Məhkəmə qərarları › İş №2(005)-4419/2025

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qiyabi qətnamə — İş №2(005)-4419/2025

05.02.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr - Digər icarə müqavilələri
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-4419/2025 05.02.2026 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ İddiaçı MMC-nin cavabdeh Kalsoom Failsala qarşı (açar sözlər: icarə müqaviləsi; dəymiş zərər) Hakim Nuriyeva Səbinə Vidadi qızının sədrliyi, Məhkəmə iclasının katibi Fətəlizadə Rufanə Xıdır qızının katibliyi, İddiaçının nümayəndəsi X2 iştirakı ilə, İddiaçı MMC-nin cavabdeh Kalsoom Faisala qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında (Bakı şəhəri, Əhməd bəy Ağaoğlu 34A) açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: I. İşin mahiyyəti: İddiaçı MMC cavabdeh Kalsoom Faisala qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh-Pakistan islam Respublikası vətəndaşı. Azərbaycan Respublikası ərazisində müvəqqəti yaşayan-Kalsoom Faisaldan 4.180 (dörd min yüz səksən) manat əsas məbləğ və ödənilmiş 62 (altmış iki) manat dövlət rüsumunun İddiaçı MMC-nin xeyrinə tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı MMC ilə cavabdeh Kalsoom Faisal arasında xx.xx.2025-ci il tarixli nəqliyyat vasitəsinin icarə müqaviləsi bağlanılmışdır. Müqavilənin təminatı kimi “Hyundai Santafe” markalı **-XZ-*** nömrə nişanlı nəqliyyat vasitəsi günlük 65 (altmış beş) manat ödəmək şərtiylə xx.xx.2025-ci il tarixdən xx.xx.2025ci il tarixədək icarəyə verilmişdir. Bildirir ki, cavabdeh Kalsoom Faisal tərəfindən icarə müqaviləsindən əmələ gələn öhdəliklər pozulmuş və ya lazımınca icra edilməmişdir. Belə ki, cavabdeh nəqliyyat vasitəsini mühərrik sistemini qızmış halda idarə etmiş və mühərrik sistemini sıradan çıxarmışdır. Mütəxəssislər tərəfindən dəymiş zərər 4.180 (dörd min yüz səksən) manat məbləğində hesablanmışdır. Qeyd edir ki, məsələnin həlli üçün dəfələrlə cavabdehə müraciət etsələr də, cavabdeh hər dəfəsində borcun ödənilməsindən yayınmış, yaranmış problemin aradan qalxması üçün heç bir səy göstərməmişdir. Bu səbəblə məhkəməyə müraciət etmək qərarına gəlmişdirlər. II. Tərəflərin mövqeləri: İddiaçı MMC-nin nümayəndəsi xx.xx.2025-ci il tarixli məhkəmə iclasında izahatında göstərmişdir ki, cavabdeh müqavilə üzrə icarə haqqını vaxtında versə də, avtomobilin texniki vəziyyətini nəzarətdə saxlamamış, avtomobil texniki saz vəziyyətdə ona verilsə də, avtomobili idarə etdiyi zaman mühərrik qızdırmış halda istifadə edildiyi üçün mühərrik əriyərək, sıradan çıxmışdır. Məhkəmə iclasının vaxtı və yeri barədə tərəflərə lazımi qaydada xəbərdar edilməsi üçün məhkəmə bildirişləri göndərilmiş, lakin tərəflər məhkəmə iclasında iştirak etməmişdirlər. İddiaçı xx.xx.2026-cı il tarixdə məhkəməyə ərizə ilə müraciət edərək, işə qiyabi icraat qaydasında baxılmasını xahiş etmişdir. Cavabdeh Kalsoom Faisal ilə əvvəlki məhkəmə iclaslarında mobil telefon vasitəsilə əlaqə yaradılmış, məhkəmə iclasında iştirak etməsi təklif edilmiş, cavabdeh məhkəmədə iştirak edəcəyini bildirsə də, lakin iştirak etməmişdir. Azərbaycan Respublikası MPM-nin 147-ci maddəsinə əsasən cavabdehin faktiki olduğu yer məlum olmadıqda, məhkəmə cavabdehin məlum olan axırıncı yaşayış yeri üzrə yerli özünüidarə orqanının, müvafiq icra hakimiyyəti orqanının və ya cavabdehin məlum olan axırıncı iş yeri üzrə müdiriyyətin məhkəmə bildirişini aldığını təsdiq edən qeyd yazılmış məhkəmə bildirişi məhkəməyə daxil olduqdan sonra işə baxmağa başlayır. Bu halda məhkəmə sənədləri rəsmi qaydada verilmiş hesab olunur. Həmin Məcəllənin 238.1-ci maddəsinə əsasən iclasın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlmədikdə və gəlməməsinin səbəbləri barədə məlumat vermədikdə, iddiaçı buna etiraz etmədikdə, işə qiyabi icraat qaydasında baxıla bilər. Həmin Məcəllənin 238.4-cü maddəsinə əsasən, işə qiyabi baxılmasına iddiaçının razılığı yazılı formada olmalıdır. Həmin Məcəllənin 241.1-ci maddəsinə əsasən, qiyabi icraat qaydasında işə baxarkən hakim, tərəflərin təqdim etdiyi sübutların tədqiqi ilə kifayətlənir, onların dəlillərini və vəsatətlərini nəzərə alır və qiyabi adlanan qətnamə çıxarır. Məhkəmə işdə cavabdehə Azərbaycan Respublikası MPM-nin 147-ci maddəsinə əsasən məhkəmə sənədlərinin rəsmən verilmiş hesab olunduğunu nəzərə alaraq, iddiaçı etiraz etmədiyindən Azərbaycan Respublikası Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-4561/2025 saylı xx.xx.2026-cı il tarixli qərardadı ilə işə qiyabi icraat qaydasında baxılması qərara alınmışdır. III. İşin faktiki halları: İş materiallarına əlavə edilmiş: -İddiaçı MMC və Kalsoom Faisal arasında bağlanmış xx.xx.2025-ci il tarixli müqavilə ilə müəyyən olunur ki, “Hyundai Santafe” markalı **-XZ-*** qeydiyyat nişanlı avtomobil xx.xx.2025-ci il saat 18:00-dan xx.xx.2025-ci il saat 19:00-a kimi Kalsoom Faisala icarəyə verilmişdir. - X1 (VÖEN: **********) 31 iyul 2025-ci il tarixli 019 nömrəli qaimə-fakturasından görünür ki, “Santa Fe CM” markalı **-XZ-*** qeydiyyat nişanlı avtomobilə çəkilmiş xərc cəmi 4.180 manat təşkil edir. -İddiaçı MMC Kalsoom Faisala göndərilmiş borcun ödənilməsi barədə pretenziya məktubundan görünür ki, vurulmuş ziyanın əvəzi kimi 4.180 manat borcun 7 gün ərzində ödənilməsinin təmin edilməsi, əks halda məhkəməyə müraciət olunacağı bildirilmişdir. IV. Tətbiq edilən hüquq və Məhkəmənin mövqeyi: Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, tərəflər arasında “Hyundai Santafe” markalı **-XZ-*** qeydiyya nişanlı nəqliyyat vasitəsinin iddiaçı tərəfindən cavabdeh Kalsoom Failsala icarəyə verilməsinə dair xx.xx.2025-ci il tarixli icarə müqaviləsi bağlanmışdır. Müqavilənin 6-cı maddəsinə əsasən “avtomobilin təkərinin lazımi təzyiqdə olmasına, bütün maye səviyyələrinin (yağ, su və s.) tələb olunan miqdarda olmasına nəzarət etmək və buna əməl edilməməsinin nəticəsində yaranan hər hansı bir ziyanı ödəmək” icarəçinin öhdəliyidir. Məhkəmə qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesində ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Bu mənada məhkəmənin qənaətinə görə, iddiaçının irəli sürdüyü faktiki hallara onun iddia tələblərinin qanuni əsasının dispozisiya şərtləri ilə uzlaşıb-uzlaşmamasına hüquqi qiymət verilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: -6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər; -385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; -386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır; -442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. -700.1-ci maddəsinə əsasən, icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. -700.2-ci maddəsinə əsasən icarə predmeti torpaq sahələri, binalar, daşınar əşyalar, hüquqlar və müəssisələr ola bilər. -700.3-cü maddəsinə əsasən, əgər bu Məcəllənin bu fəslinin müddəalarından ayrı qayda irəli gəlmirsə, torpaq icarəsi istisna olmaqla, icarəyə bu Məcəllənin əmlak kirayəsi haqqında müddəaları müvafiq surətdə tətbiq edilir. -705-ci maddəsinə əsasən əgər icarə üzrə hüquq münasibətlərinə xitam verildikdən sonra icarəçi icarəyə götürdüyü obyekti qaytarmırsa, icarəyə verən obyektin saxlandığı müddət üçün kompensasiya kimi müəyyənləşdirilmiş illik icarə haqqından icarəçinin həmin il ərzində əldə etdiyi və ya əldə edə biləcəyi icarə faydaları hissəsinə uyğun olan hissənin verilməsini tələb edə bilər. Digər zərərin əvəzinin ödənilməsi barədə iddia da istisna edilmir. Göründüyü kimi, iddiaçı ilə cavabdeh arasında bağlanmış xx.xx.2025-ci il tarixli müqaviləyə əsasən iddiaçı müqavilənin predmeti olan və yuxarıda göstərilən nəqliyyat vasitəsini cavabdeh Kalsoom Faisala icarəyə vermişdir. Cavabdeh müqaviləyə əsasən nəqliyyat vasitəsinin icarəsinə görə nəzərdə tutulan icarə haqqını vaxtında ödəsə də, müqavilə ilə üzərinə götürdüyü avtomobilin texniki saz vəziyyətdə saxlanmasına nəzarət etmək kimi öhdəliyinə əməl etməyərək, avtomobili texniki cəhətdən işlək olmayan vəziyyətdə iddiaçıya qaytarmışdır. Bununla da, müqavilə şərtləri pozmuşdur. Cavabdehlə məhkəmə iclasları gedişində dəfələrlə əlaqə saxlansa da, o, iddiaya dair münasibətini (iddianı qəbul etməsini və ya ona etiraz etməsini) məhkəməyə bildirməmişdir. Məhkəmə hesab edir ki, mülki qanunvericiliyin normaları baxımından cavabdehin hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməli, Kalsoom Faisal onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq, avtomobilə dəymiş zərərə görə 4.180 manat pul vəsaitini iddiaçıya ödəməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: -14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. -77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. -124.1-ci maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. -241.1-ci maddəsinə əsasən, qiyabi icraat qaydasında işə baxarkən hakim, tərəflərin təqdim etdiyi sübutların tədqiqi ilə kifayətlənir, onların dəlillərini və vəsatətlərini nəzərə alır və qiyabi adlanan qətnamə çıxarır. -241.3-cü maddəsinə əsasən, işə qiyabi icraat qaydasında baxılarkən iddianın əsasları və ya predmeti dəyişdirilə və ya iddia tələblərinin məbləği artırıla bilməz. - 241.5-ci maddəsinə əsasən, iddiaçının dəlilləri iddia tələblərini tamamilə və ya qismən təsdiq etməsə, məhkəmə iddianın və ya onun hissəsinin rədd olunmasına dair qətnamə çıxarır və belə qətnamə, cavabdehin gəlməməsinə baxmayaraq, qiyabi hesab edilmir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinə əsasən, iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi həcmində dövlət rüsumu ödənilir. Həmçinin məhkəmə hesab edir ki, hazırkı iş üzrə çəkilmiş məhkəmə xərcləri Azərbaycan Respublikası MPM-in 119.1-ci və 124-cü maddələri ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir. İddia tələbi təmin edildiyindən və cavabdehin dövlət rüsumu ödənilməsindən azad olması halları məhkəmə tərəfindən müəyyən olunmadığından hazırkı iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 62 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Beləliklə, məhkəmə iş materiallarını araşdırıb, sübutlara məcmu halda, tam, hərtərəfli və obyektiv hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli, cavabdeh Kalsoom Failsaldan (MYİ 0******) 4180 (dörd min yüz səksən) manat məbləğində pul və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 62 (altmış iki) manat tutularaq İddiaçı MMC-nin xeyrinə ödənilməlidir. V. Nəticə: Qeyd olanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 238-241 və 358-360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh Kalsoom Failsaldan (MYİ 0******) 4180 (dörd min yüz səksən) manat məbləğində pul və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 62 (altmış iki) manat tutularaq İddiaçı MMC-nin xeyrinə ödənilsin. Cavabdeh qiyabi qətnaməni aldıqdan sonra 10 (on) gün müddətində qiyabi qətnamənin ləğv edilməsi üçün Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə ərizə verə bilər. Qiyabi qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Səbinə Nuriyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar