Məhkəmə qərarları › İş №2(005)-4200/2021

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-4200/2021

22.09.2021 · Vərəsəlik hüququ üzrə mübahisələr - Ləyaqətsiz vərəsə hesab edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-4200/2021 22.09.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Gültəkin Akif qızının sədrliyi, İbrahimova Ramilə Namiq qızının katibliyi, İddiaçının nümayəndəsi X10, vəkili və nümayəndələri X3,X4, Cavabdeh və vəkili X2 iştirakları ilə, İddiaçı qızının Cavabdeh qarşı “mirasda məcburi pay almaq hüququndan məhrum edilməsi, ləyaqətsiz vərəsə hesab edilməsi və iddiaçının vərəsələri sırasından çıxarılması” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “ləyaqətsiz vərəsə hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ləyaqətsiz vərəsə hesab edilməsi və vərəsələr sırasından çıxarılması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı qızı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh onun oğludur. Cavabdehin iddiaçıya qarşı ilkin vaxtlar münasibəti yaxşı olmuş son zamanalar ailəsinin diqtəsi ilə bu münasibət pozulmuşdur. Hətta bu pozuntular o həddə çatmişdır ki, cavabdeh onu öz mülkiyyətindən çıxarmışdır. Cavabdehin və digərlərinin bu hərəkətləri hazırda iddiaçını öz mülkiyyətindən məhrum edir, həmçinin ahıl yaşında ayrı-ayrı qapılarda yaşamasına səbəb olur. İddiaçı hesab edir ki, ahıl yaşında ona baxmayan, onu ölümə tərk edən və bu gün mənzili ola-ola qapılarda qalmasına səbəb olan cavabdeh oğlu olsa belə ondan yəni iddiaçıdan pay almamalıdır. Bu səbəbdən də şəxsin ləyaqətsiz vərəsə hesab edilməsinə dair məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Daha sonra İddiaçı qızı “iddianın həcminin artırılması” barədə ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh mirasda məcburi pay almaq hüququndan məhrum edilməsinə, həmçinin ləyaqətsiz vərəsə hesab edilməsinə və iddiaçının vərəsələri sırasından çıxarılmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı X18, vəkili və nümayəndələri X8,X9 məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişlər. Cavabdeh məhkəmə iclasında iddia tələbini qəbul etməyərək, onun təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində izahat verən X15 bildirmişdir ki, iddiaçı və cavabdehi tanıyır. Onlarla qonşu olubdur, uşaqlıqdan Cavabdeh və onun əkiz qardaşı ilə dost olubdur. Cavabdeh əkiz qardaşının adı Cəmil idi, subay idi, iki qardaş qazandıqlarını bir evə gətirirdilər. Ana və oğulun münasibətləri yaxşı idi. Cəmil subay idi, iki ildən çox olar ki, rəhmətə getdi. İddiaçı Əzimə xanım gəlin gələn gündən yola getmirdilər. Şahid bildirib ki, ailənin içində deyildir, amma hesab edir ki, ana övladlarının birini sevib, digərini sevməyə bilməz. Şahid qeyd edib ki, qaynana, yəni İddiaçı ilə gəlininin münasibətlərinin soyuq olması haqda eşidib. Daha sonra Cavabdeh eşidib ki, anası yoxa çıxıb. Ona məsləhət verib ki, polisə müraciət etsin, bildiyinə görə cavabdeh dəfələrlə polisə müraciət edib. Cavabdeh anasından xəbərsiz olmasından narahat olmasını, anası nə yiyeb, nə içər deyib fikir çəkməsini qeyd edib. İddiaçı xanımın evdən getdiyini görmədiyini bildirib və qeyd edib ki, Vüqar öz ailəsi ilə iddiaçının bir otaqlı mənzilində yaşayır. Əzimə xanımı isə nəvəsi Anar gəlib götürüb, özlərinin bir otaqlı mənzilinə aparıb. Məhkəmə iclasında şahid qismində izahat verən X16 öz ifadəsində bildirib ki, 1978-ci ildən cavabdeh və iddiaçı ilə qonşudur. İddiaçı ilə şahidin həyat yoldaşı birgə işləyib. Əzimə xanım ondan böyük olsa da, bacı kimi münasibətləri olub. Bir dəfə Əzimə xanımgilə gedəndə qapını Vüqar açıb, anasının harada olmasını soruşanda cavabdeh harada olduğunu bilmədiyini deyib. Daha sonra S.Əzimənin nəvəsi Anarı gördüyünü, sonuncunun nənəsinin qohumlarıgildə olduğunu bildirdiyini qeyd edib. İddiaçının hal-hazırda harada olması barədəvə heç bir məlumatı yoxdur. Həmçinin bildirib ki, iddiaçının üç uşağından ancaq cavabdeh olan Vüqar qalıb, indiyə qədər eşitməyib ki Vüqar anasına qarşı pis davransın. İddiaçı ilə yaxın olduğunu, onun heç vaxt oğlundan şikayət etmədiyini vurğulamışdır. Məhkəmə iclasında şahid qismində izahat verən X7 öz ifadəsində bildirib ki, cavabdehin qonşusudur, eyni binanın birinci blok, üçüncü mərtəbəsində yaşayır. İddiaçı xanımla bir laboratoriyada işləyib. Bir qonşu olaraq iddiaçı ilə cavabdehin ana-bala münasibətlərini yaxşı görmüşdür. Əzimə xanım həmişə övladları ilə fəxr etmişdir. Şahid iddiaçı ilə 45 ilə yaxındır qonşu olduğunu, ana-bala münasibətlərinə neqativ hallar görmədiyini qeyd edib. Həmçinin iddiaçı S.Əzimə xanımı bir ilə yaxındır qayğılı gördüyünü, son vaxtlar özünə qapandığını, bunun səbəbini bilmədiyini bildirib. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, təqdim edilən sübutları araşdırıb, mülki işin materiallarını tədqiq edərək hesab edir ki, iddia tələbi rədd edilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki: Cavabdeh Nərimanov rayon 18-ci polis bölməsinə ünvanladığı 26 iyul 2020-ci il tarixli ərizəsinin surətindən görünür ki, cavabdeh anası İddiaçı cavabdehin bacısı X10 təkidi ilə evdən çıxıb getdiyini, hal-hazırda anası ilə əlaqə saxlaya bilmədiyini, ondan narahat olduğunu bildirmişdir; adıçəkilən polis bölməsinin 04 sentyabr 2020-ci il tarixli cavab məktubunun surətindən görünür ki, cavab məktubunda isə ərizədə qeyd olunan xüsusatlar mülki xarakterli olduğu üçün məhkəmə orqanlarına müraciət etmək məsləhət olunmuşdur. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Nərimanov rayon polis idarəsinin 10 sentyabr 2020-ci il tarixli 078-22594 saylı məktubunun surətindən görünür ki, ƏlizadəVüqar Vaqif oğlunun müraciəti əsasında başlamış cinayət işinin başlanmasının rədd olunması barədə qərar qəbul edilmişdir. “Əlilliyi olan şəxslərə sosial dəstək” ictimai birliyinin 05 iyul 2021-ci il tarixli, 17 saylı xahişnaməsinin surətindən görünür ki, Cavabdeh adıçəkilən ictimai birliyin üzvüdür, uşaqlıqdan 2-ci qrup əlildir. Diaqnozu: “Debillik dərəcəsində kəmağılıq, nitq və davranış pozuntusu ilə. İnsulindən asılı şəkərli diabet”dir. Cavabdehin ailəsinin 3 nəfərdən ibarət olması, xəstəliyinə görə tez-tez xəstəxanada müalicə almaq məcburiyyətində olması bildirilir. Bakı şəhəri Nərimanov rayon məhkəməsinin 22 iyul 2021-ci il tarixli, 2(005)-3136/2021 saylı mülki iş üzrə qərardadının surətindən görünür ki, iddiaçı Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında ƏMDX yanında DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsinə (üçüncü şəxs X5) qarşı “qeydiyyatın ləğv edilməsi” tələbinə dair 2-1(112)-8160/2021 nömrəli mülki iş üzrə müvafiq məhkəmə aktı qanuni qüvvəyə minənədək iddiaçı X1 cavabdehlər Cavabdeh, X19 və X11 qarşı “mənzildən istifadə hüququna xitam verilməsi və mənzildən çıxarılma” tələbinə dair 2(005)- 3136/2021 nömrəli mülki iş üzrə icraat dayandırılmışdır. Məhkəmə ilk növbədə iddia tələbinə mülki və mülki prosessual qanunvericiliyin tələblərinə uyğun hüquqi qiymət verilməsini zəruri hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 1137-ci maddəsinə əsasən miras qoyanın son iradəsini həyata keçirməsinə qəsdən maneə törətmiş və bununla da özünün və ya özünə yaxın şəxslərin vərəsəliyə çağırılmasına və ya miras paylarının artırılmasına kömək göstərmiş, yaxud vəsiyyət edənin vəsiyyətnamədə ifadə edilmiş son iradəsinə qarşı qəsdən cinayət və ya digər əxlaqsız hərəkət törətmiş şəxs (ləyaqətsiz vərəsə) nə qanun üzrə, nə də vəsiyyət üzrə vərəsə ola bilməz, bu şərtlə ki, həmin hallar məhkəmə tərəfindən təsdiq edilsin; 1138-ci maddəsinə əsasən Valideynlik hüquqlarından məhrum edilmiş və mirasın açıldığı günədək bu hüquqları bərpa edilməmiş valideynlər uşaqlarının qanun üzrə vərəsələri ola bilməzlər. Miras qoyanın saxlanması üzrə öhdələrinə qoyulmuş vəzifələrdən qəti surətdə boyun qaçıran şəxslər də qanun üzrə vərəsə ola bilməzlər, bir şərtlə ki, bu hal məhkəmə tərəfindən təsdiq edilsin; 1139-cu maddəsinə görə ləyaqətsiz vərəsənin vərəsəlik hüququndan məhrum edilməsinə əsas verən hal ləyaqətsiz vərəsənin vərəsəlik hüququndan məhrum edilməsindən müəyyən əmlak nəticələri əldə edən şəxsin iddiası üzrə məhkəmə tərəfindən müəyyənləşdirilməlidir; 1203.1-ci maddəsinə əsasən məcburi pay almaq hüququndan məhrumetmə, ümumiyyətlə, vərəsəlik hüququndan məhrumetməyə səbəb olan hallar olduqda mümkündür; 1203.2-ci maddəsinə əsasən məcburi pay almaq hüququndan məhrumetməni miras qoyan hələ öz sağlığında məhkəməyə müraciət etmək yolu ilə həyata keçirə bilər; 1203.3-cü maddəsinə əsasən məcburi pay almaq hüququndan məhrumetmə barəsində məhkəmənin çıxardığı qərar mirasın açıldığı andan qüvvədə olur. Miras qoyanın hələ öz sağlığında məhkəməyə müraciət etdiyi, lakin qərarın onun ölümündən sonra qəbul edildiyi halda da bu cür nəticə baş verir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1203.1-ci maddəsinin şərh edilməsinə dair 13.12.2011-ci il tarixli qərarında qeyd edilmişdir ki, Mülki Məcəllənin 1203.1-ci maddəsinə əsasən məcburi pay almaq hüququndan məhrumetmə, ümumiyyətlə, vərəsəlik hüququndan məhrumetməyə səbəb olan hallar olduqda mümkündür. Göründüyü kimi, məcburi pay almaq hüququndan məhrumetmə, ümumi qaydada vərəsəlik hüququndan məhrumetməyə səbəb olan hallarda həyata keçirilə bilər. Yuxarıda sadalanan qanunvericiliyin müddəalarından görünür ki, hazırda cavabdehin “ləyaqətsiz vərəsə hesab edilməsi” üçün faktiki halların mövcud olub-olmaması yoxlanılmalı və buna dair sübutlara hüquqi qiymət verilməlidir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, bu həmçinin də cavabdehin konstitusion hüququnun müdafiəsi baxımından vacibdir. Məhkəmə bildirir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Bu halda isə işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Azərbaycan Respublikası MPM-nin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunubolunmadığını müəyyən edir. Prosessual qanunvericiliyin “iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edilməsi”, “nə kimi halların müəyyən edilməməsi”, “tərəflərin hansı hüquq münasibətində olmaları” barədə tələblərinə riayət olunması üçün ilkin olaraq iş üzrə toplanmış sübutlar qiymətləndirilməlidir. Sübutların qiymətləndirilməsini tənzimləyən MPM-nin 88-ci maddəsi müəyyən edir ki, Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. İddianın əsasını cavabdehin ləyaqətsiz vərəsə hesab edilməsi təşkil edir. Belə olan halda ilk növbədə cavabdehin ləyaqətsiz vərəsə hesab edilməsi üçün faktiki halların mövcudluğuna hüquqi qiymət verilməli, daha sonra əsaslar mövcuddursa “məcburi pay almaq hüququndan məhrumetmə” tələbinə münasibət bildirilməlidir. Belə yanaşma mülki prosessual hüququn ümumi sistemindən irəli gələn prosessual qənaət prinsipinə uyğun hesab edilir. Vərəsəlik hüququndan məhrumetməyə səbəb olan hallar Mülki Məcəllənin 1137-ci maddəsində öz əksini tapmışdır. Həmin maddəyə əsasən miras qoyanın son iradəsini həyata keçirməsinə qəsdən maneə törətmiş və bununla da özünün və ya özünə yaxın şəxslərin vərəsəliyə çağırılmasına və ya miras paylarının artırılmasına kömək göstərmiş, yaxud vəsiyyət edənin vəsiyyətnamədə ifadə edilmiş son iradəsinə qarşı qəsdən cinayət və ya digər əxlaqsız hərəkət törətmiş şəxs (ləyaqətsiz vərəsə) nə qanun üzrə, nə də vəsiyyət üzrə vərəsə ola bilməz, bu şərtlə ki, həmin hallar məhkəmə tərəfindən təsdiq edilsin. Qanunverici şəxsin ləyaqətsiz vərəsə elan edilərək vərəsəlik hüququndan və məcburi pay almaq hüququndan məhrum edilməsi barədə məhkəməyə müraciət etmək hüququ olan subyektlərin dairəsini Mülki Məcəllənin 1139-cu maddəsi ilə konkret müəyyənləşdirmişdir. Belə ki, Mülki Məcəllənin bu maddəsinə müvafiq olaraq ləyaqətsiz vərəsənin vərəsəlik hüququndan məhrum edilməsinə əsas verən hal ləyaqətsiz vərəsənin vərəsəlik hüququndan məhrum edilməsindən müəyyən əmlak nəticələri əldə edən şəxsin iddiası üzrə məhkəmə tərəfindən müəyyən edilir. Mülki Məcəllənin 1203.2-ci maddəsinə əsasən isə məcburi pay almaq hüququndan məhrumetməni miras qoyan hələ öz sağlığında məhkəməyə müraciət etmək yolu ilə həyata keçirə bilər. Nəzərə almaq lazımdır ki, Mülki Məcəllənin 1137-ci maddəsi miras qoyanın və yaxud onun yaxınlarının şəxsiyyətinə qarşı törədilmiş hər hansı hüquqa zidd hərəkətləri deyil, məhz miras qoyanın son iradəsinin həyata keçirilməsinə qəsdən maneə törətmiş, yaxud vəsiyyət edənin vəsiyyətnamədə ifadə edilmiş son iradəsinə qarşı qəsdən cinayət və ya digər əxlaqsız hərəkət törətmiş şəxsin təqsirinin məhkəmə tərəfindən təsdiq olunduğu təqdirdə onun nə qanun üzrə, nə də vəsiyyət üzrə vərəsə ola bilməməsini müəyyən edir. Göründüyü kimi, miras qoyanın son iradəsini həyata keçirməsinə qəsdən maneə törətmiş, yaxud vəsiyyət edənin vəsiyyətnamədə ifadə edilmiş son iradəsinə qarşı qəsdən cinayət və ya digər əxlaqsız hərəkət törətmiş şəxsin ləyaqətsiz vərəsə elan olunması yalnız vərəsələrdən birinin və ya bir neçəsinin məhkəməyə müraciəti əsasında həyata keçirilə bilər. Lakin vəsiyyət edən vərəsələrdən hər hansı birinin məcburi pay hüququndan məhrum edilməsi ilə bağlı məhkəməyə müraciət edərkən, həmin şəxslərin Mülki Məcəllənin 1137-ci maddəsi baxımından, onun son iradəsinin həyata keçirilməsinə qəsdən maneə törətməsini, yaxud vəsiyyətnamədə ifadə edilmiş son iradəsinə qarşı qəsdən cinayət və ya digər əxlaqsız hərəkət törətməsini əsaslandırması mümkün deyil. Ona görə ki, Mülki Məcəllənin 1137-ci maddəsi əsasında ləyaqətsiz vərəsə qismində tanınması miras qoyanın vəfatından sonra mübahisələndirilir. Mülki Məcəllənin 1137-ci maddəsində qeyd olunan miras qoyana qarşı qəsdən cinayət və ya digər əxlaqsız hərəkət törətmiş şəxsin hərəkətləri anlayışı həmin Məcəllənin 1203.1-ci maddəsinin “məcburi pay almaq hüququndan məhrumetmə, ümumiyyətlə, vərəsəlik hüququndan məhrumetməyə səbəb olan hallar” müddəasını tam əhatə etmir. Belə ki, burada miras qoyana qarşı qəsdən cinayət və ya digər əxlaqsız hərəkətlər məcburi paydan məhrum etmək üçün səbəb kimi götürülsə də, bu cinayətlərin miras qoyanın yalnız son iradəsinin əleyhinə yönəlməsi nəzərdə tutulur. Hazırki iddia ilə əlaqədar məhkəmənin qənaətinə görə, iddiaçı şəxsin irəli sürdüyü halların hər hansı biri məhkəmə iclasında sübuta yetirilməmişdir. Məhkəmə qeyd olunan maddi hüquq normalarının tələblərinə və işin faktiki hallarına əsasən hesab edir ki, İddiaçı oğlunun hazırkı iddiası əsassızdır, iddiaçı iddiasını əsaslı hesab edən müvafiq sübutlarını məhkəməyə təqdim etmiş, həmin sübutlar məhkəmədə araşdırılmış və qarşılıqlı tədqiq edilmiş işin faktiki halları ilə tam olaraq öz təsdiqini tapmamışdır. Məhkəmə mülki prosessual qanunvericiliyinə müvafiq olaraq məhkəmə ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq, məcmu halda hüquqi qiymət verməklə hesab edir ki, İddiaçı oğlunun Cavabdeh qarşı “mirasda məcburi pay almaq hüququndan məhrum edilməsi, ləyaqətsiz vərəsə hesab edilməsi və iddiaçının vərəsələri sırasından çıxarılması” tələbinə dair iddiası rədd edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216- 220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı oğlunun Cavabdeh qarşı “mirasda məcburi pay almaq hüququndan məhrum edilməsi, ləyaqətsiz vərəsə hesab edilməsi və iddiaçının vərəsələri sırasından çıxarılması” tələbinə dair iddiası təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən, onun alındığı və ya təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Gültəkin Əsədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar