Məhkəmə qərarları › İş №2(005)-4642/2025

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-4642/2025

12.12.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Şəxslərin qohumluq münasibətlərinin müəyyən olunması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-4642/2025 12.12.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Ərizəçi Maraqlı şəxs qismində cəlb edilməklə (açar sözlər: hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi; qohumluq faktı) Hakim Nuriyeva Səbinə Vidadi qızının sədrliyi, Məhkəmə iclas katibi Fətəlizadə Rufanə Xıdır qızının katibliyi ilə, Ərizəçi Maraqlı şəxs qismində cəlb edilməklə “qohumluq faktının müəyyən edilməsi” tələbinə dair ərizəsi üzrə mülki işə Nərimanov Rayon Məhkəməsinin binasında (Bakı şəhəri, Əhməd bəy Ağaoğlu 34A) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: I. İşin mahiyyəti: Ərizəçi “qohumluq faktının müəyyən edilməsi” tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, 20 noyabr 1931-ci il tarixdə doğulmuş və 17 iyun 2006-cı il tarixdə vəfat etmiş X8 ilə 25 fevral 1923-cü il tarixdə doğulmuş və 08 sentyabr 2003-cü il tarixdə vəfat etmiş X6 bacı olması faktının müəyyən olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Ərizəçi ərizəni onunla əsaslandırmışdır ki, “anam X11 25 fevral 1923-cü il tarixdə Özbəkistan SSR Ondijan şəhərində anadan olmuşdur. 26 noyabr 1955-ci ildə atam X23 ilə rəsmi nikaha daxil olmuş və İnsanova soyadını götürmüşdür. Bu nikahdan mən, Ərizəçi xx xxxx 1952-ci il tarixdə doğulmuşam. Atam və anamın başqa övladları olmamışdır. X4 08 sentyabr 2003-cü il tarixdə, atam X24 isə 24 mart 1983-cü il tarixdə Ermənistan SSR Noyanberyan rayonu, Lənbəli qəsəbəsində vəfat etmişdir. Bildirirəm ki, X3 20 noyabr 1931-ci il tarixdə Özbəkistan SSR Əndijan şəhərində anadan olmuşdur. X2 əmim X37 ilə rəsmi nikahda olmuşlar, bu nikahdan övladları olmamışdır. X3 17 iyun 2006-cı il tarixdə, əmim X37 isə 04 yanvar 200-ci il tarixdə vəfat etmişdir. X14 miras əmlak kimi Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Sülh küçəsi 1 “b” 122 saylı mənzil qalmışdır. 19oktyabr 2000-ci il tarixli (reyestr № 2-V-244, vərəsəlik işinin nömrəsi K_İ\145-2000) qanun üzrə vərəsəlik şəhadətnaməsinə əsasən Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Sülh küçəsi 1 “b” 122 saylı mənzil miras əmlak kimi X3nın mülkiyyətinə keçmişdir. Vərəsəlik işinin rəsmiləşdirilməsi məqsədi ilə Bakı şəhəri, 16 saylı Notariat Ofisinə müraciət olunsada notarius tərəfindən sənədlər qəbul edilməmişdir. Səbəb kimi o göstərilmişdir ki, mərhum mərhum X8 ilə mərhum X6 bacı olması müəyyən edə bilmir. X3 20 noyabr 1931-ci il tarixdə Özbəkistan SSR Əndijan şəhərində anadan olduğundan və doğum haqqında şəhadətnamə həmin yerdən alındığından tərəfimdən həmin şəhadətnamənin əldə olunması imkan xaricindədir. Hazırda mirasan pay almaq üçün mərhum X8 ilə mərhum X6 arasında qohumluq münasibəti faktının, yəni 20 noyabr 1931ci il tarixdə doğulmuş və 17 iyun 2006-cı il tarixdə vəfat etmiş X8 ilə 25 fevral 1923-cü il tarixdə doğulmuş və 08 sentyabr 2003-cü il tarixdə vəfat etmiş X6 bacı olması faktının müəyyən olunması zərurəti yaranmışdır.” II. Tərəflərin mövqeləri: Əvvəlki məhkəmə iclasında iştirak edən Ərizəçi ərizəyə uyğun izahat verərək əlavə olaraq bildirmişdir ki, anası X13 1923-cü ildə Özbəkistan SSR Əndijan şəhərində, atası X23 1923-cü ildə anadan olmuşlar. Onların arasında 1955-ci ildə Özbəkistan SSR-də nikah bağlanmış və həmin nikahdan dünyaya gəlmişdir. Atası 1983-cü ildə, anası isə 2003-cü ildə vəfat etmişdir. X1 1931-ci ildə Özbəkistan SSR Əndijan şəhərində anadan olmuşdur. O, əmisi Alı İnsanovla ailə qurmuş, lakin övladları olmamışdır. Əmisi 2002-ci ildə, xalası isə 2006-cı ildə vəfat etmişdir. Xalası vəfat etdikdən sonra əmisinin Sabunçü rayonunda bir mənzili var və o xalasının adına keçmişdir. Miras məsələsi ilə 16-cı notariat kontoruna məsələ qaldırılmış, lakin bacılıq əlaqələri müəyyənləşdirilmədiyindən imtina etmişlər. Xalasının oradan doğum haqqında şəhadətnaməsini əldə etmək mümkün olmayıb və bu barədə müraciət etmişlər Tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, maraqlı şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, lakin maraqlı şəxs məhkəməyə məktub göndərərək iş yükünün çox olması ilə əlaqədar məhkəmə iclaslarında iştirak edə bilməyəcəklərini qeyd edərək mülki işə onların iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-cü maddəsinə əsasən tərəflərin iştirakı olmadan mülki işə baxılmasını mümkün hesab etdi. III. İşin faktiki halları: İş materiallarına əlavə edilmiş: - İİ-ТЮ 130934 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Əhmədova Xədicə xx.xx.1923-cü il tarixdə Özbəkistan SSR Əndican şəhərində anadan olmuşdur. Onun atası Əhmədov Əsədulla, anası Əhmədova Səfurədir. - ЗЖ 233371 saylı nikahın bağlanması haqqında şəhadətnamənin surətindən görünür ki, X26 və X15 arasında xx.xx.1955-ci il tarixdə nikah bağlanmışdır. Nikah bağlandıqdan sonra ərə İnsanov, arvada İnsanova soyadı verilmişdir. - İ- ЗЖ ******* saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi xx.xx.1952-ci il tarixdə anadan olmuşdur, anası X28, anası X7r. -AZ-İ seriyalı 064490 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X10 08 sentyabr 2003-cü ildə beyinə qan sızma nəticəsində Bakı şəhərində ölmüşdür. - Azərbaycan Respublikası Bakı şəhər İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və mülkiyyət hüquqlarının qeydiyyat idarəsi tərəfindən verilmiş ÖM seriyalı 066121 saylı qeydiyyat vəsiqəsinin surətindən görünür ki, X5 adına Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Sülh küçəsi 1 b saylı evin 122 saylı mənzili xx.xx.2001-ci il tarixdə qeydə alınmışdır. IV. Tətbiq edilən hüquq və Məhkəmənin mövqeyi: Məhkəmə, ərizəçinin izahatını, şahid ifadələrini dinləyib iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: - 305.1.1-ci maddəsinə əsasən, hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə məhkəmə xüsusi icraat qaydasında baxır. - 305.2-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının qanunları ilə xüsusi icraat qaydasında başqa işlərə baxılması da nəzərdə tutula bilər. - 307.1-ci maddəsinə əsasən, məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. - 307.2.1-ci maddəsinə əsasən, məhkəmə şəxslərin qohumluq münasibətlərinin müəyyən edilməsi barədə işlərə baxır. - 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. - 311-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 1133.1-ci maddəsinin tələbinə görə ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələlərə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. - 1145-ci maddəsinin tələbinə görə miras fiziki şəxsin ölümü ilə və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. - 1159.1.2-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı aşağıdakılar bərabər pay hüquqlu vərəsələr sayılırlar: İkinci növbədə - ölənin bacıları və qardaşları. Miras qoyanın bacısı uşaqları və qardaşı uşaqları və onların uşaqları o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt miras qoyanın vərəsəsi olacaq valideynləri sağ olmasın. Onlar qanun üzrə vərəsəlik zamanı onların ölmüş valideyninə çatası miras payını bərabər olaraq miras alırlar. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” xx.xx.2019-cu il tarixli 03 saylı qərarına əsasən, məhkəmələrə tövsiyə olunur ki, Azərbaycan Respublikası MPM-nin 307.2.1-ci maddəsi qohumluq münasibətləri faktının, yalnız belə münasibətlər hüquqi nəticələrə səbəb olacağı təqdirdə (məsələn: həmin faktın təsdiq edilməsi ərizəçiyə mirasdan pay almaq üçün; ailə başçısının itirməyə görə pensiya və ya sosial müavinət almaq hüququnu rəsmiləşdirmək üçün və sair) müəyyən edilməsini nəzərdə tutur. Qohumluq münasibətində olma faktının başqa məqsədlər, məsələn yaşayış sahəsinə hüququ təsdiq etmək üçün müəyyən edilməsi yolverilməzdir. Yaşayış sahəsinə hüquqların tanınması əsasları Mənzil Məcəlləsi ilə tənzimlənir. İş materialları əsasında məhkəmə tərəfindən müəyyən olunmuşdur ki, X13 25 fevral 1923-cü il tarixdə anadan olmuş, xx.xx.1955-ci ildə X26 (Əli oğlu) ilə rəsmi nikaha daxil olmuşdur, nikahdan sonra ona “İnsanova” soyadı verilmişdir. O, 08 sentyabr 2003-cü il tarixdə vəfat etmişdir. Ərizəçi vəfat etmiş X6 oğludur. Digər tərəfdən X8 barədə tərtib olunmuş ölüm haqqında tibbi şəhadətnamə ilə müəyyən olunur ki, X8 xx.xx.1931-ci il tarixdə anadan olmuş, xx.xx.2006-cı il tarixdə Bakı şəhərində vəfat etmişdir. Hazırda Ərizəçi, xalasından miras qalmış evə (Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Sülh küçəsi 1 B saylı evin 122 saylı mənzili) dair vərəsə kimi tanınmaq və mirasdan pay almaq məqsədilə hüquqi əhəmiyyətli faktın müəyyən olunmasını – anası X12 ilə X5 bacı olması faktının müəyyən edilməsini xahiş edir. Məhkəmə araşdırması zamanı mübahisənin düzgün həlli məqsədi ilə işin halları barədə məlumatı olan şahidlər – xx.xx.1952-ci il təvəllüdlü X18, xx.xx.1952-ci il təvəllüdlü X16, xx.xx.1955-ci il təvəllüdlü X19, X31 məhkəmə iclasına dəvət olunmuş və dinlənilmişdirlər. Məhkəmə iclasında xx.xx.1952-ci il təvəllüdlü X16 şahid qismində ifadə verərək bildirmişdir ki, Firuzə ilə Ermənistanda bir kənddən olmuşdurlar, onu tanıyır, qonşusu olmuşdur. Firuzənin yoldaşı ilə bir işləmişdir. Firuzənin bacısının adı Xədicədir. Xədicənin oğlu Əzizdir. Xədicə xanım da həmin kənddə yaşayırdı. Xədicə və Firuzə bacı olmuşdurlar. Məhkəmə iclasında xx.xx.1952-ci il təvəllüdlü X18 şahid qismində ifadə verərək bildirmişdir ki, adı Həmayıldır, amma vəsiqədə adı Amail olaraq yazılmışdır. Firuzə bacısı ilə eltidir. Xədicə də eltidir. İki bacı, iki qardaşla evlənmişdir. Həm bir kənddən olmuşdurlar, həm də Firuzə və Xədicə bacısının eltisi olmuşdur. Xədicə xanım Bakıda rəhmətə getmişdir. Firuzə xanımın başqa övladı olmamışdır. Onlar kəndə Özbəkistandan gəlmişdirlər. Məhkəmə iclasında xx.xx.1955-ci il təvəllüdlü X19 şahid qismində ifadə verərək bildirmişdir ki, Xədicə xanım qaynatasının qardaşının yoldaşıdır. Xədicə xanımın bir övladı Əzizdir. Həyat yoldaşı İsrafildir. Xədicə xanımın bir bacısı var idi, adı Firuzə idi. İki bacı, iki qardaş ilə evlənmişdir. X17 ilə, Alı isə Firuzə ilə evlənmişdir. Məhkəmə iclasında X31 şahid qismində ifadə verərək bildirmişdir ki, özü 1951-ci ildə anadan olmuşdur. Xədicə xanım ilə bir kənddən olmuşdurlar. Onun bacısı Firuzə xalanı da tanımışdır. Onlar kəndə Özbəkistandan gəlmişdirlər. İsrafil müəllimlə Xədicə xanım evlənmişdir. İsrafil müəllimin qardaşı Alı müəllim isə Firuzə xanım ilə evlənmişdir. Kənddə iki bacı idilər. Onlar yaşlı adam idilər, onların təvəllüdünü bilmir. Beləliklə məhkəmə, tədqiq edilmiş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, ərizəçinin izahatı, şahidlərin ifadələri və işin digər materialları ilə xx.xx.1931ci il təvəllüdlü X8 ilə xx.xx.1923-cü il təvəllüdlü X6 bacı olması faktı tam sübuta yetirilir. Məhkəmə qeyd edir ki, qanunvericiliyə əsasən, miras qoyanın bacısı uşaqları və qardaşı uşaqları və onların uşaqları o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt miras qoyanın vərəsəsi olacaq valideynləri sağ olmasın. Onlar qanun üzrə vərəsəlik zamanı onların ölmüş valideyninə çatası miras payını bərabər olaraq miras alırlar. Hazırki iş materiallarına əlavə olunmuş AZ-İ seriyalı 064490 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi anası, yəni mirasqoyanın bacısı X10 (Əsədulla qızı) 08 sentyabr 2003-cü ildə beyinə qan sızma nəticəsində Bakı şəhərində vəfat etmişdir. Məhkəmə hesab edir ki, faktın müəyyən edilməsinin hüquqi əhəmiyyəti olduğundan, lakin ərizəçi qohumluq əlaqəsinin olması faktını təsdiq edən lazımı sənədləri başqa qaydada əldə edə bilmədiyindən, o, mövcud ərizə tələbi ilə məhkəməyə müraciət etməkdə haqlı olmuşdur. Azərbaycan Respublikası MPM-nin: - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 89.1-ci maddəsinə əsasən, yazılı sübutlar—iş üçün əhəmiyyətli hallar barədə məlumat verən, notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır. - 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. - 217.4 maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə, dövlət rüsumuna münasibətdə isə hesab edir ki, ödənilmiş dövlət rüsumu ərizəçinin özünə aid edilməlidir. Beləliklə yuxarıda qeyd olunan maddi hüquq normaları imperativ tələblərini nəzərə alaraq məhkəmə hesab edir ki, tədqiq olunmuş sübutlara əsasən ərizə təmin edilməli, xx.xx.1931-ci il tarixdə anadan olmuş və xx.xx.2006-cı il tarixdə vəfat etmiş X8 ilə xx.xx.1923-cü il tarixdə doğulmuş və 08 sentyabr 2003-cü il tarixdə vəfat etmiş X6 bacı olmalarına dair qohumluq faktı müəyyən edilməli, ödənilmiş dövlət rüsumu ərizəçinin özünə aid edilməlidir. V. Nəticə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 307-310-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. xx.xx.1931-ci il tarixdə anadan olmuş və xx.xx.2006-cı il tarixdə vəfat etmiş X8 ilə xx.xx.1923-cü il tarixdə doğulmuş və xx.xx.2003-cü il tarixdə vəfat etmiş X6 bacı olmalarına dair qohumluq faktı müəyyən edilsin. Ödənilmiş dövlət rüsumu ərizəçinin özünə aid edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov 540) apellyasiya şikayəti verilə bilər. Hakim Səbinə Nuriyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar