Məhkəmə qərarları › İş №2(005)-479/2023

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-479/2023

03.02.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-479/2023 03.02.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Ədilova Solmaz İmran qızının sədrliyi, Şirinova Fatima Ağamehdi qızının katibliyi, İddiaçı MTK-nın nümayəndəsi və vəkili X1, Cavabdeh2 iştirakları ilə, İddiaçı MTK-nın cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kommunal xərclərin ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı MTK cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kommunal xərclərin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında inşa edilmiş yaşayış binasının sentyabr ayından 2021-ci ilin oktyabr ayına qədər (36 ay) yaranmış 720 manat kommunal xidmətlərin haqqının, 30 manat dövlət rüsumunun və 200 manat vəkil üçün ödənilən hüquqi yardım haqqının, cəmi 950 manat pul vəsaitinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq İddiaçı MTK-nə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, İddiaçı MTK Bakı şəhərində çoxmərtəbəli və çoxmənzilli mənzillərin tikintisi ilə əlaqədar təsis edilmiş və 2004-cü ildə ünvan 1 ünvanında çoxmənzilli ev tikintisini həyata keçirmək üçün İddiaçı MTK ilə "xxxx" MMC arasında binanın tikntisi üçün podrat müqaviləsi bağlanmışdır. 20 aprel 2004-cü ildə Cavabdeh2 ilə "xxxx" MMC arasında Bakı şəhəri Nizami rayonu Ə.Vəliyev küçəsi 2433-cü məhəllədə inşa edilmiş 1 nömrəli yaşayış binasının 7-ci mərtəbəsində 2 otaqlı, ümumi sahəsi 80.0 kv.m. olan 85 nömrəli mənzil müqavilə əsasında almışdır. 15 may 2007-ci ildə Cavabdeh2 Bakı şəhər İcra Hakimiyyətinin 189 saylı Sərəncamı ilə 019668 saylı order verilmişdir. Orderdə ailə tərkibi kimi Cavabdeh2 və onun qızı Cavabdeh1 göstərilmişdir. 2019-cu ilin iyun ayından qeyd olunan ünvanda tikilən çoxmərtəbəli yaşayış binası istismara qıbul edildikdən sonra bina İddiaçı MTK-nə təhvil verilmişdir. Həmin tarixdən etibarən sözügedən bina ilə əlaqədar bütün sənədləşmələr İddiaçı MTK tərəfindən həyata keçirilməlidir. Sonradan məlum olmuşdur ki, heç bir sənədləşdirmə aparılmadan ünvan 2 ünvanında 85 saylı mənzil (yeni qaydada: AZ 1060, Bakı şəhəri Nizami rayonu Əli Vəliyev küçəsi 81 M7 m1) Cavabdeh1 adına AR Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsində qeydiyyatdan keçmişdir. Göstərilən mənzilin Cavabdeh1 adına keçməsindən sonrakı dövr üçün kommunal xidmətlərinə görə ödəniş xərcləri də həmin şəxsə aid olmalıdır. Kooperativ üzvlərinin əksəriyyətinin müsbət rəyinə əsasən həmin ünvanda 2 otaqlı mənzillərin mülkiyyətçiləri hər ay 20 manat məbləğində kommunal haqqı ödəyir. Mənzil uzun müddət Cavabdeh2, daha sonra isə Cavabdeh1 istifadəsində olmuş və bu müddətdə cavabdehlər heç bir kommunal xidmət haqqı ödəməmişlər. Göstərilənlərə əsasən hazırda cavabdehlərin İddiaçı MTK-nə kommunal xidmət haqqı üzrə 720 manat borcu yaranıb. Daha sonra iddiaçının nümayəndəsi və vəkili məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə təqdim edərək, ünvan 1 ünvanında inşa edilmiş yaşayış binasının 7-ci mərtəbəsində 2 otaqlı, ümumi sahəsi 80 kv.m olan 85 saylı mənzilə görə 2019-cu ilin dekabr ayından 2022-ci ilin dekabr ayına qədər (36 ay) yaranmış 720 manat kommunal xidmətlərin haqqının, 30 manat dövlət rüsumunun və 200 manat vəkil üçün ödənilən hüquqi yardım haqqının, cəmi 950 manat pul vəsaitinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq İddiaçı MTK-nə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı MTK-nın nümayəndəsi və vəkili X2 iddia tələbini müdafiə etdi, iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 iddia tələbini qəbul etməyərək, iddianın əsassız olduğunu, həmin binada yaşamadığını, kommunal xidmətlərdən istifadə etmədiyini, bundan əlavə MTK tərəfindən ona verilən mənzilin müqavilə üzrə ölçüsündən əksik verildiyini, bu səbəbdən də ödəniş etməkdən etiraz etdiyini bildirib iddianın rədd edilməsini xahiş etdi. Cavabdeh1 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, o, heç bir üzrlü səbəb təqdim etmədən məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, işə Cavabdeh1 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyərək, onların izahatlarını iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia ərizəsinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək, belə hesab edir ki, iddia aşağıda göstərilənlərə əsasən təmin olunmalıdır. Belə ki, iş materiallarına əlavə olunmuş xx.xx.2022-ci il tarixli qəbzdən görünür ki, iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi üçün 30 manat dövlət rüsumu ödənilmişdir. İş materiallarına əlavə olunmuş İddiaçı MTK (bundan sonra “İdarəedici təşkilat”) ilə Cavabdeh2 (bundan sonra “Sakin”) arasında bağlanmış “Kommunal xidmətin göstərilməsinə dair” xx.xx.2019-cu il tarixli müqavilədən görünür ki, İdarəedici təşkilat ünvan 1 ünvanında yerləşən binada kommunal xidmətlərin göstərilməsini həyata keçirir. Sakin Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 135-140-cı maddələrinə əsasən kommunal xidmətlərin xərclərinin ödəyicisi sayılır və həmin xərcləri ödəyir. Sakin tərəfindən kommunal xidmətlərinin xərcləri ödənilmədiyi halda Sakinin kommunal təminatı İdarəedici təşkilat tərəfindən məhdudlaşdırıla bilər. Bu müqavilədən irəli gələn mübahisələr tərəflərin qarşılıqlı razılığı ilə həll edilmədikdə, məhkəməyə müraciət edilə bilər. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın surətindən görünür ki, ünvan 5 mənzil 85 (Yeni qaydalarla: AZ 1060, Bakı şəhəri Nizami rayonu Əli Vəliyev küçəsi 81 M7 m1) Cavabdeh2 xüsusi mülkiyyətindədir. İş materiallarında olan "xxxx" MMC (bundan sonra “Podratçı”) ilə Cavabdeh2 (bundan sonra “Sifarişçi”) arasında bağlanmış çoxməzilli yaşayış binasının tikintisi haqqında 055 nömrəli, xx.xx.2004-cü il tarixli fərdi müqavilənin surətindən görünür ki, Sifarişçi bu müqaviləni əsas tutaraq sifariş edir, Podratçı Bakı şəhəri Nizami rayonu Ə.Vəliyev küçəsi 2433-cü məhəllədə 1 nömrəli yaşayış binasında 7 mərtəbədə 2 otaqlı 85 nömrəli mənzilin tikintisini öz öhdəsinə götürür. Podratçı müqavilədə göstərilən bütün şərtləri icra edib 18 ay müddətindən Sifarişçiyə mənzili, daxili naxış, cihaz və daxili qapılar olmamaq şərti ilə təhvil verməyi öz əhdəsinə götürür. İş materiallarında olan maliyyə arayışının surətindən görünür ki, Cavabdeh2 ünvan 3 ünvanında 5-ci giriş 7-ci mərtəbə 80 kv.m 2 otaqlı 85 nömrəli mənzilin dəyərini tam ödəmişdir. İş materiallarına əlavə olunmuş 019668 nömrəli, xx.xx.2007-ci il tarixli orderin surətindən görünür ki, ünvan 4 ünvanında yerləşən 85 nömrəli 2 otaqlı mənzil Cavabdeh2 və Cavabdeh1 istifadəsinə verilmişdir. İş materiallarında olan İ-AZ seriyalı, 079990 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh2 Cavabdeh1 anasıdır. İş materiallarında olan 35 saylı MKİS tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 35/581 və 35/582 nömrəli arayışlardan görünür ki, Cavabdeh2 və Cavabdeh1 Bakı şəhəri Nərimanov rayonu Çəmənzəminli küçəsi 100b nömrəli evdə pasport qeydiyyatındadırlar. İş materiallarında olan xx.xx.2022-ci il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsinin surətindən görünür ki, Cavabdeh2 ünvan 5 ünvanında yerləşən 85 nömrəli mənzili (Yeni qaydalarla: AZ 1060, Bakı şəhəri Nizami rayonu Əli Vəliyev küçəsi 81 M7 m1) Cavabdeh1 bağışlamışdır. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın surətindən görünür ki, ünvan 5 mənzil 85 (Yeni qaydalarla: AZ 1060, Bakı şəhəri Nizami rayonu Əli Vəliyev küçəsi 81 M7 m1) Cavabdeh1 xüsusi mülkiyyətindədir. Beləliklə, məhkəmə tərəfindən müəyyən edildi ki, "xxxx" MMC ilə Cavabdeh2 arasında bağlanmış çoxməzilli yaşayış binasının tikintisi haqqında 055 nömrəli, xx.xx.2004-cü il tarixli fərdi müqaviləyə əsasən podratçı Bakı şəhəri Nizami rayonu Ə.Vəliyev küçəsi 2433-cü məhəllədə 1 nömrəli yaşayış binasında 7 mərtəbədə 2 otaqlı 85 nömrəli mənzilin tikintisini 18 ay müddətində başa çatdırıb sifarişçiyə təhvil verməyi öz öhdəsinə götürmüşdür. 019668 nömrəli, xx.xx.2007-ci il tarixli orderə əsasən ünvan 4 ünvanında yerləşən 85 nömrəli 2 otaqlı mənzil Cavabdeh2 və Cavabdeh1 istifadəsinə verilmişdir. İddiaçı MTK ilə Cavabdeh2 arasında bağlanmış “Kommunal xidmətin göstərilməsinə dair” xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən sonuncu ünvan 5 ünvanında yerləşən 85 nömrəli mənzilə dair kommunal xidmət haqqlarını ödəməyi öhdəsinə götürmüşdür. Qeyd olunan mənzilə dair xx.xx.2022-ci il tarixdə Cavabdeh2 adına çıxarış verilmişdir. xx.xx.2022-ci il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsinə əsasən Cavabdeh2 ünvan 5 ünvanında yerləşən 85 nömrəli mənzili (Yeni qaydalarla: AZ 1060, Bakı şəhəri Nizami rayonu Əli Vəliyev küçəsi 81 M7 m1) Cavabdeh1 bağışlamışdır. Hazırda mənzilin mülkiyyətçisi Cavabdeh1dır. Cavabdehlər müqavilə şərtlərini pozaraq ünvan 5 ünvanında yerləşən 85 nömrəli mənzilinə dair (Yeni qaydalarla: AZ 1060, Bakı şəhəri Nizami rayonu Əli Vəliyev küçəsi 81 M7 m1) kommunal xidmət haqlarını ödəməkdən yayınırlar. Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 120.5-ci maddəsinə görə tikilməkdə olan çoxmənzilli binalarda yaşayış və qeyri-yaşayış sahələrinə mülkiyyət hüquqları məxsus olacaq (hüquqlarını əldə edəcək) şəxslər bu fəslin müddəalarına uyğun olaraq mənzil mülkiyyətçiləri müştərək cəmiyyətini yaratmaq hüququna malikdirlər. Həmin Məcəllənin 122.3-cü maddəsinə görə çoxmənzilli binanın sahə mülkiyyətçiləri ümumi xərclərdə iştirak üzrə öz vəzifələrini yerinə yetirmədikdə, mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin mütləq ödəniş və haqların əvəzinin məcburi ödənilməsini məhkəmə qaydasında tələb etmək hüququ vardır. Həmin Məcəllənin 140.1-ci maddəsinə görə çoxmənzilli binanın sahə mülkiyyətçisi ona məxsus olan sahənin saxlanması xərclərini çəkməyə, habelə yaşayış sahəsinin saxlanması və təmirinə görə haqq ödəmək yolu ilə çoxmənzilli binanın ümumi əmlakının saxlanmasına çəkilən xərclərdə onun həmin əmlaka ümumi mülkiyyət hüququnda payına mütənasib olaraq iştirak etməyə borcludur. Həmin Məcəllənin 140.3-cü maddəsinə görə əgər çoxmənzilli binanın sahə mülkiyyətçiləri ümumi yığıncaqda yaşayış sahəsinin saxlanması və təmirinə görə haqqın miqdarının müəyyənləşdirilməsi barədə qərar qəbul etməzlərsə, bu miqdar müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyənləşdirilir. Həmin Məcəllənin 141.3-cü maddəsinə görə çoxmənzilli binanın idarə edilməsi üsulu binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağında seçilir və istənilən vaxt onun qərarı əsasında seçilə və ya dəyişdirilə bilər. İdarəetmə üsulunun seçilməsi barədə ümumi yığıncağın qərarı binanın bütün sahə mülkiyyətçiləri üçün məcburidir. Həmin Məcəllənin 142.4-cü maddəsinə görə çoxmənzilli binanın idarə edilməsi müqaviləsində binanın bütün mülkiyyətçiləri (kirayəçiləri, istifadəçiləri) üçün eyni şərtlər müəyyən edilir və mülkiyyətçilər (kirayəçilər, istifadəçilər) tərəfindən ödənilən haqqın miqdarı yalnız yaşayış sahəsinin ölçüsünə mütənasib olan ümumi əmlakın saxlanmasına çəkilən xərclərdəki iştirakdan və faktiki istifadə edilmiş kommunal xidmətlərin miqdarından asılı olaraq fərqlənə bilər. Həmin Məcəllənin 142.10-cu maddəsinə görə idarəedici təşkilat çoxmənzilli binanın idarə edilməsi müqaviləsinin şərtlərini yerinə yetirmədikdə, çoxmənzilli binanın sahə mülkiyyətçiləri həmin binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağının qərarına əsasən birtərəfli qaydada bu müqavilənin icrasından imtina edə bilərlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 445-ci maddəsinin tələbinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinin tələbinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Qeyd edilən normaların hazırki mülki işə tətbiqi nəticəsində məhkəmə qeyd edir ki, iddiaçının iddia tələbində göstərilən cavabdehlərdən tutulmasını məhkəmə qaydasında tələb etdiyi məbləğ İddiaçı MTK ilə Cavabdeh2 arasında bağlanmış “Kommunal xidmətin göstərilməsinə dair” xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən sonuncunun özünə məxsus daşınmaz əmlakın ümumi sahəsinə görə ödəməli olduğu kommunal xərclərdir. Müqavilə tərəfi Cavabdeh2 və çoxmənzilli binanın hazırkı sahə mülkiyyətçisi olan Cavabdeh1 ona məxsus olan sahənin saxlanması xərclərini çəkməyə, habelə yaşayış sahəsinin saxlanması və kiçik miqyaslı təmirinə görə haqq ödəmək yolu ilə çoxmənzilli binanın ümumi əmlakının saxlanmasına çəkilən xərclərdə onun həmin əmlaka ümumi mülkiyyət hüququnda payına mütənasib olaraq iştirak etməyə borclu olduğu halda borcu ödəməmişlər. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 720 manat kommunal xidmət haqqı tutularaq İddiaçı MTK-nə ödənilməlidir. Bundan başqa Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Hazırkı iş üzrə çəkilmiş məhkəmə xərcləri Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli, yəni iddia təmin edilməli olduğundan hazırkı iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 30 manat dövlət rüsumu və 200 manat hüquqi yardım haqqı cavabdehlərdən iddiaçının xeyrinə tutulmalıdır. “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublİkasının Qanununun 100cü maddəsinin 3-cü hissəsinə əsasən, məhkəmə qərarları hakimlərin sərbəst daxili inamına və məhkəmə araşdırmasının nəticələrinə əsaslanmalıdır. Müki Prosessual Məcəllənin 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir. Mülki Prosessual Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 720 manat kommunal xidmət haqqı, 30 manat dövlət rüsumu və 200 manat hüquqi yardım haqqı, cəmi 950 manat pul vəsaiti tutularaq İddiaçı MTK-nə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Solmaz Ədilova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar