Məhkəmə qərarları › İş №2(005)-4356/2022

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-4356/2022

20.12.2022 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-4356/2022 20.12.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Ədilova Solmaz İmran qızının sədrliyi, Əkbərli Samiq Sadiq oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil, Cavabdeh nümayəndəsi X1 iştirakları ilə, İddiaçı Cavabdehnə qarşı “əmrin ləğv edilməsi, işə bərpa və məcburi işburaxmaya görə əmək haqqının ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdehnə qarşı “əmrin ləğv edilməsi və işə bərpa” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2022-ci il tarixli, K-867 nömrəli əmrin ləğv edilməsi və onun Abşeron rayonu Ceyranbatan qəsəbəsi 1 nömrəli tam orta məktəbin direktoru vəzifəsinə bərpa olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, uzun illərdir ki, təhsil sahəsində müəllim (daha sonra direktor) vəzifəsində çalışmaqla yüzlərlə gəncin yüksək səviyyədə təhsil almalarına töhfə vermişdir. 15 mart 2021-ci il tarixdən etibarən Abşeron rayonu Ceyranbatan qəsəbəsi 1 nömrəli tam orta məktəbin direktoru vəzifəsində çalışmışdır. Müəllimlərə verilmiş 56 günlük məzuniyyətdə olduğu vaxt onunla bağlanmış əmək müqaviləsinin xitam olunmasının zəruriliyi bildirilmişdir. Belə ki, Abşeron rayonu Ceyranbatan qəsəbəsi 1 nömrəli tam orta məktəbin direktoru vəzifəsinə təyin olunması ilə bağlı 15 mart 2021-ci il tarixdə onunla müddətli əmək müqaviləsi bağlanmışdır. İddia ərizəsinə əlavə olunan və Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş Elektron İnformasiya Sistemindən əldə edilmiş iş yerinə dair xx.xx.2022-ci il tarixli arayışda onunla bağlanmış əmək müqaviləsinin müddəti 15 mart 2023-cü il tarixinə qədər müəyyən edilmişdir. İddia ərizəsinə əlavə olunan digər “saxta” arayışdan görünür ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş Elektron İnformasiya Sistemindən əldə edilmiş iş yerinə dair xx.xx.2022-ci il tarixli arayışda onunla bağlanmış əmək müqaviləsinin müddəti isə 04 avqust 2022-ci il tarixinə qədər müəyyən edilmişdir. Azərbaycan Respublikasının Elm və Təhsil naziri cənab Emin Əmrullayevin xx.xx.2022-ci il tarixli, K-867 nömrəli əmrinə əsasən Abşeron rayonu Ceyranbatan qəsəbəsi 1 nömrəli tam orta məktəbin direktoru, yəni onunla bağlanmış əmək müqaviləsinə müddətin qurtarmasına görə 01 sentyabr 2022-ci il tarixdə xitam verilmişdir. Yuxarıda göstərilənlərdən müəyyən olunur ki, onunla bağlanmış əmək müqaviləsinin müddətinin bitməsinə uzun müddət qalmasına baxmayaraq, müddətli əmək müqaviləsinin müddəti qəsdən, onun imzası olmadan, müqavilə üzrə iradə ifadəsi olmadan qısaldılmışdır. Daha sonra iddiaçı məhkəməyə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə təqdim edərək, xx.xx.2022-ci il tarixli, K-867 nömrəli əmrin ləğv edilməsi, onun Abşeron rayonu Ceyranbatan qəsəbəsi 1 nömrəli tam orta məktəbin direktoru vəzifəsinə bərpa edilməsi və məcburi işburaxmaya görə əmək haqqının ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Vəkil iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh nümayəndəsi X2 iddianın təmin edilməməsini xahiş etdi. Məhkəmə proses iştirakçılarının izahatlarını, işdə olan sübutları araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan K-240 saylı, xx.xx.2021-ci il tarixli əmrin, əmək müqaviləsinin bağlanması ilə bağlı əmək müqaviləsi bildirişinin və xx.xx.2021-ci il tarixli əmək müqaviləsinin surətindən görünür ki, İddiaçı 15 mart 2021-ci il tarixdən 31 avqust 2021-ci il tarixinədək Abşeron rayonu Ceyranbatan qəsəbəsi 1 nömrəli tam orta məktəbə direktor vəzifəsinə təyin edilmişdir. İş materiallarında olan ki, K-867 saylı, xx.xx.2022-ci il tarixli əmrin və əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişinin surətindən görünür ki, Abşeron rayonu Ceyranbatan qəsəbəsi 1 nömrəli tam orta məktəbin direktoru İddiaçı ilə bağlanmış əmək müqaviləsinə müddətinin qurtarmasına görə 01 sentyabr 2022-ci il tarixdən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən xitam verilmişdir. Əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişi sistemə xx.xx.2022-ci il tarixdə daxil edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş Elektron İnformasiya Sistemi iş yerinə dair xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, Abşeron rayonu Ceyranbatan qəsəbəsi 1 nömrəli tam orta məktəbin direktoru İddiaçı ilə xx.xx.2021-ci il tarixdə bağlanmış əmək müqaviləsinin müddətinin qurtardığı tarix xx.xx.2022-ci il müəyyən edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş Elektron İnformasiya Sistemi iş yerinə dair xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, Abşeron rayonu Ceyranbatan qəsəbəsi 1 nömrəli tam orta məktəbin direktoru İddiaçı ilə xx.xx.2021-ci il tarixdə bağlanmış əmək müqaviləsinin müddətinin qurtardığı tarix xx.xx.2023-cü il müəyyən edilmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, İddiaçı işə bərpa tələbinə dair mübahisə üzrə xx.xx.2022-ci il tarixində, 12:30-dan 12:30-dək saatlarında keçirilməsi nəzərdə tutulan ilkin mediasiya sessiyasında 2-ci tərəf Elm və Təhsil Nazirliyinin nümayəndəsi iştirak etməmişdir. İddiaçı və AR Elm və Təhsil Nazirliyi ilkin mediasiya sessiyasının tarixi və yeri barədə 7-8 gün əvvəlcədən məlumatlandırılmışdır. İddiaçı nümayəndəsi Vəkil ilkin mediasiya sessiyasında iştirak etmiş, AR Elm və Təhsil Nazirliyinin nümayəndəsi ilkin mediasiya sessiyasında iştirak etməmişdir. İş materiallarında olan K-347 saylı, xx.xx.2022-ci il tarixli intizam tənbehinin tətbiq edilməsi barədə əmrin surətindən görünür ki, Abşeron rayonu Ceyranbatan qəsəbəsi 1 nömrəli tam orta məktəbin direktoru İddiaçı əmək funksiyalarını keyfiyyətsiz yerinə yetirməsinə, əmək müqaviləsi ilə müəyyənləşdirilmiş vəzifələrin icrasına səhlənkar yanaşmasına görə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 186-cı maddəsinin “a” bəndinə əsasən töhmət verilmişdir. İş materiallarında olan əmək müqaviləsində dəyişiklik edilməsi ilə bağlı əmək müqaviləsi bildirişinin surətindən görünür ki, Abşeron rayonu Ceyranbatan qəsəbəsi 1 nömrəli tam orta məktəbin direktoru İddiaçı ilə xx.xx.2021-ci il tarixdə bağlanmış əmək müqaviləsinin qurtardığı tarix xx.xx.2022-ci il müəyyən edilmişdir (əvvəlki tarix xx.xx.2023). Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Məhkəmə iclasında müəyyən edilmişdir ki, İddiaçı Azərbaycan Respublikasının Elm və Təhsil Nazirinin K-240 saylı, xx.xx.2021-ci il tarixli əmri ilə Abşeron rayonu Ceyranbatan qəsəbəsi 1 nömrəli tam orta məktəbin direktoru vəzifəsinə təyin edilmişdir. K-867 saylı, xx.xx.2022-ci il tarixli əmrə əsasən Abşeron rayonu Ceyranbatan qəsəbəsi 1 nömrəli tam orta məktəbin direktoru İddiaçı ilə bağlanmış əmək müqaviləsinə müddətinin qurtarmasına görə 01 sentyabr 2022-ci il tarixdən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən xitam verilmişdir. İnsan hüquqlarına dair Ümumi Bəyannamənin 23-cü maddəsinin İ, İİ və İİİ hissələrinə əsasən hər bir şəxsin əmək, sərbəst iş yeri seçmək, ədalətli və münasib iş şəraiti və işsizlikdən müdafiə hüququ vardır, heç bir ayrı seçkilik olmadan eyni iş üçün eyni əmək haqqı almaq hüququna malikdir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin: 43-cü maddəsinin 2-ci hissəsinin “d” bəndinə əsasən əmək müqaviləsinin müddəti əmək müqaviləsində mütləq göstərilməlidir. 45-ci maddəsinin 1-ci hissəsinə əsasən əmək müqaviləsi müddətsiz və ya müddətli bağlanılır. Müddətli əmək müqaviləsi tərəflərin razılaşdığı müddətə bağlanılır. 46-cı maddəsinin 6-cı hissəsinə əsasən əmək müqaviləsinə dəyişikliklər yalnız tərəflərin razılığı ilə edilir. Razılaşdırılmış dəyişikliklər əmək müqaviləsinə daxil edilir. Həcmcə çox olduğuna görə dəyişiklikləri əmək müqaviləsinə daxil etmək mümkün olmadıqda ilkin əmək müqaviləsi yenidən tərtib edilir, yaxud həmin dəyişikliklər ayrılıqda tərtib edilib təsdiqlənirlər. 49-cu maddəsinin 1-ci hissəsinə əsasən bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi və bu maddənin 1-2-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək müqaviləsinin bağlanılması, ona dəyişiklik edilməsi və ya xitam verilməsi bununla bağlı elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin həmin elektron informasiya sistemində qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra hüquqi qüvvəyə minir. 68-ci maddəsibib 2-ci hissəsinin “b” bəndinə əsasən əmək müqaviləsinin müddətinin qurtarması əmək müqaviləsinə xitam verilməsi üçün əsasdır. 73-cü maddəsinin 1-ci hissəsinə əsasən müddətli əmək müqaviləsinin müddəti qurtardıqda xitam verilir. Bu Məcəllənin 45-ci maddəsinin beşinci hissəsi nəzərə alınmaqla, müddətli əmək müqaviləsində göstərilən müddət qurtardıqda əmək münasibətləri davam etdirilərsə və müddət bitdikdən sonrakı bir həftə ərzində tərəflərdən heç biri müqaviləyə xitam verilməsini tələb etmirsə, həmin əmək müqaviləsi əvvəl müəyyən olunmuş müddətə uzadılmış hesab olunur. 76-cı maddəsinin 2-ci hissəsinə əsasən əmək müqaviləsinə eyni zamanda iki və daha artıq əsasla, həmçinin qanunvericilikdə nəzərdə tutulmayan əsasla, habelə bu Məcəllə ilə müəyyən edilmiş əmək müqaviləsinin ləğv edilməsi qaydalarına əməl olunmadan xitam verilə bilməz. 83-cü maddəsinin 1-ci hissəsinə əsasən əgər işçi ilə bağlanmış əmək müqaviləsində onun ləğv edilməsinin sənədləşdirilməsi barədə bu fəsildə müəyyən edilmiş qaydalardan fərqli olan başqa qaydalar nəzərdə tutulmayıbsa, onda istər işçi, istərsə işəgötürən tərəfindən və istərsə də tərəflərin iradəsindən asılı olmayan hallarda bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslara və qaydalara müvafiq olaraq əmək müqaviləsinin ləğv edilməsi işəgötürənin əsaslandırılmış əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilməlidir. 83-cü maddəsinin 2-ci hissəsinə əsasən əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) onun tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Bu əmrin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqqhesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir. Məhkəmə qeyd edir ki, ilkin olaraq hazırki mübahisə üzrə İddiaçı işdən çıxarılmasına əsas olan Azərbaycan Respublikasının Elm və Təhsil Nazirinin xx.xx.2022-ci il tarixli, K-867 saylı əmrinin qanuniliyi yoxlanılmalıdır. Yuxarıda göstərildiyi kimi, iddiaçı ilə əmək müqaviləsi Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən ləğv edilmişdir. Bununla da Azərbaycan Respublikasının Əmək Məcəlləsinin tələbləri pozulmuşdur. Qanunvericiliyin tələblərindən göründüyü kimi, iddiaçının əmək müqaviləsinə xitam verilməsinin səbəbi kimi göstərilən müqavilənin müddətinin qurtarması şərtdir. Məhz sadalanan halın mövcudluğu əmək müqaviləsinə xitam verilməsinə yol aça bilər. Məhkəmə hesab edir ki, iddiaçının əmək müqaviləsinə Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndi ilə xitam verilərkən yuxarıda qeyd olunan halın mövcud olması arqumenti əsaslı hesab edilə bilməz. Belə ki, qanunvericiliyin tələbinə əsasən əmək müqaviləsinə xitam verilməsi bununla bağlı elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin həmin elektron informasiya sistemində qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra hüquqi qüvvəyə minir. İş materiallarında olan əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişindən isə görünür ki, iddiaçı ilə bağlanmış əmək müqaviləsinə müddətinin qurtarmasına görə 01 sentyabr 2022-ci il tarixdən xitam verilsə də, bildiriş elektron informasiya sisteminə xx.xx.2022-ci il tarixdə daxil edilmişdir. Yəni, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 49-cu maddəsinin 1-ci hissəsinə əsasən tərəflər arasında əmək müqaviləsinə xitam verilməsi xx.xx.2022-ci il tarixdən deyil, 11 gün sonra, yəni xx.xx.2022-ci il tarixdən hüquqi qüvvəyə mindiyindən, tərəflər üçün əmək müqaviləsinə xitam verilməsi ilə bağlı hüquqi nəticələr də xx.xx.2022-ci il tarixdən yaranmışdır. Digər tərəfdən, qanunvericiliyin yuxarıda qeyd olunan tələblərinə əsasən müddətli əmək müqaviləsinin müddəti qurtardıqda əmək münasibətləri davam etdirilərsə və müddət bitdikdən sonrakı bir həftə ərzində tərəflərdən heç biri müqaviləyə xitam verilməsini tələb etmirsə, həmin əmək müqaviləsi əvvəl müəyyən olunmuş müddətə uzadılmış hesab olunur. Göründüyü kimi, müqavilə müddəti bitdikdən sonrakı bir həftə ərzində cavabdeh tərəfindən müqaviləyə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişi elektron informasiya sisteminə yerləşdirilmədiyindən, əmək müqaviləsinə xitam verilməsi barədə əmr hüquqi qüvvəyə minməmiş, əmək münasibətləri davam etdirilmişdir. Bununla da, tərəflər arasında bağlanmış əmək müqaviləsi əvvəl müəyyən olunmuş müddətə uzadılmış hesab olunmuşdur ki, həmin müqavilənin qüvvədə olduğu müddətdə cavabdeh tərəfindən əmək müqaviləsinə müqavilənin müddətinin bitməsi əsası ilə xitam verilməsi qanunsuz olmuşdur. Qeyd edilənlərdən əlavə, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş Elektron İnformasiya Sistemi iş yerinə dair xx.xx.2022-ci il tarixli arayışda iddiaçı ilə xx.xx.2021-ci il tarixdə bağlanmış əmək müqaviləsinin müddətinin qurtardığı tarix xx.xx.2023-cü il, xx.xx.2022-ci il tarixli arayışda isə xx.xx.2022-ci il müəyyən edilmişdir. Lakin cavabdeh tərəf əmək müqaviləsinin qurtardığı tarixin xx.xx.2023-cü il tarixdən xx.xx.2022-ci il tarixə dəyişdirilməsi barədə iddiaçının razılığının olub-olmamasına dair məhkəməyə sübut təqdim etməmişdir. Bununla da, cavabdeh əmək müqaviləsinə birtərəfli qaydada dəyişiklik etməklə əmək qanunvericiliyinin yuxarıda sadalanan tələbini pozmuşdur. Qeyd edilməlidir ki, bu kateqoriya mübahisələrdə iddiaçının irəli sürdüyü tələblərin əksini sübutetmə yükü iqtisadi baxımdan işçidən daha güclü mövqedə olan işəgötürənin üzərinə düşür, digər tərəfdən əmək və icra intizamı ilə əlaqədar bütün sənədləşdirmələr işəgötürən tərəfindən aparıldığı üçün müvafiq sənədlər də onda olur. Hazırki əmək mübahisəsindən və iş materiallarından göründüyü kimi iddiaçının tələblərini təkzib edəcək hər hansı mötəbər sübutlar mövcud deyil. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1 və 88-ci maddələrinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Beləliklə məhkəmə hesab edir ki, Cavabdeh ilə iddiaçı arasında bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndi ilə xitam verilməsi barədə Azərbaycan Respublikasının Elm və Təhsil Nazirinin xx.xx.2022-ci il tarixli, K-867 saylı əmri qanuni hesab edilə bilməz. Bu səbəbdən məhkəmə hesab edir ki, həmin əmr ləğv edilməli və iddiaçı əvvəlki iş yerinə bərpa edilməlidir. Məhkəmə həmçinin hesab edir ki, cavabdeh tərəfindən qəbul edilmiş xx.xx.2022-ci il tarixli, K-867 saylı əmrin ləğv edilməsi hissəsində tələb əsaslı hesab edildiyindən və iddiaçı əvvəlki iş yerinə bərpa olunduğundan, iddia tələbi məcburi işburaxmaya görə iddiaçıya əmək haqqının ödənilməsi hissəsində də təmin edilməlidir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 300-cü maddəsinin 1-ci hissəsinə əsasən əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Azərbaycan Respublikasının Elm və Təhsil Nazirinin xx.xx.2022-ci il tarixli, K-867 saylı əmri ləğv edilsin və İddiaçı əvəlki vəzifəsinə bərpa olunsun. Cavabdeh tərəfindən İddiaçı məcburi işburaxma müddəti üçün əmək haqqı ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Solmaz Ədilova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar