Məhkəmə qərarları › İş №2(005)-4828/2021

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-4828/2021

09.12.2021 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-4828/2021 09.12.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Bakı ş Əmirxanova Kəmalə Fərman qızının sədrliyi, Eldarzadə Şirazi Elxan oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı mənzildən istifadə hüququnun olmayan hesab edilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN E T D İ: İddiaçı Cavabdeh qarşı mənzildən istifadə hüququnu olmayan hesab edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh və onun yetkinlik yaşına çatmamış qardaşı X3 mülkiyyət hüququ üzrə ona məxsus ünvan 1 ünvanında yerləşən 4 saylı mənzildən istifadə hüquqlarının olmayan hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, Bakı şəhəri, Nərimanov rayonu, Mayakovski küçəsi, ev 17 ünvanında yerləşən 4 saylı mənzilin mülkiyyətçisidir. Həmin mənzildə onunla bir yerdə atası X14 yaşayır və qeydiyyatdadır. Eyni zamanda mülkiyyət hüququ üzrə ona məxsus olan mənzildə Cavabdeh və onun yetkinlik yaşına çatmamış qardaşı X6 qeydiyyatdadır. Lakin onların mənzildə qeydiyyatı tam formal xarakter daşıyır. Bakı şəhəri 22.06.2017-ci il tarixli Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin qətnaməsi ilə cavabdehin anası X7 Bakı şəhəri, Nərimanov rayonu, Mayakovski küçəsi, ev 17 ünvanında yerləşən 4 saylı mənzildən yaşayış sahəsinə istifadə hüququnu itirilmiş hesab olunmuş, lakin onun yetkinlik yaşına çatmamış uşaqları iddia ərizəsində göstərilmədiyinə görə, onlar mənzildə qeydiyyatda qalmışlar. Hazırda cavabdeh və onun yetkinlik yaşma çatmayan qardaşı X6 qeyd olunan mənzildə yaşamırlar, onlar anası X7 ilə birlikdə Azadlıq metro stansiyasının yaxınlığında yeni tikilmiş hündürmərtəbəli binadakı 2 otaqlı mənzildə yaşayırlar. Cavabdeh və onun qardaşının mənzildə heç bir əmlakı yoxdur və mülkiyyətində olan mənzildə qeydiyyatı formal xarakter daşıyır. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək, onun təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Həmçinin bildirmişdir ki, yetkinlik yaşına çatmayan X1 Nərminə Eldar qızının X8 ilə ikinci nikahından olan uşağıdır, bu səbəbdən cavabdeh qardaşı arasında soyad və ata adında fəqr var. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmiş və iştirak etməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən cavabdehlərin iştirakı olmadan mülki işə baxılmasını mümkün hesab edir. Məhkəmə iddiaçının izahatını dinləyərək, onun izahatını iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia ərizəsinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək, belə hesab edir ki, iddia aşağıda göstərilənlərə əsasən təmin edilməlidir. Belə ki, iş materiallarında olan; Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Yaşayış yeri üzrə qeydiyyat haqqında ******* saylı arayışdan görünür ki, İddiaçı ünvan 2 ünvanında qeydiyyatdadır. Həmçinin həmin ünvanda X14, 27.07.2016-cı il təvəllüdlü X6 və xx.xx.2002-ci il təvəllüdlü Cavabdeh qeydiyyatdadılar. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-3875/2017 saylı, 22.06.2017-ci il tarixli qətnaməsindən görünür ki, iddiaçı X14 cavabdeh X4 qarşı yaşayış sahəsinə istifadə hüququnun itirilməsi tələbinə dair iddia ərizəsi ilə müraciət etmiş, həmin qətnamədə Cavabdeh X2 oğlu olması əks olunmuş və məhkəmə iddianı təmin edərək, X2 Bakı şəhəri, Nərimanov rayonu, Mayakovski küçəsi, 17 nömrəli evin, 4 nömrəli mənzilindən yaşayış sahəsinə istifadə hüququ itirlməsini qət etmişdir. Azərbaycan Respublikasının DƏDRX tərəfindən verilmiş çıxarışın notarial təsdiq olunmuş surətindən görünür ki, ünvan 2 xüsusi mülkiyyət hüququ üzrə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində ********** nömrə ilə 20.09.2017-ci il tarixdə qeydiyyata alınmışdır. X2 Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə 22.05.2017-ci il tarixdə ünvanladığı və notarial təsdiq edilmiş ərizəsinin surətindən görünür ki, onun və oğlu Cavabdeh qeydiyyatda olduğu X9 məxsus olan ünvan 2 ünvanında yerləşən mənzildən qeydiyyatdan çıxarılmalarına etiraz etməmişdir. X2 Binəqədi RPİ-yə ünvanlandığı ərizəsindən görünür ki, o, 27.07.2016-cı il təvəllüdlü X6 və xx.xx.2002-ci il təvəllüdlü Cavabdeh qeydiyyatda olduğu Binəqədi rayon Polis İdarəsinin İnzibati binasında qeydiyyatına alınmasını xahiş etmişdir. Həmin ərizə 27.07.2016-cı il təvəllüdlü X3 X2 oğlu olması əks etdirilmişdir. Azərbaycan Respublikası MPM-nin 218.3-cü maddəsinə görə, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Bu səbəblə məhkəmə, iddianın hüquqi əsaslarının, yəni iddiada istinad olunan qanunvericilik normalarının dispozisiya şərtlərinin mövcudluğunun olub-olmadığına hüquqi qiymət verməlidir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, ünvan 2 ünvanında yerləşən daşınmaz əmlak Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş çıxarışa əsasən tam mülkiyyət hüququ üzrə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Yaşayış yeri üzrə qeydiyyat haqqında ******* nömrəli arayışa əsasən cavabdeh xx.xx.2002-ci il təvəllüdlü Cavabdeh və onun qardaşı 27.07.2016-cı il təvəllüdlü X6 mübahisələndirilən mənzildə pasport qeydiyyatındadırlar. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-3875/2017 saylı, 22.06.2017-ci il tarixli qətnaməsi ilə cavabdehin anası qeyd olunan mənzildən qeydiyyatdan çıxarılmış, lakin həmin zaman iddia verilərkən hazırki cavabdeh qeyd olunan mülki işdə mənzildən çıxarılması tələb edilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Məhkəmə iddia tələbi ilə bağlı gəldiyi nəticəni aşağıdakı hüquq normalarına əsasən əsaslı hesab edir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası MM-nin 152-ci maddəsinə əsasən mülkiyyət hüququsubyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasına 1 saylı Protokolun 1-ci maddəsinə əsasən də, “hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz.” Mülkiyyət hüququ Azərbaycan Respublikasında nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericilik çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Bundan başqa, “Yaşayış yeri və olduğu yer haqqında” Azərbaycan Respublikası Qanunun 1- ci maddəsinə əsasən yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. Göründüyü kimi, yaşayış yeri və olduğu yer üzrə qeydiyyat icazə xarakteri daşımır və yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola bilər. Məhkəmə hesab edir ki, cavabdehin və onun yetkinlik yaşına çatmanayan qardaşının pasport qeydiyyatına alınması öz-özlüyündə, onların həmin mənzildən istifadə hüququnu yaratması kimi hüquqi qiymətləndirilməsi məqbul hesab edilə bilməz. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” 4 aprel 1996-cı il Azərbaycan Respublikası Qanunun tələblərinə uyğun olaraq vətəndaşların qeydiyyatı ilə müvafiq İcra Hakimiyyəti orqanları, yəni, rayon polis idarələrinin Qeydiyyat və Şəxsiyyət vəsiqələri bölmələri məşğul olurlar. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında 4 aprel 1996-cı il Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin 5-ci bəndinə əsasən şəxsin yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə o, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinə əsasən qeydiyyatdan çıxarılır. Məhkəmə toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qanuni və əsaslı olduğundan, cavabdeh xx.xx.2002-ci il təvəllüdlü Cavabdeh və yetkinlik yaşına çatmamış 27.07.2016-cı il təvəllüdlü X3 ünvan 2-də olan istifadə hüququ itirilmiş hesab edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1.-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Həmin Məcəllənin 217.4 maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT E T D İ: İddia təmin edilsin. Cavabdeh xx.xx.2002-ci il təvəllüdlü Cavabdeh və yetkinlik yaşına çatmamış 27.07.2016-cı il təvəllüdlü X3 İddiaçı mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən mənzilə olan istifadə hüququ itirilmiş hesab edilsin. Bu qətnamə xx.xx.2002-ci il təvəllüdlü Cavabdeh və yetkinlik yaşına çatmamış 27.07.2016-cı il təvəllüdlü X3 ünvan 2-dən qeydiyyatdan çıxarılması üçün əsasdır. İş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Kəmalə Əmirxanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar