Məhkəmə qərarları › İş №2(005)-4514/2021

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-4514/2021

14.10.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-4514/2021 14.10.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Ədilova Solmaz İmran qızının sədrliyi, X1, İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh qarşı “mənzilə istifadə hüququnun itirilməsi və qeydiyyatdan çıxarılma” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “mənzilə istifadə hüququnun itirilməsi və qeydiyyatdan çıxarılma” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında yerləşən mənzildən cavabdeh - xx xxxxxxx 2002-ci il təvəllüdlü Cavabdeh yaşayış sahəsinə istifadə hüququna xitam verilməsi və qeydiyyatdan çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, ünvan 1 xüsusi mülkiyyətindədir. İş üzrə cavabdeh həmin ünvan üzrə 2005-ci ildən qeydiyatdadır. Cavabdeh onun qızıdır. O, cavabdehin anası ilə ayrı yaşayırdı. Anası 2005-ci ildə köçüb Türkyəyə gedərkən ondan xahiş etdi ki, qızını yaşadığı evə qeydiyata aldırsın. Qızı təxminən bir ilə yaxın müddətdə onunla yaşadı. Sonra isə anasının yanına getdi. Həmin vaxtdan anası ilə Türkiyədə yaşayır. Orada Alı məktəbə daxil olub. Təhsilini bitirdikdən sonra da orada qalıb yaşamaq istəyir. Hazırda sözü gedən mənzil onun xüsusi mülkiyyətindədir. Bunu hazırkı iddia ərizəsinə əlavə edərək məhkəməyə təqdim etdiyi sözü gedən çıxarışın notarial qaydada təsdiq edilmiş surəti ilə təsdiq edir.Cavabdehin mülkiyyətində və istifadəsində olan və yuxarıda qeyd etdiyi ünvanda yerləşən mənzildə qeydiyyatda qalması onun üçün bir sıra əlavə problemlər yaradır və bu onun əmlak üzərindəki mülkiyyət hüququnu (sahiblik, istifadə və sərəncam vermək) əhəmiyyətli dərəcədə pozur. Cavabdeh göstərilən ünvandakı mənzildə yaşamasa da, formal olaraq orada qeydiyyatdadır. Bunun nəticəsində, mənzil və kommunal xidmətləri haqqını artıq məbləğdə ödəməyə məcburdur. Nəticədə, bu onun maddi vəziyyətinə mənfi təsir edir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək, iddia ərizəsi ilə eyni məzmunlu izahat verib, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmiş və iştirak etməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən cavabdehlərin iştirakı olmadan mülki işə baxılmasını mümkün hesab edir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin yaşayış yeri üzrə qeydiyyat haqqında ******* №-li arayışdan görünür ki, Cavabdeh ünvan 1 ünvanında qeydiyyatdadır. İş materiallarında olan, Bakı Şəhəri İcra Hakimiyyəinin Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının OM seriyalı №207530 saylı qeydiyyat vəsiqəsindən görünür ki, ünvan 1 İddiaçı adına hüquqi qeydiyyatdan keçmişdir və bu barədə 1346 saylı reyestr kitabında 202063 səhifəsində 07 oktyabr 2004-cü il tarixdə qeydiyyata alınmışdır. Məhkəmə araşdırması zamanı müəyyən edilir ki, Bakı Şəhəri İcra Hakimiyyəinin Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının ÖM seriyalı №207530 saylı qeydiyyat vəsiqəsinə əsasən ünvan 1 İddiaçı adına hüquqi qeydiyyatdan keçmişdir. Hazırda Cavabdeh mübahisəli mənzildə qeydiyyatdadır. (Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin yaşayış yeri üzrə qeydiyyat haqqında ******* №-li arayış). İddiaçı mülkiyyət hüquqlarının pozulması ilə tələbini əsaslandırır. Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir: Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası MM-nin 152-ci maddəsinə əsasən mülkiyyət hüququsubyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasına 1 saylı Protokolun 1-ci maddəsinə əsasən də, “hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz.” Mülkiyyət hüququ Azərbaycan Respublikasında nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericilik çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” 4 aprel 1996-cı il Azərbaycan Respublikası Qanunun tələblərinə uyğun olaraq vətəndaşların qeydiyyatı ilə müvafiq İcra Hakimiyyəti orqanları, yəni, rayon polis idarələrinin Qeydiyyat və Şəxsiyyət vəsiqələri bölmələri məşğul olurlar. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” 4 aprel 1996-cı il Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin 5-ci bəndinə əsasən, şəxsin yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə o, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinə əsasən qeydiyyatdan çıxarılır. Məhkəmə toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qanuni və əsaslı olduğundan, Cavabdeh Bakı şəhəri, Nərimanov rayonu, Y.V. Çəmənzəminli 106/44, 125 saylı mənzilə olan istifadə hüquqları itirilmiş hesab edilməlidir. Məhkəmə habelə qeyd edir ki, iddia tələbi üzrə cavabdehin qeydiyyatdan çıxarılması ilə bağlı məsələ müvafiq icra hakimiyyətinin səlahiyyətinə aid olduğundan iddia tələbi həmin hissədə əsaslı deyil, bu səbəbdən də təmin edilə bilməz. Bundan başqa məhkəmə hesab edir ki, mülki iş üzrə ödənilmiş 10 (on) manat dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1.-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Həmin Məcəllənin 217.4 maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh Bakı şəhəri, Nərimanov rayonu, Y.V. Çəmənzəminli 106/44, 125 saylı mənzilə olan istifadə hüquqları itirilmiş hesab edilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Mülki iş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Solmaz Ədilova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar