Məhkəmə qərarları › İş №2(005)-4065/2021

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-4065/2021

15.09.2021 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-4065/2021 15.09.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Gültəkin Akif qızının sədrliyi, İbrahimova Ramilə Namiq qızının katibliyi, İddiaçı nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdeh Mənzil-Tikinti Kooperativinə qarşı “sənədlərin verilməsi barədə öhdəliyin qoyulması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh Mənzil-Tikinti Kooperativinə qarşı “sənədlərin verilməsi barədə öhdəliyin qoyulması” tələbinə dair iddia ərizəsi ilə 30 iyul 2021-ci il tarixdə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə müraciət edərək, ünvan 1 ünvanında olan yüksək mərtəbəli binanın 4-cü mərtəbəsində yerləşən 2 otaqlı, ümumi sahəsi 84,3 kv.metr olan 8 nömrəli mənzillə bağlı mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması (çıxarışın verilməsi) üçün tələb olunan 30 may 2005-ci il tarixli müqaviləni, maliyyə arayışlarını və mənzil tikinti kooperativinin ümumi yığıncağının təsdiq olunmuş protokolunun verilməsi öhdəliyinin Cavabdeh Mənzil-Tikinti Kooperativinin üzərinə qoyulmasına dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Cavabdeh Mənzil-Tikinti Kooperativi ilə İddiaçı arasında bağlanmış 30 may 2005-ci il tarixli müqaviləyə əsasən ünvan 1 ünvanında olan yüksək mərtəbəli binanın 4-cü mərtəbəsində yerləşən 2 otaqlı, ümumi sahəsi 84,3 kv.metr olan 8 nömrəli mənzil onun tərəfindən satın alınmışdır. Cavabdeh Mənzil-Tikinti Kooperativi tərəfindən ona təqdim olunmuş maliyyə arayışlarına əsasən o, ümumi sahəsi 84,3 kv.metr olan mənzilin pay dəyərini tam ödəmişdir. Lakin kooperativ öz öhdəliklərinin bir hissəsini yerinə yetirməkdən imtina edir. Müqavilənin 3.1-ci bəndinə əsasən, tikinti başa çatdıqdan sonra müqavilə şərtlərinə uyğun olaraq yeni tikilmiş binada müqavilənin 1.2-ci bəndində göstərilən mənzil “Payçıya” təhvil verməyi kooperativ öhdəsinə götürür. Kooperativ de-fakto mənzili təhvil versə də, de-yure onun sənədləşməsi ilə bağlı öz üzərinə dşən öhdəlikləri yerinə yetirmir. Belə ki, mənzilə dair mülkiyyət hüquqlarını qeydiyyatdan keçirmək üçün qeydiyyat orqanına 30.05.2005-ci il tarixli müqaviləni, maliyyə arayılarını və mənzil tikinti kooperativinin ümumi yığıncağının təsdiq olunmuş protokolları təqdim edilməlidir. Adı çəkilən müqavilə və maliyyə arayışları da kooperativ tərəfindən təsdiq olunmalıdır. Lakin kooperativin idarəçiliyində iştirak edən şəxslərə müraciət etdikdə, onlar rədd cavabı vermişdirlər. 31 may 2021-ci il tarixdə kooperativə poçt vasitəsilə müraciət etsə də, iddiaçının müraciətinə münasibət bildirilməmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi X1 iddia ərizəsinin məzmununa uyğun izahat verərək, onun təmin edilməsi barədə müvafiq qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş Cavabdeh Mənzil-Tikinti Kooperativi məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və səbəbləri barədə də məhkəməyə məlumat verməmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia tələbinin dəlillərini, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi təmin edilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki: Cavabdeh” Mənzil-Tikinti Kooperativi ilə İddiaçı-payçı arasında bağlanmış 30 may 2005-ci il tarixli müqavilənin surətindən və məzmunundan görünür ki, müqavilənin predmetini kooperativə ayrılmış Bakı şəhəri, Nəsimi rayonu, Mərdanov qardaşları, S.Vurğun küçəsi, 410 saylı məhəllədə mənzil-tikinti kooperativinin üzvlərinin vəsaiti hesabına inşa ediləcək 3-cü yaşayış binasının 8 nömrəli mənzili təşkil edir (1.1-ci maddə). Kooperativ yuxarıda qeyd olunan ünvanda yaşayış binasını inşa etməyi öhdəsinə götürmüşdür (1.1; 3.1-ci maddələr). Mənzilin tikinti və hesablaşma sahəsi 84,3 kv.metrdir (1.2-ci maddə). Payçı mənzili qəbul etməyi və mənzilin müəyyən edilmiş dəyərini tam ödəməyi öhdəsinə götürmüşdür (3.2, 5.6-cı maddələr);Təhvil veriləcək 2 otaqlı mənzilin ümumi sahəsinin ölçüsü layihə üzrə 84,3 kv.m. təşkil edir, bu sahənin ümumi dəyəri 59010 (əlli doqquz min on) ABŞ dolları məbləğində müəyyən edilir və hər 1 kv. metrinə 700(yeddi yüz) ABŞ dolları qiymət layihə smeta sənədlərinə əsasən tərəflərin razılığı ilə təyin edilir (5.1-ci maddə). Cavabdeh Mənzil-Tikinti Kooperativi tərəfindən verilmiş 30 may 2005-ci il il tarixli maliyyə arayışının surətindən və məzmunundan görünür ki, ünvan 2 ünvanda yerləşən kooperativ yaşayış binası Cavabdeh Mənzil-Tikinti Kooperativinə məxsusdur. Bu binanın 4-cü mərtəbəsində ümumi sahəsi layihə üzrə 84,3 kv.metr, təşkil edən 2 otaqlı 8 nömrəli mənzilin dəyərinin pay ödənişi kimi 25.000 (iyirmi beş min) ABŞ dolları payçı İddiaçı tərəfindən Cavabdeh-nın xəzinəsinə ödənilmişdir; Cavabdeh Mənzil-Tikinti Kooperativi tərəfindən verilmiş 25 avqust 2005-ci il il tarixli maliyyə arayışının surətindən və məzmunundan görünür ki, ünvan 2 ünvanda yerləşən kooperativ yaşayış binası Cavabdeh Mənzil-Tikinti Kooperativinə məxsusdur. Bu binanın 4-cü mərtəbəsində ümumi sahəsi layihə üzrə 84,3 kv.metr, təşkil edən 2 otaqlı 8 nömrəli mənzilin dəyərinin pay ödənişi kimi 10.000 (on min) ABŞ dolları payçı İddiaçı tərəfindən Cavabdeh-nın xəzinəsinə ödənilmişdir; Cavabdeh Mənzil-Tikinti Kooperativi tərəfindən verilmiş 16 dekabr 2005-ci il tarixli maliyyə arayışının surətindən və məzmunundan görünür ki, ünvan 2 ünvanda yerləşən kooperativ yaşayış binası Cavabdeh Mənzil-Tikinti Kooperativinə məxsusdur. Bu binanın 4-cü mərtəbəsində ümumi sahəsi layihə üzrə 84,3 kv.metr, təşkil edən 2 otaqlı 8 nömrəli mənzilin dəyərinin pay ödənişi kimi 10.000 (on min) ABŞ dolları payçı İddiaçı tərəfindən Cavabdeh-nın xəzinəsinə ödənilmişdir; Cavabdeh Mənzil-Tikinti Kooperativi tərəfindən verilmiş 05 iyul 2006-cı il tarixli maliyyə arayışının surətindən və məzmunundan görünür ki, ünvan 2 ünvanda yerləşən kooperativ yaşayış binası Cavabdeh Mənzil-Tikinti Kooperativinə məxsusdur. Bu binanın 4-cü mərtəbəsində ümumi sahəsi layihə üzrə 84,3 kv.metr, təşkil edən 2 otaqlı 8 nömrəli mənzilin dəyərinin pay ödənişi kimi 7.400 (yeddi min dörd yüz) ABŞ dolları payçı İddiaçı tərəfindən Cavabdeh-nın xəzinəsinə ödənilmişdir; Cavabdeh Mənzil-Tikinti Kooperativi tərəfindən verilmiş 15 aprel 2006-cı il tarixli maliyyə arayışının surətindən və məzmunundan görünür ki, ünvan 2 ünvanda yerləşən kooperativ yaşayış binası Cavabdeh Mənzil-Tikinti Kooperativinə məxsusdur. Bu binanın 4-cü mərtəbəsində ümumi sahəsi layihə üzrə 84,3 kv.metr, təşkil edən 2 otaqlı 8 nömrəli mənzilin dəyərinin pay ödənişi kimi 5.000 (beş min) ABŞ dolları payçı İddiaçı tərəfindən Cavabdeh-nın xəzinəsinə ödənilmişdir; Cavabdeh Mənzil-Tikinti Kooperativi tərəfindən verilmiş 19 oktyabr 2006-cı il il tarixli maliyyə arayışının surətindən və məzmunundan görünür ki, ünvan 2 ünvanda yerləşən kooperativ yaşayış binası Cavabdeh Mənzil-Tikinti Kooperativinə məxsusdur. Bu binanın 4-cü mərtəbəsində ümumi sahəsi layihə üzrə 84,3 kv.metr, təşkil edən 2 otaqlı 8 nömrəli mənzilin dəyərinin pay ödənişi kimi 1.610 (bir min altı yüz on) ABŞ dolları payçı İddiaçı tərəfindən Cavabdeh-nın xəzinəsinə ödənilmişdir; İddiaçı Cavabdeh Mənzil-Tikinti Kooperativinə ünvanladığı 31 may 2021-ci il tarixli məktubun surətindən və məzmunundan görünür ki, Cavabdeh Mənzil-Tikinti Kooperativi ilə İddiaçı arasında bağlanmış 30 may 2005-ci il tarixli müqaviləyə əsasən ünvan 1 ünvanında yerləşən yüksək mərtəbəli binanın 4-cü mərtəbəsində, ümumi sahəsi 84,3 kv.metr olan, 2 otaqlı, 8 nömrəli mənzilini sonuncu satın almışdır. Müqavilənin 5.2-ci bəndinə əsasən, “Payçı” tikinti bağladığı tarixdən müqavilənin 1.2 bəndində göstərilmiş mənzilin ümumi dəyərinin 45 % təşkil edən 26.555 (iyirmi altı min beş yüz əlli beş) ABŞ dolları məbləğində vəsaiti ilk ödəniş olaraq “Kooperativin” hesabına, ya da xəzinəsinə ödəməlidir. Təhvil veriləcək mənzilin ümumi dəyərinin qalan hissəsi 32455 (otuz iki min dörd yüz əlli beş) ABŞ dolları təşkil edir. Bu məbləği payçı 5 bərabər hissələrə bölüb hər ay “Kooperativ”in hesabına ya da kassasına nəğd pulla ödəməlidir. Hər ayın ödəmə məbləği 6491 (altı min dörd yüz doxsan bir) ABŞ dolları təşkil edir. İddiaçının müqavilədə göstərilmiş öhdəlikləri tam həcmdə yerinə yetirməsinə baxmayaraq, kooperativ öz öhdəliklərinin bir qismini ödəməkdən boyun qaçırmışdır. Belə ki, mənzili de-fakto təhvil versələr də, de-yure onun sənədləşməsi ilə bağlı öz üzərinə düşən öhdəlikləri yerinə yetirmir. İddiaçı şifahi qaydada Cavabdeh ilə bağladığı müqavilənin, maliyyə arayışlarının və mənzil tikinti kooperativinin ümumi yığıncağının təsdiq olunmuş protokollarını əldə etmək üçün müraciət etsə də, Cavabdeh Mənzil-Tikinti Kooperativi sözügedən sənədləri ona təqdim etməkdən boyun qaçırır. O, «ƏFSANƏ” Mənzil-Tikinti Kooperativinin ofisinə gedərək həmin sözügedən sənədi tələb etsə də, Mənzil-Tikinti Kooperativinin rəhbərliyi və müvafiq əməkdaşları həmin sənədi ona verməkdən imtina etmişlər. Yuxarıda göstərilənləri nəzərə alaraq, ünvan 2 ünvanda yerləşən 8 nömrəli mənzilə dair hüquqlarını qeydiyyatdan keçirtmək üçün reyestr xidmətinə təqdim olunacaq sənədləri ona təqdim etməyi xahiş etmişdir. 15 iyul 2021-ci il tarixli **********09 nömrəli mədaxil qəbzindən görünür ki, İddiaçı müvafiq iddia ərizəsi ilə məhkəməyə müraciət etmək üçün 10 (on) manat məbləğində dövlət rüsumu ödəmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Cavabdeh”Mənzil-Tikinti Kooperativikooperativ ilə İddiaçı-payçı arasında bağlanmış 30 may 2005-ci il tarixli müqaviləyə əsasən kooperativə ayrılmış ünvan 1 ünvanında mənzil-tikinti kooperativinin üzvlərinin vəsaiti hesabına inşa ediləcək yaşayış binasını kooperativ inşa etməyi öhdəsinə götürmüşdür. Payçı tərəfindən alınmış müvafiq evin 8 nömrəli mənzilinin tikinti və hesablaşma sahəsi 84,3 kv.metrdir. Məhkəməyə təqdim olunmuş maliyyə arayışlarının surətindən və məzmunundan görünür ki, mənzilin pay dəyəri payçı İddiaçı tərəfindən tam ödənilmiş və onun kooperativə borcu yoxdur (10000+7400+25000+10000+1610+5000=59010). İddiaçı Cavabdeh Mənzil-Tikinti Kooperativinə 31 may 2021-ci il tarixli məktubla müraciət edərək, ünvan 1-də yerləşən binanın 8 nömrəli mənzilinin ilkin qeydiyyat üçün zəruri olan 30.05.2005-ci il tarixli müqaviləni, maliyyə arayışlarını və mənzil tikinti kooperativinin ümumi yığıncağının təsdiq olunmuş protokolları ona təqdim etməyi xahiş etmişdir. Məhkəmə ilk növbədə iddia tələbinə mülki və mülki prosessual qanunvericiliyin tələblərinə uyğun hüquqi qiymət verilməsini zəruri hesab edir. Məhkəmə hesab edir ki, ünvan 3 ünvanında məhəllə olan binanın 4-cü mərtəbəsində yerləşən 2 otaqlı, ümumi sahəsi 84,3 kv.metr olan 8 nömrəli mənzil İddiaçının faktiki sahibliyində və istifadəsində olduğundan və onun qeyd edilən mənzil dair mülkiyyət hüququ ilə bağlı gözləntisi vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər; 139.1.6-cı maddəsinə əsasən, qanunvericiliklə nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə, mənzil-tikinti kooperativi binasında yaşayış (qeyri-yaşayış) sahəsinin üzərində mülkiyyət hüquqların əmələ gəlməsi üçün əsas hesab olunur; 178.8-ci maddəsinə əsasən mənzil, bağ, qaraj və ya başqa kooperativin üzvü, pay yığımına hüququ olan digər şəxslər kooperativin verdiyi mənzil, bağ, qaraj və ya ayrı qurğu üçün pay haqqını tam verdikdə, həmin əmlaka mülkiyyət hüququ əldə edirlər; 182.1-ci maddəsinə əsasən, əşyanı özgəninkiləşdirənin onun mülkiyyətçisi olmadığı, lakin bu fakt barədə vicdanlı əldə edən olduğu hallarda da əldə edən əşyanın mülkiyyətçisi olur; 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır; 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 445-ci maddəsinin tələbinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır; 448.1-ci maddəsinin tələbinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun 25 oktyabr 2010-cu il tarixli qərarına əsasən kooperativin üzvü və pay yığımına hüququ olan digər şəxslər kooperativin verdiyi mənzil, bağ, qaraj və ya ayrı qurğu üçün pay haqqını tam verdikdə həmin əmlaka sahiblik və istifadə etmək hüququnu, daşınmaz əmlakın dövlət reyestrində qeydə alındıqdan sonra isə sərəncam vermək hüququnu əldə edirlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 152.1-ci maddəsinin tələbinə görə mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur; 152.5-ci maddəsinə əsasən, mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın; 157.1-ci maddəsinə əsasən mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin: 112-ci maddəsinə əsasən mənzil-tikinti kooperativinin üzvü pay haqqını tam ödədikdə, yaşayış sahəsinə mülkiyyət hüququnu əldə edir; 113.1-cü maddəsinə əsasən mənzil-tikinti kooperativinə üzv qəbul edilmiş fiziki və ya hüquqi şəxsə mənzil-tikinti kooperativi binasında ödənilən pay haqqının miqdarına müvafiq olaraq mənziltikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı əsasında yaşayış (qeyri-yaşayış) sahəsi verilir; 113.2-ci maddəsinə əsasən bu Məcəllənin 113.1-ci maddəsində göstərilən qərar mənzil-tikinti kooperativi binalarının yaşayış sahələrinə köçmə üçün, nəzərdə tutulmuş pay haqqını tam ödəməsi isə daşınmaz əmlakın dövlət reyestrində mülkiyyət hüquqlarının qeydə alınması üçün əsasdır. Həmçinin mənzil-tikinti kooperativində üzvlük yaşayış sahəsinə sahiblik, ondan istifadə etmək və qanunvericiliklə müəyyən edilmiş hədlərdə barəsində sərəncam vermək üçün əsasdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.6-ci maddəsinə əsasən mənzillər üzərində hüquqların dövlət qeydiyyatı üçün mənzil-tikinti kooperativi (MTK) binasında yaşayış (qeyri-yaşayış) sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı (qanunvericiliklə nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə) tələb olunur. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin göstərilən müddəaları baxımından iddiaçı və cavabdeh arasında müqavilə hüquq münasibətlərindən irəli gələn öhdəlik münasibətləri yaranmışdır və iddiaçının hazırki iş üzrə tələbi də məhz müqavilə hüququ çərçivəsində dəyərləndirilməlidir. İddiaçı həmin müqavilə üzrə üzərinə düşən bütün öhdəliklərini tam şəkildə icra etmiş, lakin Cavabdeh Mənzil-Tikinti Kooperativi həmin müqavilə üzrə üzərinə düşən öhdəliyi yerinə yetirməmiş, ünvan 1 ünvanında olan yüksək mərtəbəli binanın 4-cü mərtəbəsində yerləşən 2 otaqlı, ümumi sahəsi 84,3 kv.metr olan 8 nömrəli mənzilə dair iddiaçı şəxs tərəfindən tam ödəniş edilmiş, lakin cavabdeh kooperativ iddiaçı şəxsin bəhs olunan müqavilə üzrə dəyərini tam ödədiyi mənzilə dair mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyetstrində qeydə alınması (çıxarışın verilməsi) üçün tələb olunan MTK ilə iddiaçı arasında bağlanmış, təsdiq olunmuş müqaviləni, maliyyə arayışlarını və mənzil tikinti kooperativinin ümumi yığıncağının təsdiq olunmuş protokollarını təqdim etməməklə mülki qanunvericiliyin normaları baxımından öhdəliyini lazımınca icra etməmişdir. Belə ki, Cavabdeh Mənzil-Tikinti Kooperativi müqavilə ilə üzərinə götürdüyü öhdəliyi vaxtında icra etməmiş, İddiaçı verməli olduğu mənzilə dair mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyetstrində qeydə alınması (çıxarışın verilməsi) üçün tələb olunan MTK ilə iddiaçı arasında bağlanmış, təsdiq olunmuş müqaviləni, maliyyə arayışlarını və mənzil tikinti kooperativinin ümumi yığıncağının təsdiq olunmuş protokollarını təqdim etməməklə müqavilənin şərtlərini pozmuşdur. Buna görə də o, onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşımalıdır. Bu baxımdan məhkəmə hesab edir ki, İddiaçı iddia ərizəsi təmin edilməli, Cavabdeh Mənzil- Tikinti Kooperativi tərəfindən iddiaçı şəxsin bəhs olunan müqavilə üzrə dəyərini tam ödədiyi mənzilə dair mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyetstrində qeydə alınması (çıxarışın verilməsi) üçün tələb olunan 30 may 2005-ci il tarixli müqavilə, maliyyə arayışları və mənzil tikinti kooperativinin ümumi yığıncağının təsdiq olunmuş protokolunun verilməsi barədə cavabdeh kooperativin üzərinə öhdəlik qoyulmalıdır. Məhkəmədə həmçinin hesab edir ki, iddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumu tələb edilmədiyindən iddiaçının özünə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia ərizəsi təmin edilsin. ünvan 3 ünvanında olan binanın 4-cü mərtəbəsində yerləşən 2 otaqlı, ümumi sahəsi 84,3 kv.metr olan 8 nömrəli mənzillə bağlı mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması (çıxarışın verilməsi) üçün tələb olunan 30 may 2005-ci il tarixli müqavilə və maliyyə arayışları, mənzil tikinti kooperativinin ümumi yığıncağının təsdiq olunmuş protokolunun iddiaçıya verilməsi öhdəliyi Cavabdeh Mənzil-Tikinti Kooperativinin üzərinə qoyulsun. Qətnamədən, onun alındığı və ya təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Gültəkin Əsədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar