Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-4210/2021 12.11.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Əmirxanova Kəmalə Fərman qızının sədrliyi Eldarzadə Şirazi Elxan oğlunun katibliyi İddiaçı nümayəndəsi və vəkili Vəkil3, Cavabdeh Şirkətinin Azərbaycan Respublikasındakı Filialının vəkili Vəkil2 iştirakı ilə, İddiaçı Cavabdeh Şirkətinin Azərbaycan Respublikasındakı Filialına qarşı əmək müqaviləsinin müddətli olmasına dair bəndin etibarsız hesab edilməsi, əmrin ləğvi, işə bərpa və məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi tələbinə dair iddia ərizəsi və iddia ərizəsinin dəqiqləşdirilməsi barədə ərizə üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh Şirkətinin Azərbaycan Respublikasındakı Filialına əmək müqaviləsinin müddətli olmasına dair bəndin etibarsız hesab edilməsi, əmrin ləğvi, işə bərpa və məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi tələbinə dair iddia iddia ərizəsi və iddia ərizəsinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh şirkətinin Azərbaycan Respublikasındakı filialı ilə İddiaçı arasında bağlanmış 27.05.2019-cu il tarixli əmək müqaviləsinin 2.1-ci bəndinin etibarsız hesab edilməsi, iddiaçının əvvəlki iş yerinə bərpa və məcburi iş buraxma dövrü üçün əmək haqqının verilməsi, iddiaçıya vurulan mənəvi ziyana görə isə cavabdehdən 100000 manat məbləğində təzminatın ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsini onunla əsaslandırmışdır ki, iddiaçı on ildən çox müddətdir ki, Team İndustrial Services (UK) Limited şirkətinin Azərbaycan Respublikasındakı filialında (adı sonradan dəyişdirilib) ofis adminstratoru vəzifəsində işləyir. İlk öncə əmək müqaviləsi üzrə işləmişdir. Daha sonra şirkət büdcəyə ödəniləcək məcburi tutlmaları özü ödədiyi üçün iddiaçının işlədiyi ştat vahidini ixtisar edərək iddiaçı ilə xidməti müqavilə əsasında fəaliyyət göstərməsinə icazə verdi. 2019-cu lin may ayının 27-də yenidən əmək müqaviləsi üzrə həmin vəzifəyə işə qəbul olundu.Tərəflər müqavilənin müddətsiz bağlanılması barədə razılaşmış və imzalanmışdır. İddiaçı müqavilə şərtlərini oxumuş və detalları yoxlamışdır. Müqavilənin müddətsiz olduğu və əmək şəraitinin bütün şərtləri iddiaçını qane etdiyi üçün həmin şirkətlə yenidən əmək münasibətləri yaratmağa razılaşmışdır. Lakin, iki ildən sonra iddiaçıya müqavilənin müddətinin qurtarması səbəbi ilə xitam veriləcəyi bildiriləndə dəhşətə gəlmişdir. Səhhətində problemlər yaranması səbəbindən həkimə müraciət edərək əmək qabiliyyətinin müvəqqəti olaraq itirilməsi səbəbindən 26.05.2021-ci il tarixdən etibarən ev şəraitində müalicə almağa başlamışdır. Müqavilənin müddətsiz olduğunu bildirməsinə baxmayaraq işəgötürən bunun əksini bildirmişdir. Bu səbəblə Əmək Qanunvericiliyi sahəsində peşəkar mütəxəssis kimi tanıdığı Pərvin Abbasova notarial qaydada etibarnamə verərək pozulmuş əmək hüquqlarının araşdırılması və qanunla digər hərəkətlərin edilməsini xahiş etmişdir. Pərvin Abbasova çalışdığı müəssisəyə həm elektron, həm də kağız daşıyıcı vasitəsi ilə rəsmi müraciət edərək iddiaçının işinin bütün materiallarının təsdiq olunmuş surətlərinin verilməsini xahiş etmişdir. Lakin müraciətlər cavablandırılmamışdır. Sonradan iddiaçının email ünvanına şirkət tərəfindən əmək müqaviləsinin skan olunmuş nüxsəsi göndərilmişdir. Həmin nüsxədə müqavilənin 1 il müddətinə bağlanıldığı göstərilmişdir. İddiaçı şirkət rəhbərliyinə bildirmişdir ki, iddiaçı ilə bağlanılmış 27.05.2019-cu il tarixli əmək müqaviləsinin müddətsiz olduğunu özü şəxsən görmüş və imzalamışdır. Bəlli oldu ki, işəgötürən tərəfindən əmək müqaviləsinin səhifələrində özləri birtərəfli olaraq müvafiq düzəlişlər edərək iddiaçının xəbəri olmadan sistemə intqerasiya etmişlər. 2020-ci ilin may ayında müqavilənin müddətini iddiaçıya bildirmədən uzatmışlar. 03.06.2021-ci il tarixdə mail ünvanına işəgötürən tərəfindən bildiriş göndərilmişdir ki, iddiaçı ilə bağlanmış əmək müqaviləsinə müddətin bitdiyi üçün Əmək Məcəlləsinin 73.1 maddəsinin tələbinə əsasən xitam verilir. İddiaçı nümayəndəsi və vəkili Vəkil3 məhkəmə iclasında iddia ərizəsinə uyğun izahat verərək iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh Şirkətinin Azərbaycan Respublikasındakı Filialının vəkili Vəkil2 məhkəmə iclasında iddia ərizəsinə etirazla müraciət edərək bildirmişdir ki, Əmək Məcəlləsinin 47(f) maddəsində əsasən əmək müqaviləsi tərəflərin razılığı ilə müddətli olaraq bağlanır. Əmək Məcəlləsində bu cür müqavilənin müddətinin əsaslandırılması tələb olunmur. İddiaçı ilə 27.05.2019-cu il tarixli müddətli əmək müqaviləsi bağlanmışdır. İddiaçı əmək müqaviləsinin müddətli olması barədə xəbərdar olmuşdur. Buna dair bir sıra sübutlar vardır. İddiaçının əmək müqaviləsinin 3.1-ci maddəsindən də görünür ki, onun əmək vəzifələrinə həmçinin kadr məsələləri ilə bağlı işlərin yerinə yetirilməsi də daxil idi. Cavabdehin bütün işçiləri ilə əmək münasibətlərinin sənədləşdirməsində iddiaçı yaxından iştirak etmişdir (o cümlədən öz müqaviləsinin sənədləşdirməsində). Xüsusən kadr məsələlərinə məsul olan şirkət tərəfindən e-gov.az portalına işçilər barədə daxil edilən bütün məlumatlar iddiaçıya təqdim edilmişdir. İddiaçı həmçinin bütün işçilərlə əmək müqaviləsinin imzalanmasını, əmək müqavilələrin nüsxələrin hazırlanmasını və işçilərə təqdim edilməsini təmin etmişdir. Bütün sənədlərdə, o cümlədən onun əmək müqaviləsində və E-gov.az portalında yerləşdirilən məlumatlarda iddiaçı ilə əmək müqaviləsinin müddətli əsaslarla bağlandığı göstərilir. Bu məlumatlar və sənədlər iddiaçıya təqdim edilmişdir və ya onda vardır. O, müqaviləsinin müddətli olduğunu anlayırdı. İddiaçı sadəcə əmək müqaviləsinin bütün səhifələrinin onun tərəfindən imzalanmamasından suiistifadə etmək niyyətindədir. Azərbaycan qanunvericiliyi əmək müqaviləsinin bütün səhifələrinin imzalanmasını tələb etmir. Müqaviləyə xitam verilməsi ilə bağlı bildirilir ki, cavabdeh iddiaçı ilə əmək müqaviləsinə xitam vermək niyyəti barədə 2 iyun 2021-ci il tarixdə bildiriş vermiş və 3 iyun 2021-ci il tarixdə müqaviləyə xitam vermişdir. Bildirişin surətini iddiaçı Məhkəməyə təqdim etmişdir. İddiaçı 1-2 iyun 2021-ci il tarixlərində ofisdə (işdə) olmuş və iş funksiyalarını yerinə yetirmişdir. Ona xitam barədə bildiriş verildikdən sonra 3 iyun tarixində işə gəlməkdən imtina etmişdir. Həmin tarixə, yəni 3 iyun 2021-ci il tarixinə xəstə olması barədə heç bir məlumat verməmişdir. Haqlı olaraq cavabdeh Əmək Məcəlləsinin 73(l)-ci maddəsinə müvafiq olaraq iddiaçı ilə əmək müqaviləsinə xitam vermişdir. İddiaçının xəstə olması ilə bağlı bildirilir ki, müqaviləyə xitam verilməsi tarixində İddiaçı xəstə olması barədə cavabdehə heç bir məlumat verməmişdir. İddiaçı ilə müqaviləyə xitam verdikdən sonra 8 iyun 2021-ci il tarixdə cavabdehə deyil, cavabdehin əməkdaşlıq etdiyi şirkətə əmək qabiliyyətinin olmaması barədə sənəd təqdim etmişdir. Həmin sənəddə iddiaçının 27 may 2021-ci il tarixindən xəstə olması göstərilir. Ancaq bütün bu müddətdə işçi xəstə olması barədə heç bir məlumat verməmiş, əlavə olaraq cavabdehlə işin icra edilməsi barədə əlaqə saxlamış və 2 iyun 2021-ci il tarixdə də ofisə gəlmişdir (gələn zaman da xəstə olması barədə heç bir məlumat verməmişdir). Buna baxmayaraq cavabdeh məktub yazaraq iddiaçıya işə gəlməyi və gəldikdən sonra xitam tarixinin dəyişdirilməsini təklif etmişdir. Əmək Məcəlləsinin 73(2)-ci maddəsinə müvafiq olaraq xitam tarixinin dəyişdirilməsi işçi "işə çıxdıqdan sonra" həyata keçirilə bilər. Cavabdeh də məhz bunu İddiaçıya təklif etmiş və işə dəvət etmişdir. Təklif poçtla və emaillə göndərilmişdir. İddiaçı bu təklifi qəbul etməmişdir. Şəxsin xəstəliyin təsdiq olunması ilə bağlı Əmək Məcəlləsində müddəalar mövcud deyildir. Bir sıra faktlar onu göstərir ki, iddiaçı onun müqaviləsinə xitam verilən zaman xəstə olmamışdır. Onun əldə etdiyi xəstəlik vərəqəsində onun 27 may 2021-ci il tarixdən xəstə olması göstərilir. Aşağıda qeyd olunan faktlar onun heç də xəstə olmadığını və iş yerində ola biləcəyini sübut edir: 1.Göstərilən tarixlərdə iddiaçı cavabdehə xəstə olması barədə heç bir məlumat verməmişdir. O, yalnız müqaviləsinə xitam verildikdən sonra həmin vaxtda xəstəlik məsələsini qaldırmışdır. 2.Həmin ərəfədə işçi əmək fəaliyyətini həyata keçirmişdir. Xüsusən, İddiaçı tərəfindən cavabdehə təqdim etdiyi vaxt cədvəlində göstərilir ki, o, həmin ərəfələrdə əmək funksiyalarını yerinə yetirmiş və hətta iş vaxtından artıq da işləmişdir. Bunlar hamısı İddiaçı tərəfindən təqdim edilən məlumatlardır. Belə olan halda İddiaçı faktiki olaraq "əmək qabiliyyətinin olmaması" hesab edilə bilməz. 3. İddiaçı 2 iyun 2021-ci il tarixdə Şirkətin ofisinə gəlmiş və orada iş funksiyalarını icra etmişdir. Həmin vaxt o, sağlamlığı barədə heç bir şikayət etməmiş və ondan heç bir xəstəlik əlaməti görsənmirdi. Burada qeyd olunanlar onun elektron poçt məktubları və həmin vaxtlarda ofisdə olan işçilər tərəfindən təsdiq olunur. 4. 2 iyun tarixində yazdığı emaildə iddiaçı deyir ki, xəstəlik sənədi artıq ona 2 iyun 2021-ci il tarixindən əvvəl verilmişdir və o, bütün günü işdə olduğu üçün (yəni 2 iyun 2021-ci il tarixdə) həkimdən sənədi götürə bilməmişdir. Həmin gün ona əmək müqaviləsinə xitam verilməsi barədə bildiriş verildikdən sonra o, xəstəlik sənədinin müddətini uzatmışdır. 5. Ancaq xəstəlik sənədindən görünür ki, iddiaçı həmin tarixdə də, yəni 2 iyun 2021-ci il tarixində də xəstə olmuşdur. Ancaq bütün hallar bunun əksini sübut edir. Həmin tarixdə o, işdə olmuş və iş funksiyalarını icra etmişdir. 6. Həmin ərəfədə iddiaçı Azərbaycanın rayonlarından birinə səfər etməsini Şirkətə bildirmişdir. Əgər şəxs o qədər xəstə olmuşdur ki, əmək fəaliyyətini həyata keçirə bilməsin, onun hər hansı rayona səfəri də şübhəli görsənir. İddiaçı ilə əmək müqaviləsinə qanunamüvafiq qaydada xitam verildiyi üçün mənəvi zərərin ödənilməsi hissəsində də iddia tələbi əsassızdır. Məhkəmə tərəflərin izahatlarını dinləyib, mülki işin materiallarını araşdırıb hesab edir ki, iddia qismən əsaslıdır və qismən təmin edilməlidir. Mülki işin materiallarında olan 27.05.2019-cu il tarixli əmək müqaviləsindən müəyyən olunur ki, İddiaçı Cavabdeh Şirkətinin Azərbaycan Respublikasındakı Filialına ofis administratoru vəzifəsinə işə düzəlmişdir. Müqavilənin 2.1-ci maddəsinə əsasən bu müqavilə 27.05.2019-cu il tarixdən 27.05.2020-ci il tarixədək 1 il müddətinə bağlanmışdır. İş materiallarında olan 128688 saylı əmək qabiliyyətinin olmaması vərəqəsindən müəyyən olunur ki, İddiaçı 27.05.2021-ci il tarixdən 29.05.2021-ci il tarixədək, 30.05.2021ci il tarixdən 01.06.2021-ci il tarixədək, 02.06.2021-ci il tarixdən 06.06.2021-ci il tarixədək işdən azad edilmişdir. İş materiallarında olan əmək müqaviləsinə xitam verilməsi barədə əmrdən və ******* saylı əmək kitabçasından müəyyən olunur ki, İddiaçı ilə olan 27.05.2019-cu il tarixli əmək müqaviləsinə həmin müqavilənin 2.1-ci bəndinə əsasən (Əmək Məcəlləsinin 68-ci maddəsinin 2b bəndi) 03 iyun 2021-ci il tarixdə xitam verilmişdir. İş materiallarında olan 03.06.2021-ci il tarixli bildirişdən müəyyən olunur ki, Cavabdeh Şirkətinin Azərbaycan Respublikasındakı Filialı İddiaçı onunla bağlanmış əmək müqaviləsinə 03 iyun 2021-ci il tarixdə xitam verildiyi barədə məlumat verilmişdir və əmək kitabçasının təhvil alınması üçün şirkəyə yaxınlaşması və ya kitabçanın ona poçt vasitəsi ilə göndərilməsinə razılıq verilməsi xahiş olunmuşdur. İş materiallarında olan təhvil-təslim aktından müəyyən olunur ki, İddiaçı əmək kitabçasının alınmasına dair bildirişi, əmək müqaviləsinin ləğv edilməsi barədə bildirişi və əmək müqaviləsinin ləğvinə dair əmri 04.06.2021-ci il tarixdə təhvil almış və bunu öz imzası ilə təsdiq etmişdir. İş materiallarında olan Bakı Şəhər Səhiyyə İdarəsi 19 nömrəli Şəhər Poliklinikası tərəfindən verilmiş 20.09.2021-ci il tarixli 298 saylı sorğuya cavab məktubundan müəyyən olunur ki, İddiaçı 27.05.2021-06.06.2021-ci il tarixdə “hipertonik kriz” diaqnozu ilə 128688 nömrəli xəstəlik vərəqəsi açılmışdır. Xəstəlik vərəqəsinin uzadılması tarixində sahə həkimterapevt Z.Zəkiyevaya çağırış olmuş və xəstə ilə əlaqə yaradıldıqdan sonra xəstəlik vrəqəsi uzadılmışdır. İddiaçı açılmış xəstəlik vərəqəsi əsaslı və qanunauyğundur. Məhkəmə iddia ərizəsi ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri bilir: Azərbaycan Respublikası Əmək Məcəlləsinin 73-cü maddəsinin 1-ci hissəsinə görə, müddətli əmək müqaviləsinin müddəti qurtardıqda xitam verilir. Bu Məcəllənin 45-ci maddəsinin beşinci hissəsi nəzərə alınmaqla, müddətli əmək müqaviləsində göstərilən müddət qurtardıqda əmək münasibətləri davam etdirilərsə və müddət bitdikdən sonrakı bir həftə ərzində tərəflərdən heç biri müqaviləyə xitam verilməsini tələb etmirsə, həmin əmək müqaviləsi əvvəl müəyyən olunmuş müddətə uzadılmış hesab olunur. Həmin maddənin 2-ci hissəsinə görə, işçinin müəyyən üzürlü səbəbdən (xəstələnməsi, ezamiyyətdə, məzuniyyətdə olması, habelə bu Məcəllənin 179-cu maddəsində nəzərdə tutulan iş yeri və orta əmək haqqı saxlandığı hallarda) iş yerində olmadığı dövrdə müddətli əmək müqaviləsinin müddəti qurtardığı hallarda həmin müqaviləyə işçi işə çıxdıqdan sonra işəgötürənin müəyyən etdiyi gündə, lakin onun işə çıxdığı gündən bir təqvim həftəsi keçməmiş xitam verilə bilər. Maddə 79. Əmək müqaviləsinin ləğv olunması qadağan edilən işçilər və hallar Azərbaycan Respublikası Əmək Məcəlləsinin 79-cu maddəsinin 1-ci hissəsinə görə, işəgötürən tərəfindən əmək qabiliyyətini müvəqqəti itirən işçilərin əmək müqaviləsinin ləğv edilməsi qadağandır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 7-ci maddəsinin 2-1-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək münasibətləri elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra yaranır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 45.4-cü maddəsinə əsasən Əmək funksiyasının yerinə yetirilməsi şərtlərinə görə işin və ya göstərilən xidmətlərin daimi xarakterə malik olduğu qabaqcadan bəlli olduğu hallarda, bu Məcəllənin 47-ci maddəsi ilə müəyyən edilən hallar istisna olmaqla, əmək müqaviləsi müddəti müəyyən edilmədən bağlanmalıdır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 45.4-cü maddəsinə əsasən aşağıdakı hallarda əmək müqaviləsi müəyyən müddətə bağlanıla bilər: a) işçinin əmək qabiliyyətini müvəqqəti itirməsi, ezamiyyətdə, məzuniyyətdə olması, habelə iş yeri və vəzifəsi saxlanılmaqla qanunvericilikdə nəzərdə tutulmuş digər hallarda müəyyən səbəbdən müvəqqəti olaraq işə çıxmaması ilə əlaqədar onun əmək funksiyasının başqa işçi tərəfindən icrasının zəruriyyəti olduqda; b) təbii və iqlim şəraitinə və ya işin xüsusiyyətinə görə il boyu görülə bilməyən mövsümü işlərin yerinə yetirilməsi zamanı; c) işin həcminin və davamiyyətinin qısamüddətli olduğu təmir-tikinti, quraşdırma, yeni texnologiyanın tətbiqi və mənimsənilməsi, təcrübə-sınaq işlərinin aparılması və bu qəbildən olan digər işlərin görüldüyü hallarda; ç) müvafiq vəzifə (peşə) üzrə əmək funksiyasının mürəkkəbliyi, məsuliyyətliliyi baxımından işçinin əmək və peşə vərdişlərinin mənimsənilməsi, yüksək peşəkarlıq səviyyəsinin əldə edilməsi tələb olunan (stajkeçmə, rezidentura dövrləri) hallarda; d) işçinin şəxsi, ailə-məişət vəziyyəti ilə bağlı olan, o cümlədən işləməklə yanaşı təhsil aldığı, müəyyən səbəbdən müvafiq yaşayış məntəqəsində müvəqqəti yaşadığı, pensiya yaşına çatdıqda işləmək istəyi olduğu hallarda; e) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) göndərişi ilə haqqı ödənilən ictimai işlər görülərkən; ə) bu Məcəllənin 6-cı maddəsinin «c» bəndində göstərilən orqanlar istisna olmaqla seçkili orqanlarda (təşkilatlarda, birliklərdə) seçkili vəzifələrə seçilərkən; f) tərəflərin hüquq bərabərliyi prinsipinə əməl edilməklə onların qarşılıqlı razılığı ilə; g) bu Məcəllənin 46-cı maddəsinin ikinci hissəsində nəzərdə tutulmuş qaydada işçilərlə briqada, işçi qrupu halında kollektiv əmək müqaviləsi bağlandıqda; ğ) qanunvericilikdə nəzərdə tutulmuş digər hallarda. Həmin Məcəllənin 300-cü maddəsinin 1-ci hissəsinə ğörə, əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qətnamə çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər. Mülki iş üzrə tədqiq edilmiş sübutlara məcmu halında qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, cavabdeh tərəfindən iddiaçının əmək müqaviləsinin müddətinin qurtarması səbəbindən əmək münasibətlərinə xitam verilməsi əsaslı hesab edilə bilməz. Məhkəməyə iddiaçı tərəfindən təqdim edilmiş əmək qabiliyyətinin olmaması vərəqəsindən də görünür ki, İddiaçı işə gəlmədiyi vaxtlarda səhhətində yaranmış problemlərlə bağlı müalicə olunmuş və işdən azad edilmişdir. Bu səbəbdən məhkəmə belə qənaətə gəlir ki, İddiaçı işdən azad edərkən cavabdeh tərəfindən əmək qanunvericiliyinin tələbləri kobud şəkildə pozulmuşdur. Qeyd edilənlərə əsaslanaraq, məhkəmə iddia tələblərini bu hissədə əsaslı hesab edir və təmin edilməsi qənaətinə gəlir. Məhkəmə eyni zamanda qeyd edir ki, tərəflər arasında bağlanımış müqavilədə nəzərdə tutulmuş vəzifənin icrası əvvəlcədən daimi xarakterli olduğu bəlli olduğundan iddiaçı ilə müddətli əmək müqaviləsinin bağlanması qanuni hesab edilə bilməz. Bu səbəbdən məhkəmə belə qənaətə gəlir ki, Cavabdeh Şirkətinin Azərbaycan Respublikasındakı Filialının İddiaçı işdən azad edilməsi barədə əmri ləğv edilməli, İddiaçı onunla bağlanan əmək müqaviləsi müddətsiz hesab edilməklə işə bərpa edilməli, işə bərpa olunduğu günədək məcburi iş buraxma müddəti üçün ona orta əmək haqqı ödənilməlidir. Müvafiq olaraq, İddiaçı ilə bağlanmış 27.05.2019-cu il tarixli əmək müqaviləsində müqavilənin müddətini müəyyən edən 2.1-ci bənd etibarsız hesab edilməlidir. Məhkəmə mənəvi zərər tələbləri ilə bağlı qeyd edir ki, “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03.11.2008-ci il tarixli Qərarına əsasən məhkəmələr mənəvi zərərin ödənilməsi barədə iddialara baxarkən Azərbaycan Respublikasının Konstitusiyasını, “İnsan Hüquqlarının və X1 Haqqında Konvensiya”nı, bu Konvensiyaya dair Protokolları, mənəvi zərərin ödənilməsini nəzərdə tutan milli qanunvericilik aktlarını, habelə Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərini rəhbər tutmalıdırlar. “İnsan Hüquqlarının və X1 Haqqında Konvensiya”nın 41-ci maddəsinə və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinə əsasən mənəvi zərər şəxsə qeyri - əmlak, habelə əmlak zərəri vurulduqda ödənilə bilər. Konkret hüquq münasibəti üzrə milli qanunvericilik aktında mənəvi zərərin ödənilməsinin mümkünlüyü barədə birbaşa göstərişin olmaması bu barədə tələbin rədd edilməsi üçün əsas deyildir. Mənəvi zərərin vurulması ilə əlaqədar yaranan hüquq münasibətlərinə müvafiq qanunvericilik aktları, habelə Azərbaycan Respublikası Mülki Məcəlləsinin İX bölməsinin (Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər) qaydaları tətbiq edilir. Plenum izah etmişdir ki, Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və X1 Haqqında Konvensiya”nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Şəxsə mənəvi zərərin vurulması mənəvi sarsıntı və iztirablara səbəb olan istənilən xarakterli qeyri-hüquqi hərəkət və ya hərəkətsizlikdə (mülki, cinayət, inzibati və s. hüquq pozmalarda) ifadə oluna bilər. Zərərvuran şəxsin eyni əmələ görə mülki, inzibati və yaxud cinayət məsuliyyətinə cəlb edilməsi zərərçəkənin ondan həm də mənəvi zərərin ödənilməsini tələb etmək hüququnu istisna etmir. Plenum eyni zamanda izah etmişdir ki, mənəvi zərərin ödənilməsi barədə iddia o, hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair 31 may 2002-ci il tarixli qərarında Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi qeyd etmişdir ki, mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. Məhkəmə hesab edir ki, iddiaçı cavabdehin qanunazidd hərəkətləri nəticəsində ona mənəvi ziyanın vurulmasınə təsdiq edən sübutları məhkəməyə təqdim etmədiyindən iddia tələbi həmin hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd olunanlara əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh Şirkətinin Azərbaycan Respublikasındakı Filialının İddiaçı işdən azad edilməsi barədə əmri ləğv edilsin. İddiaçı ilə bağlanmış 27.05.2019-cu il tarixli əmək müqaviləsində müqavilənin müddətini müəyyən edən 2.1-ci bənd etibarsız hesab edilsin. İddiaçı Cavabdeh Şirkətinin Azərbaycan Respublikasındakı Filialında onunla bağlanan əmək müqaviləsi müddətsiz hesab edilməklə əvvəlki vəzifəsi üzrə işə bərpa edilsin. İddiaçı işə bərpa olunduğu günədək məcburi iş buraxma müddəti üçün orta əmək haqqı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Kəmalə Əmirxanova
Məhkəmə qərarları › İş №2(005)-4210/2021
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-4210/2021
12.11.2021 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək mübahisələri - Əmək haqqı tələbi - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver