Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-4501/2021 06.10.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Novruzova Aytən Nazim qızının sədrliyi, Nəsibova Təhminə Nizami qızının katibliyi, İddiaçı, Cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyinin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyinə qarşı “əmrin ləğvi, işə bərpa və məcburi iş buraxmaya görə əmək haqqı” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyinə qarşı “əmrin ləğvi, işə bərpa və məcburi iş buraxmaya görə əmək haqqı” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyinin 28.07.2021-ci il tarixli, K-904 saylı qanunsuz əmrinin ləğv edilməsi, onun əvvəlki vəzifəsinə İmişli rayon Qulubəyli kənd tam orta məktəbinin direktoru vəzifəsinə bərpa olunmağı və məcburi iş buraxmaya görə əmək haqqı ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyinin 28.07.2021-ci il tarixli, K-904 saylı qanunsuz əmri ilə İmişli rayon Qulubəyli kənd tam orta məktəbinin direktoru kimi onunla bağlanmış əmək müqaviləsi guya onun təhsil müəssisəsinin fəaliyyətinə rəhbərlik və nəzarətdə ciddi nöqsanlara yol verməsinə, əmək müqaviləsi üzrə öhdəlikləri və vəzifə funksiyalarını yerinə yetirməməsinə görə qarşı işə bərpa və məcburi iş buraxmaya görə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən 28 iyul 2021-ci il tarixdən ləğv edilmişdir. Azərbaycan Respublikası Təhsil Nazirliyinin 28.07.2021-ci il tarixli, K-904 saylı əmri 03.08.2021-ci il tarixdə ona verilmişdir. Cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyinin 28.07.2021-ci il tarixli, K-904 saylı əmri tamamıilə qanunsuzdur və əsassızdır. Belə ki, rəhbərlik etdiyi təhsil müəssisəsinin fəaliyyətinə rəhbərlik və nəzarətdə heç bir nöqsana yol verməmiş, əmək müqaviləsi üzrə öhdəliklərinin və vəzifə funksiyalarının heç bir pozuntusu və yerinə yetirilməməsi hallarına yol verməmişdir. Əmrdə bu barədə göstərilənləri təsdiq edən heç bir sübut yoxdur. Cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyinin 08.06.2021-ci il tarixli, E-557 saylı əmrinə uyğun olaraq rəhbərlik etdiyi İmişli rayon Qulubəyli kənd tam orta məktəbində keçirilmiş monitorinqin nəticələrinə dair sənədə göstərilənlər tamamilə yalandır, heç bir həqiqətə uyğun deyildir. Belə ki, aparılmış monitorinqin nəticələrinə dair sənəddə göstərilir ki, guya işçilərlə yazılı əmək müqavilələri bağlanmamışdır. Bu həqiqətə uyğun olmamış, işçilərin hamsı ilə əmək müqaviləsi bağlanmışdır. Həmçinin həmin sənəddə göstərilmişdir ki, elektron bildirişlərin sistemə işlənilməsi zamanı təlimatı göstərişlərə əməl olunmamışdır. Bu tamamilə əsassızdır. Belə ki, yalnız bir dəfə elektrik enerji verilişi kəsildiyi üçün texniki səbəbdən işçinin işə qəbulu haqqında məlumat bir həftə gecikmiş və o, həmin hadisə barədə rayon təhsil şöbəsinə məlumat verdikdən sonra həmin nöqsan aradan qaldırılmışdır. Həmçinin şagirdlərin məktəbə qəbulunda heç bir nöqsana yol verilməmişdir. Eləcədə dərnək və dərsdən kənar məşğələlərin təşkilində, dərs bölgüsündə mövcud qaydaların tələblərinin pozulması hallarına yol verilməmişdir və monitorinqin nəticələrinə dair sənəddə bu barədə göstərilənlər əsassız olmuşdur. Monitorinq nahar fasiləsi vaxtı, yəni 12:55-də özlərini təqdim etmədən və monitorinq barədə əmri təqdim etmədən məktəbə daxil olmuşlar. Bildirmişdir ki, ümumiyyətlə işdən çıxma barədə əmr verilməzdən əvvəl ondan izahat alınmamış və izahat verməyi barədə ona heç bir təklif olunmamışdır. Bildirmişdir ki, 01.04.2015-ci il tarixdən İmişli rayon Qulubəyli kənd tam orta məktəbinin direktoru vəifəsində işləmiş və işlədiyi müddətdə heç bir intizam tənbehi almamışdır. Bu qanunsuz əmr ona qarşı qərəzli münasibətin nəticəsidir. Bildirmişdir ki, cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyi və İmişli rayon təhsil şöbəsi hətta onun müəllimlik hüququnu əlindən almışdır. Elektron portaldan hətta onun müəllim kimi fəaliyyətinə xitam verilmişdir. Qeyd edilənlərə əsasən iddia ərizəsinin təmin edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbinin dəlillərinə uyğun izahat verərək, iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyinin nümayəndəsi X6 məhkəmə iclasında iddia tələbinin tam əsassız olduğunu bildirərək iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdırıb, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia əsassız olduğundan rədd edilməlidir. Əmək kitabçasının surətindən görünür ki, İddiaçı Azərbaycan Respublikası Təhsil Nazirliyinin 01.04.2020-ci il tarixli 11/249-1 nömrəli əmri ilə İmişli rayonu, Qulubəyli kənd orta məktəbinin direktoru vəzifəsinə təyin edilmişdir. Daha sonra Azərbaycan Respublikası Təhsil Nazirliyinin 28.07.2021-ci il tarixli K-904 nömrəli əmri ilə bağlanmış əmək müqaviləsi ilə AR Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən 28.07.2021-ci il tarixdə ləğv edilmişdir. Azərbaycan Respublikası Təhsil Nazirliyin İmişli Rayon Şöbəsinin 03.08.2021-ci il tarixli, 61№-li əmrdən görünür ki, Qulubəyli kənd tam orta məktəbinin direktoru İddiaçı 28.07.2021 -ci il tarixdən tutduğu vəzifədən azad edildiyi üçün məktəbin direktor müavinləri İsrayıl Əbilov və Rafiq Bədirov direktor vəzifəsini müvəqqəti icra etməkdən imtina etdiklərini nəzərə alaraq məktəb direktoru vəzifəsinin icrası İmişli RTŞ-nin metodisti X3 müvəqqəti olaraq həvalə edilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Təhsil Nazirliyinin K-904 saylı 28 iyul 2021-ci il tarixli aparılmış monitorinqin nəticələrinə dair əmrdən görünür ki, İmişli rayonu Qulubəylı kənd tam oda məktəbinin direktoru İddiaçı ilə bağlanmış əmək müqaviləsi təhsil müəssisəsinin səahyyətinə rəhbərlik və nəzarətdə ciddi nöqsanlara yol verdiyinə, əmək müqaviləsi üzrə öhdəlikləri və vəzifə funksiyalarını yerinə yetirmədiyinə görə Azərbaycan Respubikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin ç bəndinə əsasən 28 iyul 2021-ci il tarixdən ləğv edilməsi, İmişli Rayon Təhsil Şöbəsinə (Ələmdar Quliyev)-İmişli rayonu Məzrəli kənd tam orta məktəbinin direktoru X2 və İmişli şəhəri 8 nömrəli tam orta məktəbin direktoru X4 əmək funksiyalarını keyfiyyətsiz yerinə yetirdiklərinə, əmək müqaviləsi ilə müəyyənləşdirilmiş vəzifələrin icrasına səhlənkar yanaşdıqlarına görə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 186-cı maddəsinin “b” bəndinə əsasən sonuncu xəbərdarlıqla sonuncu xəbərdarlıqla şiddətli töhmətin verilməsi məsələlərinin həlli istiqamətində zəruri tədbirlərin görülməsi, İmişli rayonu Məzrəli kənd tam orta məktəbin xadiməsi X5 ilə bağlanmış əmək müqaviləsinin mövcud qanunvericiliyin tələblərinə uyğun olaraq ləğv edilməsini təmin etməsi və görülmüş işlər barədə 1 (b.r) ay müddətinə Təhsil Nazirliyinə Məlumat verilməsi, İnsan resursları şöbəs, (Eşqi Bağırov) və Maliyyə şöbəsinə (Vüqar Əsgərov) bu əmrdən rəlı gələn zəruri tədbirlərin görülməsini təmin etməsi, İnformasiya və vətəndaşlara xidmət şoöbəsı (Səbuhi Rzayev) bu əmrin surətinin göndərilmə siyahısına uyğun olaraq çatdırılmasını təmin etməsi, əmrin icrasına nəzarətin nazir muavini Muxtar Məmmədova həvalə edilməsi qərara alınmışdır. 09.06.2021-ci il tarixli aktdan görünür ki, aktı imzalayanlar İmişli rayonu Qulubəyli kənd orta məktəbində Azərbaycan Respublikası Təhsil Nazirliyinin əməkdaşı Rəşad Musayev, Təhsil Nazirliyinin ümumi təhsilin təşkili və iadrəolunması şöbəsinin məsləhətçisi Elçin Kərimov, Audit şöbəsinin məsləhətçisi Əsgər Qasımov, insan resursları şöbəsinin mütəxəssisi Vüqar İsmayılov, Qulubəyli kənd orta məktəbin direktoru İddiaçı 09.06.2021-ci il tarixdə İmişli rayonu Qulubəyli kənd tam orta məktəbə baxış keçirərkən zaman məlum olmuşdur ki, aşağıdakı nöqsanlar mövcuddur. 1. İşçilərlə əmək müqaviləsi bağlanılmır və elektron bildiriş sistemə vaxtından gec vurulur; 2. Texnikii işçilərdən Əliyeva Yeganə, Şahbazova Yaqut, Rüstəmov Sənan 24.04.2021-ci il tarixdən bu günədək texniki işçilərin davamiyyət kitabına imza atmamışlar. 3. Məktəbdə laboratoriya olmadığı halda Şahbazov Yaqut 15.09.2006-cı il tarixdən laborant vəzifəsində işləyir. 4. İşçilərin əmək müqaviləsinə xitam verilərkən əmək müqaviləsinin maddəsinə istinad edilmir. 5. Dəyəri 489 manat olan iki ədəd Kür markalı komputer dəsti faktiki olaraq yerində aşkarlanmamışdır. 6. Əsas vəsaitlərin uçotu kitabı və materialların anbar uçotu kitabı köhnə və istifadəyə yararsızdır. 7. Sinif jurnallarının yazılmasında nöqsan və çatışmazlıqlar aşkar olunmuşdur. Belə ki, seçmə üsulla jurnallaea baxış keçirilən zaman məlum olmuşdur ki, məktəbin 7-ci sinfində 4 nəfər şagird dərslərdə iştirak etmədikləri halda onlara fənlər üzrə müəllimlər tərəfindən dərsdə iştirak etmələri barədə qeyd aparılmışdır. 8. Koronavirus (Covid-19) pandemiyası dövründə ümumi təhsil müəssisələrində məktəbdaxili qiymətləndirilmənin aparılmasına dair qaydalara zidd olaraq 2-ci yarımil üzrə 1-ci siniflər istisna olmaqla bütün siniflər və fənlər üzrə müxtəlif sayda kiçik summativ qiymətləndirmələr keçirilmiş və nəticələri sinif jurnalları yazılmışdır. 9. Seçmə üsulla fənlər məktəbdaxili qiymətləndirmələr üçün hazırlanan qiymətləndirmə materiallarına baxılan zaman fizika fənni üzrə 7-ci sinif şagirdlərinin qiymətləndirmə materiallarında olan balları ilə jurnala yazılan ballar arasında fərqlər və qiymət dəyişiklikləri olduğu aşkar olunmuşdur. 10. Direktor və direktor müavinlərindən dərs dinləmə jurnalları istənilən zaman direktor İddiaçı və direktorun məktəbdən kənar və sinifdən xaric işlər üzrə müavini Rafiq Bədirov dərs dinləmə jurnallarının olmadığını və cari tədris ilindən dərs dinləmədiklərini bildirdilər.11. Məktəbdə olan 1 stavka (18saat) dərnək məşğələsi hərəsində 9 saat olmaqla 2 müəllimə verilmişdir. Uşaqların dərnəyə qəbulu ilə bağlı ərizələri yoxdu. Dərnək məşğələləri jurnalında Nailə Qurbanovanın qeydləri 2 müxtəlif xətlə yazılmışdır. 12. Məktəbdə daxil olan sənədlərin qeydiyyatı kitabı mövcud olsa da daxil olan heç bir sənəd qeydiyyata alınmamışdır. AR Təhsil Nazirliyinin əməkdaşları tərəfindən tərtib edilmiş və imzalanmış aktdan görünür ki, Akt ona görə tərtib edilmişdir ki, 09.06.2021-ci il tarixdə İmişli rayonu Qulubəyli kənd tam orta məktəbində aparılmış araşdırmanın nəticəsi ilə bağlı tərtib olunmuş aktı məktəbin direktoru İddiaçı imzalamaqdan imtina etmişdir. AR Təhsil Nazirliyinin əməkdaşları tərəfindən tərtib edilmiş və imzalanmış aktdan görünür ki, Akt tərtib edilir ondan ötrü ki, 09.06.2021-ci il tarixində İmişli rayonu Qulubəyli kənd tam orta məktəbində aparılmış araşdırmanın nəticəsi ilə bağlı məktəb direktoru İddiaçı izahat yazması istənilmiş amma o izahat yazmaqdan imtina etmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 43-cü maddəsinin 1-ci bəndinə əsasən, əmək müqaviləsinin məzmunu və quruluşu qanunvericiliyin tələblərinə əməl edilməklə tərəflərin razılığı ilə müəyyən edilir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 1-ci bəndinə əsasən əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər: Əmək müqaviləsinə xitam verilməsinin əsasları aşağıdakılardır: a) tərəflərdən birinin təşəbbüsü; b) əmək müqaviləsinin müddətinin qurtarması; c) əmək şəraitinin şərtlərinin dəyişdirilməsi; ç) müəssisənin mülkiyyətçisinin dəyişməsi ilə əlaqədar (bu Məcəllənin 63-cü maddəsinin ikinci hissəsində göstərilən işçilər); d) tərəflərin iradəsindən asılı olmayan hallar; e) tərəflərin əmək müqaviləsində müəyyən etdiyi hallar. Azərbaycan Respublikası Əmək Məcəlləsinin “işəgötürən tərəfindən əmək müqaviləsinin ləğv edilməsinin əsasları” başlıqlı 70-ci maddəsinin “ç” bəndinə əsasən, işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər. Həmin Məcəllənin “işəgötürən tərəfindən əmək müqaviləsi ləğv edilərkən hökmən nəzərə alınmalı olan zəruri şərtlər və qaydalar” başlıqlı 71-ci maddəsinə əsasən, bu Məcəllənin 70-ci maddəsinin “ç” bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrıayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun. Əmək Məcəlləsinin 72-ci maddəsində əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilən hallar sadalanmış, əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvləri, hüquq pozuntuları nəticəsində işəgötürənin, müəssisənin və ya mülkiyyətçinin qanuni mənafeyinə ciddi xələl gətirməsi belə halların sırasında göstərilmişdir. Məcəllənin 186-cı və 187-ci maddələrinə görə isə, işçi əmək funksiyasını tam və ya qismən yerinə yetirmədikdə, yaxud keyfiyyətsiz yerinə yetirdikdə, bu Məcəllənin 10-cu maddəsində nəzərdə tutulan, həmçinin əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifələrini, müəssisədaxili intizam qaydalarını pozduqda işəgötürən ona intizam tənbehi verə bilər. İntizam tənbehi verilməmişdən əvvəl işəgötürən işçidən yazılı izahatın verilməsini tələb edir. İşçinin yazılı izahat verməkdən imtina etməsi ona intizam tənbehi verilməsini istisna etmir. Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, İddiaçı Azərbaycan Respublikasının Təhsil Nazirliyinin 01.04.2015-ci il tarixli 11/249-1 nömrəli rəyi əmri ilə İmişli rayonu Qulubəyli kənd tam orta məktəbinin direktoru vəzifəsinə təyin edilmişdir. Qeyd edilən əmr Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən 28 iyul 2021-ci il tarixdən ləğv edilmişdir. Belə ki İmişli rayonu Qulubəyli kənd tam orta məktəbində Azərbaycan Respublikasının Təhsil Nazirliyinin əməkdaşları tərəfindən monitorinq keçirilərkən məktəbin direktoru tərəfindən təhsil müəssisəsinin ümumi idarə edilməsi və fəaliyyətində nöqsanlara yol verməsi aşkar edilmişdir. Qeyd edilən nöqsanlarla bağlı Azərbaycan Respublikasının Təhsil Nazirliyinin əməkdaşları tərəfindən 09.06.2021-ci il tarixdə akt tərtib edilmiş, aktda İddiaçı tərəfindən yol verilmiş nöqsanlar ayrı-ayrılıqda qeyd edilmişdir. Bu mənada məhkəmənin qənaətinə görə, əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə xitam verilərkən bu Məcəllənin 72-ci maddəsində göstərilən kobud pozuntuların onun əməllərində mövcud olmaması barədə iddiaçının arqumentləri əsaslı hesab edilə bilməz. İddiaçının əmək müqaviləsinə xitam verildiyi zaman həmkarlar ittifaqı təşkilatının razılığının alınmalı olması ilə bağlı arqumentə münasibətdə məhkəmə qeyd edir ki, məhkəmə baxışı zamanı həmkarlar ittifaqının 15.07.2021-ci il tarixli 4 saylı iclas protokolundan çıxarıq təqdim olunmuş, bu barədə razılığın alınması müəyyən olunmuşdur; Əmək Məcəlləsinin 80-ci maddəsinə görə isə, bu Məcəllənin 70-ci maddəsinin b) və ç) bəndlərində göstərilən əsaslarla işəgötürən tərəfindən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsi müəssisədə fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmaqla ləğv edilir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2, 217.3 və 217.4-cü maddələrinə əsasən mahiyyəti üzrə işə baxan məhkəmə tərəfindən qətnamə tərəflərin məntiqi izahı əsasında deyil, yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə etməklə, məhkəmə iclasında müəyyən edilmiş həqiqi hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılır. Mülki prosessual qanunvericiliyə görə sübut hüququ öz daxilində ümumən işə baxan hakim tərəfindən ardıcıl bir neçə prosessual hərəkətlərin edilməsini nəzərdə tutur. Həmin ardıcıllığa uyğun olaraq hakim ilk növbədə nə vaxt sübutun tələb edilməli olduğunu müəyyən etməli, bundan sonra sübutetmə yükünün bölüşdürülməsinə uyğun olaraq tələb olunan sübutun kimin tərəfindən təqdim edilməli olduğunu aydınlaşdırmalı, daha sonra sübutetmənin hansı qaydada həyata keçirilməli olduğunu tərəflərə izah etməli və nəhayət, təqdim edilmiş sübutları qiymətləndirməlidir. Məhkəmənin bütün bu prosessual hərəkətləri sözsüz ki, iddianın predmeti və irəli sürülən tələbin xüsusiyyətləri nəzərə alınmaqla həyata keçirilməlidir. Mülki prosessual qanunvericilikdə müəyyən edilmişdir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. İşdə iştirak edən şəxsin işdə iştirak edən və iştirak etməyən şəxslərdən və ya orqanlardan onlarda olan zəruri sübutları müstəqil əldə etmək imkanı olmadıqda o, həmin sübutları tələb etmək barədə vəsatətlə məhkəməyə müraciət edə bilər. Vəsatətdə bu sübutlarla iş üçün əhəmiyyətli olan hansı halların müəyyən edilməsi, sübutların əlamətləri və olduğu yer göstərilməlidir. Zəruri olan hallarda məhkəmə işdə iştirak edən şəxsə sübutun əldə edilməsi üçün sənəd verə bilər. Məhkəmənin tələb etdiyi sübutu onda olan şəxs biləvasitə məhkəməyə göndərir, yaxud məhkəməyə çatdırmaq üçün sorğunu təqdim edən şəxsə verir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur (Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1, 77.3, 78.1, 78.2, 80, 88-ci maddələri). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə görə, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 12-ci maddəsinin İ hissəsin əsasən insan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir. Məhkəmə hesab edir ki, iddiaçı iddia ərizəsində tələb etdiyi halları təsdiq edən hər hansı bir sübutu məhkəməyə təqdim edə bilməmişdir. Məhkəmə təqdim edilmiş iş materiallarını, hər iki tərəfin izahatlarını araşdırıb işə bərpa barədə iddia tələbinin əsassız olması qənaətinə gəlir. Belə ki ilk növbədə iddiaçı tərəfindən əmək müqaviləsinə əsassız və qərzəli olaraq Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə xitam verildiyini mübahisələndirmiş və işə bərpa edilməsini xahiş edir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi tərəfindən təqdim edilmiş aktlarla sübut olunur ki, İddiaçı öz vəzifə səlahiyyətlərini lazımında icra etməmiş, direktor olduğu dövr ərzində aktda göstəriən pozuntulara yol vermişdir. Digər tərəfdən, İddiaçı işdən çıxarılma barədə əmr verilərkən onun əmək məzuniyyyətində olmasını qeyd etsə də, iş materialları ilə bu hal aşkar olunmamış, bununla bağlı sübut təqdim edilməmişdir. İddiaçının digər tələbi ona məcburi işburaxmaya görə ala bilmədiyi əmək haqqınının ona ödənilməsidir. Məhkəmə hesab edir ki, iddiaçının əmrin ləğvi və işə bərpa barədə iddia tələbi təmin edilmədiyindən, onun məhrum edildiyi vəsait də məcburi işburaxmaya görə maddi itki hesab edilə bilməz. Odur ki, məhkəmə iddiaçının məcburi iş buraxmaya görə əmək haqq tələblərini əsassız hesab edir və rədd edilməsi qənaətinə gəlir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edildiyindəm məhkəmə hesab edir ki, ödənilmiş 30 manat dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin və 216- 220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyinə qarşı “əmrin ləğvi, işə bərpa və məcburi iş buraxmaya görə əmək haqqı” tələbinə dair iddiası rədd edilsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Aytən Novruzova
Məhkəmə qərarları › İş №2(005)-4501/2021
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-4501/2021
06.10.2021 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver