanını təmin etməsi şərtləri, istifadənin həcmi, istifadənin hüquqi baxımdan yaranması və ona xitam verilməsi ilə bağlı qayda və şərtlər, başqa sözlə istifadə səlahiyyətinin hüquqi rejimi bir-birindən fərqlidir. Buna görə, bu hüquqlar öz sahiblərinin əşyadan istifadə etmək səlahiyyətlərini təmin etsələr də, bu imkanı təmin edən əmlak hüquqlarının heç birini “istifadə hüququ” adlandırmaq olmaz. Əks halda əmlak hüquqlarının adlarının əsas funksiyası olan fərqləndirmə və müəyyən etmə xüsusiyyəti aradan qalxmış olar. Belə olan halda isə hansı hüququn nəzərdə tutulduğunu müəyyən etmək mümkün olmaz. Nəticə etibarilə, mülki qanunvericilikdə “istifadə hüququ” ifadəsi əmlak hüquqlarının hər hansı bir növünü deyil, müəyyən bir hüququn həyata keçirilmə şəklini (formasını) ifadə edir. Buna müvafiq olaraq qeyd edilməlidir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci maddələrində nəzərdə tutulan yaşayış binasının tərkib hissəsindən “istifadə hüququ”nun mahiyyəti və həcmi Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.2-ci maddəsində nəzərdə tutulan yaşayış sahəsindən “istifadə etmək hüququ”nun mahiyyəti və həcmindən fərqlidir. Hər iki Məcəllədə yaşayış sahəsindən istifadə etmək imkanı nəzərdə tutulsa da, bu istifadəni təmin edən hüquqi əsaslar fərqlidir. Həmçinin qərarda qeyd olunmuşdur ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsində yaşayış binasının tərkib hissəsindən istifadə imkanını təmin edən əmlak hüququ yalnız notariat qaydasında təsdiq olunan müqavilə əsasında daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmaqla yarandığına və istənilən şəxsdən bu hüququn pozulmasının aradan qaldırılmasını tələb etmək səlahiyyətini təmin etdiyinə görə, bu hüquq mahiyyətcə məhdud əşya hüququdur. Bundan fərqli olaraq, yaşayış sahəsi mülkiyyətçisinin hüquqlarının məhdudlaşdırılmasının digər əsaslarından biri kimi Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrində göstərilən ailə münasibətləri əşya hüquqlarına aid edilə bilməz. Belə ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30-cu maddəsində göstərilən şəxslərin yaşayış sahəsindən istifadə edə bilmələrinə hüquqi əsas yaşayış sahəsinin mülkiyyətçisi ilə bağlanan müqavilələr və onlara əsasən həyata keçirilən mülki hüquqi əməliyyatlar sayəsində əldə edilən hüquqlar deyil, məhz yaşayış sahəsinin mülkiyyətçisi ilə olan ailə münasibətləri sayəsində yaranan hüququn həyata keçirilməsidir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.2-ci maddəsində yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvünün “yaşayış sahəsindən istifadə etmək hüququ” ifadəsi ilə yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətləri əsasında yaranmış, yəni ailə hüququ sahəsinə aid olan hüququn (haqqın) həyata keçirilməsi şəkli (forması) nəzərdə tutulmuşdur. Bu hüquq, ailə qanunvericiliyinin ailənin möhkəmləndirilməsi və etibarlı ailə münasibətlərinin təmin edilməsi ilə bağlı ümumi məqsədindən irəli gələn hüquq olmaqla, yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinin hüquqlarının sosial təminatı kimi çıxış edir. Bu hüququn yaranması ailə münasibətlərinin mövcudluğu ilə şərtləndiyindən, xüsusi hüquq sahəsinə aid edildiyinə baxmayaraq, onun cəmiyyətin normal mövcudluğu üçün vacib olan ailə, valideyn və uşaq institutlarını qoruyan publik hüquq komponentləri də mövcuddur. Beləliklə, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30-cu maddəsində mülkiyyətçiyə məxsus yaşayış sahəsindən onun ailə üzvünün istifadə etməsinə əsas verən hüququn yaranması və xitamı mülki qanunvericiliyin deyil, ailə qanunvericiliyinin müvafiq normaları ilə tənzimlənir. Buna görə də həmin hüququn yaranması və həyata keçirilməsi üçün notariat qaydasında müqavilənin bağlanması və onun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması zəruridir. Akimovanın Azərbaycana qarşı işində “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinin pozuntusunu müəyyən edən Avropa Məhkəməsi qeyd etmişdir ki, 1 saylı Protokolun 1-ci maddəsinin birinci hissəsindəki «mülkiyyət» anlayışı fiziki mallar üzərində mülkiyyətlə məhdudlaşmayan müstəqil mənaya malikdir və daxili qanunvericilikdəki formal təsnifatdan asılı olmamaqla əmlakı təşkil edən bəzi digər hüquqlar və maraqlar da «mülkiyyət» kimi qiymətləndirilə bilər. Avropa Məhkəməsi istinad edilən işində bir daha xatırlatmışdır ki, mülkiyyət hüququnu təmin edən 1 saylı Protokolun 1-ci maddəsi üç müxtəlif qaydanı ehtiva edir: birinci abzasın birinci cümləsində təsbit olunan birinci qayda ümumi xarakterlidir və mülkiyyətdən maneəsiz istifadə prinsipini bəyan edir; birinci abzasın ikinci cümləsində təsbit olunan ikinci qayda mülkiyyətdən məhrum edilməni əhatə edir və onu müəyyən şərtlərdən asılı edir; ikinci abzasda bəyan edilən üçüncü qayda təsdiq edir ki, Razılığa gələn Yüksək Tərəflər ümumi maraqlara müvafiq olaraq digər tədbirlərlə yanaşı, mülkiyyətdən istifadəyə nəzarəti həyata keçirmək hüququna malikdirlər. İkinci və üçüncü qaydalar mülkiyyətdən maneəsiz istifadə hüququna müdaxilə misalları ilə bağlı olduğundan, birinci qaydada bəyan edilən ümumi prinsip baxımından şərh edilməlidir. “Loizidu Türkiyəyə qarşı” iş üzrə Avropa İnsan Hüquqları məhkəməsinin qərarında göstərilir ki, şəxsin öz mülkiyyətinə daxil olmaq imkanından məhrum edilməsi nəticəsində onun mülkiyyəti üzərində nəzarəti və həmçinin mülkiyyətindən maneəsiz istifadə etmək imkanını tamamilə itirməsi mülkiyyətçinin ona məxsus əmlakına mülkiyyət hüququnun, bununla da “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinin tələblərinin pozulması baş vermişdir. “Marks Belçikaya qarşı” işdə İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, əmlakdan maneəsiz istifadə hüququ mahiyyət etibarilə mülkiyyət hüququna təminat verir. “Mançini İtaliyaya qarşı” işdə Avropa Məhkəməsi qeyd etmişdir ki, şəxsin müəyyən müddət öz mülkiyyətindən istifadə edə bilməməsi, onun öz əmlakından maneəsiz istifadə etməsinə müdaxilədir. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun: 1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar; 2-ci maddəsinə əsasən on dörd yaşı olmayan yetkinlik yaşına çatmayanların və ya qəyyumluq altında olan şəxslərin yaşayış yeri onların qanuni nümayəndələrinin-müvafiq olaraq valideynlərinin, övladlığa götürənlərin və ya qəyyumların yaşayış yeri sayılır. Məhkəmə baxışında tədqiq edilmiş sübutlarla müəyyən edilmişdir ki, Bakı şəhəri, Nərimanov rayonu, Məmməd Arif küçəsi 27., 111 saylı fərdi yaşayış evi İddiaçı2 atası, həmçinin iş üzrə cavabdeh Əliyev Əbdül-Lətif Mustafa oğlunun mülkiyyətindədir. İddiaçı1 İddiaçı2 ilə nikaha girdikdən sonra həmin evə gəlin köçmüş, çox az müddət (3-4 ay) orada yaşamış, sonradan cavabdehlərlə münasibətləri korlandığından evdən çıxmağa məcbur qalmışlar. Hazırda İddiaçı1 mənzildən istifadə hüququnun tanınması və köçürülməyə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə İddiaçı1 münasibətdə bağlı qeyd edir ki, işin hallarından və tərəflərin verdikləri izahatlarından da göründüyü kimi, İddiaçı1 gəlin olaraq həmin mənzilə mülkiyyətçinin, yəni iddiaçının atasının razılığı ilə köçmüş, orada yaşamışdır. Göründüyü kimi, bu hal cavabdehin şəxsin həmin mənzilə istifadə hüququnun tanınması və onun həmin evə köçürülməsinə heç bir halda əsas ola bilməz. Eyni zamanda, iddiaçı şəxs həmin mübahisəli evə istifadə hüququnun yaranmasını yalnız ora gəlin köçüb, orada yaşaması ilə əlaqələndirmişdir ki, bu hal qanunla nəzərdə tutulmuş qaydada istifadə hüququnun yaranmasına əsas olan mülkiyyətçi ilə notarial formada bağlanılmış razılaşmanı əvəz edə bilməz və bu fakt notarial razılaşma kimi kimi qiymətləndirilə bilməz. Bu hal qanunvericiliyin tələblərinə ziddir.Ona görə də İddiaçı1 azyaşlı uşagı Əliyev Süleymanla birlikdə Bakı şəhəri, Nərimanov rayonu, M.Arif küçəsi 27, 111 saylı fərdi yaşayış evinə köçürülmə və istifadə hüququnun tanınması tələbi rədd edilməlidir. Beləliklə, məhkəmədə iş üzrə mövcud sübutların tədqiq edilməsi və qanunvericilik normalarının təhlil edilməsi əsasında məhkəmə hesab edir ki,iddia qismən təmin olunmalı, İddiaçı2 Bakı şəhəri, Nərimanov rayonu, M.Arif küçəsi 27, 111 saylı fərdi yaşayış evinə köçürülməli, qalan hissədə iddia rədd olunmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220ci və 227-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. İddiaçı2 Bakı şəhəri, Nərimanov rayonu, Məmməd Arif küçəsi 27., 111 saylı fərdi yaşayış evinə köçürülsün. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Gültəkin Əsədova
Məhkəmə qərarları › İş №2(005)-4036/2021
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-4036/2021
21.10.2021 · Mənzil mübahisələri - Mənzilə köçürmə - Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver