Məhkəmə qərarları › İş №2(005)-4254/2024

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-4254/2024

02.12.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-4254/2024 02.12.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Ramin Nizaməddin oğlunun sədrliyi, Cəfərov Davud Rauf oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı şəxs qismində Bakı şəhəri Nərimanov rayon Qeydiyyat Şöbəsi göstərilməklə nikahın qeyd alınma faktının tanınması tələbinə dair ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi maraqlı şəxs qismində Bakı şəhəri Nərimanov rayon Qeydiyyat Şöbəsi göstərilməklə nikahın qeyd alınma faktının tanınması tələbinə dair ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.1953-cı il təvəllüdlü Ərizəçi 1970-ci il tarixdə Ermənistan Respublikası İrəvan şəhərində X7 ilə nikaha daxil olduğunun qeydə alınması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəni onunla əsaslandırmışdır ki, o, xx.xx.1953-cü ildə Ermənistan Respublikası İrəvan şəhərində anadan olmuşdur. 1970-ci il tarixdə Ermənistan Respublikası İrəvan şəhərində X7 ilə nikaha daxil olmuşdur. 1988-ci ildə Azərbaycana gələn zaman nikah haqqında şahadətnaməni itirmişdir. Həmin şəhadətnamə sənədlərin arasına qarışıb itmişdir. Bununla bağlı 5 saylı Bakı Asan Xidmət X1 müraciət etmiş, cavab məktubunda imtina edilmişdir. Daha sonra tələbin dəqiqləşdirilməsinə dair ərizə verərək, onunla X7 arasında xx.xx.1970-ci il tarixdə Ermənistan SSR, Masis rayonu, Yuxarı Necili kənd ərazi nümayəndəliyində nikaha daxil olmasına dair hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizəyə uyğun izahat verərək, ərizənin təmin edilməsini xahiş etdi. Maraqlı şəxs Bakı şəhəri Nərimanov rayon Qeydiyyat Şöbəsi məktubla məhkəməyə müraciət edərək işə onların nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmişlər. Məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını və şahidlərin ifadələrini dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş üzrə şahid qismində dindirilmiş X2 məhkəmə iclasında ifadə verərək bildirdi ki, Ərizəçi onun böyük bacısıdır. Bacısı xx.xx.1970-ci il tarixdə mərhum X7 ilə ailə qurmuşdur. Nikahları kənddə rəsmiləşdirilmişdir. İş üzrə şahid qismində dindirilmiş X4 məhkəmə iclasında ifadə verərək bildirdi ki, Ərizəçi onun böyük bacısıdır. Ərizəçi X7 ilə 1970-ci ilin payız aylarında ailə qurmuş və toy “palatkada” olmuşdur. Nikahları Masis rayonu, Yuxarı Necili kənd ərazi nümayəndəliyində rəsmiləşdirilmişdir. İş materiallarında olan və məhkəmə iclasında tətqiq edilmiş: AZE seriyalı, 0******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi xx.xx.1953-cü il tarixdə Ermənistan, Masis rayonunda doğulmuşdur; Nərimanov Rayon Qeydiyyat Şöbəsi tərəfindən verimiş xx.xx.2024-cü il tarixli məktubdan müəyyən olunur ki, nikah akt qeydinin bərpa edilməsi üçün zəruri sənədlər olmadığından məhkəməyə müraciət edilməsi edilməsi tövsiyə olunmuşdur; AZ-İİ seriyalı, 052313 nömrəli Ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X7 xx.xx.2019-cu il tarixdə ölmüşdür. Məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, Ərizəçi ilə X5 nikahları xx.xx.1970-cı il tarixdə Ermənistan SSR, Masis rayonu, Yuxarı Necili kənd ərazi nümayəndəliyində qeydə alınmışdır. Hazırda sənədləşmə işləri ilə əlaqədar, müvafiq qeyd aparılması üçün ərazi üzrə qeydiyyat şöbəsinə müraicət etmişdir. Lakin nikah barədə məlumat olmadığından və nikahı rəsmiləşdirən qeydiyyat şöbəsindən müvafiq məlumatları almaq mümkün olmadığından, nikah haqqında akt qeydinin bərpa edilməsi mümkün olmadığından onun müraciəti rədd edilmişdir. Azərbaycan Respublikası MPM-in 307-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Azərbaycan Respublikası MPM-in 307.2.3-cü maddəsinə əsasən məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikası MPM-in 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin 12 aprel 2019-cu il tarixli Plenum Qərarından görünür ki, məhkəmə hər hansı faktı deyil, yalnız qanunvericiliklə müəyyən hüquqi nəticələrə, yəni şəxsi və ya əmlak hüquqlarının yaranmasına, dəyişməsinə və yaxud xitamına səbəb olan faktları müəyyən edir. Məhkəmə qaydasında müəyyən edilən faktların hüquqi əhəmiyyəti maddi hüquq normaları ilə (mülki, mənzil, pensiya qanunvericiliyi və s.) müəyyən edilir. Hüquqi əhəmiyyəti olmayan faktın müəyyən edilməsi barədə ərizələrin icraata qəbulundan məhkəmə MPM-nin 153.2.1-ci maddəsinin tələbinə əsasən imtina etməli, əgər belə ərizə səhvən icraata götürülmüşdürsə, MPM-nin 261.0.1-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməlidir. Lazımi sənədin alınmasının mümkünsüzlüyü dedikdə qanunvericilikdə bu və ya digər faktın qeydiyyatı qaydasının nəzərdə tutulmaması (məsələn, şəxsin öhdədə olması faktı), yaxud da faktın qeydiyyatı qaydasına riayət edilməməsi və mövcud şəraitdə belə qaydadan istifadə olunmasının qeyri-mümkünlüyü (məsələn, atalığın etiraf olunması faktı, müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktı) nəzərdə tutulur. İtən sənədlərin bərpasının mümkünsüzlüyü dedikdə belə sənədin itməsi və ya məhv olması nəticəsində müvafiq orqan tərəfindən həmin sənədin dublikatının verilməsinin mümkün olmaması başa düşülür. Beləliklə, məhkəmə iclasında ərizəçinin izahatı, şahid ifadələri, təqdim olunmuş sənədlərlə təsdiq olundu ki, Ərizəçi X7 ilə xx.xx.1970-ci il tarixdə rəsmi nikaha daxil olmuşdur. Birgə təsərrüfat aparmış, birlikdə yaşamışlar. Nikah haqqında şəhadətnamənin naməlum şəraitdə itməsi və zəruri sənədlərin Ermənistan SSR-də qalması səbəbindən nikah akt qeydinin bərpa olunması mümkün olmamışdır. Ərizəçi haqlı olaraq məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə uyğun olaraq məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə hesab edir ki, tədqiq olunmuş sübutlara əsasən Ərizəçi ilə X7 arasında bağlanmış xx.xx.1970-cı il tarixli nikahın qeyd edilmə faktı müəyyən edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 307-310-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. Ərizəçi ilə X7 arasında xx.xx.1970-cı il tarixdə Ermənistan SSR, Masis rayonu, Yuxarı Necili kənd ərazi nümayəndəliyi tərəfindən nikahın qeydə alınması barədə hüquqi əhəmiyyətli fakt müəyyən edilsin. Bu barədə müvafiq qeydin aparılması Bakı şəhəri Nərimanov Rayon Qeydiyyat Şöbəsinə həvalə edilsin. Ərizəçi tərəfindən ödənilmiş dövlət rüsumu özünə aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən bir ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ramin Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar