Məhkəmə qərarları › İş №2(005)-4573/2024

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərardad — İş №2(005)-4573/2024

26.11.2024 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(005)-4573/2024 26.11.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Nuriyeva Səbinə Vidadi qızının sədrliyi, Məhkəmə iclas katibi Fətəlizadə Rufanə Xıdır qızının katibliyi, İddiaçı İddiaçı, Cavabdeh Cavabdeh, Cavabdehin nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “mənzilə köçürmə” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “mənzilə köçürmə” tələbinə iddia ərizəsi ilə müraciət edərək, özünün ünvan 1anov rayonu, T.Şıxəliyev küçəsi ev 20, 68 saylı mənzil ünvanında yerləşən mənzildə 3 otaqlı mənzil ümumi sahəsi 130,5 kv.m olan mənzilə köçürülməsini məhkəmədən xahiş etmişdir. Cavabdehin nümayəndəsi və vəkili xx.xx.2024-cü il tarixdə elektron kabinet vasitəsilə məhkəməyə müraciət edərək, İddiaçı Cavabdeh qarşı Bakı ş, Nərimanov r-nu, T.Şıxəliyev küç, ev 20, m. 68-ə köçürülmə tələbi barədə iddia ərizəsinin baxılmamış saxlanılması barədə qərardad çıxarılmasını xahiş etmişdir. Vəsatət onunla əsaslandırılmışdır ki, İddiaçı Cavabdeh qarşı mənzilə köçürülmə tələbi barədə iddiasına dair mülki iş hazırda məhkəmənin icraatındadır. İddia ərizəsindən görünür ki, iddiaçının özünün köçürülməsini tələb etdiyi Bakı ş, Nərimanov r-nu, T.Şıxəliyev küç, ev 20, m. 68 cavabdehin adına tərəflərin nikahı dövründə alınıb və hazırda cavabdehin mülkiyyətindədir. Göründüyü kimi, iddia ərizəsində əsaslandırılmasa da, hazırkı mübahisə ər-arvaddan birinin onların birgə mülkiyyəti sayılan mənzilə köçürülməsi ilə bağlıdır ki, bu da onların ailə (nikah) münasibətlərindən irəli gəlir. Tərəflər rəsmi nikahda olmasaydı, iddiaçının bu mənzilə hər hansı hüququ da olmazdı. Tərəflər arasındakı hazırkı mübahisə ailə münasibətlərindən irəli gəlir və odur ki, iddiaçı məhkəməyə müraciət etməzdən əvvəl ilkin mediasiya sessiyasında iştiraka dair tələbə əməl etməli olduğu halda bu tələbə riayət edilməsini təsdiq edən sənədi (mediatorun arayışını) iddia ərizəsinə əlavə etməmişdir ki, bu da AR MPM-in 259.0.13-cü maddəsinə əsasən ərizənin baxılmamış saxlanması üçün əsasdır. Məhkəmə iclasında iştirak edən iddiaçı hazırkı tələblə bağlı mediasiyaya müraciət etmədiyini bildirdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili vəsatəti müdafiə edərək, tərəfləri mediasiyada iştirak etmədiyindən iddia ərizəsinin baxılmamış saxlanılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdeh iddia ərizəsinin baxılmamış saxlanılmasını xahiş etdi. Məhkəmə tərəfləri, cavabdehin nümayəndəsi və vəkilini dinləyib, cavabdehin nümayəndəsi və vəkilinin vəsatətini, iddia ərizəsi və ona əlavə olunmuş sənədlər nəzərdən keçirərək hesab edir ki, iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Belə ki, “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununun 3.2-ci maddəsinə əsasən ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə bu Qanunun 28-ci və 29-cu maddələrinə uyğun olaraq məhkəməyə müraciət etməmişdən əvvəl ilkin mediasiya sessiyasında iştirak tələb olunur. Həmin Qanunun 28.1-ci maddəsinə əsasən, ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə məhkəməyə müraciət etməmişdən əvvəl tərəflər ilkin mediasiya sessiyasında iştirak etməlidirlər. Azərbaycan Respublikası MPM-nin 150.1.7-ci maddəsinə əsasən iddia ərizəsinə “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq, tərəflərin məhkəməyə müraciət etməzdən əvvəl mediasiya prosesində iştirakı tələb olunduğu halda, həmin tələbə riayət edilməsini təsdiq edən sənəd iddia ərizəsinə əlavə edilməlidir. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 21.9-cu maddəsinə əsasən aşağıdakı tələblərin birinə əməl edilmədən məhkəməyə müraciət edildikdə müraciət məhkəmə tərəfindən baxılmamış saxlanılır: 21.9.1. bu Qanunun 28-ci və 29-cu maddələrində nəzərdə tutulmuş hallarda tərəf bu Qanunun 29.7-ci maddəsində nəzərdə tutulmuş müvafiq arayışı və ya protokolu məhkəməyə etdiyi müraciətinə əlavə etmədikdə; 21.9.2. tərəflər arasında “mediasiya prosesinin tətbiqi barədə müqavilə” bağlandığı halda bu Qanunun 32.2-ci maddəsində nəzərdə tutulmuş protokol məhkəməyə edilmiş müraciətə əlavə edilmədikdə; 21.9.3. tərəflər arasında mediasiyaya dair qeyd-şərt olduğu halda bu Qanunun 21.6-cı maddəsində nəzərdə tutulmuş təklifin göndərilməsi ilə əlaqədar başlamış mediasiya prosesinə bu Qanunun 21.7-ci maddəsində müəyyən edilmiş qaydada xitam verilmədikdə; 21.9.4. bu Qanunun 21.8-ci maddəsində nəzərdə tutulmuş hallarda tərəf həmin maddədə nəzərdə tutulmuş arayışı məhkəməyə etdiyi müraciətə əlavə etmədikdə. Həmin Qanunun 29.7-ci maddəsinə əsasən, bu Qanunun 29.2-ci, 29.3-cü və 29.6cı maddələrində göstərilən arayışı və ya protokolu əldə etdikdən sonra tərəf məhkəməyə və ya arbitraja (münsiflər məhkəməsinə) müraciət edə bilər. Müraciətə müvafiq arayış və ya protokol əlavə edilməlidir. Cavabdehin nümayəndəsi və vəkili tərəfindən elektron kabinet vasitəsilə məhkəməyə təqdim olunmuş sənədlərlə müəyyən olunur ki, tərəflər xx.xx.1977-ci il tarixdə rəsmi nikaha daxil olmuşdurlar. Tərəflər arasında olan nikah Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(005)-400/2024 saylı qətnaməsi ilə pozulmuşdur. İddiaçının köçürülməsini xahiş etdiyi ünvan 1anov rayonu, Tələt Şıxəliyev küçəsi ev 20, mənzil 68 ünvanında yerləşən mənzil xx.xx.2010-cu il tarixdə Cavabdeh adına qeyd alınmışdır. Göründüyü kimi, tərəflər xx.xx.1977-ci il tarixdən rəsmi nikahda olmuş, birgə nikah dövründə ünvan 1anov rayonu, Tələt Şıxəliyev küçəsi ev 20, mənzil 68 ünvanında yerləşən mənzil cavabdehin adına qeyd alınmışdır. Hazırda iddiaçı birgə nikah dövründə əldə olunmuş mənzilə köçürülməsini xahiş edir və onun tələbi tərəflər arasında olmuş ailə münasibətlərindən irəli gəlir. Bununla belə İddiaçı Cavabdeh qarşı “mənzilə köçürmə” tələbinə dair hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etməzdən əvvəl “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya təşkilatına müraciət etməmiş və bu barədə sənədi iddia ərizəsinə əlavə etməmişdir. Halbuki qanunvericiliyə əsasən, ailə münasibətlərindən irəli gələn mübahisələr üzrə tərəflər məhkəməyə iddia ərizəsi ilə müraciət etməzdən əvvəl “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya sessiyasında iştirak etməli, bu iştirakla bağlı müvafiq sənədi əldə etdikdən sonra, həmin sənədi iddia ərizəsinə əlavə etməklə məhkəməyə müraciət etməlidirlər. Bu qaydaya riayət edilməməsi isə icraata qəbul olunmuş iddia ərizəsinin AR MPM-nin 259.0.13-cü maddəsinə əsasən baxılmamış saxlanması üçün əsasdır. Göründüyü kimi, tərəflər hazırki ailə münasibətlərindən irəli gələn tələbə dair mediasiya sessiyasında iştirak etməmişlər. Azərbaycan Respublikası MPM-nin 259.0.13-cü maddəsinə əsasən, “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 21.9-cu maddəsində göstərilən hallarda məhkəmə ərizəni baxılmamış saxlayır. Göstərilən qanunvericilik aktı normasına əsasən məhkəmə hesab edir ki, iddiaçı tələbi ailə münasibətlərindən irəli gəlməsinə baxmayaraq, məhkəməyə müraciət etməzdən əvvəl mediasiya prosesində iştirak ilə bağlı tələbə riayət etmədiyindən iddia ərizəsi baxılmamış saxlanmalıdır. Azərbaycan Respublikası MPM-nin 260.6-cı maddəsinə əsasən, iddianın baxılmamış saxlanması haqqında məhkəmə qərardadından şikayət verilə bilər. Bununla belə məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 260.0.4-cü maddəsinə əsasən iddianın baxılmamış saxlanması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra maraqlı şəxs ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etməyə haqlıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 114.1.5-ci maddəsinə əsasən, bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə baxılmamış saxlandıqda, ödənilmiş dövlət rüsumu qaytarılır. Həmçinin iş materiallarına əlavə edilmiş xx.xx.2024-cü il tarixli, GPP ********** nömrəli mədaxil qəbzindən görünür ki, ərizənin verilməsi üçün iddiaçı tərəfindən 100 (yüz) manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə hesab edir ki, iddia ərizəsi baxılmamış saxlandığından ödənilmiş dövlət rüsumu da tam geri qaytarılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.13, 260, 263-264 və 266-268-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: İddiaçı Cavabdeh qarşı “mənzilə köçürmə” tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. İddia ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılsın. İddiaçı tərəfindən iddia ərizəsinin verilməsi üçün xx.xx.2024-cü il tarixli, GPP ********** nömrəli qəbz üzrə ödənilmiş 100 (yüz) manat dövlət rüsumu İddiaçı geri qaytarılsın. Qərardadın icrası dövlət rüsumunun qaytarılması hissəsində Bakı Şəhəri üzrə Baş Maliyyə İdarəsinə və Bakı şəhəri Səbail rayon İcra şöbəsinə həvalə edilsin. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Səbinə Nuriyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar