Məhkəmə qərarları › İş №2(005)-423/2025

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-423/2025

12.03.2025 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-423/2025 12.03.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Ramin Nizaməddin oğlunun sədrliyi, Cəfərov Davud Rauf oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil, Cavabdeh Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti "xxxx"-ın nümayəndəsi X2 iştirakları ilə, İddiaçı cavabdehlər Azərbaycan Respublikası Dövlət Neft Şirkəti "xxxx" və Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin ANQSİHİ Respublika Komitəsinə qarşı protokolun etibarsız hesab edilməsi və mənzil uçotunun adına keçirilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Azərbaycan Respublikası Dövlət Neft Şirkəti "xxxx" və Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin ANQSİHİ Respublika Komitəsinə qarşı protokolun etibarsız hesab edilməsi və mənzil uçotunun adına keçirilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin rəhbərliyinin və ANQSİHİ Respublika Komitəsinin birgə iclasının 4 saylı, xx.xx.2013-cü il tarixli protokolunun 8-ci bəndinin (İddiaçı müraciətindən imtina edilməsi və X1nun mənzil uçotundan çıxarılması barədə) etibarsız hesab edilərək ləğv edilməsi və mərhum X3nun vəfatı ilə əlaqədar mənzil uçotunun onun adına dəyişdirilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, ünvan 1 ünvanında oğlu ilə birlikdə yaşayır, mənzilin sahəsi 18 kv.m olan 1 otaqdan ibarətdir. 2-ci qrup əlil, pensiyaçıdır, ürək çatışmamazlığından əziyyət çəkir. X3 "xxxx"-da müxtəlif vəzifələrdə işləmiş və xx.xx.2006cı il ildə işlədiyi Balaxanı neft NQÇİ-nin müdriyyətinin və HİK-nin birgə iclasının 44 saylı protokoluna əsasən 3 nəfər ailə tərkibində mənzil uçotuna götürülmüşdür. Əri vəfat etdiyi üçün mənzil verilməmiş və onun ərini AR DNŞ-nin rəhbərliyinin ANQSİHİ Respublika Komitəsinin birgə iclasınının 4 saylı, xx.xx.2013-cü il tarixli protokolu ilə mənzil uçotundan çıxarmışlar. Yaşadığı mənzil 1 otaqlıdır, yataqxanadır, ürək xəstəsi, 2-ci qrup əlil olduğu üçün ona ayrıca 1 otaq da lazımdır, oğlunun 31 yaşı var, subaydır, oğlu ilə bir otaqda yaşaya bilmir, ayrıca otaq olmadığı üçün onu evləndirə bilmir. Həmin mənzili xx.xx.2009-cu ildə ərinə müvəqqəti ayırmışlar ki, sonra onlara 3 otaqlı mənzil versinlər. Dövlət Neft Şirkəti tərəfindən xx.xx.2007-ci ildə ərinə məktub göndərilərək bildirilmişdir ki, əri mənzil növbəsində ümumi siyahıda 280-ci, növbədənkənar mənzil ilə təmin olunan işçilər arasında isə 15-cidir. Cavabdeh ailəvi yataqxanada 1 otaqlı mənzil verib onları aldatmış, sonradan 3 otaqlı mənzil verməmişdir. O, xx.xx.2024-cü il tarixdə cavabdehə müraciət edərək vəfat etmiş ərinin mənzil növbəsinin onun adına dəyişdirilməsini xahiş etmiş, cavabdeh əsassız olaraq imtina etmişdir. Bildirilmişdir ki, ərinin ailə üzvlərinin "xxxx" ilə əmək münasibətləri olmadığından mərhumun mənzil uçotunun onların ailə üzvlərinin adlarına keçməsi mümkün deyildir. Əri iş yerindən artıq pensiyaya çıxmış və uçota götürüldükdən sonra yataqxana ilə təmin olunmuşdur. Ona görə də, mənzil uçotu ərinin vəfatından sonra onun adından ailə üzvlərindən birinin adına keçirilməli idi. Cavabdeh Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti "xxxx"-ın nümayəndəsi X5 məhkəməyə iddia ərizəsinə etiraz ünvanlayaraq, etiraz ərizəsini onunla əsaslandırmışdır ki, İddiaçı mərhum X3 3 nəfər ailə tərkibi ilə (özü, arvadı və oğulluğu) xx.xx.2006-cı ildə işlədiyi “Balaxanıneft” Neft Qazçıxarma İdarəsinin müdiriyyətinin və HİK-nin birgə iclasının 44 saylı protokolu ilə mənzil uçotuna götürülmüşdür. O, mənzil uçotuna götürülərkən 3 nəfər ailə tərkibi ilə Bakıxanov qəsəbəsi, 17 saylı yataqxanada qeydiyyatda olmuşdur. 2009-cu ildən isə bu ailə ünvan 2 ünvanında (ailəvi yataqxana) 1 otaqdan ibarət 18,06 kv.m yaşayış sahəsi olan 11 saylı mənzildə qeydiyyatda olmuşdur. Qeyd olunan yataqxana Bakı Şəhər İcra Hakimiyyətinin balansına verilmişdir. X7 xx.xx.2011-ci ildə vəfat etmişdir. X1 ilə bərabər mənzil uçotuna götürülmüş ailə üzvlərinin "xxxx" ilə əmək münasibətləri yoxdur. Bu səbəbdən, qüvvədə olan Azərbaycan SSR Nazirlər Sovetinin xx.xx.1983-cü il tarixli 418 saylı Qərarının 20-ci bəndinə və “Bakı şəhərində mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan vətəndaşların uçotu və mənzillərin bölüşdürülməsi Qaydalarının 29-cu bəndinə əsasən X1nun mənzil uçotu onunla bərabər mənzil uçotuna götürülmüş ailə üzvlərinin adına keçirilə bilməz və o, "xxxx"-ın və ANQSİHİ-nin Respublika Komitəsinin xx.xx.2013-cü il tarixli 4 nömrəli protokolunun qərarı ilə mənzil uçotundan çıxarılmışdır. Həmin qərar Səbail Rayon İcra Hakimiyyətinin xx.xx.2013-cü il tarixli 164 nömrəli sərəncamı ilə təsdiq olunmuşdur. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Vəkil iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddiasının təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti "xxxx"-ın nümayəndəsi X5 iddia tələbini qəbul etməyərək, iddianın təmin edilməməsini xahiş etdi. Digər cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndəsi heç bir üzrlü səbəb təqdim etmədən məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyərək, işdə olan sübutları araşdıraraq hesab edir ki, iddia tələbi təmin olunmamalıdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq olunmuş: AZ-İ seriyalı, 487285 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X7 xx.xx.2011-ci il tarixdə vəfat etmişdir; AZ-İ seriyalı, 661871 nömrəli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X7 ilə İddiaçı arasında nikah xx.xx.2011-ci il tarixdə Bakı şəhəri Sabunçu rayon Qeydiyyat şöbəsində bağlanmışdır. Bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 657 nömrəli akt qeydi tərtib edilmişdir; xx.xx.2006-cı il tarixli Sabunçu Rayonu İcra Hakimiyyəti Başçısının Sərəncamından Çıxarışa əsasən X4 göstərilən müəssisədə beş ildən artıq işlədiyi nəzərə alınaraq, 3 nəfər ailə üzvü ilə müstəsna hal kimi mənzil növbəsinə qəbul olunması haqqında “Balaxanıneft” NQÇİ-nin müdriyyəti və HİK-nin xx.xx.2006-cı il tarixli, 44 saylı protokolunun təsdiq edilməsi qərara alınmışdır; Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti "xxxx"-ın rəhbərliyinin və ANQSİHİ Respublika Komitəsinin birgə iclasının xx.xx.2013-cü il tarixli, 4 saylı protokolundan çıxarışdan görünür ki, İddiaçı “Bakı şəhərində mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan vətəndaşların uçotu və mənzillərin bölüşdürülməsi Qaydaları”nın 29-cu bəndinə əsasən X1 ilə bərabər mənzil uçotuna götürülmüş ailə üzvlərinin ARDNŞ ilə əmək münasibətləri olmadığı üçün onun mənzil uçotu onunla bərabər mənzil uçotuna götürülmüş ailə üzvlərinin adına keçirilə bilmədiyindən İddiaçı müraciətindən imtina edilməsi və X1nun mənzil uçotundan çıxarılması qərara alınmışdır. İşin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından görünür ki, İddiaçı mərhum X3 3 nəfər ailə tərkibi ilə xx.xx.2006-cı il tarixdə “Balaxanıneft” NQÇİ-nin müdriyyəti və HİK-nin xx.xx.2006-cı il tarixli, 44 saylı protokolu ilə mənzil uçotuna götürülmüşdür. 2009-cu il tarixdə X6 ünvan 1 ünvanında yerləşən 18 kv.m, 1 otaqlı ailəvi yataqxana verilmişdir. X7 xx.xx.2011-ci il tarixdə vəfat etmişdir. Mənzil uçotuna götürülmüş ailə üzvlərinin ARDNŞ ilə əmək münasibətləri olmadığı üçün mənzil uçotu onunla bərabər uçota götürülmüş ailə üzvlərinin adına keçirilə bilmədiyindən iddiaçının mərhum ərinin mənzil növbəsinin onun adına keçirilməsi müraciətindən imtina edilmiş və X1nun mənzil uçotundan çıxarılması qərara alınmışdır. Hazırda iddiaçı mərhum X3nun mənzil uçotundan çıxarılmasının, mənzil növbəsinin onun adına keçirilməsi tələbinin rədd edilməsinin əsassız olduğunu iddia edərək, məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 18 mart 2019-cu il tarixli Qərarına görə proses zamanı həqiqətdə mövcud olan bütün hallar deyil, yalnız hüquqi əhəmiyyət daşıyan, yəni sübutetmə predmetinə aid olan hallar müəyyən edilir. Məhz bu səbəbdən hüquqi əhəmiyyət daşıyan hallar istənilən üsulla (məntiqi, elmi) deyil, sübutedici məlumatların, yəni sübutetmə vasitələrinin məhkəməyə təqdim olunmasının qanunla yol verilən üsulları ilə müəyyən edilməlidir. Mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Mülki Prosessual Məcəllənin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 31 yanvar 2006-cı il tarixli qərarında göstərmişdir ki, “məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsi ilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir”. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunu özünün “S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-nın xx.xx.2004-cü il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 31 may 2006-cı il tarixli qərarında göstərmişdir ki, “mülki-prosessual qanunvericiliyin göstərilən müddəalarından irəli gələrək məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır”. “Azərbaycan SSR ərazisində mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacı olan vətəndaşları uçota götürməyin və yaşayış sahələrini bölüşdürməyin Nümunəvi qaydalarının təsdiq edilməsi haqqında” Qərarın 8-ci maddəsinə əsasən mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacı olan vətəndaşlar yaşayış yerində rayon, şəhər, şəhərdə rayon, qəsəbə, kənd xalq deputatları Soveti icraiyyə komitəsinin qərarı ilə, iş yerində isə müəssisə, idarə, təşkilat müdiriyyətinin və həmkarlar ittifaqı komitəsinin birgə qərarı ilə uçota götürülürlər. Şəxsi mülkiyyət hüququ ilə onlara məxsus olan, eyni yaşayış məntəqəsində yerləşən yaşayış evini (evin bir hissəsini) özgəninkiləşdirmək (satmaq, bağışlamaq) yolu ilə öz mənzil şəraitini süni surətdə pisləşdirmiş vətəndaşlar, habelə öz mənzil şəraitini pisləşdirmək və uçota dayanmağa hüquq əldə etmək məqsədilə başqa yaşayış sahəsinə köçmüş vətəndaşlar öz mənzil şəraitini süni surətdə pisləşdirdikləri gündən on ildən tez olmayaraq uçota götürülürlər. Mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacı olanların uçotuna götürülmüş vətəndaşa onu uçota götürmüş orqan tərəfindən bu barədə yazılı şəkildə xəbər verilir. Uçota götürülməsi rədd edilmiş vətəndaşa da bu barədə eyni qaydada xəbər verilir. “Bakı şəhərində mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan vətəndaşların uçotu və mənzillərin bölüşdürülməsi Qaydalarının 29-cu bəndinə əsasən, uçotda olan vətəndaş öldükdə və ya daimi yaşayış üçün başqa yerə köçdükdə, onun ailə üzvlərinin mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan şəxslər hesab edilmələri üçün əsas qüvvədə qalarsa, onun əvəzinə ailəsinin üzvlərindən biri uçota götürülür; bu zaman ailənin üzvü iş yerində ehtiyacı olanların uçotuna ancaq bu şərtlə qəbul edilir ki, həmin müəssisədə, idarə, təşkilatda işləmiş olsun, əgər uçotda olan vətəndaş istehlakda bədbəxt hadisə və ya peşə xəstəliyi nəticəsində vəfat edərsə, ailənin üzvü həmin müəssisədə, idarə, təşkilatda işləmədən də uçota götürülür. Azərbaycan SSR Nazirlər Sovetinin xx.xx.1983-cü il tarixli, 418 saylı Qərarının 20-ci bəndinə əsasən, uçotda olan vətəndaş öldükdə və ya başqa daimi yaşayış yerinə getdikdə, mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacı olan hesab edilməsi üçün əsaslar aradan qalxmamışsa, ailə üzvlərindən biri onun əvəzinə uçota götürülür, həm də iş yerində mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacı olanların uçotuna ailə üzvü yalnız bu halda götürülür ki, o, həmin müəssisədə, idarədə, təşkilatda işləsin, uçotda olan vətəndaş istehsalatda bədbəxt hadisə və ya peşə xəstəliyi nəticəsində öldükdə və prokurorluq işçisi xidməti fəaliyyət zamanı vəfat etdikdə isə ailə üzvü həmin müəssisədə, idarədə, təşkilatda işləyib-işləməməsindən asılı olmayaraq uçota götürülür. Məhkəmə hesab edir ki, İddiaçı iddiası rədd edilməlidir. Belə ki, iddiaçının mərhum X3nun “Balaxanıneft” NQÇİ-də beş ildən artıq işlədiyi nəzərə alınaraq, 3 nəfər ailə üzvü ilə müstəsna hal kimi mənzil növbəsinə qəbul edilmişdir. X7 vəfat etdikdən sonra İddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkəti "xxxx" və Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin ANQSİHİ Respublika Komitəsinə mərhum ərinin mənzil növbəsinin onun adına dəyişdirilməsi ilə bağlı ərizə ünvanlamış və ərizədən imtina olunaraq X1 mənzil uçotundan çıxarılmışdır. İddiaçı mənzil növbəsindən çıxarılmasının əsassız olduğunu bildirsə də, bu həqiqəti əks etdirmir. Onun mərhum ərinin mənzil uçotundan çıxarılması və mərhum ərinin mənzil növbəsinin onun adına dəyişdirilə bilməməsi qanunvericiliyin tələblərinə əsasən mümkün olmamışdır. Belə ki, Azərbaycan SSR Nazirlər Sovetinin xx.xx.1983-cü il tarixli, 418 saylı Qərarının 20-ci bəndinə və “Bakı şəhərində mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan vətəndaşların uçotu və mənzillərin bölüşdürülməsi Qaydalarının 29-cu bəndinə əsasən uçotda olan vətəndaş öldükdə və ya daimi yaşayış üçün başqa yerə köçdükdə, onun ailə üzvlərinin mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan şəxslər hesab edilmələri üçün əsas qüvvədə qalarsa, onun əvəzinə ailəsinin üzvlərindən biri uçota götürülür; bu zaman ailənin üzvü iş yerində ehtiyacı olanların uçotuna ancaq bu şərtlə qəbul edilir ki, həmin müəssisədə, idarə, təşkilatda işləmiş olsun, əgər uçotda olan vətəndaş istehlakda bədbəxt hadisə və ya peşə xəstəliyi nəticəsində vəfat edərsə, ailənin üzvü həmin müəssisədə, idarə, təşkilatda işləmədən də uçota götürülür. Göründüyü kimi qanunvericiliyin tələblərinə görə vəfat etmiş şəxsin mənzil uçotunun onun ailə üzvlərinə keçməsi halı mümkündür, lakin bu hüququn ötürülməsi üçün qanunvericilik normalarında nəzərdə tutulmuş bir sıra şərtlərin ödənməsi tələb olunur. Hazırki situasiyada qanunvericilikdə təsbit olunmuş ilkin şərt iddiaçı tərəfindən ödənmədiyindən, yəni İddiaçı Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti "xxxx"-la əmək münasibətlərində olmadığından mərhum ərinin mənzil növbəsinin onun adına dəyişdirilməsi qanunun tələblərinə ziddir. Həmçinin, göstərilən qanunvericilik aktlarında uçotda olan vətəndaşın istehlakda bədbəxt hadisə və ya peşə xəstəliyi nəticəsində vəfat etməsi halında idarə, təşkilatda işləmədən də uçota götürülməsi nəzərdə tutulmuş, lakin X1nun bu hallar ucbatından vəfat etməsi ilə bağlı heç bir əsas və sübut məhkəməyə təqdim edilmədiyindən bu hal da öz təsdiqini tapmamışdır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, İddiaçı cavabdehlər Azərbaycan Respublikası Dövlət Neft Şirkəti "xxxx" və Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin ANQSİHİ Respublika Komitəsinə qarşı protokolun etibarsız hesab edilməsi və mənzil uçotunun adına keçirilməsi tələbinə dair iddiası təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə uyğun olaraq məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə iddia tələbi təmin edilmədiyindən mülki iş üzrə ödənilmiş dövlət rüsumunun iddiaçıya aid edilməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233-234 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddiaçı cavabdehlər Azərbaycan Respublikası Dövlət Neft Şirkəti "xxxx" və Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin ANQSİHİ Respublika Komitəsinə qarşı protokolun etibarsız hesab edilməsi və mənzil uçotunun adına keçirilməsi tələbinə dair iddiası rədd edilsin. İş üzrə ödənilmiş dövlət rüsumu İddiaçı aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada veridiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ramin Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar