Məhkəmə qərarları › İş №2(005)-4238/2024

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərardad — İş №2(005)-4238/2024

11.10.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr - Digər icarə müqavilələri
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(005)-4238/2024 11.10.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Tağıyeva Nərgiz Nazim qızı, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsinə və ona əlavə edilmiş sənədlərə baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 1080 manat məbləğində pulun və ödənilmiş 30 manat dövlət rüsumunun onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, “Toyota Prius” **-LC-*** dövlət qeydiyyat nömrəli avtomobil mülki etibarnamə əsasında ona məxsusdur. xx.xx.2024-cü il tarixdə aralarında Prius markalı, **-LC-*** dövlət qeydiyyat nömrəli avtomobilin icarəsinə dair icarə müqaviləsi bağlanmışdır. xx.xx.2024-cü il tarixli icarə müqaviləsinə əsasən və təhvil-təslim aktı əsasında sözügedən avtomobil təhvil verilmişdir. İcarə müqaviləsinin 3-cü bəndinə əsasən icarəçi olaraq nəqliyyat vasitəsinin 1 təqvim günü müddətinə icarəsi üçün icarəverənə 30 manat məbləğində icarə haqqını ödəməyi öhdəsinə götürüb. Lakin həmin icarə müqaviləsinin şərtlərini kobud şəkildə pozaraq üzərini düşən öhdəlikləri vaxtında və lazımi qaydada icra etməyib. Belə ki, icarə müqaviləsi bağlandığı gündən bu günədək 660 manat icarə borcu və gecikdirilmiş günlər üçün 100 manat, o cümlədən yol-hərəkəti qaydalarını pozduğuna görə 310 manat cərimə borcu mövcuddur. Cavabdeh öz üzərinə düşən öhdəliyi lazımınca yerinə yetirmədiyindən, ona görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək məhkəmə hesab edir ki, iddia məhkəmə aidiyyəti qaydalarına riayət edilmədən verildiyindən geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 24.2-ci maddəsinə görə, mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, həmin Məcəlləyə müvafiq olaraq müəyyən edilir. Həmin Məcəllənin 26.1-ci maddəsinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. Mövcud qanunvericiliyə əsasən işə baxan məhkəmə, aidiyyətlə bağlı məsələni həll edərkən mübahisənin predmeti (iddia ərizəsində və ya ərizədə qoyulan tələbin xarakteri) və hüquq münasibətlərinin xarakterini (mübahisənin hansı hüquq münasibətindən yaranması, məsələn, mülki, ailə, iqtisad və s.) nəzərə almalıdır. İddia ərizəsindən göründüyü kimi, tərəflər arasında yaranmış mübahisə kommersiya xarakteri daşıyır. Belə ki, İddiaçı vergi ödəyicisinin eyniləşdirmə nömrəsi (VÖEN) alaraq, fərdi sahibkar kimi qeydiyyatdan keçmişdir. Eyni zamanda Cavabdeh da vergi ödəyicisinin eyniləşdirmə nömrəsi (VÖEN) alaraq, fərdi sahibkar kimi qeydiyyatdan keçmişdir. Mübahisə isə avtomobilin icarə müqaviləsindən irəli gələn pul tələbidir. Belə olan halda hazırkı mübahisəyə mübahisənin predmeti, hüquq münasibətlərinin xarakteri və subyektiv tərkibi nəzərə alınaraq ümumi məhkəmədə deyil, ərazi yurisdiksiyası üzrə müvafiq kommersiya məhkəməsində baxılmalıdır. Həmçinin qeyd edilməlidir ki, tərəflər arasında bağlanmış xx.xx.2024-cü il tarixli icarə müqaviləsinin 7.2 bəndinə görə, tərəflər razılığa gəlirlər ki, aralarında mübahisə yaranarsa, mübahisəyə Nərimanov Rayon Məhkəməsində baxılacaqdır. Bununla bağlı məhkəmə qeyd edir ki, Mülki Prosessual Məcəllədə müqavilə ilə yalnız ərazi aidiyyətinin dəyişdirilməsinə yol verilir. Belə ki, Mülki Prosessual Məcəllənin müqavilə aidiyyətindən bəhs edən 40-cı maddəsinə əsasən, ərazi aidiyyəti qaydalarının pozulmasına yol verilmir. Tərəflər öz aralarındakı saziş ilə işin ərazi aidiyyətini dəyişdirə bilərlər. Saziş yazılı şəkildə ifadə olunmalıdır. Saziş tərəflər arasında gələcəkdə baş verə biləcək konkret mübahisə ilə bağlı əvvəlcədən, habelə məhkəmənin icraatında olan müəyyən məhkəmə işi ilə bağlı həmin iş üzrə məhkəmənin hazırlıq iclası keçirilənədək bağlana bilər. Mübahisə üçün müstəsna aidiyyət nəzərdə tutulduğu halda bu Məcəllənin 40.1-40.3-cü maddələrinin qaydaları tətbiq oluna bilməz. Göründüyü kimi, tərəflər öz aralarındakı saziş ilə yalnız işin ərazi aidiyyətini dəyişdirə bilərlər. Mülki prosessual qanunvericilik hətta müstəsna aidiyyət olduqda belə müqavilə ilə aidiyyət qaydalarının dəyişdirilməsinə yol vermir. Hazırki mülki işə isə yuxarıda da qeyd edildiyi müvafiq kommersiya məhkəməsində baxılmalıdır. Bu baxımdan ərazi aidiyyətinin dəyişdirilməsinə dair qaydalar hazırki işə tətbiq edilə bilməz. Mülki Prosessual Məcəllənin 31.1-ci maddəsinə əsasən aidiyyət qaydalarının pozulmasına yol verilmir. Bu Məcəllənin 151.1-ci maddəsinə görə iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Həmin Məcəllənin 152.1.3-cü maddəsinə əsasən əgər iş ərazi və ya məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Eyni Məcəllənin 114.1.3-cü maddəsinə uyğun olaraq bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa, ödənilmiş dövlət rüsumu geri qaytarılır. İddia ərizəsində 30 manat dövlət rüsumu geri tələb edilsə də, iş materiallarından görünür ki, iddiaçı tərəfindən 31 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Beləliklə, qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, işə məhkəmə aidiyyəti üzrə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsində baxılmalı olmadığından, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılmalı, iddiaçıya məhkəmə aidiyyəti üzrə Bakı Kommersiya Məhkəməsinə müraciət etmək hüququ izah edilməlidir. Həmçinin İddiaçı tərəfindən ödənilmiş 31 manat məbləğində dövlət rüsumu ona geri qaytarılmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 40, 152, 263-264 və 267-268 və 284-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı Cavabdeh qarşı pul tələbinə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılsın. İş üzrə dövlət rüsumu kimi ödənilmiş 31 (otuz bir) manat məbləğində pul (Bakı Şəhəri üzrə Baş Maliyyə İdarəsi vasitəsilə, mədaxil qəbzinin nömrəsi – **********) İddiaçı geri qaytarılsın. İddiaçıya izah edilsin ki, məhkəmə aidiyyəti üzrə Bakı Kommersiya Məhkəməsinə müraciət etmək hüququ vardır. Qərardaddan tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə şikayət verilə bilər. Hakim Nərgiz Tağıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar