Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-4411/2021 08.10.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Novruzova Aytən Nazim qızının sədrliyi Məhkəmə iclasının katibi X1, İddiaçı nümayəndəsi və vəkili Vəkil, Cavabdeh MMC-nin nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı Cavabdeh MMC-yə qarşı “mülkiyyətdən istifadə edilməsinə yaradılmış maneələrin aradan qaldırılması və pul“ tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh MMC-yə qarşı “mülkiyyətdən istifadə edilməsinə yaradılmış maneələrin aradan qaldırılması və pul“ tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh “Ailə Park" MTK-nın Bakı şəhəri, Nərimanov rayonu, İ.Hləsənoğlu küçəsində söküntü-tikinti işlərin həyata keçirmələrini, əmlakının məhv etmələrini, binaya daxil olmanın, gediş-gəlişini çətinləşdirməsinin, binaların bünövrələrini zədələməsini, mənzilə dair istifadə hüquqlarının həyata keçirilməsinə mane olmalarını, mülkiyyətində olan Bakı şəhəri, Nərimanov rayonu, Həsənoğlu küçəsi, ev 14, 6 saylı mənzilin sökülməsinin, onlarla müqaviləni zorla bağlamağı tələb edən, hədəqorxu təşkil edən hərəkətlərinin qadağan edilməsi öhdəliyinin qoyulması və vurulmuş mənəvi ziyana görə Cavabdeh MTK-dan 100 000 (yüz min manat) tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini iddia tələbini onunla əsaslandırmışdır ki, “Ailə Park" MTK adlı bir tikinti şirkəti yaşadıqları binanı hasara alaraq ərazidə söküntü işlərinə başlamışdır. İddiaçı 17.05.2021 -ci il tarixdə həmin tikinti şirkətinə ərizə ilə müraciət edərək, tərəflərindən mənzil mülkiyyətçiləri ilə qarşılıqlı razılıq əldə elmədən, əhalini tam köçürmədən söküntü-tikinti işləri aparılmaları qanunsuz olduğunu, o cümlədən, bir sırada yerləşən qonşu binaları texniki-təhlükəsizlik və ekoloji normalara uyğun sökmədikləri üçün, eləcə hazırda həyata keçirdikləri tikinti işləri tikinti-şəhərsalma normalarından kənar həyata keçirildiklərini bildirirək, işlərin dərhal dayandırılmasını tələb etməklərinə baxmayaraq, yaşadığı binanın ətrafına dəmir dirəklər basdırılmış, mənzilə giriş- çıxışa maneələr yaratmış və həmçinin ona və ailəsinə psixoloji təzyiqlər edilməsinə başlanılmışdır. Belə ki, “Ailə Park" MTK tərəfindən 20.05.2021 -ci il tarixlərdə adına bildiriş göndərərək, ofisə yaxınlaşıb müqavilə bağlanılmasını ondan tələb etmişlər. Göründüyü kimi, rəsmi qaydada hədələyərək, müqavilə bağlamağını tələb edirlər.Hal-hazırda “Ailə Park" MTK tərəfindən heç bir texniki təhlükəsizlik qaydalarına əməl edilmir, həyatları ciddi təhlükə qarşısındadır.Sakinlərin hamısı ilə razılıq əldə edilmədən, ərazidə yaşayan əhalini tam köçürmədən söküntü işləri aparmaları olduqca təhlükəli vəziyyət yaratmışdır. Üstəlik onları hədələməkdə, təhdid etməkdə, zorla gəlib müqavilə bağlamağı tələb etməkdədirlər.Hesab edilir ki, ərazidə olan yaşayış və qeyri-yaşayış sahələri tam köçürülmədən, mülkiyyətçilərlə müqavilələr bağlanmadan, tikintidə təhlükəsiz qaydalarına əməl etmədən (yeri gəlmişkən mətbuatda da bu barədə kifayət qədər məlumatlar yayılmışdır) insanların əmlaklarını məhv etmək, gediş-gəlişini çətinləşdirmək, binaların bünövrələrini zədələmək, söküntütikinti işləri rnövcüd tikinti-təhlükəsizlik, şəhərsalma normalarına zidd aparmaq, sakinləri yazılı qaydada hədələmək kimi qanunsuz hallara son qoyulmalı, “Ailə Park" MTK tərəfindən Bakı şəhəri, Nərimanov rayonu, Həsənoğlu küçəsində söküntü-tikinti işləri dərhal, qeyd-şərtsiz dayandırmalı, pozulmuş hüquqlarımız bərpa edilməlidir.O cümlədən, iddiaçıya və ailə üzvlərinə gəldikləri hədəqorxuya görə, yaşadıqları iztirab, əsəb, gərginliyə görə, sağlamlıqlarına vurduqları ziyana görə 100 000 manat məbləğində mənəvi ziyan tutulub ödənilməlidir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili Vəkil iddia tələbinin dəlillərinə uyğun izahat verərək, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh MMC-nin nümayəndəsi Nümayəndə iddianı qəbul etməyərək, iddianın rədd olunmasını xahiş etmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, mülki işin sənədlərini araşdırıb, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia rədd edilməlidir. Belə ki, mülki işin materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən **********32-05101-093031 nömrəli çıxarışın surətinə əsasən Bakı şəhəri, Nərimanov rayonu, Həsənoğlu küçəsi, ev 14 nömrəli yaşayış sahəsi xüsusi mülkiyyət hüququ kimi İddiaçı oğlunun istifadəsindədir; Nərimanov Rayon Məhkəməsinin 01.09.2021-ci il tarixli, e-2(005)-3728/2021 nömrəli qətnaməsinin sürətindən görünürki,İddiaçı yaşayış sahəsi təmin olunanadək hər ay 500 azn pul verilməsi və yeni tikilən binadakı mənzilin 2 il müddətinə təhvil verilməsi barədə qərar qəbul edilmişdir. 02.06.2021-ci il tarixli ödəniş qəbzinə əsasən iddiaçı Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsində iddia qaldırmaq üçün 30 manat məbləğində dövlət rüsumu ödəmişdir. Hazırda iddiaçı «xüsusi mülkiyyət hüququ ilə ona məxsus olan yaşayış sahəsindən istifadəyə dair maneələrin aradan qaldırılması» tələbini irəli sürmüşdür. Məhkəmə hazırki vəziyyətdə iddiaçının mülkiyyət hüquqlarının pozulub-pozulmamasına qiymət verilməsini zəruri hesab edir. Məhkəmə ilk olaraq qeyd edir ki, iddiaçı tərəf onun mülkiyyətində olan Bakı şəhəri, Nərimanov rayonu, Həsənoğlu küçəsi, ev 14, 6 saylı mənzilə Cavabdeh MMC tərəfindən maneə yaradılması, hər hansı müdaxilə olunmasına dair məhkəməyə hər hansı sübut təqdim etməmişdir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən mülkiyyətdən insan və vətəndaş hüquqları və azadlıqları, cəmiyyətin və dövlətin mənafeləri, şəxsiyyətin ləyaqəti əleyhinə istifadə edilə bilməz; Konstitusiyanın 29-cu maddəsinə görə isə, mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Dövlət ehtiyacları və ya ictimai ehtiyaclar üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasına əlavə 1 saylı Protokolun 1-ci maddəsinə əsasən “hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Yuxarıdakı müddəalar dövlətin, ümumi maraqlara müvafiq olaraq, mülkiyyətdən istifadəyə nəzarəti həyata keçirmək üçün, yaxud vergilərin və ya digər rüsum və ya cərimələrin ödənilməsini təmin etmək üçün zəruri hesab etdiyi qanunları yerinə yetirmək hüququnu məhdudlaşdırmır”. 1 saylı Protokolun 1-ci maddəsi üç müxtəlif normadan ibarətdir: birinci abzasın birinci cümləsində təsbit olunan birinci norma ümumi xarakterlidir və mülkiyyətdən maneəsiz istifadə prinsipini bəyan edir; birinci abzasın ikinci cümləsində təsbit olunan ikinci norma mülkiyyətdən məhrum edilməni əhatə edir və onu müəyyən şərtlərlə şərtləndirir; nəhayət, ikinci abzasda bəyan edilən üçüncü norma təsdiq edir ki, iştirakçı dövlətlər ümumi maraqlara müvafiq olaraq mülkiyyətdən istifadəyə nəzarəti və digər tədbirləri həyata keçirmək hüququna malikdirlər. İkinci və üçüncü normalar mülkiyyətdən maneəsiz istifadə hüququna edilən konkret müdaxilə nümunələri ilə bağlıdır, buna görə də onlar birinci normada bəyan edilən ümumi prinsip baxımından şərh olunmalıdır (Ceyms və başqaları Birləşmiş Krallğa qarşı iş). Avropa Məhkəməsinin presedent hüququna əsasən, müdaxilə - “qanunla nəzərdə tutulmuş şərtlərə” uyğun olaraq həyata keçirilməli; “ictimai marağa” uyğun olmalı və mülkiyyətçinin hüquqları və cəmiyyətin maraqları arasında “ədalətli tarazlığı” müəyyən etməlidir. Məhkəmənin qənaətinə görə, iddiaçının mülkiyyətinə edilən müdaxilə hər üç qiymətləndirmə meyarı baxımından əsaslı olmuşdur. Məhkəmə onu da qeyd edir ki, Mülki Məcəllənin 16.1-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir. Həmin Məcəllənin 5.3-cü maddəsində mülki hüquq münasibətlərinin subyektlərinin öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borclu olduqları, 152.6-cı maddəsində hüquqdan sui-istifadənin mülkiyyətdən başqalarına ziyan vuran şəkildə istifadə olduğu təsbit edilmişdir. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi 21 dekabr 2012-ci il tarixli qərarında qeyd etmişdir ki, Konstitusiyanın 13-cü maddəsinin İİİ hissəsindən və 71-ci maddəsinin İİ hissəsindən irəli gələn və Mülki Məcəllənin 16-cı maddəsində təsbit olunmuş mülki qanunvericiliyin mühüm prinsiplərindən biri olan hüquqlardan sui-istifadənin yolverilməzliyi prinsipi hüququn digər sahələrində olduğu kimi ilk növbədə iki əsas cəhəti nəzərdə tutur: zərərin vurulması və qanunvericinin müəyyən etdiyi məqsədlərə zidd şəkildə hüquqdan istifadə edilməsi. Əksinə hazırki vəziyyətdə iddiaçı öz hüquqlarından sui-istifadə edərək, ünvan 1 ünvanında yerləşən xüsusi mülkiyyət hüququ ilə ona məxsus olan yaşayış sahəsindən istifadəyə dair maneələrin aradan qaldırılmasını tələb edir. Halbuki, Mülki Məcəllənin 560.1-ci maddəsinə görə mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Həmin Məcəllənin 560.2-ci maddəsinə görə hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. Məhkəmə araşdırılması zamanı müəyyən edilir ki, hazırki vəziyyətdə iddiaçını yaşadığı mənzildə heç bir riskli və təhlükəli hal aşkar edilməmişdir. Mənzildən istifadə hüquqları pozulmamışdır və mənzilə giriş-çıxışda maneələr olmadığı aşkar olunmuşdur. Buna görə də iddia tələbi rədd olunmalıdır. İddia ərizəsinin “mənəvi zərərin ödənilməsi” tələbi “maneələrin aradan qaldırılması” tələbinin törəmə tələbi olduğundan, əsas tələb təmin edilmədiyindən, ondan törənmiş tələb də təmin edilə bilməz. Ona görə də, iddia tələbi “100 000 manat mənəvi zərərin tutulması” hissəsində də təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə itirak edən şəxslərə aid edilir; 217.4-ci maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin119-cu və 216-220cimaddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı X2 Cavabdeh MMC-yə qarşı “mülkiyyətdən istifadə edilməsinə yaradılmış maneələrin aradan qaldırılması və mənəvi zərər“ tələbinə dair iddia tələbi rədd olunsun. Ödənilmiş dövlət rüsumları iddiaçıya aid edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Aytən Novruzova
Məhkəmə qərarları › İş №2(005)-4411/2021
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-4411/2021
08.10.2021 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver