Məhkəmə qərarları › İş №2(005)-4299/2020

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-4299/2020

10.12.2020 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-4299/2020 10.12.2020 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Novruzova Aytən Nazim qızının sədrliyi Məhkəmə iclasının katibi X3, Cavabdeh MMC-nin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı Cavabdeh MMC-yə qarşı “işə bərpa, əmrin ləğv edilməsi və məcburi işburaxma üçün əmək haqqının ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə Ağstafa rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh MMC-nin verdiyi xx xxxx 2020-ci il tarixli, 014 nömrəli əmrinin verildiyi andan etibarsız hesab edilərək ləğv olunması, işə bərpa olunması, məcburi iş buraxma dövrü üçün əmək haqqının ödənilməsi, mənimsənilmiş əmək haqqının verilməsi və onun əvvəlki vəzifəsinə bərpa olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, xx.xx.2019-cu il tarixdə Cavabdeh MMC-nə sürücü vəzifəsinə təyin edilmişdir. Fəaliyyəti dövründə hər bir rəhbər şəxslərin qanuni tapşırıq və sifarişlərini vaxtında icra etmişdir. İşlədiyi müddətdə heç vaxt bir dəfə də olsun qanun pozuntularına yol verməmişdir. İşindən azad olunanadək Cavabdeh MMC-də çalışan bütün rəhbər şəxslərlə yanında işi və etik davranışı ilə hörmət qazanmışdır. İşdən azad edilənədək işlədiyi müddətin fevral-mart ayı üçün aylıq əmək haqlarını almamışdır. Bundan başqa işdən çıxma müavinəti (son haqq-hesab) təşkilatın rəhbərliyi tərəfindən ödənilməmişdir. Əlavə olaraq qeyd etmişdir ki, işlədiyi vaxt ərzində məzuniyyətə buraxılmamış, məzuniyyət haqqları ödənilməmişdir. Hazırda qeyd etdiyi kimi işdən azad edilmiş və qeyd edilən tələblərin bu günədək ödənilməmişdir. 10 gün olar ki, əmək kitabçası başqa bir vətəndaş tərəfindən onun ünvanına göndərilmişdir. Halbuki, ona bu günə kimi işdən azad olunması barədə əmrin surəti, nə də əmək kitabçası verilməmişdir. Bundan başqa əmək kitabçasında qeyd edilmişdir ki, guya o öz xahişi ilə işdən azad edilmişdir. Onun işdən azad olunmağı üçün bir dəfə də olsun xahişi olmamışdır. Göstərilənlərin nəzərə alınmasını və iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh MMC-nin nümayəndəsi vəsatətlə Ağstafa rayon məhkəməsinə müraciət edərək, mülki işin aidiyyəti üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə göndərilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Ağstafa Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(015)-572/2020 saylı qərardadı ilə məhkəmə aidiyyəti ilə bağlı vəsatət təmin edilməmişdir. Cavabdeh “Cavabdeh“ MMC-nin nümayəndəsi həmin qərardaddan Ağstafa rayon Məhkəməsinə şikayət vermiş, şikayət baxılması üçün Gəncə Apellyasiya Məhkəməsinə göndərilmişdir. Gəncə Apelyasiya Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli Qərardadı ilə şikayət qismən təmin edilərək, Ağstafa Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(015)-571/2020 saylı qərardadı ləğv edilmiş, iş baxılması üçün aidiyyatı üzrə Ağstafa Rayon Məhkəməsinə göndərilmişdir. Ağstafa Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli, 2(015)-572/2020 saylı qərardadı ilə iş baxılması üçün aidiyyatı üzrə Nərimanov Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında iddiaçı teleqramla müraciət edərək, iddia tələbini müdafiə etdiyini, işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh MMC-nin nümayəndəsi X4 iddia ərizəsini qəbul etməyərək bildirmişdir ki, İddiaçı xx.xx.2019-cu il tarixdə Cavabdeh MMC-nin əmri ilə avtobus sürücüsü kimi işə qəbul edilmişdir. İddiaçı işdən öz xahişi ilə deyil, Əmək Məcəlləsinin 75-ci maddəsinin ikinci hissəsinin “d” bəndi ilə əmək müqaviləsi ləğv edilmişdir. Həmçinin nəzərə alınmalıdır ki, məhkəmə əmək müqaviləsinə xitam verilməsi barədə əmri yalnız həmin əmrin məzmunu Əmək Məcəlləsinin 84.1-ci maddəsinə uygun tərtib edilmədiyi hallarda etibarsız hesab edə bilər. İddiaçının əmək kitabçasında onun öz xahişi ilə işdən azad olunmasının qeyd olunması texniki səhvə yol verərək, əmrdə AR ƏM-nin normasına düzgün olmayan formada istinad edilmişdir. İddiaçının mübahisələndirdiyi əmrdə AR ƏM-nin norması pozulmamışdır. Eyni zamanda, iddiaçı məhkəməyə müraciət edərək idida müddətini də ötürmüşdür. Buna görə də, iddia tələbinin rədd olunmasını xahiş etmişdir. Məhkəmə tərəflərin izahatını, iş materiallarını araşdırıb, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, mülki işin materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş: İddiaçı əmək kitabçasının surətinə əsasən İddiaçı xx.xx.2019-cu il tarixdə əmr ilə Cavabdeh MMC-yə sürücü vəzifəsinə təyin edilmiş, xx.xx.2020-ci il tarixdə 016/20 nömrəli əmr ilə bağlanmış əmək müqaviləsi Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68.2-ci maddəsininin «a» bəndinə (öz xahişi ilə) əsasən xitam verilmişdir; Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin X1 Sisteminin xx.xx.2019-cu il tarixli, 4T2TY2000300 əmək müqaviləsi bildirişindən görünür ki, İddiaçı xx.xx.2019cu il tarixdə bağlanmış əmək müqaviləsinə əsasən müddətli olaraq, hər ay 143 manat əmək haqqı ödənilməklə avtobus sürücü vəzifəsində çalışır; Cavabdeh MMC-nin xx.xx.2020-ci il tarixli 016/20 saylı əmək müqaviləsinə xitam verilmə barədə əmri ilə İddiaçı ilə bağlanmış əmək müqaviləsinə xx.xx.2020-ci il tarixdən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68.2-ci maddəsinin d) bəndinə əsasən xitam verilməklə tutduğu vəzifədən azad edilmişdir; Əmək müqaviləsinə xitam verilməsi ilə bağlı xx.xx.2020-ci il tarixli əmək müqaviləsi bildirişinə əsasən İddiaçı ilə bağlanmış əmək müqaviləsinə xx.xx.2020-ci il tarixdə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68.2-ci maddəsinin d) bəndinə əsasən (tərəflərin iradəsindən asılı olmayan hallar) xitam verilmişdir; Cavabdeh MMC tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli 121 saylı arayışından görünür ki, İddiaçı xx.xx.2019-cu ildə Cavabdeh MMC-yə sürücü vəzifəsinə qəbul edilmiş, xx.xx.2020-ci il tarixdə AR Əmək Məcəlləsinin 68.2-ci maddəsininin «d» bəndi ilə işdən azad edilmiş, onun qalıq əmək haqqısı (fevral 2020 üçün 344,63 manat; mart 2020 üçün 13,27 manat) cəmi 357,9 AZN təşkil edir; Məhkəmə hesab edir ki, iddiaçının əmək müqaviləsinə xitam verilməsində əmək qanunvericiliyinin əmək müqaviləsinə xitam verilməsinin rəsmiləşdirilməsi ilə əlaqədar tələblərinə əməl olunub-olunmadığı müəyyən edilməlidir. Belə ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 83-cü maddəsinin 1-ci hissəsinə görə, əgər işçi ilə bağlanmış əmək müqaviləsində onun ləğv edilməsinin sənədləşdirilməsi barədə bu fəsildə müəyyən edilmiş qaydalardan fərqli olan başqa qaydalar nəzərdə tutulmayıbsa, onda istər işçi, istərsə işəgötürən tərəfindən və istərsə də tərəflərin iradəsindən asılı olmayan hallarda bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslara və qaydalara müvafiq olaraq əmək müqaviləsinin ləğv edilməsi işəgötürənin əsaslandırılmış əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilməlidir. Həmin maddənin 2-ci hissəsinə görə isə, əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) onun tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Bu əmrin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqq-hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir. Göründüyü kimi, əmək qanunvericiliyinin tələbinə görə əmək müqaviləsinə xitam verilməsi işəgötürənin əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilməli, eyni zamanda bu əmrin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqq-hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir. Lakin işin həqiqi halları və işdə iştirak edən şəxslərin izahatları ilə məhkəmə iclasında müəyyən edilmişdir ki, X1 Sisteminin iddiaçının əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəninin “d” bəndinə (tərəflərin iradəsindən asılı olmayan hallar) istinad olunmaqla xitam verlimişdir. Lakin iddiaçının əmək kitabçasında əmək müqaviləsi Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68.2-ci maddəsininin «a» bəndinə əsasən xitam verilməsi göstərilmişdir. İşdən çıxarılma barədə əmrin surəti iddiaçıya verilmədiyindən, qanunvericiliyin tələbləri cavabdeh təşkilat tərəfindən kobud surətdə pozulmuşdur. Bundan başqa, məhkəmə onu qeyd etməyi zəruri hesab edir ki, əmrin tərtibi zamanı Azərbaycan Respublikası Əmək Məcəlləsinin 84-cü maddəsinin 1-ci hissəsinin tələbi pozulmuşdur. Belə ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 84-cü maddəsinin 1-ci hissəsinə əsasən, əmək müqaviləsinin ləğv edilməsi haqqında işəgötürənin əmrinin (sərəncamının, qərarının) məzmununda aşağıdakı məlumatlar göstərilir: müəssisənin adı, hüquqi ünvanı, əmrin (sərəncamın, qərarın) sıra nömrəsi, tarixi və onu imzalayan işəgötürənin vəzifəsi, adı, atasının adı və soyadı; işçinin adı, atasının adı və soyadı; əmək müqaviləsi üzrə işçinin vəzifəsinin (peşəsinin) adı; əmək müqaviləsinin ləğv edilməsinin əsası; həmin əsasla əmək müqaviləsinin ləğv edilməsi qaydası nəzərdə tutulmuş bu Məcəllənin müvafiq maddəsi, hissəsi və bəndi; əmək müqaviləsinin ləğv edildiyi gün, ay və il; əmək müqaviləsinin ləğv edilməsi barədə əmrin (sərəncamın, qərarın) verilməsi üçün əsas hesab olunan rəsmi sənədlər. Həmin Məcəllənin 84-cü maddəsinin 2-ci hissəsinə görə isə, bu maddənin birinci hissəsində nəzərdə tutulmuş məlumatlardan hər hansı biri və ya bir neçəsi göstərilməyən əmr (sərəncam, qərar) əmək mübahisəsini həll edən məhkəmə tərəfindən etibarsız hesab edilə bilər. Göründüyü kimi, əmək müqaviləsinin ləğv edilməsi haqqında işəgötürənin əmrinin (sərəncamının, qərarının) məzmununda əmək müqaviləsinin ləğv edilməsinin əsası və həmin əsasla əmək müqaviləsinin ləğv edilməsi qaydası nəzərdə tutulmuş ƏM-nin müvafiq maddəsi göstərilməlidir. Bundan başqa, əmək müqaviləsinə xitam verilməsinə dair əmrdə tərəflər arasında bağlanmış hansı tarixli əmək müqaviləsinə xitam verilməsi göstərilməmişdir. Lakin cavabdehin nümayəndəsinin məhkəmə iclasında verdiyi izahatından aydın oldu ki, tərəflər arasında münasibətlər müddətli əmək müqaviləsi olmuş, iddiaçı ilə əmək münasibətinə işəgötürən Cavabdeh MMC-nin xx.xx.2019-cu il tarixli subpodrat müqaviləsi müqaviləsi üzrə işlər bitdiyi üçün işçinin əmək müqaviləsinə xitam verilmişdir. Beləliklə, məhkəmə hesab edir ki, iddiaçı ilə bağlanmış əmək müqaviləsinin ləğv edilməsi barədə əmr verilərkən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin tələbləri pozulmuş, əmək müqaviləsi həmin Məcəllə ilə müəyyən edilmiş qaydalara əməl olunmadan ləğv olunmuş, müqaviləyə Əmək Məcəlləsinin 68.2-ci maddəsinin d) bəndinə əsasən xitam verilməsinə baxmayaraq bunun zəruriliyi əsaslandırılmamış, işçi tərəfindən hansı qaydaların pozulması əmrdə göstərilməmişdir. Belə ki, Əmək Məcəlləsinin 68-ci maddəsinin 1-ci hissəsinə əsasən, əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər; 68-ci maddəsinin 2ci hissəninin “d“ bəndinə görə isə, tərəflərin iradəsindən asılı olmayan hallar əmək müqaviləsinə xitam verilməsinin əsaslarından biridir. Həmin Məcəllənin 74-cü maddəsinə tərəflərin iradəsindən və ya istəyindən asılı olmayaraq əmək müqaviləsinə aşağıdakı hallarda xitam verilir: a) işçi hərbi və ya alternativ xidmətə çağırıldıqda; b) əvvəllər müvafiq işdə (vəzifədə) çalışan işçinin işinə (vəzifəsinə) bərpa edilməsi barədə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi (qərarı) olduqda. c) qanunvericiliklə daha uzun müddət müəyyən edilməyibsə, əmək qabiliyyətinin fasiləsiz olaraq altı aydan çox müddətə tam itirilməsi ilə əlaqədar işçi əmək funksiyasını yerinə yetirə bilmədikdə; ç)“İşçinin nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə, müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə, müəyyən müddətə azadlıqdan məhrum etmə və ya ömürlük azadlıqdan məhrum etmə cəzasına məhkum edildiyi barədə məhkəmənin hökmü qanuni qüvvəyə mindikdə; d) məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə işçinin fəaliyyət qabiliyyətsizliyi təsdiq edildikdə; işçi vəfat etdikdə ə) əvvəllər həmin müəssisədə çalışan işçi müddətli həqiqi hərbi xidmətdən ehtiyata buraxıldıqdan sonra öz iş yerinə (vəzifəsinə) qayıtmaq hüququndan istifadə etdikdə; f) qanunla pedaqoji fəaliyyətlə məşğul olması qadağan edilmiş şəxslə pedaqoji fəaliyyətlə məşğul olmaq üçün əmək müqaviləsinin bağlandığı aşkar edildikdə Əgər qanunsuz və ya əsassız işdən çıxarılmış işçi işinə bərpa olunması üçün məhkəməyə iddia ərizəsi ilə müraciət edərsə və məhkəmə tərəfindən iddiası təmin olunaraq işinə (vəzifəsinə) bərpa edilməsi haqqında qətnamə (qərar) qəbul edilərsə, onda işəgötürən tərəfindən məhkəmənin“qanuni qüvvəyə minmiş“qətnaməsi (qərarı) dərhal icra edilərək o, əvvəlki vəzifəsinə və ya razılığı ilə başqa vəzifəyə (işə) bərpa olunmalıdır. Bu zaman işə bərpa edilən işçinin yerinə götürülmüş işçi ilə bağlanmış əmək müqaviləsinə bu Məcəllənin 71-ci maddəsinin 1-ci hissəsində nəzərdə tutulmuş müvafiq araşdırmalar aparılmaqla xitam verilə bilər. Adı çəkilən Məcəllənin 83-cü maddəsinə əsasən, əgər işçi ilə bağlanmış əmək müqaviləsində onun ləğv edilməsinin sənədləşdirilməsi barədə bu fəsildə müəyyən edilmiş qaydalardan fərqli olan başqa qaydalar nəzərdə tutulmayıbsa, onda istər işçi, istərsə işəgötürən tərəfindən və istərsə də tərəflərin iradəsindən asılı olmayan hallarda bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslara və qaydalara müvafiq olaraq əmək müqaviləsinin ləğv edilməsi işəgötürənin əsaslandırılmış əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilməlidir. Əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) onun tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Bu əmrin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqq-hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir. Məhkəmə göstərilən maddi hüquq normalarını müqayisəli təhlil edərək qeyd edir ki, əmək müqaviləsinin şərtləri tərəflərin iradə ifadəsi ilə bağlansa da, əmək münasibətlərinin ləğv edilməsi üçün əmək qanunvericiliyində konkret əsaslar göstərilmişdir və yalnız həmin hallardan biri olduğu təqdirdə əmək münasibətlərinə xitam verilə bilər. Məhkəmənin qənaətinə görə, iddiaçı ilə əmək müqaviləsinə Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəninin “d” bəndinə əsasən xitam verilməsinə baxmayaraq, həmin əmr verilərkən əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyi əsaslandırılmamış, əmrdə yalnız ümumi şəkildə əmək qanunvericiliyinin normasını yazılmaqla kifayətləndirilərək əmək münasibətinə xitam verilmişdir. Eyni zamanda məhkəmə iş materiallarından müəyyən etmişdir ki, cavabdeh tərəfindən iddiaçıya sonuncu iş günü əmrin surəti, əmək kitabçası rəsmi qaydada verilməmiş, son haqqhesabı tam həyata keçirilməmişdir. Əmək Məcəlləsinin 296.3-cü maddəsində nəzərdə tutulmuşdur ki, hüququnun pozulmasının aşkar edildiyi gün, işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi, həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür. Bu səbəblə məhkəmənin qənaətinə görə, iddiaçı tərəfindən iddia müddətinin ötürülmüş olması ümumiyyətlə müzakirə oluna bilməz və cavabdehin bununla bağlı irəli sürdüyu arqument tamamilə əsassızdır. Azərbaycan Respublikası ƏM-nin 300-cü maddəsinin 1-ci bəndinə əsasən, əgər işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia əsaslıdır. Buna görə də iddia təmin edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh MMC-nin xx.xx.2020-ci il tarixli 016/20 saylı əmək müqaviləsinə xitam verilmə barədə əmri İddiaçı münasibətdə ləğv edilsin. İddiaçı Cavabdeh MMC sürücü vəzifəsinə bərpa edilsin. xx.xx.2020-ci il tarixindən işə bərpa olunduğu günə qədər məcburi iş buraxma müddəti üçün hesablanmış əmək haqqı, ödənilməmiş əmək haqqı İddiaçı ödənilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Aytən Novruzova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar