Məhkəmə qərarları › İş №2(005)-4374/2021

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qiyabi qətnamə — İş №2(005)-4374/2021

10.11.2021 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-4374/2021 10.11.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Vüqar Şahbaz oğlunun sədrliyi, Fətəlizadə Rufanə Xıdır qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “mənzilə köçürülmə” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh qarşı “mənzilə köçürülmə” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun iki uşağı ilə birlikdə Bakı şəhəri, Nərimanov rayonu, Əliyar Əliyev küçəsi, ev 1 ünvanında yerləşən ümumi sahəsi 60.6 kv.m olan iki otaqlı 44 saylı mənzilə köçürülmələri barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, 24.04.2004-cü il tarixdə cavabdeh ilə rəsmi nikah qeyd etdirərək evlənmiş və birgə yaşadıqları dövrdə 2005-ci il və 2010-cu il tarixdə iki uşaqları doğulmuşdur. Evləndikdən sonra bir müddət cavabdehin valideynlərinin evində yaşamış, sonra isə ünvan 1 ünvanında yaşayış sahəsi əldə edərək orda yaşamışlar. 2017-ci ildə yaşadıqları ünvanda yerləşən köhnə yararsız binanın sökülüb yerində yeni bina inşa edilməsi ilə əlaqədar olaraq "xxxx" MMC ilə cavabdeh arasında müqavilə bağlanmış, ailəyə yeni inşa edilmiş binada ümumi sahəsi 60.6 kv.m olan iki otaqlı 44 saylı mənzil verilmişdir. Bir müddət bir yerdə yaşasalar da, cavabdehin ailəyə olan laqeyd münasibəti nəticəsində aralarında narazılıqlar yaranmış və cavabdehin təşəbbüsü ilə nikah pozulmuşdur. Hazırda birgə nikah dövründə əldə edilmiş yaşayış sahəsi olmasına baxmayaraq, iki uşağı ilə birlikdə valideynlərinin evində yaşamağa məcburdur. Məhkəmə iclasında iştirak etmiş İddiaçı iddia tələbini müdafiə etmiş və qiyabi qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə baxışı iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdeh məhkəmə baxışı iclasına gəlməmiş, məhkəmə iclasında səlahiyyətli nümayəndəsi vasitəsilə təmsil olunmamışdır. Cavabdeh vəkili X4 29.09.2021-ci il tarixli məhkəmə iclasında iddiaya münasibət bildirməmişdir. Məhkəmə iddiaçının işə qiyabi icraat qaydasında baxılmasına dair ərizəsini və cavabdehin lazımi qaydada xəbərdar edilmiş hesab olunmasına baxmayaraq, məhkəmə iclasına gəlməməsini nəzərə alaraq Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 238.1-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan qiyabi icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəfin izahatını dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia qiyabi icraat qaydasında təmin edilməlidir. Belə ki, iş materiallarında olan; AZE seriyalı ******** nömrəli Şəxsiyyət Vəsiqəsinin surətindən görünür ki, İddiaçı ünvan 2 ünvanında qeydiyyatdadır. AZE seriyalı 10568903 nömrəli Şəxsiyyət Vəsiqəsinin surətindən görünür ki, X2 ünvan 2 ünvanında qeydiyyatdadır. AZE seriyalı 10568903 nömrəli Şəxsiyyət Vəsiqəsinin surətindən görünür ki, X3 ünvan 2 ünvanında qeydiyyatdadır. "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 24.06.2017-ci il tarixli, 33/2017 saylı müqavilədən görünür ki, Cəmiyyət Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25.02.2016-cı il tarixli 86 saylı Qərarına əsasən “Nərimanov rayonu ərazisində qəzalı vəziyyətdə olan binaların sökülərək, yerində müasir tələblərə uyğun yenilərinin tikilməsi və qəzalı vəziyyətdə olan binalarda yaşayan sakinlərin mənzil-məişət şəraitinin yaşxılaşdırılması məqsədi ilə” Bakı şəhəri, Nərimanov rayonu, Ə.Əliyev küçəsi, ev 1 ünvanında yerləşən, yaşayış üçün təhlükəli vəziyyətdə olan 2 mərtəbəli, 2- mənzilli yaşayış binasının söküntüsünü, eləcə də həmin ərazidə yeni hündürmərtəbəli yaşayış binasının tikintisini həyata keçirir və eyni zamanda mülkiyyətçinin söküntüsü nəzərdə tutulan binada mülkiyyətdə olan 47.7 kv.m ibarət 2 otaqlı mənzilin Dövlət Reyestrində çıxarışda göstərilmiş ümumi sahəsi 20% əlavə etməklə tikiləcək binanın 1-ci girişində 60.6 kv.m ibarət 9-cu mərtəbədə, 2 otaqlı, 44 saylı təmirli məznili mülkiyyətçinin sərəncamına verməyi öhdəsinə götürmüşdür. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-155/2021 saylı, 08.02.2021-ci il tarixli qətnaməsindən görünür ki, İddiaçı ilə Cavabdeh arasında Yasamal rayon VVAD şöbəsi tərəfindən 24.04.2004-cü il tarixdə 280 saylı akt qeydi ilə bağlanmış nikah qeydinin ləğv edilməsi qət edilmişdir. “Normativ hüquqi aktlar” haqqında Azərbaycan Respublikası Konstitusiyası Qanununun 13.1-ci maddəsinin tələbinə görə, konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadığı hallarda hüququn analogiyasından və ya qanunun analogiyasından istifadə oluna bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 11.1-ci maddəsinə əsasən mülki hüquq münasibətləri mülki qanunvericiliklə və ya tərəflərin razılaşması ilə birbaşa tənzimlənmədikdə və onlara tətbiq edilə bilən işgüzar adət olmadıqda həmin münasibətlərə, əgər bu, onların mahiyyətinə zidd deyildirsə, oxşar münasibətləri tənzimləyən mülki qanunvericilik normaları tətbiq edilir (qanunun analogiyası). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 13.4-cü maddəsinə görə barəsində mübahisə edilən hüquq münasibətlərini tənzimləyən hüquq norması olmadıqda, məhkəmə analoji münasibətləri tənzimləyən hüquq normalarına müraciət edir. Azərbaycan Respublikası Konstitusiyası Məhkəməsi Plenumunun R.Ağalarovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının 31 mart 2006-cı il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 26 sentyabr 2007-ci il tarixli qərarında Konstitusiya Məhkəməsinin Plenumu yekun hüquqi mövqeyini belə ifadə etmişdir ki, ümumi yurisdiksiyalı məhkəmələr tərəfindən mənzil qanunvericiliyində normanın olmamasına görə iddianın rədd olunması və konkret mübahisənin həllindən faktiki imtina edilməsi yolverilməzdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Məhkəmə baxışında tədqiq edilmiş sübutlarla müəyyən edilmişdir ki, İddiaçı Cavabdeh ilə 24.04.2004-cü il tarixdə rəsmi nikaha daxil olmaqla ailə qurmuşdur. Birgə nikahdan iki uşaq doğulmuşdur. Ailə qurduqları vaxtdan əri ilə birgə təsərrüfat aparmış və hər ikisi də birgə çalışaraq birgə maddi vəsait hesabına ünvan 1 ünvanında yerləşən mənzili almışlar. Sonradan ünvan 1 ünvanında yerləşən mənzil sökülüb yerində yeni bina inşa edilməsi ilə əlaqədar olaraq "xxxx" MMC ilə cavabdeh arasında müqavilə bağlanmış, ailəyə yeni inşa edilmiş binada ümumi sahəsi 60.6 kv.m olan iki otaqlı 44 saylı mənzil verilmişdir. Bir müddət bir yerdə yaşasalar da, sonradan aralarında narazılıqlar yaranmış və cavabdehin təşəbbüsü ilə nikah pozulmuşdur. Hazırda iddiaçı birgə nikahdan olan uşaqları ilə valideynlərinin yanında yaşayır. Məhkəmə, qanunvericilikdə özbaşına tikililərə dair mübahisələri həll etmək üçün birbaşa tədbiq edilən maddi hüquq normalarının olmadığını, mübahisəli hüquq münasibətlərinin 2004-cü il tarixdə yarandığını nəzərə alaraq belə nəticəyə gəlir ki, hazırki mübahisəyə 01 oktyabr 2009-cu il tarixədək qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəlləsinin aşağıda qeyd olunan maddi hüquq normaları analogiya üzrə tədbiq edilməlidirlər. Belə ki, həmin Məcəllənin 53-cü maddəsinin birinci hissəsinə əsasən icarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsini icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər. Həmin maddənin üçüncü hissəsinə əsasən icarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər. Həmin maddənin dördüncü hissəsinə görə, bu maddənin üçüncü hissəsində göstərilən vətəndaşlar icarədarın ailə üzvləri sırasından çıxıb onun yaşayış sahəsində yaşamaqda davam etdikdə, icarədarın və onun ailə üzvlərinin eyni hüquq və vəzifələrinə onlar da malik olurlar. Qeyd olunan Mənzil Məcəlləsinin 54-cü maddəsinin birinci hissəsinə əsasən icarədar özü ilə birlikdə yaşayan ailə üzvlərinin razılığı ilə öz arvadını (ərini), uşaqlarını, valideynlərini, habelə başqa şəxsləri yaşadığı sahəyə müəyyən edilmiş qaydada köçürmək ixtiyarına malikdir. Həmin maddənin ücüncü hissəsinə əsasən icarədar və onunla yaşayan ailə üzvləri arasında başqa saziş olmamışsa, bu maddəyə uyğun olaraq yaşayış sahəsinə köçmüş şəxslər həmin yaşayış sahəsindən burada yaşayan digər şəxslərlə bərabər surətdə istifadə etmək hüququ əldə edirlər. Bundan əlavə, Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinə əsasən heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 27.1-ci maddəsinə əsasən fiziki şəxsin adətən yaşadığı yer onun yaşayış yeri sayılır. Şəxsin bir neçə yaşayış yeri ola bilər. Qanunvericiliyin yuxarıda göstərilən maddi hüquq normalarının tələblərindən göründüyü kimi iddiaçının həmin mənzilə köçürülməsi barədə tələbi əsaslıdır. İddiaçının tələbindən də göründüyü kimi iddia edilən mənzilin hər hansı hüquqmüəyyənedici sənədləri yoxdur. Həmin mənzil əmlak kimi dövlət reyestrində qeydiyyatı aparılmamışdır. Digər tərəfdən yaşayış qaydalarının müəyyən edilməsi üçün mənzilin plan-sxemi mövcud deyildir. Bununla belə həmin yaşayış sahəsi sökülərək "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 24.06.2017-ci il tarixli, 33/2017 saylı müqaviləyə əsasən Bakı şəhəri, Nərimanov rayonu, Ə.Əliyev küçəsi, ev 1 ünvanında yerləşən, yaşayış üçün təhlükəli vəziyyətdə olan 2 mərtəbəli, 2- mənzilli yaşayış binasının söküntüsünü, eləcə də həmin ərazidə yeni hündürmərtəbəli yaşayış binasının tikintisini həyata keçirir və eyni zamanda mülkiyyətçinin söküntüsü nəzərdə tutulan binada mülkiyyətdə olan 47.7 kv.m ibarət 2 otaqlı mənzilin Dövlət Reyestrində çıxarışda göstərilmiş ümumi sahəsi 20% əlavə etməklə tikiləcək binanın 1-ci girişində 60.6 kv.m ibarət 9-cu mərtəbədə, 2 otaqlı, 44 saylı təmirli mənzili mülkiyyətçinin sərəncamına verməyi öhdəsinə götürmüşdür. Cavabdeh tərəfindən "xxxx" MMC tərəfindən Cavabdeh yeni mənzil verilməsinə əsas olmuş, yəni tərəflərə münasibətdə hüquqi statusu müəyyən edilməsi mümkün olmayan 47.7 kv.m ibarət 2 otaqlı mənzilin birgə nikah dövründə alınıb-alınmaması ilə bağlı sübutlar cavabdeh tərəfindən təqdim edilmədiyindən, habelə Cavabdeh ilə "xxxx" MMC arasında hansı sənədlərə əsasən yeni mənzillə bağlı müqavilə bağlanmasına dair cavabdeh tərəfindən sübut təqdim edilmədiyindən, belə sübutun təqdim edilməsi iddiaçının imkanı xaricində olduöundan məhkəmə təqdim edilmiş sübutlar əsasında iddiaya hüquqi qiymət verilməsini məqbul hesab etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76.1-ci və 76.2-ci maddələrinin mənasına görə işdə iştirak edən şəxslərin izahatları sübutların bir növü kimi qəbul olunur. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə itirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-nin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar məsrəflərdən ibarətdir. Hazırkı iş üzrə çəkilmiş məhkəmə xərcləri Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli, yəni iddiaçı tərəfindən dövlət rüsumu kimi ödənilmiş 10 (on) manat məbləğində pulun 5 manat məbləğində olan hissəsi cavabdehdən iddiaçının xeyrinə tutulmalı, qalan 5 manat isə iddiaçıya aid edilməlidir. Beləliklə, məhkəmə belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməli, İddiaçı ünvan 3 ünvanında yerləşən evə köçürülməli, iddia qalan hissədə təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 358, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. İddiaçı ünvan 4 ünvanında "xxxx" MMC tərəfindən 16 mərtəbəli yeni inşa edilmiş binanın 9-cu mərtəbəsində, 60.6 kv.m sahədən ibarət, 2 otaqlı Cavabdeh məxsus 44 saylı mənzilə köçürülsün. Cavabdeh 5 manat məbləğində dövlət rüsumu İddiaçı xeyrinə tutulsun. Cavabdeh qiyabi qətnamənin ona rəsmi qaydada verilməsindən sonra 10 gün müddətində həmin qətnamənin ləğvi üçün Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə ərizə verə bilər. Qiyabi qətnamədən tərəflər, bu qətnamənin ləğvi üçün ərizə verilməsi və ona baxılması müddəti bitdikdən sonra 1 ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Vüqar Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar