Məhkəmə qərarları › İş №2(005)-4264/2022

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-4264/2022

22.12.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-4264/2022 22.12.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Tağıyeva Nərgiz Nazim qızının sədrliyi, Əliyeva Nurlana Sahib qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi “atalığın etiraf olunması faktının müəyyən edilməsi” barəsində ərizəsinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi ərizə ilə (Bakı Şəhəri Nərimanov Rayon qeydiyyat şöbəsi maraqlı şəxs qismində cəlb edilməklə) məhkəməyə müraciət edərək, xx.xx.2013-cü il təvəllüdlü X9 atasının X10 olması faktının müəyyən edilməsi və ona X16 barədə doğum haqqında şəhadətnamə verilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, o, xx.xx.2012-ci il tarixdə X10 ilə faktiki nikaha girərək ailə qurmuş, onunla birlikdə Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, 2-ci sahə küçəsi 222/4 saylı evdə birgə yaşayıb, birgə təsərrüfat aparmış, xx.xx.2013-cü ildə birgə faktiki nikahdan X17 adında uşaq doğulmuşdur. X10 ilə rəsmi nikah olmadığına görə uşağa qeydiyyatda olduğu ünvan üzrə Nərimanov rayon Qeydiyyat Şöbəsindən xx.xx.2014-cü ildə doğum haqqında şəhadətnamə almış, uşağa onun soyadı verilmiş və uşağın soyadı Cəfərov qeyd edilmişdir. xx.xx.2014-cü ildə X10 vəfat etmiş, xx.xx.2013-cü il təvəllüdlü X17 onun himayəsində qalmışdır. Hazırda uşaqla birlikdə Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi. 2-ci sahə küçəsi 222/4 saylı evdə qalır. X3 atası Mirzənin Axundov soyadı yazılaraq doğum haqqında şəhadətnamə verilməsi barədə Bakı şəhər Nərimanov rayon Qeydiyyat Şöbəsinə müraciət etmiş, lakin həmin Şöbənin xx.xx.2022-ci tarixli, 142 saylı rəsmi cavabı ilə ərizə təmin edilməmiş, məhkəməyə müraciət etmək tövsiyyə edilmişdir. xx.xx.2013-cü il təvəllüdlü X9 onunla X4 birgə faktiki nikahdan doğulmasını bacısı X6, anası X5, qonşusu X7 və əmisinin həyat yoldaşı X13 təsdiq edə bilərlər. Atalıq faktının müəyyən edilməsi ona oğlu Kamalın atasının müəyyən edilərək soyadını daşıması üçün lazımdır. Ərizəçi ərizənin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək 22 aprel 2014-cü il tarixdə vəfat etmiş X1 xx.xx.2013-cü il təvəllüdlü X9 atası olmasını etiraf etməsi faktının müəyyən edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Ərizəçi bildirmişdir ki, o, əmisigildə yaşayırdı. X10 onu öz razılığı ilə qaçırmışdır. Rəsmi şəkildə nikaha daxil olmasalar da bir ailə kimi yaşamış, müxtəlif qohum məclislərində X10 ilə birlikdə iştirak etmiş, hətta qaçırıldıqdan bir neçə ay sonra əmisigil tərəfindən barışıq məclisi keçirilmiş və bütün ailə üzvləri orada iştirak etmişlər. Bununla bağlı video disk də təqdim edilmişdir. X10 ailə münasibətlərinin başladığı ilk günlərdən xəstə olmuşdur və bu səbəbdən də nikahı rəsmiləşdirə bilməmişlər. Oğulları doğulduğu dövrdə də X4 xəstəliyi ağırlaşdığından onunla bağlı rəsmi sənədlərin alınması mümkün olmamışdır. Hazırda qaynanası ilə bir evdə yaşayır, qaynanasının pensiyası hesabına dolanırlar. Həm həyat yoldaşı, həm də onun onlarla birlikdə yaşayan qardaşı bir birinin ardınca vəfat etdiyindən qayınanasının vəziyyəti yaxşı deyildir. Uşağının indiyədək sənədlərdə atası müəyyən edilmədiyindən ərizənin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olunmuş maraqlı şəxsin səlahiyyətli nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını, şahid ifadələrini dinləyib, iş materiallarını araşdıraraq və toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, ərizə əsaslıdır və aşağıda qeyd edilənlərə əsasən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: Doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X17 xx.xx.2013-cü il tarixdə Bakı şəhərində anadan olmuş, atası kimi X11, anası kimi Ərizəçi göstərilmişdir; Ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X10 xx.xx.2014-cü il tarixində Bakı şəhərində vəfat etmişdir; Bakı şəhəri Nərimanov rayon Qeydiyyat şöbəsi tərəfindən Ərizəçi ünvanlanmış 142 saylı, xx.xx.2022-ci il tarixli məktubdan görünür ki, ona atalığın tanınması faktının müəyyən olunması üçün məhkəməyə müraciət etməsi tövsiyə olunmuşdur; İş üzrə şahid qismində dindirilmiş X7 ifadəsində göstərmişdir ki, o, ərizəçinin qonşusudur. 2014-cü ildən qonşudurlar. X2 ilə onların evində birlikdə yaşayırdı. X26 atası kimi tanıyırdı. Mirzə Kamalı özü ilə birlikdə həyətdə gəzdirirdi, ona xoş münasibət göstərirdi. Mirzənin yaşlı anası vardı və onlar birlikdə yaşayırdılar. Sadəcə olaraq qadın 4 övladını itirmişdir və sonuncu övladını da itirdikdən sonra xəstələndi. Biz Kamalı hər zaman Mirzənin oğlu kimi tanımışıq; İş üzrə şahid qismində dindirilmiş X14 ifadəsində göstərmişdir ki, o, ərizəçinin qonşusudur. Belə ki, ilk öncə Pərvanənin qayınanası ilə qonşu olmuş, daha sonra isə oğlu Mirzə Pərvanəni qaçırmış və ailəsi ilə birlikdə yaşadığı evə gətirmişdir. O vaxtdan Pərvanə həmin evdə yaşayır. 2013-cü ildə isə oğulları Kamal dünyaya gəlmişdir. Pərvanənin qayınanası 4 övladını itirdiyi üçün xəstələnmişdir. Hazırda qayınanası ilə həmin evdə yaşayır, sadəcə olaraq Pərvanəyə ayrıca otaq vermişlər və o orada yaşayır. Mirzə xəstə olduğu üçün uşağın sənədlərini almaq mümkün olmamışdır; İş üzrə şahid qismində dindirilmiş X8 ifadəsində göstərmişdir ki, o, ərizəçinin əmisi arvadıdır. Pərvanə onların evində qalırdı və onların evindən Mirzəyə qoşulub qaçmışdı. Daha sonra isə barışıq məclisi də onların evində olmuşdur. Pərvanə Ramana qəsəbəsində qayınanası və qayını ilə birlikdə yaşayırdı. Pərvanə ilə Mirzə arasındakı ailə münasibətləri yaxşı idi. Mirzə oğlunu çox istəyirdi. Kamal doğulduğu zaman xəstəxanaya biz də getmişdik. Mirzə, onun anası və qardaşı da xəstəxanaya gəlmişdilər; İş üzrə şahid qismində dindirilmiş X6 ifadəsində göstərmişdir ki, o, ərizəçinin bacısıdır. Mirzə Pərvanəni qaçırmış və yaşadıqları evə aparmışdır. Kamal isə 2013-cü il 2 yanvar tarixində dünyaya gəlmişdir. Mirzə isə 2014-cü il tarixində vəfat etmişdir. Kamal doğulduğu zaman xəstəxanaya biz də getmişdik. Kamal 2 nömrəli xəstəxanada dünyaya gəlmişdir. Xəstəxanaya Pərvanənin qayınanası və qayını da gəlmişdi. Mirzə özü də orada idi. Kamalı xəstəxanadan çıxarıb Pərvanə ilə Mirzənin birlikdə yaşadığı evə aparmışıq. İşin məhkəmə tərəfindən müəyyən edilmiş faktiki hallarından görünür ki, ərizəçinin oğlu xx.xx.2013-cü il tarixdə Bakı şəhərində anadan olmuşdur. Uşağın doğum haqqında akt qeydində ata qrafasında ananın ərizəsinə əsasən X11 göstərilmişdir. Ərizəçinin uşağın atası kimi tanınmasını xahiş etdiyi mərhum X10 xx.xx.2014-cü il tarixində Bakı şəhərində vəfat etmişdir. Hazırda ərizəçi uşağının atası vəfat etdiyindən sənədlərin rəsmiləşdirilməsinin mümkün olmadığını əsas gətirərək X4 xx.xx.2013-cü il təvəllüdlü X9 atası olmasını etiraf etməsi faktının müəyyən edilməsini məhkəmədən xahiş edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 305.1 və 305.1.1-ci maddələrinə əsasən məhkəmə xüsusi icraat qaydasında hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə baxır. Mülki Prosessual Məcəllənin 307.1-ci maddəsinə görə məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı oduğu faktları müəyyən edir. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Eyni Məcəllənin 307.2.10-cu maddəsinə uyğun olaraq məhkəmə atalığın etiraf olunması faktının müəyyən edilməsi barədə işlərə baxır. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı Qərarındakı mövqeyinə görə, Azərbaycan Respublikası MPM-nin 307.2.10-cu maddəsində nəzərdə tutulan faktın - yəni atalığın etiraf olunması faktının xüsusi icraat qaydasında məhkəmə tərəfindən müəyyən edilməsi zamanı Azərbaycan Respublikası Ailə Məcəlləsinin 45.2-ci maddəsinin tələbləri nəzərə alınmalıdır. Bu normaya əsasən uşağın anası ilə nikaha daxil olmayan, lakin özünü uşağın atası hesab edən şəxs öldükdə, atalığın tanınması faktı Azərbaycan Respublikasının mülki-prosessual qanunvericiliyinə uyğun olaraq məhkəmə qaydasında müəyyən oluna bilər. Yəni atalığı etiraf etmə (atalığın tanınması) faktının müəyyən olunması üçün 3 şərt mövcud olmalıdır: 1. Özünü uşağın atası hesab edən şəxs uşağın anası ilə nikahda olmamalıdır; 2. Həmin şəxs özünü uşağın atası hesab etməlidir; 3. Özünü uşağın atası hesab edən şəxs ölmüş olmalıdır. Həmin Qərarın 11.3-cü bəndinə əsasən ölən şəxsin özünü uşağın atası hesab etməsini təsdiq edən sübutlara şahid ifadələri, yazılı və maddi sübutlar, həmin şəxsin uşağın anası ilə bir evdə yaşaması, uşağın tərbiyəsində iştirak etməsi, yazılı məktubları, həmçinin uşağın bağçaya, məktəbə qəbul edilməsinə dair məktəb rəhbərliyinin adına yazdığı ərizələr və sair ola bilər. Ailə Məcəlləsinin 45.2-ci maddəsinə görə uşağın anası ilə nikaha daxil olmayan, lakin özünü uşağın atası hesab edən şəxs öldükdə, atalığın tanınması faktı Azərbaycan Respublikasının mülki-prosessual qanunvericiliyinə uyğun olaraq məhkəmə qaydasında müəyyən oluna bilər. Ailə Məcəlləsinin 46.3-cü maddəsinə əsasən uşaq nikahı olmayan anadan olduqda və atalığın müəyyən olunması barədə valideynlərin birgə ərizəsi və ya məhkəmənin qətnaməsi olmadıqda, doğum haqqında şəhadətnamədə uşağın atasının soyadının əvəzinə ananın soyadı yazılır. Uşağın atasının və babasının adı uşağın anasının göstərişi üzrə yazılır. Məhkəmə şahid ifadələrinə və işdə olan sübutlara məcmu halda qiymət verərək hesab edir ki, hazırkı işdə atalığı etiraf etmə faktının müəyyən olunması üçün Plenum Qərarında göstərilmiş 3 şərt mövcuddur. X10 özünün sağlığında xx.xx.2013-cü il təvəllüdlü X9 onun övladı olmasını etiraf etmişdir. Belə ki, iş materialları və şahid ifadələri ilə təsdiq olunmuşdur ki, uşaq doğulan zaman onun atası ilə anası faktiki nikah münasibətlərində olmuş və bir neçə il bir ailə kimi bir yerdə yaşamış, X10 uşaq doğulduqdan sonra ona qulluq etmiş, təxminən 1 il sonra, xx.xx.2014-cü il tarixində ölmüşdür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1 və 217.4-cü maddələrinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara məcmu şəkildə qiymət verərək hesab edir ki, xx.xx.2014-cü il tarixdə vəfat etmiş X4 özünün sağlığında xx.xx.2013-cü il təvəllüdlü X9 atası olmasını etiraf etməsi faktı müəyyən edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə, QƏT ETDİ: Ərizə təmin edilsin. 22 aprel 2014-cü il tarixdə vəfat etmiş X1 xx.xx.2013-cü il təvəllüdlü X9 atası olmasını etiraf etməsi faktı müəyyən edilsin. İş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nərgiz Tağıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar