Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-4089/2022 22.12.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Tağıyeva Nərgiz Nazim qızının sədrliyi, Əliyeva Nurlana Sahib qızının katibliyi, İddiaçı nümayəndəsi Nümayəndə, Cavabdeh Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının nümayəndələri X1 və X2 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasına qarşı “təhsil haqqının geri qaytarılması və s.” tələbinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 2021-2022-ci tədris ilində aldadılaraq ödədiyi 1500 manat təhsil haqqının geri qaytarılması və ya bu məbləğin 2022- 2023-cü tədris ilinə hesablanması, ona qarşı korrupsiya faktlarının araşdırılması və məsələ mahiyyəti üzrə tam öz həllini tapana qədər tələbənin dərslərdən məcburi qaydada kənarlaşdırılmaması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında ödənişli əsaslarla təhsil alan “Tək mübarizə idman növləri fakültəsinin” 3-cü kurs tələbəsinin təhsili 2021-2022-ci tədris ilində uğursuzluqla nəticələnmişdir. Bir tərəfdən təhsil haqqını tədris mövsümünün başlanğıcında deyil, semestr imtahanları ərəfəsində ödədiyi üçün Akademiya rəhbərliyi tərəfindən məcburi olaraq dərslərdən kənarlaşdırılmış, digər tərəfdən MMA döyüş növü üzrə peşəkar yarışlarda və təlim məşq toplanışlarında iştirak etdiyi üçün dərslərdə iştirak edə bilməmişdir. Nəticədə o, qış və yay semestr imtahanlarına buraxılmamışdır. Ona növbəti tədris ilində 4-cü kursu bitirdikdən sonra 3-cü kursu yenidən oxuyacağı və şifahi olaraq 2021-2022 tədris ili üçün ödədiyi 1500 manat təhsil haqqının da batdığı bildirilmişdir. 4-cü kursu bitirdikdən sonra ona diplom verilmir və o, 1 il deyil, 1.5 illik həqiqi hərbi xidmətə çağırılır. Yalnız 1.5 illik hərbi qulluqdan sonra o, təhsil haqqını ödəməklə 3-cü kursu yenidən oxuyur və digər fənlərdən olan kəsirlərini də verdikdən sonra diplom alır. Bütün bunlar üçün də əlavə olaraq təhsil haqqı ödənilməlidir. 2021-2022-ci il tədris mövsümü ərzində fakultənin dekanı və qrupkom tərəfindən tələbədən təhsil haqqının ödənilməsi tələbi davamlı olaraq mobil telefon vasitəsi ilə həyata keçirilmişdir. Onu əmin etmişdilər ki, əsas məsələ təhsil haqqının tam həcmdə ödənilməsidir. Bütün digər problemlər ikinci dərəcəlidir və yalnız təhsil haqqı tam ödənildikdən sonra öz həllini tapacaqdır. Burada onu həyəcanlandıran digər məsələ də onun təhsillə paralel olaraq MMA döyüş növü üzrə peşəkar turnirlərdə iştirakı və intensiv məşq prosesləri olmuşdur. Bununla əlaqədar Azərbaycan Əsəd döyüş növləri mərkəzinin prezidenti X3 rəhbərliyinə xx.xx.2022-ci il tarixində göndərdiyi məktubda tələbənin xx.xx.2022 tarixindən etibarən dərslərdə iştirak edə bilməməsinin səbəblərini onun peşəkar yarışlarda iştirakı və intensiv məşq prosesləri ilə əlaqəli olduğunu bildirmişdir. Lakin Akademiya rəhbərliyi bunu əsasız saymış və qeyd etmişdir ki, yalnız olimpiya idman növləri ilə əlaqədar yarışlarda və təlim məşq toplanışlarında iştirak edən tələbələr Təhsil Nazirliyinin qərarı ilə dərslərdən azad olmaq hüququna malikdirlər. Akademiya rəhbərliyi onun gənc və sadəlövh olmasından istifadə edərək, peşəkar idmanla əlaqədar məsələlərdə əvvəlcədən məqsədyönlü şəkildə düzgün məlumatlandırmamışdır. Yalnız yay semestr imtahanları ərəfəsində Akademiya rəhbərliyi tərəfindən ödədiyi 1500 manat təhsil haqqı vəsaitinin batdığını və 3-cü kursu yenidən oxuyacağını anladıqdan sonra qalan 700 manat təhsil haqqını verməkdən imtina etmişdir. Hazırda aldandığına görə ödənilmiş 1500 manatın da geri qaytarılmasını tələb edir. Bir tərəfdən təhsil haqqını tədris ilinin başlanğıcında yox semestr imtahanları ərəfəsində ödədiyi üçün məcburi olaraq tədris prosesindən kənarlaşdırmaq, digər tərəfdən ondan təhsil haqqının tam ödənilməsini tələb etmək və sonra da ödədiyi təhsil haqqının batmasını bildirmək, onu peşəkar idman karyerası ilə bağlı məsələlərdə yanlış məlumatlandırmaq, diplom verməmək məqsədi ilə kursda saxlamaqla onu 1.5 illik həqiqi hərbi xidmətlə təhdid etmək onun təhsilinə və peşəkar idmançı karyerasına vurulan ikiqat zərbədir. Tələbəyə qarşı bu hərəkətlərin nəinki heç bir hüquqi bazası yoxdur, hətta bu hərəkətlər sosial bərabərsizlik prinsiplərinə əsaslanan sinfi düşmənçilik xarakteri də daşıyır. Tələbə və Akademiya arasında imzalanmış Müqavilənin 7.4-cü maddəsinə əsasən tələbə Akademiyadan xaric edilərsə, yalniz o halda ödədiyi təhsil haqqı geri qaytarılmır. Müqavilədə tələbəni təhsil haqqının ödənilməməsi ilə bağlı onu məcburi qaydada tədris prosesindən kənarlaşdırmaq barədə heç bir maddə yoxdur. Müqavilənin 3.2.3-cü maddəsinə əsəsən tələbə vəzifə və öhdəliklərini yerinə yetirmədikdə, semestr imtahanlarına buraxılmır. Təhsil haqqını məhz semestr imtahanları ərəfəsində ödəmişdir. Yalniz Akademiya rəhbərliyi tərəfindən aldandığını, ödədiyi 1500 manat təhsil haqqının batdığını və kursda qalacağını anladıqdan sonra qalan 700 manatı ödəməkdən imtina etmişdir. Tədris prosesindən kənarlaşdırılması Akademiyanın girişində quraşdırılmış turniketlər vasitəsi ilə mühafizə xidmətinin işçiləri tərəfindən məcburi qaydada həyata keçirilmişdir. Ona qarşı mühafizə xidməti tərəfindən tətbiq edilən bu hərəkətlər onun şərəf və ləyaqətini digər tələbələr qarşısında dəfələrlə alçatmışdır. Bu zaman ona Akademiya rəhbərliyinin bu barədə əmri təqdim edilməmişdir. Akademiya rəhbərliyi onun sosial cəhətdən həssas əhali qrupuna aid olan ailənin üzvü olmasından məharətlə istifadə edərək onu mənəvi cəhətdən sındırmağa çalışmış və bununla da 2021-2022-ci tədris ilində vəzifə səlahiyyətlərindən sui-istifadə etməklə istedadı olan gənc tələbəyə qarşı öz çirkin və qanunsuz niyyətini həyata keçirmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi Nümayəndə iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdeh Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının nümayəndəsi X5 bildirmişdir ki, müqavilə şərtlərinə və Nazirlər Kabnetinin qərarlarına əsasən tələbə ödənişi vaxtında etməli və dərslərdə iştirak etməlidir. Lakin iddiaçı ödənişi etməmişdir. Eyni zamanda iddiaçı dərslərdə iştirak edərək kəsir imtahanlarını verməlidir. Bizim tərəfimizdən yalnız milli komandanın idmançılarına davamiyyətlə bağlı güzəştlər edilir. İddiaçı milli komandanın üzvü deyildir. Hər il milli komandaya üzv olan tələbələrin siyahısı Akademiyaya göndərilir. İddiaçının adı həmin siyahıda qeyd edilməmişdir. Bu səbəbdən də ona güzəşt edilməsi mümkün deyildir. İddiaçı tərəfindən verilən iddia əsassızdır və rədd edilməlidir. Məhkəmə iclasında iştirak edən cavabdeh Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının nümayəndəsi X1 bildirmişdir ki, iddiaçı həm ödənişi ödəməkdən imtina edir, həm də dərslərdə iştirak etmir. İddiaçının atası bildirir ki, onun oğlu yarışlarda iştirak edir. Lakin bizim ancaq milli yığmanın komandasının üzvlərini Nazirlikdən gələn məktub əsasında dərslərdən azad etmək hüququmuz vardır. İddiaçı isə milli yığma komandasının üzvü deyildir. Demək olar ki dərslərin heç birində iştirak etməmiş və 80-dən çox kredit borcları yaranmışdır, bu səbəbdən də qanunvericiliyə əsasən həmin kredit borclarını vermədən imtahanlara buraxıla bilməz. İddianı əsassız hesab edərək onun rədd edilməsini məhkəmədən xahiş etmişdir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası ilə “tələbə” İddiaçı arasında bağlanmış xx.xx.2017-ci il tarixli müqavilənin surətindən görünür ki, “akademiya” “tələbə”yə əyani məşqçi ixtisası üzrə bilik verməyi, peşə bacarıqları və vərdişləri formalaşdırmağı, “tələbə” isə müqavilə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2005-ci il tarixli, 137 nömrəli Qərarı ilə təsdiq edilmiş Azərbaycan Respublikasının dövlət ali və orta ixtisas təhsili müəssisələrində təhsil haqqının ödənilməsi” Qaydaları ilə müəyyən edilmiş qaydada təhsil haqqını “akademiyaya” ödəməyi öhdəsinə götürür; Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının xx.xx.2019-cu il tarixli, T-143 nömrəli əmrinin surətindən görünür ki, tələbə İddiaçı xx.xx.2019-cu il tarixindən 1 il müddətinə akademik məzuniyyətə buraxılması, maliyyə şöbəsinin tələbənin 1100 manat məbləğində təhsil haqqı borcunun qeydiyyata alınmasını təmin etməsi əmr edilmişdir; Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının xx.xx.2020-ci il tarixli, T-89 nömrəli əmrinin surətindən görünür ki, tələbə İddiaçı akademik məzuniyyətinin 1 il uzadılması, təhsil ödənişləri ilə əlaqədar maliyyə şöbəsinin təqdim etdiyi arayışın nəzərə alınması əmr edilmişdir; Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının xx.xx.2021-ci il tarixli, T-50 nömrəli əmrinin surətindən görünür ki, xx.xx.2020-ci il tarixli, T-89 nömrəli əmrlə “Məşq və fiziki hazırlıq” fakultəsinin bakalvriat təhsil səviyyəsinin əyani təhsilalma formasının 2-ci tədris ilindən ailə vəziyyəti ilə əlaqədar akademik məzuniyyətə buraxılmış tələbə İddiaçı tədris planları arasında yaranan fənlərdən kredit borclarının təhsil müddətində ləğvi şərti ilə “Məşqçi (idman növü üzrə)” ixtisası üzrə əyani təhsilalma formasının ödənişli əsaslarla 2-ci tədris ilinin 119A24 qrupu (idman növü – Sərbəst güləş), 119A24-1 yarımqrupu, 119A-Sərbəst güləş-1 idman növü qrupu və 119A-Sərbəst güləş-1- 1 idman növü yarımqrupuna bərpa edilməsi əmr edilmişdir; Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının Təhsil Nazirliyinə və İddiaçı ünvanladığı xx.xx.2018-ci il tarixli, 549/R-02/10 nömrəli məktubun surətində qeyd edilmişdir ki, tələbə İddiaçı X4 xx.xx.2017-ci il tarixli, 10/Q nömrəli əmri ilə Akademiyaya ödənişli əsaslarla qəbul olmuş və müqavilə bağlanmışdır. Tələbə ilə bağlanmış müqavilənin 4.2-ci bəndinə əsasən tələbə təhsil aldığı tədris ilinin təhsil haqqını həmin tədris ilinin başlanmasınadək ödəməlidir. Həmin müqavilənin 3.2.2-ci bəndinə əsasən Akademiya təhsil haqqının vaxtında və müəyyən olunmuş həcmdə ödənilməsini tələb etmək hüququna malikdir. Bu səbəbdən tələbə dərslərdən kənarlaşdırılmışdır. İddiaçı təhsil haqqının ödənilməsindən azad edilməsi və ya təhsil haqqı məbləğində güzəşt edilməsi Akademiyanın səlahiyyətləri xaricindədir; Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının Təhsil Nazirliyinə və İddiaçı ünvanladığı xx.xx.2021-ci il tarixli, 604/R-02/10 saylı məktubda qeyd edilmişdir ki, İddiaçı 2020/2021-ci tədris ilinin payız semestri üçün təhsil haqqı xərclərinin dövlət büdcəsi hesabına ödənilməsi üçün e-telebe.edu.az elektron portalına müraciət etmiş və ona sosial baxımdan həssas əhali qrupuna aid ailənin üzvü olmadığı barədə xx.xx.2020-ci il tarixində cavab verilmişdir. Yenidən 2020/2021-ci tədris ilinin yaz semestri üçün təhsil haqqı xərclərinin dövlət büdcəsi hesabına ödənilməsi üçün e-telebe.edu.az elektron portalına müraciət etmiş və ona sosial baxımdan həssas əhali qrupuna aid ailənin üzvü olmadığı barədə xx.xx.2021-ci il tarixində cavab verilmişdir. İddiaçı təhsil haqqının ödənilməsindən azad edilməsi və ya təhsil haqqı məbləğində güzəşt edilməsi Akademiyanın səlahiyyətləri xaricindədir; Tələbə İddiaçı adına olan xx.xx.2021-ci il tarixli tələbənin fərdi tədris planının surətindən görünür ki, 2021-2022-ci il təhsil ili üçün 5-ci semestrda 26 kredit sayı, 6-cı semetrda 30 kredit sayı qeyd edilmiş və tələbə həmin tədris planını imzalamışdır; xx.xx.2022-ci il tarixli Tələbənin akademik borcu haqqında məlumatdan görünür ki, İddiaçı 83 kredit borcu yaranmışdır; xx.xx.2022-ci il tarixli, 292 nömrəli, tələbə İddiaçı maliyyə ödənişləri haqqında arayışın surətindən görünür ki, tələbə 2021/2022-ci tədris ili üzrə ümumilikdə 1500 manat pul ödəmiş, 700 manat təhsil haqqı borcu qalmışdır; xx.xx.2022-ci il tarixli, 599/R-04/10 nömrəli məktubun surətində qeyd edilmişdir ki, tələbə İddiaçı akademik məzuniyyətdən qayıdarkən təhsilinə fasilə verdiyi dövrdən dərslərə başlamışdır. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2013-cü il tarixli, 348 nömrəli qərarı ilə təsdiq edilmiş “Ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrində, əsas (baza ali) tibb təhsilində və Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsində kredit sistemi ilə tədrisin təşkili” Qaydalarının 2.2.23-cü maddəsinə əsasən fənn üzrə ayrılmış auditoriya saatlarının 25%-dən çoxunda iştirak etməyən tələbə həmin fəndən imtahana buraxılmır. Yalnız Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin Kollegiyası tərəfindən idman növləri üzrə təsdiq edilmiş yığma komandaların üzvləri olan idmançı tələbələr istisnalıq təşkil edir. Tələbə 2020/2021-ci tədris ilinin yaz semestrində bərpa olunduqdan sonra və 2021/2022ci tədris ili üzrə bütövlükdə dərslərdə qeyri-müntəzəm iştirak etmiş və nəticədə fənlər üzrə ayrılmış 25%-dən çoxunda iştirak etmədiyi üçün 22 fəndən 83 kredit borcu yaranmışdır. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2013-cü il tarixli, 348 nömrəli qərarı ilə təsdiq edilmiş “Ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrində, əsas (baza ali) tibb təhsilində və Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsində kredit sistemi ilə tədrisin təşkili” Qaydalarına uyğun olaraq tələbə həmin fənləri yenidən dinləməli və akademik borcları ləğv edilməlidir. Həmin Qanunun 4.3-cü bəndinə uyğun olaraq tələbə kredit borcu qalan fənləri təkrar dinlədikdə müvafiq ödənişi etməlidir. İşin mübahisələndirilməyən hallarından görünür ki, İddiaçı xx.xx.2017-ci il tarixdə Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının əyani şöbəsinə ödənişli şərtlərlə qəbul olmuşdur. Tərəflər arasında bağlanmış xx.xx.2017-ci il tarixli müqaviləyə əsasən Akademiya iddiaçıya əyani məşqçi ixtisası üzrə bilik verməyi, peşə bacarıqları və vərdişləri formalaşdırmağı, “tələbə” isə müqavilə ilə təsdiq edilmiş bir tədris ilinə görə 2200 manat pulu Akademiyaya ödəmiyi öhdəsinə götürmüşdür. İddiaçı xx.xx.2019-cu il tarixli əmrə əsasən akademik məzuniyyətə buraxılmış, xx.xx.2020-ci il tarixli əmrə əsasən akademik məzuniyyət 1 il müddətinə uzadılmış və 2020/2021-ci tədris ilinin yaz semestrində xx.xx.2021-ci il tarixli əmrə əsasən akademik məzuniyyətdən qayıtmışdır. İddiaçının 2021/2022-ci tədris ilindən 700 manat təhsil haqqı borcu və 83 akademik borcu vardır. Hazırda iddiaçı semestr üzrə imtahanlara buraxılmadığından 2021-2022-ci tədris ilində aldadılaraq ödədiyi 1500 manat təhsil haqqının geri qaytarılması və ya bu məbləğin 2022-2023-cü tədris ilinə hesablanmasını məhkəmədən xahiş edir. Məhkəmə tərəfindən işin müəyyən olunmuş hallarından göründüyü kimi, tərəflər arasında təhsil verilməsinə dair xidmət müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmışdır. Müqaviləyə əsasən cavabdeh ödənişli əsaslarla iddiaçıya təhsil proqramları əsasında bakalavr təhsil səviyyəsində ixtisası üzrə təhsil verməyi, iddiaçı isə seçdiyi ixtisas üzrə dövlət standartlarına uyğun təhsil almağı, hər tədris ili üçün 2200 manat məbləğində təhsil haqqını tədris ili başlayanadək təhsil müəssisəsinə ödəməyi, cədvəl üzrə dərslərdə iştirak etməyi və tədris kursunda göstərilmiş tapşırıqları yerinə yetirməyi öhdəsinə götürmüşdür. Qeyd olunmalıdır ki, xidmət müqaviləsi mülki hüquq qanunvericiliyi ilə tənzimlənən mülki-hüquqi müqavilə növlərindən biridir. Xidmət müqaviləsi üzrə görüləcək işin həcmi, məbləği, keyfiyyəti və xidmət haqqı kimi bir sıra əhəmiyyət kəsb edən hallar xidmət müqavilələrinin özəyini təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 390-cı maddəsinin 1-ci bəndinə əsasən, fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Mülki Məcəllənin 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 425-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür (MMin 442-ci maddəsi). Eyni Məcəllənin 752.1-ci maddəsinə uyğun olaraq podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir (MM-in 1091-ci maddəsi). İddiaçı ərizəsində 1500 manat təhsil haqqının qaytarılması tələbinin əsası kimi 2021- 2022-ci tədris ili üzrə semestr imtahanlarına buraxılmamasını göstərir. Bununla bağlı qeyd olunmalıdır ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2013-cü il tarixli, 348 nömrəli qərarı ilə təsdiq edilmiş “Ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrində, əsas (baza ali) tibb təhsilində və Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsində kredit sistemi ilə tədrisin təşkili” Qaydalarının 3.2.23-cü bəndinə əsasən fənn üzrə ayrılmış auditoriya saatlarının 25 faizindən çoxunda iştirak etməyən tələbə (Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin Kollegiyası tərəfindən idman növləri üzrə təsdiq edilmiş milli yığma komandaların üzvləri olan idmançı-tələbələr istisna olmaqla) həmin fəndən imtahana buraxılmır. Bu hədd ali təhsil müəssisəsi tərəfindən azaldıla bilər. Adıçəkilən Qaydaların 3.3.1-ci bəndinə görə ali təhsil müəssisəsinə və AMEA-nın magistratura səviyyəsinə yeni qəbul olunan tələbələrə birinci tədris ili üçün fakültə və AMEA-nın Elm və Təhsil İdarəsi tərəfindən fərdi tədris planı hazırlanır. Tələbə sentyabrın 10-dək həmin fərdi tədris planını almalıdır. Fərdi tədris planında tələbə sentyabrın 10-dək düzəlişlər edə bilər. Fərdi tədris planı təhsil müəssisəsi tərəfindən tədris ilinin başlanğıcına qədər təsdiq edilir. Tələbə öz fərdi tədris planını tərtib edərkən, bu Qaydalarla tanış olmalı və buradakı tələblərə ciddi riayət etməlidir. Təhsil zamanı tələbə fərdi tədris planına ciddi riayət etməklə, tədris olunan fənləri mənimsəməyə borcludur (Qaydaların 4.1 və 4.2-ci maddələri). Hazırki iş üzrə 2021-2022-ci illər üçün tələbənin fərdi tədris planı xx.xx.2021-ci il tarixdə tərəflərin imzası ilə təsdiq edilmişdir. Həmin tədris planında həmçinin V semestr üzrə 26 kredit sayı, Vİ semestr üzrə 30 kredit sayı olduğu barədə məlumat əks edilmişdir. Tərəflər arasında bağlanmış müqavilənin 4.2-ci bəndinə görə isə növbəti tədris ilində tələbə təhsil aldığı tədris ilinin təhsil haqqını həmin tədris ilinin başlanmasınadək ödəməlidir. Həmçinin müqavilənin 3.2.2 və 3.3.3-cü bəndlərinə əsasən Akademiya tələbədən müvafiq qaydalara uyğun olaraq təhsil haqqının vaxtında və müəyyən olunmuş həcmdə ödənilməsini tələb etmək hüququna malikdir. Tələbə isə Akademiya tərəfindən müəyyən edilmiş qaydalara uyğun olaraq təhsil haqqını vaxtında və tələb olunan həcmdə ödəmək vəzifəsi daşıyır. Eyni zamanda tələbə müqavilənin 3.3.5 və 3.3.12-ci bəndlərinə uyğun olaraq, cədvəl üzrə dərslərdə iştirak etmək və tədris kursunda göstərilmiş tapşırıqları yerinə yetirmək, akademiyada tədris prosesi zamanı kredit borcu yarandıqda kredit borcu yaranmış hər bir fənni yenidən öyrənmək öhdəliklərini öz üzərinə götürmüşdür. Göründüyü kimi, iddiaçı seçdiyi ixtisas üzrə hər tədris ili üçün 2200 manat məbləğində təhsil haqqını tədris ili başlayanadək təhsil müəssisəsinə ödəməyi, cədvəl üzrə dərslərdə iştirak etməyi, tədris kursunda göstərilmiş tapşırıqları yerinə yetirməyi, tədris fənləri üzrə yaranmış akademik borclarını müəyyən edilmiş qaydada ödəməyi öhdəsinə götürmüşdür. Lakin iddiaçı tədris planına uyğun dərslərdə iştirak etməmiş, bunun səbəbi kimi məşqlərdə və yarışlarda olmasını göstərmişdir. Yuxarıda qeyd edilən Qaydaların tələblərinə uyğun olaraq isə fənn üzrə ayrılmış auditoriya saatlarının 25 faizindən çoxunda iştirak etməyən tələbə həmin fəndən imtahana buraxılmır. Qanunverici müvafiq məsələdə yalnız Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin Kollegiyası tərəfindən idman növləri üzrə təsdiq edilmiş milli yığma komandalarının üzvləri olan idmançı-tələbələrə güzəşt edərək müəyyən olunmuş qaydada dərslərdə iştirak etməməyə icazə vermişdir. İddiaçı məhkəmə iclasında milli yığma komandasının üzvü olmadığını, peşəkar idmanla məşğul olduğuna görə federasiyadan təhsil müəssisəsinə arayış gətirərək dərslərdən azad olunacağını güman etdiyini və federasiyadan arayış gətirəcəyi və təhsil haqqını ödəyəcəyi təqdirdə imtahanlara buruxılacağı barədə Akademiyanın rəhbərliyi tərəfindən ona yanlış məlumat verildiyini, bu səbəbdən 1500 manat təhsil haqqını ödədiyini bildirmişdir. Lakin iddiaçı rəhbərlik tərəfindən aldadıldığından təhsil haqqını ödədiyini yalnız izahatlarında bildirməklə kifayətlənmiş, buna dair hər hansı bir sübut təqdim etməmişdir. Beləliklə, Akademiya ilə iddiaçı arasında tədris planı təsdiq edildiyindən və iddiaçı müqaviləyə əsasən təhsil haqqını tədris ili başlananadək ödəmək öhdəliyi daşıdığından iddiaçının təhsil haqqının geri qaytarılması və ya əvəzləşdirilməsi tələbi əsaslı deyildir. Belə ki, Akademiya müqavilə üzrə üzərinə düşən öhdəliyi icra etməsinə baxmayaraq cavabdeh 2021-2022-ci tədris ili üzrə 1500 manat ödəniş etmiş, həmin tədris ili üzrə dərslərin əksəriyyətində, 25 faizindən çoxunda iştirak etməmiş, eyni zamanda 83 fənn üzrə kredit borcu yaranmış, bu səbəbdən də imtahanlara buraxılmamışdır. İddiaçının məsələ mahiyyəti üzrə öz həllini tapanadək onun dərslərdən məcburi qaydada kənarlaşdırılmaması barədə qərar qəbul edilməsi tələbi ilə əlaqədar məhkəmə qeyd edir ki, tərəflər arasında bağlanmış müqavilə üzrə hər bir tərəf öz öhdəliyini icra etməyi öhdəsinə götürmüşdür. Müqavilənin 5.3-cü bəndinə görə isə tələbə tərəfindən bu Müqavilə üzrə hər hansı bir öhdəlik icra edilmədiyi halda Akademiya öz öhdəliklərini təmin etməkdən imtina etmək hüququna malikdir. Eyni zamanda Mülki Məcəllənin 441.2 və 441.3-cü maddələrinə uyğun olaraq, mükəlləfiyyətli tərəf müqavilədə şərtləşdirilmiş öhdəliyin icrasını həyata keçirmədikdə və ya həmin icranın müəyyənləşdirilmiş müddətdə həyata keçirilməyəcəyini aşkar edən hallar olduqda qarşılıqlı icra öhdəsinə düşən tərəf öz öhdəliyinin icrasını dayandıra bilər və ya öhdəliyin icrasından imtina edib zərərin əvəzinin ödənilməsini tələb edə bilər. Əgər müqavilədə şərtləşdirilmiş öhdəliyin icrası tam həcmdə həyata keçirilməzsə, qarşılıqlı icra öhdəsinə düşən tərəf öz öhdəliyinin icrasını dayandıra bilər və ya həyata keçirilməmiş icraya müvafiq hissədə icradan imtina edə bilər. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, cavabdeh müqavilənin hər hansı şərtini pozmamış, müqavilə üzrə ona verilmiş hüquqlardan istifadə edərək razılaşdırılmış şərtlərə uyğun şəkildə hərəkət etmişdir. Bu səbəbdən iddia həmin hissədə də təmin edilə bilməz. Mülki Məcəllənin 448.1 və 448.2-ci maddələrinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. Mülki Məcəllənin sadalanan maddələrinin məzmunundan göründüyü kimi, borclu özünün risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün, öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. İddiaçının məhkəmədə öz təsdiqini tapan halları təkzib etmək üçün istinad etdiyi dəlillər isə heç bir sübut növü ilə təsdiq edilməməklə əsassızdır və mülahizə xarakter daşıyır. Belə ki, hazırki işdə cavabdeh tərəfindən öhdəliyin pozulmasına səbəb ola biləcək qanuna zidd hərəkətə (hərəkətsizliyə) yol verilməsi faktını tərəflərin məhkəməyə təqdim etdiyi sənədlərə əsasən müəyyən etmək mümkün olmamışdır. Halbuki Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 217.3 və 217.4-cü maddələrinə əsasən mahiyyəti üzrə işə baxan məhkəmə tərəfindən qətnamə tərəflərin məntiqi izahı əsasında deyil, yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə etməklə, məhkəmə iclasında müəyyən edilmiş həqiqi hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılır. Məhkəmə eyni zamanda hesab edir ki, cavabdeh tərəfindən hər hansı hüquqa zidd əmələ yol verilmədiyi müəyyən olunduğundan, iddia korrupsiya faktının araşdırılması hissəsində də təmin oluna bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 265.4-cü maddəsinin tələblərinə görə məhkəmə işə baxarkən, tərəflərin və ya digər şəxslərin hərəkətlərində cinayətin əlamətlərini aşkara çıxararsa, o, bu barədə xüsusi qərardad çıxarmaqla prokurora xəbər verir. Göründüyü kimi işdə iştirak edən şəxslərin bildirməsindən asılı olmayaraq, məhkəmə tərəfindən xüsusi qərardad çıxarılmasının məqsədi tərəflərin və ya digər şəxslərin hərəkətlərindəki cinayətin əlamətlərinin prokurorun diqqətinə çatdırılmasıdır. Lakin mülki işin araşdırılması zamanı xüsusi qərardad çıxarılması üçün hər hansı əsaslar müəyyən edilməmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu N.Məmmədovanın şikayəti üzrə 31 yanvar 2006-cı il tarixli Qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. Beləliklə, məhkəmə iş materiallarında olan sübutlara məcmu halda qiymət verərək hesab edir ki, İddiaçı cavabdeh Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasına qarşı “təhsil haqqının geri qaytarılması və s” tələbinə dair iddiası təmin edilməməlidir. İş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdeh Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasına qarşı “təhsil haqqının geri qaytarılması və s” tələbinə dair iddiası təmin edilməsin. İş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nərgiz Tağıyeva
Məhkəmə qərarları › İş №2(005)-4089/2022
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-4089/2022
22.12.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver