Məhkəmə qərarları › İş №2(005)-433/2021

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-433/2021

26.01.2021 · Mənzil mübahisələri - Mənzilə köçürmə - Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-433/2021 26.01.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Novruzova Aytən Nazim qızının sədrliyi Məhkəmə iclasının katibi X4, İddiaçılar İddiaçı1 və İddiaçı2, Cavabdeh nümayəndəsi və vəkili Vəkil Hadi oğlunun iştirakı ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı “mənzilə köçürülmə və istifadə hüququnun tanınması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçılar İddiaçı1 və İddiaçı2 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onların atalarının mülkiyyətində olan ünvan 1 ünvana köçürülməsi və həmin evdən istifadə hüquqlarının tanınması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçılar İddiaçı1 və İddiaçı2 iddia ərizəsini onunla əsaslandırmışdır ki, ataları Cavabdeh, anaları X10 ilə xx xxxxxxxx 1970-ci il tarixdə rəsmi nikaha daxil olaraq, ailə həyatı qurmuşlar. Anaları hal-hazırda cavabdehin mülkiyyətində olan və orada yaşayan ünvana gəlin köçmüşdür. İddiaçı1 xx.xx.1984-cü ildə bacısı İddiaçı2 xx.xx.1971-ci il tarixdə hal-hazırda atalarının mülkiyyətində olan Nərimanov rayonu, Əliyar Əliyev küçəsi 41B ünvanda anadan olmuşlar. Sonradan valideynləri arasında olan nikah xx.xx.1991-ci il tarixdə məhkəmə qaydasında pozulmuşdur. Bu səbəblə iddiaçılar anaları ilə birgə ayrı ünvanda kirayədə yaşamağa məcbur olmuşlar. Ataları ikinci dəfə ailə həyatı quraraq, yuxarıda qeyd olunan ünvanda yaşayır. Onlar dəfələrlə atalarının yaşadığı ünvana köçüb yaşamaq istəsələr də, buna razı olmamışdır. Halhazırda heç bir yerdə işləmədiklərini və yaşamağa yerlərinin olmadığını bildirmişlər. Atalarının mülkiyyətində olan Nərimanov rayonu, Əliyar Əliyev küçəsi 41B ünvanda yerləşən yaşayış evi 270 kv.m-dən artıq olduğunu da qeyd etmişdir. Məhkəmə iclasında iddiaçılar yazılı ərizə təqdim edərək, mübahisəli mənzillə bağlı başqa iddia tələbinin olduğunu və iddia ərizəsinin baxılmamış saxlanılmasını, iddia tələbinə mahiyyəti üzrə baxıldığı halda isə iddia tələblərinin təmin olunmasını xahiş etmişlər. Məhkəmə iclasında Cavabdeh nümayəndəsi və vəkili Vəkil Hadi oğlu, iddiaçıların iddia ərizəsinin baxılmamış saxlanılması barədə ərizə ilə razı olmadığını, işə mahiyyəti üzrə baxılaraq iddianın rədd olunmasını xahiş etdi və əlavə olaraq bildirmişdir ki, 1970-ci ildə Cavabdeh və Cərullayeva Nərgiz ailə həyatı qurublar. 1971-ci ildə İddiaçı2, 1972-ci ildə Ələkbərov Emin (vəfat edib), 1984-cü ildə İddiaçı1 anadan olublar. Ailə həyatları Elnurun 6 yaşına qədər davam edib. 1990-cı ildən etibarən ayrılsalar da, rəsmi olaraq 1993-cti il oktyabr ayında nikahları pozulmuşdur. Nikah pozulandan sonra Cavabdeh əvvəllər birlikdə yaşadıqları evdə yaşamağa davam edib, Nərgiz isə öz üç uşağı ilə birlikdə 8-ci km deyilən ərazidə iki otaqlı mənzildə yaşayıblar (öz evləri olub, sonradan ev satılıb). Sonradan Cavabdeh atası X2 adına alınmış 6 sot torpaqda Cavabdeh tikdirdiyi evdə yaşayıblar və evi bir müddət sonra 2 sot torpaqla birlikdə 62.000 ABŞ dollarına satıb, əvəzində geriyə qalan 4 sot torpaqda iki ev tikilib (biri Təranə, digəri Emin adına) və hal-hazırda həmin (Eminin evi) evdə Nərgiz, Elnur, Elnurun 2-ci həyat yoldaşı və Elnurun 1-ci ailəsindən olan qızı (1-ci yoldaşı rəhmətə gedib) yaşayırlar. Ev Koroğlu-Q.Qarayev metro stansiyaları arasında (dəqiq ünvanı bilinmir) yerləşir. Təranə isə qonşuluqda əri və oğlu ilə birlikdə yaşayırlar (Təranənin bundan əlavə Ramana qəsəbəsində də 1 hektar torpaqda evinin olduğu bəllidir). 1994-cü ildə Cavabdeh X8 ilə ailə həyatı qurulub və elə həmin ilin dekabr ayında birgə nikahdan Ələkbərli Gözəl Oruc qızı dünyaya gəlib. Ailə qurandan sonra Oruc Ələbərovun evinə köçüblər. Həmin evin hər hansı bir hüquq müəyyənedici sənədi olmayıb. 1996-cı ildə ünvan 2 B ünvanda yerləşən ev Cavabdeh yoldaşı Məlahətin təkidi ilə özəlləşdirilib. 2000-2001-ci illərdə həmin fərdi yaşayış evi sökülərək yerində yenisi tikilib. Yeni tikilən ev Cavabdeh yoldaşı Məlahətin Tovuz rayonunda yerləşən şəxsi evinin satışından əldə olunan vəsait hesabına tikilmişdir. Ev yenidən tikiləndən sonra Cavabdeh həmin ünvada ailəsi ilə birlikdə bu günə qədər yaşayır. 2020-ci ilin sentyabr ayında isə Cavabdeh mülkiyyətində olan ünvan 2B ünvanda yerləşən ev Cavabdeh tərəfindən qızı Ələkbərli Gözəl Oruc qızma bağışlanılmışdır və həmin ev hazırda Ələkbərli Gözəl Oruc qızının mülkiyyətindədir. İddiaçıların hazırda köçmək istədiyi mübahisəli mənzil cavabdehin qızı Ələkbərli Gözəl Oruc qızının adına daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2020-ci il tarixdə qeydiyyata alınmaqla mülkiyyətindədir. Hazırda iddiaçıların Ələkbərli Gözəl Oruc qızının mülkiyyətinə keçməkdə olan fərdi yaşayış evinə köçürülməsi barədə iddiası əsassızdır. Göründüyü kimi ailə qanunvericiliyinin istinad edilən müvafiq normalarına əsasən Ələkbərli Gözəl Oruc qızının “atasının birinci nikahdan olan övladlarını” saxlamaq vəzifəsi yoxdur. Qeyd olunanlara əsasən hesab edir ki, hazırkı vəziyyətdə iddiaçıların ailə qanunvericiliyi əsasında mübahisəli yaşayış sahəsindən ailə üzvü kimi yaşamaq və özünün saxlanılmasını tələb etmək hüququ yaranmamışdır. Beləliklə, hesab edir ki, iddiaçıların evin hazırki mülkiyyətçisi Ələkbərli Gözəl Oruc qızının ailə üzvü olmamaqla mübahisəli mənzilə köçmək barədə iddia tələbi tam əsassızdır. Bundan başqa, 1970-ci ildə Cavabdeh və Cərullayeva Nərgiz ailə həyatı qurublar. 1971-ci ildə İddiaçı2, 1972-ci ildə Ələkbərov Emin (vəfat edib), 1984-cü ildə İddiaçı1 anadan olublar. Ailə həyatları Elnurun 6 yaşma qədər davam edib. 1990-cı ildən etibarən ayrılsalar da, rəsmi olaraq 1993-cü il oktyabr ayında nikahları pozulmuşdur. Həmin tarixdə iddiaçıların yaşadığı evin hər hansı hüquq müəyyən edici sənədi olmayıb. İddiaçıların anası ilə Cavabdeh ilə aralarında nikah pozulduqan sonra onlar həmin evdən köçüblər. Cavabdeh 1994-cü ildə Cavabdeh X8 ilə ailə həyatı qurulub və elə həmin ilin dekabr ayında birgə nikahdan Ələkbərli Gözəl Oruc qızı dünyaya gəlib. Ailə qurandan sonra Oruc Ələbərovun evinə köçüblər. Həmin evin hər hansı bir hüquq müəyyənedici sənədi olmayıb. 1996-cı ildə ünvan 4 B ünvanda yerləşən ev Cavabdeh yoldaşı Məlahətin təkidi ilə özəlləşdirilib. 2000- 2001-ci illərdə həmin fərdi yaşayış evi sökülərək yerində yenisi tikilib. Yeni tikilən ev Cavabdeh yoldaşı Məlahətin Tovuz rayonunda yerləşən şəxsi evinin satışından əldə olunan vəsait hesabına tikilmişdir. Ev yenidən tikiləndən sonra Cavabdeh bəmin ünvada ailəsi ilə birlikdə bu günə qədər yaşayır. Göründüyü kimi, ünvan 5 ünvanında yerləşən evin hüquq müəyyən edici sənədi ilkin olaraq 1996-cı ildə alınıb. Dövlət qeydiyyatına alman fərdi yaşayış evi də, iddiaçıların 1993-cü ilə qədər yaşadıqları evi deyil, onun yerində yeni tikilmiş evdir. İddiaçılarda yeni tikilmiş evdə yaşamayıblar, çünki, anaları ilə nikah pozulandan sonra anaları ilə birgə başqa ünvana köçüb yaşayıblar. Belə olan təqdirdə, iddiaçıların köçmək istədiyi mənzilə ümumiyyətlə heç bir aidiyyətli yoxdur. Bu səbəbdən də onların həmin ünvanda yerləşən evə istifadə hüquqları tanına bilməz. Bundan “başqa yuxarıda qeyd edildiyi kimi, iddiaçıların hazırda köçmək istədiyi mübahisəli mənzil cavabdehin qızı Ələkbərli Gözəl Oruc qıznın adına daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2020-ci il tarixdə qeydiyyata alınmaqla mülkiyyətindədir. Bu isə ona dəlalət edir ki, iddiaçıların həmin evə heç bir hüquqları yoxdur. Göstərilənlərə əsasən, iddia tələbinin rədd olunmasını xahiş edir. Məhkəmə tərəflərin izahatını dinləyib, mülki işin sənədlərini araşdırıb, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia rədd edilməlidir. Belə ki, mülki işin materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: AA seriyalı, ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətinə əsasən İddiaçı1 xx.xx.1984-cü il tarixdə Azərbaycanda doğulmuşdur; AA seriyalı, ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətinə əsasən İddiaçı2 xx.xx.1971-ci il tarixdə Azərbaycanda doğulmuşdur; Bakı Nərimanov ZAQS tərəfindən xx.xx.1980-ci il tarixdə verilmiş X-JQ seriyalı, 304221 nömrəli doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətinə əsasən İddiaçı1 xx.xx.1984-cü il tarixdə Bakı şəhərində doğulmuşdur, atası – Cavabdeh, anası – X3r; Bakı Nərimanov ZAQS tərəfindən 15.xx.xx.1971-ci il tarixdə verilmiş İ-JQ seriyalı, 30274485 nömrəli doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətinə əsasən İddiaçı2 xx.xx.1971-ci il tarixdə Bakı şəhərində doğulmuşdur, atası – Cavabdeh, anası – X3r; Bakı Nərimanov VVADQ şöbəsi tərəfindən xx.xx.1995-ci il tarixdə verilmiş XVİİİ-JQ seriyalı, 197809 nömrəli doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətinə əsasən Ələkbərli Gözəl Oruc qızı xx.xx.1994-cü il tarixdə Bakı şəhərində doğulmuşdur, atası – Cavabdeh, anası – X5r; Azərbaycan Respublikası Bakı Şəhəri İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən verilmiş MH seriyalı 037596 nömrəli qeydiyyat vəsiqəsinin notarial qaydada təsdiq edilmiş surətindən müəyyən olunur ki, Bakı şəhəri, Yusif-zadə küçəsi, ev 41 “b” mənzil Cavabdeh adına xüsusi mülkiyyət kimi hüquqi qeydiyyatdan keçirilmiş və bu barədə 32 saylı reyestr kitabında 4851 nömrəli vərəqində 30N22939 saylı reyestr nömrəsi ilə xx.xx.1996-cı il tarixdə qeydiyyat aparılmışdır; xx.xx.2001-ci il tarixli alqı-satqı müqaviləsinin notarial qaydada təsdiq edilmiş surətinə əsasən X8 özünə məxsus Bakı şəhəri, Nərimanov rayonu, Ə.Əliyev küçəsi, ev 41b, 22 nömrəli mənzilini alıcı X1; Bakı Nərimanov VVADQ şöbəsi tərəfindən xx.xx.1994-cü il tarixdə verilmiş Vİ- JQ seriyalı 398589 nömrəli nikah haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş əsasən Cavabdeh ilə X8 arasında xx.xx.1994-cü il tarixdə nikah bağlanmış və bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 76 nömrə ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra ərə Ələkbərov, arvada Məmmədova soyadı verilmişdir; Azərbaycan Respublikası Bakı şəhər İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfatı Departamenti Nərimanov Rayon Mənzil Kommunal Təsərrüfatı Birliyinin 20 saylı MKİS tərəfindən verilmiş 21.0.2020-ci il tarixli arayışına əsasən İddiaçı1 və İddiaçı2 Bakı şəhəri, Nərimanov rayonu, Əliyar Əliyev küçəsi, 41 “b” saylı ünvanda qeydiyyatdadırlar; Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən verilmiş “Yaşayış yeri üzrə qeydiyyat haqqında” xx.xx.2020-ci il tarixli, ******* saylı arayışından görünür ki, İddiaçı1 xx.xx.2004-cü il tarixdən Bakı şəhəri, Nərimanov rayonu, Bakı şəhəri, Nərimanov rayonu, Əliyar Əliyev küçəsi, 41B saylı ünvanda qeydiyyatdadır və həmin ünvanda qeydiyyat olan digər şəxslər: X11, İddiaçı2, X18, X15r və s; Bakı şəhəri Nərimanov rayonu tərəfindən xx.xx.1991-ci il tarixdə verilmiş İİ-JQ seriyalı, 268575 nömrəli boşanma haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətinə əsasən Cavabdeh ilə X7 arasında olan nikah ləğv edilmiş, bu barədə nikahın ləğv edilməsi haqqında akt qeydləri kitabında xx.xx.1991-ci il tarixdə 344 nömrə ilə qeyd edilmişdir. Nikah pozulduqdan sonra arvada Ələkbərova soyadı verilmişdir; Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın surətinə əsasən Bakı şəhəri, Nərimanov rayonu, Əliyar Əliyev küçəsi, ev 41B (yeni qaydalarla: Bakı şəhəri, Nərimanov rayonu, Əşrəf Əliyev küçəsi, ev 52) nömrəli ümumi sahəsi 405,30 kv.m olan fərdi yaşayış evi xüsusi mülkiyyət hüququ kimi Ələkbərli Gözəl Oruc qızının adına qeydiyyata alınmışdır, X9 A və B tikilisi, Ələkbərli Gözəl Oruc qızına C tikilisi və X12 D tikilisi payı ayrılmışdır; Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın surətinə əsasən Bakı şəhəri, Nərimanov rayonu, Əliyar Əliyev küçəsi, ev 41B nömrəli ümumi sahəsi 371,40 kv.m olan fərdi yaşayış evi xüsusi mülkiyyət hüququ kimi Cavabdeh adına qeydiyyata alınmışdır, X9 A və B tikilisi, Cavabdeh C tikilisi və X12 D tikilisi payı ayrılmışdır; xx.xx.2020-ci il tarixli ödəniş qəbzinə əsasən İddiaçı1 tərəfindən iddia qaldırmaq üçün 10 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Beləliklə, məhkəmə baxışında tədqiq olunmuş sübutlarla və tərəflərin izahatları ilə müəyyən edilmişdir ki, iddiaçıların köçürülməsi və həmin evdən istifadə hüquqlarının tanınmasını tələb etdiklər Bakı şəhəri, Nərimanov rayonu, Əliyar Əliyev küçəsi, ev 41B (yeni qaydalarla: Bakı şəhəri, Nərimanov rayonu, Əşrəf Əliyev küçəsi, ev 52) nömrəli ümumi sahəsi 405,30 kv.m olan fərdi yaşayış evinin «C» tikilisi xüsusi mülkiyyət hüququ ilə Ələkbərli Gözəl Oruc qızının adına qeydiyyata alınmışdır. Məhkəmə qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır. Məhkəmə ilk növbədə qeyd etməyi zəruri hesab edir ki, MPM-in 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Lakin bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ özündə iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. Buna görə, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Odur ki, məhkəmə icraatında olan hər bir iddia tələbi üzrə qabaqcadan iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmaması, subyektiv hüququn pozulub-pozulmaması, cavabdehin bu pozuntunu edib-etməməsi məsələləri araşdırılmalıdır. Qeyd olunan məsələ ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunun xx xxxx 2008-ci il tarixli qərarında ifadə olunmuş hüquqi mövqelərə görə, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Belə olan halda, iddiaçıların mübahisəli evə dair hər hansı bir qanuni hüququ olmadığından, mülbahisəli ev isə cavabdehin mülkiyyətində olmadığından onun məhkəmə müdafiəsi də mümkün deyildir. Məhkəmə qeyd edir ki, iddiaçlar iddia ərizəsində irəli sürdüyü tələbinin qanuni əsaslarını göstərə bilməmiş, bununla da müvafiq subyektiv hüquqa malik olduqlarını əsaslandırmamışdır. Belə ki, mübahisəli ev hazırda iddiaçıların atası, iş üzrə Cavabdeh deyil, Ələkbərli Gözəl Oruc qızının mülkiyyətində olduğundan, iddiaçlıar həmin vaxt mübahisəli evə dair hər hansı bir hüquqa malik deyil, iş üzrə Cavabdeh isə cavabdeh kimi hazırkı iddiaya cavab verməli şəxs deyildir. Bakı şəhəri, Nərimanov rayonu, Əliyar Əliyev küçəsi, ev 41B (yeni qaydalarla: Bakı şəhəri, Nərimanov rayonu, Əşrəf Əliyev küçəsi, ev 52) nömrəli ümumi sahəsi 405,30 kv.m olan fərdi yaşayış evinə hər hansı bir hüququ olmayan şəxsə qarşı iddia qaldırıldığından iddiaçılar İddiaçı1 və İddiaçı2 tərəfindən başqasının xüsusi mülkiyyətində olan evə dair köçürülmə və hüquqlarının tanınmasının tələb edilməsi əsassızdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə itirak edən şəxslərə aid edilir; 217.4-ci maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı “mənzilə köçürülmə və istifadə hüququnun tanınması” tələbinə dair iddiası rədd edilməli, ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Qeyd olanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 119-cu, 216-220-ci, maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı “mənzilə köçürülmə və istifadə hüququnun tanınması” tələbinə dair iddiası rədd edilsin. Ödənilmiş dövlət rüsumu iddiaçılara aid edilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Aytən Novruzova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar