Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-476/2023 29.03.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Nuriyeva Səbinə Vidadi qızının sədrliyi, Məhkəmə iclas katibi Fətəlizadə Rufanə Xıdır qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Abbasova (Mirzəyeva) Günel Mirsahib qızının cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı «mənzilə istifadə hüququnun tanınması və mənzilə köçürülməsi» tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Abbasova (Mirzəyeva) Günel Mirsahib qızı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı «mənzilə istifadə hüququnun tanınması və mənzilə köçürülməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun azyaşlı övladları xx.xx.2007-ci il tarixdə anadan olmuş Cavabdeh3 Samir qızı və xx.xx.2011-ci il təvəllüdlü X6 oglu ilə birgə cavabdehlərin faktiki sahibliyində olan Bakı şəhəri, Nərimanov rayonu,Təbriz küçəsi, ev 55a, 71 saylı mənzilə yaşayış sahəsinə istifadə hüququnun tanınması və mənim həmin mənzilə köçürülmələri barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırmışdır ki, o, Cavabdeh1 ilə 20 fevral 2007-ci ildə cavabdehin ata evinə gəlin köçərək faktiki ailə qurmurş, birgə yaşadığı dövrdə 2 övladı anadan olmuşdur. Nərimanov rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(005)-658/2022 saylı qətnaməsi ilə Cavabdeh1 iddiasına əsasən aralarında bağlanmış nikah pozulmuş, uşaqlar hal-hazırda onun himayəsindədir. Cavabdehlə evləndikdən sonra onun atasına məxsus Bakı şəhəri, Nərimanov rayonu. Təbriz küçəsi, ev 55a, 71 saylı mənzildə yaşamışlar. Cavabdeh1lə evləndiyi ilk vaxtlar münasibətləri normal olsa da, sonradan münasibətləri pozulmuş, aralarında münasibətlər korlandıqdan sonra, cavabdeh onu evdən qovmuş, o, məcburiyyət qarşısında qalaraq. 2022-ci ilin avqust ayından valideynlərinin evində yaşayır, Onun cehiz əmlaklarının əksəriyyəti hələ də gəlin köçdüyü həmin evdə qalmaqdadır. İddiaçı gəlin köçdüyü həmin evə övladlari ilə qayıdıb, orada yaşamaqda davam etməsini istəyir. Lakin cavabdehlər buna imkan vermirlər. Ona görə də hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Hazırki iddia ərizəsinin tərtibi ilə bağlı Nərimanov rayon 36 saylı MKSİ-in Ərazi İdarəsinə müraciət edərək cavabdehin yaşadığı evə dair hüquq müəyyənedici sənədlərin surətlərinin verilməsini xahiş etmiş, həmin idarənin xx.xx.2022-ci il tarixli, 000333 nömrəli məktubu ilə cavab verilmişdir ki, Bakı şəhəri, Nərimanov rayonu,Təbriz küçəsi ev 55a, 71 saylı mənzili qaynatası Cavabdeh2 adına qeydə alınmışdır. Hesab edir ki. O, faktiki nikah əsasında Cavabdeh1 oglu ilə ailə həyatı quraraq onun valideyinlərinə məxsus evə gəlin köçdüyündən həmin evdə onun yaşamaq hüququ əmələ gəlmiş və o, Bakı şəhəri, Nərimanov rayonu,Təbriz küçəsi ev 55a, 71 saylı mənzilə istifadə hüququ tanınmalı və o, həmin evə köçürülməlidir. Hesab edir ki, bu mübahisəyə aralarında hüquq münasibətləri yaranan zaman xx.xx.2009cu il tarixədək qüvvədə olan Mənzil Məcəlləsinin normaları tətbiq edilməlidir. İddiaçı Abbasova (Mirzəyeva) Günel Mirsahib qızının nümayəndəsi və vəkili Vəkil xx.xx.2023-cü il tarixdə iddia ərizəsinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək iddiaçı Abbasova (Mirzəyeva) Günel Mirsahib qızının azyaşlı övladları xx.xx.2007-ci il tarixdə anadan olmuş Cavabdeh3 Samir qızı və xx.xx.2011-ci il təvəllüdlü X6 oglu ilə birgə Bakı şəhəri, Nərimanov rayonu,Təbriz küçəsi, 55a saylı evin, 71 saylı mənzilinə köçürülmələri barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili iddia tələbinin dəlillərinə uyğun surətdə çıxış edərək iddianın təmin edilməsini xahiş etmişdir. Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə baxmayaraq cavabdeh məhkəmə iclasına gəlməmiş və bunun üzürlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185-ci maddəsinə əsasən cavabdehin iştirakı olmadan mülki işə baxılmasını mümkün hesab edir. xx.xx.2023-cü il tarixdə keçirilmiş məhkəmə iclasında cavabdeh izahat verərək, iddiaçının tələbinə hər hansı etirazının olmamasını bildirmiş və eyni məzmunlu ərizəsini məhkəməyə təqdim etmişdir. Məhkəmə iddiaçının nümayəndəsi və vəkilinin izahatını dinləyib, məhkəmə baxışında tədqiq edilmiş sübutlara və araşdırılmış iş materiallarına məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan Bakı şəhəri Nərimanov Rayon Qeydiyyat Şöbəsi tərəfindən verlmiş AZ-İ №427219 saylı nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, X2 ilə Cavabdeh1 arasında nikah xx.xx.2022-ci il tarixdə pozulmuşdur. İş materiallarına əlavə edilmiş Bakı şəhəri Nərimanov Rayon Qeydiyyat Şöbəsi tərəfindən verlmiş AZ-İİ №030132 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.2007-ci il tarixdə Bakı şəhərində anadan olmuş Cavabdeh3 Samir qızının atası Cavabdeh1, anası X1r. İş materiallarına əlavə edilmiş Bakı şəhəri Nərimanov Rayon Qeydiyyat Şöbəsi tərəfindən verlmiş AZ-İİ №614781 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.2011-ci il tarixdə Bakı şəhərində anadan olmuş X3 atası Cavabdeh1, anası X1r. İş materiallarına əlavə edilmiş Nərimanov Rayon İcra Hakimiyyəti tərəfindən xx.xx.1993-cü il tarixdə verilmiş 012631№-li orderin surətindən görünür ki, ünvan 1 ünvanında yerləşən 3 otaqlı mənzil Cavabdeh2 mülkiyyətindədir. İş materiallarına əlavə edilmiş Nərimanov Rayon 36 saylı Mənzil Kommunal Təsərrüfatı Birliyi tərəfindən verilmiş 000333 №-li Forma 2 arayışdan görünür ki, Abbasova (Mirzəyeva) Günel Mirsahib qızı və onun azyaşlı övladları Cavabdeh3 Samir qızı və X4 Bakı şəhəri, Təbriz küçəsindəki 55a №-li 9 mərtəbəli, 3 otaqlı evin 71 №-li mənzilində qeydiyyatdadırlar. Məhkəmə baxışında müəyyən edilmişdir ki, Abbasova (Mirzəyeva) Günel Mirsahib qızı Cavabdeh1 ilə 20 fevral 2007-ci ildə ailə quraraq cavabdehin Nərimanov Rayonu, Təbriz küçəsi, ev 55a, mənzil 71 ünvanında yerləşən ata evinə gəlin köçərək birgə yaşadığı dövrdə 2 övladı anadan olmuşdur. Hal-hazırada Cavabdeh1 ilə nikahları pozulmuş və o, azyaşlı övladları ilə valideyinlərinin evində yaşamaq məcburiyyətində qalmışdır. Bu səbədən iddiaçı qeydiyyatda olduqları həmin evə köçürülmələri üçün məhkəməyə müraciət edərək iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesində ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Bu mənada məhkəmənin qənaətinə görə, iddiaçının irəli sürdüyü faktiki hallara onun iddia tələblərinin qanuni əsasının dispozisiya şərtləri ilə uzlaşıb-uzlaşmamasına hüquqi qiymət verilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinə əsasən heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Bu norma göstərişinin xarakterinə görə qadağanedici norma, tətbiq edildiyi subyektlərin dairəsinə görə isə ümumi normadır. Yəni insanı yaşadığı mənzildən qanunsuz məhrum etməyə yönələn hər hansı hərəkətin edilməsini bütün şəxslərə qadağan edir. Normanın mənası ondan ibarətdir ki, hüquqi dövlətdə bütün məhrumetmələrin əsasında qanun dayanmalıdır. Odur ki, mənzilə və digər bu kimi yerlərə köçürülmə barədə iddialar həll edilərkən ilk növbədə 3 hal aydınlaşdırılmalıdır: 1) şəxs köçmək istədiyi yerdə yaşayıbmı; 2) şəxs yaşadığı yerdən məhrum edilibmi; 3) məhrum edilmə qanunidirmi. Hazırkı işdə 1-ci və 2-ci hallar mövcuddur, yəni iddiaçı köçmək istədiyi evin paylı mülkiyyətçisidir və həmin evdən məhrum edilib. Ona görə də 3-cü halın mövcud olub-olmadığı aydınlaşdırılmalıdır. Məhrumetmə o halda qanuni ola bilər ki, məhrum edilmə ilə nəticələnən hərəkətlərə (güc tətbiq etməklə mənzildən çıxarma, güc tətbiq etməklə mənzilə buraxmama və s.) yol verən şəxsin mənzil üzərində mülkiyyət hüququ, istifadə hüququ, icarə hüququ və ya digər hüququ olsun. Əgər həmin şəxsin belə bir hüququ yoxdursa, məhrumetmə qanunsuz sayılır. Beləliklə, cavabdeh yuxarıda qeyd olunan qadağanedici normanı pozmuşdur, pozuntunun nəticələri hal-hazıra kimi davam edir. Əgər qanun pozuntusu varsa, onun nəticələri aradan qaldırılmalıdır, əks təqdirdə pozulan norma əhəmiyyəti olmayan norma sayıla bilər. Nəzərə alınmalıdır ki, Konstitusiyanın hər bir norması birbaşa hüquqi qüvvəyə malikdir. Qanun pozuntusunun nəticələrinin aradan qaldırılması və Konstitusiyanın hüquqi qüvvəsinin təmin edilməsi üçün isə iddiaçı məhrum edildiyi evə köçürülməlidir. İddiaçının evdən istifadə hüququnun olmaması Konstitusiyanın 43-cü maddəsinin 1-ci hissəsinin ifadə olunan “heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz” məzmunlu normanın tətbiq edilməsinə mane olmur. Belə ki, bu norma göstərişinin xarakterinə görə səlahiyyətverici norma deyil, qadağanedici normadır. Əgər səlahiyyətverici norma olsaydı (mənzildə yaşamaq səlahiyyəti versəydi) bu halda iddiaçının istifadə hüququnun olması normanın tətbiqi üçün vacib sayılardı. Normada “heç kəs” və “yaşadığı” ifadələrindən istifadə olunur, bu isə o deməkdir ki, norma istifadə hüququnun olub-olmadığından asılı olmayaraq mənzildə yaşayan hər kəsi qanunsuz məhrumetmədən mühafizə edir və şəxsin mənzildə yaşaması faktı kifayətdir ki, normanın mühafizəsi ona tətbiq edilsin. Obyektiv hüququn funksiyalarında biri də mühafizə funksiyasıdır. “Heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz” məzmunlu norma qanunsuz məhrumetməni qadağan etməklə obyektiv hüququn mühafizə funksiyasını həyata keçirir, mənzildə və digər bu kimi yerlərdə yaşayan hər bir şəxsi özbaşınalıqdan qoruyur. Əgər “heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz” məzmunlu normanın mühafizə funksiyası olmasa fiziki cəhətdən güclü olan istənilən şəxs istifadə hüququ olmadan mənzildə yaşayan digər şəxsi oradan çıxara bilər və ya yaşadığı mənzilə daxil olmasına manelər yarada bilər və ya digər bu kimi hərəkətlər edə bilər, nəticədə isə özbaşınalığa şərait yaranar. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin bir çox qərarlarında ifadə olunmuş mövqeyinə görə vətəndaşın sosial müdafiəsi və layiqli həyat səviyyəsinin qayğısı dövlətin sosial sahədə konstitusion məqsədləri sırasında göstərilməsi və Konstitusiyada heç kəsin yaşadığı mənzildən qanunsuz məhrum olunmasının mümkünsüzlüyünün müəyyən edilməsi mənzil münasibətləri sahəsində dövlətin siyasətinin vacibliyinə və konstitusiya əhəmiyyətli olduğuna dəlalət edir. Yaşayış sahəsindən istifadə müvafiq hüquq münasibətlərinin bütün iştirakçılarının hüquq və maraqlarının ədalətli və ağlabatan tarazlığı əsasında həyata keçirilməlidir. Bu konstitusion məqsədə çatmaq üçün belə tənzimləmə həm də məhkəmələr tərəfindən konkret işin faktiki hallarının müəyyənləşdirilməsi və araşdırılması, bu halların əsasında yaranan və ya yarana biləcək müxtəlif halların nəzərə alınması və nəticə etibarilə konstitusiya hüquq və azadlıqlarının əsassız və həddən artıq məhdudlaşdırılmaması məqsədilə differensasiyalaşdırılmış (fərqli) yanaşmanın tətbiq edilməsini mümkün etməlidir. Bundan əlavə, müvafiq hüquq münasibətlərinin iştirakçılarının maraqlarının ədalətli və ağlabatan tarazlaşdırılması qüvvədə olan hüquqi tənzim etmə sisteminin əsasında, bütün hüquq sahələrinin normaları nəzərə alınmaqla həyata keçirilməlidir. Beləliklə, məhkəmə hesab edir ki, mübahisəli evdə cavabdeh kimi iddiaçının da pay hüququ olduğundan cavabdehin həmin evdən istifadə etməklə ondan faydalandığı kimi, iddiaçının da bu hüququ realizə etməsi məqsədə müvafiqdir. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ-ci bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 157.8-ci maddəsinə əsasən mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Həmin Məcəllənin 159-cu maddəsinə əsasən sahiblik əşyaya faktik sahibliyə nail olmaqla əldə edilir. Həmin Məcəllənin 162-ci maddəsinə əsasən əşyaya faktik sahib olmağa mahiyyətcə müvəqqəti iqtidarsızlıq və ya imkansızlıq əşyaya sahibliyi ləğv etmir. Həmin Məcəllənin 164.1-ci maddəsinə əsasən sahibin iradəsi olmadan sahiblikdən məhrumetmə və onu pozma qadağan edilmiş özbaşınalıq sayılır. Hər bir sahibin qadağan edilmiş özbaşınalıqdan müdafiə üçün güc işlətmək ixtiyarı vardır. Bu zaman o, şəraiti nəzərə almaqla, əsassız güc hərəkətlərindən çəkinməlidir. Həmin Məcəllənin 164.2-ci maddəsinə əsasən sahiblikdən məhrum olan onun üçün qanunsuz sahibdən sahibliyin qaytarılmasını tələb edə bilər. Sahiblikdən məhrumetmə faktik sahib və ya onun hüquq sələfi barəsində səhv addım olduqda və sahiblik məhrumetmədən əvvəlki ildə əldə edildikdə iddia istisna edilir. Həmin Məcəllənin 165.1-ci maddəsinə əsasən sahiblik qadağan edilmiş özbaşınalıq yolu ilə pozulduqda sahib pozucudan pozuntulara son qoymağı tələb edə bilər. Pozuntuların davam edəcəyindən ehtiyat olunduqda sahib onlara son qoyulması üçün iddia verə bilər. Pozucu və ya onun hüquq sələfi üçün sahib qanunsuz olduqda və sahiblik məhrumetmədən əvvəlki ildə əldə edildikdə bu cür iddia istisna edilir. Həmin Məcəllənin 165.2-ci maddəsinə əsasən qadağan edilmiş özbaşınalıq üzrə iddiaya yalnız o halda yol verilir ki, sahib qəsdin və təqsirkarın ona məlum olmasından dərhal sonra əşyanın qaytarılmasını və ya pozuntunun aradan qaldırılmasını tələb etsin. İddia müddəti, hətta qəsd və təqsirkar sahibə sonralar da məlum olarsa, məhrumetmə və ya pozuntu anından başlayaraq bir il təşkil edir. Yuxarıda qeyd olunan maddi hüquq normasının imperativ tələblərindən göründüyü kimi şəxsin mülkiyyətdən istifadə hüquq qanunla müəyyən edilmişdir. Məhkəmə araşdırması zamanı iddiaçının ünvan 2 ünvanında yerləşən mənzilə azyaşlı övladları ilə köçürülməsi zəruridir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 112.1.3-cü maddəsinə əsasən aliment alınması haqqındakı iddialarda iddianın qiyməti bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir; 124.1-ci maddəsinə əsasən işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır; 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, iddia tələbi təmin edilməli, iddiaçı Abbasova (Mirzəyeva) Günel Mirsahib qızı xx.xx.2007-ci il tarixdə anadan olmuş Cavabdeh3 Samir qızı və xx.xx.2011-ci il təvəllüdlü X6 oglu ilə birlikdə Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsi, 55a saylı evin, 71 saylı mənzilinə köçürülməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220-ci və 227-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. İddiaçı Abbasova (Mirzəyeva) Günel Mirsahib qızı xx.xx.2007-ci il tarixdə anadan olmuş Cavabdeh3 Samir qızı və xx.xx.2011-ci il təvəllüdlü X6 oglu ilə birlikdə Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsi, 55a saylı evin, 71 saylı mənzilinə köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən elektron qaydada Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Səbinə Nuriyeva
Məhkəmə qərarları › İş №2(005)-476/2023
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-476/2023
29.03.2023 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması - Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver