Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-4120/2022 05.12.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Tağıyeva Nərgiz Nazim qızının sədrliyi, Əliyeva Nurlana Sahib qızının katibliyi, İddiaçı vəkili və nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “yaşayış sahəsindən istifadə hüququnun itirilmiş hesab edilməsi” tələbinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh onun mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən mənzildən istifadə hüququna xitam verilməsi və 378,25 manat məbləğində məhkəmə xərclərinin cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə təqdim edərək, Cavabdeh onun mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən mənzildən istifadə hüququnun itirilmiş hesab edilməsi və 378,25 manat məbləğində məhkəmə xərclərinin Cavabdeh tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, daşınmaz əmlakın alqı-satqısını xx.xx.2019-cu il tarixdə Bakı şəhəri 50 saylı Notariat ofisində AN-İ № ******* nömrəli . müqavilə ilə rəsmiləşdirməklə satıcı X4 məxsus, ünvan 2 ünvanında yerləşən, ümumi sahəsi 29,42 kv.m. olan, 1 otaqlı mənzili X1 almışdır. Mənzil üzərində mülkiyyət hüququ xx.xx.2019-cu il tarixdə dövlət qeydiyyatına alınmış və bu barədə çıxarış verilmişdir. Müqavilənin 4-cü bəndinə əsasən alıcı mənzili satıcıdan 52500 manat qiymətinə satın almış və müqavilənin 5-ci bəndində nəzərdə tutulmuş qaydada həmin məbləği satıcıya notariusun bankda açılmış depozit hesabı vasitəsi ilə ödəmişdir. Müqavilənin 8-ci bəndinə görə satıcı alıcıya üçüncü şəxslərin hüquqlarından azad daşınmaz əmlak verməyi öhdəsinə götürmüşdür. Satıcının oğlu Cavabdeh xx.xx.2019-cu il tarixdə Bakı şəhəri 15 saylı Notariat ofisində təsdiqlənmiş qaydada mənzilin satılmasına etiraz etmədiyi barədə ərziə vermiş, yəni mənzilin satılmasına razlıq vermişdir. Satıcı mənzili bir ay müddətində, yəni xx.xx.2019-cu il tarixədək alıcıya təhvil verməyi və qeydiyyatdan çıxmağı öhdəsinə götürmüşdür. Satıcının oğlu, hazırki işdə cavabdeh olan Cavabdeh müqavilə şərtlərini pozaraq, mənzildə faktiki yaşamasa da, oradan yaşayış yeri üzrə qeydiyyatdan çıxmamışdır. Yəni mənzil faktiki olaraq 2019-cu ilin sentyabr ayndan təhvil verilmişdir. Amma cavabdeh yaşayış yeri üzrə həmin mənzildə qeydiyyatda qalmışdır. Cavabdehin ona məxsus mənzildə qeydiyyatda qalması onun mənzildən tam istifadəsinə və sahibliyinə mane olur və mənzilə dair sərəncam vermək imkanlarını məhdudlaşdırır. Bununla da cavabdeh onun qanuni hüquqlarının həyata keçirilməsini məhdudlaşdırır və mane olur. Bu səbəbdən məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Bundan başqa 101 manat dövlət rüsumu və bank xidməti haqqı, vəkil xidməti üçün ödənilmiş 160 manat, nümayəndəyə etibarnamə verilməsi üçün 17,25 manat, habelə uçota alınması mümkün olmayan xərclərə görə (vaxt itkisinə görə məhkəməyə gəlib-getmək üçün, nəqliyyat xərcləri, mobil telefon rabitəsindən istifadəyə görə və sair) ağlabatan məbləğ hesab edilə biləcək 100 manat, cəmi 378,25 manatın Cavabdeh tutularaq ona ödənilməlidir. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Vəkil iddianı müdafiə edərək iddianın təmin edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, heç bir üzrlü səbəb təqdim etmədən məhkəmə iclasında iştirak etməmiş və iştirak etməməsinin səbəbi barədə məlumat verməmişlər. Məhkəmə Mülki Prosessual Məcəllənin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyərək və işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək hesab edir ki, iddia aşağıda qeyd olunanlara əsasən qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Azərbaycan Respublikası DƏDRX-nın hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, Tarıverdiyev küçəsi, 3 saylı evin 45 saylı mənzili X3 adına daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2008-ci il tarixdə qeydiyyata alınmışdır; “Satıcı” X5 ilə “alıcı” İddiaçı arasında bağlanmış xx.xx.2019-cu il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin surətindən görünür ki, “satıcı” ünvan 3 ünvanında yerləşən mənzili “alıcı”-ya 52500 manat dəyərində satmışdır. Həmin müqavilənin 8-ci bəndinə əsasən satıcı alıcıya üçüncü şəxslərin hüquqlarından azad daşınmaz əmlak verməyi öhdəsinə götürmüşdür; Nərimanov rayonu Mənzil Kommunal Təsərrüfatı Birliyi 43 saylı MKİS-in xx.xx.2022ci il tarixli, 53/366 nömrəli arayışından görünür ki, ünvan 4 ünvanda Cavabdeh xx.xx.2016cı il tarixdən qeydiyyatdadır; Cavabdeh Bakı şəhəri 15 saylı notariat ofisində yazdığı ərizənin surətindən görünür ki, o, X4 məxsus ünvan 5 ünvanında yerləşən mənzilin satılmasına etiraz etmədiyini qeyd etmişdir; Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nın hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, Tarıverdiyev küçəsi, 3 saylı evin 45 saylı mənzili üzərində İddiaçı xüsusi mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2019-cu il tarixdə qeydiyyata alınmışdır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası DİN-nin Nərimanov Rayon Polis İdarəsinin xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, qanunvericiliyin tələblərinə əsasən vətəndaşların qeydiyyatdan çıxarılma məsələləri onların səlahiyyətləri daxilində olmadığından pasport qeydiyyatında olan vətəndaşların qeydiyyatdan çıxarılması tərəflərindən mümkün deyildir. Məsələ ilə bağlı məhkəməyə müraciət edilməsi tövsiyyə edilmişdir. İşin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından görünür ki, İddiaçı ilə cavabdehin anası X5 arasında Bakı şəhəri, Nərimanov rayonu, Ş.Rəhimov (Tarıverdiyev) küçəsi, ev 3, 45 saylı mənzilə dair alğı-satqı müqaviləsi bağlanmış və müvafiq çıxarış əsasında iddiaçının mübahisəli mənzil üzərində mülkiyyət hüququ yaranmışdır. Cavabdeh isə həmin mənzilin keçmiş sakini olmuş və mənzil iddiaçıya satılan zaman mənzilin satılmasına razılıq vermişdir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinə əsasən mülkiyyətçinin hüquqları qanunla qorunur. Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrinə əsasən yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat icazə xarakteri daşımır və yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola bilər. Həmin Qanunun 2-ci maddəsinə görə şəxsin yaşayış yeri dedikdə tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana və sair digər bu kimi yaşayış yerləri başa düşülür. Göstərilən Qanunun 5 və 9-cu maddələrinə əsasən yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra 10 gündən gec olmayaraq qeydiyyata alınması üçün müvafiq icra hakimiyyəti orqanına müraciət etməlidir. Yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında müvafiq icra hakimiyyəti orqanları tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan çıxarılır. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24 sentyabr 2020-ci il tarixli Qərarında göstərilmişdir ki, yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi barədə qətnamələr şəxsin yaşayış sahəsindən istifadə hüququ mövcud olduğu hallarda belə iddialara baxılması ilə əlaqədardır. Bu zaman şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması onun həmin yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi ilə baş verir. Müraciətedənin mənzildən qeydiyyatdan çıxarılma üçün bütün hallarda mənzildən istifadə hüququna xitam verilməsinə dair qətnamənin olması mövqeyi ilə əlaqədar qeyd edilməlidir ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu maddəsinin birinci hissəsinin 5-ci bəndinin müddəaları onu göstərir ki, məhkəmələr bu növ iddialara baxarkən, hər bir halda şəxsin həmin yaşayış sahəsində yaşayıb-yaşamaması, istifadə hüququnun mövcud olub-olmaması məsələsini araşdırmalıdır. Belə ki, istifadə hüququ mövcud olmadığı halda ona xitam verilməsi məsələsindən də söhbət gedə bilməz. Beləliklə, məhkəmə iclasında toplanmış sübutlar əsasında müəyyən edilmişdir ki, iş üzrə cavabdeh iddiaçının xüsusi mülkiyyətində olan Bakı şəhəri, Nərimanov rayonu, Ş.Rəhimov (Tarıverdiyev) küçəsi, ev 3, 45 saylı mənzilində qeydiyyatda olsa da, faktiki olaraq həmin ünvanda yaşamır və onun mübahisəli yaşayış sahəsinə qeydiyyatı formal xarakter daşımaqla hər hansı bir hüquqi nəticəyə səbəb olmamışdır. Məhkəmə həmçinin hesab edir ki, iddia məhkəmə xərclərinin tutulması hissəsində də qismən əsaslıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Həmçinin Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə uyğun olaraq məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş materiallarından görünür ki, iddiaçı tərəfindən ona hüquqi yardım göstərilməsi üçün 6 saylı vəkil bürosunun hesabına 160 manat məbləğində pul köçürülmüşdür. xx.xx.2022-ci il tarixli etibarnamədən görünür ki, vəkilə etibarnamə verilməsi üçün 17,25 manat məbləğində ödəniş edilmiş, eləcə də məhkəmədə iddia verilməsi üçün 100 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Məhkəmə vəkilə ödənilmiş 160 manat pulun ağlabatan məbləğ olduğunu, iddiaçının öhdəliyin icra edilməməsi nəticəsində çəkdiyi xərclərin, həmçinin ödənilmiş dövlət rüsumunun əvəzini tələb etmək hüququna malik olduğunu nəzərə alaraq hesab edir ki, iddia həmin hissələrdə təmin edilməlidir. İddiaçının uçota alınması mümkün olmayan xərclərə görə (vaxt itkisinə görə məhkəməyə gəlib-getmək üçün, nəqliyyat xərcləri, mobil telefon rabitəsindən istifadəyə görə və sair) ağlabatan məbləğ hesab edilə biləcək 100 manat pulun tutulması tələbi ilə bağlı məhkəmə qeyd edir ki, Mülki Prosessual Məcəllənin 115.0.4-cü maddəsinə uyğun olaraq, tərəflərin və üçüncü şəxslərin məhkəməyə gəlmələri ilə əlaqədar yol xərcləri və yaşayış sahəsinin icarə xərcləri işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. Bu baxımdan məhkəmə tərəfin yol xərcinə görə 20 manat məbləği ağlabatan məbləğ hesab edir və iddianın həmin hissədə təmin edilməsi, qalan 80 manat hissəsində isə hər hansı bir sübut təqdim olunmadığından təmin edilməməsi qənaətinə gəlir. Beləliklə, məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, cavabdehin mübahisəli Bakı şəhəri, Nərimanov rayonu, Ş.Rəhimov (Tarıverdiyev) küçəsi, ev 3, 45 saylı mənzildə qeydiyyatı formal xarakter daşıdığından, həmin mənzildə qeydiyyatda qalması iddiaçının mülkiyyət hüquqlarını məhdudlaşdırdığından, həmçinin mənzildən istifadə hüquqlarının yaranması üçün tərəflər arasında hər hansı bir müqavilə olmadığından cavabdehin həmin mənzildən istifadə hüququ itirilmiş hesab edilməli, hüquqi yardım göstərilməsinə görə vəkilə ödənilmiş pulun əvəzi olaraq 160 manat, vəkilə etibarnamə verilməsi üçün ödənilmiş pulun əvəzi olaraq 17,25 manat, ödənilmiş dövlət rüsumunun əvəzi 100 manat və tərəfin məhkəməyə gəlməsi üçün yol xərclərinə görə 20 manat, cəmi 297,25 manat məbləğində pul Cavabdeh tutularaq İddiaçı ödənilməlidir. Yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh ünvan 3 ünvanında yerləşən mənzildən istifadə hüquqları itirilmiş hesab edilsin. Hüquqi yardım göstərilməsinə görə vəkilə ödənilmiş pulun əvəzi olaraq 160 manat, vəkilə etibarnamə verilməsi üçün ödənilmiş pulun əvəzi 17,25 manat, ödənilmiş dövlət rüsumuna görə 100 manat, tərəfin məhkəməyə gəlməsi üçün yol xərclərinə görə 20 manat, cəmi 297,25 manat məbləğində pul Cavabdeh tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən tərəfə rəsmi qaydada təqdim olunduğu gündən bir ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nərgiz Tağıyeva
Məhkəmə qərarları › İş №2(005)-4120/2022
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-4120/2022
05.12.2022 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver