Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-4344/2022 14.12.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Tağıyeva Nərgiz Nazim qızının sədrliyi, Əliyeva Nurlana Sahib qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı (Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidməti müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) əmrin ləğv edilməsi, işə bərpa və məcburi işburaxma müddətinə görə əmək haqqının tutulması tələbinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin onun işdən çıxarılması haqda əmrinin ləğv edilməsi, işə bərpa olunmağına və bu müddət ərzində işləmədiyi günlərin pulunun tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, xx.xx.2002-ci il tarixdə o cavabdeh tərəfindən faktiki olaraq işə götürülmüş və tibb müəssisində işə başlamışdır. Həmin vaxtlarda işə gələrkən müvafiq kitabda işə gəlməyi barədə imza etmişdir. Bundan əlavə işlədiyi vaxtda növbədə olduğu üçün narkotik maddələrin alınması və xəstələrə vurulması barədə müvafiq kitablara imza etmişdir. xx.xx.2022-ci ildə işə rəsmi olaraq başlamağı barədə əmri verilmiş və xx.xx.2022-ci ildən işə başlamışdır. İşlədiyi müddətdə işi ilə əlaqədar heç bir irad və nöqsan tutulmamışdır. İşdə olan müddətdə tərəfindən işdə olan çatışmamazlıqlar barədə müvafiq instansiyalara şikayət etmişdir ki, xəstələrə dərman preparatları verilmir və öz cibindən bu dərmanları almalı olurdu ki, xəstələr əziyyət çəkməsin. Sonuncu dəfə xx.xx.2022-ci ildə baş tibb bacısına iradlarını bildirmişdir. Səhəri günü işə gələrkən bildirmişdilər ki, işdən azad olmuşdur. Bununla razı olmayaraq əmək müfəttişliyinə müraciət etmişdir. Onların cavabında da cavabdehin ona son haqq hesabının düzgün aparılmadığı aşkar edilmişdir. Lakin cavabdeh əmək müfəttişliyinin işçilərinə özlərinə sərf edən sənədləri təqdim etmişdilər. Əgər tibb müəssisəsində narkotik vasitələrin uçot kitabını tələb etmiş olsaydılar, o zaman onun həqiqətən də xx.xx.2022-ci il tarixdən işə çıxmağı və orada işlədiyi aşkar olunardı. Faktiki olaraq cavabdeh təşkilatda 210 saat işləməyinə baxmayaraq cəmi 144 saat işlədiyi bildirilmişdir. Bağlanmış əmək müqaviləsinin 2.2-ci bəndində göstərilir ki, işin birinci 3 ayı sınaq müddəti hesab edilir. Sınaq müddəti ərzində tərəflərdən biri 3 gün əvvəl xəbərdarlıq etməklə Əmək müqaviləsinə birtərəfli qaydada poza bilər. Cavabdeh onlarda işlədiyi 3 ay müddətində irad bildirməmiş və 2 ay 11 gün keçdikdən sonra işdən azad etmişdir. Qabaqcadan xəbərdar etmədən işdən azad etmişdilər. Cavabdeh qanunun bu tələblərin pozaraq əmrdə guya sınaq müddətində özünü doğrultmadığını göstərmiş, lakin sınaq müddəti xx.xx.2022-ci ildə bitmiş və həmin vaxt nöqsanlarını bildirməmiş və izahat belə alınmamışdır. Özünü nədə doğrultmadığını nə əmrdə, nə də cavabdehin vermək istəmədikləri izahatlarında göstərməmişlər. Sadəcə cavabdehin işlərində olan nöqsanları göstərdiyi səbəbindən işdən azad etmişlər. İşə bərpa ilə əlaqədar vəkilə müraciət etmiş, o da mediasiya ilə əlaqədar müraciət etmişdir. Lakin sonradan vəkil işinə etinasız yanaşmış və tərəfindən bu müddətdə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsində qeyd olunan məzmunda izahat verərək iddianın təmin olunmasını xahiş etmişdir. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, o, heç bir üzrlü səbəb təqdim etmədən məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə Mülki Prosessual Məcəllənin 185.5-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əvvəlki məhkəmə iclaslarında iştirak edən Cavabdeh nümayəndəsi X3 bildirmişdir ki, sınaq müddəti ərzində işçinin özünü doğrultmaması əsası ilə işdən çıxarılması işəgötürənin hüququdur və iddia əsassız olduğundan təmin edilməməlidir. Həmçinin məhkəməyə yazılı ərizə təqdim edərək iddia müddəti ötürülməklə verildiyindən iddia ərizəsinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iddiaçının izahatını iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia tələbinin dəlillərini və işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: Cavabdeh xx.xx.2022-ci il tarixli 617-K nömrəli əmrinin surətindən görünür ki, İddiaçı xx.xx.2022-ci il tarixdən əmək müqaviləsi əsasında Plastik-rekonstruktiv cərrahiyə şöbəsinə tibb bacısı vəsifəsinə 1 ştat vahidə qəbul edilmişdir; Cavabdeh ilə İddiaçı arasında bağlanmış əmək müqaviləsinin surətindən görünür ki, Şeker X2 rekonstruktiv cərrahiyə şöbəsinə Tibb bacısı vəzifəsinə qəbul edilmişdir. Müqavilənin 2.1-ci bəndinə əsasən işin birinci 3 ayı sınaq müddəti hesab edilir. Sınaq müddəti ərzində tərəflərdən biri digərini 3 gün əvvəl xəbərdarlıq etməklə əmək müqaviləsinə birtərəfli qaydada poza bilər. Əmək müqaviləsi xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixədək 1 il müddətinə bağlanmışdır; İddiaçı ünvanlanmış bildirişin surətindən görünür ki, AR Əmək Məcəlləsinin 70-ci maddəsinin “d” bəndinə əsasən onunla bağlanmış əmək müqaviləsinə xx.xx.2022-ci il tarixində xitam veriləcəyi barədə bildiriş tərtib olunmuşdur; xx.xx.2022-ci il tarixli Aktın surətindən görünür ki, İddiaçı xəbərdar edilməsi haqqında ona təqdim edilən bildirişi imzalamaqdan imtina etmişdir; Cavabdeh xx.xx.2022-ci il tarixli əmrin surətindən görünür ki, Cavabdeh X5 rekonstruktiv cərrahiyə şöbəsində tibb bacısı vəsifəsində çalışan İddiaçı ilə bağlanmış əmək müqaviləsinə sınaq müddəti ərzində işçi özünü doğrutmadığı səbəbindən xx.xx.2022-ci il tarixindən xitam verilməsi, istifadə etmədiyi 7 məzuniyyət gününə görə ödənişin və son haqq-hesabın hesablanıb ödənilməsinin təmin edilməsi əmr edilmişdir; İТ-İ ******* nömrəli əmək kitabçasının surətindən görünür ki, İddiaçı xx.xx.2022-ci il tarixli, 617-K saylı əmr ilə Cavabdehn X5 rekonstruktiv cərrahiyə şöbəsində tibb bacısı vəzifəsinə təyin edilmiş, xx.xx.2022-ci il tarixli 836 nömrəli əmr ilə İddiaçı tərəf olduğu əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “d” bəndinə uyğun olaraq işçi özünü sınaq müddəti ərzində doğrultmadığına görə əmək müqaviləsinə xitam verilmişdir; X4 xidmətinin İddiaçı ünvanladığı məktubda qeyd edilmişdir ki, Cavabdeh arasında 3 ay sınaq müddəti müəyyən edilməklə tibb bacısı vəzifəsi üzrə müddətli əmək müqaviləsi bağlanmışdır. Əmək müqaviləsinə xx.xx.2022-ci il tarixində Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “d” bəndinə (sınaq müddəti ərzində işçi özünü doğrultmadıqda) əsasən xitam verildiyi, lakin son haqq-hesabın isə sonuncu iş günü ödənilmədiyi məlum olmuşdur. Əmək qanunvericiliyinin tələbləri pozularaq son haqqhesabın sonuncu iş günü ödənilməməsi ilə bağlı Cavabdeh vəzifəli şəxsi barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsinin tələblərinə uyğun olaraq xx.xx.2022-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında Qərar qəbul olunmuşdur. Həmçinin “X9" X10 rəhbərliyi tərəfindən təqdim edilən iş vaxtının uçotu cədvəllərində iş vaxtından artıq işlərə cəlb edilməsi aşkar edilməmişdir; Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 3(005)-3350/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarından görünür ki, AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətinin Bakı Şəhər İdarəsinin X1 AR İXM-nin 192.4-cü maddəsi ilə təqsirli bilinib 700 manat cərimə edilməsinə dair xx.xx.2022-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi qərara alınmışdır; İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, Cavabdeh nümayəndəsi xx.xx.2022-ci il tarixdə keçirilmiş ilkin mediasiya sessiyasında iştirak etməmişdir. Beləliklə, işin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından görünür ki, İddiaçı Cavabdeh X5 rekonstruktiv cərrahiyə şöbəsində tibb bacısı vəzifəsinə işə qəbul olunmuşdur. Əmək müqaviləsi 1 il müddətinə 3 ay sınaq müddəti müəyyən edilməklə bağlanmışdır. İşəgötürənin xx.xx.2022-ci il tarixli əmri ilə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “d” bəndinə əsasən sınaq müddəti ərzində işçi özünü doğrultmaması səbəbindən İddiaçı ilə bağlanməş əmək müqaviləsinə xitam verilmişdir. Hazırda iddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək əmək fəaliyyəti ilə bağlı heç bir nöqsanın tutulmamasını və sınaq müddəti ərzində 3 gün əvvəlcədən xəbərdarlıq olunmamasını əsas gətirərək xx.xx.2022-ci il tarixli əmrin ləğv edilməsi, işə bərpa olunması və məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Əmək Məcəlləsinin 42.1-ci maddəsinə əsasən əmək müqavilələri sərbəst bağlanır. Əmək münasibətləri yaratmayan və ya yaratmaq istəməyən heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz. Əmək Məcəlləsinin 11-ci maddəsinin “b” bəndinə görə bu Məcəllə ilə müəyyən edilmiş qaydada və əsaslarla əmək müqavilələrini ləğv etmək və “g” bəndinə əsasən əmək müqaviləsi bağlayarkən bu Məcəllə ilə müəyyən edilmiş qaydada və müddətə sınaq müddətini müəyyən etmək işəgötürənin əsas hüquqlarından biridir. Həmin Məcəllənin 51-ci maddəsinə əsasən əmək müqaviləsi işçinin peşəkarlıq səviyyəsini, müvafiq əmək funksiyasını icra etmək bacarığını yoxlamaq məqsədi ilə sınaq müddəti müəyyən edilməklə bağlanıla bilər. Sınaq müddəti 3 aydan artıq olmamaq şərti ilə müəyyən edilir. Sınaq müddəti işçinin faktiki olaraq əmək funksiyasını icra etdiyi iş vaxtından ibarətdir. İşçinin əmək qabiliyyətini müvəqqəti itirdiyi, habelə iş yeri və orta əmək haqqı saxlanılmaqla işdə olmadığı dövrlər sınaq müddətinə daxil edilmir. Sınaq müddəti göstərilməyən əmək müqaviləsi sınaq müəyyən edilmədən bağlanmış hesab olunur. Sınaq müddəti qurtaranadək tərəflərdən biri digərinə üç gün əvvəl yazılı xəbərdarlıq etməklə əmək müqaviləsini poza bilər. Sınaq müddəti qurtaranadək tərəflərdən biri əmək müqaviləsinin xitamını tələb etməyibsə, işçi sınaqdan çıxmış hesab edilir. İşçi sınaqdan çıxmış hesab edildiyi andan etibarən əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş qaydada və əsaslarla xitam verilə bilər. Əmək müqaviləsində sınaq müddəti müəyyən edilərkən həmin müddət ərzində işçinin sınaq zamanı özünü doğrultmadığına görə işəgötürən tərəfindən əmək müqaviləsinə xitam verilməsi şərti göstərilməlidir. Sınaq müddətində özünü doğrultmamış işçinin əmək müqaviləsinə işəgötürənin əsaslandırılmış əmri ilə xitam verilə bilər (Əmək Məcəlləsinin 53-cü maddəsi). Məcəllənin 70-ci maddəsinin “d” bəndinə əsasən isə sınaq müddəti ərzində işçi özünü doğrultmadıqda əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər. Əmək Məcəlləsinin 83 və 84-cü maddələrində əmək müqaviləsinə xitam verilməsinin sənədləşdirilməsi qaydası və əmək müqaviləsinin ləğv edilməsi haqqında əmrin məzmunu müəyyən edilmişdir. Həmin maddələrə görə əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) onun tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Bu əmrin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqq-hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir. Əmək müqaviləsinin ləğv edilməsi haqqında işəgötürənin əmrinin məzmununda müəssisənin adı, hüquqi ünvanı, əmrin (sərəncamın, qərarın) sıra nömrəsi, tarixi və onu imzalayan işəgötürənin vəzifəsi, adı, atasının adı və soyadı; işçinin adı, atasının adı və soyadı; əmək müqaviləsi üzrə işçinin vəzifəsinin (peşəsinin) adı; əmək müqaviləsinin ləğv edilməsinin əsası; həmin əsasla əmək müqaviləsinin ləğv edilməsi qaydası nəzərdə tutulmuş bu Məcəllənin müvafiq maddəsi, hissəsi və bəndi; əmək müqaviləsi ləğv edilən gün, ay və il; əmək müqaviləsinin ləğv edilməsi barədə əmrin (sərəncamın, qərarın) verilməsi üçün əsas hesab olunan rəsmi sənədlər, məlumatlar göstərilir. Göstərilən maddi hüquq normalarının müqayisəli şəkildə təhlili əsasında belə nəticəyə gəlmək olar ki, əmək münasibətləri sərbəst iradə ifadəsini özündə ehtiva edən əmək müqaviləsi bağlandıqdan sonra yaranır, heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz. Əmək müqaviləsinin şərtləri, o cümlədən sınaq müddətinin müəyyən edilməsi tərəflərin iradə ifadəsi ilə bağlansa da, əmək münasibətlərinin ləğv edilməsi üçün əmək qanunvericiliyində konkret əsaslar göstərilmişdir ki, yalnız həmin hallardan biri olduğu təqdirdə əmək münasibətlərinə qanunvericiliklə müəyyən olunmuş qaydada xitam verilə bilər. Sınaq müddətində işəgötürən işçini ona qarşı irəli sürülmüş tələblərə uyğun gəlməyən hesab etdikdə, habelə işçi həmin işi münasib iş hesab etmədikdə sınaq müddəti qurtaranadək tərəflərdən biri digərinə üç gün əvvəl yazılı xəbərdarlıq etməklə əmək müqaviləsini ləğv edə bilər. Sınaq müddəti qurtaranadək tərəflərdən biri əmək müqaviləsinin xitamını tələb etməyibsə, işçi sınaqdan çıxmış hesab edilir və bu andan etibarən əmək müqaviləsinə yalnız Əmək Məcəlləsi ilə müəyyən edilmiş qaydada və əsaslarla xitam verilə bilər. Hazırki iş materiallarından göründüyü kimi iddiaçı ilə cavabdeh arasında əmək münasibətlərinə iddiaçının sınaq müddətində özünü doğrultmaması əsası ilə xitam verilmişdir. Əmək müqaviləsində 3 aylıq sınaq müddəti müəyyən edilmiş və müqavilə tərəflərin imzası ilə təsdiq olunmuşdur. Məhkəmə araşdırması zamanı əmək müqaviləsi ləğv edilərkən cavabdeh-təşkilat tərəfindən hər hansı qanun pozuntusuna yol verilməsi aşkar edilməmişdir. Belə ki, iddiaçı 3 gün əvvəlcədən xəbərdarlıq olunmadığını bildirsə də, cavabdeh tərəfindən təqdim edilmiş bildiriş və aktdan görünür ki, işçi sınaq müddəti ərzində özünü doğrultmaması əsası ilə əmək müqaviləsinə xitam veriləcəyi barədə xəbərdarlıq məktubunu imzalamaqdan imtina etmişdir. Bundan başqa Cavabdeh tərəfindən xx.xx.2022-ci il tarixli əmrin çıxarılması barədə iddiaçıya məlumat verilməklə onunla son haqq-hesab aparılmış və əmək kitabçası təqdim edilmişdir. X4 tərəfindən araşdırma aparılarkən son haqq-hesabın vaxtında ödənilməməsinə görə inzibati cərimə tətbiq edilmişdir. Lakin Nərimanov Rayon Məhkəməsinin 3(005)-3350/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı ilə son haqq-hesabın qanuni qaydada ödənildiyi müəyyən edilərək inzibati tənbeh vermə haqqında qərar ləğv edilmiş və inzibati xəta haqqında iş üzrə icraata xitam verilmişdir. İddiaçının əmək fəaliyyəti ilə bağlı hər hansı bir nöqsan tutulmadan əmək müqaviləsinin ləğv edilməsinin qanunsuz olması dəlili ilə bağlı məhkəmə qeyd edir ki, işçinin yüksək peşə biliklərinə və müxtəlif sertifikatlara malik olması sınaq müddəti ilə bağlanmış əmək müqaviləsini işəgötürən tərəfindən müəyyən edilmiş tələblərə uyğun gəlmədiyindən işçinin sınaq müddəti ərzində özünü doğrultmaması əsası ilə ləğv edilməsini istisna etmir. Belə ki, işçinin sınaq müddətinin təyin edilməsi işçinin peşəkarlıq səviyyəsini, müvafiq əmək funksiyasını icra etmək bacarığını yoxlamaq məqsədi daşıyır və həmin müddət ərzində işçinin özünü doğrultmaması əsası ilə əmək müqaviləsi ləğv edilərkən əmrin əsaslandırılması ilə bağlı işəgötürənin üzərinə həddən artıq yük qoyulması “sınaq müddəti” institutunun mahiyyəti ilə ziddiyyət təşkil etmiş olardı. Həmçinin bu hal işəgötürənin əmək müqaviləsini sınaq müddəti ilə bağlamaq hüququnu mənasız etmiş olar. Beləliklə, məhkəmə hesab edir ki, iddiaçı ilə əmək müqaviləsi sınaq müddəti şərti ilə bağlandığından, iddiaçı sınaq müddəti ərzində özünü doğrultmadığına görə ləğv edildiyindən, sınaq müddəti ərzində göstərilən əsasla əmək müqaviləsinin ləğv edilməsinin işəgötürənin hüququ olduğundan və əmək müqaviləsi ləğv edilərkən işəgötürən tərəfindən əmək qanunvericiliyinin tələblərinə riayət edildiyindən, eyni zamanda iddiaçı Əmək Məcəlləsinin 52-cü maddəsində göstərilmiş əmək müqaviləsi bağlanarkən sınaq müddəti müəyyən edilməyən şəxslərə aid olmadığından iddia tələbi əsassızdır. Həmçinin məhkəmənin qənaətinə görə, iddiaçının barəsində verilmiş əmrin qanunsuzluğuna dair irəli sürdüyü faktiki hallar onun iddia tələbinin qanuni əsasının dispozisiya şərtləri ilə uzlaşmadığı və əsassız sayıldığı üçün digər, yəni işə bərpa edilmə və məcburi işburaxma müddətinə görə əmək haqqının tutulması tələblərinə hüquqi qiymət verilməsinə zərurət yoxdur. Məhkəmə cavabdeh tərəfin iddiaçının məhkəməyə müraciət üçün iddia müddətinin buraxılmasına dair ərizəsi ilə əlaqədar aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Əmək Məcəlləsinin 296.2-ci maddəsinə əsasən, fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. Həmin Məcəllənin 296.3-cü maddəsinə əsasən isə hüququnun pozulmasının aşkar edildiyi gün, işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi, həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarlarında ifadə olunmuş hüquqi mövqeyə görə, iddia müddəti pozulmuş hüququn müdafiəsinin müddəti kimi bu müddətin axımının başlanmasına səbəb olan subyektiv hüququn pozulması ilə ayrılmaz surətdə bağlıdır. Məhkəmə qabaqcadan iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmaması, subyektiv hüququn pozulub-pozulmaması, cavabdehin bu pozuntunu edib-etməməsi məsələlərini araşdırmadan iddia müddətinin keçməsinə görə iddianı rədd etməkdə haqlı deyil. İddia müddətinin keçməsinə görə iddianı rədd etmiş, lakin subyektiv mülki hüququn pozulması məsələsini həll etməyən məhkəmə aktı daxilən ziddiyyətli və əsassızdır, çünki iddia müddətinin keçməsinə görə məhkəmənin gəldiyi nəticə lazımi əsasa söykənmir. Birinci instansiya məhkəməsində iddia müddətinin tətbiqi ilə bağlı iddiaçı və ya cavabdeh tərəfinin ərizəsi yazılı ərizə formasında təqdim olunmalı və iddia müddətinin keçməsi ilə əlaqədar iddianı rədd edilməsi barədə məhkəməyə ünvanlanmış konkret və əsaslandırılmış xahişi ehtiva etməlidir (L.Bənnətovanın şikayəti üzrə 08 may 2008-ci il tarixli və X.Xəlilovun şikayəti üzrə 16 yanvar 2009-cu il tarixli Qərarlar). İddia müddətinin tətbiqinə dair yuxarıda qeyd edilən Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyindən göründüyü kimi iddia əsaslı olarsa məhkəmələr iddia müddətinin tətbiqi barədə ərizəni nəzərə alaraq iddianın rədd edilməsi barədə qərar qəbul edə bilərlər. İddianın sübut olunmadığı halda iddia müddəti institutunun tətbiqi ehtiyacı aradan qalxır. Məhkəmə hesab edir ki, hazırkı mülki iş üzrə iddiaçının subyektiv hüququnun pozulması müəyyən edilmədiyindən və iddia əsassız olması səbəbi ilə təmin edilmədiyindən iddia müddətinin tətbiqi məsələsinin araşdırılması zərurəti aradan qalxmışdır. Beləliklə, məhkəmə toplanmış sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia tələbinin təmin edilməsi üçün hüquqi əsaslar müəyyən edilmədiyindən İddiaçı Cavabdeh X8rşı əmrin ləğv edilməsi, işə bərpa və məcburi iş buraxma müddəti üçün əmək haqqı tələbinə dair iddiası təmin edilməməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 358 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdehnə qarşı əmrin ləğv edilməsi, işə bərpa və məcburi iş buraxma müddəti üçün əmək haqqı tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nərgiz Tağıyeva
Məhkəmə qərarları › İş №2(005)-4344/2022
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-4344/2022
14.12.2022 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver