Məhkəmə qərarları › İş №2(005)-4768/2021

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-4768/2021

01.12.2021 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-4768/2021 01.12.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Novruzova Aytən Nazim qızının sədrliyi Məhkəmə iclasının katibi X1, İddiaçı, Cavabdeh1 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 MTK-ya qarşı “mənzilə köçürülmə” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı arvadı X9 ilə birlikdə Cavabdeh1 məxsus ünvan 1 ünvanında yerləşən 44 saylı evin 6 nömrəli mənzilinə köçürülməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı Nərimanov rayonu, Xan Şuşinski küçəsi, ev 44 ünvanında qeydiyyatdadır. Uşaqlıqdan valideynləri ilə birlikdə həmin mənzildə yaşamışdır və qeydiyyatda olmuşdur. 2005-ci ildə anası ölmüşdür. Həmin vaxtdan sonra atası, hazırki iş üzrə Cavabdeh1 ilə münasibətləri soyumuşdur və birlikdə yaşamaları mümkün olmamışdır. Məcburiyyət qarşısında mənzil kirayə götürərək ailəsi ilə birlikdə yaşamışdır. Fərdi yaşayış evi Cavabdeh1 mülkiyyətində olmuşdur. Cavabdeh "xxxx" Mənzil Tikinti Kooperativi tərəfindən Nərimanov rayonu, X.Şuşinski küçəsində yerləşən 44 saylı fərdi yaşayış evi sökülmüşdür. Bina MTK ilə Cavabdeh1 arasında 18.11.2020-ci il tarixli 117/126 nömrəli müqavilə bağlanmışdır. Müqavilənin 1.1-ci bəndinə əsasən Bina MTK fərdi yaşayış evini sökməyi, yerində müasir tələblərə uyğun yenisini tikməyi və yaşayış üçün təhlükəli vəziyyətdə olan Cavabdeh1 məxsus N.Nərimanov rayonu, Xan Şuşinski küçəsində yerləşən 39.56 kv/m yaşayış, 56.43 kv/m ümumi sahəsi olan 2 otaqlı, 44 saylı fərdi yaşayış evini sökməyi və bunun müqabilində həmin ərazidə inşa etdiyi yeni hündürmərtəbəli yaşayış binasının 1-ci blok, 2-ci mərtəbəsində 6 nömrəli, 3 otaqlı 113.54 kv metrdən ibarət təmirsiz mənzili və həmin mənzilin təmiri üçün, həmçinin kirayə haqqı olaraq 28.500 manat pul vəsaitini mülkiyyətçi Cavabdeh1 nağd qaydada ödəməyi öhdəsinə götürüb. İddiaçı qeydiyyatda olduqları mənzil sökülməzdən əvvəl cavabdeh Bina MTK-ya mənzilin sökülməsinə razı olmadığını bildirmiş və yazılı razılıq vermədiyi halda heç bir söküntü işi aparılmaması barədə xəbərdarlıq etmişdir. Həmçinin müqavilənin 2.1.2-ci maddəsinə əsasən söküləcək evdə qeydiyyatda olan hər hansı şəxsin müvafiq razılığı verməməsi ilə bağlı gələcəkdə ortaya çıxa biləcək bütün problemlərə görə məsuliyyəti Cavabdeh1 öz üzərinə götürüb. Lakin hazırda Cavabdeh1 İddiaçı mənzildə yaşamağa imkan vermir. Mənzilə getdiyi halda hər dəfə müxtəlif maneələrlə üzləşir. İddiaçı 2019-cu ildə evlənmiş, həyat yoldaşı Jalə İsmayılova ila birlikdə kirayə qalır. Halbuki, doğulduqdan qeydiyyatda olduğu mənzildə ailəsi ilə birlikdə yaşamaq hüququ vardır. Ona görə də, iddiaçı məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edib, iddia tələbinin dəlillərinə uyğun oxşar məzmunlu izahat verərək, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh1 iddianı qəbul etməmiş və məhkəməyə verdiyi izahatında bildirmişdir ki, İddiaçı onun oğludur, aralarında münasibətlər gərgindir. Emin ailə quraraq ünvan 1 ünvanında yerləşən 44 saylı evin 6-dan köçmüşdür. Hazırda ailəlidir, arvadı ilə birlikdə kirayədə yaşayır. Özü isə hazırda 2-ci dəfə ailə həyatı qurduğu ailəsi ilə birlikdə mübahisəli mənzildə yaşayır və iddiaçının həyat yoldaşı ilə birlikdə mənzilə köçürülməsinə razı deyil. Məhkəmə iclasında iştirakı İddiaçı tərəfindən təmin edilmiş Şahid məhkəməyə verdiyi ifadəsində bildirmişdir ki, o, İddiaçı xalasıdır. Eminin anası vəfat edəndən sonra Cavabdeh1 ilə iddiaçı arasındakı münasibətləri pisləşdi, tərəflər bir evin içində yaşaya bilmədilər. İddiaçı mübahisəli mənzildə anadan olmuş və orada böyümüşdür. 2019-cu il tarixdə iddiaçı ailə həyatı quraraq həhyat yoldaşı ilə birlikdə Qazaxda yaşamağa başlamış, belə ki, atası Fərəməz Emini və həyat yoldaşını mübahisəli mənzildə yaşamağa qoymadı. Cavabdeh (Fərəməz) 2-ci dəfə ailə həyatı qurmuş və bu nikahdan övladları var. O, 2-ci ailəsi ilə birlikdə həmin mənzildə yaşayır. Digər cavabdehə məhkəmə iclaslarının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdeh hər hansı üzürlü səbəb göstərmədən məhkəmə iclasında iştirak etməmişdir. Bu səbəbdən məhkəmə Azərbaycan Respublikası MPM-nin müvafiq olaraq 185.5-ci və 185.6-cı maddələrinin tələblərinə əsasən işə bu cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəflərin izahatını, iş materiallarını araşdırıb, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Mülki iş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Nərimanov rayonu VVADQ şöbəsi tərəfindən 15.04.2005-ci il tarixdə verilmiş, AZ-İ seriyalı, 144262 saylı ölüm haqqında şəhadətnamənin surətinə əsasən X3 03.04.2005-ci il tarixdə ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında 15.04.2005-ci il tarixdə 326 nömrə ilə qeyd edilmişdir; Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi yaşayış yeri üzrə qeydiyyat haqqında ******* nömrəli, 16.09.2021-ci il tarixli arayışına əsasən İddiaçı, X4 və İddiaçı ünvan 2 ünvanında pasport qeydiyyatındadır; Mülkiyyətçi Cavabdeh1 ilə Cavabdeh2 MTK arasında bağlanmış 18.11.2020-ci il tarixli, 117/126 saylı müqavilənin surətinə əsasən Cavabdeh2 MTK Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 fevral 2016-cı il tarixli 86 saylı qərarına əsasən Bakı şəhəri, Nərimanov rayonu ərazisində qəzalı vəziyyətdə olan binaların sökülərək, yerində müasir tələblərə uyğun yenilərinin tikilməsi və qəzalı vəziyyətdə olan binalarda yaşayan sakinlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması istiqamətində həyata keçirdiyi fəaliyyət çərçivəsində, yaşayış üçün təhlükəli vəziyyətdə olan “Mülkiyyətçi'yə məxsus Bakı şəhəri, Nərimanov rayonu, Xan Şuşinski küçəsində yerləşən 39.56 kv/m yaşayış, 56.43 kv/m ümumi sahəsi olan 2 (iki) otaqlı 44 saylı fərdi yaşayış evini sökməyi və bunun müqabilində həmin ərazidə inşa etdiyi yeni hündürmərtəbəii yaşayış binasının 1-ci blok, 2-ci mərtəbəsində 6 nömrəli, 3 otaqlı 113.54 kv. metrdən ibarət təmirsiz mənzili həmçinin həmin mənzilin təmiri üçün, eləcə də kirayə haqqı olaraq 28 500 (iyrimi səkkiz min beş yüz) manat pul vəsaitini “Mülkiyyətçi'yə nəğd qaydada verməyi, “Mülkiyyətçi” bu müqaviləyə əsasən mülkiyyətində olan evin söküntü üçün Cavabdeh2 MTK-ya təhvil verilməyi və müəyyən olunmuş şərtlər daxilində yeni binada tikilmiş təmirsiz mənzili və təmir, habelə kirayə üçün veriləcək 28500 (iyrimi səkkiz min beş yüz) manat pul vəsaitini qəbul etməyi öhdəsinə götümüşlər; X5 tərəfindən imzalanmış və notarial qaydada təsdiq edilmiş 04.11.2020-ci il tarixli ərizənin surətində “qeydiyyatda olduğum ünvan 2 ünvanda yerləşən evin özgəninkiləşdiriməsinə (satılmasına, boşalmasına, dəyişdirilməsinə) etiraz etmirəm. Razıyam” qeyd olunmuşdur; X12, X10 və X6 tərəfindən imzalanmış və notarial qaydada təsdiq edilmiş 17.11.2020-ci il tarixli ərizənin surətində “biz yuxarıda adları göstərilənlər bildiririk ki, qonşumuz Cavabdeh1 məxsus olan ünvan 2 ünvanda yerləşən fərdi yaşayış evində İddiaçı və X2 qeydiyyatda olmalarına baxmayaraq onlar həmin ünvanda yaşamırlar” qeyd olunmuşdur; ünvan 3indən 10.06.2019-cu il tarixdə verilmiş AZ-İİ seriyalı, 342067 nömrəli nikah haqqında şəhadətnamənin surətinə əsasən İddiaçı ilə X17 arasında 10.06.2019-cu il tarixdə nikah bağlanmış və bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 1429 nömrə ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra ərə İsmayılov, arvada İsmayılova soyadı verilmişdir; 27.09.2021-ci il tarixli ödəniş qəbzinə əsasən İddiaçı tərəfindən qaldırılmış iddia üçün 20 manat məbləğində dövlət rüsumu ödəmişdir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinə əsasən mülkiyyət hüququ ilə yanaşı, əmlakdan istifadə hüququ da əmlak hüququ sayılır. Əmlak hüquqları həmin əmlakın mülkiyyətçisi olmayan şəxslərə də məxsus ola bilər. Mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir (maddə 158.1.2, 158.2, 158.4). Sahibin iradəsi olmadan sahiblikdən məhrumetmə və onu pozma qadağan edilmiş özbaşınalıq sayılır. Sahiblikdən məhrum olan onun üçün qanunsuz sahibdən sahibliyin qaytarılmasını tələb edə bilər (maddə 164). Sahiblik qadağan edilmiş özbaşınalıq yolu ilə pozulduqda sahib pozucudan pozuntulara son qoymağı tələb edə bilər. Pozuntuların davam edəcəyindən ehtiyat olunduqda sahib onlara son qoyulması üçün iddia verə bilər (maddə 165.1). “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin 1-ci bəndinə müvafiq olaraq Azərbaycan Respublikasının vətəndaşı barədə yaşayış yeri yalnız Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi ilə müəyyən edilir. Tərəflər arasındakı mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olmuş Mənzil Məcəlləsinin (məhkəmə qeyd etməyi zəruri hesab edir ki, qanunvericilik mübahisənin yarandığı vaxt qüvvədə olan yox, mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarının tətbiq edilməsini nəzərdə tutduğundan, hazırkı mübahisə üzrə 01 oktyabr 2009-cu il tarixədək qüvvədə olan keçmiş Mənzil Məcəlləsi tətbiq olunmalıdır) 48-ci maddəsinə görə, dövlət və ya ictimai mənzil fondu evində yaşayış sahəsi verilməsi haqqında qərar əsasında rayon, şəhər, şəhərdə rayon, qəsəbə, kənd xalq deputatları Sovetinin icraiyyə komitəsi vətəndaşa order verir və bu order yaşayış sahəsinə köçmək üçün yeganə əsasdır. Həmin Məcəllənin 53-cü maddəsinə əsasən icarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsini icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər. İcarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər. İstinad olunan Mənzil Məcəlləsinin 60-cı maddəsinə əsasən, “kirayəçi və ya onun ailə üzvləri müvəqqəti başqa yerə getdikdə onların yaşayış sahəsi altı ay saxlanır. Şəxsin müəyyən edildiyindən artıq müddətə başqa yerə getməsi nəticəsində yaşayış sahəsindən istifadə hüququnu itirmiş hesab edilməsi kirayədarın və ya həmin sahədə yaşamağa qalmış digər daimi istifadəçilərin iddiası üzrə məhkəmə qaydasında həyata keçirilir”. Həmin Məcəllənin 87-ci maddəsinə görə isə, “kirayəçi və onun ailə üzvləri daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getdikdə və ya həmin yaşayış məntəqəsində digər yaşayış sahəsinə köçdükdə yaşayış sahəsini kirayə müqaviləsi onların getdiyi və ya köçdüyü gündən pozulmuş hesab edilir”. “Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 12 mart 1999-cu il tarixli qərarında qeyd olunmuşdur ki, “Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsinin İ hissəsi məhkəmələr tərəfindən tətbiq edilərkən nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 87-ci maddəsində və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarında göstərilən əsaslar müəyyən edilmədikdə, icarədar və ya onun ailə üzvlərinin müvəqqəti, o cümlədən altı ay və daha uzun müddətə başqa yerə getməsi həmin şəxsləri yaşayış sahəsinə olan hüquqlarından məhrum etmir”. Mülki Məcəllənin 27-ci maddəsinə görə isə, fiziki şəxsin adətən yaşadığı yer onun yaşayış yeri sayılır. On dörd yaşına çatmamış şəxslərin yaşayış yeri valideynlik hüquqlarını itirməmiş valideynlərinin yaşayış yeri sayılır, qəyyumluq altında olan şəxsin yaşayış yeri isə qəyyumun yaşayış yeri sayılır. Əgər şəxs hər hansı səbəbdən öz yaşayış yerini müəyyən müddətə tərk edirsə, o, yaşayış yerini itirmir. Yuxarıda qeyd olunduğu kimi, iddiaçı uzun müddət (doğulduğu vaxtdan) bakı şəhəri Nərimanov rayonu, Xan Şuşinski küçəsi, ev 44 ünvanında yaşamış, sonradan həmin mənzil sökülərək iş üzrə Cavabdeh1 ilə Cavabdeh2 MTK arasında bağlanmış müqaviləyə əsasən “Bakı şəhəri, Nərimanov rayonu, Xan Şuşinski küçəsində yerləşən 39.56 kv/m yaşayış, 56.43 kv/m ümumi sahəsi olan 2 (iki) otaqlı 44 saylı fərdi yaşayış evin əvəzinə həmin ərazidə inşa etdiyi yeni hündürmərtəbəii yaşayış binasının 1-ci blok, 2-ci mərtəbəsində 6 nömrəli, 3 otaqlı 113.54 kv. metrdən ibarət təmirsiz mənzil verilmişdir. Cavabdeh1 hazırda həmin mənzildə yaşayır. Cavabdeh1 İddiaçı mənzildə yaşamağa maneə yaradır. Məhkəmə onu da nəzərə alır ki, Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinin 1-ci hissəsi insanı yaşadığı mənzildən qanunsuz məhrum etməyə yönələn hər hansı hərəkətin edilməsini bütün şəxslərə qadağan edir. Normanın mənası ondan ibarətdir ki, hüquqi dövlətdə bütün məhrumetmələrin əsasında qanun dayanmalıdır. Odur ki, mənzilə və digər bu kimi yerlərə köçürülmə barədə iddialar həll edilərkən ilk növbədə 3 hal aydınlaşdırılmalıdır: 1) şəxs köçmək istədiyi yerdə yaşayıbmı; 2) şəxs yaşadığı yerdən məhrum edilibmi; 3) məhrum edilmə qanunidirmi. Hazırkı işdə 1-ci və 2-ci hallar mövcuddur, yəni iddiaçı köçmək istədiyi mənzildə yaşayıb və hazırda keçmiş həyat yoldaşı onun burada yaşamasına maneçilik törədir. Ona görə də 3-cü halın mövcud olub-olmadığı aydınlaşdırılmalıdır. Məhrumetmə o halda qanuni ola bilər ki, məhrum edilən şəxsin mənzil və digər bu kimi yerlər üzərində hər hansı hüququ olmasın. Kollegiya hesab edir ki, mübahisəli mənzilə dair verilmiş orderdə Nurlana Novruzovanın adının olması onun həmin mənzilə köçüb orada yaşamaq hüququnu ehtiva edir, o isə bu hüququn ona tanıdığı imkandan istifadə edərək həmin mənzilə köçürülməsi tələbi əsaslıdır. Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinə əsasən hamı qanun və məhkəmə qarşısında bərabərdir. Kişi ilə qadının eyni hüquqları və azadlıqları vardır. Dövlət irqindən, milliyyətindən, dinindən, dilindən, cinsindən, mənşəyindən, əmlak vəziyyətindən, qulluq mövqeyindən, əqidəsindən, siyasi partiyalara, həmkarlar ittifaqlarına və digər ictimai birliklərə mənsubiyyətindən asılı olmayaraq hər kəsin hüquq və azadlıqlarının bərabərliyinə təminat verir. İnsan və vətəndaş hüquqlarını və azadlıqlarını irqi, milli, dini, dil, cinsi, mənşəyi, əqidə, siyasi və sosial mənsubiyyətə görə məhdudlaşdırmaq qadağandır. Heç kəsə bu maddənin İİİ hissəsində göstərilən əsaslara görə zərər vurula bilməz, güzəştlər və ya imtiyazlar verilə bilməz, yaxud güzəştlərin və ya imtiyazların verilməsindən imtina oluna bilməz. Hüquq və vəzifələrlə bağlı qərarlar qəbul edən dövlət orqanları və dövlət hakimiyyəti səlahiyyətlərinin daşıyıcıları ilə münasibətlərdə hər kəsin bərabər hüquqları təmin edilir. Mülki Məcəllənin 6.1.1-ci maddəsi isə mülki hüquq subyektlərinin bərabərliyini mülki qanunvericiliyin əsas prinsiplərindən biri kimi müəyyən etmişdir. Məhkəmə qeyd edir ki, mübahisəli ev daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasa da, faktiki olaraq mövcuddur, ünvan 1 ünvanında yerləşən 44 saylı evin 6 nömrəli mənzilin dövlət qeydiyyatına alınması ilə bağlı cavabdeh kimi göstərdiyi şəxsin ev üzərində mülkiyyət hüququ əldə etməyə “qanuni gözlənti” hüququ mövcuddur. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Önəryıldız Türkiyəyə qarşı” iş üzrə 30 noyabr 2004-cü il tarixli qərarında göstərmişdir ki, 1 saylı Protokolun 1-ci maddəsinin 1-ci hissəsində “mülkiyyət” anlayışı fiziki mallar üzərində mülkiyyətlə məhdudlaşmayan müstəqil mənaya malikdir və daxili qanunvericilikdəki formal təsnifatdan asılı deyil: məsələ bütövlükdə nəzərdən keçirilən işin halları ilə həmin maddə əsasında müdafiə olunan əhəmiyyətli mənafelər üzərində titulun ərizəçiyə təqdim edilib-edilməməsinin müəyyənləşdirilməsindən ibarətdir. Müvafiq olaraq, bu müddəanın məqsədləri üçün fiziki mallarla yanaşı, əmlakı təşkil edən bəzi digər hüquqlar və maraqlar da “əmlak hüquqları” və beləliklə, “mülkiyyət” kimi qiymətləndirilə bilər. “Mülkiyyət” anlayışı “mövcud mülkiyyətlə” məhdudlaşmır və ərizəçinin maraqlarını, o cümlədən mülkiyyət hüququnun səmərəli həyata keçirilməsinin əldə olunmasına ən azı əsaslı və “qanuni gözləntiyə” malik olduğuna dair tələblərini də əhatə edə bilər. Məhkəmə baxışında tədqiq edilmiş sübutlarla müəyyən edilmişdir ki, Bakı şəhəri, Nərimanov rayonu, Xan Şuşinski küçəsi ünvanında yerləşən 44 saylı evin 6 nömrəli Cavabdeh1 sahibliyindədir. Mübahisəli ev tərəflərdən heç birinin adına dövlət qeydiyyatından keçməmişdir. X3 vəfat etdikdən sonra həmin evdə İddiaçı bir müddət yaşamış, lakin Cavabdeh1 (iddiaçının atası) hazırda da həmin mənzildə yaşamaqdadır. İddiaçının daimi yaşayış yeri yoxdur. İşin bu halı tərəfləri izahatı və şahid ifadəsi ilə təsdiq olunur. İddiaçı qeyd edilən evdə pasport qeydiyyatında olduğunu, habelə həmin evin onların ata evinin olduğunu bildirərək, mübahisəli evə köçürülməsini tələb edirlər. Cavabdeh iddianı qəbul etmir, iddiaının həmin evdə yaşamasının mümkün olmadığını bildirir. Lakin məhkəmə hesab edir ki, həmin yaşayış sahəsi cavabdeh və ailəsi tərəfindən yaşayış sahəsi kimi istifadə olunur. Onlar mübahisəli evdə normal şərtlər daxilində yaşadığından, bərabərlik prinsipinə uyğun olaraq uzun müddət həmin evdə qeydiyyatda olmaqla yaşamış iddiaçının da həmin şərtlər daxilində bu evdə yaşamaq hüququ vardır. Məhkəmə iddianın «İddiaçı arvadı X9 ilə birlikdə Cavabdeh1 məxsus ünvan 1 ünvanında yerləşən 44 saylı evin 6 nömrəli mənzilinə köçürülməsi» hissəsində X8 münasibətdə əsaslı hesab etmir. Belə ki, X7 həmin mənzilə dair hər hansı hüquqları mövcud deyil. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, İddiaçı ünvan 1 ünvanında yerləşən 44 saylı evin 6 nömrəli mənzilə köçürülməli, iddia tələbi qalan hissədə rədd edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə itirak edən şəxslərə aid edilir; 217.4-ci maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119-cu və 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. İddiaçı ünvan 1 ünvanında yerləşən 44 saylı evin 6 nömrəli mənzilə köçürülsün. İddia qalan hissədə rədd edilsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətdə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Aytən Novruzova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar