Məhkəmə qərarları › İş №2(005)-477/2020

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-477/2020

06.10.2020 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-477/2020 06.10.2020 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Ədilova Solmaz İmran qızının sədrliyi Mustafazadə Sərxan Ziyad oğlunun katibliyi İddiaçı Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “birgə mülkiyyətdə olan əmlakın açıq hərracda satılaraq pulun bərabər bölünməsi” tələbinə dair iddiası üzrə mülki işə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “birgə mülkiyyətdə olan əmlakın açıq hərracda satılaraq pulun bərabər bölünməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, AK.Həsən Əliyev küçəsi, ev 94A, 31 №-li mənzilin açıq hərracdan satılaraq, əldə olunmuş pulun bərabər bölünməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, yuxarıda qeyd edilmiş Bakı şəhəri, AK.Həsən Əliyev küçəsi, ev 94a, 31 №-li mənzil analarının xüsusi mülkiyyətində olmuş, 2007-ci ildə anaları vəfat etdikdən sonra ondan miras qalmış həmin mənzil vərəsəlik qaydasında hər birinin payı 1/2 hissədə olmaqla onların mülkiyyətinə keçmişdir. Hazırda həmin mənzildə cavabdeh, özü və oğlu yaşayırlar. Cavabdehlə aralarında mənzilə dair mütəmadi olaraq mübahisə olur. Cavabdehin günahı üzündən hətta o, ümumi istifadə də olan kommunal xidmət sahələrindən, o, cümlədən mətbəxdən istifadə edə bilmir. Oğlu 1979-cu il təvəllüdlüdür, elimlə məşğuldur, subaydır, mənzildə olan mübahisələr elmi inkişaf etdirməyə qoymur, eyni zamanda da ailə qurmasına maneçilik törədir. Onu da qeyd edim ki, o özü də xəstədir, şəraitsiz və natəmiz və mübahisəli mənzildə yaşaya bilmir. Ona görə də dəfələrlə cavabdehə müraciət edərək mənzili satmağı və paylarını bölməyi təklif etmişdir. Lakin cavabdeh onun bütün müraciətlərini cavabsız qoymuşdur. xx.xx.2019-cu il tarixli məhkəmə iclasında İddiaçı iddia tələblərinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, Bakı şəhəri, AK.Həsən Əliyev küçəsi, ev 94A, 31 №-li mənzilin açıq hərracdan satılaraq, əldə olunmuş pulun bərabər bölünməsi barədə iddia ərizəsinə əmlak satılıb bölünməzdən əvvəl onun naturada bölünməsinə dair iddia ərizəsinə edilmiş dəqiqləşmənin nəzərə alınmaqla, qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı iddia ərizəsi ilə eyniməzmunlu izahat verərək, Cavabdeh ilə aralarında heç bir razılıq əldə olunmadığını, satışdan cavabdehin payına düşməli olan yarı məbləği ödəyərək onun payına düşən hissəni almağa cavabdeh olmadığına görə sözügedən mənzilin hərrac qaydasında satılaraq satışdan əldə olunmuş məbləğin aralarında bərabər qaydada bölünməsi məqsədilə mənzilin hərraca yönəldilməsini, iddia tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında cavabdeh yazılı etiraz təqdim edərək, iddianın rədd edilməsini xahiş etdi. Etiraz onunla əsaslandırılmışdır ki, yaşadığı mənzildə əzəli Azərbaycan torpağı olan İrəvan şəhərindən köçdükdən sonra (1975-ci ildən) rəhmətlik atası və anası ilə birgə yaşamış və ailə qurmamışdır. Valideynlərinin qulluğunda dayanmışdır. İddiaçı isə 1977-ci ildan aila qurmuş va ərevinə gəlin köçmüşdür. Son 10 ilin bəzi fəsillərini (yalnız oğlu və özü) həm onun yaşadığı mənzildə, həm də Noxvanı qəsəbəsindəki evində yaşayır. Həyat yoldaşı ilə rəsmi nikahdadır. İddiaçı oğlu bir dəfə ailəli olub və bir övladı var, nikahı pozulmuşdur. Baxmayaraq bacısının oğludur, onu öz oğlu kimi əziz bilir. O ailələri barəsində belə mövzuların məhkəmə salonlarında səsləndirilməsinin tərəfdarı olmamışdır və valideynlərindən aldığı tərbiyəyə və ailə qayda-qanunlarına yaraşdırmamışdır. Təəssüf ki, iddiaçı bacısı (cavabdeh) olaraq onun səhhətini və ahıl yaşını nəzərə almayaraq, məhkəmədə iddia qaldırmaqla ona mənəvi-psixoloji zərbə vurmuşdur.Əslində onun övladı, ailəsi olmadığına görə yaşadığı mənzili də vəfat etdikdən sonra ona və ya oğluna vəsiyyət edəcəkdi. Bacılarından başqa bir kimsəsi olmadığından iddiaçı bilməmiş deyil. Lakin ona qarşı bu mövqeləri (göstərdikləri münasibət) onu hədsiz pərişan hala salaraq, cox məyus etdi.Dünya malı dünyada qalacaq! Heç kəs bu dünyadan bir mal, mülk apara bilməyəcəkl Ağıla sığmaz ifadə və iddiadır ki, (iddiaçı iddia ərizəsində qeyd edir ki) guya evdə mübahisə yaranır və guya “elmi inkişaf etdirməyə qoymur, Ailə qurmağa mane olur”. Əmlakı bölməyə və sair iddialara qeyri-səmimi ifadələr, iddialar əsas ola bilərmi? Hər bir ailədə, evdə ailə üzləri arasında məişət məsələlərinə dair xırda mübahisə və narazılıqlar olması qaçılmazdır. Məhkəməyə ünvanlanan iddia ərizəsində qeyd olunduğu kimi nə natəmizlik nə də mübahisə o həddə deyil. Ümumiyyətlə qlobal mübahisələri olmayıb. Mənzilin şəraitsiz olması fikri ilə də razılaşmır. Bina istismar müddətini başa vurmuş binadır. Şükür Allaha yaşamaq üçün şəraitləri də var. Elə insanlar var ki heç bir otaqlı daxmaları da yoxdur və çadır qurub yaşayırlar. Ən azı televziyadan xəbər tuturlar. Qonşuluqda şahidi olurlar ki bir çox ailələr kirayə mənzillərdə yaşayırlar. Bacısı oğlu ailə qurmaq istəyirsə, elmi inkişaf etdirmək istəyirsə o əvvəlki kimi kömək etməyə hazırdır. Bacısı oğlu Həşim onun əzizidir. Cavabdeh etiraf etməsə də Allah bilir ki o onunəvəllərnikahda olduğu xanıma da, onun övladına da daim qulluq və nəvaziş göstərmişdir. Qeyd edir ki, övladı olmayan, ailə qurmayan qadın üçün bir gəlinə qulluq göstərmək, bir körpə balaya nəvaziş göstərmək son dərəcə zövqlü və sevinc bəxş etməzmi? O daim məmnunniyyətlə iddiaçının həm gəlininə həm nəvəsinə nəvaziş göstərmiş və bütün gününü onlara sərf eləmişdir. Hətta iddiaçının oğlu Həşimin də uşaqlıqdan böyüməsində (rəhmətlik Atası və rəhmətlik Anası ilə birgə) onun da əməyi olmuşdur. Bunu danırlarsa, qohumlar, qonşular və ən əsası Allah şahiddir. Məhkəmə tərəflərin izahatlarını və çıxışlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin olunmalıdır. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən seriya MH № ******* nömrəli çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, X1 küçəsində istifadədə olan 0,06466 ha torpaq sahəsində yerləşən 94a nömrəli, 5 mərtəbəli binada yerləşən 47.0 kv.m yaşayış sahəsindən ibarət 3 otaqlı 31 nömrəli mənzil paylı mülkiyyət hüququ üzrə ½ hissə Cavabdeh, ½ hissə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində 487 nömrəli reyestr kitabının 44973 nömrəli vərəqində xx.xx.2007-ci ildə qeydiyyata alınmışdır. Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxx 2020-ci il tarixli, 925 nömrəli ekspert rəyi ilə müəyyən edilmişdir ki, Bakı şəhəri, Nərimanov rayonu, X1 küçəsində yerləşən 94a nömrəli evin, 31 nömrəli mənzilin ½ paylara uyğun 2 hissəyə naturada bölünməsi İnşaat Norma və Qaydalarının 2.08.01.89-nun 1.1, 2.1, 2.2, 2.4, 2.9. bəndlərinin, eləcə də metodik tövsiyyənin tələblərinə müvafiq olaraq texniki cəhətdən mümkün olmamışdır. Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 220.1-ci maddəsinə əsasən, paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər. 220.2-ci maddəsinə əsasən, paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. 220.3-cü maddəsinə əsasən, paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. 220.4-cü maddəsinə əsasən, bu maddəyə əsasən paylı mülkiyyətin mülkiyyətçisinə naturada ayrılan əşyanın onun mülkiyyət hüququndakı payına tənasübsüzlüyü müvafiq pul məbləğinin ödənilməsi və ya başqa kompensasiya ilə aradan qaldırılır. Paylı mülkiyyətin mülkiyyətçisinə naturada pay ayrılması əvəzinə qalan mülkiyyətçilər tərəfindən kompensasiya ödənilməsinə onun öz razılığı ilə yol verilir. Mülkiyyətçinin payı cüzi olduqda, real surətdə ayrıla bilmədikdə və ümumi əmlakdan istifadə edilməsində onun mühüm mənafeyi olmadıqda, məhkəmə həmin mülkiyyətçinin razılığı olmadan da paylı mülkiyyətin qalan iştirakçılarının öhdəsinə ona kompensasiya ödənilməsi vəzifəsini qoya bilər. 220.5-ci maddəsinə əsasən, mülkiyyətçi bu maddəyə uyğun kompensasiya aldığı andan ümumi əmlakdakı paya hüququnu itirir. 220.6-cı maddəsinə əsasən, bu Məcəllənin 220.3-220.5-ci maddələrində müəyyənləşdirilmiş qaydalara əsasən ümumi əmlakın bölünməsi və ya ondan pay ayrılması açıq-aşkar məqsədəuyğun olmadıqda, məhkəmə əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında qərar qəbul edə bilər. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.6 və 221-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbyacan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2014-cü il tarixli qərarında göstərilmişdir ki, “əmlakın açıq hərracdan satılaraq bölünməsindən əvvəl Mülki Məcəllənin 220.3-220.4-cü maddələrində nəzərdə tutulmuş qaydalara əməl edilməlidir. Həmin qaydalar paylı mülkiyyətdə olan əmlakın bölünməsi və ondan payın ayrılmasının mərhələli formada tənzimlənməsini nəzərdə tutur. İlk növbədə, əmlakın naturada bölünməsinin mümkünlüyü müəyyən edilməlidir. Əmlakın naturada bölünməsi mümkün olmadığı halda, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsini tələb etmək hüququna malikdir. Digər mülkiyyətçilərin kompensasiya vermək imkanı olmadıqda və ya onlar kompensasiya vermək istəmədikdə, əmlakın məhkəmə qərarı əsasında hərracdan satılması məsələsinə baxıla bilər. Eyni zamanda, payının naturada ayrılması mümkün olmadıqda və mülkiyyətçi payın əvəzinə pul kompensasiyasını almaqdan imtina etdikdə, həmin mülkiyyətçi əmlakın açıq hərracdan satılmasını tələb edə bilməz. Həmçinin paylı mülkiyyətin mülkiyyətçisi birbaşa əmlakın açıq hərracdan satılmasını tələb etmək hüququna malik deyil. Bu baxımdan, paylı mülkiyyətin mülkiyyətçilərinin razılığı olmadan əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında məhkəmə tərəfindən qərarın qəbul edilməsi mülkiyyət hüququnun qanunsuz məhdudlaşdırılması kimi qiymətləndirilə bilməz. Göstərilənlərə əsasən Konstitusiya Məhkəməsinin Plenumu aşağıdakı nəticələrə gəlir: Mülki Məcəllənin 220.6 və 221-ci maddələrinin mənasına görə bütün paylı mülkiyyətçilərin razılığı olmadan əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında məhkəmə tərəfindən qərarın qəbul edilməsi mülkiyyət hüququnun qanunsuz məhdudlaşdırılması kimi qiymətləndirilə bilməz. Məhkəmənin qərarı əsasında ümumi mülkiyyətdə olan əşyanın açıq hərracdan satılması və satış pulunun paylı mülkiyyətçilər arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi Mülki Məcəllənin 220.3-220.4-cü maddələrində nəzərdə tutulmuş qaydaların ardıcıllıqla tətbiq edilməsindən sonra mümkündür”. Məhkəmə hesab edir ki, tərəflərin ümumi birgə mülkiyyətində olan Bakı şəhəri Nərimanov rayonu, X1 küçəsi, 94a nömrəli evin, 31 nömrəli mənzilinin naturada ayrılması qeyri-mümkündür. Bu xx.xx.2020-ci il tarixli, 925 nömrəli Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş ekspert rəyi ilə müəyyən olunmuşdur. Bundan sonra tərəflərin birgə mülkiyyətində olan daşınmaz əmlakın bölünməsi və ondan pay ayrılması mümkün olmadığından, tərəflərin payına düşən hissəsinin digər tərəfə satması və ya həmin tərəflərdən birinin digər tərəfin payını alması məhkəmə araşdırması zamanı tərəflərə təklif olunmasına baxmayaraq buna razılaşmamışlar (iddiaçı tərəfindən cavabdehə kompensasiya ödənilməsi ilə bağlı təkliflə habelə iddiaçıya cavabdeh tərəfindən kompensasiya ödənilməsi ilə bağlı təkliflə də cavabdeh razı olmamışdır) , məhkəmə iclası zamanı iddiaçı izahatında həmin əmlakın açıq hərraca çıxarılması və əmlakın hərracda satıldıqdan sonra paylarına uyğun vəsaitin onlara ödənilməsini xahiş etmişdir. Məhkəmə hesab edir ki, Bakı şəhəri Nərimanov rayonu, X1 küçəsi, 94A nömrəli evin, 31 nömrəli mənzilində mülkiyyətçilərin payı bərabər olduğundan, eləcə də iddiaçının cavabdehə kompensasiya ilə bağlı təklifi cavabdeh tərəfindən qəbul edilmədiyindən, həmin mənzil açıq hərracda satılmaqla satışdan əldə olunan vəsait tərəflərin payına mütənasib surətdə bölünməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 78.1.-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. 81-ci maddəsinə görə isə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. 217.4 maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia ərizəsi üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Azərbaycan Respublikası MPM-nin 117.1-ci maddəsinə əsasən məhkəmə ekspertiza keçirilməsi üçün sərf edilmiş 100 (bir yüz manat) manat ekspertiza xərcinin tərəflərdən müştərək qaydada tutulmasını məqsədəmüvafiq hesab edir. Məhkəmə sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia üzrə iddia tələbi təmin edilməli Bakı şəhəri, Ak.Həsən Əliyev küçəsi 94A nömrəli evin 31 nömrəli mənzili açıq hərracda satılmalı, Bakı şəhəri, Ak.Həsən Əliyev küçəsi 94A nömrəli evin 31 nömrəli mənzilinin satışından əldə edilən vəsait tərəflərin paylarına uyğun yəni ½ hissəsi İddiaçı, ½ hissəsi Cavabdeh verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 119, 162, 191, 216- 220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Bakı şəhəri, Ak.Həsən Əliyev küçəsi 94A nömrəli evin 31 nömrəli mənzili açıq hərracda satılsın. Bakı şəhəri, Ak.Həsən Əliyev küçəsi 94A nömrəli evin 31 nömrəli mənzilinin satışından əldə edilən vəsait tərəflərin paylarına uyğun yəni ½ hissəsi İddiaçı, ½ hissəsi Cavabdeh verilsin. Mülki iş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Aparılmış ekspertiza tədqiqatının dəyəri olan 100 manat məbləğində pul İddiaçı və Cavabdeh tutulsun, “Az.MEM, VÖEN **********, AZ34CTRE********************, Dövlət Xəzinədarlığı Agentliyi, KOD 210005, VÖEN **********, müxbir hesab AZ 41 NABZ013601**********3944, SWİFT BİK CTREAZ22, Büdcə təsnifatının kodu: 142319, Büdcə səviyyəsinin kodu: 3” hesabına keçirilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Solmaz Ədilova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar