Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-4589/2021 12.10.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Vüqar Şahbaz oğlunun sədrliyi, Cəfərova Rufanə Xıdır qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili X1, nümayəndəsi X2, Cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyinin nümayəndəsi X6 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyinə qarşı “əmrin ləğv edilməsi, işə bərpa edilməsi və məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyinə qarşı “əmrin ləğv edilməsi, işə bərpa edilməsi və məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Azərbaycan Respublikası Təhsil nazirinin 30.06.2021-ci il tarixli əmrin ləğv edilməsi, onun ünvan 3 orta məktəbinin direktoru vəzifəsinə bərpa olunması və məcburi iş buraxma müddətinə görə əmək haqqının verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, 08.01.1997-ci il tarixdən ünvan 3 orta məktəbinin direktoru vəzifəsində işləmişdir. Əvvəllər həmin məktəbdə müəllim və direktor müavini kimi çalışmışdır. Ümumi olaraq 40 illik pedoqoji fəaliyyəti var. İşlədiyi dövrdə heç vaxt barəsində intizam tənbehi tətbiq edilməmiş, pedoqoji fəaliyyətinə görə hər zaman həm şəhər rəhbərliyi tərəfindən, həm də rayon təhsil şöbəsi tərəfindən müxtəlif təltiflərə layiq görülmüşdür. Azərbaycan Respulikası Təhsil nazirinin 30.06.2021-ci il tarixli K-670 nömrəli intizam tənbehinin tətbiqi barədə” əmrinə əsasən AR Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən əmək müqaviləsinə xitam verilmişdir. 2020/2021-ci tədris ilində tədris ilinin əvvəlindən etibarən çox uzun bir müddət koronavirus (COVİD-19) pandemiyası ilə əlaqədar ümumtəhsil müəssisələrində təhsil əyani şəkildə deyil, distant formada online qaydada aparılmışdır. 2020-ci ilin sentyabr ayında X8 Təhsil Nazirliyinin göndərişi əsasında 2020/2021-cİ tədris ilinin sonuna qədər onun direktoru olduğu məktəbə kimya müəllimi təyin edilmişdir. Təhsil distant formada aparıldığından müəllimlərin hansı rayonda və ya şəhərdə olmasının önəmi yox idi. X12 dərsləri keçmədiyi məlum olduqda onunla əlaqə saxlamış, o isə uşağının ağır xəstə olmasını mütəmadi xəstəxanalarda qaldığını və xəstəxana şəraitində dərsləri keçə bilmədiyini bildirmişdir. Ona işə gəlməməsinin üzürlü olması barədə sənədləri qaydaya qoymasını, əks halda barəsində intizam tədbirlərinin görülə biləcəyini özünə bildirmişdir. Xalidə Bilalova pandemiya səbəbindən məktəbə gələ bilmədiyi üçün barəsində heç bir intizam tədbiri görə bilməmişdir. Həmçinin yeni kimya müəllimi təyinatı da faktiki olaraq qeyri-mümkün idi, çünki pandemiya dövründə işə qəbul məhdudlaşdırılmışdı, yeni təyinat isə növbəti tədris ilinə qalacaqdı. Daha sonra heç kimnən heç bir maraq güdmədən məktəbin nüfuzuna xələl gəlməsini istəmədiyi üçün kimya dərsini onlayn qaydada özü tədris etməyə başlamışdır. 2021-ci ilin fevral ayında Tənsil Nazirliyinə daxil olmuş şikayət əsasında məktəbdə yoxlamalar aparılmış və ondan Göyçay rayon Təhsil Şöbəsində izahat alınmışdır. Araşdırma başlanandan 4 ay sonra 30.06.2021-ci il tarixdə əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci naddəsinin “ç” bəndinə əsasən xitam verilmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili X3 və nümayəndəsi X7 iddia tələbini müdafiə edərək, onun məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişlər. Məhkəmə iclasında cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyinin nümayəndəsi X10 iddia tələbini qəbul etməyərək, iddia ərizəsinin təmin edilməməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, toplanmış sübutlara və işin araşdırılmış halları ilə müəyyən edilmiş hallara qiymət verərək hesab edir ki, müvafiq iddia tələbinə dair iddiaçı tərəfin irəli sürdüyü dəlillər tam əsassızdır və buna görə də iddia tələbi rədd edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş: 20.08.2021-ci il tarixli X5 İştirak Edilməməsi barədə arayışdan görünür ki, Azərbaycan Respublikası Təhsil Nazirliyi əmək müqaviləsi münasibətləri barədə təsvir edildiyi kimi, mübahisə üzrə 20.08.2021-ci il tarixində, 15:00 – 15:30 saatlarında keçirilməsi nəzərdə tutulan X5 iştirak etməmişdir. ИТ-İ nömrəli iş haqqında məlumatın notarial təsdiq olunmuş surətindən görünür ki, İddiaçı 08.01.1997-ci il tarixdən ünvan 3 orta məktəbinin direktoru vəzifəsində işləmiş və 30.06.2021-ci il tarixli K-670 əmrə əsasən AR Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən əmək müqaviləsinə xitam verilmişdir. Azərbaycan Respublikasının təhsil nazirinin “İntizam tənbehinin tətbiqi barədə” 30.06.2021-ci il tarixli, K-670 nömrəli əmrindən çıxarışın surətindən görünür ki, ünvan 3 orta məktəbinin direktoru İddiaçı ilə bağlanmış əmək müqaviləsi müəssisəyə rəhbərlik və nəzarətdə ciddi nöqsanlar yol verdiyinə, əmək funksiyasını və əmək müqaviləsi üzrə öhdəlikləri yerinə yetirmədiyinə görə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən 30.06.2021-ci il tarixdən ləğv edilməsi əmr edilmişdir. ATAHİ RK Rayon Təhsil Şöbəsi ilk Həmkanlar Təşkilatının 02.06.2021-ci il tarixli onlayn iclas protokolundan çıxarışın surətindən görünür ki, 2021-ci ilin fevral ayında Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən 11 saylı ƏMHM-nin əhatə etdiyi rayonlarda monitorinq aparılan zaman Göyçay rayon Ərəbcəbirli kənd ümumi orta məktəb direktoru İddiaçı əmək qanunvericiliyi üzrə əmək funksiyasını yerinə yetirmədiyi aşkar edilmişdir. Belə ki, 15.09.2020-ci il tarixdə MİQ vasitəsi ilə məktəbə kimya müəllimi qəbul olunmuş X4 üzrsüz səbəbdən işə gəlməməsinə şarait yaratmış, X.Bilalovanın dərslərini ibtidai sinif müəllimi olmasına baxmayaraq özü əvəz etmişdir. Bununla da İddiaçı haqqında ƏM-nin 70-ci maddəsinin « ç » bəndi ilə vəzifə məsuliyyəti yaranmışdır. Bu haqda Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən işə götürən kimi təşkilata təqdimat daxil olmuş, məsələnin müzakirə edilib, müvafiq qərar çıxarılması ilk təşkilatdan tələb edilmişdir. İddiaçı ilə Göyçay rayon Ərəbcəbirli kənd ümumi orta məktəbinin direktoru vəzifəsinə bağlanmış əmək müqaviləsinə ƏM-nin 70-ci maddəsinin “ç” bəndi ilə xitam verilməsinə razılıq verilmişdir. Təhsil Nazirliyindən xahiş xahiş edilmişdir ki, İddiaçı uzun müddətli pedaqoji fəaliyyəti nəzərə alınsın və onu həmin məktəbdə müəllim saxlanılmasına razılıq verilsin. İnsan resursları şöbəsinin müdirinin ATİAHİ Göyçay RK-nın RTŞ üzrə ilk həmkarlar təşkilatının sədrinə ünvanladığı 22.06.2021-ci il tarixli məktubunun surətindən görünür ki, Təhsil Nazirliyi müəssisəyə rəhbərlik və nəzarətdə ciddi nöqsanlara yol verdiyinə, vəzifə səlahiyyətlərindən sui-istifadə etdiyinə, əmək müqaviləsi üzrə öhdəlikləri və vəzifə funksiyalarını yerinə yetirmədiyinə görə ünvan 3 orta məktəbinin direktoru İddiaçı ilə bağlanmış əmək müqaviləsinin Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən ləğv edilməsini məqsədəmüvafiq hesab edilmişdir. ünvan 3 orta məktəbinin sabiq kimya müəllimi X4 Bakı İnzibati Məhkəməsinə ünvanladığı ərizədən görünür ki, 25.09.2020-ci il tarixdə ünvan 3 orta məktəbində kimya fənni üzrə müəllim kimi işə təyin edillmişdir. Lakin sentyabr ayının 30-dan qızı Məmmədi ipək Kənan qızı xəstə olduğu üçün dərslərdə iştrak edə bilməmişdir. Həkimlər qızına uzun müddətli müalicə təyin etmişdilər. Məktəbin direktoru İddiaçı dəfələrlə onu dərslərin keçirilməməsi ilə bağlı xəbərdar etmişdir. Lakin xəstəxana şəraitində üzürlü səbəblərdən distant dərsləri keçə bilməmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-9014/2021 saylı, 27.08.2021-ci il tarixli qərardadından görünür ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyinə qarşı “əmrin ləğv olunması, işə bərpa olunma və məcburi iş buraxma müddətinə görə əmək haqqının verilməsi” tələbinə dair iddiası mümkün sayılmaması qərara alınmışdır. AZE 0******* seriyalı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı Göyçay rayonu, 2-ci Ərəbcəbirli kəndində qeydiyyatdadır. 02.03.2021-ci il tarixli aktdan görünür ki, X8 Təhsil Nazirliyinin göndərişi əsasında 25.09.2020-ci il tarixdən 2020-2021-ci tədris ilinin sonuna kimi ünvan 3 məktəbinə kimya müəllimi təyin olunmuşdur. Lakin X.Bilalova işə təyin olunandan sonra nə əyani, nə də distant formada dərs keçməmiş, onun adına tarifləşmiş dərs saatları məktəbin direktoru, ibtidai sinif müəllimi ixtisaslı İddiaçı tərəfindən tədris olunmuşdur. X.Bilalovanın əmək haqqı kartı 11 saylı ƏMHM-dədir. Kartını götürməmişdir. Məhkəmə qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Bu mənada məhkəmənin qənaətinə görə, iddiaçının irəli sürdüyü faktiki hallara onun iddia tələblərinin qanuni əsasının dispozisiya şərtləri ilə uzlaşıb-uzlaşmamasına hüquqi qiymət verilməlidir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin: 311-ci maddəsinə əsasən işçi və ya işəgötürən əmək müqaviləsi ilə müəyyən edilmiş öhdəliklərini, əmək funksiyasını, habelə bu Məcəllənin və əmək qanunvericiliyi sisteminə daxil olan digər normativ hüquqi aktın tələblərini pozaraq biri digərinin hüquqlarına və qanunla qorunan mənafelərinə müəyyən ziyan vurarsa, bu Məcəllənin 186-cı maddəsində nəzərdə tutulmuş intizam məsuliyyətinə cəlb edilir; 186-cı maddəsinin İ hissəsinə əsasən işəgötürən, işçi bu Məcəllə ilə və digər normativ hüquqi aktlarla müəyyən edilmiş vəzifələrini yerinə yetirmədikdə və ya hüquqlarından sui-istifadə etdikdə və yaxud əmək müqaviləsi üzrə öhdəliklərini icra etmədikdə intizam məsuliyyətinə, qanunvericilikdə nəzərdə tutulmuş hallarda isə digər məsuliyyətə cəlb edilirlər. Həmin normanın İİ hissəsinə əsasən işçi əmək funksiyasını tam və ya qismən yerinə yetirmədikdə, yaxud keyfiyyətsiz yerinə yetirdikdə, bu Məcəllənin 10-cu maddəsində nəzərdə tutulan, həmçinin əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifələrini, müəssisədaxili intizam qaydalarını pozduqda işəgötürən ona aşağıdakı intizam tənbehlərindən birini verə bilər: a) töhmət vermək; b) sonuncu xəbərdarlıqla şiddətli töhmət vermək; c)kollektiv müqavilələrdə nəzərdə tutulmuşdursa, aylıq əmək haqqının 1/4-i məbləğindən çox olmamaq şərti ilə cərimə etmək; ç) əmək müqaviləsini bu Məcəllənin 70-ci maddəsinin “ç” bəndi ilə ləğv etmək. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 10-cu maddəsinə əsasən əmək müqaviləsi üzrə işçinin əsas vəzifələri a) əmək müqaviləsi ilə müəyyən edilmiş əmək funksiyasını vicdanla yerinə yetirmək; b) əmək intizamına və müəssisədaxili intizam qaydalarına əməl etmək; c) əməyin təhlükəsizliyi normalarına əməl etmək; ç) işəgötürənə vurduğu maddi ziyana görə məsuliyyət daşımaq; d) dövlət sirrini, habelə işəgötürənin kommersiya sirrini müəyyən olunmuş qaydada və şərtlərlə gizli saxlamaq; e) iş yoldaşlarının əmək hüquqlarını və qanuni mənafelərini pozmamaq; ə) fərdi, kollektiv əmək mübahisələri üzrə məhkəmə qərarlarını (qətnamələrini) yerinə yetirmək; f) əmək qanunvericiliyinin tələblərinə əməl etməkdən ibarətdir. Göstərilən qanun normasında işçinin əmək müqaviləsi ilə müəyyən edilmiş əmək funksiyasını vicdanla yerinə yetirmək funksiyası təsbit edilmişdir. Əmək qanunvericiliyinə əsasən (186-cı maddənin 1-ci hissəsi) işçi bu Məcəllə ilə və digər normativ hüquqi aktlarla müəyyən edilmiş vəzifələrini yerinə yetirmədikdə və ya hüquqlarından sui-istifadə etdikdə, yaxud, əmək müqaviləsi üzrə öhdəliklərini icra etmədikdə intizam məsuliyyətnə cəlb edilir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin: 186-cı maddəsinin 2-ci hissəsinə əsasən işçi əmək funksiyasının tam və ya qismən yerinə yetirmədikdə, yaxud keyfiyyətsiz yerinə yetirdikdə, bu Məcəllənin 10-cu maddəsində nəzərdə tutulan, həmçinin əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifələrini, müəssisədaxili intizam qaydalarını pozduqda işəgötürən işçiyə inzibati tənbeh növlərindən biri olan həmin hissənin “ç” bəndində nəzərdə tutulmuş “əmək müqaviləsini bu Məcəllənin 70-ci maddəsinin “ç” bəndi ilə ləğv etmək” intizam tənbehini verə bilər; 187-ci maddəsinin 1-ci hissəsinə əsasən intizam tənbehi verilməmişdən əvvəl işəgötürən işçidən yazılı izahatın verilməsini tələb edir; 187-ci maddəsinin 2-ci hissəsinə əsasən intizam tənbehi işçi tərəfindən əmək və ya icra intizamının pozulduğu aşkar edildiyi gündən 1 (bir) ay keçənədək verilə bilər. Eyni zamanda, Azərbaycan Respublikası Əmək Məcəlləsinin: 68-ci maddəsinin 1-ci hissəsinə əsasən əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər; 2-ci hissəsinin “a” bəndinə əsasən tərəflər birinin təşəbbüsu əmək müqaviləsinin xitam verilməsi əsaslarından biridir; 2-ci hissəsinin “e” bəndinə əsasən tərəflərin əmək müqaviləsində müəyyən etdiyi hallar əmək müqaviləsinin xitam verilməsi əsaslarından biridir; 70-ci maddəsinin “ç” maddəsinə əsasən işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu məcələnin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər; 71-ci maddəsinin 2-ci hissəsinə əssasən bu Məcəllənin 70-ci maddəsinin “ç” bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəyimiş olsun; 71-ci maddəsinin 3-ci hissəsinə əsasən işəgötürən bu məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır. Qeyd olunan Məcəllənin 72-ci maddəsində isə hansı konrket hallarda işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması öz əksini tapmışdır. Həmin Məcəllənin 72-ci maddəsinin “e” bəndinin tələbinə görə əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvləri, hüquq pozuntuları nəticəsində işəgötürənin, müəssisənin və ya mülkiyyətçinin qanuni mənafeyinə ciddi xələl gətirməsi əmək vəzifələrnin kobud şəkildə pozulması hesab edilir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, həqiqətən İddiaçı vəzifə funksiyalarının icrasında nöqsanlara yol vermişdir. Buna görə də, onunla bağlanmış əmək müqaviləsi Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən ləğv edilmişdir. Məhkəmə hesab edir ki, iddia tələbi üzrə İddiaçı irəli sürdüyü arqumentlər onun subyektiv mülahizəsi olmaqla, əsassızdır və bununla bağlı cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyinin nümayəndəsinin izahatını və bununla bağlı təqdim edilmiş sübutlarını inandırıcı sayır. Belə ki, məhkəmə işin düzgün həlli üçün önəmli olan halların, yəni subutetmə predmetini yaradan hüquqi faktların varlığını və ya yoxluğunu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş subutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyinə qarşı “əmrin ləğv edilməsi, işə bərpa edilməsi və məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi” tələbinə dair iddiası rədd edilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Vüqar Quliyev
Məhkəmə qərarları › İş №2(005)-4589/2021
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-4589/2021
12.10.2021 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver