Məhkəmə qərarları › İş №2(005)-4224/2023

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-4224/2023

21.12.2023 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-4224/2023 21.12.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Novruzova Aytən Nazim qızının sədrliyi, Məhkəmə iclas katibi Məmmədova Təhminə Nizami qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı istifadə hüququnun itirilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə İddiaçı X1 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh mülkiyyətçisi olduğum ünvan 1 ünvanında yerləşən yaşayış sahəsindən istifadə hüququna xitam verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanında yerləşən mənzil İddiaçı mülkiyyətindədir. Bir neçə il qabaq oğlu Cavabdeh adı gedən yaşayış sahəsinə qeydiyyata düşməsinə razılıq vermiş və o, həmin yaşayış sahəsinə qeydiyyata düşmüşdür. Lakin, Cavabdeh artıq 2018-ci ildən birdəfəlik xarici ölkəyə (Fransaya) köçdüyünə görə həmin mənzildə yaşamır, o, onun həmin mənzilə (yaşayış sahəsinə) ehtiyacı aradan qalxmışdır və onun həmin mənzildən istifadə hüququ artıq yoxdur. Cavabdeh həmin mənzildə qeydiyyatı artıq formal xarakter daşıyır. Cavabdeh xarici ölkədə olsa da, Azərbaycan Respulikasının Fransadakı Səfirliyinin konsulu tərəfindən təsdiq edilmiş ərizə vermişdir. Ərizədə göstərilmişdir ki, Cavabdeh ünvan 1 ünvanda yerləşən mənzildən qeydiyyatdan çıxarılmasına və həmin mənzilin satılmasına etiraz etmir. Göründüyü kimi, Cavabdeh həmin mənzildən qeydiyyatdan çıxmağa və həmin mənzilin satılmasına razıdır. Lakin, xarici ölkədə olduğu üçün başqa yaşayış yerinə qeydiyyata düşə bilməməsi səbəbindən həmin mənzildən qeydiyyatdan çıxa bilmir. Bu da onu göstərir ki, cavabdehin mənzilin satılmasına dair verdiyi razılıq ərizəsi əsasında İddiaçı həmin mənzili sata bilər ki, bu da həmin mənzilin başqasının mülkiyyətinə keçməsi ilə nəticələnəcəkdir. Bunula da, cavabdehin həmin mənzildən istifadə etməməsini və onun həmin mənzilə ehtiyacının aradan qalxdığı təsdiq olunur. Əks halda o, mənzildən qeydiyyatdan çıxmağa və mənzilin satılmasına razılıq verməzdi. Beləliklə, Cavabdeh 2018-ci ildən Fransaya köçdüyü üçün həmin mənzildə yaşamır, onun həmin yaşayış sahəsinə ehtiyacı aradan qalxmışdır və onun mənzildə qeydiyyatı tam formal xarakter daşıyır. Cavabdehin İddiaçı mülkiyyətində olan mənzildə yaşamadığı halda qeydiyyatda olması İddiaçı üçün əlavə problemlərə səbəb olur və mülkiyyətçi hüquqlarının həyata keçirilməsinə maneə törədir. Belə ki, cavabdehin mülkiyyətçisi olduğu evdə qeydiyyatda olması səbəbilə İddiaçı onun yerinə əlavə kommunal xərclər ödəmək məcburiyyətində qalır. Bu isə onsuz da ağır olan maddi durumunu daha da ağırlaşdıraraq əlavə məsrəflərə səbəb olur. Cavabdehin mənzildə qeydiyyatda qalması İddiaçı mənzildən maneəsiz istifadə etməyə imkan vermir və ona görə də İddiaçı məqsədi cavabdehin mənzildən qeydiyyatdan çıxarılmasına nail olmaqdır. Belə ki, qanunvericilikdə şəxsin yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında onun yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması nəzərdə tutulmuşdur. Bununla yanaşı qanunvericiliyin tələbinə əsasən yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra 10 gündən gec olmayaraq qeydiyyata alınması üçün müvafiq dövlət orqanına müraciət etməlidir. Lakin cavabdeh 2018-ci ildən ölkədən köçdüyü üçün, yəni ölkədə olmadığı üçün başqa yaşayış yerinə qeydiyyata alınması üçün müvafiq orqana müraciət edə bilməmişdir. "Köçmə" istifadə hüququna xitam verən hüquqi faktdır, faktın baş verməsi ilə hüquqa xitam verilir. Hüquq xitam olunduğuna görə artıq mövcud deyildir, hüquqa xitam verilməsi nəticəsində hüquq itirilmiş hesab olunur. Yuxarıda qeyd olunmuş səbəb və əsaslara görə hesab edir ki, cavabdehin İddiaçı məxsus mənzildən istifadə hüququ yalnız 2018-ci ilədək mövcud olduğundan, yəni həmin ildən etibarən cavabdehin İddiaçı məxsus mənzildən istifadə hüququ olmayan şəxs olması səbəbindən onun mənzildən istifadə hüququna xitam verilməlidir. Buna görə də hüquqlarını bərpa etmək üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. a) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasında iddiaçı X1 iddia ərizəsinə uyğun izahat verərək iddia tələbiniin təmin olunmasını xahiş etdi. Cavabdehə baxılacaq işin vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq heç bir üzrlü səbəb təqdim etmədən mülki iş üzrə təyin edilən məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Əsaslandırıcı hissə: a) Mülki işin materialları Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, Ağa Nemətulla küçəsi, b. 70A, 20 saylı mənzil tam payda İddiaçı xüsusi mülkiyyəti kimi xx.xx.2019-cu il tarixdə ********** nömrəli qeyd aparılmışdır. "xxxx" MTK tərəfindən xx.xx.2023-cü il tarixdə verilmiş arayışda qeyd olunur ki, İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Nərimanov rayonu, Ağa Nemətulla küçəsi, b. 70A, 20 saylı mənzildə qeydiyyatda olan oğlu Cavabdeh 2018-ci il tarixdən etibarən xarici ölkəyə getdiyinə görə həmin mənzildə yaşamır. Fransanın Savigny sur Orgre şəhərində 124 bulvar Aristide Briand ünvanında yaşayan Azərbaycan Vətəndaşı, ünvan 2 ünvanıında qeydiyyatda olan Cavabdeh tərəfindən Bakı şəhəri, Nərimanov rayonu, Ağa Nemətulla küçəsi, b. 70A, 20 saylı mənzildən qeydiyyatdan çıxarılmasına və mənzilin satılmasına xx.xx.2023-cü il tarixdə notarial qaydada təsdiq olunmuş ərizə vermişdir. Nərimanov Rayon Polis İdarəsi tərəfindən xx.xx.2023-cü il taroxdə İddiaçı ünvanlanmış məktubda qeyd olunur ki, şəxsin qeydiyyatdan çıxarılmasının mümkün olmadı və bu məsələ ilə bağlı məhkəmə orqanlarına müraciət edilməsinin tövsiyə olunduğu qeyd edilmişdir. Daxili İşlər Nazirliyi tərəfindən xx.xx.2023-cü il tarixdə verilmiş yaşayış yeri üzrə qeydiyyat haqqında ******* nömrəli arayışda qeyd olunur ki, İddiaçı və Cavabdeh ünvan 2 ünvanında qeydiyyatdadırlar. “AZEMİS” elektron məhkəmə informasiya sistemində olan məlumatlardan aydın olur ki, Cavabdeh xx.xx.2018-ci il tarixdə ölkə sərhədlərindən xaricə getmiş, ölkə ərazisinə geri qayıtmamışdır. b)Məhkəmə tərəfindən müəyyən edilən hallar: Bakı şəhəri, Nərimanov rayonu, Ağa Nemətulla küçəsi, b. 70A, 20 saylı mənzil İddiaçı tam payda xüsusi mülkiyyətindədir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən xx.xx.2019-cu il tarixdə qeyd aparılmış və ona bu barədə çıxarış verilmişdir. Cavabdeh iddiaçının oğludur və həmin mənzil üzrə ünvanda qeydiyyatdadır. Lakin 2018-ci ildən ölkəni tərk etmiş və bundan sonra ölkəyə geri qayıtmamışdır. Cavabdeh yaşadığı Fransa Respublikasından notarial qaydada yazılı ərizə ünvanlayaraq ünvan 3 qeydiyyatdan çıxmağa razılığını ifadə etmişdir. c) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə: Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir : Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur; Konstitusiyanın 29-cu maddəsinin İ və İİ bəndlərinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülki işin materiallarından görünür ki, Cavabdeh mübahisəli mənzildən istifadə hüququ həmin mənzilə qeydiyyata alınması ilə eyni vaxtdan – yəni 2009-cu il tarixdən yaranmışdır. Sonradan Cavabdeh könüllü olaraq sözügedən mənzili tərk etmişdir və həmin tarixdən etibarən mənzildə yaşamır. Cavabdehin “Azemis” elektron məhkəmə informasiya sistemindən əldə edilmiş çıxarışdan onun xx.xx.2018-ci il tarixdə ölkəni tərk etdiyi və geri qayıtmadığı müəyyən olunur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Qeyd olunanlara əsasən məhkəmə iddia tələbi gəldiyini nəticəni aşağıdakı normalrla əsaslandırır : xx.xx.2000-ci il tarixdən qüvvədə olan Mülki Məcəllənin: 228.1-ci maddəsinə əsasən, yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. 228.2-ci maddəsinə əsasən, yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. 228.5-ci maddəsinə əsasən, yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu məcəllənin qüvvəyə mindiyi gündən yaranır. xx.xx.2009-ci il tarixdən qüvvədə olan Mənzil Məcəlləsinin: 30.1-ci maddəsinə əsasən Yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər; 30.4-cü maddəsinə əsasən əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən əmələ gələn istifadə hüququna xitam verilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 29 mart 2016-cı il tarixli Plenum Qərarında qeyd edilir ki, Mülki Məcəllənin 228.5-ci maddəsində nəzərdə tutulan "istifadə hüququ" notariat qaydasında müqavilə bağlanılmadan, başqa sözlə, yaşayış sahəsi mülkiyyətçisinin iradəsi xaricində və reyestrdə qeydiyyat aparılmadan yaranırdı. Bu maddənin məzmununa görə ailə üzvlərinin yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi üçün iki təməl şərt tələb olunur: - yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisi ilə birgə yaşayan şəxslərlə onun arasında etibarlı ailə əlaqələrinin mövcudluğu. Bununla bağlı Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə dair” 27 oktyabr 2008-ci il tarixli Qərarında göstərilmişdir ki, mülkiyyətçi ilə birgə yaşayan ailə üzvlərinin yaşayış binasının tərkib hissəsindən onunla bərabər istifadə hüququ mülkiyyətçi ilə bağlanan müqavilədən deyil, onunla etibarlı ailə əlaqələri əsasında yaranır; - yaşayış sahəsinə olan ehtiyacını bu mülkiyyətçinin evindən istifadə etməklə qarşılamaq məcburiyyətində olması. Belə ki, Mülki Məcəllənin 228.5-ci maddəsinin məzmununa müvafiq olaraq, yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Bu əsaslar aradan qalxdığı andan mülkiyyətçinin iradəsinə zidd olaraq yaşayış sahəsindən keçmiş ailə üzvünün istifadə etməsi hüquqi cəhətdən əsassız olar. Belə ki, hər hansı bir hüququ əmələ gətirən əsasın aradan qalxması həmin hüququn xitamı ilə nəticələnir. “Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 27 iyul 2001-ci il tarixli Plenum Qərarında qeyd edilir ki, 2001-ci il sentyabrın 1-dən sonra yaşayış evindən (mənzildən) istifadə edilməsi ilə əlaqədar yaranan hüquq münasibətləri ilə bağlı mübahisələr Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrinin qaydalarına uyğun, bu tarixədək yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr isə Mənzil Məcəlləsinin 123-cü maddəsinin qaydalarına uyğun həll edilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 11 iyul 2014-cü il tarixli “X.Məmmədovanın şikayəti üzrə AR Ali Məhkəməsinin Mülki Kollegiyasının 12 iyun 2013-cü il tarixli qərarının AR-nın Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” qərarında qeyd edilir ki, yaşayış sahəsinin mülkiyyət formasının dəyişdirilməsinin, yəni xüsusi mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması anı həmin yaşayış sahəsində yaşayan şəxslər və mülkiyyətçi arasında mövcud olan hüquq və vəzifələrin həcminin dəyişilməsinə səbəb olur. Bu halda, xüsusi mülkiyyət hüququ əsasında dövlət qeydiyyatına alınan belə yaşayış sahəsinə digər ailə üzvlərinin yaşayış hüququnun yaranması Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrində və ya qüvvədə olan Mənzil Məcəlləsinin 30-cu maddəsində müəyyən edilmiş əsaslara və qaydalara uyğun olaraq həll olunmalıdır. Azərbaycan Respublikası Mülki Məcəllənin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ— subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Qeyd edilən Məcəllənin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilərsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. İş materiallarından aydın olur ki, cavabdeh yetkinlik yaşına çatmış şəxs olmaqla öz iradəsi ilə 2018-ci ildən ölkəni tər k etmiş və bundan sonra ölkə ərazisinə geri qayıtmamış, qeyd olunan mənzildə yaşamamışdır. Həmçinin onun tərəfindən verilmiş və notarial qaydada təsdiq edilmiş ərizəsindən onun mənzildən qeydiyyatdan çıxarılmağa razı olduğu müəyyən olunur. Belə ki, Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin: 52.2-ci maddəsinə əsasən cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir; 52.5-ci maddəsinə görə iddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır; 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır; 220.4-cü maddəsinə görə cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Məhkəmə hesab edir ki, cavabdehin iddianı etiraf etməsi qanunazidd olmadığı və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmadığı üçün qəbul olunmalı, iddianın etirafı qəbul olunduğundan onun mənzildən çıxarılmasına dair iddia tələbi təmin olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bundan başqa, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddiaçı dövlət rüsumunun əvəzinin ödənilməsini tələb etmədiyindən ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Qeyd olunanlara əsasən, Azərbaycan Respublikası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. xx.xx.1997-ci il təvəllüdlü Cavabdeh İddiaçı məxsus Bakı şəhəri, Nərimanov rayonu, Ağa Nemətulla küçəsi, b. 70A, 20 saylı mənzildən istifadə hüquqlarına xitam verilsin. Qətnamədən, onun alındığı və ya təqdim olunduğu gündən 1 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetdən Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Aytən Novruzova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar