Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-4083/2025 14.01.2026 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı (açar sözlər: nikahın etibarsız hesab edilməsi) Hakim Nuriyeva Səbinə Vidadi qızının sədrliyi, Məhkəmə iclas katibi Fətəlizadə Rufanə Xıdır qızının katibliyi, Cavabdehin nümayəndəsi-vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “nikahın etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında (Bakı şəhəri, Əhməd bəy Ağaoğlu 34A) açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: I. İşin mahiyyəti: İddiaçı Cavabdeh qarşı “nikahın etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ilə mənim 1 saylı Bakı Asan Xidmət Qeydiyyat Şöbəsi tərəfindən xx.xx.2025-ci il tarixli, 485 nömrə qeydə alınmış nikahın etibarsız sayılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə iş üzrə cavabdeh kimi cəlb etdiyi Cavabdeh arasında el adəti üzrə 2021-ci ilin noyabr ayında nişan mərasimi keçirilmişdir. Bu mərasimdən 6 ay müddət ötənədək cavabdehin hələ də ailə həyatına hazır olmadığını, valideynlərin isə Xəyalə ilə ailə qurmasına laqeyd münasibətlərini görüb nişanı qaytarmışlar. Nişan qaytarılandan sonra uzun müddət cavabdehin özü və ailəsi onlardan əl çəkməmiş, hansısa səhvlərinin olduğu vardırsa, onu düzəldəcəklərini və ailə münasibətlərinə ciddi yanaşacaqlarını söz verib qohum əqrabaları minnətçi salandan sonra 2024-cü ilin dekabr ayında barışıq təşkil olundu və 1 saylı Asan Xidmət Mərkəzində yerləşən qeydiyyat şöbəsində xx.xx.2025-ci il tarixdə nikahı qeyd etdirmişdirlər Bundan sonra xx.xx.2025-ci il tarixinə toy mərasiminin olacağı dəqiqləşdirildi. Bundan sonra Cavabdeh və onun ailə üzvlərinin verdikləri heç bir vədə əməl etmədiklərini, Xəyalənin ünsiyyətdə olduğu zaman onun yalançı xarakterli olduğunu və s. ailə münasibətləri ilə bir araya sığmayan davranışlarını görüb artıq Cavabdeh ilə evlənməyəcəyini dəqiqləşdirmişdir. Artıq bağlanmış olan nikahın pozulması məqsədilə nikahın bağlandığı qeydiyyat şöbəsinə müraciət etmişdir ki, nikah etibarsız hesab olunsun, oradan isə bildirdilər ki, nikahın etibarsız hesab olunması məsələsinə məhkəmə qaydasında baxılır. Onu da qeyd etmək istəyir ki, Cavabdeh ilə arasında 4 ildən artıq yaş fərqi vardır və bu fərqi əvvəl onun heç bir sənədini görmədiyinə görə və özlərinin də demədiklərinə görə bilməmişdir, sonradan nikah bağlanandan sonra nikah haqqında şəhadətnaməyə diqqət yetirdikdə bu fərqi müəyyən etmiş və kiçik yaşlı olan şəxslə ailə qurmaq istəmədiyini qəti dəqiqləşdirmişdir. II. Tərəflərin mövqeləri: Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili bildirmişdir ki, cavabdeh iddia tələbini qəbul edir, iddia tələbinin təmin olunmasına etirazı yoxdur. Onların evlənmək niyətləri olmamış, qohumları təzyiq etmişdir. Cavabdeh valideyn nəvazişindən məhrum qalmış və xalalarının himayəsində böyümüşdür. Anası dünyasını dəyişmiş, atası isə qoyub Rusiya Federasiyasına getmişdir. Xalalarının təşəbbüsü ilə iddiaçı tərəf elçi gəlmiş, lakin Cavabdeh heç vaxt evliliyə razı olmamışdır. Nişan olmuş və xalalarının təsiri altında nikaha daxil olmuşlar. Bir müddət sonra cavabdeh anlamışdır ki, iddiaçı onun xəyal etdiyi həyat yoldaşı deyil və nişanın qaytarılmasını istəyib. Nişan qaytarılıb və bir müddət sonra xalalarının təşəbbüsü ilə yenidən həmin mərasim təzələnib. Onlar bir gün belə bir yerdə yaşamayıblar və toy mərasimləri olmayıb. Tərəflər arasında iddia ilə bağlı razılıq əldə olunub. Əvvəlki məhkəmə iclasında iştirak edən iddiaçı bildirmişdir ki, iddia tələbini müdafiə edir. Cavabdehlə iki dəfə nişanlanmışdırlar. O, xalasının qaynının qızıdır. Cavabdehi xalası qızının məclisində görmüş və qohumlar məsləhət görüblər ki, yaxşı qızdır. Toy mərasimi olmayıb, ancaq nikah olub. Əvvəlki məhkəmə iclasında iştirak edən cavabdeh bildirmişdir ki, bu evliliyi istəməmişdir, məcburiyyət qarşısında nikaha daxil olmuşdur. İddiaçı ilə ayrı insanlardır və bu səbəbdən nikahın etibarsız hesab edilməsini xahiş edir. Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə qanunvericiliklə müəyyən edilmiş qaydada məlumat verilməsinə baxmayaraq iddiaçı məhkəmə iclasına gəlməmiş və bunun üzürlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə iddiaçının iştirakı olmadan mülki işə baxılmasını mümkün hesab etmişdir. III. İşin faktiki halları: İş materiallarına əlavə edilmiş: - AZ-İİ seriyalı 665273 saylı nikah haqqında şəhadətnamənin surəti ilə müəyyən olunur ki, İddiaçı və Cavabdeh arasında xx.xx.2025-ci il tarixdə 1 saylı Bakı ASAN xidmət mərkəzi qeydiyyat şöbəsində nikah bağlanmış və bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında eyni tarixdə 485 nömrə ilə qeyd aparılmışdır. Nikah bağlandıqdan sonra ərə Bayramov, arvada Qurbanova soyadı verilmişdir. IV. Tətbiq edilən hüquq və Məhkəmənin mövqeyi: Məhkəmə, cavabdehin nümayəndəsi və vəkilinin izahatını dinləyib iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarından göründüyü kimi tərəflər xx.xx.2025-ci il tarixdə 1 saylı Bakı ASAN xidmət mərkəzi qeydiyyat şöbəsində rəsmi nikaha daxil olmuşlar. Bu barədə akt qeydləri kitabında 485 nömrə ilə qeydiyyat aparılmışdır. Nikah bağlandıqdan sonra ərə Bayramov, arvada Qurbanova soyadı verilmişdir. Hazırda tərəflərin hər ikisi ailə qurmaq niyyəti olmadan saxta nikah bağladığını bildirir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 1.4. Azərbaycan Respublikasında nikah və ailə münasibətlərinin hüquqi baxımdan tənzimlənməsi dövlət tərəfindən həyata keçirilir və yalnız müvafiq icra hakimiyyəti orqanında bağlanmış nikah tanınır. 2.3. Nikah kişi ilə qadının ailə qurmaq məqsədilə müvafiq icra hakimiyyəti orqanında qeydiyyata alınan könüllü ittifaqıdır -25.1. Bu məcəllənin 10–12-ci maddələrində və 13.7-ci maddəsində nəzərdə tutulmuş şərtlər pozulduqda, eləcə də tərəflərdən birinin və ya hər ikisinin ailə qurmaq niyyəti olmadıqda bağlanan nikah (saxta nikah) etibarsız sayılır. -25.2. Nikah məhkəmə qaydasında etibarsız sayılır. -25.3. Nikahın etibarsız sayılması barədə məhkəmənin qətnaməsi qanuni qüvvəyə mindikdən sonra həmin qətnamədən çıxarış dərhal hakim tərəfindən gücləndirilmiş elektron imza ilə təsdiqlənərək, “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sisteminə ötürülür. -25.4. Etibarsız hesab edilmiş nikah onun bağlandığı gündən etibarsız sayılır. -26.1.3. nikah tərəflərdən birinin könüllü razılığı olmadan, yəni məcburiyyət, aldatma, yanılma nəticəsində və ya nikaha daxil olan şəxs nikahın bağlanmasının dövlət qeydiyyatı anında öz hərəkətlərinin mahiyyətini anlamaq və onları idarə etmək iqtidarında olmadıqda bağlanarsa — nikah bağlanarkən hüquqları pozulmuş ər (arvad); nikahın etibarsız sayılmasını tələb etmək hüququna malikdirlər: -28.1. Bu Məcəllənin 28.5-ci, 28.6-cı və 28.7-ci maddələri ilə müəyyən olunmuş hallar istisna olmaqla etibarsız hesab edilmiş nikah ər-arvadın qarşılıqlı hüquq və vəzifələrini yaratmır. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2016-cı il tarixli 8-2/2016 saylı qərarı: 11.1. Nikahın etibarsız hesab olunması haqqında iddia ərizəsi icraata qəbul edilərkən nikahın həqiqiliyinin hansı əsasa görə mübahisələndirildiyi, iddiaçının bu əsas üzrə məhkəmədə iddia qaldırmaq hüququna malik şəxslər kateqoriyasına (Ailə Məcəlləsinin 26.1-ci maddəsi) aid olub-olmaması məhkəmə tərəfindən aydınlaşdırılmalıdır. 11.2. Nikahın etibarsız sayılması üçün Ailə Məcəlləsinin 25.1-ci maddəsində nəzərdə tutulmuş əsasların siyahısı qətidir və genişləndirilə bilməz. Bu əsaslar aşağıdakılardır: nikahın bağlanması üçün qanunla müəyyən olunmuş şərtlərin pozulması (Ailə Məcəlləsinin 10, 11-ci maddələri); nikahın bağlanmasına mane olan halların mövcudluğu (Ailə Məcəlləsinin 12-ci maddəsi); nikaha daxil olan şəxslərdən birinin özündə dəri-zöhrəvi xəstəliyin və insanın immunçatışmazlığı virusunun törətdiyi xəstəliyin olmasını digərindən gizlətməsi (Ailə Məcəlləsinin 13.7-ci maddəsi); nikahın saxtalığı (Ailə Məcəlləsinin 25.1-ci maddəsi). Qanunvericiliyin mövqeyindən göründüyü kimi, nikah tərəflərdən birinin və ya hər ikisinin ailə qurmaq niyyəti olmadığı halda (saxta nikah) bağlandıqda, həmçinin tərəflərdən birinin könüllü razılığı olmadan, yəni məcburiyyət, aldatma, yanılma nəticəsində bağlandıqda etibarsız sayıla bilər. Belə ki, saxta nikahın bağlanmasında məqsəd ailə hüququ münasibətləri üzrə hüquq və vəzifələr əldə etmək deyil, əmlak və şəxsi qeyri-əmlak xarakterli hüquq və güzəştlərin əldə edilməsi olur ki, belə nikahın etibarlı sayılması mümkün deyildir. Məhkəmə iclasında tərəflərin ailə qurmaq niyyəti olmadan nikaha daxil olmaları faktı müəyyən olunmuşdur. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikasının ailə qanunvericiliyi nikahı kişi ilə qadının ailə qurmaq məqsədi ilə müvafiq icra hakimiyyəti orqanında qeydiyyata alınan könüllü ittifaqı kimi tanımaqla onu, nəticə etibarilə bir əqd olaraq qəbul edir. Başqa bir ifadə ilə, nikahın etibarlılığı üçün onun bağlanmasında lazımi subyektlərin iştirakı, onların arasında iradə və onun bildirilməsi vahidliyinin mövcudluğu, nikahın forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. Uydurma əqd isə, ona uyğun hüquqi nəticələr yaratmaq niyyəti olmadan yalnız görünüş üçün bağlanmış əqddir. Uydurma əqd əhəmiyyətsizdir. (Mülki Məcəllənin 340.1-ci maddəsi). Qanunvericinin mövqeyindən göründüyü kimi, nikah, digər hallarla yanaşı, həm də tərəflərdən birinin və ya hər ikisinin ailə qurmaq niyyəti olmadığı halda (saxta nikah) bağlandıqda etibarsız sayıla bilər. Çünkü saxta nikahın bağlanmasındakı məqsəd ailə hüququ münasibətləri üzrə hüquq və vəzifələr əldə etmək deyil, əmlak və şəxsi qeyriəmlak xarakterli hüquq və güzəştlərin əldə edilməsi olur ki, belə nikahın etibarlı sayılması mümkün deyildir. Ailə qanunvericiliyi nikahın etibarsız sayılmasını tələb etmək hüququ olan şəxslərin dairəsini də dəqiq müəyyən etmişdir. Ailə Məcəlləsinin 26-cı maddəsində, qanunvericiliyin mövqeyindən göründüyü kimi, nikah, digər hallarla yanaşı, həm də tərəflərdən birinin və ya hər ikisinin ailə qurmaq niyyəti olmadığı halda (saxta nikah) bağlandıqda etibarsız sayıla bilər. Çünkü saxta nikahın bağlanmasındakı məqsəd ailə hüququ münasibətləri üzrə hüquq və vəzifələr əldə etmək deyil, əmlak və şəxsi qeyri-əmlak xarakterli hüquq və güzəştlərin əldə edilməsi olur ki, belə nikahın etibarlı sayılması mümkün deyildir. Bununla belə, nikahın etibarsızlığının əsasları qanunvericilikdə dəqiq şəkildə müəyyən olunduğu üçün, bu tip mübahisələrdə əsaslı, mötəbər sübut olmadan yalnız formal mülahizələrə əsaslanmaqla iddiaların təmin olunması bu institutun mahiyyətinə zidd olmaqla bərabər, ailənin dövlətin himayəsində olması ilə bağlı konstitusion müddəanın pozulmasına səbəb ola bilər. İşin hallarından aydın olur ki, tərəflərin rəsmi nikah bağlamaq niyyəti onların qohumlarının təsiri ilə əlaqədar olmuşdur. Onlar arasında rəsmi nikah bağlanmış, bununla belə nikah bağlandıqdan sonra ailə münasibətləri qurulmamış, birlikdə yaşama faktı olmamış; yaxın dairədə qohum və ya dostları ilə hər hansı formada nikah və ya toy mərasimi keçirilməmişdir. Digər tərəfdən məhkəmə araşdırması audio-video yazıları aparılan məhkəmə iclasları zamanı Cavabdeh, habelə onun nümayəndəsi və vəkili iddia tələbini qəbul edərək, onun təmin olunmasına etiraz etmədiklərini bildirmişdir. Məhkəmə qeyd edir ki, cavabdehin iddianı etiraf mahiyyətindəki mövqeyinə münasibətdə isə məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-nin 52-ci maddəsinə əsasən iddianın cavabdeh tərəfindən etiraf edilməsi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır. Məhkəmə hesab edir ki, cavabdehin iddianı etiraf etməsi qanunvericiliyə zidd deyil, başqa şəxslərin hüquqlarını pozmur Göründüyü kimi, nikahın etibarsız sayılması üçün əsas olan hallar (şərtlər) Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 25-ci maddəsində təsbit edilmiş və tərəflərdən, yəni ər və arvaddan birinin və ya hər ikisinin ailə qurmaq niyyətinin olmaması da onlar arasında bağlanmış nikahın etibarsız sayılması üçün əsaslardan biri kimi müəyyən edilmişdir. İddiaçı ilə cavabdeh arasında nikah bağlanarkən tərəflərin ailə qurmaq niyyəti olmamışdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, tərəflər arasında xx.xx.2025-ci il tarixdə 1 saylı Bakı ASAN xidmət mərkəzi qeydiyyat şöbəsində qeyd alınmış nikah etibarsız hesab edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: - 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. - 233.1-ci maddəsinə əsasən, bu Məcəllənin 355-7.4-cü, 355-17.3-cü, 355-18.4-cü, 355-19.3-cü və 355-22.4-cü maddələrində qeyd olunan hallar istisna olmaqla, məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanunun 9.1.20-ci maddəsinə əsaəsn, məhkəmədə verilən iddialar üzrə - şəhid ailələri, müharibə veteranları, müharibə ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər, qaçqınlar və məcburi köçkünlər, habelə Çernobıl AES-də qəza nəticəsində şüa xəstəliyinə və şüa yükü ilə əlaqədar xəstəliyə tutulmuş və ya bu xəstəlikləri keçirmiş şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Məhkəmə işin hallarını nəzərə alaraq hesab edir ki, iddia tələbi təmin edilməli, İddiaçı ilə Cavabdeh arasında 1 saylı Bakı ASAN xidmət mərkəzi qeydiyyat şöbəsində xx.xx.2025-ci il tarixdə nikah haqqında akt qeydləri kitabında 485 nömrə ilə qeydə alınmış nikah etibarsız hesab edilməlidir. V. Nəticə: Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 233-cü, 358-360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. İddiaçı ilə Cavabdeh arasında 1 saylı Bakı ASAN xidmət mərkəzi qeydiyyat şöbəsində xx.xx.2025-ci il tarixdə nikah haqqında akt qeydləri kitabında 485 nömrə ilə qeydə alınmış nikah etibarsız hesab edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov 540) apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Səbinə Nuriyeva
Məhkəmə qərarları › İş №2(005)-4083/2025
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-4083/2025
14.01.2026 · Ailə münasibətləri üzrə mübahisələr - Nikahın etibarsız sayılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver