Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-447/2023 26.01.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Tağıyeva Nərgiz Nazim qızının sədrliyi, Əliyeva Nurlana Sahib qızının katibliyi, Ərizəçi, Maraqlı şəxs2 iştirakları ilə, Ərizəçi maraqlı şəxslər qismində Sumqayıt Regional “ASAN xidmət” mərkəzində notariat ofisi, Maraqlı şəxs2, Maraqlı şəxs3, Maraqlı şəxs4 və X10 cəlb edilməklə mirasın qəbul edilməsi faktının müəyyən edilməsinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, mərhum anası X2 miras qalmış ünvan 1 ünvanında yerləşən mənzilin miras pay olaraq onun tərəfindən faktiki qəbul edilməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Ərizəsi onunla əsaslandırılmışdır ki, o, xx.xx.2018-ci il tarixdə rəhmətə getmiş anası X2 miras qalmış əmlaka dair qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi üçün miras əmlakın qəbuluna dair Sumqayıt Regional “Asan xidmət” mərkəzində Notariat Ofisinə müraciət etmiş, lakin qanunla müəyyənləşdirilmiş müddəti ötürdüyü üçün qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsindən imtina edilmişdir. Anasından ünvan 2 ünvanında yerləşən mənzil miras qalmışdır. Həmin mənzili faktiki olaraq miras kimi qəbul etmişdir. Həmin mənzilin açarı ondadır. Mənzilin bütün kommunal xidmətləri onun adına keçirilmişdir. Həmin mənzili faktiki qəbul edərək həmişə sahiblik etmişdir. Anası rəhmətə gedərkən onun birinci dərəcə vərəsələri o və qardaşları X8 və X11 olmuşdur. Anası rəhmətə getdikdən sonra hər iki qardaşı rəhmətə getmişdir. X21 ailə qurmamış və övladı olmamışdır. Digər qardaşının həyat yoldaşını və uşaqlarını maraqlı şəxs kimi qeyd etmişdir. Onlar isə miras əmlakın onun tərəfindən qəbul edilməsini bildirirlər və miras əmlakla bağlı heç bir mübahisələri yoxdur. Məhkəmə iclasında iştirak edən Ərizəçi yuxarıda göstərilən məzmunda izahat verərək, ərizənin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Maraqlı şəxs2 bildirmişdir ki, həmin miras əmlak ərizəçi və onun tərəfindən qəbul edilmişdir. X6 vəfat etdikdən sonra ərizəçi ilə bir neçə gün anasının evində qalmış, orada yas mərasimi vermişlər. Mirasdan özünün, uşaqlarının payını istəyir. Mirasın qəbulu ilə bağlı yaşayış yeri üzrə məhkəməyə müraciət edəcəkdir. Maraqlı şəxs Sumqayıt Regional “ASAN xidmət” mərkəzində notariat ofisi məhkəməyə ərizə göndərərək, məhkəmə iclasının nümayəndəsinin iştirakı olmadan keçirilməsini xahiş etmiş, digər maraqlı şəxslərə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinin tələblərinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçılarını dinləyib, mülki iş materiallarını araşdıraraq hesab edir ki, aşağıda qeyd edilənlərə əsasən ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Sumqayıt “ASAN Xidmət” mərkəzində notariat ofisi tərəfindən Ərizəçi ünvanlanmış xx.xx.2022-ci il tarixli, 1087 nömrəli məktubdan görünür ki, X4 xx.xx.2018-ci il tarixdə vəfatı ilə əlaqədar notariat ofisində miras qoyanın adına vərəsəlik işi açılmış və miras qoyanın vərəsəsi Ərizəçi mirasın qəbulu barədə ərizəsi qəbul edilmişdir. Mirasın qəbulu üçün qanunla müəyyənləşdirilmiş müddətin bərpa edilməsi məqsədilə məhkəməyə müraciət edilməsi tövsiyə olunmuşdur; Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışın surətindən görünür ki, ünvan 1 ünvanında yerləşən mənzil xx.xx.2022-ci il tarixdə X4 adına qeydiyyata alınmışdır; Doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi xx.xx.1964-cü il tarixdə Bakı şəhərində doğulmuşdur. X1, anası X5r; 1 saylı Bakı “ASAN xidmət” mərkəzi qeydiyyat şöbəsinin xx.xx.2022-ci il tarixli arayışından görünür ki, X11 xx.xx.1970-ci ildə doğulmuşdur. X1, anası X5r; Doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X8 xx.xx.1965 il tarixdə Bakı şəhərində doğulmuşdur. X1, anası X5r; Nikahın bağlanması haqqında şəhadətnaməsinin surətindən görünür ki, X8 ilə X3 arasında nikah xx.xx.1988-ci il tarixdə rəsmiləşdirilmişdir. Nikah bağlanandan sonar arvada “Dadaşova” soyadı verilmişdir; xx.xx.2022-ci il tarixli, AZ-İİ 268330 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X6 xx.xx.2018-ci il tarixdə ölmüşdür; xx.xx.2020-ci il tarixli, AZ-İİ 077010 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X8 xx.xx.2020-ci il tarixdə ölmüşdür; xx.xx.2022-ci il tarixli, AZ-İİ 268331 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X9 xx.xx.2000-ci il tarixdə ölmüşdür; xx.xx.2021-ci il tarixli, AZ-İİ 229870 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X12 xx.xx.2021-ci il tarixdə ölmüşdür; 1 saylı Mənzil Təsərrüfatı İstehsalat X13 xx.xx.2022-ci il tarixli, 863019 saylı Mənzil- Kommunal Xidməti üçün Mədaxil qəbzindən görünür ki, Ərizəçi X4 2018-ci il üçün qalan 20 manat borcu ödəmişdir. İşin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından görünür ki, ərizəçinin anası X6 xx.xx.2018-ci il tarixdə vəfat etmiş, ondan ünvan 1 ünvanında yerləşən mənzil miras qalmışdır. X4 vəfatı ilə əlaqədar notariat ofisində miras qoyanın adına vərəsəlik işi açılmış və miras qoyanın vərəsəsi Ərizəçi mirasın qəbulu barədə ərizəsi qəbul edilmişdir. Müddət ötürüldüyündən vərəsəlik şəhadətnaməsinin verilməsindən imtina olunmuşdur. Miras qoyanın ərizəçidən başqa digər vərəsələri də vardır. Hazırda ərizəçi miras əmlakı faktiki qəbul etməklə sahiblik etməsinə əsaslanaraq mirasın faktiki qəbul edilməsi faktının müəyyən edilməsini məhkəmədən xahiş edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133-cü maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Mülki Məcəllənin 1159.1.1-ci maddəsinə görə qanun üzrə vərəsəlik zamanı birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) bərabər pay hüquqlu vərəsə sayılırlar. Həmin Məcəllənin 1243.2 və 1246-cı maddələrinə uyğun olaraq, vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. “Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi baxımından Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243-cü maddəsinin və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.9-cu maddəsinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 16 oktyabr 2020-ci il tarixli Qərarında qeyd edilmişdir ki, mirasın qəbulu şəxsin iradəsi ilə bağlı olan hüquqi hərəkət olmaqla, vərəsə tərəfindən miras əmlakın əldə edilməsinə razılığın ifadə edilməsidir. Vərəsənin mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verməsi mirasın qəbul edilməsinin formal üsuludur. Miras əmlakın faktiki qəbulu vərəsənin konkret hərəkətləri və rəftarı ilə onun mirası qəbul etmək niyyətinin açıq-aşkar təsdiqlənməsi və sübut edilməsi kimi qəbul edilir və belə hərəkətlərin məzmunu vərəsə tərəfindən məhz mirası qəbul etmək məqsədi daşıyır. Mirasın faktiki qəbulu üsulu iki cür olur: miras əmlaka faktiki sahiblik etmək üsulu və miras əmlakı faktiki idarə etmək üsulu. Faktiki sahiblik etmək üsulu ondan ibarətdir ki, onun əsasında vərəsə miras qoyan şəxsin əmlakını faktiki cəhətdən ələ keçirir və ona sahib durur. Miras əmlakı faktiki idarə etmək isə vərəsə tərəfindən elə hərəkətləri nəzərdə tutur ki, bu hərəkətləri adətən mülkiyyətçi öz mənafeyi üçün əmlakın saxlanması və normal təsərrüfatın aparılması üçün etmiş olsun. Həmçinin həmin Qərarda göstərilmişdir ki, mülki prosessual qanunvericiliyin xüsusi icraat qaydasında işlərə baxılmasının xüsusiyyətlərini tənzimləyən normalarına nəzər yetirdikdə, hüquqi əhəmiyyəti olan faktların belə qaydada təsdiq edilməsi üçün bir neçə şərtin zəruri olduğu qənaətinə gəlmək olar. Bu şərtlərə aşağıdakılar aiddir: həmin faktın qanuna əsasən hüquqi nəticələr doğurması;hüquqi əhəmiyyəti olan faktın başqa qaydada müəyyən edilməsinin qeyri-mümkün olması;hüquq haqqında mübahisənin olmaması və s. Həmin şərtlərdən hər hansı birinin olmaması işə xüsusi icraat qaydasında baxılmasını istisna edir Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.1-307.2, 307.2.9 və 308-ci maddələrinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Məhkəmə mirasın qəbul edilməsi faktının və vərəsəliyin açılma yerinin müəyyən edilməsi barədə işlərə baxır. Məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı qərarının 10 və 10.1-ci bəndlərində göstərilmişdir ki, məhkəməyə Azərbaycan Respublikası MPM-nin 307.2.9-cu maddəsində mirasın qəbul edilməsi faktının və vərəsəliyin açılma yerinin müəyyən edilməsinə dair ərizə notariat orqanı vərəsəlik şəhadətnaməsi verməkdən imtina etdiyi halda (məsələn: mirasın qəbulu müddətinin ötürülməsinə, mirasın faktiki qəbulunu təsdiq edən sübutların olmamasına görə və sair) verilə bilər. Mirasın qəbul edilməsi faktına əsasən vərəsəlik şəhadətnaməsinin verilməsi üçün şərt vərəsənin faktiki olaraq miras əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə başlamasını və bununla da mirası qəbul etməsini şəksiz nümayiş etdirdiyini təsdiq edən sübutların mövcud olmasıdır. Həmin sübutların dairəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 11 sentyabr tarixli, 167 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimat”ın 99-cu bəndinin beşinci hissəsində, vərəsəliyin (mirasın) açıldığı yerin müəyyən edilməsinə dair sənədlərin dairəsi isə həmin Təlimatın 102-ci bəndinin 3-cü hissəsində təsbit edilmişdir. Mirasın vərəsə tərəfindən faktiki qəbul olunması birbaşa, mötəbər sübutlarla təsdiq olunursa, lakin notarius vərəsəlik şəhadətnaməsi verməkdən imtina edibsə, belə olan halda şəxs məhkəməyə mirasın qəbulu faktının müəyyən olunması üçün ərizə deyil, notariusun imtina qərarından qanunla müəyyən edilmiş qaydada şikayət verməlidir. Mirasın qəbul edilməsi faktının və vərəsəliyin açılma yerinin müəyyən edilməsinə dair işlərə baxarkən məhkəmə hüquqi əhəmiyyət kəsb edən hallara, yəni ərizəçi ilə digər vərəsələr arasında miras əmlaka dair hüquqla bağlı mübahisənin mövcud olub-olmamasına; mirasın qəbul edilməsi üçün müddətin uzadılması imkanının itirilib-itirilməməsinə və sair aydınlıq gətirməlidir. “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında” Təlimatın 99-cu bəndinin 5-ci hissəsinə görə, əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başlamağa sübut aşağıdakılar ola bilər: vərəsənin miras açıldıqdan sonra mirasın qəbulu üçün müəyyən edilmiş müddətdə mirasın tərkibinə daxil olan yaşayış sahəsində yaşaması (qeydiyyatda olması, yaxud faktiki yaşaması) barədə müvafiq sənəd; mirasın tərkibinə daxil olan hər hansı əmlaka sahiblik etməsinə dair, eləcə də miras açıldıqdan sonra daşınmaz əmlak üçün vergilərin və ya kommunal xidmətlər üçün haqların vərəsə tərəfindən ödənildiyi barədə müvafiq sənəd; mirasın qəbulu üçün müəyyən edilmiş müddətdə miras əmlakın icarə və kirayə verilməsi üzrə haqların alınmasını təsdiq edən sənəd; mirasın qəbul edilməsi faktının müəyyən olunması haqqında məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsinin surəti; miras qoyanın əmlakını vərəsənin idarə etməyə başlaması faktını təsdiq edən digər sənədlər. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, ərizəçinin anası X2 miras qalmış əmlak ərizəçi tərəfindən faktik olaraq qəbul edilmişdir. Belə ki, ərizəçi miras əmlakın faktiki qəbulu ilə bağlı konkret hərəkətlər etmiş, miras qoyanın qızıl zinət əşyalarını qoruyub saxlamış, kommunal xərcləri ödəmiş, anası öldükdən sonra onun evinə gedərək orada qalmış, həmin evdə yas mərasimi vermis və mirasın qəbulunu nümayış etdirən digər hərəkətlər etmişdir. Ərizəçi rəftarı ilə mirası qəbul etmək niyyətini açıq-aşkar ifadə etməklə, miras əmlakı qəbul etdiyini şəksiz nümayiş etdirmişdir. Vərəsəlik şəhadətnaməsinin verilməsi ilə bağlı notariat ofisinə müraciət edilsə də, mirasın qəbulu üçün qanunla müəyyənləşdirilmiş müddət ötürüldüyündən imtina olunmuşdur. Məhkəmə eyni zamanda Maraqlı şəxs2 miras əmlakda payının olması barədə izahatı ilə bağlı qeyd etməyi zəruri hesab edir ki, mirasın qəbulu faktının müəyyən edilməsi haqda qətnamə vərəsəlik şəhadətnaməsini əvəz etmir. Bir vərəsə barəsində mirasın qəbulu faktının müəyyən edilməsi, digər vərəsələrin bu hüquqdan məhrum olunması üçün əsas deyildir. Vərəsələrin miras əmlakdakı payları vərəsəlik şəhadətnaməsi ilə müəyyən olunur. Mülki Prosessual Məcəllənin 77.1, 106.1 və 217.4-cü maddələrinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir.Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Eyni Məcəllənin 119.1-ci maddəsinə uyğun olaraq məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halda qiymət verərək hesab edir ki, ərizə təmin edilməli, xx.xx.2018-ci il tarixdə vəfat etmiş X2 miras qalmış ünvan 1 ünvanında yerləşən mənzilin Ərizəçi tərəfindən qəbul edilməsi faktı müəyyən edilməli, iş üzrə ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. xx.xx.2018-ci il tarixdə vəfat etmiş X2 miras qalmış ünvan 1 ünvanında yerləşən mənzilin Ərizəçi tərəfindən qəbul edilməsi faktı müəyyən edilsin. İş üzrə ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nərgiz Tağıyeva
Məhkəmə qərarları › İş №2(005)-447/2023
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-447/2023
26.01.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Mirasın qəbul edilməsi və vərəsəliyin açılma yerinin müəyyən edilməsi faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver