Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-413/2025 27.01.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Tağıyeva Nərgiz Nazim qızının sədrliyi, Məhkəmə iclas katibi Gülməmmədova Qumru Habil qızının katibliyi, İddiaçı MMMC-nin nümayəndəsi və vəkili X1, Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil, Cavabdeh4, Cavabdeh7 iştirakları ilə, İddiaçı MMMC-nin cavabdehlər Cavabdeh4, Cavabdeh1, Cavabdeh6, Cavabdeh7 və Cavabdeh2 qarşı kommunal xidmətə görə haqqın ödənilməsi tələbinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı MMMC cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6 və Cavabdeh7 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, binanın saxlanması xərclərinə görə xx.xx.2024-cü il tarixinədək borcları yaranmış cavabdehlər Cavabdeh1 - binanın saxlanması xərclərinə görə 1018,70 manat, Cavabdeh2 - binanın saxlanması xərclərinə görə 216.30 manat, Cavabdeh3 - binanın saxlanması xərclərinə görə 323,50 manat, Cavabdeh4 - binanın saxlanması xərclərinə görə 470.30 manat, Cavabdeh5 - binanın saxlanması xərclərinə görə 355.60 manat, Cavabdeh6 binanın saxlanması xərclərinə görə 458 manat, Cavabdeh7 - binanın saxlanması xərclərinə görə 418.40 manat, həmçinin hüquqi xidmət haqqı xərcinə görə 500 manat, ödənilmiş dövlət rüsumuna görə 59 manat, korrespondensiya xərclərinə görə 50 manat məbləğində pulun müştərək qaydada cavabdehlərdən tutularaq İddiaçı MMMC-yə ödənilməsi və binanın saxlanması xərcləri ödənilənədək cavabdehlərə bütün kommunal xidmətlərin göstərilməsinin məhdudlaşdırılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddiaçı, iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, binanın saxlanması xərclərinə (kommunal xidmət haqqına) görə xx.xx.2024-cü il tarixinədək borcları yaranmış cavabdehlər Cavabdeh4 - 600,80 manat, Cavabdeh1 - 1134,60 manat, Cavabdeh6 - 355,80 manat, Cavabdeh7 - 655,20 manat, Cavabdeh2 - 91.80 manat məbləğində pulun, həmçinin hüquqi xidmət haqqı xərcinə görə 500 manat, ödənilmiş dövlət rüsumuna görə 59 manat, korrespondensiya xərclərinə görə 50 manat məbləğində pulun müştərək qaydada cavabdehlərdən tutularaq İddiaçı MMMC-yə ödənilməsi və binanın saxlanması xərcləri ödənilənədək cavabdehlərə bütün kommunal xidmətlərin göstərilməsinin məhdudlaşdırılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Eyni zamanda iddiaçı məhkəməyə ərizə təqdim edərək borc tam ödənildiyindən cavabdehlər Cavabdeh5 və Cavabdeh3 münasibətdə iddia tələblərindən imtina etdiklərini bildirmişdir. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(005)-413/2025 saylı qərardadı ilə İddiaçı MMMC-nin kommunal borcun ödənilməsi tələbinə dair mülki iş üzrə icraata cavabdehlər Cavabdeh3 və Cavabdeh5 aid hissədə xitam verilməsi qərara alınmışdır. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, yaşadıqları binada binanın saxlanması xərcləri, o cümlədən, giriş-çıxışa və əraziyə nəzarətin həyata keçirilməsi, ümumi istifadədə olan sahələrin, həyətin təmizlənməsi, liftlərə xidmət göstərilməsi, saz vəziyyətdə saxlanılması, liftlərin təmiri və elektrik enerjisi ilə təmin olunması, məişət tullantılarının müəyyən olunmuş yerdən daşınması, cari təmir işlərinin həyata keçirilməsi, suyun anbardan nasoslar vasitəsilə mənzilə verilməsi, blokların, pilləkənlərin, həyətlərin işıqlandırılması işləri İddiaçı MMMC tərəfindən həyata keçirilir. İddiaçı MMMC-nin ümumi yığıncağının qərarına əsasən binanın saxlanması xərcləri mənzilin ümumi sahəsinin hər kv.m üçün 30 qəpik məbləğində müəyyən olunmuşdur. Cavabdehlərə dəfələrlə şifahi formada müraciətlər olunsa da, onlar binanın saxlanması xərclərinə görə yaranmış borcun ödənilməsindən imtina etmişdir. Sonradan tərəflərindən qanunvericiliyə uyğun olaraq həmin şəxslərə pretenziya göndərilmiş, lakin müəyyən olunmuş müddətlər ərzində həmin borc onlar tərəfindən yenə də ödənilməmişdir. Bundan əlavə İddiaçı MMMC-ni təmsil edəcək səlahiyyətli nümayəndə ilə bağlanmış müqavilə əsasında tərəflərindən hüquqi xidmət haqqı kimi 500 manat ödənilmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı MMMC-nin nümayəndəsi və vəkili X2 bildirmişdir ki, Bakı şəhəri, Xətai prospekti 38 ünvanında inşa olunmuş çoxmənzilli yaşayış binasında 2022-ci ilin sentyabr ayında “Nəsimi 45” Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyəti yaradılmışdır. Cəmiyyət həmin binanın idarə edilməsini həyata keçirir. MMC liftlərin elektrik enerjisinin pulunu ödəyir, liftlərin cari təmirini, binanın təmir işlərini həyata keçirir, bina ərazisinin təmizlənməsi, su anbarına, su nasoslarına xidmət edilməsi kimi işlər görülür. Bununla əlaqədar olaraq 2019-cu ildə sakinlərin ümumi yığıncağı çağırılmışdır. Ümumi yığıncaqda hər kv.m üçün 0,3 manat binanın saxlanılması xərci müəyyən edilmişdir. Bu məbləğ bu gün də qüvvədədir. Cavabdehlər həmin binada yerləşən mənzillərin sahibidirlər. Binada təqribi 330 mənzil və qeyr-yaşayış sahələri var. 330 mənzildən təxmini 30-35 mənzil qərəzli olaraq binanın saxlanılması xərclərini ödəmirlər. Onlar liftlərdən birinin işləməməsini bəhanə gətirirlər. Liftlərin təmiri üçün 28000 ABŞ dolları və əlavə dəyər vergisi də lazımdır. Bunu da sakinlərə izah ediblər. MMMC yaradılana kimi sakinlərə ümumi yığıncağın qərarına əsasən Kommunal MMC adlanan kommersiya qurumu kommunal xidmətləri göstərirdi. Kommunal MMC-yə də hazırki iş üzrə cavabdehlər pul ödəməyiblər. Onlar isə tələb hüquqlarını MMMC-yə ötürmüşdür. Hazırda təqdim etdikləri maliyyə arayışlarında da cavabdehlər tərəfindən hansı borcların ödənilməməsi dəqiq göstərilmişdir. Həmin borcların bir qismi "xxxx" MMC-dən qalan borclardır. Xərclərin hansı formada, hara xərclənməsi ilə bağlı bütün sənədləri təqdim etmişlər. İddia tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil bildirmişdir ki, Kommunal MMC elə MTK-nın öz qurumu olub. Sadəcə formal olaraq kağız üzərində adını dəyişib. Kommunal MMC-dən ötürülən borcları qəbul etmirlər. Həmçinin qanuni qüvvəyə minmiş məhkəmə qərarı vardır ki, Kommunal MMC-yə olan borc tutulub. Həmin borcu hazırda iddiaçı yenidən istəyir. İddiaçı binanın saxlanması üçün keyfiyyyətli xidmət də göstərmir, xərclərin hara çəkildiyi barədə dəqiq məlumat vermir. Yazılmış xərclərin reallıqla əlaqəsi yoxdur. İddianın təmin edilməməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh4 bildirmişdir ki, o, ödənişləri nağd formada edib, lakin həmin ödənişlərin edilməsinə dair qəbz verilməyib. Sonuncu dəfə 2022-ci ilin avqust ayında ödəniş etmişdir. Borc düzgün formada hesablanmamışdır. İddiaçı binanın saxlanması vəzifələrini lazımınca yerinə yetirmir. İddianın rədd edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh7 bildirmişdir ki, 2006-cı ildən həmin binada yaşayır. Binada 20 ildir ki, iki lift işləmir, ümumiyyətlə, düzgün xidmət göstərilmir. Liftlərə məhdudiyyətlər qoyulub. Ödənişləri vaxtında edirdi, lakin qeyd edilən hallara görə sonradan ödəməni həyata keçirmədi. Borc məbləği şişirdilmişdi. İddia tələbinin rədd edilməsini xahiş etmişdir. Digər cavabdehlər məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq, heç bir üzrlü səbəb təqdim etmədən məhkəmə iclasında iştirak etməmişdirlər. Məhkəmə Mülki Prosessual Məcəllənin 185.5-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən tərəflərin izahatlarını dinləyərək, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia aşağıda qeyd edilənlərə əsasən qismən təmin edilməlidir. İş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş: - Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Qeyri-kommersiya qurumlarının Dövlət Resyestrindən çıxarışın surətindən görünür ki, İddiaçı MMMC ümumi yığıncağın xx.xx.2023-cü il tarixli qərarı ilə xx.xx.2022-ci il tarixdə qeydiyyatdan keçmişdir; - Bakı şəhəri, Xətai prospekti 38 ünvanında inşa edilən yüksəkmərtəbəli çoxmənzilli binanın sahə mülkiyyətçilərinin xx.xx.2019-cu il tarixli ümumi yığıncağın (qiyabi səsvermə) qərarlarının xx.xx.2019-cu il tarixli protokolunun surətindən görünür ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinə əsasən çoxmənzilli binanın idarəetmə üsulu olaraq idarəedici təşkilatın seçilməsi, Azərbaycan Respublikası Prezidentinin “Bəzi çoxmənzilli binaların istismarına icazə verilməsinin sadələşdirilməsi haqqında” xx.xx.2019-cu il tarixli Fərmanının təmini məqsədilə mənzil sahiblərinin çıxarış (kupça) alması üçün lazım olan tədbirlərin görülməsinin idarəedici təşkilata həvalə edilməsi, idarəedici təşkilat olaraq "xxxx" MMC ilə idarəetmə müqaviləsinin bağlanması, kommunal xidmət haqqının hər kvadrat metr üçün 0.30 manat müəyyən olunması qərara alınmışdır; - İddiaçı MMMC-nin sahə mülkiyyətçilərinin xx.xx.2023-cü il tarixli qiyabi səsvermənin nəticələrinə dair xx.xx.2023-cü il tarixli protokolun surətindən görünür ki, sahə mülkiyyətçilərinin 2019-cu ildə keçirilmiş ümumi yığıncağında müəyyən edilmiş qiymət saxlanılmaqla İddiaçı MMMC-də binanın saxlanması xərcləri xx.xx.2024-cü il tarixdən etibarən mənzillərin çıxarışlarda göstərilmiş sahəsinə uyğun olaraq 1 kv.m 30 qəpik, qeyriyaşayış sahəsinə görə isə 1 kv.m=15 qəpik hesablanması, İddiaçı MMMC-də səsvermə zamanı səslərin mənzillərin çıxarışlarda göstərilmiş sahəsinə uyğun (1 kv.m-1 səs) hesablanması, “Nəsimi-45" MMMC-də Cəmiyyətə bundan sonra yalnız binanın saxlanmasına görə ödənişlər üzrə borcu olmayan şəxslərin üzvlüyə qəbul edilməsi və üzv olmaq istəyən şəxslər üçün 100 manat məbləğində giriş haqqının müəyyən edilməsi və həmin vəsaitin həyata keçirilməsi nəzərdə tutulan abadlıq işlərinə sərf edilməsi, üzvlərinin topladığı ianələr hesabına və bundan əlavə hər ay yığılan binanın saxlanması haqları hesabına ayda 3000 manat möhlətli və faizsiz hissə-hissə ödəniş edilməsi şərti ilə binanın həyətinin və girişlərinin abadlaşdırılması, həyətdə söhbətgahların, uşaqlar üçün oyun və idman qurğularının quraşdırılması, liftlərin əsaslı təmir edilməsi, kamera sisteminin quraşdırılması işlərinin icrası üçün təchizatçı şirkətlərlə müqavilə bağlanmasının İdarə Heyətinə tapşırılması, görülməli işlərin smetası və planının təsdiq edilməsi, binanın saxlanması üçün müəyyən edilmiş ödənişlərin vaxtında və tam yığılması ilə əlaqədar bütün qanuni tədbirlərin görülməsi, o cümlədən binanın kommunikasiya və avadanlıqlarından fərdi istifadə etməyə yönəlmiş texnologiyaların tətbiqinin İdarə Heyətinə tapşırılması və sair qərara alınmışdır; - İddiaçı MMMC-nin sahə mülkiyyətçilərinin xx.xx.2024-cü il tarixli qiyabi səsvermə nəticələrinə dair protokolun surətindən görünür ki, 2023-cü il üçün maliyyə fəaliyyətinə dair illik planın icrası ilə bağlı hesabat təsdiq edilməsi, 2023-cü ilin yekunu üzrə təftiş komissiyasının hesabatının təsdiq edilməsi, 2025-ci il üçün maliyyə fəaliyyətinə dair illik planın təsdiq edilməsi, 2025-ci il üçün illik gəlir və xərclər smetasının təsdiq edilməsi, Nəsimi-45" MMMC-nin 2 il müddətinə İdarə heyətinin seçilməsi, "xxxx" MMMC-nin 2 il müddətinə təftiş komissiyasının seçilməsi, binanın saxlanması xərclərinə görə 1 m2 üçün 30 qəpik xidmət haqqı saxlanılmaqla aylıq ödənişləri bir aydan artıq gecikdirən mənzil mülkiyyətçilərinə hər gecikdirilən gün üçün ödəniş məbləğinin 0,3 %-i miqdarında cərimə hesablanması, binanın həyətində təmir və abadlıq işlərinin görülməsi, liftlərin əsaslı təmir edilməsi üçün görülməli işlərin smetası, sxemi və planının təsdiq edilməsi və o, cümlədən liftlərin təmir edilməsi üçün geri qaytarılması şərtilə 2 il ərzində 68061 manat məbləğində borcun bankdan və ya digər mənbədən götürülməsi, Fövqəladə Hallar Nazirliyi tərəfindən verilmiş rəsmi xəbərdarlığa əsasən binanın həyətinə yanğınsöndürmə texnikasının maneəsiz girişinin təmin edilməsi, ahıllar və həyətdə oynayan uşaqların təhlükəsizliyini təmin etmək məqsədilə binanın həyətində avtomobillərin park edilməsinin qadağan edilsin və bunun üçün həyətə nəzarət edən işçilərə şlaqbaumlardan istifadə edilməsi, 166 (B) Blokuna bitişik birbaşa girişi-çıxışı olan qaraja avtomobilin həyətdən giriş çıxışının bağlanılması məqsədilə qaraj mülkiyyətçisi ilə onun sərəncam vermə hüquqları nəzərə alınmaqla razılaşdırılmasına qərar verilməsi səlahiyyətlərinin İdarə heyətinə həvalə edilməsi, Hesablama Komissiyasının yaradılması və qiyabi səsvermənin nəticələrinin hesablanması, səsvermənin nəticələrinə dair protokolun tərtib edilməsi və imzalanması səlahiyyətinin həmin Komissiyaya verilməsi qərara alınmışdır; - Tələb hüququnun verilməsi və borc öhdəliklərinin ötürülməsi haqqında xx.xx.2023cü il tarixli razılaşmanın surətindən görünür ki, "xxxx" MMC-nin fəaliyyətini dayandırması və həmin binanın sakinlərinə binanın saxlanması xidmətlərinin göstərilməsi üçün “Nəsimi- 45" mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin fəaliyyətə başlaması ilə əlaqədar olaraq tərəflər aşağıdakılar barədə razılığa gəldilər: “Kommunal" MMC-nin Xətai prospekti 38 ünvanında inşa olunmuş yüksəkmərtəbəli çoxmənzilli yaşayış binasının mənzil mülkiyyətçilərinə kommunal xidmət göstərməsi ilə bağlı yaranmış 78.845 manat məbləğində tələb hüququnun "xxxx" mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinə ötürülməsi razılaşdırılmışıdır. 78 845 manat məbləğində borca dair tələb hüququnun “Nəsimi-45" mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinə ötürülməsi ilə əlaqədar olaraq bunun qarşılığında “Kommunal" MMC-nin aşağıdakı qeyd olunan borc öhdəliklərini “Nəsimi-45" mənzil mülkiyyətçiləri müştərək cəmiyyəti öz öhdəsinə götürür: "xxxx" ASC- 66283 manat, "xxxx" MMC 4500 manat, icarə haqqı 7745 manat, digər sənədlər, yazışmalar 15 qovluq, müqavilələr, ödəniş qəbzləri, digər sənədlər 150 qovluq; - Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-4439/2021 saylı, xx.xx.2021ci il tarixli qətnaməsindən görünür ki, Cavabdeh1 562,20 manat məbləğində kommunal ödənişlərə görə pul vəsaiti və iddianın təmin olunmuş hissəsinə mütənasib olaraq 15,90 manat məbləğində dövlət rüsumunun əvəzinin iddiaçı "xxxx" MMC-nin xeyrinə tutulması qət edilmişdir; - Binanın saxlanması xərclərinə (kommunal xidmət haqqına) dair borc ilə bağlı maliyyə arayışının surətindən görünür ki, Cavabdeh1 xx.xx.2024-cü il tarixə borcu 1134,6 manat təşkil edir; - Binanın saxlanması xərclərinə (kommunal xidmət haqqına) dair borc ilə bağlı maliyyə arayışının surətindən görünür ki, Cavabdeh2 xx.xx.2024-cü il tarixə borcu 91,8 manat təşkil edir; - Binanın saxlanması xərclərinə (kommunal xidmət haqqına) dair borc ilə bağlı maliyyə arayışının surətindən görünür ki, Cavabdeh4 xx.xx.2024-cü il tarixə borcu 600,8 manat təşkil edir; - Binanın saxlanması xərclərinə (kommunal xidmət haqqına) dair borc ilə bağlı maliyyə arayışının surətindən görünür ki, Cavabdeh7 xx.xx.2024-cü il tarixə borcu 655,2 manat təşkil edir; - Binanın saxlanması xərclərinə (kommunal xidmət haqqına) dair borc ilə bağlı maliyyə arayışının surətindən görünür ki, Cavabdeh6 xx.xx.2024-cü il tarixə borcu 355,8 manat təşkil edir; - İddiaçı MMMC-nin 2023-cü il üçün illik gəlir və xərclərinin hesabatından görünür ki, cəmi xərc 136394 manat təşkil etmişdir; - İddiaçı MMC tərəfindən görüləcək işlərin smetasından görünür ki, görüləcək işlərin ümumi dəyəri 68061 manat təşkil edir; - İddiaçı MMMC-nin 2025-ci il üçün illik gəlir və xərclərinin hesabatından görünür ki, cəmi xərc 253210 manat təşkil etmişdir. İşin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından görünür ki, İddiaçı MMMC xx.xx.2022-ci il tarixdə qeydiyyatdan keçmişdir. Həmin dövrə qədər "xxxx" MMC tərəfindən binanın saxlanması xidmətləri həyata keçirilirdi. Ümumi yığıncağın qərarı ilə binanın saxlanması xərcləri mənzilin ümumi sahəsinin hər kv.metri üçün 30 qəpik məbləğində müəyyən olunmuşdur. İddiaçı MMMC ilə "xxxx" MMC arasında mənzil mülkiyyətçilərinə olan tələb hüququnun verilməsi (78.845 manat) və borc öhdəliklərinin (66283 manat) ötürülməsi haqqında xx.xx.2023-cü il tarixli razılaşma bağlanmışdır. İddiaçı tərəfindən illik gəlir və xərclərin hesabatı məhkəməyə təqdim edilmişdir. Hazırda iddiaçı cavabdehlərin keçən dövr ərzində kommunal borcu tam ödəmədiklərinə əsaslanaraq, ödənilməmiş kommunal xərcin onlardan tutulmasını xahiş edir. Mülki Məcəllənin 390.1 və 390.3-cü maddələrinə əsasən, fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Müqavilə bağlamaq vəzifəsinin bu Məcəllədə və ya könüllü götürülmüş öhdəlikdə nəzərdə tutulduğu hallar istisna olmaqla, müqavilə bağlamağa məcburetməyə yol verilmir. Həmin Məcəllənin 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin hazırki mülki iş üzrə tətbiq edilən normalarına aşağıdakılar aiddir: Maddə 29.3. Qanunla və ya müqavilə ilə başqa hal nəzərdə tutulmayıbsa, yaşayış sahəsinin mülkiyyətçisi yaşayış sahəsinin və əgər həmin sahə mənzildirsə, müvafiq yaşayış binasının tərkib hissəsinin mülkiyyətçilərinin ümumi əmlakının saxlanması yükünü daşıyır, kommunal mənzildə otaq mülkiyyətçisi isə əlavə olaraq həmin mənzilin otaq mülkiyyətçilərinin ümumi əmlakının saxlanması yükünü daşıyır; Maddə 38.1. Çoxmənzilli binanın ümumi əmlakının saxlanması üzrə xərclər binanın sahə mülkiyyətçilərinin hesabına ödənilir; Maddə 38.2. Çoxmənzilli binanın sahə mülkiyyətçisinin hesabına ödənilən binanın ümumi əmlakının saxlanması üzrə məcburi xərclərdə mülkiyyətçinin payı onun binanın ümumi əmlakına mülkiyyət hüququnda payına mütənasib olaraq müəyyənləşdirilir; Maddə 119.1. Çoxmənzilli binada daşınmaz əmlak kompleksini birgə idarə etmək, çoxmənzilli binanın ümumi əmlakının istismarını, ona sahibliyi, ondan istifadəni və qanunvericiliklə müəyyənləşdirilmiş hədlərdə barəsində sərəncam verilməsini təmin etmək məqsədi ilə çoxmənzilli binanın sahə mülkiyyətçilərinin könüllü birliyi mənzil mülkiyyətçilərinin müştərək cəmiyyəti hesab edilir; Maddə 122.3. Çoxmənzilli binanın sahə mülkiyyətçiləri ümumi xərclərdə iştirak üzrə öz vəzifələrini yerinə yetirmədikdə, mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin mütləq ödəniş və haqların əvəzinin məcburi ödənilməsini məhkəmə qaydasında tələb etmək hüququ vardır; Maddə 122.4. Mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin çoxmənzilli binanın sahə mülkiyyətçiləri tərəfindən mütləq ödəniş və haqların və digər ümumi xərclərin ödənilməsi üzrə öhdəliklərinin yerinə yetirilməməsi nəticəsində vurulmuş zərərin əvəzinin tam ödənilməsini məhkəmə qaydasında tələb etmək hüququ vardır; Maddə 135.1. Fiziki və hüquqi şəxslər, həmçinin belə xidmətlərdən istifadə edən dövlət orqanları, bələdiyyələr və digər təşkilatlar yaşayış sahəsinə və kommunal xidmətlərə görə haqqı vaxtında və tam məbləğdə ödəməyə borcludurlar; Maddə 136.2. Çoxmənzilli binanın yaşayış sahəsinin mülkiyyətçisinin yaşayış sahəsinə və kommunal xidmətlərə görə ödədiyi haqq aşağıdakılardan ibarətdir: 136.2.1. çoxmənzilli binanın idarə edilməsi, ümumi əmlakının saxlanması, cari və əsaslı təmiri üzrə xidmət və işlərə görə ödənilən haqqın daxil olduğu yaşayış sahəsinin saxlanması və təmirinə görə haqq; 136.2.2. kommunal xidmətlərə görə haqq; Maddə 137.4. Mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin, mənzil-tikinti kooperativinin və ya vətəndaşların yaşayış sahəsinə olan ehtiyaclarını ödəmək üçün müvafiq qanuna uyğun olaraq yaradılmış digər ixtisaslaşmış istehlak kooperativinin (bundan sonra – ixtisaslaşmış istehlak kooperativi) üzvləri çoxmənzilli binanın ümumi əmlakının saxlanmasına, cari və əsaslı təmirinə xərclərin çəkilməsi, habelə kommunal xidmətlərin ödənilməsi ilə bağlı mütləq ödənişləri və (və ya) haqları mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin idarəetmə orqanı və ya mənzil-tikinti kooperativinin idarəetmə orqanı və ya digər ixtisaslaşmış istehlak kooperativinin idarəetmə orqanı tərəfindən müəyyənləşdirilmiş qaydada ödəyirlər; Maddə 137.5. Mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin və ya mənzil-tikinti kooperativinin və ya digər ixtisaslaşmış istehlak kooperativinin yaradıldığı çoxmənzilli binanın mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin və ya mənzil-tikinti kooperativinin və ya digər ixtisaslaşmış istehlak kooperativinin üzvü olmayan sahə mülkiyyətçiləri yaşayış sahəsinə və kommunal xidmətlərə görə haqqları mənzil mülkiyyətçilərinin müştərək cəmiyyəti və ya mənzil-tikinti kooperativi və ya digər ixtisaslaşmış istehlak kooperativi ilə bağlanmış müqaviləyə uyğun olaraq ödəyirlər; Maddə 137.10. Mülkiyyətçilər, kirayəçilər və ya digər şəxslər tərəfindən sahənin istifadə edilməməsi yaşayış sahəsinə və faktiki istehlak edilmiş kommunal xidmətlərə görə haqqın ödənilməməsi üçün əsas deyildir; Maddə 138.5. Çoxmənzilli binanın ümumi əmlakının saxlanmasına və təmirinə görə çəkilən xərclərlə bağlı mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin və ya mənzil-tikinti kooperativinin və ya digər ixtisaslaşmış istehlak kooperativinin üzvlərinin (iştirakçılarının) mütləq (məcburi) ödənişləri və (və ya) haqlarının miqdarı bu Məcəlləyə və mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin nizamnaməsinə və ya mənzil-tikinti kooperativinin nizamnaməsinə və ya digər ixtisaslaşmış istehlak kooperativinin nizamnaməsinə müvafiq olaraq mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin idarəetmə orqanları və ya mənziltikinti kooperativinin idarəetmə orqanları və ya digər ixtisaslaşmış istehlak kooperativinin idarəetmə orqanları tərəfindən müəyyənləşdirilir; Maddə 140.1. Çoxmənzilli binanın sahə mülkiyyətçisi ona məxsus olan sahənin saxlanması xərclərini çəkməyə, habelə yaşayış sahəsinin saxlanması və təmirinə görə haqq ödəmək yolu ilə çoxmənzilli binanın ümumi əmlakının saxlanmasına çəkilən xərclərdə onun həmin əmlaka ümumi mülkiyyət hüququnda payına mütənasib olaraq iştirak etməyə borcludur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun V.Ələsgərovanın şikayəti üzrə 29 dekabr 2015-ci il tarixli Qərarında əks olunmuş hüquqi mövqeyinə görə, çoxmənzilli binanın sahə mülkiyyətçiləri ümumi əmlakın saxlanması və təmiri üzrə xərcləri, habelə kommunal xidmətlərə görə haqqı yazılı müqavilə əsasında ödəməlidirlər. Belə müqavilələrdə müəyyən olunan xərclər və xidmət haqları görülən işlərə və xidmətlərə uyğun hesablanmalı, real qiymətləri əks etdirməlidir, eləcə də sahə mülkiyyətçilərinin sosial, iqtisadi və maddi vəziyyəti nəzərə alınmaqla aydın və ağlabatan olmalıdır. Konstitusiya Məhkəməsi Plenumu R.Məhərrəmovanın şikayəti üzrə 22 sentyabr 2020-ci il tarixli Qərarında qeyd etmişdir ki, mənzil qanunvericiliyi sahə mülkiyyətçilərinin mütləq şəkildə mənzil mülkiyyətçilərinin müştərək cəmiyyətinə üzvlüyünü tələb etmir. Belə ki, Mənzil Məcəlləsinin 121.1-ci maddəsində binaların sahə mülkiyyətçilərinin mənzil mülkiyyətçiləri müştərək cəmiyyətində iştirakı vəzifə kimi yox, hüquq kimi göstərilmişdir. Bununla belə çoxmənzilli binaların sahə mülkiyyətçisinin mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin üzvü olmaması onu ümumi əmlakın saxlanması və təmiri üzrə xərclərin və kommunal xidmətlərin ödənilməsi vəzifəsindən azad etmir...Lakin apellyasiya instansiyası məhkəməsi "xxxx" MMMC tərəfindən 2012-2016-cı illər ərzində hər müvafiq il üçün xərclər və gəlirlər smetasının və maliyyə fəaliyyəti haqqında hesabatın tərtib edilməməsinə, onların təsdiq olunmaq üçün cəmiyyət iştirakçılarının ümumi yığıncağına təqdim edilməməsinə və bununla da mənzil qanunvericiliyinin normalarına riayət edilibedilməməsinə hüquqi qiymət verməmişdir. İddia tələbi üzrə tələb olunan vəsaitlər (binanın saxlanması xərcləri, binanın ətrafının abadlaşdırılması, təmir və abadlıq işləri, liftlərin təmir edilməsi və sairə görə) cəmiyyətin ümumi yığıncağının 13 mart 2019-cu il, xx.xx.2023-cü il və 29 oktyabr 2024-cü il tarixli qərarları (protokolu) ilə müəyyən edilmişdir. Həmin məbləğlər cəmiyyətin sahə mülkiyyətçilərinin ümumi iradə ifadəsini təşkil edir, ümumi yığıncağın qərarı və protokolu hər hansı sahə mülkiyyətçisi tərəfindən mübahisələndirilməmiş, ləğv və ya etibarsız hesab edilməmişdir. Belə olan halda ümumi yığıncağın qərarının hüquqi nəticəsi də tətbiq olunmalıdır. Həmçinin iddiaçı tərəfindən çəkilən xərclərin smetası da məhkəməyə təqdim edilmişdir. O da nəzərə alınmalıdır ki, çəkilən bütün xərclərin qəbzlərinin alınması və təqdim edilməsi qeyri-realdır. Cavabdehlər yaşayış sahəsinin mülkiyyətçiləri olmaqla MMMC-nin xidmətlərindən istifadə etdiyindən, kommunal, məişət və göstərilən digər xidmətlərə görə haqqı ödəməlidir. Bu baxımdan iddiaçı mövcud iddia tələbi ilə məhkəməyə müraciət etməkdə haqlıdır. Cavabdehlərdən tutulmalı olan məbləğə gəlincə qeyd edilməlidir ki, iddiaçı “Nəsimi- 45" MMMC xx.xx.2022-ci il tarixdə dövlət qeydiyyatına alınaraq fəaliyyətə başlamışdır. Belə olan halda “Nəsimi-45" MMMC yalnız xx.xx.2022-ci il tarixdən başlayaraq xidmət haqqına görə ödəniş tələb edə bilər. İddiaçı 2020-ci ildən xx.xx.2022-ci il tarixədək kommunal borcun ödənilməsini tələb etmək hüququnun "xxxx" MMC ilə onun arasında bağlanmış razılaşmadan irəli gəldiyinə istinad edir. Belə ki, iş materiallarına əlavə edilmiş tələb hüququnun verilməsi və borc öhdəliklərinin ötürülməsi haqqında xx.xx.2023-cü il tarixli razılaşmanın surətindən görünür ki, "xxxx" MMC-nin fəaliyyətini dayandırması və həmin binanın sakinlərinə binanın saxlanması xidmətlərinin göstərilməsi üçün “Nəsimi-45" mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin fəaliyyətə başlaması ilə əlaqədar olaraq tərəflər “Kommunal" MMC-nin çoxmənzilli yaşayış binasının mənzil mülkiyyətçilərinə kommunal xidmət göstərməsi ilə bağlı xx.xx.2022-ci il tarixədək yaranmış 78.845 manat məbləğində tələb hüququnun "xxxx" mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinə ötürülməsi, bunun qarşılığında “Kommunal" MMC-nin "xxxx" ASC-yə 66283 manat, "xxxx" MMC-yə 4500 manat, icarə haqqına 7745 manat borc öhdəliklərini “Nəsimi-45" mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin öz öhdəsinə götürməsi barədə razılığa gəlmişlər. Lakin məhkəmə qeyd edir ki, həmin müqavilə etibarsız olmaqla üçüncü şəxslər üçün öhdəlik yarada bilməz. Sahə mülkiyyətçilərini borclandıran müqavilə yalnız ümumi yığıncağın qərarı ilə qəbul edilmiş olduqda etibarlı sayıla bilərdi. Əks hal hüquqlardan suiistifadəyə yol açmaqla, mənzil mülkiyyətçilərini əlverişsiz vəziyyətə sala bilər. Mülki Məcəllənin 387.3-cü maddəsinə uyğun olaraq, öhdəlik tərəf kimi onda iştirak etməyən şəxslər (üçüncü şəxslər) üçün vəzifələr yaratmır. Tərəflərin razılaşmasında nəzərdə tutulmuş hallarda öhdəlik üçüncü şəxslər üçün öhdəliyin bir və ya hər iki tərəfi barəsində hüquqlar yarada bilər. Həmin Məcəllənin 360-cı maddəsinə əsasən əgər başqa şəxsin (təmsil edilənin) adından əqdi bağlayan şəxsin (təmsilçinin) başqa şəxsin (təmsil edilənin) adından hərəkət etmək səlahiyyəti olmazsa və ya bu səlahiyyət aşılarsa, əqdin digər tərəfinin təmsilçidən həmin əqdin icrasını və ya əqdin bağlanması nəticəsində ona dəymiş zərərin əvəzinin ödənilməsini tələb etmək hüququ vardır, bu şərtlə ki, başqa şəxs (təmsil edilən) əqdi sonradan bəyənməsin. Təmsil edilən tərəfindən əqdin sonradan bəyənilməsi onun üçün əqdin bağlandığı andan əqd üzrə mülki hüquq və vəzifələr yaradır, dəyişdirir və onlara xitam verir. Həmçinin qeyd edilməlidir ki, Mənzil Məcəlləsinin 125-ci maddəsində mənzil mülkiyyətçilərinin müştərək cəmiyyətinin səlahiyyətləri sadalanmışdır. Həmin səlahiyyətlərdən biri də borc alınması, o cümlədən bank kreditlərinin alınması haqqında qərar qəbul etməkdir (125.2.6-cı maddə). Göründüyü kimi, hətta istənilən məbləğdə borc alınması belə sahə mülkiyyətçilərinin maraqlarına toxunduğundan, bu cür qərarın ümumi yığıncaqda qəbul edilməsi şərtləndirilmişdir. Hazırda isə külli miqdarda borc tələb etmək hüququ, eləcə də "xxxx" MMC-nin borc öhdəliyi MMMC-yə ötürülmüşdür və idarə heyətinin sədrinin bağladığı həmin müqavilə əsasında MMMC-nin öz üzvlərindən borcun ödənilməsini tələb etmək hüququ, həmçinin borcu ödəmək öhdəliyi yaranmışdır. Halbuki mənzil mülkiyyətçilərinin razılığı olmadan onlar üçün öhdəlik yaradan müqavilə etibarlı müqavilə kimi qəbul edilə bilməz. Bu baxımdan məhkəmə hesab edir ki, iddiaçı xx.xx.2022-ci il tarixədək olan kommunal borcu tələb etmək üçün subyektiv hüquqa malik deyildir. İddiaçı tərəfindən təqdim edilmiş Cavabdeh1 binanın saxlanmasına dair borcu ilə bağlı maliyyə arayışından görünür ki, onun 2018-2024-cü illər arasında (xx.xx.2024-cü il tarixədək) kommunal xidmətlərdən istifadəyə görə 1134,60 manat borcu yaranmışdır. Həmin borcdan 2022-ci ilin sentyabr ayınadək olan borc "xxxx" MMC-dən ötürülmüş borclardır. Tərəflər arasında bağlanmış müqavilə isə qanunazidd olmaqla etibarsız olduğundan qeyd edilən tarixədək olan borcları iddiaçının tələb etmək hüququ olmamışdır. Bu baxımdan məhkəmə hesab edir ki, 2018-ci il üzrə tələb edilən 15,20 manat, 2019-cu il üzrə tələb edilən 0,60 manat, 2020-ci il üzrə tələb edilən 345,60 manat, 2021-ci il üzrə tələb edilən 345,60 manat pul, cəmi 707 manat pul çıxılmaqla qalan borc, yəni 427,60 (1134,60-707) manat məbləğində pul Cavabdeh1 tutularaq iddiaçıya ödənilməlidir. Həmçinin cavabdeh tərəfindən təqdim edilmiş qəbzlərdən də görünür ki, o, 2022-ci il üzrə cəmi 360 manat, 2023-cü il üzrə cəmi 218 manat ödəniş etmişdir. O da qeyd edilməlidir ki, cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(005)-4439/2021 saylı qətnaməsi ilə Cavabdeh1 "xxxx" MMC-yə olan xx.xx.2017-ci il tarixdən xx.xx.2021-ci il tarixədək mövcud kommunal borca görə 562,20 manat məbləğində pulun tutulması qət edilmişdir. Göründüyü kimi, “Tələb hüququnun verilməsi və borc öhdəliklərinin ötürülməsi haqqında” xx.xx.2023-cü il tarixli razılaşmaya əsaslanaraq iddiaçının tələb etdiyi borcun böyük bir qismi qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə artıq cavabdehdən tutulmuşdur. Digər Cavabdeh4 600,80 manat məbləğində pulun tutulması tələbi ilə bağlı məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən təqdim edilmiş maliyyə arayışından görünür ki, onun 2021-2024-cü illər arasında (xx.xx.2024-cü il tarixədək) 600,80 manat borcu yaranmışdır. Həmin borcdan 2022-ci ilin sentyabr ayınadək olan borc "xxxx" MMC-dən ötürülmüş borclardır. Tərəflər arasında bağlanmış müqavilə isə qanunazidd olmaqla etibarsız olduğundan qeyd edilən tarixədək olan borcları iddiaçının tələb etmək hüququ olmamışdır. Bu baxımdan məhkəmə hesab edir ki, 2021-ci il üzrə tələb edilən 26,10 manat, 2022-ci il üzrə tələb edilən 183,2 (313,2 - 130=183,2) manat pul, cəmi 209,3 manat pul çıxılmaqla qalan borc, yəni tələb edilən 600,80 manat puldan 209,3 manat çıxılmaqla, yerdə qalan 391,5 (600,80-209,3) manat məbləğində pul Cavabdeh4 tutularaq iddiaçıya ödənilməlidir. Digər Cavabdeh6 355,80 manat məbləğində pulun tutulması tələbi ilə bağlı məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən təqdim edilmiş maliyyə arayışından görünür ki, onun 2020-2024-cü illər arasında (xx.xx.2024-cü il tarixədək) 355,80 manat borcu yaranmışdır. Həmin borcdan 2022-ci ilin sentyabr ayınadək olan borc "xxxx" MMC-dən ötürülmüş borclardır. Yuxarıda qeyd edilənlər baxımından məhkəmə hesab edir ki, 2021-ci il üzrə tələb edilən 123 manat, 2022-ci il üzrə tələb edilən 90 manat pul, cəmi 213 manat pul çıxılmaqla qalan borc, yəni 142,80 (355,80-213) manat məbləğində pul Cavabdeh6 tutularaq iddiaçıya ödənilməlidir. Cavabdeh2 91.80 manat məbləğində pulun tutulması tələbi ilə bağlı məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən təqdim edilmiş maliyyə arayışından görünür ki, onun 2021-2024cü illər arasında (xx.xx.2024-cü il tarixədək) 91,80 manat borcu yaranmışdır. Həmin borcdan 2022-ci ilin sentyabr ayınadək olan borc "xxxx" MMC-dən ötürülmüş borclardır. Yuxarıda qeyd edilənlər baxımından məhkəmə hesab edir ki, 2021-ci il üzrə tələb edilən 66,6 manat pul çıxılmaqla qalan borc, yəni tələb edilən 91,80 manat puldan 66,6 manat pul çıxılmaqla yerdə qalan 25,2 (91,80-66,6) manat məbləğində pul Cavabdeh2 tutularaq iddiaçıya ödənilməlidir. Cavabdeh7 655,20 manat məbləğində pulun tutulması tələbi ilə bağlı məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən təqdim edilmiş maliyyə arayışından görünür ki, onun 2021-2024cü illər arasında (xx.xx.2024-cü il tarixədək) 655,20 manat borcu yaranmışdır. Həmin borcdan 2022-ci ilin sentyabr ayınadək olan borc "xxxx" MMC-dən ötürülmüş borclardır. Yuxarıda qeyd edilənlər baxımından məhkəmə hesab edir ki, 2021-ci il üzrə tələb edilən 248,8 manat pul çıxılmaqla qalan borc, yəni tələb edilən 655,20 manat puldan 248,8 manat pul çıxılmaqla, yerdə qalan 406,4 (655,2-248,8) manat məbləğində pul Cavabdeh7 tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmə iddiaçının, vəkilin göstərdiyi yardıma görə 500 manat, korrespondensiya xərclərinə görə 50 manat məbləğində pulun müştərək qaydada cavabdehlərdən tutulması tələbinə münasibətdə qeyd edir ki, iddiaçı həmin xərcləri təsdiq edən hər hansı bir sübutu məhkəməyə təqdim etmədiyindən iddia həmin hissədə təmin edilə bilməz. İddiaçının binanın saxlanma xərcləri ödənilənədək cavabdehlərə bütün kommunal xidmətlərin göstərilməsinin məhdudlaşdırılması tələbinin isə hər hansı bir qanuni əsası olmadığından təmin edilməməlidir. Nəzərə alınmalıdır ki, iddia tələbinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Mülki prosessual qanunvericiliyin tələblərinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (Mülki Prosessual Məcəllənin 14.2, 77.1 və 217.4cü maddələri) Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş materiallarından görünür ki, iddiaçı tərəfindən 59 manat dövlət rüsumu ödənilmişdir. Beləliklə, məhkəmə göstərilənlərə əsasən hesab edir ki, iddia qismən təmin edilməli, xx.xx.2022-ci il tarixindən xx.xx.2024-cü il tarixinədək olan kommunal xidmətlərə görə Cavabdeh1 427,60 manat, Cavabdeh4 391,5 manat, Cavabdeh6 142,80 manat, Cavabdeh2 25,2 manat, Cavabdeh7 406,4 manat məbləğində pul tutularaq İddiaçı MMMC-yə ödənilməlidir. İddianın təmin edilmiş hissəsinə mütənasib olaraq ödənilmiş 59 manat dövlət rüsumunun 30 manatı cavabdehlər Cavabdeh1, Cavabdeh4, Cavabdeh6, Cavabdeh2 və Cavabdeh7 tutularaq iddiaçıya ödənilməlidir. İddia qalan hissədə təmin edilməməlidir. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 227 və 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh1 kommunal xidmətlərə görə 427,60 manat, Cavabdeh4 391,5 (üç yüz doxsan bir manat, əlli qəpik) manat, Cavabdeh6 142,80 (yüz qırx iki manat, səksən qəpik) manat, Cavabdeh2 25,2 (iyirmi beş manat, iyirmi qəpik) manat və Cavabdeh7 406,4 (dörd yüz altı manat, qırx qəpik) manat məbləğində pul tutularaq İddiaçı MMMC-yə ödənilsin. İddianın təmin edilmiş hissəsinə mütənasib olaraq ödənilmiş 59 manat dövlət rüsumunun 30 (otuz) manatı cavabdehlər Cavabdeh1, Cavabdeh4, Cavabdeh6, Cavabdeh2 və Cavabdeh7 tutularaq İddiaçı MMMC-yə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən sonra bir ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada veridiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nərgiz Tağıyeva
Məhkəmə qərarları › İş №2(005)-413/2025
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-413/2025
27.01.2025 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver