Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(005)-4678/2023 27.11.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Nuriyeva Səbinə Vidadi qızı, İddiaçı Cavabdehnə qarşı “qiymətləndirmə rəyinin qanunsuz hesab edilməsi və ləğv edilməsi” tələbinə dair iddia ərizəsini və ona əlavə edilmiş sənədləri məhkəmənin inzibati binasında nəzərdən keçirərək, MÜƏYYƏN ETDİ: I. İşin mahiyyəti: İddiaçı Cavabdehnə qarşı “qiymətləndirmə rəyinin qanunsuz hesab edilməsi və ləğv edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC-nin İddiaçı məxsus ünvan 1 ünvanında yerləşən mənzilin qiymətləndirilməsinə dair xx.xx.2023-cü il tarixli rəyinin qanunsuz hesab edilməsi və ləğv edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. II. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi: Məhkəmə iddia ərizəsini nəzərdən keçirərək hesab edir ki, hazırkı iş üzrə iddia ərizəsinin icraata qəbulundan imtina olunmalıdır. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: - 151.1-ci maddəsinə əsasən, iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. - 153.2.1-ci maddəsinə görə, ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, hakim, yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. - 153.3-cü maddəsinə əsasən hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. İşə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, iddiaçının hansı orqana və ya məhkəməyə müraciət etməli olmasını orada göstərir. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli Qərarının 5.2-ci bəndinə əsasən dövlət hakimiyyəti orqanlarının və yerli özünüidarə orqanlarının xüsusi hüquq münasibətlərinin bərabər hüquqlu subyekti kimi çıxış etdiyi hallarda, onlarla fiziki və ya hüquqi şəxslər arasındakı münasibətlərdən (o cümlədən, icarə, əmlak kirayəsi, podrat, alqı-satqı, tapşırıq, xidmətlərin göstərilməsi və s. müqavilələrdən və ya əqdlərdən) irəli gələn mübahisələrə mülki məhkəmə icraatı qaydasında baxılır. Həmin Qərarın 15.4-cü bəndinə əsasən...inzibati və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan işlərin aidiyyəti üzrə göndərilməsi MPM-də nəzərdə tutulmamışdır. Bu səbəblə nəzərə alınmalıdır ki, inzibati məhkəməyə aid iddia ərizəsi ümumi və ya kommersiya məhkəməsinə verilmişdirsə, MPM-in 153.2, 153.2.1-ci maddələrinə əsasən, ərizəyə mülki məhkəmə icraatı qaydasında ümumi və ya kommersiya məhkəməsində baxılmalı olmaması əsası ilə iddianın yolverilməzliyinə görə iddia ərizəsinin qəbulundan imtina olunmalı, inzibati məhkəməyə aid iş səhvən məhkəmənin ümumi və ya kommersiya məhkəməsinin icraatına qəbul edilmişdirsə, MPM-nin 261.0, 261.0.1-ci maddələrinə əsasən, işə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmədə baxılmalı olmaması əsası ilə iş üzrə icraata xitam verilməli, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə müraciət etmək hüququ izah olunmalıdır. Həmin Qərara əsasən mübahisənin məhkəmə aidiyyətinin müəyyən edilməsi üçün ilk növbədə mübahisənin tərəflərinin hüquqi vəziyyəti və onların arasındakı münasibətlərin ümumi (publik), yaxud xüsusi hüququn nizamasalma predmetinə aid olduğu müəyyən edilməlidir. Xüsusi hüquq, onun subyektləri olan fiziki və hüquqi şəxslər arasında yaranan hüquq münasibətlərini tənzimləyir; xüsusi hüquq münasibətlərinin tərəfləri bərabər mövqedədir, onlar öz iradələrini ifadə etməkdə sərbəstdirlər və heç biri digərinə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq etmir. Ümumi (publik) hüquq isə, publik hakimiyyət daşıyıcıları (Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs) ilə fiziki və ya hüquqi şəxslər arasında olan münasibətləri tənzimləyir. Bu münasibətlərdə inzibati orqan qanunla ona həvalə edilmiş inzibati funksiyanı yerinə yetirir və digər tərəfə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq edir. İnzibati hüquq münasibətlərində tərəflərdən ən azı biri «İnzibati icraat haqqında» Qanunun 2.0.1 və 3.1-ci maddələrində nəzərdə tutulmuş mənada inzibati orqan olmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsini Mülki və Kommersiya kollegiyalarının İcra icraatı çərçivəsində borclunun əmlakının hərracdan satılması qaydası ilə bağlı qanunvericiliyin tətbiqi üzrə 24 noyabr 2021-ci il tarixli 02/2021 saylı Qərardadına əsasən borclunun ipoteka predmeti olmayan əmlakının, notariusun icra qeydi əsasında tutma yönəldilmiş ipoteka predmeti olan əmlakının, habelə vergi ödəyicisi kimi siyahıya alınmış əmlakının ilkin (başlanğıc) satış qiyməti hərracın keçirilməsinədək olan dövr ərzində icra icraatı çərçivəsində hərracı bu qiymət əsasında sifariş etmiş icra məmurunun hərəkətlərindən verilmiş şikayət qaydasında aidiyyəti məhkəmədə mübahisələndirilir. Hərrac keçirildikdən sonra isə qiymət “Qiymətləndirmə fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə uyğun olaraq iddia icraatı qaydasında mübahisələndirilir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 87.1-ci maddəsinə əsasən icra sənədinin icra olunması ilə bağlı icra məmurunun hərəkətlərindən və ya hərəkətsizliyindən tələbkar və ya borclu icra məmurunun olduğu yer üzrə inzibati məhkəməyə şikayət verə bilər. Bu Qanunun digər maddələrində başqa müddət müəyyən edilməyibsə, icra məmurunun hərəkətlərindən şikayət müvafiq hərəkətin edildiyi vaxtdan 10 gün müddətində verilir. “İcra məmurları haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinə əsasən icra məmurlarının qanunazidd hərəkətləri barədə yuxarı vəzifəli şəxsə və ya məhkəməyə şikayət verilə bilər. Yuxarı vəzifəli şəxsə icra məmurlarından şikayət vermə şikayət edən şəxsin məhkəməyə müraciət etməsi üçün maneə törətmir. İddia ərizəsi və ona əlavə edilmiş sənədlərdən görünür ki, Yasamal rayon icra şöbəsinin müraciətinə əsasən Cavabdeh tərəfindən əmlakın qiymətləndirilməsi aparılmışdır. Nəticədə xx.xx.2023-cü il tarixli rəy tərtib edilmiş və əmlak qiymətləndirilmişdir. İddia tələbi daşınmaz əmlakın qiymətləndirilməsi barədə həmin rəyin qanunsuz hesab edilməsi və ləğv edilməsi barədədir. Ərizə iddia icraatı qaydasında ümumi məhkəməyə verilmiş və cavabdeh olaraq Cavabdeh göstərilmişdir. İddia ərizəsinə əlavə olunmuş sübutlardan, habelə iddia ərizəsinin məzmunundan qeyd olunan əmlakla bağlı hərracın keçirilməsi müəyyən olunmur. Məhkəmə qeyd edir ki, mövcud qanunvericiliyə əsasən, hərrac keçirilənədək həmin qiymətlər, müstəqil iddia tələbi qaydasında deyil, onu öz sifarişində əsas götürən icra məmurunun hərəkətindən verilən şikayət qaydasında mübahisələndirilə bilər. Hərrac keçirildikdən sonra isə qiymət “Qiymətləndirmə fəaliyyəti haqqında” Qanunun 8-ci maddəsinə uyğun olaraq iddia icraatı qaydasında mübahisələndirilməlidir. Lakin iddiaçı rəyin ləğv edilməsinə dair tələbi icra məmurunun hərəkətlərindən şikayət qaydasında ona qarşı deyil, icra məmurunun sifariş məktubu əsasında hərraca çıxarılmalı olan daşınmaz əmlakın qiymətləndirməsini həyata keçirmiş qiymətləndiriciyə - Cavabdehnə qarşı irəli sürmüşdür. Yuxarıda göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, iddia ərizəsində göstərilən icra sənədi üzrə hərrac keçirilmədiyindən tələbə iddia icraatı qaydasında hazırki məhkəmədə deyil, icra icraatı çərçivəsində hərracı bu qiymət əsasında sifariş etmiş icra məmurunun hərəkətlərindən verilmiş şikayət qaydasında aidiyyatı məhkəmədə baxılmalıdır. Məhkəmə eyni zamanda qeyd edir ki, “ərizəyə məhkəmə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə” müddəası özündə, mülki işin məhkəmədə deyil, qanunun tələbinə görə başqa orqanda, yaxud iş məhkəməyə aid olsa da, mülki mühakimə icraatı qaydasında deyil, başqa məhkəmə icraatı qaydasında (cinayət, inzibati və ya inzibati xətalara dair işlər üzrə icraat) baxılmalı olmasını, habelə qanunla xüsusi mübahisələndirmə qaydası müəyyən edilmiş aktların iddia icraatı qaydasında mübahisələndirilməsinin yolverilməzliyini ehtiva edir. Digər tərəfdən iddiaçının icra icraatı çərçivəsində, yəni həmin mülki işin davamı olaraq icra sənədinin qanunsuz icra olunması ilə əlaqədar daşınmaz əmlakın qiymətləndirməsini sifariş etmiş icra məmurunun hərəkətlərindən yaxud hərəkətsizliyindən, hazırki işin predmeti olan qiymətləndirmə rəyi ilə bağlı icra sənədini vermiş məhkəməyə şikayət vermək hüququ var. Onun bu şikayətinə həmin məhkəmə tərəfindən icra qaydasında baxılmalı və müvafiq məhkəmə aktı qəbul edilməlidir. Məhz bu qayda icra sənədinin düzgün icra olunmasının əlçatanlılığını və səmərələliyini təmin etmiş olur. Məhkəmə iddiaçıya icra icraatı çərçivəsində aidiyyəti üzrə məhkəməyə icra məmurunun hərəkətlərindən şikayət vermək hüququnun olmasını izah edir. Bununla yanaşı məhkəmə hesab edir ki, iddia ərizəsinin baxılmaq üçün icraata qəbul edilməsindən imtina edildiyindən, iddiaçının nümayəndəsi tərəfindən ödənilmiş 100 manat dövlət rüsumu tam geri qaytarılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: - 114.1.2-ci maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizəni baxılmaq üçün qəbul etməkdən imtina edilərsə, ödənilmiş dövlət rüsumu qaytarılır. - 153.4-cü maddəsinə əsasən, ərizəni qəbul etməkdən imtina haqqında qərardad ərizəyə əlavə olunmuş bütün sənədlərlə birlikdə ərizəçiyə rəsmi qaydada verilməlidir. - 153.5-ci maddəsinə əsasən ərizəni qəbul etməkdən imtina edilməsi ərizəçiyə həmin cavabdehə qarşı, həmin predmet barəsində və həmin əsaslarla yenidən iddia qaldırmağa mane olur. - 153.6-cı maddəsinə əsasən, iddia ərizəsini qəbul etməkdən imtina barədə qərardaddan şikayət verilə bilər. Qərardad ləğv edildikdə, iddia ərizəsi məhkəməyə müraciət edildiyi ilk gündən verilmiş hesab edilir. Beləliklə qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, İddiaçı Cavabdehnə qarşı “qiymətləndirmə rəyinin qanunsuz hesab edilməsi və ləğv edilməsi” tələbinə dair iddianın ümumi məhkəmədə baxılmasının yolverilməzliyinə görə iddia ərizəsinin icraata qəbul edilməsindən imtina edilməli və ona icra icraatı çərçivəsində aidiyyəti üzrə məhkəməyə icra məmurunun hərəkətlərindən şikayət vermək hüququ olduğu izah olunmalıdır. III. Nəticə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152, 153-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı Cavabdehnə qarşı “Cavabdeh MMC-nin İddiaçı məxsus ünvan 1 ünvanında yerləşən mənzilin qiymətləndirilməsinə dair xx.xx.2023-cü il tarixli rəyinin qanunsuz hesab edilməsi və ləğv edilməsi” tələbinə dair iddia ərizəsinin iddianın yolverilməzliyə görə qəbul edilməsindən imtina edilsin. İddiaçının icra icraatı çərçivəsində aidiyyəti üzrə məhkəməyə icra məmurunun hərəkətlərindən şikayət vermək hüququ vardır. İddia ərizəsinin verilməsi üçün xx.xx.2023-cü il tarixdə edilmiş 100 (yüz) manat (qəbz nömrəsi **********) dövlət rüsumu iddiaçının nümayəndəsi Nümayəndə geri qaytarılsın. Qərardaddan, tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Səbinə Nuriyeva
Məhkəmə qərarları › İş №2(005)-4678/2023
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərardad — İş №2(005)-4678/2023
27.11.2023 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver