Məhkəmə qərarları › İş №2(005)-48/2020

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-48/2020

19.10.2020 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-48/2020 19.10.2020 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Əmirxanova Kəmalə Fərman qızının sədrliyi, Məmmədova Nigar Ülfət qızının katibliyi, İddiaçı və onun vəkili X4 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı yaşayış sahəsindən istifadə hüququnun itirilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı yaşayış sahəsindən istifadə hüququnun itirilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddia tələblərini onunla əsaslandırmışdır ki, onunla cavabdeh arasında rəsmi qaydada xx.xx.2017-ci il tarixdə nikah pozularaq şəhadətnamə verilmişdir. Həmin tarixdən cavabdehlər yuxarıda qeyd edilən ünvanı tərk edərək bu günə qədər həmin ünvanda yaşamırlar. Bu da onu göstərir ki, onun mülkiyyət hüququ pozularaq nikahdan qabaq əldə edilmiş mənzilə onlar qeydiyyata düşməklə onun üçün müxtəlif problem yaratmışlar. Azərbaycan Respublikası Bakı şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamentinin Nərimanov rayonu MKTB-nin 35 saylı MKİS-nin xx.xx.2018-ci il tarixli, 049991 nömrəli arayışa əsasən məlum olur ki, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və X5 ünvan 1 mənzil 207 saylı mənzildə qeydiyyatdadırlar, lakin nikah pozulduqdan sonra onlar həmin mənzildə yaşamırlar və həmin mənzil onun tərəfindən nikaha daxil olana qədər yəni, xx.xx.1996-cı ildə alınmışdır. Cavabdehlərin qeydiyyatdan çıxarılması ilə əlaqədar X7 məktub ünvanlanmış və xx.xx.2018-ci il tarixli onların cavab məktubunda tövsiyə edilir ki, məhkəməyə müraciət etsin. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun X.Məmmədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx xxxx 2013-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanmasına dair xx xxxx 2014-cü il tarixli qərarında izah edilir ki, məhkəmələr tərəfindən göstərilən maddi hüquq normalarının tətbiqi zamanı həmçinin nəzərə alınmalıdır ki, yaşayış sahəsinin mülkiyyətçisi ilə digər ailə üzvləri arasında həmin sahədən istifadə hüququ ilə bağlı məsələlər həll edilərək 2009-cu il oktyabrın 1-dək yaranmış münasibətlərə Mülki Məcəllənin 228-ci maddəsinin, həmin tarixdən sonra isə qüvvədə olan Mənzil Məcəlləsinin 30-cu maddəsinin müddəaları tətbiq edilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin F.Hüseynovun və A.Qasımovun şikayətləri ilə əlaqədar məhkəmə aktlarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair xx xxxxxx 2004-cü il tarixli qərarında izah edilir ki, daşınmaz əşyaların alqı- satqı müqaviləsi konsepsual müqavilə olduğuna görə daşınmaz əşyanın alıcıya verilməsi və onun qiymətinin ödənilməsi üzrə öhdəliklər mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması anına qədər icra oluna bilər. Bu baxımdan həmin hüququn dövlət qeydiyyatına alınması anına qədər alıcı satıcı tərəfindən ona verilmiş əşyanın hüquqi əsası olan (titul) sahibi sayılır. Konstitusiya Məhkəməsinin həmin qərarında qeyd edilir ki, belə müqavilələr daşınmaz əşyanı əldə edən barəsində mülkiyyət hüququnun əmələ gəlməsini ehtiva edən hüquqi fakt kimi çıxış edir. Qeyd edilənləri nəzərə alaraq, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 ünvan 1 207 saylı ünvanından yaşayış sahəsindən istifadə hüququnun itirilmiş hesab edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı və onun vəkili X8 ayrı-ayrılıqda iddia tələbinin dəlillərinə uyğun izahat verərək, iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdilər. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məhkəmə iclaslarına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi əsaslıdır və təmin edilməlidir. İş materiallarında olan 35 saylı MKİS-in xx.xx.2018-ci il tarixli, 35/465 saylı arayışından görünür ki, ünvan 1 mənzil 207-də cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qeydiyyatdadırlar. İş materiallarında olan Bakı şəhər Nərimanov Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(005)-5445/2017 saylı qətnaməsindən görünür ki, Cavabdeh1 ilə İddiaçı arasında bağlanmış nikah pozulmuş, xx.xx.1999-cu il təvəllüdlü Cavabdeh2, xx xxxx 2004-cü il təvəllüdlü X3 və 30.05 2008-ci il təvəllüdlü X1 anaları Cavabdeh1 yanında saxlanılması qət edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Bakı şəhəri İcra Hakimiyyətinin başçısının aparatı texniki inventarlaşdırma və mülkiyyət hüquqlarının qeydiyyatı idarəsinin MH seriyalı 035952 №-li qeydiyyat vəsiqəsindən görünür ki, ünvan 1 mənzil 207 İddiaçı adına xx.xx.1996-cı il tarixdə qeydiyyata alınmışdır. İş materiallarında olan X2 ilə İddiaçı arasında bağlanmış müqavilədən görünür ki, ünvan 1 mənzil 207-ni X2 22500000 manata İddiaçı satmışdır. İş materiallarına əlavə edilmiş Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(005)-109/2019 saylı qətnaməsindən görünür ki, İlk iddia qismən təmin edilmiş, ünvan 2 mənzil 72 ünvanında yerləşən daşınmaz əmlaka Cavabdeh1 ½ pay hüququ tanınmış, ilk iddia ərizəsi qalan hissədə təmin edilmiş, cavabdeh İddiaçı Cavabdeh1 qarşı birgə nikah dövründə əldə olunmuş əmlakların bölünməsi tələbinə dair qarşılıqlı iddia ərizəsi təmin edilməmiş, ödənilmiş dövlət rüsumları tərəflərin özlərinə aid edilmişdir. İş materiallarına əlavə edilmiş Bakı Apelyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(103)-9613/2019 saylı qətnaməsindən görünür ki, ilkin iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) İddiaçı apelyasiya şikayəti təmin edilməmiş, İlkin iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) Cavabdeh1 apelyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 2(005)-109/2019 saylı xx xxxxx 2019-cu il tarixli qətnaməsi ləğv edilmiş, ilkin iddia qismən təmin edilmiş, ünvan 2 mənzil 72 ünvanında yerləşən daşınmaz əmlaka Cavabdeh1 1/2 pay hüququ tanınmış, həmçinin cavabdeh X6 tərəfindən “Muğan Bank"ın Dostluq filialından çıxarılmış 20000 ABŞ dolları pul vəsaitinin 1/2 hissəsinə və “Rabitəbank” ın Sahil filialından çıxarılmış 12000 manat pul vəsaitinin 1/2 hissəsinə iddiaçı Cavabdeh1 payı müəyyən edilməklə cavabdeh İddiaçı 10000 ABŞ dolları (ödəniş gününə Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən müəyyən edilmiş manat məzənnəsi ilə) və 6000 manat pul vəsaiti tutularaq iddiaçı Cavabdeh1 verilmiş, ilkin iddia tələbi qalan hissədə təmin edilməmiş, cavabdeh İddiaçı Cavabdeh1 qarşı birgə nikah dövründə əldə olunmuş əmlakların bölünməsi tələbinə dair qarşılıqlı iddia tələbi təmin edilməmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2020-cu il tarixli, 2(103)-9613/2019 saylı qətnaməsindən görünür ki, İddiaçı kasasiya şikayəti təmin edilməmiş, Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2019cu il tarixli, 2(103)-9613/2019 saylı qətnaməsi həmin kasasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən əmələ gələn istifadə hüququna xitam verilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx xxxx 2016-cı il tarixli Plenumunun Qərarından göründüyü kimi, Plenum qərara almışdır ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən əmələ gələn keçmiş ailə üzvünün yaşayış binasının tərkib hissəsindən istifadə hüququna müvafiq kompensasiya ödənilmədən xitam verilməsi həmin hüququn əldə edilməsini zəruri edən əsas (yaşayış sahəsinə ehtiyac) aradan qalxdıqda mümkündür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüquq subyektin mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Həmin Məcəllənin 228.5.-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu məcəllənin qüvvəyə mindiyi gündən yaranır. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsindən göründüyü kimi, əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər. «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin 1-ci hissəsinin 6-cı bəndinə əsasən yaşayış sahəsindən istifadə hüququnu itirmiş şəxs qeydiyyatdan çıxarılmalıdır. Göründüyü kimi ünvan 1 207 saylımənzili iddiaçı tərəfindən Cavabdeh1 ilə rəsmi nikaha daxil olmazdan əvvəl 1996-cı il tarixdə alqı-satqı müqaviləsi əsasında əldə edilmişdir. Bundan başqa tərəflər arasında birgə nikah dövründə əldə edilmiş əmlakların bölgüsünə dair məhkəmə mübahisəsi olmuş və qanuni qüvvəsini almış məhkəmə qətnaməsi ilə əmlaklar bölünmüşdür. Cavabdeh mübahisəli ünvanda pasport qeydiyyatına alınsa da, hal-hazırda mülkiyyətçinin ailə üzvü hesab edilmir və tərəflər arasında bu barədə notarial razılaşma mövcud deyil. Cavabdeh1 ilə İddiaçı arasındakı nikah xx.xx.2017-ci il tarixdə məhkəmə qətnaməsi ilə ləğv edilmişdir. İddiaçının oğlu Cavabdeh2 həmin mənzildə istifadə hüququ ailə üzvü kimi, yaransa belə, hal-hazırda yaşayış sahəsinə ehtiyacı olmaması məhkəmə araşdırılması zamanı sübuta yetirildiyindən, məhkəmə belə qənaətə gəlir ki, Cavabdeh1 və Cavabdeh2 ünvan 1 207 saylı mənzilindən istifadə hüquqlarına xitam verilməlidir. Qeyd olunanlara əsasən Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: Cavabdeh1 və Cavabdeh2, İddiaçı məxsus olan ünvan 1 207 saylı mənzildən istifadə hüquqlarına xitam verilsin. Qətnamədən, onun alındığı və ya təqdim olunduğu gündən 1 ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Kəmalə Əmirxanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar