Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-4177/2022 22.11.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Ədilova Solmaz İmran qızının sədrliyi, Əkbərli Samiq Sadiq oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası” ASC-yə qarşı “maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında, məhkəmənin binasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “məcburi dövlət sosial sığorta haqqının, maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsinin dəqiqləşdirilməsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən pensiya fonduna köçürmədiyi 4390 manat pul vəsaitini köçürməsi, bundan başqa iddiaçıya vurduğu mənəvi və maddi ziyana görə 15000 manat təzminat ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, bildirir ki, o 1992-1994-cü illər ərzində Qarabağın Ağdərə, Laçın və Kəlbəcər istiqamətlərində gedən müharibənin iştirakçısıdır. 1992-ci ilin iyul ayında Ağdərə şəhərinin və onun yaşayış məntəqələrinin azad olunması döyüşlərinin iştirakçısıdır. Buna görə qiymətli hədiyyələrlə mükafatlandırılmışdır. Həmçinin “qüsursuz xidmətlərə görə” medalı ilə mükafatlandırılıb. xx.xx.2008-ci ildən xx.xx.2010-cu il tarixinədək "xxxx" ASC-nin Nəqliyyat departamentində təkərçi vəzifəsində aylıq maaşları əvvəldən axıradək 650 manat almışdır. 2022-ci ilin aprel ayında Dost Agentliyindən aldığı sosial arayışdan məlum olmuşdur ki, "xxxx" ASC-də işlədiyi vaxtlarda şirkət onunla əməmk müqaviləsi bağlamayıb. Həmçinin xx.xx.2008-ci il tarixindən xx.xx.2010-cu ilədək yəni 23 ay ərzində onun aylıq maaşlarındakı Dövlət Sosial Sığorta Şəhadətnaməsinin hesabına heç bir ödəniş etməmişdir. 2010-cu ilin yanvar, fevral, mart, aprel və may ayları üçün aylıq maaşlarının 650 manat olmasına baxmayaraq onu 110 manatadək azaldaraq göstərmiş, DSSŞ-nin hesabına ödəniş etmişdir. Bununla da "xxxx" ASC həm iddiaçıya həm də Dövlətə vergi ödəməməklə külli miqdarda ziyan vurmuşdur. Mütəxəssisin hesablamalarına görə "xxxx" ASC onun pensiya fonduna (DSSŞ hesabına) 4525 manat ziyan vurmuşdur. Bu barədə dəfələrlə "xxxx" ASC ünvanına yazılı müraciətlər etməsinə baxmayaraq tam onu qane edəcək, nəticə ala bilməmişdir. Dəfələrlə şirkətin aidiyyəti vəzifəli şəxsləri ilə görüşmüş və onun 1-ci qarabağ müharibəsi veterenı olduğunu nəzərə alaraq, DSSŞ-nin hesabına ödəmələr etmələrinə razılıq verdilər. ƏƏSMN-nin DSMF-na xx.xx.2022-ci il tarixli 03.-01/504 saylı məktub göndərməklə şirkətdə işlədiyi 28 ay üçün cəmi 18901 manat gəlirinin olması barədə məlumat vermişdir. Lakin FİN xətası olduğundan məktub qəbul olunmayıb. Uzun danışıqlardan və get-gəllərdən sonra "xxxx" ASC yenidən xx.xx.2022-ci il tarixli 03.-01/542 saylı məktubla ƏSSMN-nin DSMF-nin Publik hüquqi şəxsinin Sosial Sığorta və Fərdi uçot üzrə Mərkəzi Filialına yeni məktub göndərmiş və həmin məktubda 28 ay üçün gəlirlərini 1721 manat azaltmaqla 17180 manat olması bildirilmişdir. Lakin 12.09.202-ci il tarixində DOST Agentliyi tərəfindən aldığı sosial arayışdan ona məlum olmuşdur ki, "xxxx" ASC-nin DSMF-də xx.xx.2022-ci il tarixli 03-01/542 saylı məktubunda göstərdiyi məbləğ qədər bölüşdürülməmiş gəlirlər üzrə qalmış vəsaiti yox idi. Bu səbəbdən də onun pensiya fonduna "xxxx" ASC tərəfindən 5091 manat az pul vəsaiti ödənilib. Bununla əlaqədar "xxxx" ASC-nin aidiyyəti üzrə vəzifəli şəxslərinin yanında olmuş və onun pensiya fonduna köçürmədikləri 5091 manat pulu köçürməyəcəkləri barədə qəti cavab vermişlər. Daha sonra İddiaçı iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə təqdim edərək, "xxxx" ASC-nin iddiaçının **********755 saylı Dövlət Sosial Sığorta Şəhadətnaməsinin hesabına köçürmədiyi 4390 manat pul vəsaitinin köçürməsi barədə və bundan başqa ona vurulan mənəvi-psixioloji və maddi (dəfələrlə yazılı müraciətlərinə və şifahi müraciətlərinə cavab vermədikləri, şirkətin qapısından buraxmadıqları, telefon zənglərini açmadıqları, qəbul etdikləri hallarda alçaldıcı təhqiramiz sözlər dedikləri və s üçün ) ziyanlara görə ayrıca 15000 manat təzminat ödənilməsi barədə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək, iddia ərizəsi ilə eyniməzmunlu izahat verərək, iddianın təmin edilməsini xahiş etmişdir. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmiş və iştirak etməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən cavabdehin iştirakı olmadan mülki işə baxılmasını mümkün hesab edir. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-4177/2022 saylı xx.xx.2022-ci il tarixli qərardadı ilə İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “məcburi dövlət sosial sığorta haqqının ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işin icraatına xitam verilməsi qərara alınmışdır. Məhkəmə iddiaçının izahatını dinləyərək, onların izahatını iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia ərizəsinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək, belə hesab edir ki, iddia aşağıda göstərilənlərə əsasən rədd olunmalıdır. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 77-ci maddəsi (hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir) sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. Sübutetmə vəzifəsinin ümumi qaydalara əsasən işdə iştirak edən tərəflərin üzərinə qoyulması mülki məhkəmə icraatında çəkişmə və tərəflərin bərabərliyi prinsipindən doğur. Çəkişmə prinsipi tərəflərin öz hüquqi mövqeyini müdafiə etmək üçün irəli sürdükləri tələb və etirazların əsaslarını sübut etmək vəzifələrini, bunun üçün sübutlar təqdim etmək, vəsatətlər vermək və başqa zəruri prosessual hərəkətləri etmək imkanını müəyyən edir. Çəkişmə prinsipi müəyyən edilmiş sübutetmə qaydasıdır. Bu qaydaya uyğun olaraq işdə iştirak edən hər bir şəxs öz tələb və etirazlarını əsaslandırdığı halları sübut edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən, hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə əsasən, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 21.3-cü maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. 1096.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2-ci maddəsinə əsasən, delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətin və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfüzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlildir. Məhkəmə iddia ilə bağlı qeyd edir ki, mülki hüquq pozuntusu nəticəsində maddi məsuliyyətin yaranması və zərərin ödənilməsi üçün aşağıdakı hüquqi əsaslar müəyyən edilməlidir: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin olması, zərər vuran şəxsin təqsirli olması. Məhkəmə hesab edir ki, hazırki mübahisə ilə bağlı sübutetmə yükü iddiaçının üzərinə düşür. Göründüyü kimi, hazırda iddiaçıya cavabdeh tərəfindən maddi ziyanın vurulduğu, habelə cavabdehin qanunsuz hərəkətləri nəticəsində vurulduğu və bu hərəkətlərlə ziyanın arasındakı səbəbli əlaqənin mövcudluğu sübut olunmur. Belə olan təqdirdə məhkəmə iddiaçının iddia tələbi kimi istinad etdiyi hallara “dəfələrlə şirkətə gedib-gəlməsi”, “iddiaçının vaxt itkisinə məruz qalması, nəqliyyat xərci çəkməsi və s.” hüquqi qiymət verərək hesab edir ki, bu izahatlar yalnız formal mülahizələrə və iddiaçının özünün yazılı ifadələrinə əsaslanmışdır ki, məhkəmə araşdırması zamanı da həmin faktlar öz təsdiqini tapmamışdır. Eyni zamanda məhkəmə mənəvi zərərin ödənilməsi tələbinə münasibətdə aşağıdakıları qeyd edir. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli Qərarına əsasən məhkəmələr mənəvi zərərin ödənilməsi barədə iddialara baxarkən Azərbaycan Respublikasının Konstitusiyasını, “İnsan Hüquqlarının və X1 Haqqında Konvensiya”nı, bu Konvensiyaya dair Protokolları, mənəvi zərərin ödənilməsini nəzərdə tutan milli qanunvericilik aktlarını, habelə Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərini rəhbər tutmalıdırlar. “İnsan Hüquqlarının və X1 Haqqında Konvensiya”nın 41-ci maddəsinə və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinə əsasən mənəvi zərər şəxsə qeyri - əmlak, habelə əmlak zərəri vurulduqda ödənilə bilər. Konkret hüquq münasibəti üzrə milli qanunvericilik aktında mənəvi zərərin ödənilməsinin mümkünlüyü barədə birbaşa göstərişin olmaması bu barədə tələbin rədd edilməsi üçün əsas deyildir. Mənəvi zərərin vurulması ilə əlaqədar yaranan hüquq münasibətlərinə müvafiq qanunvericilik aktları, habelə Azərbaycan Respublikası Mülki Məcəlləsinin İX bölməsinin (Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər) qaydaları tətbiq edilir. Plenum izah etmişdir ki, Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və X1 Haqqında Konvensiya”nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Şəxsə mənəvi zərərin vurulması mənəvi sarsıntı və iztirablara səbəb olan istənilən xarakterli qeyri-hüquqi hərəkət və ya hərəkətsizlikdə (mülki, cinayət, inzibati və s. hüquq pozmalarda) ifadə oluna bilər. Zərərvuran şəxsin eyni əmələ görə mülki, inzibati və yaxud cinayət məsuliyyətinə cəlb edilməsi zərərçəkənin ondan həm də mənəvi zərərin ödənilməsini tələb etmək hüququnu istisna etmir. Plenum eyni zamanda izah etmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o, hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Yuxarıda qeyd olunan qanunvericilik aktlarına əsasən məhkəmə qeyd edir ki, cavabdehin hər hansı hərəkəti nəticəsində iddiaçının iztirab çəkməsi, sarsıntı keçirməsi və s. kimi halların nəticəsində mənəvi zərərə məruz qalması sübut olunmur. Ona görə də iddia tələbi mənəvi zərərin tutulması hissəsində də təmin olunmamalıdır. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Azərbaycan Respublikası MPM-nin 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddiaçı cavabdeh Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası” ASC-yə qarşı “maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair iddia tələbi təmin edilməsin. Mülki iş üzrə ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Solmaz Ədilova
Məhkəmə qərarları › İş №2(005)-4177/2022
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-4177/2022
22.11.2022 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver