Məhkəmə qərarları › İş №2(005)-4590/2025

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qiyabi qətnamə — İş №2(005)-4590/2025

10.02.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr - Digər icarə müqavilələri
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-4590/2025 10.02.2026 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əzizova Şəbnur Rəfail qızının sədrliyi, Məmmədova Aygün Tərlan qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “icarə müqaviləsi üzrə pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçının tələbi: İddiaçı Cavabdeh qarşı “icarə müqaviləsi üzrə pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh xx.xx.2024-cü il tarixli icarə müqaviləsi üzrə yaranmış 700 manat məbləğində borcun və ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir (sonradan iddia tələbi dəqiqləşdirilmişdir). İşin iddia ərizəsində qeyd edilən halları: Cavabdeh ilə xx.xx.2024-cü ci il tarixində aralarında ** DQ *** dövlət qeydiyyat nömrəli avtomobilin icarəsinə dair icarə müqaviləsi bağlanmışdır. xx.xx.2024-cı il tarixli icarə müqaviləsinə əsasən və təhvil-təslim aktı əsasında sözügedən avtomobil cavabdehə təhvil verilmişdir. İcarə müqaviləsinin 3-cü bəndinə əsasən icarəçi olaraq nəqliyyat vasitəsini 1 təqvim günü müddətinə icarəsi üçün icarəverənə 35 manat məbləğində icarə haqqını ödəməyi öhdəsinə götürmüşdür. Lakin həmin icarə müqaviləsinin şərtlərini kobud şəkildə pozaraq üzərinə düşən öhdəlikləri vaxtında və lazımi qaydada icra etməmişdir. xx.xx.2024-cü il tarixli icarə müqaviləsi üzrə görə 700 manat icarə haqqı və gecikdirilmiş günlər üçün 100 manat olmaqla, cəmi 800 manat borcu mövcuddur. Qeyd edilənləri nəzərə alaraq, “Toyota Prius” markalı, ** DQ *** dövlət qeydiyyat nömrəli avtomobilin icarəsi ilə bağlı aralarında bağlanmış xx.xx.2024-cü il tarixli icarə müqaviləsinə əsasən yaranmış borcun ona ödənilməsi ilə bağlı müraciət etsə də, cavabdeh icarə müqaviləsi üzrə borcunu bugünə qədər ödəməmişdir. Cavabdeh öz üzərinə düşən öhdəliyi lazımınca yerinə yetirmədiyindən, ona görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Cavabdehin etirazı: İrəli sürülmüş iddia tələbinə qarşı cavabdehdən etiraz daxil olmamışdır. İşdə iştirak edən şəxslərin izahatları: İddiaçı xx.xx.2026-cı il tarixdə elektron kabinet vasitəsilə məhkəməyə ərizə ünvanlayaraq, işə qiyabi icraat qaydasında baxılmasına etiraz etmədiyini bildirmiş, iclasın onun iştirakı olmadan keçirilərək iddianın təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə cavabdehə qanunla müəyyən edilmiş qaydada məlumat verilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmiş, məhkəməyə gəlməməsi səbəblərinin üzrlü olması barədə sübutları təqdim etməmişdir. Məhkəmə iddiaçının işə qiyabi icraat qaydasında baxılmasına dair ərizəsini və cavabdehin lazımi qaydada xəbərdar edilmiş hesab olunmasına baxmayaraq, məhkəmə iclasına gəlməməsini nəzərə alaraq, mülki prosessual qanunvericiliyin tələblərinə əsasən işə tərəflərin iştirakı olmadan qiyabi icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. İş materiallarına əlavə edilmiş sənədlər: - BB566546 saylı nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surəti ilə müəyyən olunur ki, ** DQ *** dövlət qeydiyyat nişanlı “Toyota Prius (Hibrid)” minik markalı nəqliyyat vasitəsinin mülkiyyətçisi X1r. - xx.xx.2022-ci il tarixli, reyestrdə 7E-6650 nömrə ilə qeyd edilmiş etibarnamə ilə müəyyən olunur görünür ki, X2 adına alınmış istənilən növ markalı nəqliyyat vasitəsini qəbul etməyi, idarə etməyi, nəqliyyat vasitəsinə sərəncam verməyi, qanunla icazə verilmiş bütün əqdləri (alğı-satqı, bağışlamaq, dəyişdirmək, ipoteka qoymaq və s.) bağlamağı və sair səlahiyyətləri İddiaçı xx.xx.2027-ci il tarixədək etibar etmişdir. - İddiaçı (icarəyə verən) ilə Cavabdeh (icarəçi) arasında bağlanmış 22 iyun 2024-cü il tarixli avtomobil icarə müqaviləsi ilə müəyyən olunur ki: * icarəyə verən qanuni əsaslarla ona məxsus olan “Toyota Prius” minik markalı nəqliyyat vasitəsini (dövlət nömrə nişanı: ** DQ ***; buraxılış ili: 2014; mühərrik № R740958; rəngi: gümüşü metallik; tip: XETCBEK; ban: JTDKDN3DU2F1896541) icarəyə verir, icarəçi isə həmin nəqliyyat vasitəsini xidməti ehtiyacları üçün öz istifadəsinə qəbul edir; * icarəçi müqavilədə nəzərdə tutulan ödənişi 5 gündən çox gecikdirərsə avtomobil icarəyə verən tərəfindən geri tələb oluna bilər; * icarəçi bu müqavilədə qeyd edilmiş və icarəyə alınmış nəqliyyat vasitəsini 1 təqvim günü müddətinə icarəsi üçün icarəyə verənə 35 manat məbləğində icarə haqqını ödəyir; * bu müqavilə xx.xx.2024-cü il tarixdən xx.xx.2027-ci il tarixədək bağlanır; * tərəflər razılığa gəlirlər ki, aralarında mübahisə yaranarsa, mübahisəyə Nərimanov Rayon Məhkəməsində baxılacaqdır. - xx.xx.2024-cü il tarixli təhvil-təslim aktı ilə müəyyən olunur ki, icarəyə verən bağladıqları müqavilənin şərtlərinə müvafiq olaraq “Toyota Prius” minik markalı nəqliyyat vasitəsini (dövlət nömrə nişanı: ** DQ ***; buraxılış ili: 2014; mühərrik № R740958; rəngi: gümüşü metallik; tip: XETCBEK; ban: JTDKDN3DU2F1896541) icarəçinin xidməti ehtiyacları üçün icarəçinin istifadəsinə icarəyə təhvil verir, icarəçi isə hənin nəqliyyat vasitəsini icarəyə qəbul edir. Akt hər iki müqavilə iştirakçısı tərəfindən imzalanmışdır. - xx.xx.2025-ci il tarixli pretenziya məktubu ilə müəyyən olunur ki, İddiaçı tərəfindən Cavabdeh xx.xx.2024-cü il tarixli icarə müqaviləsi üzrə borcunun olması və 3 iş günü ərzində ödənilməsi barədə xəbərdar edilmişdir. - ********** nömrəli ödəniş qəbzi ilə müəyyən olunur ki, iddiaçı tərəfindən 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. - Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2026-cı il tarixli, 2(005)- 4590/2025 saylı qərardadı ilə İddiaçı Cavabdeh qarşı “icarə müqaviləsi üzrə pul” tələbinə dair iddiası üzrə işə qiyabi icraat qaydasında baxılması qərara alınmışdır. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 385.1-ci maddəsinə müvafiq olaraq, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. - 386.1-ci maddəsinə müvafiq olaraq, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. - 425.1-ci maddəsinə müvafiq olaraq, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. - 442-ci maddəsinə müvafiq olaraq, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. - 675-ci maddəsinə müvafiq olaraq, əmlak kirayəsi müqaviləsinə görə, kirayəyə verən əşyanı kirayəçinin istifadəsinə verməyi, kirayəçi isə bunun üçün kirayəyə verənə kirayə haqqı ödəməyi öhdəsinə götürür. - 700-cü maddəsinə müvafiq olaraq, icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. İcarə predmeti torpaq sahələri, binalar, daşınar əşyalar, hüquqlar və müəssisələr ola bilər. Əgər bu Məcəllənin bu fəslinin müddəalarından ayrı qayda irəli gəlmirsə, torpaq icarəsi istisna olmaqla, icarəyə bu Məcəllənin əmlak kirayəsi haqqında müddəaları müvafiq surətdə tətbiq edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: - 14.2-ci maddəsinə müvafiq olaraq, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə müvafiq olaraq, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 241.1- 241.3-cü maddələrinə müvafiq olaraq, qiyabi icraat qaydasında işə baxarkən hakim, tərəflərin təqdim etdiyi sübutların tədqiqi ilə kifayətlənir, onların dəlillərini və vəsatətlərini nəzərə alır və qiyabi adlanan qətnamə çıxarır. Qətnaməni tərtib edərkən hakim bu Məcəllənin 16-cı fəslinin müddəalarını rəhbər tutur. İşə qiyabi icraat qaydasında baxılarkən iddianın əsasları və ya predmeti dəyişdirilə və ya iddia tələblərinin məbləği artırıla bilməz. - 242-ci maddəsinə müvafiq olaraq, qiyabi qətnamənin məzmunu bu fəslin və bu Məcəllənin 16-cı fəslinin qaydaları ilə müəyyən edilir. Qiyabi qətnamənin nəticə hissəsində qətnaməyə yenidən baxılması üçün ərizə vermə vaxtı və qaydası göstərilməlidir. - 244-cü maddəsinə müvafiq olaraq, cavabdeh qətnamənin ona rəsmi qaydada verilməsindən sonra 10 gün müddətində həmin qətnamənin ləğvi üçün qiyabi qətnaməni çıxartmış məhkəməyə ərizə verməyə haqlıdır. Məhkəmənin mövqeyi: Məhkəmə işin faktiki hallarını araşdıraraq, iş materiallarını tədqiq edərək və işdə olan sübutları qiymətləndirərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Qeyd edilməlidir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesində ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Bu mənada məhkəmənin qənaətinə görə, iddiaçının irəli sürdüyü faktiki hallara onun iddia tələblərinin qanuni əsasının dispozisiya şərtləri ilə uzlaşıb-uzlaşmamasına hüquqi qiymət verilməlidir. İddia tələbinin qanuni əsası dedikdə, qanunun elə bir müddəası başa düşülür ki, o, qanunda göstərilən müəyyən dispozisiya şərtləri olduqda bir tərəfə qarşı tərəfdən icranı, yəni nəyisə etməyi və ya nəyisə etməməyi tələb etməyə imkan verir. Tələbin qanuni əsası yoxlamanın başlanğıc nöqtəsidir. Tələbin qanuni əsası hüququ tətbiq edən şəxsə yalnız bir tərəfin qarşı tərəfi nəyi isə etməyə məcbur edə bilməsi barədə suala cavab vermir, o, daha bir suala-qarşı tərəfdən nəyisə etmək və ya etməmək öhdəliyinin hansı ilkin şərtlər əsasında yaranması sualına cavab verir. Tələbin sonrakı yoxlanması üçün həmişə qanunun müddəaları (tələbin qanuni əsası) əsasında onların hansı ilkin şərtləri (dispozisiya şərtləri) müəyyən etməsi və həmin şərtlərin hazırki tələb üzrə mövcud olub-olmadığı araşdırılmalıdır. İşin mübahisə edilməyən halı ondan ibarətdir ki, tərəflər arasında 22 iyun 2024-cü il tarixdə icarə müqaviləsinin bağlanması yolu ilə öhdəlik hüquq münasibətləri əmələ gəlmişdir. Bağlanmış müqaviləyə görə icarəyə verən ** DQ *** dövlət qeydiyyat nişanlı “Toyota Prius (Hibrid)” minik markalı nəqliyyat vasitəsini icarəçinin istifadəsinə vermək, icarəçi isə avtomobilin icarəsi üçün günlük 35 manat məbləğində icarə haqqı ödəmək vəzifəsini öz öhdəsinə götürmüşdür. Müqavilədən, eləcə də müqavilə ilə eyni tarixdə tərtib edilmiş təhvil-təslim aktından icarəyə verənin öhdəliyini icra etdiyi və avtomobili icarəçiyə təhvil verdiyi müəyyən olunsa da, bunun əksinə icarəçi müqavilə ilə üzərinə götürdüyü öhdəliyi icra etməmişdir ki, nəticədə icarəyə verən (iddiaçı) tərəfindən müqavilə əsasında yaranmış borc (avtomobildən 20 gün müddətində istifadə üçün) ondan tələb edilir. Məhkəmə sadalanmış qanunvericilik normalarının tələblərini və tərəflər arasında bağlanmış müqavilə şərtlərini nəzərdən keçirib belə qənaətə gəlir ki, cavabdeh müqavilə üzrə öhdəliklərini tam icra etmədiyindən, onun icarəyə götürdüyü əşyanın günlük icarə dəyərini ödəmək vəzifəsi, iddiaçının isə müqavilə üzrə öhdəliyin icrasını tələb etmək hüququ yaranmışdır. Cavabdehin həmin müqaviləyə əsasən icarə haqqının ödənilməsinə dair üzərinə götürdüyü öhdəliyi lazımi qaydada icra etməsinin işdə olan materiallara əsasən müəyyən edilməsi mümkün olmamışdır. Halbuki, sübutetmə vəzifəsinin bölgüsü baxımından öhdəliyin icra edildiyini sübut etmək vəzifəsi öhdəlik daşıyan şəxsə aiddir. Odur ki, icarə müqaviləsi üzrə icarə haqqının iddiaçıya ödənilmiş olduğunu sübut etmək vəzifəsi də cavabdehin üzərinə düşür. Lakin cavabdeh məhkəmə iclaslarında iştirak etməmiş, eləcə də hər hansı formada iddia tələbinə münasibət bildirməmişdir. Bununla da, məhkəmənin qənaətinə görə müqavilə ilə günlük icarə haqqı 35 manat müəyyən edildiyinə və yaranmış borcun ödənildiyinə dair iş materialları sırasında hər hansı məlumat (sübut) olmadığına görə iddiaçı 20 gün ərzində avtomobildən istifadəyə görə yaranmış 700 manat pul vəsaitini cavabdehdən tələb etməkdə haqlı olmuşdur. Məhkəmə xərcləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: - 107-ci maddəsinə müvafiq olaraq, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. - 119.1-ci maddəsinə müvafiq olaraq, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia tələbi təmin edildiyinə görə hazırki iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 30 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Nəticə: Qeyd olanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 238-241 və 358-360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. 22 iyun 2024-cü il tarixli avtomobil icarə müqaviləsi üzrə 700 manat və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manat məbləğində pul vəsaiti Cavabdeh tutularaq İddiaçı ödənilsin. Cavabdeh qiyabi qətnamənin ona rəsmi qaydada verilməsindən sonra 10 gün müddətində həmin qətnamənin ləğv edilməsi üçün Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə ərizə ilə müraciət edə bilər. Qiyabi qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qiyabi qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Şəbnur Əzizova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar