Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-426/2022 11.03.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Gültəkin Akif qızının sədrliyi, X3 oglunun katibliyi ilə, İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil , Cavabdeh “Azərbaycan Respublikası Təhsil Nazirliyinin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyinə və müstəqil tələb irəli sürməyən üçüncü şəxs Astara rayon Təhsil şöbəsinə qarşı “əmrin ləğvi, məcburi iş buraxmaya görə əmək haqqı və vurulmuş ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyinə və müstəqil tələb irəli sürməyən üçüncü şəxs Astara rayon Təhsil şöbəsinə qarşı “əmrin ləğvi, məcburi iş buraxmaya görə əmək haqqı və vurulmuş ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Təhsil Nazirinin 30 sentyabr 2021-ci il tarixli, k -1234 saylı əmri qanunsuz və əsassız olduğundan həmin əmrin ləğv olunması, onu əvvəlki işinə bərpa edib, məcburi iş buraxma günlərinə gorə ona əmək haqqının ödənilməsi və ona dəymiş 1000 (bir min) manat maddi ziyanın ödənilməsi haqqında qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, o, İddiaçı 06 iyul 2007-ci ildə Lənkəran Dövlət Universitetinin Tarix İctimaiyyət ixtisası üzrə ali peşə istiqaməti üzrə Bakalavr dərəcəsi almaqla həmin universiteti (qiyabi) fərqlənmə diplomu ilə bitirmişdir. 23 fevral 2011-ci ildə Gəncə Dövlət Universitetinin Tarix ixtisası (qiyabi) üzrə magistr dərəcəsini almışdır. Qeyd edir ki, o, 2003cü ildən müəllim kimi fəaliyyətə başlamış, 2014-cü ildən nümunəvi fəaliyyətinə görə onu Astara rayon İcra Hakimiyyətinin yetkinlik yaşma çatmayanların işləri və hüquqlarının müdafiəsi uzrə komissiyanın məsul katibi təyin etmişlər. 2016-cı ilə qədər həmin işdə işlədikdən sonra, nümunəvi iş fəaliyyətinə görə onu Astara rayon Təhsil şöbəsinin metodkabinetə direktor təyin etmişlər. Azərbaycan Respublikası Təhsil Nazirliyinin 02 oktyabr 2020-ci il tarixli K-1028-ci əmri ilə Astara rayon Şağlazüzə kənd tam orta məktəbinə 07 oktyabr 2020-ci ildən direktor təyin edilmişdir. Azərbaycan Respublikası Təhsil Nazirinin 30 sentyabr 2021-ci il tarixli K -1234 saylı əmrilə o, İddiaçı Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç" bəndinə əsasən işdən azad olunmuşdur. Həmin əmrin 1-ci hissəsində göstərilir ki, sosial şəbəkələrdə qeyri - əxlaqi videogörüntülərm yayıldığı və bununla əlaqədar Astara rayon Təhsil şöbəsinin ilk həmkarlar ittifaqı komitəsi tərəfində məktəb direktorları ilə bağlanmış Əmək müqavilələrinin ləğvi barədə qərar qəbul olunduğu göstərilmişdir. Həmin əmrin 2-ci abzasında qeyd olunmuşdur ki, “Göstərilən hərəkətlərə yol verməklə adları qeyd olunan məktəb direktorları “X5 Qaydalarının" 2 2.1.3 və 2.1.7 -ci bəndlərinin tələblərini pozmuşlar. Əmrin verilməsi üçün əsas Astara rayon Təhsil şöbəsinin 27 sentyabr 2021-ci il tarixli, 35(01)\TQ -902580 nomrəi məktubu, Astara rayon Təhsil Şöbəsinin ilk həmkarlar ittifaqı komitəsinin 27 sentyabr 2021-ci il tarixli, 18 nömrəli iclas protokolu, müvafiq izahat və aktlar olmuşdur. Məhkəmə iclasında İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil iddianı müdafiə edərək təmin olunmasını xahiş etmişlər. Cavabdeh “Azərbaycan Respublikası Təhsil Nazirliyinin nümayəndəsi X9 iddianın rədd edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Müstəqil tələb irəli sürməyən üçüncü şəxs Astara rayon Təhsil şöbəsi iddia ərizəsinə etiraz verərək etirazda bildirmişdir ki, İddiaçı işə bərpaya dair iddia tələbində qeyd edir ki, (təhsil şöbəsinə ünvanladığı məktublarına əsasən), Astara rayon Təhsil Şöbəsi heç bir araşdırma aparmadan 27.09.2021-ci il tarixində Astara RTŞ-nin X4 iclasında onun Şağlazüzə kənd tam orta məktəbindən direktor və müəllim kimi işdən azad olunmasına qərar vermiş və həmin qərara əsasən də Azərbaycan Respublikasının Təhsil Naziri əmr verərək onu işdən azad etmişdir. Həmçinin İddiaçı müraciətlərində onu da qeyd edir ki, onu məktəbdən heç bir əsas olmadan müəllimlikdən də çıxardıblar. Məlumat üçün bildirilir ki, İddiaçı 1981-ci il təvəllüdlü, ali təhsilli, evlidir. İki övladı var. Lənkəran Dövlət Universitetinin “Tarix və ictimayyət” ixtisasını fərqlənmə diplomu ilə bitirmiş, magistr təhsili almışdır. 2003-cü ildən Şağlazüzə kənd tam orta məktəbində tarix müəllimi işləyib. 2014-cü ildən 2016-cı ilə qədər Astara rayon İcra Hakimiyyətində Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə məsul katib- böyük məsləhətçi vəzifəsində işləmişdir. 2016-cı ildən 2020-ci ilə kimi Astara rayon Təhsil Şöbəsinin yanında Metodkabinetin direktoru işləmişdir. 17 oktyabr 2020-ci il tarixindən Şağlazüzə kənd tam orta məktəbinin direktoru vəzifəsinə təyin olunmuşdur. İddiaçı Astara RTŞ yanında Metodkabinet direktoru vəzifəsində işləyib və həmin vəzifədən birbaşa işinə xitam verilməklə Şağlazüzə kənd tam orta məktəbində vakant direktor vəzifəsinə təyin olunmuşdur. Əmək Məcəlləsinə əsasən məktəb direktoru həmçinin işəgötürən olduğundan İddiaçı məktəbdə ixtisasına uyğun olaraq özünə tarix dərsi ayırmışdır. Təhsil Nazirliyi və Astara rayon Təhsil şöbəsi tərəfindən İddiaçı məktəbə müəllim kimi təyin edilməmiş və onunla müəllim kimi əmək müqaviləsi bağlanılmamışdır. İddiaçı Astara RTŞ-nin yanında Metdokabinetin direktoru və Şağlazüzə kənd tam orta məktəbinin direktoru kimi çalışdığı müddətlərdə təhsildə uğurları çox olub. Lakin, İddiaçı direktor kimi əmək müqaviləsinə xitam verilməsinin səbəbi onun əməlləridir. Çünki özünün də yazdığı izahatına əsasən qeyd edir ki, facebook sosial şəbəkəsində tanımadığı bir şəxslə ünsiyyət əlaqəsi qurmuşdur, mesajlaşmadan sonra qarşı tərəf ilə açıq videobağlantı yaratmışdır. Bir müddət sonra qarşı tərəf İddiaçı təzyiq göstərərək onun soyunmasını məcbur etmişdir. Nəticədə İddiaçı videosu çəkilərək onun özünə göndərilmiş və ondan 3500 ABŞ dolları tələb olunmuşdur. Həmin pul ödənilməsə İddiaçı ifşa edəcəklərini bildirmişlər. Nəticədə İddiaçı həmin pulu ödəməkdən boyun qaçırmış və onun çılpaq şəkildə videosu sosial şəbəkələr vasitəsilə rayonda və onun yaşadığı kənddə yayılmışdır. Bu videogörüntülər müxtəlif orqanlara və o, cümlədən Azərbaycan Respublikası Təhsil Nazirliyinə də daxil olmuşdur. Astara rayon Siyaku inzibati ərazi nümayəndəliyindən daxil elan vətəndaş müraciətlərində də qeyd olunmuşdur ki, İddiaçı kimi şəxs məktəbdə işləməməlidir. Çünki onun qeyri-etik hərəkətləri gənc nəslin təlim tərbiyəsinə mənfi təsir göstərəcəkdir. Məsələnin araşdırılması ilə bağlı Təhsil Şöbəsi tərəfindən RTŞ X7 məktubla müraciət olunmuşdur. 27 sentyabr 2021-ci il tarixində keçirilmiş X4 iclasında (bütün məktəb rəhbərləri (kişilər) iştirak edib) İddiaçı yol verdiyi qeyri-etik hərəkətlərinə görə məktəbdə müəllim və direktor kimi işdə qalıb qalmaması məsələsi müzakirə olunmuşdur. Geniş müzakirədən sonra Astara RTŞ X10 rayonun Şağlazüzə kənd tam orta məktəbinin direktoru İddiaçı qeyri-etik hərəkətlərinin sosial şəbəkələrdə yer aldığından, fəaliyyətinin X8 Qaydalarına zidd olduğundan, müəllim adına ləkə gətirdiyindən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin uç” bəndinə əsasən çalışdığı məktəbdə müəllim və direktor kimi vəzifədən azad edilməsi və onun əmək müqavilələrinə xitam verilməsi ilə bağlı qanunamüvafiq tədbir görülməsi üçün qərar vermişdir. Qəbul edilmiş qərar təqdimatla birlikdə Azərbaycan Respublikası Təhsil Nazirliyinə göndərilmişdir. Azərbaycan Respublikası Təhsil Nazirinin 30.09.2021-ci il tarixli K-1234 nömrəli əmri ilə Fətəliyev X1 Etik Davranış Qaydalarını kobud şəkildə pozduğuna gorə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən direktor kimi bağlanmış əmək müqaviləsinə xitam verilməklə işdən azad edilmişdir. İddiaçı dəfələrlə etdiyi müraciətlərində də ona yazılı olaraq izah edilmişdir ki, məktəbdə ixtisası üzrə müəllim işləmək üçün 2022-ci ildə MİQ müsabiqəsinə müraciət etməklə ixtisası üzrə rayonda vakant yerlərdə işləyə bilər. Məhkəmə işdə iştirak edən şəxsin izahatını iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia tələblərinin dəlillərini, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi qismən təmin edilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki: İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə 10.11.2021-ci il tarixli 2021-06619 saylı arayışından görünür ki, tərəflər arasında hazırkı mübahisənin həlli üçün mediatora müraciət edilmişdir. İşdə olan Azərbaycan Respublikası Təhsil Nazirinin 30 sentyabr 2021-ci il tarixli K -1234 saylı əmrindən görünür ki, Astara Rayon Təhsil Şöbəsindən Təhsil Nazirliyinə daxil olmuş məktubda rayonun Şağlazüzə kənd tam orta məktəbinin direktoru İddiaçı sosial şəbəkələrdə qeyri-əxlaqi videogörüntülərinin yayıldığı, bununla əlaqədar Astara Rayon Təhsil Şöbəsinin İlk həmkarlar ittifaqı komitəsi tərəfindən məktəb direktorları ilə bağlanmış əmək müqavilələrinin Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç" bəndinə əsasən ləğvi barədə qərar qəbul edildiyi bildirilmişdir. Göstərilən hərəkətlərə yol verməklə adları qeyd olunan məktəb direktoru "X5 Qaydalarının 2.1.3-cü (Müəllim peşəkar fəaliyyəti və şəxsi nümunəsi ilə təhsilalanların, valideynlərin, cəmiyyətin təhsil sisteminə, təhsil müəssisəsinə və təhsil işçilərinə inamını artırmalı və möhkəmləndirməlidir), 2.1.7-ci (Müəllim peşə nüfuzunu möhkəmləndirməyə, müəllim adını, şərəf və ləyaqətini uca tutmağa borcludur). 3.8-ci (Müəllim pedaqoji etika və əxlaq normalarına riayət edir, müəllim nüfuzunu yüksək tutur, ziyalılıq nümunəsi göstərir) bəndlərinin tələblərini pozmuşdur. Qeyd edilənləri nəzərə alaraq, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-cı maddəsinin "ç" bəndinə əsasən Astara rayonu Şağlazüzə kənd tam orta məktəbinin direktoru İddiaçı ilə bağlanmış əmək müqavilələri “X5 Qaydaları”nın tələblərini pozduğuna görə 30 sentyabr 2021-cı il tarixdən ləğv edilmişdir. İşdə olan təşəkkürnamələrdən görünür ki, İddiaçı işdə nümunəvi fəaliyyətinə görə əşəkkürnamələr verilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 02 fevral 2022-ci il tarixli 4/26 nömrəli ekspert rəyinin məzmunundan görünür ki, Ekspertizaya təqdim olunmuş 2 ədəd “Kodak" markalı DVD diskdə olan və tədqiqatı tələb olunan videoyazılarda tədqiqi hissədə qeyd olunan montaj əlaməti üçün xarakterik olan səhnə keçidləri qeydə alınmışdır. Videoyazəlar görüntülərdə qeydə alınan 1 və 2 saylı görüntülərin mikşerlənməsi yolu ilə əldə olunmuşdur. Videoyazıların qeydə alındığı yazı qurğusu təqdim olunmadıgından digər dəyiışkliklərin olub-olmamasını müəyyən etmək mümkün olmadı. Qeyd olunan rəyin əsaslandırıcı hissəsində göstərilmişdir ki, Əsas fondakı (1 saylı görüntüdəki) səhnə keçidi 3 halda mümkündür: - Yazılışdan sonra videoyazının xüsusi proqram təminatı ilə kəsilməsi yolu ilə; - Bir neçə kameranın eyni anda yazılış apardığı şəraitdə rejissor stolunda yazma qurğusunun əvəzlənməsi yolu ilə; - Yazma qurğusunun kamresanın birinin digəri ilə (ön kamerasnın arxa kamera ilə və ya əvəzinə) əvəzlənməsi yolu ilə. Yazılışdan sonra videoyazının dəyidirİməsi (kəsilməsi) halında həm əsas fonda həm də arxa fonda kəskin kadr keçidi baş verməli idi. Digər 2 halda isə arxa fondakı görüntülərdə səhnə keçidi baş verməli idi. Qeyd olunan əlamətlər göstərir ki, arxa fonda kadr dəyişməsi əvvəlcədən hazırlanmış videoyazıda aparılmış, sonra isə əsas fondakı görüntülərin qeydə alındığı videoyazı ilə mikşerlənməsi yolu ilə yeni videoyazı əldə olunmuşdur. Videoyazılar ilkin olmadığından və videoyazıların qeydə alındığı yazı qurğusu ekspertizaya təqdim olunmadığından digər montaj əlamətlərinin olub-olmamasını müəyyən etmək mümkün olmadı. Məhkəmə ilk növbədə iddia tələbinə mülki və mülki prosessual qanunvericiliyin tələblərinə uyğun hüquqi qiymət verilməsini zəruri hesab edir. “İnsan hüquqlarına dair Ümumi Bəyannamə”nin 23-cü maddəsinin İ, İİ və İİİ hissələrinə əsasən hər bir şəxsin əmək, sərbəst iş yeri seçmək, ədalətli və münasib iş şəraiti və işsizlikdən müdafiə hüququ vardır, heç bir ayrı seçkilik olmadan eyni iş üçün eyni əmək haqqı almaq hüququna malikdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin: 2-ci maddəsinin 2-ci hissəsinə əsasən, Azərbaycan Respublikasının Əmək Məcəlləsi fiziki şəxslərin əmək hüquqlarının və bu hüquqların həyata keçirilməsini təmin edən qaydaların minimum normalarını müəyyən edir; 3-cü maddəsinə əsasən əmək müqaviləsi işəgötürənlə işçi arasında fərdi qaydada bağlanan əmək münasibətlərinin əsas şərtlərini, tərəflərin hüquq və vəzifələrini əks etdirən yazılı müqavilədir; 68-ci maddəsinin 1-ci hissəsinə əsasən əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər; 70-ci maddənin “ç” bəndinə görə işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər; 72-ci maddəsində aşağıdakı hallar işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir: a) özünün xəstəliyi, yaxın qohumunun xəstələnməsi və ya vəfat etməsi istisna olunmaqla heç bir üzürlü səbəb olmadan bütün iş günü işə gəlməməsi; b) alkoqollu içkilər, narkotik vasitələr və psixotrop, toksik və digər zəhərli maddələr qəbul edərək sərxoş vəziyyətdə işə gəlməsi, habelə işə gəldikdən sonra iş yerində həmin içkiləri və ya maddələri qəbul edərək sərxoş vəziyyətdə olması; c) təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində mülkiyyətçiyə maddi ziyan vurması; ç) təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində əməyin mühafizəsi qaydalarını pozaraq iş yoldaşlarının səhhətinə xəsarət yetirməsi və ya onların bu səbəbdən həlak olması; d) qəsdən istehsal, kommersiya və ya dövlət sirrinin yayılması və ya bu sirrin gizli saxlanılması üzrə öhdəliklərini yerinə yetirməməsi; e) əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvləri, hüquq pozuntuları nəticəsində işəgötürənin, müəssisənin və ya mülkiyyətçinin qanuni mənafeyinə ciddi xələl gətirməsi; ə) əmək funksiyasını pozduğuna görə əvvəllər işəgötürən tərəfindən verilmiş intizam tənbehindən nəticə çıxarmayaraq altı ay ərzində təkrarən əmək funksiyasını pozması; f) iş vaxtı ərzində bilavasitə iş yerində inzibati xətalara və ya cinayət tərkibi olan ictimai-təhlükəli əməllərə yol verməsi; 74-cü maddəsinin 2-ci hissəsinə əsasən əgər qanunsuz və ya əsassız işdən çıxarılmış işçi işinə bərpa olunması üçün məhkəməyə iddia ərizəsi ilə müraciət edərsə və məhkəmə tərəfindən iddiası təmin olunaraq işinə (vəzifəsinə) bərpa edilməsi haqqında qətnamə (qərar) qəbul edilərsə, onda işəgötürən tərəfindən məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi (qərarı) dərhal icra edilərək o, əvvəlki vəzifəsinə və ya razılığı ilə başqa vəzifəyə (işə) bərpa olunmalıdır. Bu zaman işə bərpa edilən işçinin yerinə götürülmüş işçi ilə bağlanmış əmək müqaviləsinə bu Məcəllənin 71-ci maddəsinin 1-ci hissəsində nəzərdə tutulmuş müvafiq araşdırmalar aparılmaqla xitam verilə bilər; Məhkəmə yuxarıda sadalananlara əsasən qeyd edir ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, habelə həmin Məcəllənin 72-ci maddəsində sadalanan hallar əsasında əmək müqaviləsinə xitam verilməsinin mümkünlüyü qeyd edilmişdir. Həmin Məcəllənin 72-ci maddəsində isə qeyd olunan hallar sırasında İddiaçı bu qaydaların pozulması ilə bağlı əsaslar aşkar edilməmişdir. Belə ki, sosial şəbəkədə onun barəsində yayılmış videogörüntünün Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 02 fevral 2022-ci il tarixli 4/26 nömrəli ekspert rəyinə əsasən montaj olunduğu müəyyən olunmuşdur. Belə olan halda iddiaçının Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən işdən azad olunması əsassız və qanunsuzdur. Avropa İnsan Hüquqları Konvensiyasının 8-ci maddəsində göstərilir: Hər kəs öz şəxsi və ailə həyatına, mənzilinə və yazışma sirrinə hörmət hüququna malikdir. Milli təhlükəsizlik və ictimai asayiş, ölkənin iqtisadi rifah maraqları naminə, iğtişaşın və ya cinayətin qarşısını almaq üçün sağlamlığı yaxud mənəviyyatı mühafizə etmək üçün və ya digər şəxslərin hüquq və azadlıqlarını müdafiə etmək üçün qanunla nəzərdə tutulmuş və demokratik cəmiyyətdə zəruri olan hallar istisna olmaqla, dövlət hakimiyyəti orqanları tərəfindən bu hüququn həyata keçirilməsinə mane olmağa yol verilmir. Məhkəmə iş üzrə toplanmış sübutlar məcmusuna hüquqi qiymət verərək hesab edir ki, Azərbaycan Respublikası Təhsil Nazirinin 30 sentyabr 2021-ci il tarixli, k -1234 saylı əmri ləğv olunmalı, iddiaçı əvvəlki işinə bərpa edilməli, məcburi iş buraxma günlərinə gorə ona əmək haqqının ödənilməlidir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin: 287-ci maddəsinə əsasən fərdi əmək mübahisələri, işəgötürənlə işçi arasında əmək müqaviləsinin, kollektiv müqavilənin şərtlərinin, habelə əmək qanunvericiliyinin və digər normativ hüquqi aktların tətbiqi zamanı yaranan və bu Məcəllə ilə müəyyən edilmiş qaydada, üsullarla və şərtlərlə tərəflərin hüquq bərabərliyi və qanunun aliliyi prinsipləri əsasında həll edilən fikir ayrılığıdır; 288-ci maddəsinə əsasən fərdi əmək mübahisələrinin predmetinə daxil olan hallardan biri də əmək müqaviləsinin ləğv olunması, habelə işəgötürənin işçiyə vurduğu maddi və ya mənəvi ziyanın məbləğinin müəyyən edilməsi və ödənilməsi ilə bağlı işçi ilə işəgötürən arasında yaranan mübahisələrdir; 292-ci maddəsinə əsasən işçi hüquqlarının və ya qanunla qorunan mənafeyinin pozulduğunu aşkar etdikdə, həmin Məcəllədə nəzərdə tutulmuş qaydada fərdi əmək mübahisələrini həll edən orqanlara və ya məhkəməyə müraciət edərək pozulmuş hüquqlarının bərpa edilməsini tələb edə bilər; 300-cü maddəsinə görə, əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qətnamə çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər. Məhkəmə iddiaçının 1.000 manat maddi zərər tələbi ilə bağlı qeyd edir ki, iddia bu hissədə əsaslı deyildir və təmin edilməməlidir. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Azərbaycan Respublikası Təhsil Nazirinin 30 sentyabr 2021-ci il tarixli, k -1234 saylı əmri ləğv olunmalı, iddiaçı əvvəlki işinə bərpa edilməli, məcburi iş buraxma günlərinə gorə ona əmək haqqı ödənilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220-ci maddələrinin tələblərinə uyğun olaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Azərbaycan Respublikası Təhsil Nazirinin 30 sentyabr 2021-ci il tarixli, k -1234 saylı əmri İddiaçı münasibətdə ləğv edilsin. İddiaçı əvvəlki işinə bərpa olunsun və məcburi işburaxmaya görə əmək haqqı fərqi iddiaçı şəxsə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Gültəkin Əsədova
Məhkəmə qərarları › İş №2(005)-426/2022
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-426/2022
11.03.2022 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver