Məhkəmə qərarları › İş №2(005)-4167/2021

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-4167/2021

16.12.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi - Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-4167/2021 16.12.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Ədilova Solmaz İmran qızının sədrliyi, Əhmədzadə Əhməd Elman oğlunun katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil1, Cavabdeh nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “şəxsin mənzilə istifadə hüququnun olmayan hesab edilməsi və mənzildən çıxarılma” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “şəxsin mənzilə istifadə hüququnun olmayan hesab edilməsi və mənzildən çıxarılma” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh X9 (X10 və X11 ilə birlikdə) mülkiyyətimdə olan Bakı şəhəri, Nərimanov rayonu, İsmayıl Hidayətzadə küçəsi, ev 37 A, 10 saylı mənzildən istifadə hüququ olmayan şəxs hesab edilməklə mübahisəli mənzildən çıxarılması və bu qətnamənin cavabdehin övladları ilə birlikdə yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması üçün əsas hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələblərini onunla əsaslandırmışdır ki, RX ******* nömrəli, 00701 1000373- 05101-093044 reyestr nömrəli, 16.03.2018- ci il qeydiyyat tarixli çıxarışdan da göründüyü kimi ünvan 1 ünvanında yerləşən yaşayış sahəsi onun xüsusi mülkiyyətindədir. Belə ki, cavabdeh X1 İlkin Əlövsət oğlu ilə 2 ildən artıqdır ki, rəsmi olaraq boşanmışdır. X12 ilə boşandığı üçün cavabdeh artıq ailə üzvləri sayılmır. Hazırda X9 (övladları X10, X5) Bakı şəhəri, Nərimanov rayonu, İsmayıl Hidayətzadə küçəsi, ev 37 A, 10 saylı mənzildə yaşaması mənim istifadə hüququnu pozur, ümumiyyətlə mülkiyyət hüququnun tam həyata keçirilməsinə məhdudiyyət yaradır. Buna görə də, cavabdeh X14 övladları ilə birlikdə mülkiyyətində olan Bakı şəhəri, Nərimanov rayonu, İsmayıl Hidayətzadə küçəsi, ev 37 A, 10 saylı mənzildən istifadə hüququ olmayan şəxs hesab edilməli və mübahisəli mənzildən çıxarılmalıdır. İddiaçı daha sonra iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə təqdim edərək, cavabdeh X9 (X10 və X11 ilə birlikdə) mülkiyyətində olan Bakı şəhəri, Nərimanov rayonu, İsmayıl Hidayətzadə küçəsi, ev 37 A, 10 saylı mənzildən istifadə hüququ olmayan şəxs hesab edilməklə mübahisəli mənzildə dəhlizin sonunda yerləşən sahəsi 20 kv.m olan qonaq otağından çıxarılması və bu qətnamənin cavabdehin övladları ilə birlikdə yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması üçün əsas hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiış etmişdir. Məhkəmə iclasında İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil1 ayrı-ayrılıqda izahat verərək, iddia tələbinin təmin edilməsini xahiş etdi. Cavabdeh nümayəndəsi və vəkili Vəkil2 izahat verərək iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Eyni zamanda Cavabdeh iddia ərizəsinə etiraz təqdim edərək, onun övladları ilə birlikdə yaşadığı mənzildə istifadə hüququ olmayan şəxs hesab edilməklə mübahisəli mənzildən çıxarılmağı və bu qətnamənin onun və övladlarının yaşayış yeri üzrə qeydiyyatdan çıxarılmağı üçün əsas hesab edilməsi tələbi barədə iddiaçının iddia ərizəsinin rədd edilməsini xahiş etmişdir. Cavabdeh etiraz ərizəsini onunla əsaslandırmışdır ki, onun övladları ilə birlikdə yaşadığı mənzildə istifadə hüququ olmayan şəxs hesab edilməklə mübahisəli mənzildən çıxarılmağım və bu qətnamənin onun və övladlarının yaşayış yeri üzrə qeydiyyatdan çıxarılmağı üçün əsas hesab edilməsinə qətnamə qəbul edilməsi tələbi barədə iddiaçının iddia ərizəsinin rədd edilməsinə dair iddia ərizəsi əsassızdır və qanunsuzdur. İddiaçı iddia ərizəsində RX1263064 nömrəli **********73-05101-093044 reyestr nömrəli 16.03.2018-ci il qeydiyyat tarixli çıxarışdan da göründüyü kimi ünvan 2 ünvanda yerləşən yaşayış sahəsinin onun xüsusi mülkiyyətində olması göstərilmişdir. O, 2009-cu ildən həmin mübahisəli mənzilə köçmüşdür. Həyat yoldaşı X12 ilə ailə həyatı qurmuşdur. Birgə evlilikdən övladları 28.02.2010-cu ildə oğlu Hüseyn, 29.02.2012-ci ildə qızı Natavan doğulmuşlar. Hər dördü həmin mübahisəli evdə pasport qeydiyyatında olmaqla yaşayırlar. Həmin dövrlərdə indi mübahisə edilən mənzil nə İddiaçı adına olmuş, nə də ki, həyat yoldaşı X6 adına olmuşdur. Nərimanov rayon MKTB-nin 051781 nömrəli forma-2 arayışından da görünür ki, iş üzrə cavabdeh, yəni mən həmin mübahisəli mənzildə 2010-cu ildən pasport qeydiyyatında olmaqla, ailə üzvüləri ilə birlikdə yaşayır. Lakin sonralar, yəni 29.12.2020-ci ildə həmin mənzil İddiaçı adına keçmiş, sənədləşməyə o da etiraz etməmişdir. İddaiçı iddia ərizəsində mənzilin əvvəlki müqəddəratını göstərməmişdir. 01.05.2019-cu ildə men heyat yoldaşı X2 boşandıqdan sonra, 29.12.2020-ci ildə həmin mənzil onun həyat yoldaşının adından çıxarılaraq, hazrrki iddiaçının adına keçirilmişdir. O, iddiaçının iddia ərizəsində əsassız olaraq göstərdiyi kimi onun mənzildən istifadə hüququnu pozmur, heç bir məhdudiyyət yaratmır. Belə ki, həmin mənzildə, mülkdə elə 2010-cu il tarixdən ayrıca otaq tikmiş və orada yaşayır. Sadəcə olaraq həmin ünvan eynidir. Etiraza əlavə etidiyi göstərilən sənədlərə əsasən, eləcə də mənzilin əvvəllər sosial evlərin olmasına əsasən hesab edir ki, iddiaçının iddia ərizəsi əsassız və qanunsuzdur. 19.11.2021-ci il tarixli yerli baxış zamanı müəyyən edildi ki, Bakı şəhəri, Nərimanov rayonu, İ.Hidayətzadə küçəsi, ev 37A, 10 saylı mənzildə baxış keçirilərkən müəyyən olundu ki, həmin mənzilin iki ayrı-ayrı girişi mövcuddur. Cavabdeh bildirir ki, o iddiaçıya məxsus mənzildə deyil, ayrıca girişi olan qanunsuz tikilidə yaşayır. Həmin qanunsuz tikili mətbəxdən, iki yataq otağından, bir zaldan ibarətdir. Cavabdeh onu da qeyd edir ki, bu otaqlardan sadəcə sonda yerləşən yataq otağı iddiaçıya məxsus mənzilə aiddir. Digər otaqlar isə əlavə olaraq tikilmişdir. İddiaçının nümayəndəsi və vəkili cavabdehin yaşadığı mənzilin iddiaçının yaşadığı mənzilə əlavə olaraq tikilmiş qanunsuz tikili olduğunu təsdiqlədi. İddiaçının nümayəndəsi və vəkili onu da qeyd edir ki, cavabdehin yaşadığı sadəcə bir otaq iddiaçıya məxsus mənzilə aiddir. Cavabdehin yaşadığı mənzilə mətbəxdən daxil olunur, daha sonra sağ hissədə uşaqlar üçün yataq otağı, mətbəxdən sonra zal, zaldan sonra isə iddiaçıya məxsus mənzilə aid olan yataq otağı yerləşir. Məhkəmə iş materiallarını tədqiq edərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin RX seriyalı ******* saylı çıxarışın surətindən dan görünür ki, ünvan 1 tam mülkiyyət hüququ ilə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində 2828 nömrəli reyestr kitabının 263762 nömrəli vərəqində rəsmiləşdirilmişdir. İş materiallarında olan, Daxili İşlər Nazirliyinin Yaşyış yeri üzrə qeydiyyat haqqında ******* saylı arayışından görünür ki, tərəfindən verilmiş X12, X13, X10, X11, Cavabdeh, X15, İddiaçı Bakı şəhəri, Nərimanov rayonu, İsmayıl Hidayətzadə küçəsi, ev 37A, mənzil 10 ünvanında qeydiyyatdadır. İş materiallarında olan Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 01 may 2019-cu il tarixli 2(005)-2154/2019 saylı qətnaməsi ilə X12 ilə Quliyeva (Məmmədova) Mayya Ənvərovna arasında 25 aprel 2009-cu il tarixdə Bakı şəhəri, Nərimanov rayon Qeydiyyat şöbəsində 277 nömrəli aktla qeyd edilmiş nikahın pozulması,tərəflərin birgə nikahından olan 28 fevral 2010-cu il təvəllüdlü X11 və 29 fevral 2012-ci il təvəllüdlü X10 anaları Quliyeva (Məmmədova) Mayya Ənvərovnanın yanında saxlanılması qət edilmişdir. İş materiallarında olan 18.06.1992-ci il tarixli 30/5204 tarixli qeydiyyat haqqında şəhadətnamənin surətindən görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, İsmayıl Hidayətzadə küçəsi, ev 37 A, 10 saylı mənzil 18.06.1992-ci il tarixdə ******* saylı qeydiyyat nömrəsi ilə İddiaçı adına rəsmiləşdirilmişdir. İş materiallarında olan A.A.Quliyevin adına verilmiş 021119 saylı orderin surətindən görünür ki, Quliyev A.A-ya Bakı, Miçurin küçəsində yerləşən 3 otaqlı 48 kv.m olan, 37 a saylı evin, 10 saylı mənzilində aşağıdakı ailə tərkibi ilə - Quliyev A.A, Quliyeva C.Y, Quliyev İ.A, Quliyev M.A-dan yaşamaq hüququ verilmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edilir ki, RX ******* nömrəli, 00701 1000373- 05101-093044 reyestr nömrəli, 16.03.2018- ci il qeydiyyat tarixli çıxarışa əsasən ünvan 5 ünvanında yerləşən yaşayış sahəsi İddiaçı mülkiyyətindədir. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 01 may 2019-cu il tarixli 2(005)-2154/2019 saylı qətnaməsindən göründüyü kimi, X12 ilə Quliyeva (Məmmədova) Mayya Ənvərovna arasında 25 aprel 2009-cu il tarixdə Bakı şəhəri, Nərimanov rayon Qeydiyyat şöbəsində 277 nömrəli aktla qeyd edilmiş nikahın pozulması, tərəflərin birgə nikahından olan 28 fevral 2010-cu il təvəllüdlü X11 və 29 fevral 2012-ci il təvəllüdlü X10 anaları Quliyeva (Məmmədova) Mayya Ənvərovnanın yanında saxlanılması qət edilmişdir. Hazırda cavabdehlər mübahisəli mənzildə qeydiyyatdadır. (27Daxili İşlər Nazirliyinin Yaşyış yeri üzrə qeydiyyat haqqında ******* saylı arayış). İddiaçı mülkiyyət hüquqlarının pozulması ilə tələbini əsaslandırır. Azərbaycan Respublikası MPM-nin 218.3-cü maddəsinə görə, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Bu səbəblə məhkəmə, iddianın hüquqi əsaslarının, yəni iddiada istinad olunan qanunvericilik normalarının dispozisiya şərtlərinin mövcudluğunun olub-olmadığına hüquqi qiymət verməlidir. «Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin şərh edilməsinə dair» Konstitusiya Məhkəməsi 27 iyul 2001-ci il tarixli qərarında belə nəticəyə gəlmişdir ki, 2001-ci ilin sentyabrın 01-dən sonra yaşayış evindən (mənzildən) istifadə edilməsi ilə əlaqədar yaranan hüquq münasibətləri ilə bağlı mübahisələr Mülki Məcəllənin 228-ci maddəsinin qaydalarına uyğun, bu tarixədək yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr isə Mənzil Məcəlləsinin 123-cü maddəsinin qaydalarına uyğun həll edilməlidir. R.Ağalarovun şikayəti üzrə Konstitusiya Məhkəməsinin Plenumu 26 sentyabr 2007-ci il tarixli qərarında, MM-in 228.2-ci maddəsi ilə bağlı olaraq, mülkiyyət hüququnun yaşayış sahəsindən istifadə hüququndan fərqləndiyini qeyd etmiş, eyni zamanda, hər iki hüququn müəyyən mənada mütənasib şəkildə tarazlaşdırılmaqla təmin edilməli olması nəticəsinə gəlmişdir. Həmin qərarda göstərilmişdir ki, eyni mənzildə ailə üzvləri (və ya onlara bərabər tutulan şəxslər) yaşadığı halda, onlardan birində (və yaxud bir neçəsində) mənzilə mülkiyyət hüququ (o cümlədən mənzildən istifadə hüququ), digərlərində isə yalnız mənzildən istifadə hüququnun mövcud olması mümkündür. Bu şəxslər arasında yaranan mübahisələrin həlli zamanı mülkiyyət hüququ və mənzildən istifadə hüququnun təbiəti, onların mütənasibliyi və həyata keçirilməsinə dair qüvvədə olan Azərbaycan Respublikası qanunvericiliyinin müddəaları nəzərə alınmalıdır. Buna görə də məhkəmə hesab edir ki, tərəflər arasında olan münasibətlərə Azərbaycan Respublikası MPM-nin 217.2-ci maddəsinə əsasən mübahisəli hüquq münasibətlərinin yarandığı zaman qüvvədə olan Azərbaycan Respublikası Mülki Məcəlləsinin müddəaları tətbiq olunmalıdır. Məhkəmə hesab edir ki, “cavabdehin istifadə hüququ olmayan şəxs hesab edilməsi” tələbi ilə bağlı mübahisənin qanuni əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin müddəaları çıxış edir. «Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228.5-ci maddəsinə dair» Konstitusiya Məhkəməsi 27 may 2008-ci il tarixli qərarında belə nəticəyə gəlmişdir ki, MMin 228.5-ci maddəsinində əks olunmuş «mülkiyyətçinin razılığı» müddəası konstitusiyahüquqi mənasına görə həmin Məcəllənin 228.2-ci maddəsinin tələbləri baxımından tətbiq edilməklə mülkiyyətçinin razılığı yazılı şəkildə bağlanan notariat qaydasında təsdiqlənən razılaşmada ifadə edilməlidir. MM-in 228.5-ci maddəsində əks olunmuş «həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır» müddəası Konstitusiyaya uyğun hesab edilməli və yaşayış binasının tərkib hissəsindən digər şəxslərin istifadə hüququna xitam verilməsinin MM-in 228.2-ci maddəsinə uyğun olaraq tərəflərin yazılı bağladıqları razılaşma ilə təyin edilməlidir (razılaşmada həmin hüquqa xitam verilməsinin nikahla əlaqələndirilməsi istisna olunmur). MM-in 228.1 və 228.2-ci maddələrinin mənasından göründüyü kimi yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun yaranması üçün aşağıdakı mütləq şərtlərin yerinə yetirilməsi tələb olunur: - mülkiyyətçi ilə yazılı razılaşmanın bağlanılması; həmin razılaşmanın notariat qaydasında təsdiq edilməsi; istifadə hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Cavabdeh B Bakı şəhəri, Nərimanov rayonu, İsmayıl Hidayətzadə küçəsi, ev 37 A, 10 saylı mənzilin mülkiyyətçisinin (əvvəlki və hazırkı) keçmiş ailə üzvləri kateqoriyasına da aid edilə bilməz. Belə ki, MM-in 228.5-ci maddəsində təsbit olunmuşdur ki, yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Həmin müddəanın mənasına görə mülkiyyətçi ilə birgə yaşayan əri, arvadı, valideynləri və uşaqlarının onunla bərabər yaşayış sahəsindən istifadə hüququ onların mülkiyyətçinin icazəsi ilə yaşayış binasının tərkib hissəsinə köçərək orada daimi yaşamaqlarından asılıdır. Bu mənada, nəzərə alınmalıdır ki, yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri ilə bağlı MM-in 228.5-ci maddəsinə nisbətdə həmin Məcəllənin 228.1-ci maddəsi daha geniş xarakter daşıyır. Belə ki, MM-in 228.1-ci maddəsində mülkiyyətçinin ailə üzvlərindən bəhs edildiyi təqdirdə, həmin Məcəllənin 228.5-ci maddəsi yalnız mülkiyyətçi ilə birgə yaşayan ailə üzvlərinə aiddir. Göründüyü kimi mülkiyyətçi ilə birgə yaşamayan onun ailə üzvləri MM-in 228.5-ci maddəsinin dairəsinə düşmür. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, Cavabdeh yetkinlik yaşına çatmayan uşaqları ilə birlikdə mübahisəli evə bitişik 2 otaq, mətbəx, dəhlizdən ibarət özbaşına tikilidə yaşayır. Həmin özbaşına tikiliyə habelə Bakı şəhəri, Nərimanov rayonu, İsmayıl Hidayətzadə küçəsi, ev 37 A, 10 saylı mənzilin tərkib hissəsi olan 20 kv.m sahədən ibarət olan otaq daxil edilmişdir. Həmin otaqdan cavabdeh yataq otağı kimi istifadə edir. Mülki Məcəllənin 228-ci maddəsində yaşayış binasının tərkib hissəsindən istifadə imkanını təmin edən əmlak hüququ yalnız notariat qaydasında təsdiq olunan müqavilə əsasında daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmaqla yarandığına və istənilən şəxsdən bu hüququn pozulmasının aradan qaldırılmasını tələb etmək səlahiyyətini təmin etdiyinə görə, bu hüquq mahiyyətcə məhdud əşya hüququdur. “Yaşayış yeri və olduğu yer haqqında” Azərbaycan Respublikası Qanunun 1-ci maddəsinə əsasən yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat icazə xarakteri daşımır və yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola bilər. Cavabdeh pasport qeydiyyatına alınması öz-özlüyündə, cavabdehin həmin mənzildən istifadə hüququnu yaratmır. İş materiallarından və işin müəyyən edilmiş hallarından da göründüyü kimi, cavabdehin mübahisəli mənzilə istifadə hüququ barədə mənzilin mülkiyyətçisi ilə arasında notariat qaydasında yazılı razılaşma mövcud deyildir. Yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. Lakin Cavabdeh istifadə hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamışdır. Göründüyü kimi, iddiaçının gəlini Cavabdeh qanunvericiliyin tələblərinə əsasən iddiaçının ailə üzvü olmamışdır və sözügedən mübahisəli mənzildən istifadə hüququ əldə etməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsin Plenumunun 16 dekabr 2014-cü il tarixli qərarına əsasən, Mənzil Məcəlləsinin 30.1-ci maddəsinin ikinci cümləsinin “digər qohumlar” ifadəsi Ailə Məcəlləsinin 15-ci fəslinin müddəalarına əsasən yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanmasını tələb etmək hüququ olan şəxsləri ehtiva edir. Qeyd olunan qanunvericiliyin tələblərinə əsasən, İddiaçı keçmiş gəlini Cavabdeh onun ailə üzvü və ya digər qohumu hesab edilmir və sözügedən mübahisəli mənzildən istifadə hüququ əldə etməmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Konstitusion hüquqi təbiəti etibarilə mülkiyyət hüququ nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericiliyin çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Azərbaycan Respublikasının qanunvericiliyi də mülkiyyətin toxunulmazlığına və onun dövlət tərəfindən qorunmasına dair konstitusion prinsip və müddəaları inkişaf etdirərək, bu hüququn əldə edilməsi, həyata keçirilməsi və müdafiəsi mexanizmlərini dəqiqləşdirir. Bu mənada, Konstitusiyanın mülkiyyət hüququna dair müddəalarını inkişaf etdirən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152-ci maddəsində təsbit edilmişdir ki, mülkiyyət hüququsubyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Qeyd olunmalıdır ki, mülkiyyət hüququna bu və ya digər müdaxilə ilə bağlı mübahisəyə baxılarkən mülkiyyət hüququnun müdafiəsi ilə ictimai maraq tələbləri arasındakı ədalətli tarazlığın pozulub-pozulmamasını da müəyyən etmək lazımdır. Bu cür tarazlıq isə o halda pozulur ki, mülkiyyət hüququna malik olanlar «xüsusi və həddən artıq məhrumiyyətlərə» məruz qalırlar. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Sporronq və Lonnpot İsveçə qarşı” iş üzrə qərarında qeyd etmişdir ki, mülkiyyətçinin əmlakına hüququ ilə bağlı statusu toxunulmaz qalsa da, mülkiyyət hüququnun həyata keçirilməsi imkanının məhdudlaşdırılması ilə mülkiyyət hüququ “şərti və qeyri-sabit” xarakter almış olur. Mülki məcəllənin 27.1-ci maddəsinə əsasən, fiziki şəxsin adətən yaşadığı yer onun yaşayış yeri sayılır. Şəxsin bir neçə yaşayış yeri ola bilər. Mülki məcəllənin 27.2-ci maddəsinə əsasən, on dörd yaşına çatmamış şəxslərin yaşayış yeri valideynlik hüquqlarını itirməmiş valideynlərinin yaşayış yeri sayılır, qəyyumluq altında olan şəxsin yaşayış yeri isə qəyyumun yaşayış yeri sayılır. Ailə Məcəlləsinin 49.2-ci maddəsinə əsasən hər bir uşaq ailədə yaşamaq və tərbiyə almaq, öz valideynlərini tanımaq və onların qayğısından istifadə etmək, uşağın maraqlarına zidd olan hallar istisna olmaqla, onlarla birgə yaşamaq hüququna malikdir. Eyni zamanda işdə olan arayışdan da görünür ki, yetkinlik yaşına çatmayan X10 və X11 yaşayış yeri üzrə məhz mübahisəli mənzildə qeydiyyata alınmışdır. Bu səbəbdən də məhkəmə hesab edir ki, iddia tələbi yetkinlik yaşına çatmayan X10 və X7 münasibətdə əsaslı deyil, həmin hissədə iddia tələbi təmin edilməməlidir. Belə ki mülki qanunvericiliyin müddəalarına əsasən yetkinlik yaşına çatmayan uşaqların yaşayış yeri valideynlərin olduğu yer sayılır. Hazırki mülki iş materiallarından göründüyü kimi, yetkinlik yaşına çatmayan X3 və X5 atası X12 mübahisəli mənzildə qeydiyyatda olmaqla həmin mənzildə yaşayır. Yuxarıda qeyd olunanları nəzərə alaraq, məhkəmə belə qənaətə gəlir ki, iddia qismən təmin edilməli, Cavabdeh Bakı şəhəri, Nərimanov rayonu, İsmayıl Hidayətzadə küçəsi, ev 37 A, 10 saylı saylı mənzilinə istifadə hüququnun olmaması müəyyən edilməli, Cavabdeh Bakı şəhəri, Nərimanov rayonu, İsmayıl Hidayətzadə küçəsi, ev 37 A, 10 saylı mənzilində dəhlizin sonunda yerləşən sahəsi 20 kv.m olan qonaq (indiki halda yataq) otağından çıxarılmalı, iddia tələbi qalan hissədə təmin olunmamalıdır. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə hesab edir ki, mülki iş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıların özünə aid edilməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Azərbaycan Respublikası MPM-nin 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh İddiaçı məxsus olan Bakı şəhəri, Nərimanov rayonu, İsmayıl Hidayətzadə küçəsi, ev 37 A, 10 saylı mənzilinə istifadə hüququnun olmaması müəyyən edilsin. Cavabdeh Bakı şəhəri, Nərimanov rayonu, İsmayıl Hidayətzadə küçəsi, ev 37 A, 10 saylı mənzilində dəhlizin sonunda yerləşən sahəsi 20 kv.m olan qonaq (indiki halda yataq) otağından çıxarılsın. İddia qalan hissədə təmin edilməsin. Mülki iş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Solmaz Ədilova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar