Məhkəmə qərarları › İş №2(005)-4561/2021

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-4561/2021

12.10.2021 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-4561/2021 12.10.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ 12 oktyabr 2021-ci il Bakı şəhəri Hakim Quliyev Vüqar Şahbaz oğlunun sədrliyi, Fətəlizadə Rufanə Xıdır qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Ələkbər-zadə Faiq Zakir oğlunun, Cavabdeh1 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “ mənzildən çıxarılma” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “ mənzildən çıxarılma” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 əşyaları ilə birlikdə mülkiyyətində olan Bakı şəhəri, Nərimanov rayonu, Əliyar Əliyev küçəsi, ev 37-də yerləşən 107 saylı mənzildən çıxarılması və mənzilin onun, sahibliyinə və sərəncamına verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddia ərizəsinin həcminin artırılması barədə ərizə verərək, Cavabdeh1 Bakı şəhəri, Nərimanov rayonu, Əliyar Əliyev küçəsi, ev 37-də yerləşən 107 saylı mənzildə istifadə hüquqları olmayan şəxs hesab edilməklə, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 əşyaları ilə birlikdə mülkiyyətində olan Bakı şəhəri, Nərimanov rayonu, Əliyar Əliyev küçəsi, ev 37-də yerləşən 107 saylı mənzildən çıxarılması və mənzilin onun, sahibliyinə və sərəncamına verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, cavabdehlər oğlu və gəlinidir. Uzun müddət pedoqoji fəaliyyətlə məşğul olmuşdur. Fəaliyyətinin əsas hissəsi fiziki məhdudiyyətli şəxslərin tərbiyəsinə həsr olunmuş və hazırda təqaüddədir. Cavabdehlər uzun müddətdir ki, evdə yaşamasına mane olurlar. Ona məxsus olan mülkiyyətindən çıxarmaq üçün hər yola əl atırlar, gah evin elektrikini, qazını kəsir, gah da yüksək səslə musiqi dinləyirlər. Qonşularda bu vəziyyətə etiraz edirlər. Hətta cavabdehlər onu dələlərlə döymüş, öldürməklə hədələmişlər. Yerli hüquq- mühavizə orqanlarına etdiyi çoxsaylı müraciətlər heç bir nəticə verməmişdir. Oğlu Orxan özünə xəsarət yetirərək onu şərləməyə çalışmışdır. Cavabdehlərin məqsədi onu öz mülkiyyətindən ahıl yaşında didərgin salıb, çöllərə atmaqdır. Səbəb kimidə “sən get kirayədə qal, biz burda özümüz yaşayarıq” deyirlər. Oğlu bir neçə il əvvəl ona məxsus olan 2 otaqlı evi sataraq pulu mənimsəmişdir. Son çarə olaraq yataqxanada 16 kv.m sahəsi olan otağa sığınmışdır. Son məqsədləri onu həmin otaqdanda qovmağdır. Avqust ayında mülki iş üzrə cavabdehlər 2 gün ərzində mənzilə daxil olmaq istəsələr də, buna imkan verməmişdir. Lakin onlar zorla onun mülkiyyətində olan mənzilə soxularaq incitməyə, təhqir etməyə başlamışlar. Bu barədə hüquq mühafizə orqanlarına müraciət etmiş, heç bir nəticə vermədiyi üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında iştirak etmiş İddiaçı nümayəndəsi və vəkili Ələkbər-zadə Faiq Zakir oğlu iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək iddia ərizəsinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak etmiş Cavabdeh1 iddia tələbini qəbul etməyərək izahatında bildirmişdir ki, mərhum atasına məxsus mənzili sataraq Həzi Aslanov ərazisində və Biləcəri ərizisdə ev almışlar. Lakin Rusiyaya getdiyindən, anası Biləcəri uzaq olması səbəbi ilə həmin evi satıb hazırki iddia predmeti olan Nərimanov ərazisindəki evi 2013-cü ildə ananın adına almışdılar. Həzi Aslanov ərazisindəki evin alınmasında problem olduğundan, həmin evin pulu 20000 manat qaytarılan zaman anası və dayısı pulu götürmüşdülər. Anası ilə narazıçılıq elə bu səbəbdən başlamışdır. Qeyd olunanları nəzərə alaraq, iddianın rədd olunmasını xahiş etmişdir. O, Cavabdeh2 ilə 2018-ci il tarixdə nikaha girib və daha sonra Nərimanov rayonu, Ə.Əliyev küçəsi ev 37-yə köçmüşlər, Məhkəmə baxışı iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdeh məhkəmə baxışı iclasına gəlməmiş, məhkəmə iclasında səlahiyyətli nümayəndəsi vasitəsilə təmsil olunmamışdır. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş Cavabdeh2 gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən digər cavabdehin iştirakı olmadan mülki işə baxılmasını mümkün hesab edir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, onların təqdim etdiyi sübutları və iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan; 27.08.2021-ci il tarixli DİN-in BPQMİ-nin MAPS arayışından görünür ki, Cavabdeh1 ünvan 1 ünvanında qeydiyyatdadır. 27.08.2021-ci il tarixli DİN-in BPQMİ-nin MAPS arayışından görünür ki, İddiaçı ünvan 1 ünvanında qeydiyyatdadır. 27.08.2021-ci il tarixli DİN-in BPQMİ-nin MAPS arayışından görünür ki, Cavabdeh2 Bakı şəhəri, Binəqədi rayonu, 8-ci mikrorayon, X1 küçəsi, ev 2ET, mənzil 2 ünvanında qeydiyyatdadır. Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın notarial təsdiq olunmuş surətindən görünür ki, ünvan 3 ünvanındakı əmlak İddiaçı mülkiyyətindədir. Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX 1 saylı Bakı Ərazi İdarəsinin Texniki Pasportun surətindən görünür ki, ünvan 3 ünvanındakı əmlakın hüquqi subyekti İddiaçıdır. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, tərəflərin izahatından və təqdim etdiyi sübutlarla müəyyən olunur ki, Nərimanov ərazisindəki evi 2013-cü ildə ananın adına almışdılar. Bu evi almazdan əvvəl də Cavabdeh1 onlarla birlikdə başqa evdə yaşamış daha sonra hazırki mənzilə köçmüşlər. İddiaçının gəlini Cavabdeh2 isə 2018-ci ildə digər Cavabdeh1la nikaha girmiş, bir müddət başqa mənzildə yaşasalar da sonradan Nərimanov rayonunda, Ə.Əliyev küçəsi 37, mənzil 107-də olan mənzilə köçmüşlər. Tərəflər arasında olan hüquq münasibətləri 01 oktyabr 2009-cu ildən sonrakı dövrdə yarandığından məhkəmə hesab edir ki, bu mübahisəyə 01 oktyabr 2009-cu il tarixdən qüvvədə olan Mənzil Məcəlləsinin müddəaları baxımından qiymət verilməklə mübahisə həll edilməlidir. Mənzil Məcəlləsinin 30.1-ci maddəsinə əsasən yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. Mənzil Məcəlləsinin 30.2-ci maddəsinə əsasən əgər yaşayış sahəsinin mülkiyyətçisiilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə və onun saxlanmasını təmin etməyə borcludurlar. Məhkəmənin qənaətinə görə Cavabdeh1 mülkiyyətçi İddiaçı ailə üzvü olduğundan onun mənzildən istifadə hüququ və bu hüquq onlara məxsus əvvəlki başqa mənzildən keçdiyindən saxlanmalıdır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1, 228.2 və Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 16 dekabr 2014-cü il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci maddəsinin ikinci cümləsinin “digər qohumlar” ifadəsi Azərbaycan Respublikası Ailə Məcəlləsinin 15-ci Fəslinin müddəalarına əsasən yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ olan şəxsləri ehtiva edir. Göründüyü kimi, Cavabdeh2 mənzilin mülkiyyətçilərinə münasibətdə sonuncunun ailə üzvü deyildir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. Həmin Məcəllənin 228.2-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Həmin Məcəllənin 228.5-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 27 may 2008-ci il tarixli qərarında qeyd edilmişdir ki, “yaşayış binasının tərkib hissəsindən digər şəxslərin istifadə hüququna xitam verilməsi ilə bağlı məsələlər Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsinə uyğun olaraq həll edilməlidir Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinin «mülkiyyətçinin razılığı» müddəası həmin Məcəllənin 228.2-ci maddəsində müəyyən olunan qaydaya müvafiq olaraq yazılı bağlanan notariat qaydasında təsdiqlənən razılaşmanı nəzərdə tutur.” Qeyd edilən əsaslardan çıxış edərək məhkəmə hesab edir ki, Cavabdeh2 Bakı şəhəri, Nərimanov rayonu, Əliyar Əliyev küçəsi, ev 37-də yerləşən 107 saylı mənzildən istifadə hüququ olmayan şəxs hesab edilməklə həmin mənzildən çıxarılmalıdır. Azərbaycan Respublikası Mülki Porsessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İ hissəsinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır. Həmin maddənin 2-ci hissəsinə əsasən, mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Məhkəmə həmçinin hesab edir ki, Cavabdeh2 mübahisəli mənzildə saxlanması iddiaçının mənzil hüquqlarının məhdudlaşdırılması baxımından qanunsuz hal kimi qiymətləndirilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.2-ci maddəsinə əsasən sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Həmin Məcəllənin 152.3-cü maddəsinə əsasən istifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. Həmin Məcəllənin 152.4-cü maddəsinə əsasən sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Məhkəmə iddianın iddia predmeti olan mənzili iddiaçının sahibliyinə və sərəncamına verilməsi hissəsində qeyd edir ki, qanunvericiliyin məzmunundan aydın olur ki, iddiaçının sahiblik və sərəncam hüququ iddiaçının mülkiyyət hüququ iklə rəsmiləşdirilmişdir. Odur ki, iddia həmin hissədə rədd olunmalıdır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh2 Bakı şəhəri, Nərimanov rayonu, Əliyar Əliyev küçəsi, ev 37-də yerləşən 107 saylı mənzildə istifadə hüququ olmayan şəxs hesab edilməklə, əşyaları ilə birlikdə İddiaçı mülkiyyətində olan həmin mənzildən çıxarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə xərcləri ilə əlaqədar məsələyə münasibətdə məhkəmə belə qənaətə gəlir ki, iddia rədd edildiyindən iş üzrə ödənilmiş dövlət rüsumu iddiaçılara aid edilməlidir. Mülki Prosessual Məcəllənin 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir. Mülki Prosessual Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh2 ünvan 4 ünvanında yerləşən 107 saylı mənzildən istifadə hüququ olmayan şəxs hesab edilsin. Cavabdeh2 ünvan 4 ünvanında yerləşən 107 saylı mənzildən əşyaları ilə birlikdə çıxarılsın. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Vüqar Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar