Məhkəmə qərarları › İş №2(005)-4104/2022

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-4104/2022

16.12.2022 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-4104/2022 16.12.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Novruzova Aytən Nazim qızının sədrliyi, Nəsibova Təhminə Nizami qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh Mənzil Tikinti Kooperativinə qarşı “mənzilin təhvil verilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı Cavabdeh Mənzil Tikinti Kooperativinə qarşı “mənzilin təhvil verilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MTK tərəfindən ünvan 1 ünvanında tikdiyi 6 bloklu çoxmərtəbəli yaşayış binasının 1-ci blok, 10-cu mərtəbəsində 3 otaqlı, ümumi sahəsi 145 kv/m olan 62 nömrəli mənzilin iddiaçıya təhvil verilməsi və mənzildə təmir işləri aparılmasına maneə yaradılmaması öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, ünvan 1 ünvanında tikdiyi 6 bloklu çoxmərtəbəli yaşayış binasının 1-ci blok, 10-cu mərtəbəsində 3 otaqlı ümumi sahəsi 145 kv/m olan mənzilin alınması ilə bağlı Cavabdeh MTK ilə iddiaçı arasında bağlanmış 10 iyun 2018-ci il tarixli, 49 saylı müqavilə bağlanmışdır. Ona Cavabdeh MTK-nə pay haqqının tam ödənilməsini təsdiq edən maliyyə arayışları təqdim edilmişdir. Cavabdeh MTK ilə bağlanmış həmin müqavilələrin 12-ci bəndinin tələbinə əsasən, mənzilin dəyəri tam ödənilmədən onun daxilində hər hansı təmir tikinti işləri aparmaq qəti qadağandır. Həmin mənzildə təmir işləri aparmaq üçün mənzilin açarının ona təhvil verilməsini dəfələrlə Cavabdeh MTK-dan xahiş etsə də, bugünədək mənzilin açarları təhvil verilməmişdir. Cavabdehə dəfələrlə müraciət olunmasına, məsələnin məhkəmədən kənar qaydada həll edilməsi üçün mümkün olan bütün tədbirlərin görülməsinə baxmayaraq, cavabdeh bugünədək mənzilin açarları təhvil verilməmişdir. Cavabdehə göndərilmiş pretenziya (xəbərdarlıq) məktubu da cavabsız qalmışdır. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili Vəkil iddia tələbinin məzmununa uyğun izahat verib, məhkəmədən iddia tələbinin təmin olunması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Cavabdeh MTK məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilsədə, nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Bu səbəbdən məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia tələbinin dəlillərini, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki: bir tərəfdən Cavabdeh MTK-nın sədri X1 və digər tərəfdən “alıcı” adlanacaq İddiaçı arasında bağlanmış 10 iyun 2018-ci il tarixli, 49 nömrəli müqavilənin surətindən və məzmunundan görünür ki, “Alıcı” Cavabdeh MTK-nın ünvan 1 ünvanda tikdiyi 6 bloklu çoxmərtəbəli yaşayış binasının 1 blok 10 mərtəbəsində 3 otaqlı 62 №-li mənzili almaq üçün “Satıcı“ya müraciət edərək müqavilə bağlayır (1-ci bənd). Cavabdeh MTK-nın ünvan 1 ünvanda layihə-smeta sənədlərinə uyğun tikdiyi yaşayış binasının 1 blok 10 mərtəbəsində 3 otaqlı 62 №-li mənzilin sahəsi 145.0 kv.m təşkil edir (2-ci bənd). Cavabdeh MTK-nın həmin ünvanda layihə-smeta sənədlərinə əsasən tikdiyi yaşayış binasında 3 otaqlı mənzildə şərti qəbul edilmiş hər bir kv.m sahəsinin ilkin dəyəri 793 manatdır (3-cü bənd) “Alıcı” bütün ödənişləri 6-cı bənddə göstərilən müddətdə və həcmdə həyata keçirməyə borcludur, əks halda “Satıcı” ödənilən məbləğin 80%-ni “Alıcı”ya qaytarmaq şərti ilə onu “Alıcı”lar siyahısından xaric etməyə və bu müqaviləni ləğv etmək hüququna malikdir (8-ci bənd); Cavabdeh MTK-nın maliyyə arayışdan görünür ki, iddiaçı müqaviləyə əsasən üzərinə düşən öhdəliyi yerinə yetirərək,115,000 (bir yüz on beş min) manat məbləği tam şəkildə ödəmişdir. xx.xx.2022-ci il tarixli pretenziya məktubunun məzmunundan görünür ki, ünvan 2 ünvanında tikdiyi 6 bloklu çoxmərtənəli yaşayış binasının 1-ci blok , 10-cu mərtəbəsində 3 otaqlı, ümumi sahəsi 145 kv/m olan mənzilin alınması ilə bağlı Cavabdeh MTK ilə arasında bağlanmış 10 iyun 2018-ci il tarixli, 49 saylı müqavilə bağlanmışdır. Ona Cavabdeh MTK-ya pay haqqının tam ödənilməsini təsdiq edən maliyyə arayışları təqdim edilmişdir. Cavabdeh MTK ilə bağlanmış həmin müqavilələrin 12-ci bəndinin tələbinə əsasən, mənzilin dəyəri tam ödənilmədən onun daxilində hər hansı təmir tikinti işləti aparmaq qəti qadağandır.Həmin mənzildə təmir işləri aparmaq üçün mənzilin açarının ona təhvil verilməsini dəfələrlə Cavabdeh MTK-dan xahiş etsə də, bugünədək mənzilin açarları təhvil verilməmişdir. Qeyd olunanlara əsasən ünvan 1 ünvanında tikdiyi 6 bloklu çoxmərtəbəli yaşayış binasının 1-ci blok, 10-cu mərtəbəsində 3 otaqlı, ümumi sahəsi 145 kv/m olan mənzilin ona təhvil verilməsini və mənzildə təmir işlərinin aparılmasına yaradılan maneələrin aradan qaldırılmasını xahiş etmiş , əks təqdirdə Cavabdeh MTK yuxarıda qeyd edilən tələblərlə bağlı məhkəməyə müraciət olunacağı barədə xəbərdar edilmişdir. xx.xx.2022-ci il tarixli mədaxil qəbzindən görünür ki, İddiaçı məhkəmədə iddia qaldırmaq üçün 100 (bir yüz) manat məbləğində dövlət rüsumu ödəmişdir. Məhkəmə iddia tələbinə mülki və mülki prosessual qanunvericiliyin tələblərinə uyğun hüquqi qiymət verilməsini zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 5-ci maddəsinə əsasən istər sahibkarlıq fəaliyyəti ilə məşğul olan, istərsə də məşğul olmayan hər hansı fiziki və ya hüquqi şəxslər mülki hüquq münasibətlərinin subyektləri ola bilərlər. Dövlət hakimiyyəti orqanlarının və yerli özünüidarə orqanlarının digər şəxslərlə mülki hüquq münasibətləri, qanunda ayrı qayda nəzərdə tutulmayıbsa, mülki qanunvericiliklə tənzimlənir. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar; 14.2.1-ci maddəsinə əsasən qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələrin əmələ gəlməsinin əsasıdır; 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır; 390.1-ci maddəsinə əsasən, fiziki və hüquq şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər; 390.5-ci maddəsinə əsasən, müqavilə şərtləri tərəflərin istəyi ilə müəyyənləşdirilir; 405.1-ci maddəsinə əsasən tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır; 421.2-ci maddəsinə əsasən, tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur; 422.1-ci maddəsinə əsasən tərəflərin müqavilə bağlayarkən əsas götürdükləri şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa və ya onun mahiyyətindən ayrı qayda irəli gəlmirsə, onun dəyişdirilməsinə əsas verir. Şəraitin dəyişməsi o halda əhəmiyyətli sayılır ki, əgər tərəflər bu dəyişməni ağlabatan şəkildə əvvəlcədən görə bilsəydilər, müqaviləni əhəmiyyətli dərəcədə fərqlənən şərtlərlə bağlayar və ya ümumiyyətlə, bağlamazdılar, şərtlərin müqavilənin əsasında durmuş təsəvvürlərinin yanlış çıxması şəraitin dəyişməsinə bərabər tutulur; 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir; 427.3-cü maddəsinin tələblərinə görə, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir; 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 445.2. və 445.2.1-ci maddələrinə əsasən, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır; 448.1-ci maddəsinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 448.4-ci maddəsinə əsasən borclu öhdəliyin pozulmasına görə bu şərtlə məsuliyyət daşımır ki, pozuntunun onun cavabdeh olmadığı haldan irəli gəldiyini və müqavilə bağlanarkən onun həmin halı nəzərə ala biləcəyini, yaxud bu halı və ya onun nəticələrini istisna edə və ya aradan qaldıra biləcəyini gözləməyin mümkün olmadığını sübuta yetirsin. Borclu maneədən xəbərdardırsa və ya xəbərdar olmalıdırsa, həmin maneə və icra qabiliyyətinə onun təsiri barədə kreditora dərhal məlumat verməlidir. Əgər kreditor məlumatı dərhal almazsa, borclu məlumatın vaxtında alınmaması ilə əlaqədar kreditorun düşdüyü zərər üçün məsuliyyət daşıyır; Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, Cavabdeh Mənzil Tikinti Kooperativi ilə İddiaçı arasında 10 iyun 2018-ci il tarixli, 49 nömrəli müqaviləyə əsasən Cavabdeh Mənzil Tikinti Kooperativi ünvan 1 ünvanında tikdiyi 6 bloklu çoxmərtəbəli yaşayış binasının 1-ci blok, 10-cu mərtəbəsində 3 otaqlı, ümumi sahəsi 145 kv/m olan mənzili “mülkiyyətçi”nin mülkiyyətinə verməyi öhdəsinə götürür (1-ci maddə). Alıcının bu müqavilədə nəzərdə tutulan mənzil tikintisi ilə əlaqədar hər dəfə köçürdüyü məbləğ, onun üçün tikiləcək 3 otaqlı mənzilin ümumi məbləğində daxil edilir və ödənişlər cavabdeh tərəfindən rəsmiləşdirilərək, Alıcı İddiaçı ödəniş qəbzi verilir.(7-ci maddə) Mənzilin tam dəyərini ödəmədən onun daxilində hər hansı təmir tikinti işləri aparmaq qəti qadağandır.(10-cu maddə) Maliyyə arayışından görünür ki, İddiaçı mənzilin tam dəyəri 115.000 (bir yüz on beş min) manat məbləği ödəmişdir.Bu səbəbdən müqavilə üzrə mənzili “Alıcı” İddiaçı təhvil vermək Cavabdeh Mənzil Tikinti Kooperativinin vəzifəsidir. Qanunvericiliyin yuxarıda qeyd edilən normalarının tələblərindən də göründüyü kimi, tərəflər (fiziki və hüquq şəxslər) azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Eyni zamanda, müqavilə şərtləri tərəflərin istəyi ilə müəyyənləşdirilir və tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Qeyd edilməlidir ki, müqavilə azadlığı tərəflərin öz iradə ifadələrini əks etdirməklə bağlanılır və heç kimi hər hansı bir öhdəlik vəzifəsi kimi müqavilə bağlanılmasına məcbur edilə bilməz. İddiaçı tərəfindən iddia ərizəsində irəli sürülən tələblər məhkəmə araşdırmasında öz hüquqi təsdiqini tapdığından, İddiaçı ilə Cavabdeh Mənzil Tikinti Kooperativi arasında bağlanmış 10 iyun 2018-ci il tarixli, 49 nömrəli müqavilə üzrə öhdəliyin icrası təmin olunmalıdır. İddia tələbinin «mənzildə təmir işləri aparılmasına maneə yaradılmaması öhdəliyinin cavabdehə həvalə edilməsi» hissəsində məhkəmə iddia tələbiniəsaslı hesab edir. Beki ki, qeyd olunan tələb əsas tələbdən asılı olmaqla, mübahisəli mənzilin verilməsi öhdəliyi Cavabdeh Mənzil Tikinti Kooperativinin üzərinə qoyulduğundan, mənzildən istifadə etməsi üçün iddiaçıya yaradılan maneələr də aradan qaldırılmalıdır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia ərizəsi təmin edilməli, İddiaçı ilə Cavabdeh Mənzil Tikinti Kooperativi arasında bağlanmış 10 iyun 2018-ci il tarixli, 49 nömrəli müqavilə üzrə öhdəliyin icrası təmin olunmalı, iddiaçı mənzilin dəyərinin tam döənilməsi müqabilində ünvan 1 ünvanında tikdiyi 6 bloklu çoxmərtəbəli yaşayış binasının 1-ci blok, 10-cu mərtəbəsində 3 otaqlı, ümumi sahəsi 145 kv/m olan mənzilin verilməsi öhdəliyi Cavabdeh Mənzil Tikinti Kooperativinin üzərinə qoyulmalı, mənzildə təmir işləri aparılmasına maneə yaradılmaması öhdəliyi cavabdehə həvalə edilməlidir. Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən tələb olunmadığından iddiaçı tərəfindən ödənilmiş 100 manat (dövlət rüsumu) iddiaçıya aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. İddiaçı ilə Cavabdeh Mənzil Tikinti Kooperativi arasında bağlanmış 10 iyun 2018-ci il tarixli, 49 saylı müqavilə üzrə ünvan 1 ünvanında tikdiyi 6 bloklu çoxmərtəbəli yaşayış binasının 1-ci blok, 10-cu mərtəbəsində 3 otaqlı, ümumi sahəsi 145 kv/m olan 62 nömrəli mənzilin İddiaçı təhvil verilməsi öhdəliyi Cavabdeh Mənzil Tikinti Kooperativinin üzərinə qoyulsun. Qeyd olunan mənzildə təmir işləri aparılmasına maneə yaradılmaması öhdəliyi Cavabdeh Mənzil Tikinti Kooperativinə həvalə edilsin. İş üzrə ödənilmiş 100 manat dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən tərəfə rəsmi təqdim olunan gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Aytən Novruzova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar