Məhkəmə qərarları › İş №2(005)-4081/2022

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-4081/2022

23.12.2022 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-4081/2022 23.12.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Ədilova Solmaz İmran qızının sədrliyi Əkbərli Samiq Sadiq oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh2 MMC-nə və Bakı şəhəri Nərimanov Rayon İcra Hakimiyyətinə qarşı “dəymiş ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh2 MMC-nə və Bakı şəhəri Nərimanov Rayon İcra Hakimiyyətinə qarşı “mənzilin təhvil verilməsi və dəymiş ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Mayakovski 8/9 küçəsində yeni tikilmiş 16 mərtəbəli binanın 1-ci girişində, 5-ci mərtəbəsində yaşayış sahəsi 68 kv.m, ümumi sahəsi isə 127 kv.m olan 3 otaqlı, tam təmirli mənzilin ona təhvil verilməsi və ödənilməyən 7000 (yeddi min) manat kirayə pulunun Cavabdeh2 MMC-dən alınması, dəymiş ziyana görə 70.000 (yetmiş min) manat pulun Bakı şəhəri Nərimanov Rayon İcra Hakimiyyətindən və Cavabdeh2 MMC-dən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-4081/2022 saylı 23 dekabr 2022ci il tarixli qərardadı ilə Mayakovski 8/9 küçəsində yeni tikilmiş 16 mərtəbəli binanın 1-ci girişində, 5-ci mərtəbəsində yaşayış sahəsi 68 kv.m, ümumi sahəsi isə 127 kv.m olan 3 otaqlı, tam təmirli mənzilin ona təhvil verilməsi və ödənilməyən 7000 (yeddi min) manat kirayə pulunun Cavabdeh2 MMC-dən alınması hissəsində mülki iş üzrə icraata xitam verilməsi qərara alınmışdır. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Nərimanov Rayon İcra Hakimiyyətinin 30 may 2019-cu il tarixli 140 №-li sərəncamı ilə ünvan 1 ünvanında yerləşən yataqxananın sökülməsi və orada yaşayan sakinlərin mənzil qanunvericiliyinin tələblərinə uyğun olaraq müqavilələr üzrə yeni yaşayış sahələri ilə təmin edilməsi qərara alınmışdır. Həmin sərəncamın icrası "xxxx" MMC-yə həvalə edilmişdir. Lakin şirkət vəzifə səlahiyyətlərini aşaraq 08 may 2019-cu il tarixli K 037 saylı kirayə müqaviləsi ilə onu aldatmağa cəhd göstərmişdir. O, qonşularından aldadıldığını öyrənib, xx.xx.2019-cu ildə “Mülkiyyət və istifadə hüquqlarına qəsdə son qoyulması, daşınmaz əmlakın alqı-satqısına dair müqavilənin etibarsız hesab edilməsi, vurulmuş maddi ziyanın ödənilməsi barədə” iddia ərizəsi ilə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə müraciət etmişdir. Şikayəti Bakı Apellyasiya Məhkəməsinin hakimi İlham Kərimli tərəfindən 2(103)- 10121/2019 saylı, xx.xx.2019-cu il tarixli qərardadı ilə təmin edilmişdir. Mübahisəyə mahiyyəti üzrə baxılıb qurtaranadək Bakı şəhəri Nərimanov rayonu, Mayakovski küçəsi 8/9 saylı binanın tinində yerləşən 4.5 kv.m sahəsi olan köşkə, ünvan 1 saylı binada yerləşən 59 saylı mənzilə cavabdeh və digər şəxslər tərəfindən hər hansı formada müdaxilə edilməsi, həmçinin mübahisəli əraziyə daxil olmaq, iddiaçılara və ailə üzvlərinə qeyri-prosessual vasitələrlə təsir etmək, mübahisə predmeti olan daşınmaz əmlakın yerləşdiyi Nərimanov rayonu Mayakovski küçəsi 8/9 çoxmənzilli yaşayış binasının hər hansı bir hissəsini sökmək, həmçinin Bakı şəhəri Nərimanov rayonu Mayakovski küçəsi 8/9 saylı binanın tinində yerləşən köşkü daşımaq cavabdehə və digər şəxslərə qadağan edilmişdir. Məhkəmə qərardadını saymayan Cavabdeh2 MMC şirkəti binanı sökmüş, köşkü qeyri-müəyyən yerə daşımış, qurduğu gəlir yerini dağıtmışdır. Sökülən binanın yerində 16 mərtəbəli bina tikərək 2021-ci ilin sentyabr ayından sakinlərə təhvil verilmişdir. Onun 8 nəfər ailə üzvü var. Cavabdeh2 MMC onunla mənzil qanunvericiliyinə uyğun müqavilə bağlamır. Ona yaşayış sahəsi 18 kv.m olan mətbəxi olmayan - 2 mənzil təklif edərək razılaşma aktına qol çəkdirmək istəyir ki, 8 nəfər ailə üzvlərini o mənzillərə yerləşdirə bilmir. O, Mayakovski 8/9 yataqxana binasında əvvəllər 21 il müxtəlif vəzifələrdə işlədiyi Azərbaycan Dövlət Kontrakt Korporasiyasının nəzdində olan Azərmetal idarəsindən, həmkarlar təşkilatının qərarı ilə yaşamağa göndərilmişdi. Həmin idarədə 1992-ci ildə Qaynaqlı və soyuq emallı boruların topdan satışı və balansı şöbəsində mühəndis, xx.xx.1992-ci ildə isti emallı boruların balansı və topdan satışı şöbəsinə keçirilmişdir. xx.xx.1996-cı ildən isə 2-ci kateqoriyalı mühəndis vəzifəsinə təyin edilmişdir.1997-ci ildə arxivçi, 2005-ci ildən 2013-cü ilə qədər də həmin idarənin təsərrüfat şöbəsində aparıcı mütəxəssis vəzifəsində çalışmışdır. 8 nəfər ailə üzvü ilə birlikdə sökülən Mayakovski 8/9 küçəsindəki binada mənzil 59-da Daşınmaz Əmlakın seriya MH №0198241 saylı çıxarışda 36 kv.m kubcalanmış sahənin hamısının yaşayış sahəsi olduğu yazılır və 5 mərtəbəli binanın 1-ci girişində, 5-ci mərtəbəsində tam mülkiyyət hüququ üzrə onun adına Daşınmaz Əmlakın Dövlət Reyestrində 890 nömrəli reyestr kitabında 827312 nömrəli vərəqində qeydiyyata alınmışdır. Daşınmaz Əmlakın **********66-05101-093011 №-li texniki pasportu da var. Həmin texniki pasportun çertyojuna baxdıqda görünür ki, yaşayış sahəsi 36 kv.m olan mənzilin önündə 27 kv.m-dən böyük olmaqla eyvanı da vardır. Eyvanın çertyojunun üzərində ölçüsü qeyd olunmamış, əmlakdan qeydiyyatdan keçməmişdir. Əlavə tikinti işləri apardığı, mənzilin həmin eyvanın ölçüsünü 27 kv.m-dən çox olduğunu sübut etmək üçün, sökülən Mayakovski 8/9, mənzil 59 yataqxana binasının proyektinə baxmaq kifayətdir. Mənzilin faktiki yaşayış sahəsi şirkət tərəfindən ölçülmüş 62 kv.m faktiki yaşayış sahəsi təyin edilmiş və onlara 74 kv.m yaşayış sahəsi veriləcəyi bildirilmişdir. 74 kv.m olan mənzil 4 otaqlı mənzildir. Mənzilin ümumi sahəsi 162.20 kv.mdir. Mayakovski 8/9 ünvanında tikilən, 1-ci binanın proyektində, 4 otaqlı mənzil yoxdur. Ən böyük mənzil 3 otaqlı mənzildir, yaşayış sahəsi 68 kv.m, ümumi sahəsi 127 kv.m-dir. Onlara təxminən 35 kv.m ziyan dəymişdir, həmçinin sökülən binanın tinində yerləşən, yeganə gəlir yeri olan köşkün sökülməsi nəticəsində gündəlik qazancını itirərək ziyana düşmüşdür. Cavabdeh2 MMC onun iş yerini qanunsuz söküb yerində özünə 2 mərtəbəli ofis tikmişdir. Sərəncamlarda ona yalnız bina söküb, tikməyə icazə verilsə də obyektlərin binanın 1-ci mərtəbəsində tikiləcəyi planlaşdırılsa da o, vəzifə səlahiyyətlərini aşmışdır. Evdən onlara təxminən 35 kv.m ziyan dəymişdir, işə görə isə 4.5 kv.m sahə və həmin yerdə gündəlik qazancı olan 15-20 manat çörək pulunu itirmişdir. Ali Məhkəmənin hakimi Zaur Əliyev işin halında aşkara çıxartmışdır ki, Cavabdeh2 MMC 74 kv.m yaşayış sahəsini 2 mənzildə verəcəyi öhdəçiliyini götürmüşdür. Lakin mənzilin bir sənədi vardır. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə etdi, iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh2 MMC tərəfindən iddia ərizəsinə etiraz təqdim edilmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149-cu maddəsində iddia ərizəsinin forma və məzmununa dair tələblər üzrə iddiaçının və ya ərizəçinin öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı ilə ərizəyə əlavə edilən sənədlərin siyahısı ayrı-ayrılıqda (149.2.3 və 149.2.5-ci maddələrində) təsbit olunmuşdur. Belə ki, Məcəllənin 149.2 və 149.2.3-cü maddələrinə əsasən iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb ərizədə göstərilməlidir. Həmin Məcəllənin 149.2 və 149.2.5-ci maddələrinə əsasən ərizədə ərizəyə əlavə edilən sənədlərin siyahısı göstərilməlidir. Göründüyü kimi, həmin normalar qanunverici tərəfindən bir-birindən fərqləndirilərək, imperativ qaydada ərizəyə əlavə olunan sənədlərdən məhz hansıların iddia tələbini təsdiq edən sübutlar olmasını iddia ərizəsinin məzmununda ayrıca siyahıda göstərilməsi iddiaçıdan (və ya ərizəçidən) tələb olunur (Əsas: 01 oktyabr 2021-ci il tarixdən qüvvəyə minmiş, 09 iyul 2021-ci il tarixli, 363-VİQD nömrəli “Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikasının Qanunu ). İddiaçı qeyd edilən prosessual normanın tələbinə əməl etməmiş və iddia ərizəsində tələbinin əsası kimi istinad etdiyi fakt və halları təsdiq edən sübutların siyahısını göstərməmişdir. Bununla da, iddiaçı iddia ərizəsinin forma və məzmununa dair qanunla müəyyən olunmuş prosessual tələblərə əməl etməmişdir. İddiaçı iddia ərizəsinin verilməsinə görə “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9 1-1-ci maddəsində nəzərdə tutulmuş qaydada rüsumu dövlət büdcəsinə köçürməmişdir və bununla bağlı aşağıdakı xüsusatları qeyd edir. İddiaçının tələbinin bir hissəsini Bakı, şəhəri, Mayakovski 8/9 küçəsində yeni tikilmiş binadan ümumi sahəsi 127 kv.m. olan 3 otaqlı tam təmirli mənzilin ona verilməsi təşkil edir. Sözügedən ərazidə ümumi sahəsi 127 kv.m olan 3 otaqlı mənzilin bazar qiyməti 217.000 (ikii yüz on yeddi min) manat təşkil edir. Buna dair “bina.az” saytından ekran görüntüsü məhkəməyə təqdim edilib. İddiaçının tələbinin digər qismini isə ona ödənilməyən 7000 (yeddi min) manat kirayə pulunun və dəymiş ziyana görə 70000 (yetmiş min) manat vəsait təşkil edir. Deməli, iddiaçının tələbi, başqa sözlə iddia qiyməti 294.000 (iki yüz doxsan dörd mln) manat təşkil edir. 294.000 manat dəyərində iddia qiymətinə mütənasib olaraq 584 manat rüsum ödənilməli idi. İddiaçı isə cəmi 200 manat rüsum ödəmişdir. Analoji vəziyyət iddiaçının Cavabdeh2 MMC-yə qarşı verdiyi digər iddia üzrə də baş vermişdir. Belə ki, Nərimanov Rayon Məhkəməsinin 2(005)-2381/2022 nömrəli, xx.xx.2022-cl İİ tarixil qərardadına əsasan iddiaçı tərəfindən dövlət rüsumu düzgün şəkildə ödənilmədiyi üçün İddiaçı cavabdehlər Cavabdeh2 MMC-nə və Bakı şəhəri İcra Hakimiyyətinə qarşı “sökülərək öz ünvanında tikilmiş Bakı şəhəri, Nərimanov rayonu, Mayakovski 8/9 ünvanlı binanın 5-ci mərtəbəsində, 1 ədəd 4 otaqlı, tam təmirli mənzilin mülkiyyətinə verilməsi” tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılmışdır. Həmin qərardad məhkəməyə təqdim olunub. Əvvəlki məhkəmə iclasında iştirak etmiş Cavabdeh2 MMC-nin nümayəndəsi Nümayəndə iddia tələbini qəbul etməmiş etirazın dəlillərinə uyğun izahat verərək iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Eyni zamanda, Cavabdeh2 MMC-nin nümayəndəsi Nümayəndə ərizə və etirazla məhkəməyə müraciət edərək, 23 dekabr 2022-ci il tarixə təyin edilmiş məhkəmə iclasında iştirak edə bilməyəcəyini bildirmiş və etirazında qeyd etmişdir ki, “RR Constructions" MMC ilə iddiaçı arasında xx.xx.2019-cu il tarixdə müqavilə bağlanılmışdır. Həmin müqaviləyə əsasən “RR Constructions" MMC ünvan 4 ünvanda yerləşən, yaşayış üçün qəzalı və ətraf mühitlə hormoniyası itirmiş vəziyyətdə olan binada İddiaçı maxsus 2 otaqlı, 62.08 kv.m. sökür və bunun müqabilində mənzilin sahəsinə 15-25 % əlavə etməklə biri 44 kv.m, digəri isə 30 kv.m olmaqla 2 ədəd tam təmirli mənzili mülkiyyətçiyə verməlidir. Eyni zamanda müqavilənin 2.1.2 bəndinə əsasən cavabdeh öhdəlik götürmüşdür ki, iddiaçıya mənzillər təhvil verildiyi günədək aylıq 500 manat kirayə qalması üçün pul verəcək. Müqavilə qüvvəyə mindikdən sonra tərəflərindən üzərlərinə düşən öhdəliklər vaxtlı-vaxtında yerinə yetirilmişdir. Lakin buna baxmayaraq iddiaçı xx.xx.2020-ci il tarixdə iddia ərizəsi ilə Nərimanov Rayon Məhkəməsinə müraciət edərək tərəflər arasında bağlanılmış müqavilənin dəyişdirərək müqavilədə nəzərdə tutulmuş ümumi sahəsi 74 kv.m. olan mənzilin əvəzinə onda 4-6-cı mərtəbələrdə yerləşən iki istiqamətdə pəncərələri olan 3 otaqlı mənzil verilməsini, binanın birinci mərtəbəsində yerləşən qeyri-yaşayış sahəsinin birnin ona verilməsini və kirayə haqqının 500 manatdan 600 manata qaldırılması haqqında qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı məhkəməyə müqavilənin dəyişdirilməsi ilə bağlı müraciət etdiyi səbəbindən tərəflərindən həmin vaxtdan mənzilin təhvil verilməsinə tam hazır olduğu vaxta qədər kirayə pulunun ödənilməsi dəyandırılmışdır. İddiaçının məhkəməyə təqdim etdiyi iddia ərizəsi təmin edilməməmiş və bu işlə bağlı yekun qərar Azərbaycan Respublikasının Ali Məhkəməsi tərəfindən xx.xx.2021-ci il tarixdə qəbul edilmişdir. 2021-ci ilin sentyabr ayında iddiaçının mənzili tam təmir olunduqdan sonra ona mənzilin açarı və müqavilə təklif edilmişdir. Lakin iddiaçı cavabdehdən əlavə pul götürmək məqsədi ilə mənzili bugünkü günə qədər təhvil almaqdan imtina etməkdədir. Bundan sonra iddiaçı yenidən xx.xx.2022-ci il tarixdə yenidən Nərimanov Məhkəməsinə müraciət edərək əsassız olaraq ona 8000 manat kirayə haqqı ödənilməsi və Cavabdeh2 MMC tərəfindən inşa edilən binada 2 mənzilin onun mülkiyyətinə verilməsi haqqında qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Nərimanov Rayon Məhkəməsi iddia ərizəsinə baxaraq xx.xx.2022-ci il tarixdə 2(005)- 1187/2022 saylı qətnaməsi ilə iddia ərizəsini təmin etməmişdir. Artıq iddiaçının cavabdehə müqavilə üzrə kirayə haqqı üzrə heç bir borcu qalmamışdır. Belə ki işə əlavə olunan ödəniş tapşırıqlarından göründüyü kimi 2021-ci ilin noyabr ayından 2022-ci ilin oktyabr ayına qədər olan bütün kirayə haqları tərəflərindən ödənilmişdir. Cavabdeh müqavilə üzrə göstərilən mənzilləri 2021-ci ilin sentyabr ayından iddiaçıya təhvil vermişdir və bu gün onun mənzillərdən istifadə və sahiblik etməyinə heç bir maneə yaratmır. Lakin iddiaçı ona məxsus açarları komendatlıqdan götürmür bununla da hüquqlarının pozulması görüntüsü yaradaraq əsassız varlanmaq istəyir. Beləliklə yuxarıda yazılanlardan göründüyü kimi, iddiaçının tələbi heç bir sübuta bağlı deyil, yalnız əsassız varlanma məqsədi daşıyır buna görə də iddia təmin edilməməlidir. Məhkəmə, Cavabdeh2 MMC-nin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Əvvəlki məhkəmə iclasında iştirak etmiş cavabdeh Bakı şəhəri Nərimanov Rayon İcra Hakimiyyətinin nümayəndəsi X1 iddia tələbini qəbul etməyərək təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh Bakı şəhəri Nərimanov Rayon İcra Hakimiyyətinə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdeh Bakı şəhəri Nərimanov Rayon İcra Hakimiyyətinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyərək, onların izahatını iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia ərizəsinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək, belə hesab edir ki, iddia aşağıda göstərilənlərə əsasən təmin edilməməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən MH seriyalı, ******* nömrəli çıxarışdan görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, Mayakovski küçəsində istifadədə olan 0.0752 ha torpaq sahəsində yerləşən 8/9 nömrəli, 5 mərtəbəli binanın 1-ci girişində, 5-ci mərtəbəsində, 36.0 kv.m ümumi, 36.0 kv.m yaşayış sahəsindən ibarət 1 otaqlı 59 nömrəli mənzil tam mülkiyyət hüququ üzrə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində 890 nömrəli reyestr kitabının 82732 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş materiallarında olan Bakı şəhər Nərimanov Rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2019-cu il tarixli, 140 №-li Sərəncamından görünür ki, Cavabdeh2n rəhbərliyinin ünvan 5 ünvanlarında yerləşən yataqxana binalarının texniki vəziyyəti haqqında Fövqəladə Hallar Nazirliyi Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin Baş Dövlət Tikinti Müfəttişliyinin xx.xx.2016-ci il tarixli aktlarını və Nərimanov Rayon İcra Hakimiyyəti başçısının 16 04 2019-cu il tarixli, 169 nömrəli sərancamını nəzərə alaraq- 1. V.Mayakovski küçəsi 8/9 və 10 ünvanlarında yerləşən qəzalı vəziyyətdə olan yataqxana binalarının "RR Constructions MMC tərəfindən sökülməsinə icazə verilməsi; 2. “RR Constructions" MMC-nin rəhbərliyinə tapşırılsın ki, bu sərəncam yalnız qəzalı vəziyyətdə olan yataqxana binalarının sökülməsi üçün əsasdır. 3. Qəzalı binaların sökülməsi zamanı cuwədə olan tikinti norma və qaydalarına riayət olunması “RR Constructions' MMC -nin rəhbərliyinə həvalə olunması, 4. Sərəncamın icrasına nəzarət Rayon təsərrüfatı şöbəsinə həvalə edilməsi; 5. Sərəncamın aidiyyəti ünvanlara göndərilməsi Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinə tapşırılması qərara alınmışdır. İş materiallarında olan Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1187/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsindən görünür ki, İddiaçı cavabdeh "xxxx" MMC-yə və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Nərimanov Rayon İcra Hakimiyyətinə qarşı “mənzilin təhvil verilməsi və kirayə haqqının ödənilməsi” tələbinə dair iddia ərizəsinin təmin edilməməsi qət edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)-4188/2021 saylı xx.xx.2021-ci il tarixli qərarından görünür ki, İddiaçı kassasiya şikayətinin təmin edilməməsi, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)- 2562/2021 saylı xx.xx.2021-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması qərara alınmışdır. İş materiallarında olan Birinci tərəf “RR Construction" MMC ilə İkinci tərəf İddiaçı arasında bağlanmış xx.xx.2019-cu il tarixli, K037 nömrəli müqavilədən görünür ki, Cavabdeh2 MMC adlanacaq ünvan 4 Ünvanda yerləşən, yaşayış üçün qəzalı və ətraf mühitə hormoniyasmı itirmiş vəziyyətdə olan binada Mülkiyyətçiyə məxsus mənzilin söküntüsü və bu sahədə yeni yaşayış binasının tikintisini həyata keçirərək, bu binada «Mülkiyyətçinin söküntüsü nəzərdə tutulmuş mülkiyyətində olan 2 otaqlı, 62.08 kv.m. mənzilin dövlət reyestrindən çıxarışda göstərilmiş ümumi sahəsinə 15-25 % əlavə etməklə biri 44 kv.m. və 30 kv.m. olmaqla 2 ədəd tam təmirli mənzili «Mülkiyyətçinin mülkiyyətinə verməyi öhdəsinə götürür (1.1 b). Mülkiyyətçi bu müqaviləyə əsasən mülkiyyətində olan mənzili sökünlü üçün Cavabdeh2 MMC-yə təhvil verməyi bu müqavilədə göstərilən müddətdə və qaydada yeni tikilmiş mənzili qəbul etməyi öhdəsinə götürür. İş materiallarında olan Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1382/2020 saylı xx.xx.2020-ci il tarixli qətnaməsindən görünür ki, İddiaçı cavabdeh "xxxx" MMC-nə qarşı “müqavilənin dəyişdirilməsi, mənzil verilməsi, qeyri-yaşayış yerində iş yerinin bərpası və kirayə pulunun artırılması” tələbinə dair iddia tələbi təmin edilməməsi qət edilmişdir. Məhkəmə iddianın və iddiaya olan etirazlarının əsaslarının təsdiqi kimi istinad etdikləri və sübut əhəmiyyətli hesab etdikləri hallar üzrə qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Bu halda isə işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə mötəbər nəticə çıxarmağa əsas verməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Prosessual qanunvericiliyin “iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edilməsi”, “nə kimi halların müəyyən edilməməsi”, “tərəflərin hansı hüquq münasibətində olmaları” barədə tələblərinə riayət olunması üçün ilkin olaraq iş üzrə toplanmış sübutlar qiymətləndirilməlidir. Sübutların qiymətləndirilmısini tənzimləyən Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsi müəyyən edir ki, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. İddiaçının iddia tələbinin əsasını cavabdehlərin qanunazidd hərəkətləri nəticəsində ona maddi ziyanın dəyməsi təşkil edir. Mülki Məcəllənin 21.2, 1096, 1097.1-ci maddələrinin tələblərinə görə zərərin ödənilməsi üçün aşağıdakı hüquqi əsaslar müəyyən edilməlidir: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin olması, zərər vuran şəxsin təqsirli olması. Azərbaycan Respublikasının Konstitusiyasının 125-ci maddəsinin Vİİ bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2, 217.3 və 217.4-cü maddələrinə əsasən mahiyyəti üzrə işə baxan məhkəmə tərəfindən qətnamə tərəflərin məntiqi izahı əsasında deyil, yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə etməklə, məhkəmə iclasında müəyyən edilmiş həqiqi hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılır. Mülki prosessual qanunvericiliyə görə sübut hüququ öz daxilində ümumən işə baxan hakim tərəfindən ardıcıl bir neçə prosessual hərəkətlərin edilməsini nəzərdə tutur. Həmin ardıcıllığa uyğun olaraq hakim ilk növbədə nə vaxt sübutun tələb edilməli olduğunu müəyyən etməli, bundan sonra sübutetmə yükünün bölüşdürülməsinə uyğun olaraq tələb olunan sübutun kimin tərəfindən təqdim edilməli olduğunu aydınlaşdırmalı, daha sonra sübutetmənin hansı qaydada həyata keçirilməli olduğunu tərəflərə izah etməli və nəhayət, təqdim edilmiş sübutları qiymətləndirməlidir. Məhkəmənin bütün bu prosessual hərəkətləri sözsüz ki, iddianın predmeti və irəli sürülən tələbin xüsusiyyətləri nəzərə alınmaqla həyata keçirilməlidir. Mülki prosessual qanunvericilikdə müəyyən edilmişdir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. İşdə iştirak edən şəxsin işdə iştirak edən və iştirak etməyən şəxslərdən və ya orqanlardan onlarda olan zəruri sübutları müstəqil əldə etmək imkanı olmadıqda o, həmin sübutları tələb etmək barədə vəsatətlə məhkəməyə müraciət edə bilər. Vəsatətdə bu sübutlarla iş üçün əhəmiyyətli olan hansı halların müəyyən edilməsi, sübutların əlamətləri və olduğu yer göstərilməlidir. Zəruri olan hallarda məhkəmə işdə iştirak edən şəxsə sübutun əldə edilməsi üçün sənəd verə bilər. Məhkəmənin tələb etdiyi sübutu onda olan şəxs biləvasitə məhkəməyə göndərir, yaxud məhkəməyə çatdırmaq üçün sorğunu təqdim edən şəxsə verir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur (Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1, 77.3, 78.1, 78.2, 80, 88-ci maddələri). Beləliklə yuxarıda qeyd edilən mülki prosessual normaların və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin mövqeyinin tətbiqi nəticəsində müəyyən edilir ki, hazırki mübahisədə ona dəymiş zərərin, o cümlədən həmin zərərin həcmini sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin iddiaçı bu tələbinin əsaslı olmasını təsdiq edəcək sübutları məhkəməyə təqdim etməmişdir. Sübuta söykənməyən tələb isə əsaslı hesab edilə bilməz. Belə ki, iddiaçı tələbini mülahizə xarakterli izahatlara əsaslanmaqla sübut etməyə çalışmışdır. İlk öncə məhkəmə qeyd edir ki, iddiaçı cavabdehlərin təqsirli hərəkətləri nəticəsində ona 70.000 manat məbləğində ziyanın dəyməsini sübut edəcək mötəbər dəlillər təqdim etməmişdir. Bu mənada məhkəmənin qənaətinə görə iddiaçı iddia ərizəsinin dəlillərinə istinad edərək qeyd olunan zərərin nədən ibarət olmasını göstərəcək dəlilləri təqdim etməklə, istinad etdiyi hallara dair məhkəməyə mötəbər sübutlar təqdim etməli və bu halı sübuta yetirməli idi. Məhz bu halla bağlı yalnız onun izahatı mövcuddur ki, həmin izahatlar da mülahizə xarakterli olmaqla formal əsaslar kimi qiymətləndirilir. Belə ki, onun izahatları iş üzrə olan digər sübutlarla yanaşı yoxlanılmalıdır ki, onun tərəfindən də belə bir sübut təqdim edilməmişdir. Belə olan halda isə iddiaçı öz izahatında bildirdiyi kimi, yəni iddiaçı cavabdehlər tərəfindən ona məxsus köşkün söküməsi nəticəsində 70.000 manat məbləğində zərərə məruz qaldığını qeyd etsə də bu dəlillər açıq-aşkar əsassız olmuşdur. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, İddiaçı cavabdehlər Cavabdeh2 MMC-nə və Bakı şəhəri Nərimanov Rayon İcra Hakimiyyətinə qarşı “dəymiş ziyanın ödənilməsi” tələbinə dair iddiası əsassız olduğundan və məhkəmə araşdırması zamanı sübuta yetirilmədiyindən təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. 81-ci maddəsinə görə qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Hazırkı iş üzrə çəkilmiş məhkəmə xərcləri Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli, yəni iddia təmin edilmədiyindən, hazırkı iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdehlər Cavabdeh2 MMC-nə və Bakı şəhəri Nərimanov Rayon İcra Hakimiyyətinə qarşı “dəymiş ziyanın ödənilməsi” tələbinə dair iddiası təmin edilməsin. Ödənilmiş məhkəmə xərcləri İddiaçı aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Solmaz Ədilova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar