Məhkəmə qərarları › İş №2(005)-432/2024

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-432/2024

25.01.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-432/2024 25.01.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əfəndizadə Mehriban Xalid qızının sədrliyi, Mayılzadə Gülzadə Çingiz qızının katibliyi, Tərəflərin iştirakı olmadan, İddiaçı Cavabdeh MMC-yə qarşı qarajın təhvil verilməsi tələbinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında qiyabi icraat qaydasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh MMC-yə qarşı qarajın təhvil verilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC ilə xx.xx.2017-ci il tarixdə İddiaçı arasında bağlanmış müqaviləyə əsasən ünvan 1 ünvanında inşa edilmiş çoxmərtəbəli binada mənfi birinci mərtəbədə yerləşən soldan üçüncü qarajın İddiaçı təhvil verilməsi, habelə ödənilmiş 100 manat məbləğində dövlət rüsumunun əvəzinin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. (İddia tələbi dəqiqləşdirilmişdir) İddia onunla əsaslandırılmışdır ki, Cavabdeh MMC ilə xx.xx.2017-ci il tarixdə İddiaçı arasında bağlanmış müqavilə əsasında İddiaçı mülkiyyətində olan ünvan 1 ünvanında ikimərtəbəli binanın 21 saylı mənzilin altında yerləşən zirzəminin sökülmək üçün Cavabdeh MMC-yə təhvil verməyi, Cavabdeh MMC isə “əmlak mülkiyyətçisinin” mülkiyyətində olan qeyri-yaşayış sahəsinin sökülməsini və həmin ərazidə inşa etdiyi çoxmərtəbəli yaşayış yaşayış binasında iddiaçının istəyinə görə istənilən qarajı qarajlar hazır olduqda “əmlak mülkiyyətçisinin” mülkiyyətinə verməyi öhdəsinə götürmüşlər. Bunun üçün İddiaçı eyni ünvanda ikimərtəbəli evin zirzəmisində yerləşən qeyri-yaşayış sahəsinin sökülməsinə razılıq vermişdir. Çoxmənzilli hündürmərtəbəli bina inşa edilərək hazır edilmişdir. Lakin buna baxmayaraq cavabdeh tərəfindən qeyri-yaşayış sahəsinin ona verilməsi gecikdirilmişdir. Onun dəfələrlə müraciət etməsinə baxmayaraq, buna məhəl qoyulmamış və qeyri-yaşayış sahəsi ona təhvil verilməmişdir. Cavabdeh MMC qarajların hələ hazır olmamasını səbəb gətirərək, verə bilmədiyini bildirmişdir. Lakin maraqlananda Cavabdeh MMC-nin inşa etdiyi binanın -1-ci mərtəbəsində bütün qarajların hazır olduğu bəlli olub. Cavabdeh MMC-nin bu cür hərəkəti hazırda öhdəliyi yerinə yetirilməməsini və gələcəkdə də yetirmək istəmədiyinə əyani sübutdur. Cavabdhein qeyd edilən hərəkətləri, müqavilə şərtlərini pozması onun maraqlarına toxunur, buna görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Əvvəlki məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinə uyğun izahat verərək, iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasında səlahiyyətli nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə mülki işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyərək və iş materiallarını tədqiq edərək hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: -Nərimanov Rayon İcra Hakimiyyətinin Başçısının xx.xx.1994-cü il tarixli Sərəncamından görünür ki, Qarabağ küçəsi, 34 nömrəli evin altında yerləşən zirzəmi təsərrüfat xidmətlərində istifadə etmək üçün N.B.Oruczadənin ailəsinə verilmişdir. Vətəndaş N.B.Oruczadə ilə müqavilə bağlanması 36 nömrəli MİK-na tapşırılmışdır. -Cavabdeh MMC ilə X1 arasında bağlanmış xx.xx.2017-ci il tarixli, 167 nömrəli müqavilədən görünür ki, “Əmlak mülkiyyətçisi” (İddiaçı) müqaviləyə əsasən öz mülkiyyətində olan ünvan 1 ünvanında 2 mərtəbəli binanın 21 saylı mənzilinin altında yerləşən qeyri-yaşayış sahəsini sökülmək üçün Cavabdeh MMC-yə təhvil verməyi, müqavilə ilə şərtləndirilmiş müddətdə və qaydada “Tikinti şirkəti” tərəfindən həmin ərazidə yeni inşa ediləcək çoxmənzilli hündürmərtəbəli yaşayış evində onun üçün nəzərdə tutulmuş qarajı (vətəndaşın öz istəyi ilə) qəbul etməyi öhdəsinə götürür. Həmin müqavilənin 1.2-ci maddəsinə əsasən “Əmlak mülkiyyətçisi” müqavilədə göstərilən müddət bitdikdən sonra “Tikinti şirkətin”dən razılaşdırılmış şərtlərə uyğun şəkildə qaraj tələb etmək hüququna malikdir. Müqavilənin 2.2.2-ci maddəsinə əsasən “Tikinti şirkəti” yeni tikiləcək çoxmənzilli, hündürmərtəbəli yaşayış binasının nünövrəsi qoyulduqdan sonra tikinti işlərini 24 ay müddətinə qədər başa çatdıraraq müqavilə şərtlərinə uyğun olaraqnəzərdə tutulmuş qarajı “Əmlak mülkiyyətçisinə” təhvil verməyi öhdəsinə götürür. - Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 16(005)-370/2023 saylı, xx.xx.2023cü il tarixli qərardadından görünür ki, ünvan 2 ünvanında inşa edilmiş çoxmərtəbəli binanın 1-ci (mənfi bir) mərtəbəsində girişdən sol tərəfdə yerləşən 3 saylı qarajın özgəninkiləşdirilməsi maraqlı şəxs Cavabdeh MMC-yə və digər şəxslərə qadağan edilmişdir. - Bakı Apellyasiya Məhkəməsinin 16(103)-50/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadı ilə maraqlı şəxs Cavabdeh MMC-nin şikayəti təmin edilməmiş, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 16(005)-370/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılmışdır. -Ödəniş qəbzindən görünür ki, iddiaçı tərəfindən 100 manat məbləğində dövlət rüsumu ödənilmişdir; İşin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından görünür ki, iddiaçı ilə Cavabdeh MMC arasında bağlanmış xx.xx.2017-ci il tarixli müqaviləyə əsasən “Əmlak mülkiyyətçisi” (İddiaçı) müqaviləyə əsasən öz mülkiyyətində olan ünvan 1 ünvanında 2 mərtəbəli binanın 21 saylı mənzilinin altında yerləşən qeyri-yaşayış sahəsini sökülmək üçün Cavabdeh MMC-yə təhvil verməyi, müqavilə ilə şərtləndirilmiş müddətdə və qaydada “Tikinti şirkəti” tərəfindən həmin ərazidə yeni inşa ediləcək çoxmənzilli hündürmərtəbəli yaşayış evində onun üçün nəzərdə tutulmuş qarajı (vətəndaşın öz istəyi ilə) qəbul etməyi öhdəsinə götürmüşdür. İddiaçı tərəfindən qeyri-yaşayış sahəsi təhvil verilmiş və müqavilə üzrə öhdəlikləri icra edilmiş, lakin qaraj iddiaçıya təhvil verilməmişdir. Hazırda iddiaçı qarajın təhvil verilməsi öhdəliyinin icrasının cavabdehin üzərinə qoyulmasını xahiş edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 405.1-ci maddəsinə əsasən tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır; 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur; 423.2-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbini tərəf məhkəməyə yalnız müqaviləni dəyişdirmək və ya ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə otuz gün müddətində ondan cavab almadıqda irəli sürülə bilər; 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir; 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir; 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 448.1-ci maddəsinə əsasən əgər Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır; 752.1-ci maddəsinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. 759.1-ci maddəsinə əsasən Sifarişçi işlər qurtaranadək istənilən vaxt müqavilədən imtina edə bilər, lakin podratçıya yerinə yetirilmiş işin haqqını verməli və müqavilənin ləğvi ilə vurulan zərərin əvəzini ödəməlidir. 759.2-ci maddəsinə əsasən, Əgər sifarişçi tərəfindən müqaviləyə bilavasitə podratçının hərəkətləri (hərəkətsizliyi) nəticəsində baş verən və ya həmin hərəkətlərlə bağlı olan səbəbə görə xitam verilərsə, podratçı yalnız yerinə yetirilmiş işin haqqını tələb edə bilər, bu şərtlə ki, sifarişçinin həmin işlərə hansısa marağı olsun. Göründüyü kimi, cavabdeh müqavilə üzrə üzərinə götürdüyü öhdəliyi ağlabatan müddətdə və vaxtında icra etməmiş, bununla da müqavilənin şərtlərini pozmuşdur. Buna görə də cavabdehin hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməli, onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq, qeyri yaşayış sahəsinə iddiaçıya təhvil verməlidir. Belə ki, Azərbaycan Respublikası MM-nin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. İddia tələbinin qanuni əsasını təşkil edən Mülki Məcəllənin 452.1-ci maddəsinə əsasən, fərdi-müəyyən əşyanı kreditorun mülkiyyətinə və ya əvəzli istifadəsinə vermək öhdəliyi icra edilmədikdə kreditor həmin əmlakın borclunun əlindən alınmasını və öhdəlikdə nəzərdə tutulan şərtlərlə ona verilməsini tələb edə bilər. Bu hüquq əmlakın üçüncü şəxsə mülkiyyət hüququ ilə verildiyi halda aradan qalxır. Əgər əmlak hələ verilməmişsə, öhdəlik hansı kreditorun xeyrinə daha əvvəl əmələ gəlmişsə, üstünlük o kreditorundur, bunu müəyyənləşdirmək mümkün olmadıqda isə daha əvvəl iddia irəli sürənindir. Beləliklə, Mülki Məcəllənin 5.3-cü maddəsində qeyd olunduğu kimi, mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Hazırki iş üzrə cavabdeh qarajı iddiaçıya təhvil vermək öhdəliyini yerinə yetirmək vəzifəsi daşımasına baxmayaraq, müqavilənin bağlanmasından xeyli müddət keçsə də öz öhdəliklərini icra etməmişdir. Halbuki mülki qanunvericilik müqavilə şərtlərinin məcburiliyini və icra edilməli olduğunu təsbit edir. Bu baxımdan bağlanmış müqavilələr onlarda göstərilən və tərəflərin razılığa gəldikləri şərtlər əsasında da icra edilməlidir. Belə ki, müqavilə qüvvəyə mindiyi andan tərəflər üçün məcburi xarakterə malik olur və onun şərtləri, bir qayda olaraq, dəyişdirilmir. Bu, mülki dövriyyənin sabitliyini, möhkəmliyini və dayanıqlığını təmin edir. Müqavilə şərtlərinin məcburiliyinə və icra edilməli olması tələbinə əsaslanaraq hazırki iş üzrə cavabdeh aralarında bağlanmış müqavilə üzrə razılaşdırılmış şərtlər əsasında öz öhdəliyini icra etməlidir. Məhkəmə tədqiq edilmiş sübutlara əsaslanaraq və qanunvericiliyin yuxarıda göstərilən normalarını rəhbər tutaraq belə nəticəyə gəlir ki, iddiaçı cavabdeh qeyri-yaşayış sahəsini iddiaçıya təhvil vermədiyindən həmin vəzifənin cavabdehin üzərinə qoyulmasını tələb etməkdə haqlıdır. Cavabdehin qarajı iddiaçıya təhvil verməkdən yayınması qanunsuz olmuşdur. Məhkəmə hesab edir ki, iddiaçının irəli sürdüyü faktiki hallar iddia tələbinin qanuni əsasının dispozisiya şərtləri ilə uzlaşdığı üçün əsaslıdır. İddiaçının izahatına və iş materiallarına əsasən mübahisələndirilən qaraj iddiaçıya təhvil verilmədiyindən, qeyd edilən normalar hazırki mübahisəyə tətbiq edilməli və cavabdeh tərəfindən öz öhdəliyinin icrası vəzifəsi onun üzərinə qoyulmalıdır. Mülki məhkəmə icraatının prinsiplərinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir, hər bir tərəf isə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Başqa sözlə, mahiyyəti üzrə işə baxan məhkəmə tərəfindən qətnamə tərəflərin məntiqi izahı əsasında deyil, yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə etməklə, məhkəmə iclasında müəyyən edilmiş həqiqi hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılır (Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 217.3 və 217.4-cü maddələri). Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə uyğun olaraq məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə məhkəmə hesab edir ki, iddia təmin edilməli, ünvan 1 ünvanında inşa edilmiş, çoxmərtəbəli binada mənfi birinci mərtəbədə yerləşən soldan üçüncü qarajın İddiaçı sahibliyinə və istifadəsinə verilməsi öhdəliyi Cavabdeh MMC-nin üzərinə qoyulmalıdır. Ödənilmiş dövlət rüsumuna görə 100 manat məbləğində pul Cavabdeh MMC-dən tutularaq İddiaçı ödənilməlidir. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 238 və 360-cı maddələrini rəhbər tutub, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. ünvan 1 ünvanında inşa edilmiş, çoxmərtəbəli binada mənfi birinci mərtəbədə yerləşən soldan üçüncü qarajın İddiaçı sahibliyinə və istifadəsinə verilməsi öhdəliyi Cavabdeh MMC-nin üzərinə qoyulsun. Ödənilmiş dövlət rüsumuna görə 100 (yüz) manat məbləğində pul cavabdeh Poleks” MMC-dən tutularaq İddiaçı ödənilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 1 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetdən Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Mehriban Əfəndizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar