Məhkəmə qərarları › İş №2(005)-414/2022

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-414/2022

11.04.2022 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-414/2022 11.04.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əmirxanova Kəmalə Fərman qızının sədrliyi, Əliyeva Nurlana Sahib qızının katibliyi ilə, İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil və cavabdeh “Azərbaycan Respublikası Təhsil Nazirliyinin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyinə qarşı işə bərpa tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyinə qarşı işə bərpa tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Təhsil Nazirinin 30.09.2021-ci il tarixli, K-1234 saylı əmrini onunla bağlı hissədə etibarsız hesab edilməklə, onun Astara rayon Marzəsə kənd ümumi orta məktəbin direktoru və müəllimi vəzifəsinə bərpa olunmağı və buraxılmış məcburi iş günlərinə görə ona əmək haqqının ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Təhsil nazirinin 30.09.2021-ci il tarixli, K-1234 saylı əmri ilə onunla Astara rayonu, Marzəsə kənd ümumi orta məktəbinin direktoru və müəllimi kimi bağlanmış əmək müqaviləsi Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin "ç" bəndinə əsasən 30.09.2021-ci il tarixdən ləğv edilmişdir. Həmin əmək müqaviləsinin ləğv edilməsi üçün ‘‘Müəllimlərin etik davranış qaydalarının 2.1.3.-cü, 2.1.7.-ci və 3.8-ci bəndlərinin tələblərinin pozulması ilə əlaqələndirilmişdir. Adıçəkilən əmrdən sonra ona Astara rayonu, Marzəsə kənd ümumi orta məktəbinin müəllimi kimi işləməyə də icazə verilməmişdir. Qeyd edilən əmr qanunsuz və əsassızdır və o, Astara rayonu, Marzəsə kənd ümumi orta məktəbinin direktoru və müəllimi kimi işinə bərpa olunmalıdır. 13.09.2021-ci il tarixdə gecə saat 23 radələrində onun feysbuk profilinə Hüliya Cesur adlı feysbuk profilindən dostluq gəlmişdir. Həmin şəxsin feysbuk dostluğunda olan bir neçə ziyalı şəxsin feysbuk dostluğunda olduğunu bilib dostluğunu təsdiq etmişdir. Bu şəxs sonra yazmışdır ki, onunla görüntülü danışmaq istəyir. Bundan sonra görüntülü zəng etmiş, zəngi qəbul ertdikdə görmüşdür ki, paltarsız qadın ehtiraslı hərəkətlər edir. Kompüter mütəxəssisləri sonradan dedilər ki, qarşı tərəfdə qadın yox, kompüter cizgiləri ilə hazırlanan müqəvva - Animasiya olub). Bunu gördükdən sonra dərhal telefonunu söndürmüş və bir neçə dəqiqədən sonra yandırmışdır. Bu dəfə yazdı ki, “mən sənin üçün yanıram, ölürəm, mənim hərəkətlərimə qarışlıq ver”. Telefonu yenidən söndürüb və yandırmışdır. Bu hal bir neçə dəfə təkrarlanmış və dördüncü dəfə yazmışdır ki, “mənə qarşılıq ver, sən kişi deyilsən, sən geysən”. Bu sözlərindən sonra qismən qarşılıq vermişdir. Qismən qarşılıq verməkdə məqsədi videogörüntünü analiz etməyi olmuşdur. Qadının uzanmış vəziyyətdə qeyri etik hərəkətlər etməklə yanaşı, eyni zamanda yazı yazması mümkünsüz idi. Bu da belə nəticəyə gəlməyə əsas verir ki, ona yazılı mesajlar göndərən şəxs ona montaj edilən videogörtintüləri hazırlayan və göndərən şəxs imiş. Bundan sonra Hüliya Cesuradlı feysbuk profilindən ona qısa bir video gəlmişdir. Orda o, və qadın zənn etdiyi müqəvva görünür. Montaj nəticəsində orda cürbəcür görüntülər yaradılmışdır. Bu videonun ardınca ona türk dilində danışan bir kişi səs yazısı göndərmişdir. Bu səs yazısında bildirilirdi ki, əgər bu videonun yayılmasını istəmir, 4500 ABŞ dolları pul göndərsin, yoxsa videonu bütün sosial şəbəkələrdə yayacaqlar. Həmin feysbuk profılilini qara siyahıya atmışdır ki, daha zəng edə və yaza bilməsin. Bundan sonra +359 89 *** ** ** nömərsindən vatsap nömrəsinə zəng gəlmişdir. Zəng edən yenə də həmin şəxs idi və 4500 ABŞ dolları pul istədi. O, pul verməkdən imtina etmişdir. Bundan sonra telefonunu söndürmüş və həmin nömrəni qara siyahıya atmışdır. Bütün bunlardan sonra başa düşmüşdür ki, baş verənlər ona qarşı əvvəlcədən hazırlanmış şantajdır və məqsəd şantaj etməklə hədə-qorxu ilə pul almaqdır. Ona görə də, bu barədə Dövlət Təhlükəsizlik Xidmətinə ərizə ilə müraciət etmişdir. Bu qurumdan ona verilən məlumata görə, hazırda fakt üzrə cinayət işi başlanmış, onun əməlində hüquq pozuntusu yoxdur və o, iş üzrə zərəçəkən kimi tanınmışdır. Həmçinin, qanunvericilik şəxsin razılılığı olmadan foto və ya video çəkiliş, yaxud onların kütləvi informasiya vasitəsində yayılmasını qadağan edir. Eyni şantaj əməli Astara rayon Sağlazüzə kənd tam orta məktəbinin direktoru X2 qarşı da edilmiş və eyni əmrlə o, da, direktor və müəllim vəzifəsindən azad edilmişdir. Eyni şantaj əməli Respublikanın bir çox ziyalılarına qarşı da törədilmişdir. Həmin hadisədən 10 gün sonra Astara Rayon Təhsil Şöbəsinin müdiri onu Təhsil Şöbəsinə çağırmış və adıçəkilən vidieogörüntünü göstərərk demiş ki, bu videogörüntü Təhsil Nazirliyinə çatıb və işdən azad olunmalıdır. Bundan sonra dərhal, 27.09.2021-ci il tarixdə Astara Rayon Təhsil Şöbəsinin Həmkarlar təşkilatının iclası olmuş, iclasda tələb etmiş ki, videogörüntü montaj və şantaj xarakterli olduğu üçün araşdırılsın. Lakin iclasda tələbinə reaksiya verilməmiş və məsələ hərtərəfli araşdırılıb müzakirələr aparılmadan işdən azad edilməsinə dair müvafiq tədbirlər görülməsi barədə əvvəlcədən hazırlanan qərar oxunmuşdur. Elə həmin gün də işdən kənarlaşmış və məktəbi ondan təhvil almışlar. Əslində ona qaşı əvvəlcədən kibercinayətkarlıq yolu ilə hazırlanmış şantaja - cinayət əməlinə yol verilmiş və o, bu şantaj əməlində zərərçəkmiş şəxsdir. Belə bir vəziyyətdə Azərbaycan Respublikası Təhsil Nazirliyi AR Ali Məhkəməsindən fərqli olaraq onu nəinki müdafiə etmiş, əksinə ona qarşı edilən bu şantaj əməli əsasında cəzalandıraraq, bağlanmış əmək müqaviləsini ləğv etmişdir. Bu Əmrin verilməsi üçün gətirilən “Müəllimlərin etik davranış qaydaları”nın 2.1.3.cü, 2.1.7.-ci və 3.8-ci bəndlərinin pozulması arqumenti də onunla bağlanmış əmək müqaviləsinin Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə ləğv edilməsi üçün əsas hesab edilə bilməz. İndiki halda əmək müqaviləsi üzrə əmək funksiyasını və öhdəliklərini layiqincə yerinə yetirmişdir. 25 illik pedaqoji fəaliyyətində rayon mərkəzindən 30 km uzaqlıqda, ucqar dağ kəndində müəllim işlədiyi və direktoru olduğu Astara rayonunun Marzəsə kənd ümumi orta məktəbi dəfələrlə X6 tərəfindən keçirilən imtahanlarda rayon birincisi olmuşdur. Hətta dərs keçdiyi şagirdlər X4 keçirdiyi imtahanlarda 100 faizlik nəticələr göstərmiş və təhsillərini ali məktəblərdə davam etdirmişlər. İşlədiyi 25 ildə heç bir intizam tənbehi almamış, uzun illər rayonda keçirilən dövlət tədbirlərinin aparıcısı olmuş, məktəbin müəllim və şagird kollektivinin böyük hörmətini qazanmışdır. Bütün valideynlər və məktəb kollektivi onun işdə qalmağına görə Təhsil nazirinə rəsmi müraciətlər göndərimişlər. Cavabdehə mediasıya prosesində iştirakla bağlı təklif göndərilsə də, bu təklifə münasibət bildirməmişdir. Bütün bunlarla onun əmək hüquqlarının pozulması ilə yanaşı həm də, Azərbaycan Respublikası Konstitusiyası və “İnsan Hüquqlarının və X3 Haqqında” Avropa Konvensiyası ilə təsbit olunan digər müvafiq hüquqları da pozulmuşdur. Məhkəmə iclasında İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil iddianı müdafiə edərək təmin olunmasını xahiş etdilər. Cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyinin nümayəndəsi Nümayəndə iddianın rədd edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia tələblərinin dəlillərini, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi təmin edilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki: Azərbaycan Respublikası Təhsil Nazirinin 30.09.2021-ci il tarixli K-1234 saylı əmrindən görünür ki, Astara Rayon Təhsil Şöbəsindən Təhsil Nazirliyinə daxil olmuş məktubda rayonun Şağlazüzə kənd tam orta məktəbinin direktoru İddiaçı sosial şəbəkələrdə qeyri-əxlaqi videogörüntülərinin yayıldığı, bununla əlaqədar Astara Rayon Təhsil Şöbəsinin İlk həmkarlar ittifaqı komitəsi tərəfindən məktəb direktorları ilə bağlanmış əmək müqavilələrinin Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç" bəndinə əsasən ləğvi barədə qərar qəbul edildiyi bildirilmişdir. Göstərilən hərəkətlərə yol verməklə adları qeyd olunan məktəb direktoru "Müəllimlərin etik davranış Qaydalarının 2.1.3-cü (Müəllim peşəkar fəaliyyəti və şəxsi nümunəsi ilə təhsilalanların, valideynlərin, cəmiyyətin təhsil sisteminə, təhsil müəssisəsinə və təhsil işçilərinə inamını artırmalı və möhkəmləndirməlidir), 2.1.7-ci (Müəllim peşə nüfuzunu möhkəmləndirməyə, müəllim adını, şərəf və ləyaqətini uca tutmağa borcludur). 3.8-ci (Müəllim pedaqoji etika və əxlaq normalarına riayət edir, müəllim nüfuzunu yüksək tutur, ziyalılıq nümunəsi göstərir) bəndlərinin tələblərini pozmuşdur. Qeyd edilənləri nəzərə alaraq, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-cı maddəsinin "ç" bəndinə əsasən Astara rayonu Şağlazüzə kənd tam orta məktəbinin direktoru İddiaçı ilə bağlanmış əmək müqavilələri “Müəllimlərin etik davranış Qaydaları”nın tələblərini pozduğuna görə 30.09.2021-cı il tarixdən ləğv edilmişdir. Əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişindən görünür ki, İddiaçı bağlanmış əmək müqaviləsi Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-cı maddəsinin "ç" bəndinə əsasən 30.09.2021-ci il tarixdə xitam verilmişdir. İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə 10.11.2021-ci il tarixli 2021- 06619 saylı arayışından görünür ki, tərəflər arasında hazırkı mübahisənin həlli üçün mediatora müraciət edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 10.02.2022-ci il tarixli, 4/76 nömrəli ekspert rəyinin məzmunundan görünür ki, ekspertizaya təqdim olunmuş 1 ədəd fləş yaddaş kartında qeydə alınmış “video-**********” və “video- **********” adlı videoyazılar animasiya kinosu və ya kompüter animasiyası yolu ilə əldə olunmamışdır. Ekspertizaya təqdim olunmuş 1 ədəd fləş yaddaş kartında qeydə alınmış “video-**********” və “video-**********” adlı videoyazılarda tədqiqi hissədə qeyd olunan montaj əlamətləri müəyyən olundu. Videoyazılarda qeydə alınmış montaj əlamətləri yazılış vaxtı aparılmış dəyişikliklərin deyil, əvvəlcədən emal olunmuş arxa fondakı görüntülərin sonradan əsas fondakı görüntülərlə mikşerlənməsi (əlavə olunaraq yenidən yazılması) və əldə olunmuş videoyazının mikşerlənmədən sonra təkrar emal olunması (kəsilməsi, fraqmentlər ardıcıllığının pozulması) nəticəsində yaranmışdır. Videoyazılar ilkin olmadığından və videoyazıların qeydə alındığı yazı qurğusu ekspertizaya təqdim olunmadığından digər montaj əlamətlərinin olub-olmamasını müəyyən etmək mümkün olmamışdır. Məhkəmə ilk növbədə iddia tələbinə mülki və mülki prosessual qanunvericiliyin tələblərinə uyğun hüquqi qiymət verilməsini zəruri hesab edir. “İnsan hüquqlarına dair Ümumi Bəyannamə”nin 23-cü maddəsinin İ, İİ və İİİ hissələrinə əsasən hər bir şəxsin əmək, sərbəst iş yeri seçmək, ədalətli və münasib iş şəraiti və işsizlikdən müdafiə hüququ vardır, heç bir ayrı seçkilik olmadan eyni iş üçün eyni əmək haqqı almaq hüququna malikdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin: 2-ci maddəsinin 2-ci hissəsinə əsasən, Azərbaycan Respublikasının Əmək Məcəlləsi fiziki şəxslərin əmək hüquqlarının və bu hüquqların həyata keçirilməsini təmin edən qaydaların minimum normalarını müəyyən edir; 3-cü maddəsinə əsasən əmək müqaviləsi işəgötürənlə işçi arasında fərdi qaydada bağlanan əmək münasibətlərinin əsas şərtlərini, tərəflərin hüquq və vəzifələrini əks etdirən yazılı müqavilədir; 68-ci maddəsinin 1-ci hissəsinə əsasən əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər; 70-ci maddənin “ç” bəndinə görə işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər; 72-ci maddəsində aşağıdakı hallar işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir: a) özünün xəstəliyi, yaxın qohumunun xəstələnməsi və ya vəfat etməsi istisna olunmaqla heç bir üzürlü səbəb olmadan bütün iş günü işə gəlməməsi; b) alkoqollu içkilər, narkotik vasitələr və psixotrop, toksik və digər zəhərli maddələr qəbul edərək sərxoş vəziyyətdə işə gəlməsi, habelə işə gəldikdən sonra iş yerində həmin içkiləri və ya maddələri qəbul edərək sərxoş vəziyyətdə olması; c) təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində mülkiyyətçiyə maddi ziyan vurması; ç) təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində əməyin mühafizəsi qaydalarını pozaraq iş yoldaşlarının səhhətinə xəsarət yetirməsi və ya onların bu səbəbdən həlak olması; d) qəsdən istehsal, kommersiya və ya dövlət sirrinin yayılması və ya bu sirrin gizli saxlanılması üzrə öhdəliklərini yerinə yetirməməsi; e) əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvləri, hüquq pozuntuları nəticəsində işəgötürənin, müəssisənin və ya mülkiyyətçinin qanuni mənafeyinə ciddi xələl gətirməsi; ə) əmək funksiyasını pozduğuna görə əvvəllər işəgötürən tərəfindən verilmiş intizam tənbehindən nəticə çıxarmayaraq altı ay ərzində təkrarən əmək funksiyasını pozması; f) iş vaxtı ərzində bilavasitə iş yerində inzibati xətalara və ya cinayət tərkibi olan ictimai-təhlükəli əməllərə yol verməsi; 74-cü maddəsinin 2-ci hissəsinə əsasən əgər qanunsuz və ya əsassız işdən çıxarılmış işçi işinə bərpa olunması üçün məhkəməyə iddia ərizəsi ilə müraciət edərsə və məhkəmə tərəfindən iddiası təmin olunaraq işinə (vəzifəsinə) bərpa edilməsi haqqında qətnamə (qərar) qəbul edilərsə, onda işəgötürən tərəfindən məhkəmənin”qanuni qüvvəyə minmiş”qətnaməsi (qərarı) dərhal icra edilərək o, əvvəlki vəzifəsinə və ya razılığı ilə başqa vəzifəyə (işə) bərpa olunmalıdır. Bu zaman işə bərpa edilən işçinin yerinə götürülmüş işçi ilə bağlanmış əmək müqaviləsinə bu Məcəllənin 71-ci maddəsinin 1-ci hissəsində nəzərdə tutulmuş müvafiq araşdırmalar aparılmaqla xitam verilə bilər; Məhkəmə yuxarıda sadalananlara əsasən qeyd edir ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, habelə həmin Məcəllənin 72-ci maddəsində sadalanan hallar əsasında əmək müqaviləsinə xitam verilməsinin mümkünlüyü qeyd edilmişdir. Həmin Məcəllənin 72-ci maddəsində isə qeyd olunan hallar sırasında İddiaçı bu qaydaların pozulması ilə bağlı əsaslar aşkar edilməmişdir. Belə ki, sosial şəbəkədə onun barəsində yayılmış videogörüntünün Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 10.02.2022-ci il tarixli 4/76 nömrəli ekspert rəyinə əsasən montaj olunduğu müəyyən olunmuşdur. Belə olan halda iddiaçının Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən işdən azad olunması əsassız və qanunsuzdur. Avropa İnsan Hüquqları Konvensiyasının 8-ci maddəsində göstərilir: Hər kəs öz şəxsi və ailə həyatına, mənzilinə və yazışma sirrinə hörmət hüququna malikdir. Milli təhlükəsizlik və ictimai asayiş, ölkənin iqtisadi rifah maraqları naminə, iğtişaşın və ya cinayətin qarşısını almaq üçün sağlamlığı yaxud mənəviyyatı mühafizə etmək üçün və ya digər şəxslərin hüquq və azadlıqlarını müdafiə etmək üçün qanunla nəzərdə tutulmuş və demokratik cəmiyyətdə zəruri olan hallar istisna olmaqla, dövlət hakimiyyəti orqanları tərəfindən bu hüququn həyata keçirilməsinə mane olmağa yol verilmir. Məhkəmə iş üzrə toplanmış sübutlar məcmusuna hüquqi qiymət verərək hesab edir ki, Azərbaycan Respublikası Təhsil Nazirinin 30.09.2021-ci il tarixli, K-1234 saylı əmri İddiaçı sid hissədə ləğv olunmalı, iddiaçı əvvəlki işinə bərpa edilməli, məcburi iş buraxma günlərinə gorə ona orta əmək haqqı ödənilməlidir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin: 287-ci maddəsinə əsasən fərdi əmək mübahisələri, işəgötürənlə işçi arasında əmək müqaviləsinin, kollektiv müqavilənin şərtlərinin, habelə əmək qanunvericiliyinin və digər normativ hüquqi aktların tətbiqi zamanı yaranan və bu Məcəllə ilə müəyyən edilmiş qaydada, üsullarla və şərtlərlə tərəflərin hüquq bərabərliyi və qanunun aliliyi prinsipləri əsasında həll edilən fikir ayrılığıdır; 288-ci maddəsinə əsasən fərdi əmək mübahisələrinin predmetinə daxil olan hallardan biri də əmək müqaviləsinin ləğv olunması, habelə işəgötürənin işçiyə vurduğu maddi və ya mənəvi ziyanın məbləğinin müəyyən edilməsi və ödənilməsi ilə bağlı işçi ilə işəgötürən arasında yaranan mübahisələrdir; 292-ci maddəsinə əsasən işçi hüquqlarının və ya qanunla qorunan mənafeyinin pozulduğunu aşkar etdikdə, həmin Məcəllədə nəzərdə tutulmuş qaydada fərdi əmək mübahisələrini həll edən orqanlara və ya məhkəməyə müraciət edərək pozulmuş hüquqlarının bərpa edilməsini tələb edə bilər; 300-cü maddəsinə görə, əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qətnamə çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 115.0.1-ci maddəsinə əsasən şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə”mütənasib”olaraq işdə iştirak edən şəxslərə aid edilir. Aparılmış ekspertiza tədqiqatlarının dəyəri olan 446 (300+146) manat məbləğində pul cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyindən tutularaq (X1, KOD 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, VÖEN **********, hesab AZ34CTRE********************, büdcə təsnifatın kodu 142595, büdcə səviyyəsinin kodu 3”) Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi hesabına keçirilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrinin tələblərinə uyğun olaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Azərbaycan Respublikası Təhsil Nazirinin 30.09.2021-ci il tarixli, K-1234 saylı əmri İddiaçı münasibətdə ləğv edilsin. İddiaçı əvvəlki işinə bərpa olunsun və məcburi işburaxmaya görə orta əmək haqqı ona hesablanıb ödənilsin. Aparılmış ekspertiza tədqiqatlarının dəyəri olan 446 (300+146) manat məbləğində pul cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyindən tutularaq (X1, KOD 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, VÖEN **********, hesab AZ34CTRE********************, büdcə təsnifatın kodu 142595, büdcə səviyyəsinin kodu 3”) Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi hesabına keçirilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Kəmalə Əmirxanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar